Nazir müavinindən hicablı qadınlar haqda şok sözlər

İtaliya baş nazirinin müavini Matteo Salvininin Sardiniya adasında keçiriləcək seçkilər öncəsi hicabla bağlı sözləri sərt reaksiyalara səbəb olub.  Musavat.com-un xarici mediaya istinadən xəbərinə görə, nazir müavini deyib ki, çadralı qadınlar Sardiniyadan uzaq durmalıdır.  Baş nazirin müavini və İnfrastruktur naziri olan Matteo Salvini çıxışı zamanı sol partiyaları və özünün “kommunist” adlandırdığı qrupu tənqid edib:  "Mən balaca olanda, həqiqətən də, Kommunist Partiyası var idi. Amma o, fəhlələrin qayğısına qalırdı, balıqçılarla, müqaviləsiz işçilərlə, ustalarla məşğul olurdu. Berlinquerin Kommunist Partiyası ciddi idi, ciddi problemlərlə maraqlanırdı, baş örtüyü ilə deyil. Mənim evimdə İslam baş örtüyü tərəqqi əlaməti deyil. Hicablı qadınlar Sardiniyadan uzaq durmalıdır”.  Salvininin sözləri salonda alqışlarla qarşılansa da, sosial mediada sərt reaksiya ilə üzləşib.  Nazir müavininə ən sərt cavab onun öz xalqından gəlib. Şərhlərdə xatırladılıb ki, Sardiniyanın yerli əhalisi bu gün də öz ənənəvi geyimlərində baş örtüyündən istifadə edir.  Salvininin sözlərinə ibadət azadlığına qarşı olduqları və diqqəti Sardiniya adasının real problemlərindən yayındırdıqları əsası ilə reaksiyalar da olub. 

Lekornu İrəvanda: Raket də verəcəyik!

“Bastion” zirehli maşınlarının daha bir partiyası olacaq. Mən hansı texnikanın gəldiyi barədə çox təfərrüata girməyəcəyəm, lakin onların hamısı müdafiə avadanlığıdır, çünki bu regionda həm əhalinin, həm də sərhədlərin qorunması prioritet məsələdir. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistanda səfərdə olan Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib. “Fransa lazım gəlsə, Ermənistana raket də verəcək. Heç kəs öz ordusunun imkanlarını daha da inkişaf etdirdiyinə görə tənqid oluna bilməz. Ermənistana lazım olarsa, yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə raketləri də müdafiə qabiliyyətinin inkişafının tərkib hissəsi olacaq”.

Əhməd Psixiatriya Xəstəxanasına köçürüləcək - Qərar verildi

Bəzi media subyektləri tərəfindən fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı informasiya yayılıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur: "Bu növ ekspertiza təyin edilərkən şəxsin stasionar müayinəsinə zərurət yaranarsa, o, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvafiq tibbi stasionara yerləşdirilir. Fevralın 22-də təqsirləndirilən şəxsin stasionar tibb müəssisəsinə yerləşdirilməsi barədə vəsatət və təqdimat Xətai Rayon Məhkəməsi tərəfindən təmin olunduğundan, Ə.Əhmədovun hazırda saxlanıldığı istintaq təcridxanasından tibbi müəssisəsinə gələcək günlərdə köçürülməsi təmin ediləcək. "Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik"./APA

Buraxılış kartı olmayan taksiləri bu qurumlar cərimələyəcək

Daxili İşlər Nazirliyi və ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyətlər verilib. Sozcu.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb. Beləliklə, aşağıda nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi və ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxacaq; - Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınması (əlli manat məbləğində cərimə edilir) - Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi (səksən manat məbləğində cərimə edilir) - Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınması (əlli manat məbləğində cərimə edilir); - Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi (yüz manat məbləğində cərimə edilir) - Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsi (Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə min manat məbləğində cərimə edilir).

Fahişələri təbliğ edən cəmiyyətin görəcəyi budur!

“Müəllimi qapazaltı etdiniz, arvadları evdən qaçan kişiləri el-oba arasında gülünc edib hörmətdən saldınız, qaynanalar ana kimi yox, dana kimi müamilə gördü, əl çaldınız. Bir sözlə, ayaqlar oldu baş, başlar oldu ayaq”. Sozcu.az xəbər verir ki, bunu sabiq deputat Gülər Əhmədova Bakıdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdlərinin IX sinifdən məzun olmuş qıza qarşı etiyi təhqiramiz hərəkətlərdən danışarkən bildirib. Məktəbli qızların aşağılayıcı videosuna sərt reaksiya verən Gülər Əhmədova fikirlərini belə davam etdirib: “Boşanmayan gəlin qalmadı, hamısına bir ödənməyən emosional ehtiyac tapıb, ərindən ayırdınız. İndi şok keçirirsiniz? Əhməd belə vurdu, qızlar başlarda yumurta sındırır.  Bəyənmədiniz? Bu, hələ jurnaldır. Kino qabaqdadır. Bir donor kişidən onlarla qadını "ana" edib, cəmiyyətə insest yaymağın bədəli olacaqdır.  Fahişələri təbliğ edən cəmiyyətin görəcəyi budur. Onun, bunun ərindən özünə "ər, ailə" düzəldib efirdən ailə, sevgi haqqında xalqa dərs keçən narkoman, pozğun, qadın və kişilərə fanatlıq edəndə belə olmalı idi. Üzrlü sayın, biz gedərik, siz gələcəkdə çox şey görəcəksiniz. Qocalar evlərinin, yetimxanaların, qadın narkotik reabilitasiya mərkəzlərinin sayını indidən çoxaldın. Bu gün 30-40 yaşlarında olan nəslə lazım olacaqdır”.

DİQQƏT! Tikinti şirkətləri evləri sökülən vətəndaşları belə aldadır

Bakıda hansısa ərazi plana düşən zamanı sakinlər və söküntünü həyata keçirən şirkətlər arasında müəyyən anlaşılmazlıqlar meydana çıxır. Adətən evlərin ölçülərinin təyin olunması və təyin olunan ölçünün qiymətləndirilməsi zamanı vətəndaşlar nəticədən narazı qalır. Məsələn, sökülən obyektin yaşayış və qeyri-yaşayış sahəsi olmasından asılı olaraq, qiymətləndirmənin düzgün aparılması ilə bağlı mübahisələr yaranır.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev söküntülərin 2 formada aparıldığını qeyd edib:  “Hazırda söküntülər 2 formada aparılır. Birincisi, özəl şirkətlər tərəfindən köhnə evlər sökülüb yerində yeni binalar tikilir. Adətən, belə olduqda söküntünü həyata keçirən şirkət vətəndaşa yeni binadan mənzil verir. Bu qanunun tələbidir. Vətəndaş mənzil təklifi ilə razılaşmayanda bazar dəyərinə uyğun pul verilir. Digər söküntü işləri isə dövlət tərəfindən aparılır. Qanunda da qeyd olunduğu kimi, hər hansısa bir ərazi dövlət ehtiyacı üçün tələb olunursa, həmin ərazinin ölçüləri götürülür və bazar dəyərindən 20 faiz artıq kompensasiya verilir. Əgər verilən məbləğ və ölçülərlə bağlı vətəndaşın hansısa narazılığı varsa, hansısa memarlıq şirkətinə müraciət edərək bu məsələni məhkəmədə mübahisələndirə bilər”.  Ekspert qeyri-yaşayış obyektlərinin daha yüksək dəyərdə hesablanmalı olduğunu vurğulayıb:  “Əslində, plana düşən zaman obyektin qiyməti mənzildən daha yüksək dəyərdə hesablanır. Əgər bir ərazinin sənədi qeyri-yaşayış təyinatlıdırsa, təbii ki, mənzildən daha bahadır və əraziyə görə dəyişir. Məsələn, ev söküntüsü zamanı yeni tikilən binadan vətəndaşa 1 mənzil təklif edilirsə, qeyri-yaşayış obyekti söküləndə 2 hətta 3 mənzil də təklif oluna bilir. Digər tərəfdən, yeni tikilən binadan sənə məxsus olan qeyri-yaşayış təyinatlı obyektini yenidən tələb etmək də mümkündür. Əgər bu dövlət əhəmiyyətli söküntüdürsə bu zaman qiyməti dövlət özü təyin edir. Yenə də vətəndaşa verilən məbləğ onu qane etmirsə, qiymətləndirmə şirkətlərinə müraciət edib, nəticə əsasında məhkəmədən real bazar dəyərini tələb edə bilər”. 

Navalnının xanımı Avropa nazirləri qarşısında çıxış edəcək

Mərhum rusiyalı siyasətçi Aleksey Navalnının xanımı Yuliya Navalnaya Avropa İttifaqı ölkələrinin nazirləri qarşısında çıxış edəcək. Sozcu.az BBC-yə istinadən xəbər verir ki, xanım Navalnaya bu gün Aİ Xarici Əlaqələr Şurasının iclasında çıxış edəcək. Aİ-nin ali nümayəndəsi Jozep Borelin sözlərinə görə, Aİ nazirləri bununla da “Rusiyadakı azadlıq döyüşçülərinə güclü dəstək siqnalı göndərəcək və Aleksey Navalnının xatirəsini ehtiramla anacaqlar”. BBC-yə verdiyi şərhdə Borel bildirib ki, Navalnının ölümünə görə Rusiya prezidenti Vladimir Putin şəxsən məsuliyyət daşıyır. Eyni zamanda o, Qərbin Rusiya liderini məsuliyyətə cəlb etmək üçün yeni yollar tapmasının çətin olacağını etiraf edib və Rusiyada müxalifətə dəstək verməyə çağırıb.

Rayonlara qar yağıb, 11 dərəcə şaxta var - Faktiki hava

Fevralın 17-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qar örtüyünün hündürlüyü Qrızda 10 sm, Qusarda 2 sm, Qubada 1 sm olub. Düşən yağıntının miqdarı Oğuzda 13 mm, Göygöldə 10 mm, Şəkidə 8 mm, Göyçay, Şabran, Şahdağ, Qəbələ, Mingəçevir, Xaltan, İsmayıllı, Lənkəran, Daşkəsən, Şamaxı, Astara, Yardımlı, Altıağac, Gədəbəy, Şahbuz, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Zaqatala, Qax, Qobustan, Tərtər, Bərdə, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Göytəpədə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 11 mm-dək olub. Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəkmir, Tovuz, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Quba, Qrız, Şahdağ, Yevlax, Göyçay, Lerik, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Naxçıvan MR-da 5, Aran rayonlarında 4, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 11 dərəcəyədək şaxta olub.

“Əgər o dəlidirsə, necə sağlamlıq arayışı alıb?!”

Dünən baş verən tükürpərdici qətl cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Əqli çatışmazlığı olan bir şəxsə bu qədər imkan təqdim olunması, ayrı ev almaq, sərəncamına maşın vermək, küçədə rahat şəkildə hərəkət etməsinə imkan yaratmaq insanlar arasında birmənalı qarşılanmayıb. Çoxu onun ata-anasını qınasa da, caniyə sağlamlıq və sürücülük vəsiqəsi verən qurumlara irad bildirənlər də az olmayıb. Bəs, bu ailə faciəsində müqəssir kimdir?  Mövzu barədə Əməkdar jurnalist Elçin Şıxlı “Yeni Sabah”a danışıb. O bildirib ki, əsas problem qətli törədən şəxsin ortalıqda sərbəst dolaşmasının hansı nəticələri olacağını heç kimin düşünməməsidir:  “Bildiyim qədərilə həmin adam xəstə imiş. Bu səbəbdən həmin mövzuda tərbiyə məsələsindən söhbət gedə bilməz. Çünki əqli cəhətdən xəstə olan adam və tərbiyənin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Adam gözəl müəllim olub, başqalarına tərbiyə vermiş ola bilər. Amma bu faciədir, xəstəlikdir. Burada əsas məsələ odur ki, həmin şəxs niyə müalicə almayıb, onun hansı fəsadlara bais ola biləcəyini düşünən olmayıb?  Bu hadisədən cəmiyyətimiz hansı dərsi alsın? Bu cinayətdir. Hamı bilir ki, cinayət törətmək, adam öldürmək olmaz. Bunu anlamaq üçün kiminsə qətl törətməsinə şahidlik etməyə ehtiyac yoxdur”.  Əməkdar jurnalist bildirib ki, qətli törədən şəxs haqda deyilənlər doğrudursa, burada ciddi hüquq pozuntusuna yol verilib: “Qətli törədən Əhməd haqda səsləndirilən ehtimallara gəlincə, əgər bu fikirlər doğrudursa, əgər onun idarəsinə avtomobil verilibsə, bu bir cinayətdir, hüquq pozuntusudur. Sağlam olmayan, ətrafına ziyan verəcək dərəcədə psixi problemləri olan adama heç nəyi etibar etmək olmaz. Ancaq bu məsələ araşdırılmalıdır. İddialar doğrudursa, sadalanan arayışları verən şəxslər də məsuliyyətə cəlb olunmalıdır.  Hazırda o qədər insana sürücülük vəsiqəsi verilir ki, baxırsan, ona heç araba da vermək düzgün deyil. Şəhərdə maşın sürmək, ümumiyyətlə, özünü idarə etmək mümkün deyil”. 

Ermənistanın son itkiləri nə qədərdir?

Ermənistan sərhəddə son qarşıdurma nəticəsində 4 hərbçisinin həlak olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb. Məlumata görə, fevralın 13-də Sünik rayonunun Nerkin And kəndi yaxınlığında baş verən qarşıdurma nəticəsində Ermənistan tərəfdən 4 nəfər ölüb, 1 nəfər yaralanıb. Bildirilib ki, yaralının vəziyyəti orta ağır qiymətləndirilir, həyatı üçün təhlükə yoxdur. Ermənistan Müdafiə Nazirliyi həlak olanların adlarının daha sonra açıqlanacağını bəyan edib. Qeyd edək ki, bundan əvvəl Sünikdə 2 erməni hərbçisinin öldüyü, 1 erməni hərbçisinin isə yaralandığı bildirilmişdi. Xatırladaq ki, dünən səhər Azərbaycanın Müdafiə Nazirliyi erməni təxribatı barədə məlumat yayıb. Daha sonra isə Dövlət Sərhəd Xidməti fevralın 12-də baş verən erməni təxribatına qarşı "qisas əməliyyatı"nın keçirildiyini açıqlayıb.

Əsgərimizə atəş açan snayper məhv edildi

Ermənistanın özü də qisas əməliyyatı nəticəsində öldürülənlərin “Yerkrap”ın üzvləri olduğunu etiraf edib. Biz də birmənalı şəkildə məhv edilən silahlıların terrorçu olduğunu deyə bilərik. Bu, Ermənistan ordusunun bərbad vəziyyətini və hətta strateji yerlərdə belə keçmişi qaranlıq olan hərbçilərin, yaxud terrorçuların fəaliyyət göstərdiyini təsdiqləyir. Bu sözləri Axar.az-a DSX-nin həyata keçirdiyi qisas əməliyyatı nəticəsində məhv edilən dörd erməni hərbçisi haqqında danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib. Polkovnik Azərbaycana qarşı törədiləcək təxribatların Ermənistana baha başa gələcəyini vurğulayıb: “Məndə olan məlumata görə, bizim əsgərimizə atəş açan yaramaz da artıq gəbərdilib. Yəqin ki, yaxın saatlarda son vəziyyət haqqında detallı məlumat veriləcək. Təxribatı törədənlər yaşlarına və davranışlarına görə hərbçiyə bənzəmirlər. Çünki DSX-nin təqdim videodan göründüyü kimi, həmin postda komandirə tabeçilik yoxdur və silahlılar heç bir qaydaya məhəl qoymadan başıpozuq şəkildə rahat hərəkət edirlər. Üzə çıxan faktlar baş verən təxribatın Ermənistan hakimiyyətinin iradəsindən kənar həyata keçirildiyi ehtimalını gücləndirir. Ancaq istənilən halda bölgədə sülhə əngəl olmaq üçün təxribat törədənlər Azərbaycanın qisas əməliyyatı nəticəsində nə ilə üzləşəcəklərini bir daha əyani şəkildə gördülər”. Qeyd edək ki, Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəs pozaraq, əsgərimizi yaralayan terrorçulara qarşı qisas əməliyyatı keçirilib. Nəticədə 4 erməni əsgər məhv edilib, yaralılar var.

Bakıda sökülən bu evlərə görə kompensasiya verilməyəcək

Daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi üçün sığorta sisteminin tətbiq olunması geniş yayılıb. Son illər bir çox vətəndaşımız öz mənzillərini, obyektlərini və fərdi yaşayış evlərini sığortalamağa üstünlük verir.  Bəs paytaxt Bakıda və Abşeronun digər ərazilərində əksəriyyət təşkil edən sənədsiz evlərin sığortalanması hüquqi paraktikada mümkündürmü?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, sığorta şirkətləri heç bir halda çıxarışı olmayan evləri sığorta etmir:  “Birinci onu qeyd etmək lazımdır ki, vətəndaşların sənədsiz ev və torpaq sahələrini alması və yaxud təyinatı başqa növ kateqoriyalı olan fərdi yaşayış evləri və torpaq sahələri üçün ödəniş etməsi risklidir. Nəticə etibarı ilə bu gün vətəndaşlar evlərinin qanuni çıxarışlarının olmaması səbəbindən daşınmaz əmlaklarını icbari qaydada sığorta etdirə bilmirlər. Sığorta şirkətlərinin bu növə aid oaln daşınmaz əmlakları sığorta etməkdən imtina etməsi də qanuni və əsaslıdır. Çünki icbari sığorta haqqında qanunvericiliyin tələblərindən biri odur ki, mütləq şəkildə daşınmaz əmlak müvafiq dövlət qeydiyyatına alınmalıdır. Qeyd edim ki, çıxarışı olmayan evlərin və torpaqların sığortası mümkünsüzdür. Çünki sığorta şirkətləri mütləq qaydada çıxarışı olan fərdi yaşayış evlərini sığorta etmək barədə qanunvericiliyin tələblərini icra etmək məcburiyyətindədir”.  Hüquqşünas fərdi yaşayış evlərinin sığorta edilməsi üçün mütləq şəkildə çıxarış alınmalı olduğunu diqqətə çatdırıb.  “O cümlədən neft ərazisi, kənd təsərrüfatı təyinatlı torpaq, sahibkarlıq və sənaye təyinatı torpaqlarda tikilən evlərin sənədləşdirilməsi ciddi problemdir. Bununla bağlı ilkin olaraq ərazidə yaşayan vətəndaşların müvafiq icra hakimiyyəti qurumuna müraciət etməsi tələb olunur. Bundan sonra Nazirlər Kabinetinin müvafiq qərarı və sərəncamı əsasında əhalinin kütləvi halda məskunlaşdığı ərazinin torpağının təyinatı dəyişdirilir. Sonra isə vətəndaşların tikmiş olduğu fərdi yaşayış evlərinin sənədləşməsinə başlanıla bilər və sənədləşmədən sonra vətəndaşlar mənzillərini, fərdi yaşayış evlərini sığorta etdirə bilər”.