Natiq Qasımova Milli Qəhrəman adı verilsin

Millət vəkili Fazil Mustafa Birinci Qarabağ müharibəsi zamanı ermənilərə qarşı 5 gün təkbaşına döyüşən azərbaycanlı döyüşçü Natiq Qasımovun Azərbaycanın Milli Qəhrəmanı adını alması məsələsini işıqlandırıb. O, bunu Milli Məclisdə gündəmə gətirəcəyini bildirib. Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “Qarabağ qaziləri” İctimai Birliyinin sözçüsü Rey Kərimoğlu millət vəkilini təşəbbüsünə görə alqışlayıb. “Təşəbbüsə görə Fazil Mustafa sağolsun, gözəl addımdır. Biz bu məsələni 10 il bundan öncədən deyirdik, sosial şəbəkədə, mediada da yazırdıq. Gec də olsa, onun haqda həqiqət üzə çıxdı. Biz 1992-ci ildən N.Qasımovun qəhrəmanlığını və şəhid olduğunu bilirdik. Nə yaxşı ki, film yayıldı və bu məsələ gündəmə gəldi. Biz də “Qarabağ qaziləri” Birliyi olaraq bu məsələni dəstəkləyirik və onun Milli Qəhrəman adına layiq görülməsini xahiş edirik”, - o bildirib.

Kərki və Qazaxın kəndləri geri qaytarılacaq - Paşinyan öhdəlik götürdü

Ermənistanın baş naziri Nikol Paşinyan hazırda bu ölkənin nəzarətində olan bəzi əraziləri Azərbaycana qaytaracağı barədə öhdəlik götürüb. Sozcu.az xəbər verir ki, o, Azərbaycanın 86,6 min kvadratkilometr ərazi bütövlüyünü tanıyıb. Erməni baş nazir bununla faktiki olaraq, Qazax rayonuna aid olan 6 kənd də Kərkinin (Naxçıvan) Azərbaycan ərazisi olduğunu imzası ilə təsdiqləyib.

Fuad Muradov kimləri şantaj edib? – Alınan pullar

Ötən gün hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilən “Qazaxlı Alik”in oğlu, Milli Fədailər Hərəkatının sədri Fuad Muradovun nədə ittiham olunduğu məlum olub. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, iş üzrə beş zərərçəkmiş var. İttihama görə, Fuad Muradov tanışı olan G. Nəbiyeva (ad-soyad şərtidir) və Z. Əbilovla (ad-soyad şərtidir) əlbir olaraq zərərçəkmişləri şantaj edib. Belə ki, iş üzrə zərərçəkmiş beş nəfərin qadınla intim görüntüləri çəkilib, onlar həmin görüntüləri zərərçəkmişlərin ailə üzvlərinə göndərəcəkləri hədəsi ilə ümumilikdə 20 min manata qədər pul tələb edərək alıblar. İş üzrə zərərçəkənlər Fuad Muradov və digərləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Müraciət əsasında hər 3 nəfər saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etməkdə) maddəsi ilə ittiham verilib. Müstəntiqin təqdimatı əsasında Nərimanov rayon Məhkəməsi tərəfindən Fuad Muradov və digərləri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Türkiyəli nazir: “Zəngəzur dəhlizi İrandan keçə bilər”

“Əgər Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında iştirakdan imtina edərsə, dəhliz İrandan keçə bilər”. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “TRT” telekanalına müsahibəsində deyib. “Vacib sual Zəngəzur dəhlizinin Ermənistandan keçib-keçməyəcəyidir. Dəhliz real coğrafi şərait nöqteyi-nəzərindən keçdiyi ərazilərin hər hansı biri üçün faydalı olacaq. Düşünürük ki, Ermənistan bu məsələyə siyasi vasitəçilik etmədən qiymət verəcək. Əks halda, alternativ dəhlizin İran sərhədlərindən keçməsi olacaq”, - deyə o qeyd edib. Nazir qeyd edib ki, dəhlizin bəzi hissələri istisna olmaqla, Zəngəzur marşrutu artıq böyük miqyasda hazırdır: “Bakıdan Xankəndi şəhərinə gedən marşrut var. Bundan sonra Türkiyə şirkətinin Ermənistanla sərhədə qədər apardığı işlər gəlir. Naxçıvanda 110 km-ə yaxın marşrut var və orada yolların bir az salınmasına ehtiyac var. Bundan sonra marşrut Qarsa gedəcək. Türkiyə ərazisində 224 km yol olacaq”. Onun sözlərinə görə, yaxın vaxtlarda Naxçıvan ərazisində işlərə başlanacaq: “Və bir ay ərzində Türkiyə marşrutun bir hissəsinin öz ərazisində tikintisi üçün tender keçirəcək”.

Köçəryan və Sarqsyan da əməliyyatla gətirilə bilərlər -ŞOK AÇIQLAMA

"Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın qandallanması, ümumilikdə əli qana batan erməni cinayətkarların cəzalandırılması bir neçə aspektdən tarixi əhəmiyyət kəsb edir. Bu separatçılardan biri, yaxud hamısı Ermənistana keçə bilsəydi, “mühacir lider” olacaqdılar" Sozcu.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, erməni separatizminin məhv edilməsindən sonra “başçılarının” Bakıya gətirilməsi qondarma “artsax” ideyasına vurulan zərbə, eləcə də Azərbaycana qarşı separatizm meyllərinin üzləşəcəyi taleyin nümayiş etdirilməsidir: "Şahramanyanın bəlkə də amnistiya şansı ola bilər, lakin o, məğlub olmuş şəxs kimi qəbul edilməyəcək. Bakı Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törədənlərin cəzasız qalmayacağını praktiki olaraq göstərir. Əli qana batan erməni cinayətkarlara qarşı barışmaz mövqeyi ilə XXI əsrdə İsrail təcrübəsini təkrarlayır: yəhudi soyqırımına görə nasistlər sona qədər təqib edildi, cəzalandırıldı, bu gün rəsmi Bakı azərbaycanlılara qarşı soyqırımı törədən şəxsləri bir-bir cəzalandırır". Ekspertin fikrincə, bütün bu olanlardan sonra bir gün Robert Köçaryan və Serj Sarqsyan üçün “Eyxman əməliyyatı”nın keçirilə biləcəyinə şübhə ilə yanaşmamalıyıq: "Hazırda baş verənlər Vətən müharibəsinin komponentlərindən olan "cəza əməliyyatı"nın davamıdır".

Ermənistanla sülh sazişi bağlamaq istəyirik - Əmirbəyov

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radio J” radio kanalına müsahibəsində deyib. Elçin Əmirbəyov Azərbaycan tərəfindən Qarabağda həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri barədə məlumat verib. Bildirib ki, anti-terror tədbirlərində məqsəd legitim hərbi hədəfləri yox etmək idi: “Bu, bizim suveren ərazimizdə olan Ermənistan silahlı qüvvələrinə aid qoşuna qarşı idi. Üç il idi Ermənistan öz üzərinə bu məsələ ilə əlaqədar öhdəlik götürmüşdü ki, qoşunlarını bizim ərazimizdən çıxarsın. Amma o, bundan imtina edirdi. Üstəlik onların son iki həftədəki təxribatları bizim çoxsaylı hərbçimizin və mülki şəxslərimizin həlak olmasına səbəb olmuşdu. Ona görə də bu, bizim reaksiyamız, cavabımız idi. Hədəfimiz qəti surətdə mülki şəxslər deyildi. Yenə deyirəm, hədəfimiz legitim hərbi hədəflər idi”. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, hazırda qeyri-qanuni separatçı qurum təslim olub: "Onlar özləri öz qeyri-qanuni strukturlarının buraxıldığını elan ediblər. “Hazırda biz erməni icmasının təmsilçiləri ilə dialoq aparırıq. Onlarla artıq 3 görüş keçirilib. Onlarla erməni əhalisinin Azərbaycana reinteqrasiya məsələləri müzakirə edilib”. İşğaldan azad olunan ərazilərə BMT missiyasının səfər etdiyini xatırladan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi diqqətə çatdırıb ki, həmin missiyanın tərkibində müxtəlif xarici KİV-lərin təmsilçiləri də olub. “Onlar təsdiq ediblər ki, orada bir neçə yüz insan qalıb... Onların geri qayıtması üçün Azərbaycan hökumətinin səylərini də gözdən qaçırmamaq lazımdır. Hazırda ermənilər bu ərazidə qalmaq istəməyiblər. Üç on illik ərzində bu ərazilərin Ermənistan tərəfindən işğalı öz izini buraxıb. Xatırladım ki, BMT də bu işğalı qınamışdı. İndi isə lazımdır ki, bir çıxış yolu tapılsın, birgəyaşayış təmin olunsun. Həm azərbaycanlılar, həm də ermənilər üçün.”, - E.Əmirbəyov əlavə edib.

Qarabağda partizan mübarizəsinə hazırlaşan erməni qızlar - Yeni görüntülər

"VoMa" qruplaşmasının təlimindən yeni görüntülər yayılıb. Milli.Az bildirir ki, fotolarda qızların və uşaqlara təlim keçilməsi əks olunub. Qeyd edək ki, PKK-nın erməni qolu olan "VoMa" qruplaşması Qarabağda partizan mübarizəsinə başlayacaqlarını bildirib. Onlar erməni uşaqlarına təlimlər keçir. Adı ilk dəfə 2020-ci ildə 2-ci Qarabağ müharibəsi zamanı eşidilən "VoMa"nı erməni əsilli Rusiya vətəndaşı Vladimir Vartanov idarə edir. Onlar PKK və YPG ilə birlikdə hərəkət edəcəklər.

Erməni yazıçıdan Rusiyaya ŞİLLƏ kimi sözlər

"Fransa XİN rəhbərinin Ermənistana səfəri yaxın vaxtlarda İrəvana hərbi yardım göstərmək üçün gündəmin formalaşmasına səbəb ola bilər". Sozcu.az erməni mediasına istinadən xəbər verir ki, bunu Marseldəki Abovyan Kollecinin rəhbəri, yazıçı Karen Xurşudyan deyib. Onun sözlərinə görə, Paris artıq siyasi dəstək verib, Zəngəzurda baş konsulluq açmaq qərarına gəlib. Xurşudyanın fikrincə, bu, Cənubi Qafqazı itirmiş Rusiya üçün ciddi bir sillə idi.

Zəngəzur dəhlizinə görə müharibə olacaq? - “Artıq Ermənistanla Azərbaycan arasında... ”

“Ermənistan Zəngəzur dəhlizini danışıqlar yolu ilə açacaq”. Sozcu.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. “Qarabağ məsələsinin bitməsi, Azərbaycanın bütün ərazilərində suverenliyini bərpa etməsi Ermənistanla sülh müqaviləsinin önündəki maneələri qaldırdı. Azərbaycan zəhərli ideologiyalarının üstündən xətt çəkməklə ermənilərin separatçı arzularının reallaşmasına keçid yeri qoymadı. Ermənilər çətin də olsa, yeni, əslində belə olmalı olan reallıqla barışacaqlar. Hesab edirəm ki, Paşinyan hakimiyyətini qoruyub saxlasa, Azərbaycanla sülh müqaviləsini imzalayacaq. Hakimiyyətini qoruyacağına isə əminəm. Hazırda Ermənistan daxilində siyasi vəziyyət gərgin olsa da, müxlifət hakimiyyəti dəyişəcək gücdə deyil”, - ekspert bildirib. Məhəmməd Əsədullazadə Fransanın Ermənistandakı fəallığına da diqqət çəkib: “Qənaətimə görə, Fransanın Ermənistanda müdafiə missiyası yaratması da, Paşinyanın müdafiəsi və mühafizəsi üçündür. Paşinyan “Qarabağ səhifəsi”ni bağlayıb. Sadəcə Azərbaycanla sülh müqaviləsində güzəştlər qoparmaq üçün spekulyasiyaya yol verir. Qarabağ isə heç vaxt sülh müqaviləsində mövzu olmayacaq, bunu Ermənistan da bilir. Hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında müharibə gözlənilən deyil. Zəngəzur dəhlizi ilə bağlı məsələnin hərbi yox, diplomatik müstəvidə həll olunacağını düşünürəm. Azərbaycanın hərbi qələbəsi diplomatik zəfər üçün də münbit zəmin yaradıb. Ermənistan Zəngəzur dəhlizini danışıqlar yolu ilə açacaq”.

Pentaqon Ukrayna üçün 5,2 milyardlıq yardım ehtiyatına malikdir

Pentaqonun Ukraynaya hərbi yardım göstərmək üçün 5,2 milyard dollar vəsaiti var. “The Wall Street Journal”ın Amerika Müdafiə Nazirliyinin adı açıqlanmayan nümayəndələrinə istinadən verdiyi məlumata görə, indiki xərclər səviyyəsində bu, təxminən altı aya kifayət edəcək. Nəşr qeyd edir ki, bunlar bir il əvvəl Ukraynaya dəstək üçün ayrılmış vəsaitin qalıqlarıdır. Beləliklə, yaxın gələcəkdə Kiyev ABŞ-da büdcə qanunu ilə bağlı mübahisələrə görə hərbi təchizatın dayandırılması təhlükəsi ilə üzləşməyəcək. Lakin mövcud vəziyyət planlaşdırmaya təsir edə bilər. Nəşr qeyd edir ki, bu vəsait növbəti büdcə qəbul olunana qədər Ukrayna qüvvələrinin əməliyyatlarını maliyyələşdirmək üçün kifayət etməyəcək. Xatırladaq ki, dünən prezident Co Bayden Konqresdəki resbublikaçıların Ukraynaya yardım ayrılması məsələsini büdcə sənədindən ayrılıqda müzakirə etməyə söz verdiklərini və bu yardımın dayanmayacağını bəyan edib.

VOMA Qarabağda partizan mübarizəsinə başlayacaqlarını açıqladı

Erməni silahlı təşkilatı VOMA Qarabağda silahlı partizan mübarizəsinə başlayacaqlarını açıqlayıb. Sozcu.az xəbər verir ki, Gucci-nin erməni modeli Armine Arutyunyan da “Azərbaycanla qeyri-adi döyüşə hazırlaşırıq” deyərək təşkilata qoşulub.konkret)

“Onlar xalqımızın timsalında bütün insanlığa qarşı cinayət törədib”

“Ermənistanın hərbi-siyasi rəhbərliyi, eləcə də Qarabağdakı erməni separatçıları yalnız Azərbaycan xalqına qarşı deyil, xalqımızın timsalında bütün insanlığa qarşı cinayət törədib”. Bunu Moderator.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Ekspert qeyd edib ki, erməni cinayətkarlarının törətdikləri cinayətlərin  miqyasına da, onların cəzalandırılmasına da məhz bu aspektdən yanaşılmalıdır: “Ermənilər uzun illər ərzində xalqımıza qarşı çoxsaylı soyqırımları, qətliyamlar həyata keçirib, 30 ilə yaxın müddətdə bir çox ərazilərimizi işğal altında saxlayıblar. Hərbçilərimizlə yanaşı, mülki şəxslərimizin hədəfə alınması, yaşayış məntəqələrimizin bombalanması, əsir və girovların amansız işgəncələrə məruz qalması da yaxın tariximizin acı reallıqlarındandır. Təbii, bu cinayətlərin başında Ermənistanın hərbi-siyasi rəhbərli, vaxtiylə Qarabağda mövcud olan separatçı rejim dayanmışdı. Hansı ki, bu gün dövlətimizin, onun əlaqədar qurumları xalqımıza qarşı cinayət törədən separatçıları ələ keçirməkdə, onları qanun qarşısında məsuliyyətə cəlb etməkdədir. Onlar bütün bəşəriyyətə qarşı cinayət törətmiş şəxslərdir. Bu şəxslər insanlıq tarixində misli görünməmiş vəhşiliklərə imza atıb, barbarlıq və vandalizm aktları törədiblər. Ona görə də onların cəzalandırılması bütün insanlığın marağı və mənafeyi, yerli və beynəlxalq qanunlar baxımından zəruri və mütləqdir”.