“Universitetlərdə təhsil müddəti endirilməlidir, vaxt itkisidir“

“Təhsil sistemində müəyyən dəyişikliklər etmək lazımdır, məsələn, fənlər azaldılmalıdır. Şagirdlər 9-cu sinifdə buraxılış deyil, ixtisas seçim imtahanı verməlidir. Bu gün ölkədə bəzi pilot məktəblərdə bu tətbiq edilir. Amma fikrimcə, bütün dövlət məktəblərində belə olmalıdır...” Bu sözləri Yenisabah.az-a  Beynəlxalq Təhsil Mərkəzinin təsisçisi və direktoru, təhsil eksperti Ramal Şəmşədli deyib. Onun sözlərinə görə, orta məktəb şagirdləri imtahan verərək hazırlaşacaqları qruplara uyğun fənləri öyrənməlidir: “Şagirdlər hansı ixtisas qrupuna hazırlaşırsa, həmin fənlər üzrə təhsil almalıdır. Belə olan halda, onlar özlərinə lazım olanı öyrənir, əlavə dərslərlə yüklənmirlər. Gənclərin istədiyi də budur. Biz hər şeyi öz beynimizlə ölçməməliyik. Gənclər 55-60 yaşlı insanlar kimi fikirləşmir və biz onların istəyini nəzərə almalıyıq.  Gənclər arasında heç bir sorğu keçirilməyib. Sorğu keçirilməli, məktəblilərin nə istədiyi aydınlaşdırılmalıdır. Onların dərs yükü artıqdırdırmı, hansı dərs modelini istəyirlər, bütün bunlar araşdırılmalıdır. Əgər biz bunları görməsək, problemi heç vaxt həll edə bilməyəcəyik.  Ona görə də uşaqlar Avropa məktəblərinə, xarici ölkələrə üz tuturlar. Əgər abituriyent gedib xaricdə uğur qazana bilirsə, deməli, öz ölkəsində də bunu edə bilər. Sadəcə onları düzgün istiqamətləndirmək lazımdır, çox sıxmaq lazım deyil. Əvvəlki illərdə keçid balı 600 olan ixtisaslar vardı, onları bu il 200 bala qədər azaltdılar. Deməli, seçimlər düzgün deyil”. Ekspert bildirib ki, bəzi ali təhsil müəssisələrində ixtisaslara uyğun olaraq, tədris ili müəyyənləşdirilməlidir: “Bu gün məktəblilərin daha çox kurslara yönəlməyinin səbəbi də odur. 7-8-ci siniflərdən valideynlər övladlarına istiqamət verir və şagirdi o yöndə aparır, təməlini bu cür qoyur. Valideyn  istəyir ki, övladı daha yaxşı nəticə göstərsin. Bu səbəbdən hətta 8-ci sinifdən başlayaraq ixtisas dəyərləndirmə testi edilməli, şagirdlərə oxuyacaqları ixtisasa uyğun dərslər keçilməlidir. Bu, bütün məktəblərdə qanun olmalıdır.  Eyni zamanda, bəzi ixtisaslarda təhsil müddəti azaldılıb-çoxaldılmalıdır. Məsələn, elə ixtisaslar var ki, onu öyrənməyə 4 yox, 5 il vaxt lazımdır, amma elələri var ki, onu 4 il oxumaq artıq vaxt itkisidir, 2 il təhsil almaq yetərlidir. Bu, çox önəmli məsələdir”.

Ohanyan köhnə havasında: Qarabağı təslim etmək...

“Ayakve” təşəbbüsünün Cinayət Məcəlləsinə təklif etdiyi dəyişikliklərin qəbulu zərurətdir. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində keçirilən dinləmələr zamanı keçmiş müdafiə naziri Seyran Ohanyan danışıb. “Mövcud vəziyyətin səbəbi təkcə Azərbaycanın siyasəti deyil, həm də Ermənistan hakimiyyətinin düşünülməmiş addımlarıdır və bu səbəbdən onun ətrafındakı halqa hər dəfə kiçilməkdə davam edir”, - deyə Ohanyan bildirib. Qeyd edək ki, Ermənistanda revanşist “Ayakve” təşəbbüsü bir qrup yerli ictimai xadim tərəfindən yaradılıb. 2023-cü ilin iyununda o, Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verilməsinin cinayət sayılması haqqında qanunvericilik təşəbbüsü ilə çıxış edib və bu məqsədlə 50 mindən çox imza toplayıb.

İranla sərhəddə atəş açıldı

Noyabr ayının 20-də saat 17:16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd naryadı tərəfindən "Dayan!” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Sərhəd pozucularının silahlı və onlardan birinin üzərində böyük bir kisədə yükün olması müşahidə edilib. Əmrə tabe olmayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, üzərlərindəki yükü ataraq əlverişsiz hava şəraitindən və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İran ərazisinə qaçıblar. Keçirilmiş sərhəd axtarışı nəticəsində ərazidə ümumi çəkisi 95 kiloqram 100 qram narkotik vasitə (10 kq 100 qr metamfetamin, 85 kq tiryək) aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Gürcü xalqı belə qərara gəldi ki, onlar Rusiyanın çəkmələri altında yaşamaq, kiminsə malı olmaq istəmir"

“Məhz qızılgül inqilabının 20 illiyi ərəfəsində sizə demək istəyirəm ki, Gürcüstanın çox böyük dəyişikliklərə ehtiyacı var”. Sozcu.az xəbər verir ki, bu sözləri Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili məhkəmədə distant dinləmə zamanı bildirib. Onun sözlərinə görə, Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsi ilə bağlı Avropa Komissiyasından müsbət cavabı hökumət deyil, xalq alıb. “Gürcüstan Rusiyanın əyalətinə çevrilib. Sizə demək istəyirəm ki, bu, ümidsiz vəziyyət deyil, biz bunu bacardıq – statusla bağlı Avropa Komissiyasından müsbət tövsiyə aldıq və hökumət yox, biz bunu bacardıq. Gürcü xalqı belə qərara gəldi ki, onlar Rusiyanın çəkmələri altında yaşamaq, kiminsə malı olmaq istəmir. Təbii ki, biz öz gücümüzə inanmalıyıq.”, – deyə Saakaşvili əlavə edib.

Sənədsiz evlərlə bağlı yeni problem - “Bir yol var”

“Bir çox ekspertlər sənədsiz torpaq sahələrində tikilən evlərə kommunal xidmətlərin göstərilməsinin qadağan olması ilə bağlı proqnozlar vermişdilər ki, bu qanundan sonra ev qiymətlərində kəskin azalma müşahidə olunacaq”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında tikinti və əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.  O, cari ilin oktyabr ayının 1-dən etibarən sənədsiz evlərlə bağlı yaranmış məlum qanundan sonra ev qiymətlərinin son durumu və yeni qanunun yarada biləcəyi problemlər haqqında söz açıb.  Xatırladaq ki, oktyabr ayının 1-dən Şəhərsalma və Tikinti Məcəlləsinə bir sıra düzəlişlər edilib. Dəyişikliyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan və s. obyektlərin kommunal xidmətlərə qoşulması qadağandır.  Mütəxəssis aydınlaşdırıb ki, cəmiyyətimiz bu aktı hələlik tam bilmir: “Sadəcə, az sayda vətəndaşlar bunu bilirlər. Mən proqnoz vermişdim ki, hansı ərazidə bu kimi evlərin və torpaqların sayı çoxdursa, bu amil orada daha çox özünü büruzə verə bilər. Lakin digər ərazilərdə bunun özünü büruzə verməsini bir o qədər proqnoz etmirdim”.  E. Azadov aydınlaşdırıb ki, Azərbaycandakı bəzi kənd və qəsəbə ərazilərində yerləşən torpaqların təyinatı kənd təsərrüfatı torpaqlarına aiddir: “Vətəndaşlar, adətən, ata-babasından onlara miras qalmış torpaqlarda fərdi evləri tikirlər. Ümumiyyətlə, Azərbaycanda kənd yerlərində mülkiyyəti təsdiq edən sənəd olmur. Mən problemi köklü şəkildə məhz burada görürəm. Bu gün ölkə vətəndaşlarının 40%-ə qədər kənd yerlərində yaşayır ki, bu da böyük bir rəqəmdir”.  “Bundan sonra bunların problemi hansı formada büruzə verəcək, bilinmir. Əgər hökumət buna göz yumsa, onda artıq diskriminasiya yaranacaq. İnsanların bəziləri deyəcək ki, bu qanun kənd yerlərində tətbiq olunsa da, bir çox yerlərdə tətbiq olunmur. Bunu da zaman göstərəcək. Lakin Bakıətrafı ərazilərdə elə yerlər də var ki, orada bələdiyyə torpaqlarının sayı, eləcə də orada məskunlaşma çoxdur, torpaqların çoxu satılıb. Təbii ki, bu kimi ərazilərdə vətəndaşlarımız öz evlərini tikib qurtara, köçə və yaşaya bilməyəcəklər”, – deyə əlavə edib.  Ekspert diqqətə çatıdırb ki, son 3 il ərzində evlərin qiyməti 30%-ə qədər bahalaşıb: “Ona görə də vətəndaş artıq gedib mənzil və yaxud sənədli ev ala bilmir. Məcburdur ki, şəhərətrafı bir ərazidə torpaq alsın, vəsaiti çatdıqca, evini tikib bitirsin və oraya köçüb yaşasın. Vətəndaşların qanunsuz torpaqlarda evlər tikməsinin səbəbi budur. Bələdiyyə torpaqları da dövlət tərəfindən verilmiş ilkin sənəddir ki, bunun da davamı olmalıdır. Bununla bağlı son illər müəyyən məhdudiyyətlər yaranıb. Bu torpaqların hamısının təyinatı isə yaşayış məntəqəsindən çox kənd təsərrüfatı təyinatlıdır”.  Onun sözlərinə görə, belə olan halda vətəndaş da torpağın üstündə tikdiyi evi qanunlaşdıra bilmir: “İndiki səviyyədə başlanğıc üçün o, həmin torpağa çıxarış alsa belə, qanunla həmin torpaqda ev tikə bilməz. Çünki bu torpağın təyinatı yaşayış təyinatlı deyil. Fikrimcə, zamanla buna müəyyən amnistiya verilməlidir, çünki bu kateqoriyadan olan insanlar həddindən artıq çoxdur. Yaxud da ki, hökumət müəyyən bir zaman verməlidir ki, bu qanun 2024-cü ilin yanvarın 1-dən tətbiq olunacaq. Yəni kimin əyər-əskikliyi varsa, gedib evini tikib bitirsin”.  Həmsöhbətimiz onu da vurğulayıb ki, vətəndaşlar sadaladığı məcburiyyətlərə görə bu yola əl atıb həyət evləri tikib, yaşayıb, məskunlaşır, eləcə də aidiyyəti qurumlardan oraya kommunikasiya xətləri çəkirdilər: “Çəkəndən sonra isə məhkəməyə müraciət edirdilər ki, bu torpaqda 3-5 ildir yaşayır və bunun qanuniləşməsini hökumət digər yolla tanısın və qanunlaşdırsın. Vətəndaşlarımız məcburi bu yola əl atırdılar. İndi bunun qarşısını almaq üçün hökumət başqa bir yol açıb ki, sənədləri olmayan vətəndaşlar bundan sui-istifadə etməsin. Yaxşı, vətəndaş bundan sui-istifadə edə bilmir, amma başqa əngəllərlə üzləşir. Onlar yenə də məhkəmə yolu ilə müraciət edib çalışacaqlar ki, bunu həll etsinlər. Kimin ki evi natamamdırsa, onlar evini tikib məhkəməyə müraciət edəcək ki, evi çoxdan tikib və bu qanun o vaxtı yox idi. Qısası, bu barədəki işlər məhkəmələrdə çoxalacaq”, - deyə o, fikirlərini tamamlayıb. 

Müsavat başqanı Avropada keçirdikləri görüşlər barədə məlumat verdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Şərqi Avropa və postsovet məkanı ölkələrinin milli azadlıq hərəkatı liderlərinin iştirakı ilə keçirilən tədbirlərdə iştirakla bağlı özünün Feysbuk səhifəsində yazaraq məlumat verib. Sozcu.az Müsavat başqanının məlumatını təqdim edir:  Polşanın Varşava şəhərində başlayaraq Brüsseldə davam edən Avropa səfərimiz başa çatdı.  Əvvəl də məlumat verdiyimiz kimi Şərqi Avropa və postsovet məkanı ölkələrinin milli azadlıq hərəkatı liderlərinin iştirakı ilə keçirilən tədbirlərdə İsa bəy Qəmbərlə birlikdə Azərbaycanı təmsil etdik.  Yerli və beynəlxalq qurumların təsis etdiyi bəzi medal və mükafatlarla təltif olunduq.  İstər Varşavada, istərsə də Brüsseldə, Avropa Parlamentində  keçirilən toplantılarda iştirak etdik.  Müzakirə edilən məsələlər barədə çıxışlarımız və konkret təkliflərimiz oldu.  Azərbaycan adına irəli sürdüyümüz təkliflər iştirakçıların əksəriyyətinin səsverməsi ilə qəbul edilən yekun sənədə daxıl edildi.  Ermənistan nümayəndələrinin son dövrlərdə istənilən beynəlxalq tədbirlərdə irəli sürdükləri etnik təmizləmə iddiasını burada da yeritmək cəhdlərinin qarşısı alındı.   Brüssel memarandumuna Azərbaycan Ermənistan münaqişəsinə aid olan məsələ bizim təklif etdiyimiz kimi təxmini tərcüməsi bu şəkildə daxil edildi:  “Biz Azərbaycan və Ermənistan rəhbərliyinin sülh razılaşmasının imzslanması istiqamətində atdığı addımları alqışlayırıq.  Bunun ardınca erməni əhalisinin Azərbaycana, Azərbaycan əhalisinin Etmənistana qaytarılması üçün uzunmüddətli şərait yaradıla bilər.  Cənubi Qafqaz problemlərinin həlli üçün Ermənistan Azərbaycan və Gürcüstan arasında üçtərəfli formatda müzakirəsi ideyadı səmərəli ola bilər.  Biz əminik ki, Cənibi Qafqazda sülhə nail olmaq Rusiyanın bu ərazilərdə təsir imkanlarının sıxışdırılması şərti ilə mümkündür.” (İngiliscə tam mətnin şəklini və rus dilində variantını şərh bölümündə təqdim edirəm) Səfər zamanı qurur duyduğumuz məsələrdən biri də istər Varşavada, İstərsə də Brüsseldə, Abropa Parlamentində Azərbaycan Xalq Hərəkatı liderləri Əbülfəz Elçibəyin və Tofiq Qasımovun portretlərinin bütün postsosialist məkanına aid əfsanəvi hərakat liderlərinin portretləri ilə yanaşı nümayiş etdirilməsi oldu.

“Veteran pulu” nə qədər artırılacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov çıxış edib.  O bildirib ki, müharibə veteranlarına təqaüdün məbləğinin artırılması məsələləri müzakirə olunacaq.  Qeyd edək ki, 2019-cu ildə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib və onun aylıq məbləği 80 manat müəyyən olunub. Bu həftə parlamentdə büdcə müzakirələri zamanı vəsaitin artırılması barədə təkliflər səsləndirilib. Bəs vəsait nə qədər artırıla bilər? Məsələ ilə bağlı Modern.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinə sorğu ünvanlayıb. Fondun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sorğumuzu cavablandırıb. "Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun çıxışında bildirdiyi kimi, müharibə veteranlarının təqaüdünün artırılması məsələsi müzakirə olunacaq. Müzakirələr yekunlaşdıqdan sonra məbləğin nə qədər artacağı ilə bağlı məlumat veriləcək",- Rəşad Mehdili vurğulayıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında veteranların təqaüdünün artırılmasını vacib hesab etdiyini bildirib: “Bu məsələ çox ciddi qaldırılıb. Himalay müəllim bildirdi ki, məsələyə baxıla bilər. Maliyyə naziri də bu məsələyə baxılmalı olduğunu deyib. Onu nəyəsə bağlamalıdırlar. Bəziləri deyir ki, veteranların təqaüdü yaşayış minimumuna gəlib çıxmalıdır. Məncə, öncədən bir rəqəm demək düzgün deyil. Bu məsələ şəraitdən və imkandan asılıdır.. Dövlət büdcəsinin hesabından, gəlirlərindən də çox şey asılıdır”. Qarabağ qazisi Rey Kərimoğlu isə müharibə veteranlarının təqaüdlərinin minimum istehlak səbəti həddinə çatdırılmalı olduğunu düşünür: "Veteranların təqaüdünün artırılması bütün müharibə iştirakçılarının gözlədiyi bir məsələdir. Amma təəssüf ki, hələ də onlara verilən 80 manat təqaüd artırılmayıb. Konkret rəqəm deyə bilmərəm, amma ümid edirik ki, bu məbləğ minimum istehlak zənbili həddinə çatdırılacaq. "Qarabağ qaziləri" birliyi təklif edir ki, yaralı veteranların təqaüdü digərlərinə nisbətdə 3 dəfə artıq olsun. Məsələn, hazırda veteranların təqaüdü 80 manatdır, yaralı veteranlara isə 240 manat verilsin. Yaralı veteran deyəndə, yaralanıb, amma müharibə əlilliyi dərəcəsi almayan şəxsləri nəzərdə tuturam. Dövlət Şəhid ailələrinə, müharibə əlilləri ilə bağlı çox böyük işlər görür. Onu da xüsusi ilə qeyd edim ki, bu təbəqədən olan insanlar daim cənab Prezidentimiz İlham Əliyevin və vitse-prezidentimiz Mehriban xanımın diqqətindədir". 

Sülh danışıqları bu şəhərlərdə baş tuta bilər - Qriqoryan

Ermənistan-Azərbaycan danışıqları tezliklə Brüssel və ya Vaşinqtonda baş tuta bilər. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mediaya müsahibəsində deyib. O qeyd edib ki, ABŞ dövlət katibinin xüsusi nümayəndəsi Lui Bononun regiona səfərinin məqsədlərindən biri də Vaşinqtonda görüş təşkil etməkdir. "Azərbaycanla sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və mümkünsə ilin sonuna qədər sülh sazişi imzalamağa hazırıq", - Qriqoryan vurğulayıb.

İsrail hərbçiləri HƏMAS-ın parlament binasını ələ keçirdi - Təcili

İsrail Müdafiə Ordusunun hərbçiləri HƏMAS-ın “qanunverici şurasının” binasına daxil olub. Hadisənin görüntüləri İsrail KİV-də yayılıb.

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir?

Son günlər Azərbaycanın müxtəlif ərazilərində ard-arda əhali tərəfindən hiss edilən zəlzələlər baş verir. Belə ki, noyabrın 11-də İsmayıllı rayonu ərazisində bir neçə saat fasilə ilə 3,0 və 2,9 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Maraqlıdır ki, cəmi iki gün sonra, noyabrın 13-də İsmayıllıda 3,0 bal gücündə daha bir zəlzələ baş verib. Ardıcıl təkanların qeydə alınması cəmiyyətdə panikanın yaranmasına səbəb olub. Xüsusilə də, bu ilin fevral ayında qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələlər ölkəmizdə də yeraltı təkanlarla bağlı həyəcanın birə-beş artmasına səbəb olub. Bəs Azərbaycanda daha güclü təkanlar gözlənilirmi? Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli Bizim.media-ya açıqlamasında bildirib ki, zəlzələ hər gün baş verir, sadəcə onlardan bir neçəsi 3,0 bal gücündə və yuxarı olduqda hiss olunur:  “Amma bu da seysmogen bölgə üçün normal haldır. Tarixən Azərbaycanda çox güclü zəlzələlər baş verib. Buna Şamaxı, Gəncə, Ağsu, Göyçayda baş verən zəlzələləri misal göstərə bilərik. Belə ki, bu ərazilərdə vaxtilə 8-9 bal gücündə zəlzələlər olub. Hətta Göygöl məhz güclü zəlzələ nəticəsində yaranıb. Lakin yaxın günlərdə heç bir bölgədə dağıdıcı zəlzələ baş verməsi gözlənilmir. 4-6, hətta 7 bal gücündəki zəlzələ qorxuducu deyil”.  

Xocalıda soyqırımına həsr olunan abidə ucaldılacaq

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan abidə ucaldılacaq. Sozcu.az Report-a istinadən xəbər verir ki, abidə Xocalı şəhərində qoyulacaq. Hazırda abidə ucaldılacaq ərazidə hazırlıq işləri və təmizləmə əməliyyatları həyata keçirilir. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən orada azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Nazarbayev mühafizədən də məhrum edilir

Qazaxıstan hakimiyyəti Milli Təhlükəsizlik Komitəsi (MTK) haqqında əsasnamədən respublikanın birinci prezidenti Nursultan Nazarbayevin mühafizəsi ilə bağlı ayrıca bəndi çıxarmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin “Açıq hüquqi aktlar” portalında məlumat dərc olunub. İctimai müzakirəsi noyabrın 24-dək davam edəcək sənədə əsasən, Milli Təhlükəsizlik Komitəsi haqqında qüvvədə olan əsasnaməyə dəyişiklik və əlavələr edilir. Belə ki, xüsusən, 14-cü bəndin 2-ci yarımbəndinin 13-cü abzasının başqa redaksiyada verilməsi təklif edilir və burada komitənin “Qazaxıstan Respublikası Prezidentinin təhlükəsizliyinin təmin edilməsində iştirak etmək” öhdəliyi daşıdığı qeyd olunur. Bu bəndin əvvəlki redaksiyasında deyilir ki, Milli Təhlükəsizlik Komitəsi Qazaxıstan Respublikasının Prezidentinin və Qazaxıstan Respublikasının birinci Prezidentinin - Elbasının təhlükəsizliyinin təmin edilməsində iştirak etməyə borcludur.