Rusiyanın itkiləri 748 mini ötdü

Ukrayna müharibənin 1016-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 748 950 hərbçi, 9 506 ədəd tank, 19 472 ədəd zirehli döyüş maşını, 21 023 ədəd artilleriya sistemi, 1 253 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1020 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 30 843 ədəd avtomobil texnikası, 19 977 ədəd PUA, 2 855 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 630 xüsusi avadanlıq itirib.

Sulu qəlyanın quru ölümü - Həkim AÇIQLADI

Qəlyan son illərdə gənclər arasında populyarlığı artan bir vərdişdir. "Bir dəfə ilə heç nə olmaz" deyərək sulu qəlyan çəkənlər sonradan vərdişkar və aludəçi hala gəlirlər. Əsasən, gənclərin zərərsiz hesab etdiyi sulu qəlyan isə zənn edildiyindən də artıq ziyanlıdır. Cəmi bir dəfə çəkilən qəlyan orqanizmin bir aylıq immunitetini məhv edir. Ən təhlükəlisi isə qəlyandan əvvəl və ya sonra spirtli içki qəbul etməkdir. Bu, orqanizmə daha çox zərər verir. Çünki qəlyanın tərkibində siqaretdən də çox nikotin var... Əvvəllər siqaret çəkməyə alternativ kimi təqdim edilən qəlyan bir çoxları tərəfindən daha az zərərli olduğu düşünülərək istifadə edilir. Lakin qəlyanın sağlamlıq üzərindəki təsirləri heç də gözlənildiyi kimi deyil. Bir çox insan qəlyan çəkməyin siqaretdən daha az zərərli olduğuna inanır, amma bu da ciddi sağlamlıq problemlərinə yol aça bilər. Qəlyanın tərkibindəki zəhərli maddələr və uzun müddətli istifadəsi bədənin müxtəlif hissələrində ağır fəsadlar yarada bilər.  Bəs qəlyanin nə kimi zərərləri var? Məsələ ilə bağlı Milli.Az-a həkim Sərxan Musayev açıqlama verərək bildirib ki, qəlyan çəkmək tütünün su vasitəsilə keçməsi səbəbindən bir çox insan tərəfindən zərərli maddələrdən təmizlənmiş kimi qəbul edilir. Lakin bu, tamamilə səhv bir fikirdir. "Su yalnız zərərli maddələrin bir hissəsini süzüb təmizləsə də əsas zəhərli maddələr hələ də qalır və bu maddələr çəkmə zamanı orqanizmə daxil olur. Qəlyan çəkərkən tütün ağ ciyərlərə daha dərin şəkildə daxil olur və bununla da tütünün yaratdığı zərərlər artır. Həmçinin, qəlyan çəkmək üçün istifadə olunan bir dəfəlik musluklar da infeksiyalardan qorunma təmin etmir. Çünki bakteriyalar tütünün qoruyucu qatında və su qabında qalır. Qəlyanın qızdırılması üçün istifadə olunan kömürdən ayrılan zəhərli qazlar, tütün vasitəsilə ağ ciyərlərə daxil olur. Nəticədə qəlyan çəkmək dad hissiyatının pozulmasına, ağ ciyər və qalxan bədən xərçənginə, astmadan əziyyət çəkməyə, davamlı baş ağrılarına, yanaq əzələlərinin deformasiyasına, spermatozoid keyfiyyətinin pisləşməsinə və bədəndə bir çox bakteriyanın toplanmasına səbəb ola bilər. Buna görə də qəlyan müntəzəm olaraq istifadə edildikdə ciddi sağlamlıq problemlərinə yol aça bilər".

Bu ölkədə Baydenin səfərinə görə qadağalar tətbiq edildi

Anqolanın qərbindəki Benqela əyalətinin hakimiyyət orqanları ABŞ Prezidenti Co Baydenin səfəri zamanı küçə ticarətini və dəfn mərasimlərini qadağan edib. Sozcu.az xəbər verir ki, bu barədə “Novo Journal” nəşri məlumat yayıb. “Baydenin səfəri zamanı Benqelada dəfn mərasimləri təxirə salınacaq, bir neçə yol bağlanacaq və küçə ticarəti qadağan ediləcək”, - məlumatda deyilib. Qeyd edək ki, bazar ertəsi ABŞ Prezidenti Co Baydenin Anqolaya iki günlük səfəri başlayıb.

TƏBİB yaralılarla bağlı məlumat yaydı

09:33 Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə xəsarət alan 6 nəfər (4 kişi, 2 qadın) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə təxliyə olunublar. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd olunub ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır yanıq xəsarətləri ilə yerləşdirilən 1977 (kişi), 2007 (kişi) və 2010-cu il (qadın) təvəllüdlü şəxslərə zəruri tibbi yardımlar göstərilib. Onlar ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunurlar. Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 1952-ci il təvəllüdlü (kişi) şəxsə arterial hipertenziya səbəbilə zəruri tibbi yardımlar göstərilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir. 1975-ci il təvəllüdlü (qadın) şəxsə sol ayağın yüngül kəsilmiş yarası diaqnozu təyin edilib. Sözügedən şəxs stasionar müalicədən imtina edib. Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2008-ci il təvəllüdlü (kişi) şəxsə diz oynağının açıq yarası diaqnozu təyin edilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Novxanı bağları massivindəki partlayışla əlaqədar isə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına xəsarət alan 2 nəfər (1 qadın, 1 kişi) hospitalizasiya olunub. 1949-cu il təvəllüdlü (kişi) şəxsə müxtəlif nahiyələrin I, II dərəcəli termiki yanığı diaqnozu, 1959-cu il (qadın) təvəllüdlü şəxsə əzilmiş, cırılmış yaralar diaqnozları təyin edilib. 1949-cu il təvəllüdlü şəxs ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub. Hazırda digər şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.

Tiflisdə müxalifət liderlərindən biri saxlanıldı

Müxalif Qirçi Partiyasının sədri Zurab Caparidze Tiflisdə etiraz aksiyaları zamanı saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. Bildirilib ki, Caparidze parlament binası yaxınlığında etiraz aksiyası dağıdılandan sonra bir neçə həmkarı ilə birlikdə qaldığı Vake rayonunda saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyi hələlik rəsmi açıqlama verməyib.

Bakıda avtomobil qaçıran şəxslər TUTULDU

Polis Yasamal və Abşeron rayonlarında avtomobil qaçıran şəxsləri saxlayıb. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 29-da gecə saatlarında Yasamal rayonu ərazisindən “KİA” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 28 yaşlı T.Salahov avtomobili idarə edərkən saxlanılıb. Eyni zamanda, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Xırdalan şəhəri ərazisindən “KİA” markalı avtomobil qaçırmaqda şübhəli bilinən 28 yaşlı S.Aydınov avtomobillə birgə Digah qəsəbəsi ərazisində saxlanılıb. Hər iki faktla bağlı araşdırmalar aparılır.

Kəskin soyuqlar gəlir: Dekabrda Azərbaycanda hava necə olacaq?

Bu il dekabr ayında havanın orta aylıq temperaturun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Dekabr ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 8-12 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-34 mm). Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 7 dərəcə şaxta, dağlıq ərazilərdə 9-11 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-35 mm). Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 4-8 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-30 mm). Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 8-13 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 25-27 mm). Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 1-4 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 13-32 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-48 mm). Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu gecə 2-7 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 3 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 19-32 mm) gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 2 dərəcəyədək şaxta, dağlarda 4-9 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 45-106 mm).

1010-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1010-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 738 660 hərbçi, 9 458 ədəd tank, 19 339 ədəd zirehli döyüş maşını, 20 886 ədəd artilleriya sistemi, 1 255 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1006 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 30 272 ədəd avtomobil texnikası, 19 750 ədəd PUA, 2 851 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 700 xüsusi avadanlıq itirib.

Bakıda və Abşeronda müşahidə olunan hava şəraiti açıqlandı

28 noyabr tarixində səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı hava şəraiti müşahidə edilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın bəzi ərazilərində yağıntılar leysan xarakterli və qısamüddətlidir. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Onun sözlərinə görə payız fəslində yağıntılar adətən laylı-yağış buludlarından düşür və bu buludların üfüqi ölçüsü böyük olduğu üçün daha geniş ərazini əhatə edir. Lakin topa-yağış buludları da müşahidə edilir ki, bu zaman buludların üfüqi ölçüləri kiçik olduğundan daha məhdud ərazini əhatə edən lokal xarakterli yağıntılar yaranır. Son günlər Bakıda və Abşeron yarımadasında fasilələrlə müşahidə olunan yağıntılar da lokal xarakterlidir. “Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi noyabrın 28-də Bakı və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə qısamüddətli, bəzi ərazilərində isə arabir leysan xarakterli yağış müşahidə olunub. Hazırda saat 16:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında arabir yağıntılı hava şəraiti müşahidə olunur. Günorta saatlarında qısa müddətə fasilə olsa da, hazırda yağıntılar davam edir və bəzi ərazilərdə leysan xarakterlidir”.

Yolu süpürən qadını maşın vurub öldürdü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt Bulvarı ərazisində qeydə alınıb. Bildirilib ki, bulvar ərazisində yolu süpürən 1985-ci il təvəllüdlü Səriyyə Tofiq qızı Zeynalovanı avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Kəndlərə 100 Mbit/s sürət zorla verilir” - Ekspert nazirliyi tənqid etdi

“Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilir ki, ölkə internet sürətinə görə bir sıra beynəlxalq reytinqlərdə yüksəlib. Amma reallıqda demək olar ki, kənd sakinlərinə 100 Mbit/s internet sürəti zorla verilir. İctimai əhəmiyyət kəsb edən məsələ internetin sürəti deyil, provayderlərin sövdələşməsi və minimum tarifi qaldırması səbəbindən məhdud olan seçimdir”. Bunu Bakupost.az -a “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. O qeyd edib ki, nazirlik insanların narazılığının və yüzlərlə müraciətin yüksəksürətli internetə çıxışla yox, seçim imkanının olmaması ilə bağlı olduğunu görmür. Dağ kəndinin sakini yüksəksürətli internetlə təmin olunub, lakin onun üçün bu, lazımsız bahalı xidmətdir. Problem sürətdə deyil: “Bu məsələ bağlanıb. Müvafiq idarələrin işi sayəsində nəhayət ki, uzun müddətdir davam edən problemi həll edə bildik. Yenə deyirəm, bu sahədə xeyli işlər görülüb və indi yüksək sürətə ehtiyacı olan abonentlər onları ala bilər. Digər provayderlər hətta 1 Gbit/s-ə qədər yüksək sürətli şəbəkə təklifləri göndərir. Ona görə də tələbi ödəyən sürətlərin mövcudluğunu müəyyən etmək üçün qonşu ölkələrdə və dünyada qiymətlərin müqayisəli təhlilini aparmaq daha məntiqli və faydalı olardı. Rəsmi qurum abonentlərin ehtiyaclarını anlamalı, tələbin strukturunu araşdırmalıdır, ona görə də ümid var ki, onun sonrakı fəaliyyəti aktual problemlərin həllinə yönəldiləcək”.

1006-cı gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1006-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 732 350 hərbçi, 9 429 ədəd tank, 19 236 ədəd zirehli döyüş maşını, 20 787 ədəd artilleriya sistemi, 1 254 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1004 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 29 948 ədəd avtomobil texnikası, 19 480 ədəd PUA, 2 764 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 681 xüsusi avadanlıq itirib.