Suriyanın qərbində təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədin tərəfdarları arasındakı qarşıdurmalar gözlənilən idi.
Sozcu.az xəbər verir ki, bunu Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şara deyib.
"Biz hamımız ölkədə milli birliyi qorumağa çalışmalıyıq, eləcə də sülh şəraitində birgə yaşamağa can atmalıyıq", - Şara bildirib.
O, mülki insanlara hücumlarda iştirak edənlərin məsuliyyətə cəlb olunacağını vurğulayıb.
Qeyd edək ki, 6 martda Əsəd tərəfdarları Latakiya əyalətində Suriya təhlükəsizlik qüvvələrinə hücum edib. Bundan sonra Suriya əraziyə ordu yeridib və sahilyanı ərazidə komendant saatı tətbiq edib. Suriya hökumət qüvvələri artıq Əsəd tərəfdarlarının ələ keçirdiyi kəndlərə və Cəbləyə nəzarəti bərpa edib.
Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara qarşı tərəfi silahları yerə qoymağa çağırıb.