Qazaxda məktəbli qızılcadan ÖLDÜ

Qazaxda 13 yaşlı  yeniyetmə  qızılca xəstəliyindən dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə rayonun Hüseyinbəyli kəndində baş verib. Belə ki, Şabanzadə Nəzrin Fərrux qızı qızılca diaqnozu ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yeniyetmənin vəziyyəti ağırlaşdığından Gəncəyə aparılıb. Oradan isə ailə övladını Bakıya  aparan zaman yolda dünyasını dəyişib. Qazax Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, Nəzrin Şabanzadə yanvarın 12-də günorta saatlarında xəstəxanaya gətirilib. Həmin vaxt vəziyyəti çox  ağır olub. Xəstə müayinə edildikdən sonra  Gəncəyə  göndərilib. Xəstəxanadan o da bildirilib ki, hazırda da xəstəxanada  qızılca  xəstəliyinə  yoluxmanın sayında xeyli artım var.

Azərbaycanda yanğınlar: Günahkar kimdir? FHN, yoxsa...

Son günlər ard-arda baş verən yanğınlar obyektlərdə yanğın və təhlüksizlik tədbirləri ilə bağlı məsələni gündəmə gətirib. Sosial şəbəkələrdə bir çox insan əksər yaşayış və qeyri-yaşayış obyektlərinin təhlükəsizlik baxımından ciddi mühafizə olunmadığını düşünürlər.  Mütəxəssislər hesab edirlər ki, paytaxtda və ölkənin digər şəhər və rayonlarında ölümlə nəticələnən yanğın hadisələrinin baş verməsinə görə obyekt sahibləri ilə yanaşı, həm də əlaqədar dövlət qurumlarının rəhbərləri məsuliyyət daşıyırlar.  Son illər ölkədə yanğın və partlayış hallarının intensiv xarakter alması, xüsusilə ötən gün paytaxtda baş verən partlayış nəticəsində 9 nəfərin ölməsi gözləri yenidən bu sahəyə mənsub olan dövlət qurumlarına çevirib.  Fövqəladə Hallar Nazirliyi nədən effektiv nəzarət mexanizmi yarada bilmir?  Obyektlərdə, idarə və müəssisələrdə təhlükəsizlik qaydalarının lazımi səviyyədə təmin olunmaması yeni faciələrə yol aça bilərmi? Təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, analoji halların qarşısını almaq üçün rəsmi qurumlarla yanaşı, sahibkarlar, idarə və müəssisə rəhbərləri də diqqətli olmalıdırlar.  Ekspert Yenisabah.az-a açıqlamasında deyib ki, xüsusilə yanğın potensialı daha yüksək obyektlərin bu məsələyə daha diqqətli yanaşılmalı olduğunu qeyd edib.  “Bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyinə dair normativləri, standartları, o cümlədən obyektin yanğın təhlükəsizliyi ilə bağlı təchizatları təmin etməlidir. Obyektdə çalışan işçilərin yanğın təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarının formalaşması olduqca vacibdir. Alışabilən, yanma qabiliyyəti yüksək olan avadanlıq və qurğularla yanğın təhlükəsizliyinin tələblərinə uyğun şəkildə rəftar etməklə bağlı qaydalar tətbiq edilməli, işçilərin də bu qaydalara riayət etməsi təmin olunmalıdır. Mütləq qaydada bütün obyektlərin yanğın təhlükəsizliyi normalarına və standartlarına uyğun olaraq ehtiyat su çəninin, yanğınsöndürmə dolablarının, xəbərdaredici siqnalizasiya qurğularının, ilkin yanğınsöndürmə vasitələrinin olması vacibdir. Bütün bu sadalanan qayda və təchizatlar düzgün şəkildə təşkil olunarsa, yanğınların qarşısı daha tez və effektiv şəkildə aradan qaldırılar. Xüsusilə təhlükə riski daha yüksək olan obyektlərdə tezalışan, partlamayameyilli maddələrin saxlanması, daşınması zamanı təhlükəsiz istismar olunmasına diqqət yetirilməlidir. Bunlar hamısı kompleks şəkildə görülməli olan tədbirlər planıdır. Ona görə bütün müəssisələrdə yanğın təhlükəsizliyi rejimi yaradılmalı, işçilərin bu barədə bilik və bacarıqlarının təmin olunmasına, yanğın və partlayış riski yüksək olan avadanlıqlarla, qurğularla düzgün davranış qaydaları öz əksini tapmalıdır”.

Bakıdan Xırdalana metro çəkilir? - Rəsmi açıqlama

Bakıdan Xırdalana metro xəttinin inşası nəzərdə tutulmur.  Sozcu.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində bildirib.  "Metronun "Xocəsən" stansiyası istifadəyə verilib. Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. O da nəzərə alınmalıdır ki, Xırdalanda metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur", - Komitə sədri vurğulayıb.  Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunan dövrədək Xırdalan şəhərinə metro xəttinin çəkilməsi nəzərdə tutulub. 

Bu yollar buz bağlayıb - SİYAHI

Hava şəraiti ilə əlaqədar avtomobil yollarının vəziyyəti açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, bəzi yollarda hərəkət təhlükəli olduğundan şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə tövsiyə edilir: - “Zəfər yolu”: Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Toğanalı - Kəlbəcər - İstisu: Zəif qar yağır. Yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 12-14 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. - Qubadlı - Laçın: Yağıntı yoxdur, 8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Füzuli - Hadrut: Yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Bakı - Quba: Yağıntı yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Giləzi - Xızı: Yağıntı yoxdur. 8 dərəcə şaxta var, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Bakı-Qobustan: Hava çiskinlidir, Qobustan rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Qobustan - Şamaxı - Muğanlı: Hava çiskinlidir, şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Muğanlı - Ağsu - Yevlax: Qar yağmır. Yolun 143 kilometrliyindən başlayaraq Ağsu dolaylarında yollar buz bağlayıb, tədbir görülür, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Muğanlı ərazisində 7-8 dərəcə şaxta var. - Muğanlı - İsmayıllı: Yağıntı yoxdur, 9-14 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlib. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. - İsmayıllı - Qəbələ - Oğuz - Şəki: Yağıntı yoxdur. İsmayıllı, Qəbələ və Oğuz rayonları ərazisində 9-12 dərəcə şaxta var, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. - Yevlax - Şəki - Qax - Zaqatala: Yağıntı yoxdur. 5-6 dərəcə şaxta var, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Şəmkir - Gədəbəy: Yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunur. - Gəncə - Daşkəsən: Yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. - Ələt - Astara: Yolda şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Masallı - Yardımlı: Masallı rayonu ərazisində yağıntı yoxdur. 2-3 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində yağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. - Lənkəran - Lerik: Lənkəran rayonu ərazisində qar yağır. 1 dərəcə şaxta var. Lerik rayonu ərazisində yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. - Bakı - Ələt - Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax: Hava çiskinlidir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Hacıqabul - Bəhramtəpə - Horadiz: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qarlı və yağışlı havada avtomobili necə idarə etməli?

Leysan yağışlar və ya qarlı havalarda, xüsusilə, qışda uzun bir yol qət etmək çətin ola bilər. Uzun yollarda qışda nələrə diqqət yetirmək lazımdır və qarlı havada səyahət edəcəyiksə nələr etməliyik, bu yazıda bəzi məlumat və məsləhətləri topladıq.  Uzun müddət yağışlı havalarda və ya qarlı havalarda gedərkən bilməli olduğunuz şey budur: asfaltdakı ilk yağış damlaları yolu sürüşkən hala gətirir. Toz və asfalt yağı yağışla birlikdə asfaltı təkərlərin yapışmasını azaldacaq çox sürüşkən bir səth halına gətirir. İlk öncə avtomobilin sürətini azaltmaq lazımdır. Yola çıxdığınız zaman yağış başlasa, sürətinizi xeyli azalda və yağış biraz yağdıqdan və asfalt yaxşıca islandıqdan sonra sürəti tədricən artıra bilərsiniz. Lakin yenə də diqqətli olmaq lazımdır Qarşıdakı avtomobillə məsafə qorunmalıdır. Yağışlı günlərdə belə qorunmalı olan təqib məsafəsi qaydasına əməl edin; yağışlı və qarlı havalarda bir az daha həssaslıq göstərilməli və təqib məsafəsi artırılmalıdır. Qarşıdakı avtomobilin qəflətən dayanması və ya sürüşməsi təhlükəli vəziyyətə səbəb ola bilər. Ani əyləcdən çəkinin. Bu ən vacib detallardan biridir, çünki yağışlı yollar sürüşkən olarsa və anidən əyləc avtomobilin sürüşməsinə səbəb ola bilər. Bu, əlbəttə ki, qarlı havalar üçün də bu şəkildə edilməlidir. Sakit və etibarlı idarəetməyə sahib olmalısınız. Anidən dönmə, ötmə əməliyyatı kimi hallardan da çəkinməniz və daha diqqətli şəkildə həyata keçirməyiniz tövsiyə edilir. Yan güzgülər və pəncərələr qorunmalıdır. Yağışlı və soyuq havalarda, suyun yığılması güzgülərin tutulmasına və ətrafı görə bilməyinizə problem yarada bilər. Yağışlı və qarlı bir havada yola çıxmazdan əvvəl şüşə və güzgülər silinməlidir və keyfiyyətli məhsullardan istifadə etmək lazımdır. Arabir pəncərələri açmaq da faydalıdır. Silmək üçün bir vasitə götürə bilərsiniz. Yağışlı və qarlı havalarda, digər maşınların sizi görməsi üçün kiçik faraları aktiv saxlamaq faydalıdır. Xüsusilə, hava qaranlıq olduqda yol xətlərini aydın görmək üçün yola çıxmazdan əvvəl faraları yoxlayın. Yollarda yolları ayıran xətlərin üstündən keçməməyə diqqət yetirmək lazımdır. Nəqliyyat vasitələrinə texniki xidmət. Nəqliyyat vasitələrinə daimi texniki xidmət qışda uzun yollara atılmazdan əvvəl aparılmalıdır: şin, əyləc və amortizatorlarda heç bir problemin olmadığından əmin olmalı, nəqliyyat vasitəsinə baxış keçirilməlidir. Avtomobilin yanacaq çənini doldurmaq lazımdır. Antifriz istifadə edilməlidir.

Ukrayna və Britaniya təhlükəsizlik sazişi imzaladı

Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşüb. Sozcu.az xəbər verir ki, tərəflər arasında keçirilən görüşdən sonra təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalanıb. Sənədlərə əsasən, rəsmi London Kiyevlə kəşfiyyat məlumatlarını mübadilə edəcək, kibertəhlükəsizlik, hərbi təlimlərə kömək edəcək və müdafiə-sənaye əməkdaşlığını gücləndirəcək. Belə ki, Böyük Britaniyanın bu sənəd üzrə təhlükəsizlik öhdəlikləri Ukrayna NATO-ya daxil olana qədər qüvvədə olacaq. Ukrayna NATO-ya müddət bitməmiş üzv olarsa, təhlükəsizlik öhdəlikləri sona çatacaq və NATO sisteminə daxil ediləcək.

Azərbaycanda hərbi xidmət müddəti azaldılır? - Açıqlama

Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordusu modelinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tətbiqetmənin hansı səviyyədə olması barədə müxtəlif müzakirələr gedir. Diqqətçəkən məqamlardan biri də qardaş ölkədə olan ödənişli hərbi xidmətin Ordumuza gətirilməsi ehtimalıdır. Sozcu.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən hərbi-siyasi ekspert Telman Qasımovun sözlərinə görə, hərbi sahədə Türkiyə modelinə keçmək hər şeyi olduğu kimi tətbiq etmək anlamına gəlməməlidir. O, iki ölkənin əhali sayı arasındakı fərqi müqayisə edib: “Türkiyənin əhali sayı 85 milyon, Azərbaycanda isə 10 milyondur. Həmin 85 milyonun arasında ödənişli hərbi xidmətə gedənlərin də olması mümkündür, 3 və ya 6 aylıq xidmət edənlərin də. Amma Azərbaycanda bu, mümkün deyil, çünki sayımız azdır. Bundan başqa, Azərbaycan 30 ildir ordu formalaşdırır, Türkiyədə isə ordu sistemi yüzillərdir formalaşıb. O baxımdan mütləq deyil ki, hər şeyi tətbiq edək”. T.Qasımov Azərbaycanda hərbi xidmətin nə zamansa ödənişli olacağına inanmadığını bildirib: “Sərhədlərimizdə İran və Ermənistanın olduğunu nəzərə almalıyıq. Sülh müqaviləsi imzalanmayıb, bəzi məsələlər hələ həllini tapmayıb. Demək olar ki, Azərbaycan hazırda da müharibə vəziyyətindədir. Nə qədər ki sülh müqaviləsi imzalanmayıb, sərhədlər delimitasiya olunmayıb, anklavlar geri qaytarılmayıb, biz yarısülh, yarımüharibə vəziyyətində sayılırıq. Həm bu vəziyyəti, həm də əhalinin sayını nəzərə alsaq, Türkiyədə ödənişli hərbi xidmət tətbiq etmək mümkündür, bizim üçün isə yox. Azad olunan torpaqlarımızı qorumaq, orada xidmət keçmək lazımdır”. Hərbi-siyasi ekspertin sözlərinə görə, Türkiyə modelinə keçid NATO sisteminə keçmək deməkdir: “Yeni modelə keçmək yalnız şəxsi heyətin formalaşması deyil, həm də onların ordusunda olan nizam-intizamın, döyüş hazırlıqlarının bizdə də tətbiqi, hərbi məhsulların istehsalı deməkdir. Yəni burada hərbi sənayenin inkişafı da yer alır”.

Daha bir erməni hərbçi öldü - Son 2 gündə üçüncü...

Ermənistanda daha bir hərbçi ölüb. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Bildirilir ki, hadisə Qeqarkunikdə baş verib. Hərbçinin idarə etdiyi “Volkswagen” markalı avtomobil hərəkət zolağından çıxıb. 34 yaşlı hərbçinin Vardenisdə yerləşən "N" saylı hərbi hissədə xidmət etdiyi bildirilir. Qeyd edək ki, ötən gün Ermənistanda 2 hərbçi qeyri-döyüş şəraitində ölüb. 

Bakıdakı dəhşətli yanğınla bağlı 3 vəzifəli şəxs saxlanıldı

“Respublika Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsində baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İlkin istintaq tədbirləri nəticəsində tibb müəssisəsinin 3 vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib. Toplanmış sübutlarla Mərkəzin direktoru Mehriban Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmaması, hadisənin baş verdiyi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında tibbi avadanlıqların düzgün istismar olunmaması, palatada normadan artıq tibbi avadanlıqların istifadə edilməsi, habelə elektrik qidalandırıcılarda əvvəlki günlərdən yaranmış nasazlığın vaxtında aradan qaldırılmasını təmin etməməsinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin, istintaqla Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair qaydaları pozmaları nəticəsində müəssisədə standartlara uyğun olmayan elektrik cihazlarından istifadə edilməsi, habelə istismara yararsız olan və qəza törədə bilən elektrik cihazlarındakı nöqsanların vaxtında aradan qaldırılmaması, bundan başqa çoxsaylı tibbi avadanlıqların elektrik xəttlərinin gücü və dözümlülüyü nəzərə alınmadan davamlı və nizamsız şəkildə xəstələrin müalicə alındığı palatalarda yerləşdirilməsi və istismarına əsaslı şübhələr müəyyən edilib. Qeyd olunanlar nəticəsində infant inkubator körpə küvezi və yeni doğulmuş körpələrin müalicəsi üçün nəzərdə tutulmuş digər tibbi avadanlıqlarından təhlükəli şəkildə və standartlara uyğun olmadan istifadə edilmiş, yanğın xəbərdarlığı vasitələri işlək vəziyyətdə olmamış, elektrik xətlərində baş vermiş normadan artıq yüklənmədən törəyən yanğın otağa yayılmış, bununla da, 4 körpə ölmüş və müəssisəyə ciddi əmlak ziyanı dəyib. İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib. Hazırda təqsirləndirilən şəxslərin digər qanunazidd əməllərinin, iş üzrə qanun pozuntularına yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, habelə bu kimi yanğının baş verməsinin səbəb və şəraitinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

Asryan sərhədimizə gəldi: orduda nə baş verir?

Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryan 2-ci Ordu Korpusunda olub və bölmələrdə baş vermiş insidentləri (iki zabitin güllələnərək öldürülməsini – red.) komandanlıqla müzakirə edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Asryan baş verənlərin səbəblərini düzgün aydınlaşdırmaq, eləcə də gələcəkdə bunun baş verməməsi üçün mümkün olan hər şeyi etməyi tapşırıb. Qeyd edək ki, bu gün Göyçə bölgəsində, Basarkeçər rayonundakı mövqelərdə (2-ci Korpusun məsuliyyət zonasına daxildir) iki ölümcül insident baş verib. Belə ki, yanvarın 9-da saat 06:20-də döyüş mövqeyində müqaviləli əsgər Karen Karapetyanın güllə yarası ilə meyiti aşkar edilib. Həmin gün saat 11:30-da isə baş leytenant Mikael Danielyanın güllə yarası ilə meyiti başqa mövqedən aşkar edilib.

Azərbaycanda 1-ci sinif şagirdi qızılcadan öldü

Azərbaycanda daha bir uşaq qızılcadan vəfat edib.  Sozcu.az-ın məlumatına görə, hadisə Bakıda baş verib.  Qızılcadan vəfat edən 2015-ci il təvəllüdlü Ömər Heydərov Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub. Qeyd edək ki, Azərbayanda son aylarda uşaqlar arasında qızılcadan 10-a yaxın uşaq həyatını itirib. Bundan əvvəl Şəkinin Sarıca kənd sakinləri Məmişov Yusif və Məmişov Əli qardaşları qızılcaya yoluxub. Yanvarın 5-də Məmişov Yusifin vəziyyəti ağırlaşıb, ertəsi gün ağciyər-ürək çatışmazlığından dünyasını dəyişib. Yanvarın 4-də isə Cəlilabad rayon Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. TƏBİB-dən bildirilib ki, artıq əhalinin qızılca və məxmərəyə qarşı vaksinasiyasına start verilib. yenisabah

Zaurun verilişi bağlanır, ölkədən gedir – Təsdiqləndi

Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramların bağlanacağına dair açıqlaması müzakirəsiz ötüşmədi. Bunu Zaurun “bayram zarafatı” kimi qəbul edənlər də olub. Sozcu.az Kult.az -a istinadən xəbər verir ki, ATV-də məsul vəzifə tutan şəxslərdən biri Yenisabah.az-a açıqlamasında bu xəbəri təsdiq edib. Mənbənin dediyinə görə, yaxın vaxtlarda, ən gec sezon sonunda Zaur Baxşəliyevin müəllifi olduğu hər iki veriliş bağlanacaq. ATV rəsmisi telekanal rəhbərliyinin Zaur-Günay cütlüyünün fəaliyyətindən razı olduğunu bildirib. Qeyd edib ki, Zaurun verilişlərinin bağlanması ATV-nin yayım siyasəti ilə əlaqəli deyil. Onun sözlərinə görə, Zaur ailəsi ilə birlikdə xaricə köçməyə hazırlaşdığı üçün telekanalla yollarını ayırır. Mənbə Zaur Baxşəliyevin hansı səbəbdən ölkəni tərk etdiyinə dair məlumatlı olmadığını bildirib.