Gənc qızlar arasında yayılan “influencer” xəstəliyi: səbəbi nələrdir?

Sosial şəbəkələrin gündəlik həyat tərzimizə təsiri artıb. Özəl, iş, məişət dünyamıza daxil olan məşhurların həyat tərzi, maddi yaşamları, qazancları bəzi gənc qızlar arasında “influencer olmaq” arzusunu yaradıb. Bu vəziyyətin əsasını sosial status axtarışı, maddi qazanc istəyi və görünən həyatların “dəbdəbəli, lüks” tərəfləri təşkil edir.

Psixoloq Ramil Hüseynzadə Modern.az saytına deyib ki, ictimai platformalarda məşhurluq artıq bir istəyə çevrildiyindən, bir çox gənc bu yolla həm gəlir, həm də status qazanmağa çalışır. Amma bu “xəyal həyatı”nın gənclər üçün psixoloji və sosial riskləri də az deyil.

“Təbii ki, hər insan uğurlu olmaq istəyir, müasir dövrdə uğurun dəyəri daha da yüksəlib. Ona görə müasir cəmiyyətə “performans” cəmiyyəti deyilir.

Artıq biz intizam cəmiyyətindən performans cəmiyyətinə keçid etmişik və bu vəziyyətdə uğur əsas meyara çevrilib.

Sosial medianın gündəlik həyatımıza nüfuz etməsi ilə birlikdə “uğur” anlayışı da transformasiya oldu”.

Ekspertin sözlərinə görə, artıq zəhmət, bilik və dəyər yaratmaq deyil, izləyici sayı, bəyənmələr və "reels"lər reytinqdə birinci yerdədir.

“Yəni “uğurlu oldum” mesajını vermək əhəmiyyətli sayılır. Uğurdan daha çox, uğurun nümayişi ön plana gəlir. Görünmək, tanınmaq və məşhurlaşmaq – bunlar gənc insanın “dəyərli olmaq” duyğusunu təyin edən əsas meyarlara çevrilib. Və burada bir psixi təhlükə gizlənir.

Çünki əldə olunan bu “dəyərlilik” aldadıcıdır, daxili təməllərlə möhkəmləndirilməyib. Bunu “psevdodəyər”də adlandıra bilərik. Gənclər öz mənliyini psevdodəyərlə ölçdüyü zaman xaricdən gələn tənqidlərə qarşı dözümsüzləşir, tez qırılır, çarəsizləşirlər.

Hər paylaşımın arxasında bir təsdiq ehtiyacı var. “Məni görsünlər”, “məni bəyənsinlər”, “məni tanısınlar” – bu səssiz çağırışlar, dərin bir özünüdəyər boşluğundan xəbər verir. Gənclər artıq sosial mediada necə görünürlərsə, özlərini o qədər dəyərli hesab edirlər. Real mənliklərini unudub virtual mənlikləri ilə həyata yanaşırlar. Bu isə depressiya, təşviş pozuntuları, tükənmişlik və özünüqavramada ciddi təhriflərə yol aça bilər”.

Psixoloq vurğulayıb ki, problem “influencer”lərin özündə deyil. Problem, cəmiyyətin onlara yüklədiyi simvolik gücdə və gənclərin buna kor-koranə tabe olmasındadır.

“Valideynlər, müəllimlər, psixoloqlar – hər bir kəs bu mənzərədə məsuliyyət daşıyır. Əgər biz gənclərə təkcə görünməyin deyil, var olmağın və özünü tapmağın dəyərini öyrədə bilsək, bu “xəstəlik” bir fürsətə çevrilə bilər.

Əslində gənclərimizin təsir yaratmaq arzusu pis bir şey deyil. Amma məqsəd sadəcə “influencer” olmaq yox, təsirli insan olmaq olmalıdır. Bu təsiri isə yalnız sosial şəbəkədə deyil, real həyatda da yaratmaq mümkündür – əsl zəka, şəfqət, məsuliyyət və dəyərlərlə”, - Ramil Hüseynzadə deyib.

Share on Facebook