Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı

Güney Azərbaycan şəhərlərində geniş etiraz aksiyaları başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat və videolar yayıblar. Zəncan, Urmiya, Xoy, Ərdəbil, Təbriz, Marağa və başqa bir neçə şəhərdə izdihamlı mitinqlərin baş tutduğu bildirilir. Mitinqlərdə “Azadlıq, ədalət, milli hökumət”, “Ölüm olsun dikatora”, “Azərbaycan şərəfdi, Bəsici bişərəfdi”, “Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq” kimi şüarlar səsləndirilir. Xüsusən Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində mitinqin gözləniləndən daha güclü və izdihamlı keçirildiy bildirilir. Mitinqlər keçirilən şəhərlərdə hökumət qüvvələri aksiya iştirakçılarına hücum edib, atəş açıb və həbslər həyata keçirsə də, hələlik yaralananlar və saxlanılanların kimliyi və sayını müəyyənləşdirmək mümkün olmayıb.

Cəlilabad xəstəxanasının vəzifəli şəxsi əlillik dərəcəsi ilə bağlı rüşvət almaqda ittiham olunur

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Əliyeva Könül Zakir qızının “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işlədiyi dövrdə müxtəlif qanunsuzluqlara yol verməsi barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-dən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb. İbtidai istintaqla Könül Əliyevanın sözügedən vəzifədə işləyərkən həmin xəstəxananın Məmmədrzalı tibb məntəqəsinin müdiri vəzifəsində işləmiş İltizam Əzimovun köməkçiliyi ilə qanunsuz olaraq əlillik dərəcələrinin təyin edilməsi ilə əlaqədar saxta məlumatların müvafiq elektron informasiya sisteminə yerləşdirilməsi müqabilində ona müraciət etmiş çoxsaylı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində dövlət büdcəsinə maddi ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Könül Əliyevaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma) və 313 (vəzifə saxtakarlığı), İltizam Əzimova isə həmin Məcəllənin 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik), 32.5, 311.3.2 (təkrar rüşvət almaya köməkçilik) və 32.5, 313-cü (vəzifə saxtakarlığına köməkçilik) maddələri ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. İbtidai istintaq zamanı dövlət büdcəsinə dəymiş ziyanın isə qismən ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqaüdçülərə bəd xəbər - İqtisadçıdan XƏBƏRDARLIQ

Pensiyalarda gözlənilən 30-50 manatlıq artım ictimaiyyətdə birmənalı qarşılanmayıb. Rəsmi açıqlamalara görə, bu artım sosial təminatın gücləndirilməsi məqsədi daşısa da, bir çox vətəndaş gündəlik xərclərin fonunda bunun kifayət etmədiyini düşünür. Bəs bu artım real inflyasiya fonunda alıcılıq qabiliyyətini qoruyurmu? Məsələ ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırkıartımlar insanların gözləntilərinə cavab vermir: “Pensiyaların artımı ilə bağlı gözləntilər təbii ki, fərqlidir. Amma nəzərə almaq lazımdır ki, pensiyaları birdən-birə iki və ya üç dəfə artırmaq mümkün deyil. Təbii ki, hazırkı artımlar insanların gözləntilərinə cavab vermir. İnflyasiya, qiymət artımı, xüsusilə də ərzaq və dərman preparatlarının qiymətləri artan təqaüdlərin real dəyərini göstərmir. Yəni artımlar vətəndaşlara real təsir etmir. Ona görə də təqaüdün həcmi və ödəniş miqdarı, ümumiyyətlə, təqaüdçülərə ödənilən vəsait kifayət qədər artırılmalıdır”. İqtisadçı qeyd edib ki, ölkədə təqaüd sistemi yenidən qurulmalıdır: “Bunun yolları da tapılmalıdır. Təqaüd sistemi yenidən qurulmalı, ölkədə iqtisadi aktivlik olmalı, qazanc və büdcənin gəlirləri artırılmalıdır. Bütün bunlar nəticədə təqaüd formasında vətəndaşlara geri dönməlidir. Təəssüf ki, hazırda təqaüdlərin cəmi 8-9% artırılması planlaşdırılır ki, bu da inflyasiyanın yaratdığı yükü aradan qaldırmağa kifayət etmir”.

Qar yağacaq, yollar buz bağlayacaq – Xəbərdarlıq

Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq

Yanvarın 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Lerik, Yardımlı, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Gəncə, Samux, Goranboy, Naftalan, Neftçala, Salyan, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Mingəçevir, Şəki, Qobustanda cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Xızıda isə narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Türkiyə birbaşa müdaxilədən çəkinməyəcək - Fidan

Suriya Demokratik Qüvvələrinə (SDQ) aylar əvvəl xəbərdarlıq edilib. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. O bildirib ki, SDQ-yə verilən vaxt artıq başa çatıb və Suriya hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün mübarizə aparır. Nazir bildirib ki,SDQ nəzarəti altında olan əraziləri nəyin bahasına olursa-olsun saxlamağa çalışır: "Bu qruplaşma Suriyanın sülh və sabitliyə qovuşmasının qarşısındakı ən böyük maneədir. Belə barışmaz mövqe Suriyanın və bölgənin reallıqlarına ziddir. SDG-nin terrora və separatçılığa artıq vida etmək vaxtıdır". Hakan Fidan qeyd edib ki, zərurət yarandığı halda Türkiyə birbaşa müdaxilədən də çəkinməyəcək və tərəflərlə dialoq qurmaq baxımından heç bir çətinlik yoxdur.

5 ölkədən İranla bağlı xəbərdarlıq

İranda etiraz aksiyalarınn genişlənməsi səbəbindən Amerika, Britaniya, Kanada, Hindistan və Avstraliya İrana səfər etməmək barəsində vətəndaşlarına xəbərdarlıq ediblər. Sozcu.az xəbər verir ki, bu barədə İranın rəsmi İSNA xəbər agentliyi məlumat yayıb. Xəbərdarlıq bəyanatında İranda olan vətəndaşların da bu ölkəni təcili şəkildə tərk etmələri istənilib. Qeyd edək ki, İranda iqtisadi vəziyyətə görə kütləvi aksiyalar davam edir.

Əməliyyatda 100 nəfər ölüb, Maduro və arvadı yaralanıb...

ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu saxlaması ilə bağlı keçirdiyi əməliyyat nəticəsində 100 nəfər həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə Venesuela daxili işlər naziri Diosdado Kabello bildirib. Onun sözlərinə görə, ordu ölən 23 hərbçinin adını açıqlayıb. Kuba isə Venesuelada 32 kubalı hərbçi və kəşfiyyat əməkdaşının öldüyünü bildirib. “Hücum zamanı Nikolas Maduro ayağından, həyat yoldaşı Siliya Flores isə başından xəsarət alıb”, - nazir bildirib.

Tramp Rusiyaya qarşı sanksiyalara razılıq verdi

ABŞ Prezidenti Donald Tramp Rusiya əleyhinə sanksiyaların gücləndirilməsinə yönəlmiş qanun layihəsini təsdiqləyib. Sozcu.az xəbər verir ki, bunu respublikaçı senator Lindsi Qrehem deyib. “Bu gün bir neçə məsələ üzrə çox məhsuldar görüşdən sonra Prezident Tramp aylardır üzərində işlədiyim Rusiya sanksiyaları ilə bağlı qanun layihəsinə razılıq verdi. Ümid edirəm ki, gələn həftənin əvvəlində hər iki partiya layihəyə səs verəcək”, - Qrehem bildirib.

Amnistiya aktı nə qədər məhkuma tətbiq olunub?

"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı 22 dekabr tarixindən 7 yanvar tarixinədək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri üzrə (Naxçıvan MR da daxil olmaqla) 3 846 məhkum barəsində tətbiq olunub. Sozcu.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, onlardan 1 799-u müəyyən müddətə azadlıqdan məhrum etmə, 1 764-ü azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. 250 nəfərin azadlıqdan məhrum etmə, 33 nəfərin isə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaları 6 ay azaldılıb. Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 2 nəfər, qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə isə 8 nəfər cəzadan azad olunub. Amnistiya tətbiq olunmuş şəxslərdən 367-si böyük ictimai təhlükə törətməyən, 2 992-si az ağır, 487-si ağır cinayətlər törətmiş şəxslərdir. Həmçinin amnistiya tətbiq olunmuş şəxslərdən 3 625-i kişi, 210-u qadın, 11-i yetkinlik yaşına çatmayan şəxslərdir. Amnistiya aktının icrası davam etdirilir.

"Hunday" yolun kənarında dayanmış UAZ-a çırpıldı: ölən var

Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası olub. Sozcu.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Cavidan Güləli oğlu Əliyevin idarə etdiyi "Hunday" markalı avtomobillə Xəzər rayonu, Qala qəsəbəsində hərəkətdə olarkən yolun kənarında dayanmış UAZ markalı avtomobilə çırpılaraq aşıb. Hadisə nəticəsində C.Əliyev ölüb. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Bakıda maşın qadını vurub öldürdü

Bakıda avtomobil qadını vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, 1994-cü il təvəllüdlü Səlim Etibar oğlu Əliyevin idarə etdiyi "Mersedes Benz e400" markalı avtomobillə Sabunçu rayonu, Böyükşor yolunda hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Afaq Fikrət qızı Rəsulovanı vurub. Piyada Sabunçu Tibb Mərkəzinə aparılıb. Həkimlərin səyinə baxmayaraq, A.Rəsulova ölüb. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Bakıdan Ermənistana növbəti neft partiyası göndərilir

Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından 8 yanvar 2026-cı il tarixində Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək. Sozcu.az xəbər verir ki, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton Aİ-92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton Aİ-95 markalı benzin daxildir. Qeyd edək ki, Azərbaycanın 1 300 ton Aİ-95 markalı benzinini daşıyan ilk yük qatarı ötən ay Bakıdan Ermənistana yola salınıb.

10 yeni stansiya harada tikiləcək? - RƏSMİ CAVAB

Prezidentin yerli telekanallara müsahibəsində yaxın illərdə yeni 10 metro stansiyalarının tikintisinin nəzərdə tutulduğunu və bununla bağlı müvafiq proqramın qəbul edildiyini qeyd etməsi ictimai maraq doğurub. Modern.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq, 10 stansiya ilə bağlı hazırda mərhələli işlər aparılır.  “Ümumən, Yaşıl xəttin üzərində Ağ şəhər, NZS, Nargilə adlanan ərazilərdə və “Həzi Aslanov-2” olmaqla 4 stansiya tikilməlidir. Bənövşəyi xətt üzrə “B-04” stansyasından sonra “Nizami”, “Sahil”, “Xətai” stansiyalarına keçid funksiyalı, “Neftçilər” xəstəxanası yaxınlığında və Ağ şəhər layihəsini əhatə edən ərazilərdə 6 yeni stansiya inşa edilməlidir. 2026-2030-cu illərdə Bənövşəyi xəttin “Xocəsən” elektrik deposunun inşasının ikinci mərhələsinin başa çatdırılması nəzərdə tutulub”. Qeyd edilib ki, hazırda Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir. Bununla yanaşı, hazırda əsas təchizat məsələləri, infrastruktura dair avadanlıq və sistemlərin, o cümlədən havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində tədbirlər davam edir. İnşaat işlərinin 2026-cı il ərzində yekunlaşdırılması nəzərdə tutulur. “2025-ci ildə həmçinin Qırmızı və Yaşıl xətlərin ayrılması üzrə mərhələli işlərə başlanılıb. Dövlət proqramına əsasən tikintisinə başlanılan “Dərnəgül” elektrik deposunda da işlər plan üzrə icra edilir. Hazırda təmir-baxış sahələrinin inşası, tunellərdə yolların qurulması işləri davam etdirilir. Qeyd edilənlərlə yanaşı, xətlərin ayrılması layihəsi çərçivəsində “İçərişəhər” stansiyasının arxasında dönmə kamerasının inşasının tamamlanması, 2 yeni elektrik yarımstansiyasının inşası, habelə elektrik təchizatı sisteminin optimallaşdırılması nəzərdə tutulub”- açıqlamada bildirilib. 

Tarixi qərar verildi: Rusiya Ukraynanı tam itirdi

Dünən Ukrayna, Fransa və Böyük Britaniya atəşkəsdən sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi barədə bəyannamə imzalayıblar. Məsələ artıq rəsmiləşib və söhbət atəşkəsdən sonra Ukrayna ərazisində NATO ölkələrinin (ABŞ daxil) bilavasitə iştirakı ilə hərbi bazaların və hərbi kontingentin yerləşdirilməsindən gedir. Sozcu.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov bildirib. Onun fikrincə, bu, tarixi qərar və tarixi məqamdır: “Rusiyanın niyə görə müharibəni başlatdığını və müharibənin bitməsində əsas şərt kimi “müharibənin ilkin səbəblərinin aradan qaldırılması” şərtini qoyduğunu xatırlayaq: Ukraynanı öz təsir dairəsinə qaytarmaq. Nəticə etibarı ilə Rusiya HƏMİŞƏLİK Ukraynanı itirdi. Dünən bir simvolik hadisə də baş vermişdi. Uitkoff ilk dəfə avropalı müttəfiqlərlə birgə mətbuat konfransda iştirak edib, bu günə qədər Uitkoff avropalılarla toplantılarda iştirak edirdisə, mətbuat konfranslarına qatılmırdı, bu, bir növ Ağ Evin “sizdən ayrıyıq” siqnalı kimi qarşılanırdı”, - o bildirib.

Kadırova qarşı "Maduro əməliyyatı" olarsa... - Zelenski

Maduro. Onlar əməliyyatı tez keçirdilər? Bəli, tez. Bütün dünya gördü. Elə bir şeyi Kadırovla etmək olardı. Ola bilsin, Putin bunu görüb düşünər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Venesueladakı əməliyyatını şərh edərkən deyib. Zelenski qeyd edib ki, belə bir əməliyyat Rusiya Prezidenti Vladimir Putinə Ukrayna variantı üzrə sülh razılaşmasına getmək üçün ciddi mesaj ola bilər. Qeyd edək ki, ABŞ ordusu 3 yanvarda Karakasa zərbələr endirib, xüsusi təyinatlılar isə Prezident Maduronu ələ keçirərək, ABŞ-a aparıb.

“Nərimanov”da qatar yoluna düşən sərnişin öldü

Bu gün saat 20:00 radələrində “Nərimanov” stansiyasında sərnişin stansiya yoluna düşüb. Bu barədə Sozcu.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. İlkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Bildirilib ki, qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. "Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Allah rəhmət eləsin!", - məlumatda vurğulanıb.

İranda 8 yanvar milli etiraz günü ELAN EDİLDİ

İranın bir çox şəhərində 10 gündən çoxdur ki, milli valyutanın (rial) devalvasiyası və yüksək inflyasiya səbəbindən kütləvi etirazlar davam edir. Sozcu.az xəbər verir ki, müxalifət mediasının məlumatına görə, təxminən 25 000 əhalisi olan İlam vilayətinin Abdanan şəhəri küçə etirazları ilə tam əhatə olunub. Etirazçılar ölkənin ali rəhbərliyinə qarşı şüarlar səsləndirirlər: “Xameneiyə ölüm! Diktatora ölüm!” Buna cavab olaraq təhlükəsizlik qüvvələri şəhərin elektrik enerjisini kəsib. Ötən axşam etirazçılar şəhərdə bir sıra ticarət müəssisələrinə hücum ediblər. Xüsusilə etirazçıların İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi olan şəbəkəyə məxsus mağazaları yandırdığı və talan etdiyi bildirilir. ABŞ-da yerləşən Human Rights Watch təşkilatının məlumatına görə, İrandakı etirazlarda ən azı 36 nəfər həlak olub, sahibkarların tətilləri və küçə nümayişləri İranın 92 şəhərindəki 285 rayona yayılıb. Öz növbəsində, HRANA insan haqları xəbər agentliyi 28 dekabrda başlayan etirazlardan bəri ən azı 34 etirazçının və 2 təhlükəsizlik işçisinin öldürüldüyünü bildirib. Onlarla etirazçı yaralanıb. Təhlükəsizlik qüvvələrinin 2000-dən çox insanı həbs etdiyi qeyd edilir. Müxalifət xəbər saytı olan Iran International-ın məlumatına görə, İranın sürgündəki vəliəhd şahzadəsi Rza Pəhləvi ölkə miqyasında etirazlara çağırış edib. Həmçinin, İrandakı yeddi kürd müxalifət partiyası və vətəndaş cəmiyyəti təşkilatının 8 yanvar tarixini milli etiraz günü elan edərək birgə bəyanat yaydığı bildirilib. Buruc, Məşhəd, Cask, Həmədan, Səbzvar, Kermanşah, Lahican və digər yerlərdə küçə etirazları keçirilib. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirərək küçələrə çıxıblar. İnsan resurslarının çatışmazlığı səbəbindən hakimiyyət orqanlarının etirazlara cavab vermək üçün quru qüvvələri və sərhədçiləri göndərdiyi bildirilir. Nümayişləri dağıtmaq üçün göz yaşartıcı qaz, rezin güllələr və bəzən odlu silahlardan istifadə edildiyi bildirilir.

Sabah hava necə olacaq?

Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Havanın temperaturu gecə 2-4, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə  isti,  dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Deputatın Dubayda toy edən qardaşını niyə döydülər?

2010-cu ildə Sankt-Peterburqdakı “Usadba” restoranının parkinqində Rusiya vətəndaşı olan bir nəfər azərbaycanlı digər 3 nəfər tərəfindən beysbol dəyənəkləri ilə vəhşicəsinə döyülür. Təsadüf nəticəsində orada olan milis əməkdaşları onu ölümdən xilas edir. Həmin şəxs deputat Razi Nurullayevin qardaşı, bu günlərdə Dubayda oğluna dəbdəbəli toy edən Hasil Nurullayev idi. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Cavanşir Həsənli bölüşüb. “İstintaqın versiyasına görə, Hasil Nurullayevin onun qətlini sifariş edən İlham Oruc oğlu Əliyevə böyük məbləğdə borcu olub. Hadisə ilə bağlı “Qrup halında əvvəlcədən əlbir olaraq qətlə cəhd” maddəsi ilə cinayət işi qaldırılır. Hadisədən sonra Hasil Nurullayev xaricə qaçır. Dövlət orqanlarına məktublar yazaraq, “İlham Oruc oğlundan qorunmasını” xahiş edir. Kimdir İlham Oruc oğlu Əliyev? Hasil Nurullayevin həyat yoldaşının əmisidir. Sonradan onlar barışırlar və cinayət işi illərlə bağlı qalır. Lakin son illərdə Razi Nurullayevin qardaşını qətlə yetirmək cəhdində şübhəli bilinən icraçılardan biri tutulur. O, sifarişçi kimi İlham Oruc oğlu Əliyevin adını çəkir. Bundan sonra Nurullayev şahid və zərərçəkən qismində istintaqa cəlb edilir. İllərlə davam edən istintaq və məhkəmə işi ötən ilin avqustunda başa çatır və Hasil Nurullayevin həyat yoldaşının əmisi “adam öldürməyə cəhd” maddəsi ilə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il yarım müddətinə azadlıqdan məhrum edilir. Razi Nurullayevin qardaşları Hüseyn və Hasil Nurullayevlər və Dubayda toyu olan qardaşı oğlu Şahin Nurullayev 20 ildən bəridir ki, Sankt-Peterburqda əmlak və tikinti biznesilə məşğuldurlar, “Perspektiva”, “Alternativa”, “Yelizaveta”, “Orion”, “Munir”, “Olimp-Finans”, “Asset", “Yabloko”, “Avrora”, “Merkuri”, “Şans”, “Rik” kimi çoxsaylı şirkətlərə sahibdirlər”, - o bildirib.

Xameneini hədələdilər: Səni də öldürəcəyik

“Rejim etirazçılara qarşı repressiyasını davam etdirsə, ABŞ Prezidenti Donald Tramp İranın Ali rəhbəri Əli Xameneinin öldürülməsi barədə göstəriş verəcək”. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu ABŞ Konqresinin respublikaçı üzvü Lindsi Qrem deyib. “Fox News” telekanalında çıxış edən Qrem Trampı “bütün dövrlərin ən böyük prezidenti” adlandırıb. Konqresmen İranda baş verən ümumxalq etirazlarına toxunaraq, etirazçılara müraciətlə bildirib: “Biz sizi dəstəkləyirik. Donald Tramp Barak Obama deyil. O, sizi dəstəkləyir”. Lindsi Qrem İranın ali rəhbərinə də xitab edib: “Bilməlisən ki, daha yaxşı həyat istəyən insanları öldürməyə davam etsən, Donald Tramp da səni öldürəcək. İranda dəyişiklik yoldadır. Bu nasist rejimindən qurtulmaq Yaxın Şərq tarixində ən böyük dəyişiklik olacaq. İran xalqı üçün yardım yoldadır”.

Baba, nənə və nəvə dəm qazından zəhərləndi, biri öldü

Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərlənib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Əniğ kəndində qeydə alınıb. Kənd sakini 1962-ci il təvəllüdlü Riman Soltanmurad oğlu Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasım qızı Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü Emin Ələkbər oğlu Əlisultanov yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərlənib. R.Əlsultanov hadisə yerində ölmüş, xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətləri orta-ağırdır. Araşdırmalar aparılır.

Bakıda 2 maşın toqquşdu: ölən var

Bakı şəhərinin Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, qəza yerinə FHN-in xilasetmə qüvvələri cəlb olunub. Müəyyən olunub ki, "Hunday" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb. Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

İran etirazları yatırmaq üçün bu ölkədən qüvvələr gətirir

Etiraz aksiyalarının genişlənməsi ilə eyni vaxtda İran hökuməti İraqdan özünə bağlı silahlı qüvvələrin ölkəyə gətirilməsini sürətləndirib. Sozcu.az xəbər verir ki, bu haqda "İran İnternational" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, "Kətaib Hizbullah", "Hərəkət-i Əlnücəba", "Seyydi əl-Şühəda" və "Bədr" silalı qeuplaşmalarının 800 üzvü İrana keçib. "Bu qüvvələrin köçürülməsi prosesi Şələmçə, Çəzabə və Xosrəvi sərhəd keçid məntəqələri vasitəsilə həyata keçirilir və rəsmi olaraq Məşhəddəki İmam Rzanın məzarının ziyarətçiləri kimi kimi qələmə verilir. Ancaq bu qüvvələr Əhvazdakı Xamenei bazasında toplanır və sonra etirazların yatırılmasında iştirak etmək üçün müxtəlif bölgələrə göndərilir",- məlumatda qeyd olunub.