TÜRK FƏLSƏFƏSİNİN ANA QAYNAĞI—ATA SÖZLƏRİ

“Xalq fəlsəfəsi nöqteyi-nəzərindən Türklər bütün millətlərdən daha üstündür “. 

( Ziya Göyalp ).

Hər bir millətin özünəxas bir dünyagörüşü,bir fəlsəfəsi vardır. Hər bir millətin öz içərisindən çıxan sənətkarları, mütəfəkkirləri, elm və sənət adamları, filosofları vardır. Hər bir millətin bu şəxslərlə fəxr etməsi onların ən təbii haqqıdır. Türk dünyasının Azərdüşt, Mani, Fərabi, İbn Sina, Biruni, Bəhmənyar, Eynəlqüzat, Sührəverdi, Tusi, Kınalızadə, Mirzə Kazım Bəy, Mirzə Fətəli Axundov, Əlibəy Hüseynzadə, Rıza Tevfik, Ziya Göyalp, Asif Ata və s. kimi filosofları olmaqla bərabər, onların əsərlərində içində yetişdikləri Türk mədəniyyətinin müəyyən izlərini görmək mümkündür. Bu filosoflar mənsub olduqları Türk millətinin mədəni dəyərlərinin müəyyən bir hissəsini öz əsərlərində əks etdirsələr də, Türk millətinin mədəni izlərini qismən daşısalar da onlar Türk mədəniyyətini bütünlüklə təmsil edə, hətta Türk millətini, onun fəlsəfi dünyagörüşünü tam mənası ilə əks etdirə bilməmişlər. Çünkü şəxslərə aid olan əsərlərin yazılış qayəsini, bağlı olduğu sahənin təfərrüatını, o sahənin metodu ilə dəyərləndirmək gərəkdir. Şəxslərə aid bu əsərlər bəlli bir sistem daxilində o filosofun aid olduğu kültürün izlərini də daşıyaraq fəlsəfi görüşlərini, fikirlərini təmsil etmişdir. Ona görə də, bu filosoflar mənsub olduqları Türk millətini, onun bütün mədəniyyətini təmsil edə bilməsələr də, onları yalnız Türk millətinin mədəniyyətini zənginləşdirən fərdlər olaraq qəbul etməmiz gərəkir.
Türk fəlsəfi dünyagörüşü tam şəkildə yalnız Türk millətinin birgə yaratdığı folklor nümunələrində öz əksini tapmışdır. Bu folklor nümunələri içərisində Türk dünyagörüşünü, Türk fəlsəfəsini ən çox özündə əks etdirən Türk Ata sözləridir.
Türk Ata sözləri, Türklərin ortaq duyğu və düşüncələrini, inancını, əxlaqi davranış qaydalarını, sosyal və insani münasibətlərini, həyata və Təbiətə baxışlarını, onları ərsəyə gətirən xalqın tarixi keçmişini, bədii və elmi təfəkkür səviyyəsini, dil və düşüncə qüdrətini və s. əks etdirən inkaredilməz folklor nümunəsidir.
Türk Ata sözləri, Türklərin tarixən yetişdirmiş olduğu böyük şəxsiyyətlər, elm adamları, filosofları kimi ziyalılar tərəfindən deyil, məhz onların da təmsil olunduğu Türk milləti tərəfindən yaradılan həyat fəlsəfəsini özündə əks etdirən “ Xalq elmi “dir.
Hər bir millətin həyatla bağlı öz dünyagörüşünü anladan Atalar sözləri olsa da, müxtəlif millətlərdə bir-birinə bənzəyən Ata sözləri də bulunmaqdadır. Bununla bərabər, ayrı-ayrı millətlərin həyata, hadisələrə baxışları, zövqləri, alışqanlıqları, inancları, mədəniyyətləri ayrı olduğu üçün, təmas edilən mövzular eyni olsa da, söyləyiş tərzləri və anlatma fərqlilikləri Ata sözlərinə bir millilik özəlliyi qazandırmışdır. Başqa sözlə, Atalar sözləri, milli varlığın, milli həyatın,milli kültürün, milli inancın, milli düşüncənin, qısacası, milli dünyagörüşün, milli fəlsəfənin bir carçısıdır.
Bir tərbiyəçi, bir öyrədici, fərdləri hədəf almadan ümumi sözlərlə tənqidedci, təsiredici və hamısından önəmlisi tarixin dərinliklərindən süzülüb gələn təcrübələrin ilkin anlamları üzərindəki düşündürücü xüsusiyyətləri diqqətə alındığında Atalar sözləri məhz bir milli təfəkkür ölçüsüdür.
Ata sözləri mənsub olduğu xalqın şüuraltını əks etdirən anonim ( adsız, müəllifi bəlli olmayan ) məhsullardır. Bir millətin nələrə ağlayıb, nələrə güldüyünü, nələrə hirslənib, nələrdən xoşlandığını o millətin Atalar sözlərindən anlamaq olar. Bir millətin Atalar sözlərinə baxmaqla, o Ata sözlərinin mahiyyətini anlamaqla o millətin şəklini çəkmək olar.Atalar sözləri bütün sözlərdən üstündür, uludur. Hər bir Ata sözündə bir kitablıq fikir və məlumat xəzinəsi vardır.Sərrastlığı, aydınlığı, dürüstlüyü, emosionallığı, bədii və siyasi-fəlsəfi təsir gücü baxımından Atalar sözünə bərabər tutulası heç bir ədəbi nümunə yoxdur.
Min illərin sınağından keçib günümüzə qədər gəlib çatan Türk Ata sözləri ilə bağlı tədqiqatlar əsasən onların toplanması, çap edilməsi, dil və bədii xüsusiyyətləri üzərində aparılmış, bu nəhəng “ Xalq elmi “nin fəlsəfəsi geniş şəkildə tədqiq edilməmişdir.
Türk Ata sözləri öz yığcamlığı, nəsihətamiz ruhu, obrazlılığı, ahəngdarlığı, dərin ictimai- fəlsəfi məzmunu və bunların vəhdəti onların ən qiymətli cəhətidir. Türk Ata sözləri dolambac yollar keçərək Türk xalqının canlı səsini, nəfəsini gah nikbin, gah da bədbin əhvali-ruhiyyəsini, zamanın sınaqlarından çıxmış öyüd-nəsihətini, fəlsəfi dərrakəsini tarixin qaranlıq səhifələrindən çıxarıb bizlərə çatdırır. Ata sözləri Türk xalqının həyati müşahidələrini, təsəvvür və təfəkkür tərzini, canlı məntiqini, fəlsəfi dünyagörüşünü özündə əks etdirən bəşəri həqiqətlərin əsil meyarı, dəqiq məhək daşı, parlaq təzahürüdür. Ata sözləri Türk xalqının tarixə, həyata, tarixin, həyatın da Türklərə verdiyi ibrət dərsi, pozulmaz qanunudur.
Uzun bir tarixi müddətdə müxtəlif təcrübələrin süzülmüş şirələri olan Türk Ata sözləri ifadə tərzi kimi gerçək bir quruluşa malikdir.Türk Ata sözləri, çox vaxt simvol mahiyyətində olan ifadələrdən təşkil olunduğu üçün hər dövrdə eyni mənada izah olunmağa müsaitdir. Bu xüsusiyyətləri ilə Türk Ata sözləri hər dövrdə keçərli olan həyat anlayışına xitab etmə qabiliyyətinə sahibdir.
Türk Ata sözləri mənsub olduğu xalqın milli varlığını, keçmişini, onun ortaq dəyərlərini, düşüncələrini, inanclarını, həyata baxışlarını, ulu babaların zəngin təcrübələrini özündə əks etdirən, sağlam məntiq süzgəcindən keçirildikdən sonra sözə dönüşdürülən inci xəzinəsidir.
Türk Ata sözləri, Tanrı kəlamları kimi inandırıcı və müqəddəsdir. Onlar İnsan ruhuna işləyərək ona yol göstərir. Ata sözləri doğru və obyektiv bilgilərdir. O, elmi həqiqətlərlə yanaşı, fəlsəfi gerçəklikləri də özündə əks etdirir. Türk milləti özünün dərin bilgisini , incə zəkasını, ağlını, hazırcavablılığını, xüsusilə fəlsəfi dünyagörüşünü məhz Ata sözlərində daha qabarıq göstərmişdir. Bir tərbiyə vasitəsi olaraq işlədilən Türk Ata sözləri, millətin hafizəsində bitkin şəklə düşdükdən, formalaşdıqdan, qanuniləşdikdən sonra sürəkli təkrarlanmaqla şifhi şəkildə nəsildən-nəslə ötürərək günümüzə qədər gəlib çatmışdır.
Türk Ata sözləri , Türk millətinin qəlbinin dərinliklərindən, təcrübələrindən, bilgilərindən, bənzətmə gücündən qaynaqlanmışdır. Çox geniş bir coğrafiyaya yayılmasına baxmayaraq Türk boylarının Ata sözlərində önəmli bənzərliklər, ortaq özəlliklər mövcuddur. Bir çox Ata sözləri bir-iki səs, bəzən də bir-iki söz dəyişməsi ilə bütün Türk ləhcələrində eyni mənanı ifadə etməkdədir. Məsələn: “ Akıllı kişidən akıllı soz çıqar, akılsının başını yarsan kozi çıqar “ ( “ Ağıllı insandan ağıllı söz çıxar, ağılsızın başını yarsan gözü çıxar “ ) və ya “ Atılqan soz, atılqan ok, aşkan tirilik kayıtıp kəlməz “ ( “ Söylənən söz, atılan ox, keçən həyat qayıdıb ( geri ) gəlməz “ ), ( Kırım Karay Türklərinin Ata sözləri ) .
Türk Ata sözləri, Türk millətinin duyğularını, düşüncələrini sözə çevirən, Türk millətinin mayasını ortaya çıxaran ən böyük, ən qiymətli sərmayəsidir. Türk Ata sözlərində Türk millətinin əxlaqı, estetik və fəlsəfi dünyagörüşü bariz şəkildə özünü göstərməkdədir. Türklərə məxsus zəngin Ata sözləri “ hər qapının “ açarı, ən güclü silahıdır,bir şərtlə ki söylənən Atalar sözlərinə əməl edilsin. Çünkü İnsana dediyi sözdən daha çox ona əməl etməsi ilə qiymət verilir. Sözü ölçüb-biçən, lazımi yerdə işlədən insanlara etibar edilir. Başqa sözlə, ağızdan çıxan söz, İnsanın dəyərini ortaya qoyan ölçüdür. İnsan ağzını açıb danışdığı zaman sözünün etibara layiq olmasına, anlam daşımasına diqqət etməlidir. Ata sözlərində bu tip sözlər “ ağıllı söz “. “ hikmətli söz “ və “ mənalı söz “ kimi adlarla adlandırılır. Ağıllı, hikmətli, mənalı söz ağızdan damlayan “ bal “ olub İnsanın dəyərini ortaya qoyan bir ölçüdür: “ Ağıllı insandan ağıllı söz çıxar “.Atalar sözlərində “ ağıllı, hikmətli, mənalı, anlamlı “ sözün əksi “ ağılsız, mənasız. boş söz “ dür. Ata sözlərində anlamlı söz tərifləndiyi halda, boş sözün gərəksizliyi irəli sürülmüşdür: “ Boş sözdən fayda olmaz “.
Geniş və köklü bir təcrübələr zəncirinin məhsulu olan Ata sözlərində deyiləcək söz düşüncədən sonra gəldiyindən öncə dərin-dərin düşünmək, sonra sözü söyləmək tövsiyyə olunur: “Dəvəquşu sümük tapsa, öncə ölçər, sonra udar “.
Atalar sözlərində həm doğru, həm də yalan sözə qiymət verilmişdir.Doğru söz İnsanın süsü, bəzəyi olduğu halda, yalan söz onu söyləyəni etibardan salır: “ Doğru sözə can qurban “, “ Doğru sözə zaval yoxdur “, “ Doğru söz acı olar “. Doğru söz acı olsa da, qarşısındakı tərəfindən xoş qarşılanmasa da Ata sözləri hər zaman doğru sözün yanındadır: “ Yalan ayaq tutar,amma yeriməz “, “ Yalançının evi yandı, heç kəs ona inanmadı “.
Ata sözləri insanlığı ən yaxşı əks etdirən, insanlığın duyğu və dəyərlər dünyasını ən gözəl şəkildə gözlər önünə sərən, insanların insani varlığına ulaşmasında ona yol göstərən ən dəyərli xəzinələrdəndir. Ata sözləri, duyğu, düşüncə, həyat təcrübəsi və fəlsəfi dünyagörüşü min illər boyu içində keçirdiyi təcrübələrlə qazanılmış “ Hüquq Bəyannaməsi “, “ Anayasası “dır. Həyat təcrübələri, xəta və səhvlərin təkrarlanmasının qarşısını almaq üçün kiçik söz qalıblarına donuşmuş, nəsildən-nəslə ötürülən, yığcam və estetik cümlə halını alan, həyat bilgisini zamanın şərtlərinə görə rəsmiləşdirərək bitkin qanuni şəklə salan, “ Deyimlər “ də deyilən Ata sözləri İnsanların həyatını qaydaya salmaqda çox mühüm rol oynamışdır. Hər millət özünəxas həyat fəlsəfəsini Atalar sözləri vasitəsilə kiçik qalıblara sığışdırmış və bu kiçicik ifadə vasitələrini İnsan həyatını qaydaya samağa araç etmişdir.
Ata sözləri mənsub olduğu millətin mədəni durumunu rəsmləşdirən bəlgələrdir. Ata sözləri sosioloji, psixoloji, dil, tarix və əxlaqi yönlə yanaşı fəlsəfi baxımdan da tədqiq edilməyə layiq folklor nümunəsidir. Çox uzun və dərin bir keçmişə malik olan Türk Ata sözləri dünyanın ən qədim Ata sözləri xəzinəsinə daxildir. Türk Ata sözləri Cəmiyyət əlaqələrində və həyatda Türk insanının əksəriyyətinin fikrinə, düşüncəsinə, fəlsəfi dünyagörüşünə tərcüman olması ilə onların dəyərini bir qat daha artırmaqdadır.
Əgər Türk Lətifə,Anekdot və Təmsilləri Türk xalqının yumor və tənqid hissini, Nağıllar və Mifləri xəyal etdiyi dünya və həyatla real həyatın gerçəkliklərini özündə ehtiva edirsə, “ Xalq elmi “ də deyilən Türk Ata sözləri xalqın real həyatı qavraması və idrakını, fəlsəfi dünyagörüşünü özündə əks etdirir.
Bəlli olduğu kimi, Ölüm, hər bir insanın və millətlərin “ Ölüm fəlsəfəsi “ni formalaşdırmış, insanlar və xalqlar Ölümlə bağlı duyğu və düşüncələrini fəlsəfi Aforizmlərlə, Alqış və Qarğışlarla və xüsusilə Ata sözləri ilə əbədiləşdirmişlər. Hər bir millətin özünəxas “ Ölüm dünyagörüşü “ olduğu kimi Türklərin də özünəməxsus “ Ölüm fəlsəfəsi “ vardır. Türklər üçün Ölüm bir “ Axirət, bir Cənnət bağçası “dır. Bu özünü məzarlıqlarda salınan yaşıllıqlarda, gül-çiçək bağçalarında və xüsusilə məzar daşları üzərində yazılan hikmətli və ibrətamiz Atalar sözlərində göstərir ki, bu da Türklərin Ölümü belə gözəlləşdirən Ruh və Vicdan anlayışına tam uyğundur. Bu hal, Ölümü cəhalətin və zövqsüzlüyün əsarətindən xilas edir: “ Ölüm haqdır “, “ Ölən dirilməz “, “ Ölmək ölməkdir, xırıldamaq nə deməkdir “, “ Ölərsə, yer bəyənsin, qalarsa, el bəyənsin “ və s.
Türk Ata sözlərində dərin düşüncələr, şirin röyalar öz əksini tapmış, müxtəlif cansız əşyalar canlandırılmış, söz və kəlimələrlə rəsimlər çəkilmiş , ağır həyat problemləri öz həllini tapmış və bütün bunlar cilalanaraq axıcı, şirin, zövqlü Türk dili ilə ifadə olunmuşdur. Bu baxımdan Türk Ata sözləri ictimai, siyasi, iqtisadi, tarixi, əxlaqi,ruhi və fəlsəfi elmləri maraqlandıran və bir çox cəhətdən tədqiq edilməyə dəyən milli bir dil örnəyidir.
Türk Ata sözləri əsrlər boyu yaşanmış, rastlanmış, müşahidə edilmiş saysız-hesabsız və bir- birindən fərqli hadisələri dəyərləndirən, onları ayrı-ayrı ifadələr halına gətirərək təsnifatlandıran və ata-babalardan nəvə-nəticələrə ötürülən Aforizmlərdir.
Türk Ata sözləri Türk milləti ilə bərabər doğulmuş, onunla birlikdə oba-oba, boy-boy, oymaq-oymaq, el-el gəzib dolaşaraq əsrlərcə köçəri həyatı yaşamış və nəhayət süzülərək milli hala yüksəlmiş, cilalanmış, mədəniləşmiş və millətin malına çevrilmişdir. Türk millətinin yüksək dəyər verdiyi Atalar sözləri əslində onların həyata , insana və bütövlükdə İnsanlığa baxışının, fəlsəfi dünyagörüşünün əsası, yaşayışlarının vazkeçilməz dəyəridir.
Türk Ata sözləri, insanlığın əxlaqi həyatının məhək daşı, rəhbəri və xoşbəxtliyinin əsası, həm mənsub olduğu Türk millətinin, həm də bütün İnsanlığın Həyat Fəlsəfəsidir. Türk Ata sözlərinin məntiqi mənasını anlamaq üçün ilk növbədə onların fəlsəfəsini anlamaq gərəkdir.
Türk Ata sözlərinin xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Türk Ata sözləri, daima bir hökm anladır;
2. Türk Ata sözləri, anlam,məntiq və fəlsəfi baxımdan dolğun və zəngindirlər;
3. Türk Ata sözləri, bir çox hallarda içindəki sözlərdən ikisi bir-biri ilə ya tam, ya da yarım qafiyəli olur;
4. Türk Ata sözləri, bir çox hallarda nəzmi andırır və özünəməxsus bir ahəngi vardır;
5. Türk Ata sözləri, bir çox hallarda əsil anlamını itirərək “ məcaz “anlamı qazanmış olurlar;
6. Türk Ata sözləri, anonim ( müəllifi bəlli olmayan ) olduğundan Türk millətinin ortaq malıdır;
7. Türk Ata sözləri, Türk millətinin içində yaranmış, inkişaf etmiş, cilalanmış,nəsildən-nəslə ötürülərək yaşanmış və buğun də yaşanmaqdadır;
8. Türk Atalar sözləri, Türk millətinin əxlaqi prinsiplərini tarixi gerçəklik əsasında dilə gətirən folklor nümunəsidir;
9. Türk Ata sözləri, Türk millətinin elmi, etik, estetik və bədii təfəkkürünü əks etdirən Xalq elmidir;
10. Türk Ata sözləri, İnsan və insanı əhatə edən maddi və mənəvi nə varsa, hamısını özündə əks etdirən fəlsəfi dünyagörüşdür.
Bütünlüklə Xalq fəlsəfəsi incisi olan Türk Ata sözləri, insan təfəkküründə müxtəlif rəngli rəsmlər canlandırır. Türk Ata sözləri, dərin həyat bilgisinə, incə zövqə və Yer üzündə heç bir millətə nəsib olmayan həyat təcrübəsinə əsaslanır. Bir çox Türk Ata sözləri, buğunun elmi təcrübəsindən belə öndə dayanır ki, bu da təbiidir. Çünkü tarixən Türklər bu başı bəlalı Yer kürəsinin üç Qitəsində əsrlərcə hakim mövqedə olmuş, Təbiətlə, bu Təbiətin müxtəlif yerlərində yaşayan Xalqlarla və bulunduqları Cəmiyyətlərlə birgə, qol-qola, iç-içə yaşamış,onlarla bütövləşmiş və belə bir mükəmməl Xalq Fəlsəfəsi yaratmışlar.
İnsan həyatının elə bir sahəsi yoxdur ki, Türk Ata sözlərində onunla bağlı bir fəlsəfi deyim olmasın. Belə ki, Dünya və Həyatla, İnsanla, Tanrı ilə, Tarixlə, Zamanla, Bəxt və Tale ilə, Ümidlə, Xoşbəxtlik və Bədbəxtliklə, Sevinc və Kədərlə, Gözəllik və Çirkinliklə, Cavanlıq və Qocalıqla,Cəsarət və Qorxu ilə, Xalq və Vətənlə, Ellə, Haqq və Ədalətlə, Qanun və Dövlətlə, Cinayət və Cəza ilə, Azadlıq və Əsarətlə, İstibdad və Zülm ilə, Sülh və Müharibə ilə, İgidlik və Qəhrəmanlıqla, İş və Zəhmətlə, Elm və Biliklə, Həqiqət və Yalanla, Qələbə və Məğlubiyyətlə, Sənət və Sənətkarla, Yaxşılıq və Pisliklə, Şərəf və Ləyaqətlə və s. ilə bağlı yüzlərlə Türk Ata sözləri vardır. Məsələn :
“ Dünya bir pəncərədir, hər gələn baxar gedər”.
“ Qızıl odda, İnsan çətinlikdə bəlli olar “.
“ Divarı nəm, İnsanı qəm yıxar “.
“ Allah dağına baxar, qar verər, bağına baxar bar “.
“ Keçənə yanma, hər deyilənə inanma “.
“ Bugünün işini sabaha qoyma “.
“ Keçmişinə xor baxan, gələcəyinə kor baxar “.
“ Bəxti yox idi, bədbəxtliyi köməyə gəldi “.
“ Bəxtin gətirəndə, bədbəxtliyini unutma “.
“ Həyat dənizə, ümid isə limana bənzər “.
“ Niyyətin hara, mənzilin ora “.
“ Hər zülmət gecənin bir gündüzü vardır “.
“ Bir yandan bağlayan, bir yandan açar “.
“ Şad günün dostu çox olar “.
“ Güldürənin arxasınca yox, ağladanın arxasınca get “.
“ Güzəllik ondur, doqquzu dondur “.
“ Qorxan gözə çöp düşər “
“ Bir qorxaq bir ordunu dağıdar “.
“ Qısıla-qısıla Cənnətə getməkdənsə, oynaya-oynaya Cəhənnəmə getmək yaxşıdır “.
“ Cavanlıqdan qocalığa güc saxla, pullu gündə pulsuzluğa pul saxla, savaşanda barışmağa üz saxla “.
“ Ölümdən qorxursansa, yaşama “.
“ Ölərsən, yer, qalarsan, el bəyənsin “.
“ Gözün ağrıyırsa, əlini, qarnın ağrıyırsa, ağzını saxla “.
“ Borcun yoxdursa, dövlətli, canın sağdırsa, xoşbəxtsən “.
“ Yalqız qalan yalquzaq olar “.
“ Yalqız quş yuva qurmaz “.
“ El gücü, sel gücü “.
“ Xalq ilə ol, xalqdan olma “.
“ Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır “.
“ Dostundan ayrılan yeddi il ağlar, Vətəndən ayrılan ömrü boyu “.
“ Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi , bir igid bir Ölkəni xilas edər”.
“ Elin sözü əvvəl-axır düz olur “.
“ Palaza bürün , el ilə sürün “.
“ Haqq daşı ağır olar “.
“ Haqq söz axar suları şaxlar “.
“ Dövlət başa, üuzğun leşə qonar “.
“ Bəyliyə yaraşmayana bəylik versən, hər yola bir gözətçi qoyar “.
“ Canavara rəhm etmək qoyuna zülm etmək deməkdir “.
“ Haqlının haqqı haqsızda qalmaz “. və s.
Bəllidir ki, yalnız əmək sərf edib, alın təri tökərək qazanılan şeylər əldə qalıcı olar. Əksinə, əmək sərf etmədən qazanılan şeylər asanlıqla əldən çıxar.Bununla bağlı bir Ata sözündə deyilir ki:” Hay ilə gələn, hu ilə gedər “.
Həyatda heç bir İnsan qüsursuz deyildir. Hər bir İnsan bilərək və ya bilməyərəkdən səhv edə bilər. Səhvlərindən və ya qüsurlarından dolayı insanlara həddən artıq yüklənmək doğru deyildir. Önəmli olan insanların səhvlərini və ya xətalarını üzünə vurmaq deyil,səhvlərini düzəltməkdə onlara yardımçı olmaqdır. Bununla bağlı bir Ata sözündə deyilir ki : “ Xətasız İnsan olmaz “.
İnsan həyatda sağlam da, xəstə də ola bilər, Ona görə də xəstələnməmək üçün öncədən tədbir almaq lazımdır. Xəstələndikdə isə onu böyütməmək lazımdır. Bununla bağlı bir Ata sözündə deyilir ki “ Xəstəlik də, sağlamlıq da İnsan üçündür “.
Həyatda bir İnsan hər işi görə bilməz, Ona görə də görüləcək işi onu bacarana tapşırmaq lazımdır.Bununla bağlı bir Ata sözündə deyilir ki: “ Çörəyi ver çörəkçiyə, beşini də artıq “.
Hər hansı bir işi görmək istəyən İnsan o işin çətinliklərini nəzərə almalıdır. Çünkü o işin sorumluluğunu öz istəyi ilə qəbul etmişdir. Bununla bağlı bir Ata sözündə deyilir ki: “ “Hamama girən tərləyər “.
İnsan haqsız və zəhmətsiz bir şeyə sahib olarsa, bu haram sayılır. Atalar göstərir ki: “Haramın təməli olmaz “ və ya: “Haramdan şəfa olmaz “.
Həyatda İnsanın bacardığı iş ona ağır və utandırıcı gəlməz. Çünkü qəbul etdiyi iş onun yaşadığı həyatın təbii bir nəticəsidir. Bununla bağlı bir Ata sözündə deyilir ki: “Hambala qazancı yük deyil “.
Həyatda İnsanın əldə etdiyi haqlı qazanc yox sayıla bilməz. Haqqla qazanılana xor baxanlar, onu inkar edənlər, onu yox sayanlar böyük bir aldanış içindədirlər. Atalar göstərirlər ki: “ Haqq incilər, üzülməz “ və ya: “Haqq yerdə qalmaz “, “ Haqq gəlincə, batil gedər “.
Hər hansı bir işdə yaxşı niyyət və səmimiyyət əsadır, Bunlar olmadan görülən iş, əslində o işi görməmək deməkdir. Səmimiyyətlə görülməyən işdən yaxşı nəticə əldə edib məqsədə çatmaq olmaz. Bununla bağlı bir Ata sözündə deyilir ki: “ Hacı Məkkəyə getməklə Hacı olmaz “ və ya: “ Dədə təkkəyə getməklə Dədə olmaz “.
Həyatda İnsan başqasına aid olandan hər zaman və ya istədiyi vaxt istifadə etməməlidir.Bununla bağlı Atalar göstərirlər ki: “ Özgə atına minən tez düşər “ və ya: “Gedən arabanın kölgəsində oturulmaz “.
Həyatda eyni məqsəd üçün çalışanlar gec-tez bir-biri ilə buluşurlar.Atalar göstərir ki: “Hacı Hacını Məkkədə bulur “.
Həyatda insanın gənclik çağı ən enerjili, ən önəmli çağıdır. Məhz bu dövrdə o, çalışıb mal-mülk sahibi olmalıdır ki, qocalıb gücünü itirdiyi, çalışa bilmədiyi vaxtlarda ondan istifadə edib sıxıntı çəkmədən, kimsəyə möhtac olmadan rahat yaşasın. Bununla bağlı bir Ata sözündə deyilir ki: “ Gənclikdə daş daşı, qocalıqda ye aşı “.
İnsanın gəncliyi göz açıb-yumunca, nə olub-bitdiyi anlaşılmadan keçib-gedir. İnsan qocalınca bunu dərk edir, lakin artıq iş-işdən keçmiş olur. Çünkü edə bilmədiklərini etməyə nə gücü, nə də zamanı qalır,məhz o zaman gəncliyin necə qiymətli olduğunu anlayır. Bununla bağlı Atalar göstərir ki: “ Gəncliyin qədri qocalanda bilinir “ və ya: “ Bugünün işini sabaha qoyma, sabah öz qayğıları ilə gələcək “.
Öz-özünə gələn və faydalı bir şeyi və ya dəvət olunmamış, özü gələn qonağı geri qaytarmaq və ya qəbul etməmək doğru bir davranış deyildir.Bununla bağlı Atalar göstərir ki: “ Gələnə get deyilməz “ və ya: “ Qonaq Allah qonağıdır “.
Bir işə və ya vəzifəyə gələn orada ondan öncə çalışandan daha bacarıqsız və zalım olarsa, insanlara “ kaş ki, o getməsəydi, bundan yaxşı olardı”-deditdirər.Bununla bağlı Atalar göstərir ki: “ Gələn gedənə rəhmət oxutdurar “ və ya “ Gələn gedəni axtardar “.
Bir çox insan kimin xidmətində olarsa, kimdən yaşayışını təmin etmək üçün para alarsa, o adam nə qədər marhəmətsiz və amansız olarsa-olsun onun istəklərini yerinə yetirər. Bununla bağlı Atalar göstərir ki: “ Gavurun çörəyini yeyən, onun qılıncını çalar “.
Kimsəsiz, yoxsul və gücsüz İnsana Tanrı yardım edər. Ona heç gözləmədiyi bir yerdən yardım əli uzanar,o, darda qalmaz. Bununla bağlı Atalar göstərir ki: “ Çarəsiz və ya qərib quşun yuvasını Allah yapar “.
Gizli və qanunsuz yollarla gəlir əldə etmək istəyən kimsələr, söz gəzdirən insanlardan qorxarlar.Başqa sözlə, belələri yaxanı ələ verəcəklərindən çəkinərək hər kəsin içində istədiyi kimi dolaşa bilməz. Belələri üçün Atalar göstərir ki: “ Söz gəzdirən olmasa, tülkü bazarda gəzər “.
Ətrafındakı gerçəkləri görməyən, savadsız, dalğın kimsəyə nə söylənirsə söylənsin, ona kar etməz, o, bildiyi kimi hərəkət edər. Başqa sözlə, ona söylənən hər söz boşa gedər.Belələri üçün Atalar söyləyir ki: “ Cahilə , nadana söz kar etməz “.
Bəllidir ki, yoxsulun üzü hər zaman gülməz. Onun əlinə keçən imkan o qədər də çox olmaz. Onun imkanları məhduddur. Ona görə də o, hansı bir işə əl atarsa atsın, zəngin adam kimi qazana bilməz.Belələri üçün Atalar söyləyir ki: “ Yoxsulun toyuğu tək-tək yumurtlar “.
İnsanların qarşısına imkan həmişə çıxmaz, ona görə də imkan ələ düşəndə ondan maksimum istifadə etmək gərəkdir. Bununla bağlı Atalar göstərir ki: “ Fürsət həmişə ələ keçməz “.
Müəyyən an və ya zaman üçün ehtiyac duyulmayan mal nə qədər və neçə növ olursa olsun , onu əldən çıxarmamaq lazımdır. Onlara heç gözləmədiyi bir gündə ehtiyac duyula bilər.Həmçinin malın çox olmasının kimsəyə bir zərəri yoxdur. Bununla bağlı Atalar göstərir ki: “ Artıq mal göz çıxarmaz “.
İnsan yaşayırsa, deməli, o, hər hansı bir işə yaramalıdır. Nə özünə, nə də ətrafına bir yararı olmayan, heç kimə xeyri toxunmayan, ona-buna yük olan insanın yaşaması ilə ölməsi arasında heç bir fərq yoxdur. Belələri ilə bağlı Atalar söyləyir ki: “ Faydasız baş məzara yaraşır “.
İnsanın görə bilməyəcəyi qədər ağır bir işi varkən əlavə bir işi də yüklənməsi son dərəcə sakıncalıdır. İnsan öncə öz işini görüb qurtarmalı, sonra başqalarının yükünü çiyinlərinə almağı düşünməlidir. Özü sıxıntılı bir vəziyyətdə olduğu halda başqasının da yükünü daşıması yanlış və tutarsız bir davranışdır.Bununla bağlı Atalar göstərir ki: “ Siçan dəliyə sığmamış, bir də quyruğuna qabaq bağlamış “.
İnsanın qüsuru yoxsulluqla ölçülə bilməz, Bu baxımdan İnsanın yoxsul olması, yaşamaq üçün çətinlik çəkməsi utanılacaq bir durum deyildir. Əsil utanılacaq vəziyyət və davranış, imkanı varkən tənbəllik edib çalışmaması və yoxsul duruma düşməsidir.Bunu nəzərə alan Atalar göstərir ki: “ Yoxsulluq ayıb deyil, tənbəllik ayıbdır “ və ya: “ İşləməyən dişləməz “.
İnsan özündən üstün olan bir başqasının da ola biləcəyini bilməli, “heç kim bu işi məndən yaxşı edə bilməz “-deməməlidir. Bunu nəzərə alan Atalar göstərir ki: “ Əl, əldən üstündür “.
Dəyirmanın fırlanıb dəni üyüdə bilməsi üçün necə küləyə və ya suya ehtiyacı varsa, İnsanın da bir sıra ehtiyaclarını ödəməsi və işlərini görə bilməsi üçün digər insanlara ehtiyacı vardır. Çünkü Cəmiyyət həyatı bir-biri ilə yardımlaşma əsası üzərində qurulmuşdur. İnsan tək başına bütün işləri yerinə yetirə bilməz. Bunu nəzərə alan Atalar göstərir ki: “ El, el ilə, dəyirman yel ilə “.
İnsan məhsul əldə etmək istəyirsə, mütləq əmək sərf etməli, torpağı şumlamalı, onu əkməli və becərməlidir. Həmçinin birinə yaxşılıq edilməlidir ki, bənzər şəkildə qarşılığı alınsın. Bunu nəzərə alan Atalar göstərir ki: “ Əkmədən biçilməz “ və ya: “ Əl, əli yuyar, əl də dönüb üzü yuyar “.
İnsan hər hansı bir işdən müsbət nəticə əldə etmək istəyirsə, onu sağlam təməl üzərində qurmalı, sağlam bir toxumdan bol məhsul alındığı kimi, sağlam İnsanla da sağlam iş görüldükdə müsbət nəticə əldə edilər. Ona görə də Atalar göstərir ki: “ Ək toxumun xasını, çəkmə yeyəcək yasını “.
Görməmiş adam təsadüfən layiq olmadığı bir vəzifəyə təyin edilincə bunu özünün haqqı imiş kimi lovğalanar. Belələri ilə bağlı Atalar göstərir ki: “ Axmaq adam ata minincə özünü Bəy, şalğam aşa girincə yağ olduğunu sanar “ və s.
Bütün bunlar göstərir ki, Türk millətinin fəlsəfəsinin ana qaynağını onun folkloru-Şifahi Xalq Ədəbiyyatı təşkil edir.Çox təəssüflər olsun ki, Türk Folklor nümunələrinin toplanması və nəşrə çox gec başlanması və hələ də bütün Türklərə məxsus Folklor nümunələri birlikdə işıq üzü görməmişdir.Dünyanın müxtəlif yerlərində yaşayan Türklərdən yalnız bir qismi öz Folklor nümunələrini toplayıb nəşr etdirmişdir. Arzumuz budur ki, heç olmasa, bu çap olunan Türk Folklor nümunələri birləşdirilib bir yerdə nəşr olunsun .

AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU, DOSENT

Facebook Comments