“Qarışıb at izi itin izinə, eyləyir ilxıya sıpa nəzarət” – BƏXTİYAR HİDAYYƏT

Bəxtiyar Hidayyət

Olmaz..

Məcbur qalıb yoldaş olsan nakəslə
Söhbət xatirinə sir vermək olmaz
Məclisində öz yerini tanısın
Stolun başında yer vermək olmaz

Çörək müqəddəsdi- ondan ötrü bax,
Tutur hər əməli nə qədər alçaq
Olsan da ürəkli, olsan da qoçaq
Gücün yetməyənə zor vermək olmaz

Əsilsiz üç- beş yol qəhrini çəkər
Sonra etdiyini burnundan tökər
Kim fitnə ocağı qalasa əgər
Heç ona od vermək, qor vermək olmaz

Qeyrət bənd qurarsa həya, ar axmaz
Müvəqqəti sular bir dəm gur axmaz
Üzüsusuz adam yaxa buraxmaz
Bir yol üz verəndə bir vermək olmaz

Verilib

Gəlsən bir söz deyəm məzarstandan
Bu yerə hər cürə məzmun verilib
Burda daş sükutu hakim olsa da
Nəğməsi qəm üstə həzin verilib

Kiminin söhbəti kəsə olubdur
Kiminin cibləri kisə olubdur
Bir yaxşının yolu qısa olubdur
Beş yamanın ömrü uzun verilib

Ömür boşa getdi- olsun sadağan
Gör neçə talelər gördü qada- qan
Burda söz danışmaq olub qadağan
Bir- iki bənd üçün izn verilib

Alın yazısının çoxu pozulub
Ixtisar edilib daşa yazılıb
Sakin var həyatda daşa basılıb
Indi baş daşına hüsn verilib

Üstü abad kənddi, altı virana
Yoxdu yer davası qıran- qırana
Hər gün övladına canın verənə
Beş ildə bir dəfə yasin verilib

Yaralı Bəxtiyar, gərək söz dəyə
Burda fərq qoyulmur nökərə, bəyə
Hamı ayaq üstə, üzü qibləyə
Mənim bu günümə hüzn verilib

Bu da bir ömürdü- tale buyurdu
Zaman didişdirdi, dövran əyirdi
Yaralı Bəxtiyar elə şairdi
Verəndə meydanı dar vermək olmaz

O dünyada poeziya

Əssəlam əleyküm,əziz qonşular
Sizdən vəfalıymış ölü halınız
Tək- tənha yaşadım mən o dünyada
Məni bu dünyada tək qoymadınız
Bizi toxum kimi səpib getdilər
İndi üstümüzdə otdu cücərən
Səpib gəldiyimiz pislik toxumu
Bol məhsul veribdi, çoxdu becərən
Yeraltı şəhərdə sakin olduq biz
Dünyada əzablar qaldı yenə də
Burda da bir sorğu-sual olmadı
Sormalı hesablar qaldı yenə də
Apardıq qonşuyla çəpər davası
O boyda torpağı itirsək də biz
Burda da hər tərəf dəmir çəpərdi
Ömrü bu davada bitirsək də biz
Baş töhməti oldu kimlər övlada
Kimin ayağına xeyir yazıldı
Diriykən şairə lağ edənlərin
Sonda baş daşına şeir yazıldı
Hayıf, gözlərimi ilanlar yedi
Gözüm yox ağlayım məmləkətimi
Sümüyüm sızlayır,əziz qonşular
Yoxdu buralarda sümük həkimi
Qoyub məmləkəti kimlərə, gəldik
Dərd xalqı ikiyə qatlamış olar
Diriykən ürəyim çatlamış idi
Yəqin baş daşım da çatlamış olar.

*********

Qarışıb at izi itin izinə
Eyləyir ilxıya sıpa nəzarət
Yeddi cipi olan nəzərə gəlmir
Yeddi müdür edir cibə nəzarət

Sayan yox nökəri, ya qulu burda
Böhran dərinləşir şaquli burda
Yalanın sürəti – jiquli burda
Yoxdu kitab- kitab gopa nəzarət

Bir yalana geydiriblər min qılaf
Skoçlanıb dil- ağızlar sanki lap
Neolitdə olubdu bir inqilab
Ona da edibdi zopa nəzarət

Facebook Comments