Eskpert: “ Xaçmaz şəhərindəki “Qonaq evi”nin özəlləşdirilməsi qanunsuzdur”-FOTOLAR

Xaçmazın yeni icra başçısının “Elit” oteldə yaşaması barədə xəbər ciddi müzakirələrə səbəb oldu. Bunun ardınca isə Elnur Rzayevin “Ariz” şadlıq sarayının yaxınlığında ev kirayələməsi haqda informasiyalar yayılıb. Əlbəttə, icra başçısının harada qalması onun şəxsi işidir. Lakin ictimaiyyəti maraqlandıran budur ki, uzun illər Xaçmaza rəhbərlik edən ayrı-ayrı şəxslərin yaşadığı “qonaq evi” adlanan xidməti ev və onun həyətindəki digər binanın taleyi necə olub?

“Şimal xəbərləri”nin araşdırmasına görə, 2002-2004-cü illərdə Xaçmazın icra başçısı olmuş Əbülfəz Hüseynov buranı özəlləşdirib. Onun yerinə təyin edilmiş Şəmsəddin Xanbabayev bir müddət sələfinin razılığı ilə “qonaq evi”ndə qalıb. Sonradan özəlləşməni ləğv etmək üçün rayon məhkəməsinə müraciət edib. Nəticədə yaşayış binası Ə. Hüseynovun əlindən alınıb. Bunun ardınca Ş. Xanbabayev “qonaq evi”ni özəlləşdirib.

Həyətdəki digər tikili isə 1992-93-cü illərdə inşa olunub. Sabiq icra başçısı M. Mehdiyevin sərəncamı ilə bu binaya da xidməti ev statusu verilib. Həmin yaşayış binasından bir neçə il rayon polis şöbəsinin rəhbərləri istifadə ediblər. Sonradan bu bina da polis rəislərindən biri tərəfindən özəlləşdirilərək satılıb və yerində yenisi inşa edilib. Deyilənlərə görə, həmin evi hazırda icra başçısının müavini işləyən Bəxtiyar Osmanov alıb. Beləliklə, Xaçmaz rayon icra hakimiyyəti xidməti evlərdən məhrum edilib.

Adının çəkilməsini istəməyən hüquqşünas-ekspertin “Şimal xəbərləri” nə açıqlamasına görə, “qonaq evi”nin özəlləşdirilməsi qanunsuzdur. Əgər birinci özəlləşmə məhkəmə qaydasında ləğv edilibsə, deməli ciddi əsaslar olub. Çox ehtimal ki, Şəmsəddin Xanbabayev səlahiyyətlərindən istifadə edərək vəziyyəti öz xeyrinə dəyişib. “Bütün hallarda məsələ araşdırılmalıdır. Özəlləşmənin hansı qanuna və hüquqi əsaslara söykənərək həyata keçirilməsi yoxlanılmalıdır. Yeni icra başçısı da məhkəməyə müraciət edə bilər”. Müsahibimizin qənaətincə, söhbət “qonaq evi”ndə kimin yaşamasından yox, binanın hüquqi statusunun bərpasından gedir. O da nəzərə alınmalıdır ki, hazırda Xaçmazda icra hakimiyyətinə məxsus yaşayış binası yoxdur.

FOTOLAR “Konkret.az” saytına məxsusdur.

Facebook Comments