“Aleksey Navalnın istifadə etdiyi taktiklaradan yararlanmaqda fayda var” – Rüfət Əhmədzadə

Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin müsahib kürsüsünün bu gün ki, qonağı ekspret, beynəlxalq insan hüquqları üzrə mütəxəsis, politoloq Rüfət Əhmədzadədir.

-Xoş gördük Rüfət bəy !

-Xoş gördük Ceyhun bəy !

Bir başa suallara keçmək istəyirəm. Suallarımız müxtəlif istiqamətli, maraq kəsb edən mövzulara aiddir. Birinci sual olaraq : Azərbaycanda demokratikləşmə meyllərinin güclənməsi və bu istiqamətdə səmərəli işlərin görülməsi mümkündürmü ? Siz buna zəmin yaradacaq aspektləri nələrdə görürsünüz ?

İlk öncə xatırlamaqda fayda vardır ki, Azərbaycanda hazırda mövcud olan rejim ölkədə konstitutsion hüquqları, insan hüquq və azadlıqlarını bəzilərinin iddia etdiyi kimi 1993 cü ildən deyil, məhz 2003 cü ildən həyata keçirilmiş, tədrici strateji plan əsasında bərqərar olmuşdur.

İndiyədək keçirilən 2 referendum və 2002 ci ildə konstitutsiyaya edilmiş dəyişikliklər fonunda Azərbaycan müxalifətinin mübarizəni təşkil edə bilməməsi bu gün ölkədə mövcud olan sərt avrotarizmin daha genişlənərək, ölkə vətəndaşlarının konstitutsion hüquqlarını ilhaq etməsinə səbəb olan ən böyük faktorlardan biridir. Əlbəttdə bu gün Azərbaycanda dəyişikliyin həyata keçirilməsi baxımından bir sıra vacib səmərəli addımlar atılmalıdır. Məsələn, biz bunu yaxşı dərk edirik ki, demokratik dəyişikliyin həyata keçirilməsi və xalqın mobilizasiya edilərək öz konstitutsion hüquqlarının bərpası uğrunda mübarizə aparması üçün lazım olan ən əsas element “grassroots” adlanan yəni özəy təşkilatlanmanın aparılmasıdır. Yerlərdə və regionlarda həyata keçirilməsli olan bu özəy təşkilatlanması ümümi hədəflər ətrafında, universal dəyərlər çərçivəsində vətəndaşların aktivləşdirilməsi üçün lazımdır. Diktatura rejimləri üçün bildiyiniz kimi ən böyük təhlükə vətəndaşların aktiv olaraq öz hüquqları uğrunda mübarizə aparmasıdır və bu səbəbdən də bu tip rejimlər çalışırlar ki, insanlar siyasətdən uzaq olsunlar və bir növ siyasi izolasiya vəziyyətində qalsınlar. Bundan əlavə insanlarla aktiv işin aparılması və daim insanların içərisində olmaq məhz bu özəy təşkilatlanmanın tərkib hissədir. Cəmiyyətə özünəinam, modern siyasi vizyon-a inandırmanı təlqin etmək üçün insanlar ilə daimi kontakda olmaq zərurudir. Son 20 il bir daha sübüt etdi ki, evdə oturaraq insanların içərisinə getməməklə siyasətçilər uğur qazana bilməz. Digər bir deyimlə adaptasiya olunma sindromunu aradan götürmək lazımdır. Yəni rejim tərəfindən həyata keçirilən müəyyən bir addım deyək ki, sərbəst toplaşma azadlığının təmin edilməməsi, seçkilərin saxtalaşdırılması cəmiyyətdə adaptasiya olunma və eləcədə müxalifət qruplarının da mövcud siyasi status-kvoya uyğunlaşması effektiv mübarizə taktikalarının istifadə edilməməsi ilə nəticələnib. Bu baxımdanda köklü sürətdə yanaşmanı dəyişmək və şimal qonşumuz Rusiyada Aleksey Navalnın istifadə etdiyi və özünə ictimai baza toplaması ilə nəticələnən taktiklaradan yararlanmaqda fayda vardır.

Azərbaycanda parlamentli respublikanın qurulmasının müsbət tərəfləri nədən ibarətdir?

Azərbaycanda işlək demokratik dövlət quruculuğunu həyata keçirmək, dövlət institutlarının formlaşdırılması, azad bazar iqtisadiyyatının qurulması, qanunçuluğun və konstitutsiyanın yaradılması baxımından xalqın iradəsi ilə seçilməli olan bir siyasi sistemə ehtiyac vardır. Əlbəttdə son 26 il bir daha bizlərə aydın etdi ki, hakimiyyət bölgüsünün olmadığı bir ölkədə konstitutsiyanın dəyişdirilməsi, hüquqların sistematik sürətdə məhv edilməsi, iqtisadiyyatın bazar iqtisadiiyyatı prinsipləri ilə deyil monopolist
taktikaları ilə idarə edilməsi və ən əsası tək adam rejiminin bərqərar olması kimi faciəvi nəticələrə gətirib çıxardır. Bu səbəbdən də Azərbaycanın parlament respublika siyasi sisteminə keçməsi çox zəruridir.

Bildiyiniz kimi Böyük Britaniya demokratiyanın vətəni sayılır və dünyada ilk parlament 13 cü əsrdə orada yaranmışdır. Həttda 13- cü əsrin İngiltərəsində insanlar dərk edirdilər ki, kral hakimiyyəti məhdudlaşdırılmasa və onun qəraralarına nəzarət edən bir dövlət qururmu formalaşmasa, ölkədə despotizmin qurulması labüddür. Bu gün Avropanın inkişaf etmiş ölkələrinin, Yaponiyanın siyasi sistemləri parlamentarizm üzərində qurlur. Bu həm iştirakçılıq baxımından, həm də müxtəlif regionların öz səslərini parlament tribunasından seçdikləri millətvəkilləri vasitəsilə çatdırmaları vacibdir. Bu eləcədə Azərbaycanın hər bir vətəndaşının hansı regiondan olmasından asılı olmayaraq bir gün ölkə baş naziri kimi dövləti idarə edə bilmə imkanına sahib olması kimi güclü inam verərdi. Əgər Azərbaycan dövləti öz müstəqilliyini, firavanlığını, biznesin müstəqil olduğu azad bazar iqtisadiyyatının bərqərar olduğu bir cəmiyyət olmaq istəyirsə, mütləq parlamentarist siyasi sistemə keçməlidir. Bu həmdə dövlət nazirlərinin və ya regionlarda xalqın seçəcəyi millət vəkilləri və lokal bələdiyyə başçılarının xalq qarşsısında seçicilər qarşsısında hesabatlılığını, şəffaflığını təmin etmiş olardı. Qonşularımız Gürcüstan və Ermənistan bunu ediblərsə, deməli bu çox faydalıdır. Bu həm də demokratik Qərbin
Azərbaycana verə biləcəyi beynəlxaq siyasi dəstəyi də artıra bilər.

Dağlıq Qarabağ probleminin həlli yollarını nədə görürsünüz ?

Dağlıq Qarabağ probleminin yaranması 1918- ci il Zaqafqaziya respublikalarının müstəqillik əldə etməsi ilə başlamışdır. Həmin dövrdə Cənubi Qafqazda olan Britaniya komandanlığı və hərbi zabitləri region ilə tanış olandan sonra erməni iddialarının doğru olmadığı üçün Azərbaycan Cümhuriyyətinin mövqelərini dəstəklədilər. General Thomsonun Azərbaycan Baş Naziri Xan Xoyskinin təkifini qəbul edərək, Qarabağa general-qubernator təyin edilməsini təsdiqləməsi, Azərbaycanın Qarabağ üzərində suverenliyi tanıdıqları anlamına gəlirdi. 1988 -ci ildən başlayan hazırki münaqişə isə Azərbaycan rəhbərliyində olan səriştəsiz kommunist liderlərin ucbatından və eləcə də 1992- ci ilin fevral-may ayları arasında Azərbaycanın faktiki olaraq əldən verdiyi strateji bölgələrin itirilməsi ilə ermənilərin xeyrinə dəyişmişdir. Hətta Azərbaycan dövləti artıq 26 ildir ki, beynəlxaq münasibətlər sistemində ermənilərin işğalçılıq ideyalarına qalib
gələ bilmir. Bunun səbəbi Azərbaycan diplomatiyasının durğunluğu və bacarıqsızlığıdır. Hələ 1994- cü ildə ABŞ, Britaniya və digər ölkələr Azərbaycan ilə neft müqaviləsi bağlayarkən regionda ən çox maraqlı olduqları və biznes münasibətləri qurmaq istədikləri ölkə Azərbaycan idi, Ermənistan yox. Lakin, Azərbaycan hakimiyyəti bu faktoru strateji rıçaqa çevirə bilmədi. Təbii ki, bunun əsasında “Balanslaşdırılmış Siyasət” adlı uğursuz xarici siyasi kurs dayanırdı. Rusiya və İranı qıcıqlandırmamaq xatirinə Azərbaycanda Qərbin tam güclənməsinə imkan verməməklə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Qərbin aktiv rol oynaraq, Azərbaycana vercəyi yüksək diplomatik dəstək alma şansının itirilməsi. Bununla belə Azərbaycanın ərazi bütövlüyünü Qərb bu gün dəstəkləyir. İkinci ən böyük yanlış siyasət isə ölkədə demokratik seçkilərin keçirilməməsi, faktitki olaraq xalqın iradəsi ilə hakimiyyətin formalaşmaması və Qərbmeyilli bir xarici siyasi kursun izlənilməməsi olmuşdur. Biz onu bilirik ki, dünyanın azad ölkələri məhz onların dəyərlərini bölüşən, demokratik cəmiyyət quran ölkələrə dəstək olurlar. Qonşu Gürcüstana verilən maddi, hərbi, diplomatik, siyasi dəstək buna nümünədir. Hazırda belə görünür ki, bizlər Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı istifadə edə biləcəyimiz imkanları tamamilə itirmək üzrəyik. Xüsusən də Ermənsitanda keçən ilin may inqilabından sonra baş verən dəyişikliklər fonunda. Artıq ermənilər münaqişəni demokrati Ermənistanla diktatura rejimli Azərbaycan arasında Qarabağ ermənilərinin öz insan hüquqlarını qorumağa məcbur olduğu bir absurd kontekstə çeviriblər beynəlxaq təbliğatda. Bu taktika ilə onlar Qərbin dəstəyini almağa çalışırlar. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir cəmiyyət olaraq qərara gəlməsi artıq vacibdir. Yəni, demokratik islahatlar getmədən, Qərbmeyilli xarici siyasi kurs izlənilmədən, Rusiya silahları ilə deyil İsrail və Qərb silahları ilə silahlandırılmış və NATO standartlarına keçmiş bir peşəkar ordu yaradılmadan Azərbaycan nə diplomatik nə də hərbi zəfər əldə edə bilər. Məhz bütün bunların ediləcəyi təqdirdə Azərbaycan diplomatiyasının paralel sürətdə aparacağı iş bizlərə imkan verə bilər ki, Dağlıq Qarabağ ətrafında olan rayonları qısa müddətdə azad edərək, Dağlıq Qarabağ ermənilərini və Ermənistan dövlətini fakt qarşısında qoyaraq danışıqlar masasına oturmağa məcbur edək. Yəni, danışıqlar masasına gedərkən gərək hazırlıqlı və əli güclü gedəsən. Bunlar isə yuxarıda qeyd etdiyim böyük və köklü dəyişikliklərdən asılıdır. Hazırda isə Azərbaycan siyasətində münaqişəni həll edə biləcək siyasi lider görmürəm.

Son zamanlar Gürcüstanın Azərbaycana qarşı ərazi iddiaları nədən
qaynaqlanır və ənənəvi susqunluğun dəyişməsi nədən xəbər verir?

Təbii ki David Gareji və ya Keşikçidağ adlanan xristinalığa aid orta əsrlər məbədi ilə bağlı bu iddialar artıq 90- ci illərdən davam edir. Son zamanlar baş verən bu təxribatlar bir daha onu göstərir ki, Gürcüstanda bəzi milliyyətçi partiyalar gələn il keçiriləcək parlament seçkilərinə hazırlaşarkən Keşikçidağ məbədi ətrafında qalmaqal yaradaraq siyasi kapital qazanmağa hazırlaşırlar. Hələ gürcü aktivistləri bir neçə ay bundan əvvəl sərhəddə aksiyalar keçirərkən Azərbaycan siyasətçiləri məsələni görməzdən gəldirlər. Yalnız Cümhuriyyət Siyasi Düşüncə Mərkəzi məsələyə o zaman öz mövqeyini bəyanat verərək bildirdi. Son təxribat hadisəsi isə bir daha onu göstərdi ki, məsələ ciddidir və artıq görməməzlikdən gəlinə bilinməz. Bu məsələdədə gürcü milliyyətçiləri və partiyaları Azərbaycanın avtoritar rejimli bir ölkə, Gürcüstanın isə demokratik bir ölkə olması kimi beynəlxaq təbliğatda dəstək almağa cəhd edirlər. Lakin dövlətlərin sərhədləri orada hansı bir rejimin olması ilə deyil, beynəlxaq hüquqla tənzimləndiyindən bu cür aqressiv təxribatlar Gürcüstan daxili siyasi mübarizədən qaynaqlanır və gözlənilir ki, gələn il
keçiriləcək parlament seçkilərinədək davam edəcək. Gürcüstan Azərbaycan üçün çox vacib strateji ölkədir. Azərbaycanın Qərbə açılan pəncərəsidir və neft kəmərləri, elcə də dəmiryolu yük daşımaları baxımından Azərbaycanın dünya ticarətində iştirakçılığını təmin edən bir istiqamətdir. Lakin Gürcüstan siyasətçiləri və xüsusən də sərhədlərin
demarkasiyasi adı ilə Keşikçidağı Gürcüstana qatmaq istəyən prezident Zurabaşvili dərk etməlidir ki, Gürcüstanın iqtisadiyyatında Azərbaycanın qoyduğu investitisiyalar, ucuz qiymətə qaz ilə təmin edilməsi, Azərbaycan turistlərinin Gürcüstana axını münasibətlər ərazi ilə iddiaları ilə pozulacağı təqdirdə Gürcüstan iqtisadiyyatına böyük zərbə vurulması ilə nəticələnəcək. Son Rusiya ilə yaranmış gərginlikdən sonra Vladimir Putinin
Gürcüstana birbaşa uçuşları dayandırması artıq rus turistlərinin sayının sürətlə azalması və Gürcüstan iqtisadiyyatına itkilərlə müşahidə olunmaqdadır. Bu Azərbaycan dövlətinə imkan verir ki, Keşikçidağın demarkasiya olunmayacağını rəsmi Tbilisiyə yüksək səslə çatdırsın. Hər iki dövlət məbəd kopleksini Avropada olduğu kimi birgə şəkildə xarici
turistlərin gəlməsi üçün istifadə edə bilərlər. Lakin, məbədin demarkasiya adı ilə Tbilisiyə verilməsi qəbuledilməzdir. Bu məsələdə Azərbaycan müxalif siyasətçilərinin qruplarının aktiv rol oynması vacibdir. Hər halda söhbət Azərbaycan torpaqlarından gedir.

Sizin İsrail və Böyük Britaniya mətbuatında məqalələriniz, siyasi təhlil yazılarınız və araşdırmalarınız yayımlanır. Azərbaycanın mənafeyi ilə bağlı çox səmərəli işlər görürsünüz. Adlarını qeyd etdiyim dövlətlər tarixən Azərbaycanın strateji müttəfiqi kimi çıxış ediblər. Bizi bu dövlətlərlə strateji və yaxın siyasi münasibətlərdə yaxınlaşdıran ortaq məqamlar nədən ibarətdir?

Bildiyimiz kimi Böyük Britaniya dünyanın 5- ci ən böyük iqtisadiyyatı olmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi dünyada çox vacib ölkələrdən biridir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Britaniyanın BP neft şirkəti Azərbaycan neft sektoruna böyük investitsiya yatıraraq bu gün ölkənin əsas gəliri olan Bakı-Tiflis- Ceyhan neft kəməri vasitəsilə Azərbaycan neftinin xarici bazarlara çıxraılmasının təmin edilməsində böyük töhfə vermişdir. Azəbaycanın demokratik-parlamentarist dövlət quruculuğunda istifadə etməli olduğu təcrübə məhz öz zəngin parlament ənənəsinə malik olan Böyük Britaniya Birləşmiş Krallığının təcrübəsdir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqelərinin dəstəklənməsi və Avropada Rusiyanın təxribatlarına qarşı öz sərt xətti ilə seçilən Britaniya dövləti ilə həm siyasi, iqtisadi, ticarət və təhlükəsizlik ilə bağlı münasibətlərin dərinləşdirilməsinə ehtiyac zəruridir.

İsrail dövlətidə daim Azərbaycanın strateji müttəfiqi kimi onun mövqelərinin beynəlxaq aləmdə dəstəklənməsində fəal iştirak edib. Təbii ki, İsrail ilə Azərbaycanı birbirinə sıx bağlayan Azərbaycanda yaşayan qardaş yəhudi icmalarının mövcudluğu olmuşdur. Azərbaycanda toleratnlıq hansısa bir siyasi rejimə görə deyil məhz uzun illərdir Azərbaycan xalqının özündən gələn bir davranışdır. Bəzən bunu mövcud siyasi rejimə bağlamağa cəhd edənlər çox gülünc bir iddia etdiklərinin fərqində belə deyillər. İsrail ilə Azərbaycanı həm də geosiyasi reallıqlar bir-birnə yaxınlaşdırır. Ermənistan və İran molla rejiminin sıx mütəffiqliyi İran rejimi üçün 2 faktor baxımından vacibdir: 1) Azərbaycanın İranın şimalında yaşayan Azərbaycan türklərinə verə biləcəyi dəstəyin qarşısını almaq, 2) Azərbaycan-İsrail əlaqlərini Ermənistanla güclü əlaqələr quraraq Azərbaycana qarşı balans yaratmaq. İsrail ilə Azərbaycan mövcud regional təhlükələrə qarşı birgə çıxış edərək həm hərbi, siyasi diplomatik və elcəcə də texnoloji müstəviləri əhatə edən geniş münasibətlərə sahib olmalıdırlar. İsrail dünyada öz texnoloji yeniliklərinə görə öncül yerlərdən birini tutur. ( hərbi sənaye və digər sahələrdə) Hətta İsraildən kənd təsərrüfatının inkişafı üçün lazımı texnologiyaların alınmasının və əməkdaşlığın genişləndirilməsinə də ehtiyac vardır.

Azərbaycanda siyasi fəallığın artırılması və insan hüquqlarının qorunması istiqamətində hansı işlər görülməlidir ?

İlk öncə onu vurğulamaq istərdim ki, siyasi fəallığın artırılması üçün Azərbaycanda olan  ictimai- təşkilatlarda və partiyalarda köklü dəyişikliklər baş verməlidir. Faktiki olaraq institusional siyasi partiya və ya təşkilatın olmadığı ölkədə müxalifət partiyları daxilində Əliyev rejimində olduğu tək adam iradəsi hakim olub. Bu halda narazı çoxluğun siyasi fəaliyyətə qoşulması çətin olur. Yəni insanlar hakimiyyətlə müxalifət arasında elə də böyük fərqin olmadığını, tənqidə və ya alternativ fikrə dözümsüzlüyün mövcudluğunu, tək adam iradəsinin əsas alındığı, partiya sədrliyinə seçkilərin keçirilmədiyi və ən əsası platforması olmayan siyasi partiyaların olduğu mühitdə siyasi fəaliyyətdən kənar qalır. Bunun üçün insanlarla işləməyin onlara Azərbaycanın həqiqi sahiblərinin məhz vətəndaşlar olduğunu və gələcək ailələri-nəsilləri üçün xoşbəxt-firavan-azad ölkənin qurulmasının vacibliyini çatdırmaq lazımdır. Hər halda siyasətin və ya siyasətçinin əsas vəzifəsi insanlarla işləmək və onların içində olmaqdır. İnsan haqları ilə bağlı məsləyə gəldikdə isə təəsüflə qeyd etmək lazımdır ki, vaxtilə bəzi QHT-lər bu sahədə iş görmədilər. Ayrı-ayrı şəxslər yalnız öz şəxsi mənafelərini güdərək QHT vasitəsilə şəxsi həyatlarını yaxşılaşdırarkən bəlli idi ki, Azərbaycandakı QHT-lər Gürcüstanda
Şevernadze hakmiyyətini qarşı müxalifət funksiyası oynayan gürcü QHT- lərindən çox fərqlənirlər. Hər halda hazırkı şərtlər altında ən optimal çıxış yolu Qərb diplomatları, millətvəkilləri, siyasilərinə Azərbaycanda insan haqlarının tapdalnması və Əliyev rejiminə qarşı sanksiya tədbirlərinin görülməsinin vacibliyini vurğulamaqdır .

Dünya dəyişir və dünyanın bir çox dövlətləri demokratikləşir və yeni inkişaf dönəminə qədəm qoyur. Azərbaycanı bu prosesdən kənarda saxlayan faktorlar xarici yoxsa daxili faktorlardır? Siz bunu necə görürsünüz?

Mən bunu daxili faktorlala bağlayıram. Azərbaycan siyasəti bir durğunluq halındadır və adaptasiya sindromu həm xalqın və həm də müxalif qrupların ölkənin siyasi həyatında heç bir təsir etmə imkanına malik olmamasına gətirib çıxardıb. Azərbaycanda nə siyasi rejim dəyişib, nə də ki müxalifət. Modern mübarizə metodları, ideyları və yanaşmalarından məhrum olan insanların siyasətdə olduğu ölkədə yeni nəsil yüksək təhsilli gənclərin olmasına ehtiyac vardır. Yəni 30 il bundan əvvəlki yanaşmalar və ya dəyərlər müasir dövrünkündən çox fərqlidir. Bu səbədən də yenilikçi, modern, universal dəyərləri özündə ehtiyava edən yeni siyasi fiqurlara və beyinlərə ehtiyac vardır. Dəyərlər sistemi dəyişməlidir.

Demokratik islahatlar ilkin olaraq haradan başlamaq lazımdır?

İlkin olaraq Azərbaycanda yeni konstitutsiyanın qəbul edilməsi vacibdir.Yəni hüquqi dövlət quruculuğu islahatların ilk hədəfi olmalıdır. Lazımsız requlasiyalar, hansılar ki siyasətin, biznesin, iqtisadiyyatın qarşısında əngəl törədir aradan qaldırılmalı dövlətin iqtisadiyyatda rolu sıfıra endilməlidir. Korrupsiyaya yol açan hüquqi aktlar ləğv edilməlidir. Siyasi sistemin müəyyən edilməsi, konstitutsion hüquqların bərpası və artırılması azad seçkilərin keçirilməsi və qanunçuluğun prioritet olduğu bir mexanizmin yaradılması çox vacibdir. Əgər sadaladığımız bu məsələlər həll edilməzsə, digər vacib islahatların həyata keçirilməsi mümkin deyil.

Çox sağ olun, minnətdarıq.

Söhbətləşdi : CEYHUN NƏBİ

Sozcu.az

Facebook Comments