Azərbaycan sadəcə olaraq 21 iyuna hazır olmalıdır, yəni hər iki varianta…

Düşmən ölkə seçkilərə hazırlaşır. Üç həftədən sonra keçirilməsi nəzərdə tutulan növbədənkənar seçkilərin nəticələri bizim üçün nə dərəcədə önəmlidir? Bütövlükdə bizə düşmən olan bir toplumun içərisindən çıxan siyasi qüvvələrin hansınınsa qalib gəlməsi məntiqlə bəlkə də fərq etməməlidir. Paşinyanın bizə bu günkü və perspektiv münasibəti özünün dediyi “idarə olunan düşmənçilik” prinsipi üstündə qurulub. Koçaryan isə mövcud vəziyyəti tamamilə dəyişdirmək, 10 noyabr bəyanatını “layiqli sülh” adı altında ləğv edib, Qarabağda erməniləri razı salan yeni status-kvo yaratmaq istəyir. Bura Şuşanın və Hadrutun qaytarılması kimi xəyalları və status məsələsinin həll olunması daxildir. İndiki halda bizim üçün “iki pisdən birini seçmək” yanaşması işləmir, ona görə ki, bizim “seçim” deyilən mexanizm yoxdur. Biz sadəcə olaraq 21 iyuna hazır olmalıyıq, yəni hər iki varianta uyğun hazır hərbi-siyasi planlarımız olmalıdır.

Paşinyan ermənilərin ifadə etdiyi kimi “məğlubiyyətin simvoludur”, onun atdığı addımlar Ermənistanı böhrandan çıxarmaq üçün hələ ki, nəticələr vermir və ölkədə total böhran davam edir. Amma, onu da nəzərə alaq ki, müharibədən sonra yaranmış ən kritik dönəmləri Paşinyan və komandası nisbətən atlada bildi və çıxış yolu kimi növbədənkənar parlament seçkilərinə getməyə qərar verdilər. Deməli, müəyyən qədər özlərinə, elektoratlarına güvənirlər, baxmayaraq ki, bu elektorat qələbə üçün yetərli deyil. Keçirilən sorğularda rəqibləri ilə müqayisədə müəyyən üstünlükləri görsənsə də, adətən sorğu nəticələri heç vaxt yüz faizlik həqiqəti əks etdirmir və qonşuların da kütlə psixologiyasında hakimiyyət xofunun qaldığını unutmamalıyıq. Paşinyanın problemlərindən biri də odur ki, rəqiblərindən fərqli olaraq onun komandası ilə koalisiya qura biləcək siyasi qüvvə yoxdur. Bu seçkilərdə bir siyasi qüvvənin qalib gəlib hökümət qurmaq şansı bu gün görsənmir. Bu üç həftədə isə mənzərənin hər iki tərəf üçün dəyişməsi istisna deyi. Paşinyanın rəqibləri də son anda öz aralarında koalisiyaya gedə bilərlər.

Aparıcı müxalif qüvvələr olan “Ermənistan” və “Şərəf naminə” təkbaşlarına qalib ola bilməsələr də, koalisiyaya qurmaqları mümkün variantdır. Üstəlik, “Çiçəklənən Ermənistan” blokunun da bu koalisiyanın üzvü ola bilməsi istisna deyil. Belə bir koalisiyanın liderinin Koçaryan olacağı şübhə doğurmur. Erməni cəmiyyətinin keçmiş rəhbərlərə nifrəti və qəzəbi olsa da, bəzən kütlə ölkənin düşdüyü kollaps vəziyyətdən çıxmanın yollarını əlacsızlıqdan avtoritar, korrupsioner liderlərin hakimiyyətə gəlməsində görürlər. Üstəlik, seçicilərin içərisində Qarabağ əslli ermənilərin müəyyən faiz təşkil etdiyini qeyd etmək lazımdır.

Bu 21 gün ərzində Ermənistan-Azərbaycan sərhədlərində situasiyanın bir az da gərginləşməsi mümkün variantdır və nəticədə yarana biləcək narazılığın artması da ola bilər ki, bu da seçkilərdə Paşinyan hakimiyətinin əleyhinə işləyəcək. Paşinyan bütün gərginliklər zamanı KTMT-yə müraciət etsə də onun müsbət reaksiyasının olmayacağını əvvəlcədən bilirdi, amma bununla erməni cəmiyyətinə göstərmək istəyirdi ki, Ermənistanın indiki təhlükəsizlik sistemi effekt vermir. O, Minsk Qrupu başda olmaqla sərhədlərə beynəlxalq qüvvələri yerləşdirmək təklifi, təşəbbüsü ilə çıxış etməklə Qərbmeyilli olduğunu dolayısı yolla lazım olan instansiyalara çatdırmış oldu. Bu gediş həm anti Rusiya meyllərini artırır, həm də müxalifət bu təşəbbüsün məqsədli olaraq anti Rusiya xarakteri daşıdığını bildirib Paşinyanın əleyhinə istifadə edə bilər və erməni cəmiyyətinin əksər hissəsinin Rusiya meylli olduğunu nəzərə alsaq, bunun seçkinin nəticələrinə əhəmiyyətli təsiri olacağını da demək mümkündür.

Yuxarıda qeyd olunanlar və Azərbaycanla Ermənistan arasında baş verə biləcək gərginliklər seçkinin keçirilməsinə təsir edə bilərmi? Gərginliyi müharibə səviyyəsinə çatdırıb ölkədə müharibə vəziyəti elan etməklə seçkilərin ləğv olunması, başqa vaxta keçrilməsi mümkündürmü? Ermənistan siyasi həyatına ciddi təsiri olan Rusiyanın buna imkan verməsi inandırıcı görsənmir. Paşinyanın da süni gərginlik yaradıb, müharibə vəziyyəti elan etməsi, seçkiləri təxirə salması ölkəni daha da qarışdara bilər.

Ona görə də, Azərbaycan 21 iyun variantlarına hazır olmalıdır. Koçaryanın hakimiyətə gəlməsi onun Putinlə birgə siyasət yürüdəcəyinə və Qarabağdakı status-kvonu maksimum öz xeyirlərinə inkişaf etdirəcəyinə şübhə yeri qoymur.

Azərbaycan prezidenti İlham Əliyev çıxışlarında məhz Koçaryan-Sarkisyan ordusu üzərində qələbə çaldığımızı, Koçaryanın bir hərbi cinayətkar olduğunu vurğulaması göstərir ki, Koçaryanın hakimiyətə gəlişi bizim ritorikamızı daha da sərtləşdirəcək. Sərt mövqemiz Qarabağ probleminin həllini sürətləndirə bilər. Hər halda 21 iyunun istənilən nəticəsinə Azərbaycanın siyasi-hərbi hazırlığı yüksək səviyyədə olmalı, düşmənin düşdüyü böhrandan çıxmasına, dirçəlməsinə imkan vermədən, şərait yaratmadan işğalda olan torpaqlarımızda Azərbaycanın de-fakto ərazi bütövlüyünü təmin etmək istiqamətində aktiv fəaliyyətə keçməlidir.

İlham İsmayıl

Facebook Comments