Rusiya ilə üz-üzə qalan Azərbaycanın geriyə yolu yoxdur…

Rusiya öz əsgərlərinə sülhməramlı donu “geyindirib” noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan ərazisi olan keçmiş Dağlıq Qarabağa dürtəndə, Azərbaycan cəmiyyətinin əksər hissəsi rəsmi Moskvanın niyyətinin heç də ağ olmayacağını dərhal anlamışdı. Doğrudur, bir qisim insanlar “ortada Türkiyə, Pakistan, beynəlxalq hüquq, beynəlxalq təşkilatlar var” – deyib, hər şeyin yaxşı olacağına güman etsələr də, hazırda görünən odur ki, hələ heç nə tam olaraq yaxşı deyil.

Əvvəlcə ondan başlayaq ki, Rusiya məlum üçtərəfli bəyanatın 4-cü bəndini bilərəkdən yerinə yetirmək istəmir. Çünki erməni separatçı-terrorçu qruplarının mövcud olduqları məkanda öz “fəaliyyətlərini” davam etdirməsi, bilavasitə Rusiyanın bu bölgədə uzunmüddətli, bəlkə də hələ həmişəlik qalmasına münbit şərait yaradır. Bununla yanaşı, “humanitar”, “slhsevər” donlu rəsmi Moskva öz əlaltılarından minalı ərazilərin xəritəsinin alınıb Azərbaycan tərəfinə verilməsində də maraqlı görünmür. Bu, Moskvanın Azərbaycan Ordusunun işğaldan azad etdiyi əraziləri tezliklə minadan təmizlənməsi işinə bilərəkdən əngəl olduğunu sübut edir. Rusiya soxulduğu Azərbaycan ərazisində yalnız kommunikasiya xətlərinin açılmasında maraqlıdır ki, buradan həm özü, həm də Ermənistan yararlansın.

Bütün bu oyunbazlıqları görən rəsmi Bakı haqlı olaraq Şuşaya atılmış “Rusiyalı İsgəndəri” gündəmdə saxlayır, danlayır və içi boş başını “şapalaqlayır”. Hətta dünyanın gözü qarşısında Rusiyanın qürrələndiyi bu ən yeni və güclü silahını dövranı getmiş köhnə eksponat kimi açıq muzeyə qoyub sərgiləyir. Digər tərəfdən isə bu qənimətlər parkında və ya muzeydə sərgilənən başqa məhv edilmiş texnikaların Şoyqunun “taxta-şalbanı” olduğundan, Azərbaycan Ordusunun Qarabağ savaşında yalnız Ermənistanı deyil, dolayısı ilə elə Rusiyanı da məğlub etdiyini demək olar. Bu isə Moskvanı şübhəsiz ki, “yandırmaya” bilməz.

Bu üzdən də Azərbaycanın bu haqlı tələb və iradlarını qəbul etmək əvəzinə indi Rusiya növbəti dəfə əsl simasını ortaya qoyaraq düşdüyü bu rüsvayçılıqdan xilas olmaq üçün rəsmi Bakıya müxtəlif təzyiqlər göstərməyə can atır.

Diqqət edin, 31 martda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfransından iki həftə sonra, MDB-yə üzv dövlətlərinin Parlamentlərarası Assambleyasının plenar iclasında Rusiya Daxili İşlər Nazirinin birinci müavini Aleksandr Gorovoy öz ölkə Prezidentinin fərmanına əsasən, hazırda Rusiyada qeyri-leqal yaşayan 332 min Özbəkistan, 120 min Azərbaycan, 115 min Qırğızıstan və 49 min Qazaxıstan vətəndaşının 15 iyunadək ölkəni tərk etməsi şərtini qoydu. Doğrudur, bu sırada 247 min Tacikistan, 152 min Ukrayna, 56 min Moldova və hətta 61 min Ermənistan vətəndaşı olduğu göstərilsə də, ancaq heç şübhəsiz ki, əsl hədəf Türk dövlətlərindən olan miqrantlardır. Maraqlıdır, məgər dünənədək Rusiya öz demoqrafik problemlərini aradan qaldırmaq xatirinə postsovet respublikalarından olan vətəndaşlara Rusiya vətəndaşlığı almaları üçün sadələşdirilmiş şərtlər irəli sürmürdümü? İndi nə oldu bəs, birdən-birə Nataşalar əkiz və ya üçəm uşaq dünyaya gətirməyə başladımı? Əlbəttə ki, yox!

Görünür buna əsl səbəb Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşkilatın əsas məqsədinin türk dünyasını ən vacib iqtisadi, mədəni məkanlardan birinə çevirmək, həmçinin, Türküstan şəhərinin türk dünyasının mənəvi paytaxtlarından biri olduğunu deməsi, sanki Moskvanın şovinistlik tellərinə toxunaraq onun soyuq başına qaynar su tökmüş kimi oldu və o da ilkin mərhələdə təzyiq üsulu kimi biçarə miqrantları hədəfə aldı.

İndi Rusiya “İsgəndərini” Bakının qapazaltısından xilas etmək, həçinin özünün sülhməramlılarına ağ don geyindirmək üçün Azərbaycanı gah ATƏT-in Minsk qrupunun Ermənistanın xeyrinə hesablanmış məkrli bəyanatı, gah da Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına çağırış etməsi ilə sözün əsl mənasında qıcıqlandırmağa çalışır. O bəyanat ki, Azərbaycanda hərbi əsir deyil, yalnız 62 terrorçunun olduğu bildirildiyi halda, sanki qəsdən “Müharibə əsirlərinin və digər məhbusların beynəlxalq humanitar hüququn müddəalarına uyğun olaraq geri qaytarılması”ndan söz açılır. Bu azmış kimi, separatçılara hərtərəfli dəstək göstərmək məqsədi ilə “Beynəlxalq humanitar təşkilatların nümayəndələri daxil olmaqla Dağlıq Qarabağa giriş məhdudiyyətlərinin götürülməsi” şərt olaraq irəli sürülür. Üstəlik, utanmadan 30 il ərzində gözləri kor olub erməni işğalında zorən saxlanan Azərbaycan rayon və kəndlərinin vəhşicəsinə viran olunmasını görməyənlər, indi dini, mədəni irsin qorunmasından və mühafizəsindən söz açırlar. Azərbaycan xalqına qarşı tarix boyu qanlı cinayət törətmiş terrorçulara az qala bəraət qazandıraraq, heç nə olmamış kimi həyasızlıqla “münaqişədən təsirlənmiş icmalar və digər xalqlar arasında etimad qurulması tədbirləri üçün birbaşa təmasların və əməkdaşlığın inkişaf etdirilməsi”ndən dəm vururlar.

Burada sual yaranır: ATƏT-in cənab “üç muşketyorları, əgər Atos, Portos və Aramis “hamı bir nəfər üçün, bir nəfər hamı üçün”, deyirdisə, ancaq siz 27 il “hamı Ermənistan üçün” dediyinizi Azərbaycanda artıq hər kəs yaxşı anlayır. Sizin bəyanatınızdan ürəklənən erməni terrorçular və Ermənistanın baş diplomatı Ara Ayvazyan əgər indi yenə də “Qarabağ münaqişəsinin son həlli yalnız Dağlıq Qarabağın statusu və öz müqəddəratını müəyyənetmə hüququnun həyata keçirilməsi əsasında mümkündür”, deyirsə, burada hansı etimaddan söhbət gedə bilər?

Əslində ATƏT-in Minsk qrupu adı ilə bu bəyanatın da arxasında əsasən Rusiyanın olduğu görünür. Digər tərəfdən də sanki, Rusiya Ermənistana tapşırıb ki, Dağlıq Qarabağın status və özünümüəyyənetmə məsələsini dayanmadan gündəmdə saxlamaqda davam etsin. Çünki münaqişə tərəfləri barışmış olsalar, onda Rusiyanın burada işi bitmiş olar. “İşbaz” Rusiya isə buna heç vaxt yol vermək istəməz. Bəlkə də məhz bu üzdəndir ki, Moskva Xocalının Azərbaycan xalqı üçün həssas bir məkan olduğunu bildiyi halda, bu məkanda ən azı 613 günahsız insanın soyqırıma məruz qaldığını yaxşı xatırlasa da, ancaq buna məhəl qoymadan 9 may günü öz sülhməramlılarının çəkmələrinin səsi ilə 29 il öncə qətlə yetirilmiş xocalıların ruhlarını düşməncəsinə narahat etməkdən zərrə qədər utanmır. Əlbəttə, Rusiyanın bu addımı da öz “İsgəndərinin” üzə çıxmış eybinin ört-basdır edilməsi üçün rəsmi Bakıya etdiyi növbəti təzyiq kimi qiymətləndirilməlidir. Bu isə o deməkdir ki, Azərbaycan öz doğma torpağında bu dəfə heç də Ermənistanla deyil, məhz Rusiya ilə birbaşa üz-üzə qalıb.
Ancaq bütün bu təzyiqlərə baxmayaraq, rəsmi Bakının Rusiyaya qarşı iradə göstərərək öz mövqeyində möhkəm dayanması cəmiyyət tərəfindən 44 günlük müharibədə olduğu kimi tam səmimiyyətlə dəstəklənir. Hazırda Rusiya ilə üz-üzə qalan Azərbaycanın bir addım belə geriyə yolu yoxdur. Çünki, bu yolun həm önü, həm də arxası Vətəndir!

Mübariz Azərbaycanlı, müstəqil jurnalist

Facebook Comments