Azərbaycan Rusiyaya nota verdi

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı, 14 noyabr tarixində təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib. Son partlayış nəticəsində Səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırlanıb. Xüsusilə, 2022-ci il 10 mart tarixində Azərbaycan Respublikasının Xarkiv şəhərindəki Fəxri Konsulluğunun binasına aviazərbə nəticəsində inzibati binanın ciddi dağıntılara məruz qaldığı və xidməti avtomobilin yararsız hala düşdüyü qeyd edilib. Bununla yanaşı, 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən "Kinjal" raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasından təqribən 35 addım məsafədə diametri təxminən 3 metr olan krater yarandığı və yer səthindən 8 metr dərinlikdə detonasiya baş vermədiyi üçün partlamamış sursat aşkar edildiyi bildirilib. 2025-ci il avqustun 28-də isə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasının və konsulluq şöbəsinin, Səfirin rezidensiyasının zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəydiyi diqqətə çatdırılıb. Eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edildiyi, nəticədə işçilərin xəsarət aldığı infrastruktura böyük zərər vurulduğu xatırlanıb. Bütün bu faktların, raket hücumlarının məqsədli olması barədə suallar yaratdığı vurğulanıb. Eyni zamanda, bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırlanıb. Görüşdə, diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbiledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub.

Şirvanda silah zavodunda partlayış: ölən var

Bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin saytında məlumat yerləşdirilib. Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı Adil Balaş oğlu İsmayılov həlak olub. Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Səfirliyə hücum: Zelenski İlham Əliyevə zəng etdi

16:05 Noyabrın 14-də Ukrayna Prezidenti Vldimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Sozcu.az xəbər verir ki, Vladimir Zelenski Rusiyanın raket zərbəsi nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını qınayıb və bu hadisə ilə bağlı ciddi narahatlığını bildirib. Dövlətimizin başçısı da öz növbəsində ölkəmizin Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib və bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb. Telefon söhbəti zamanı Vladimir Zelenski ölkəmizin Ukraynaya humanitar dəstəyinə görə təşəkkürünü bildirib. Dövlət başçıları, həmçinin ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar.

Vəzifə verilən şəxslərə niyə nifrət edirlər? - Təzə təyinatlar, köhnə travmalar..

Prezident İlham Əliyevin bir neçə rayonun icra başçısını dəyişməsi haqqında sərəncamlardan sonra sosial şəbəkələrdə, saytlarda yeni təyin olunan şəxslərin hansı vəzifəli və ya tanınmış adamların övladları, qohumları və ya yaxınları olması barədə məlumatlar yayıldı. Bu xəbərlərin, paylaşım dalğasının ardından cəmiyyətdə eyni sual yenidən gündəmə gəldi: “Bəs bu təyinatlar hansı meyara görə edilir? Doğrudanmı, ölkədə vəzifə təyinatları yalnız qohumluq bağları üzərindən verilir?” Bu narazılıq ilk baxışda emosional görünə bilər. Amma əslində, bu sualları doğuran cəmiyyətin içində yığılan uzun illərin ədalət gözləntisi, şəffaflıq tələbi və güvənsizlik sindromudur... Qohum olmaq hüquqi qadağadır? Azərbaycan qanunvericiliyinə görə, dövlət qulluğuna qəbul və rəhbər vəzifələrə təyinat zamanı əsas meyarlar təcrübə, təhsil, səriştə, peşəkarlıq və məsuliyyət daşıma qabiliyyətidir. Qohumluq əlaqəsi isə qanuni qadağa deyil. Yəni kimsə yüksək vəzifəli şəxsin övladı və ya yaxın qohumu olduğu üçün dövlət işindən məhrum edilə bilməz. Hüquqi baxımdan bu məsələdə 3 əsas amil nəzərə alınmalıdır. Bunlar maraqlar toqquşması baş verməməsi, korrupsiya risklərinin olmaması və vəzifə səlahiyyətlərindən sui-istifadə şəraiti yaranmasından ibarətdir. Başqa sözlə, hüquqi müstəvidə bu təyinatlarla bağlı hər hansı məhdudiyyət və ya problem yoxdur. Problem yalnız keçmiş acı təcrübələrin yaratdığı travmadadır. Yəni cəmiyyətin qıcıqlanmasının kökündə ədalət anlayışının zədələnməsi dayanır. Uzun illər boyu bəzi təyinatların şəffaf meyarlara əsaslanmadığını görən insanlar indi hər yeni təyinatı avtomatik olaraq “qohumbazlıq” prizmasından qiymətləndirirlər. Bu, bəzən doğru, bəzən isə yanlış psixoloji refleksdir. Kadr siyasətində əsas meyar şəffaflıq olsa da, cəmiyyətin sualı dəyişmir: “Bu adam nə edib ki, vəzifəyə gəlib?”, “Onun gözə görünən bir xidməti olubmu?”,“Yoxsa yenə kimsə xahiş edib, kiminsə xətrinə edilib?” və s. Qohumluğun "görünməyən" tərəfi - peşə ailədən gəlir Məsələnin sosioloji tərəfi də var ki, bu da əksər hallarda nəzərdən qaçırılır. Belə ki, istər ABŞ-də, istər Avropada, istər qonşu Türkiyədə müəyyən sahələrin ailə ənənəsi ilə davam etməsi tamamilə normal haldır. Məsələn, həkim ailəsində övladlar da həkim olur,• hüquqşünas ailəsində doğuilanlar bu sahəıni seçir, yaxud oğul hərbçi olan atanın yolunu davam etdirir və s. Başqa sözlə, bir çox gənclərin peşə seçimi çox vaxt mühitin təsirilə baş verir. Azərbaycan cəmiyyəti də tarixən bu model üzərində qurulub. Qədim türk ənənəsində “ata kimdirsə, oğul da odur” prinsipi həm peşə, həm də idarəçilik təcrübəsinin ötürülməsində mühüm rol oynayıb. Tarix boyu bir çox sənət sahələri — misgərlik, xalçaçılıq, zərgərlik, ağac oymaçılığı, muğam ifaçılığı, aşıq sənəti nəsildən-nəslə ötürülərək bu günə gəlib çıxıb. Məhz bu davamçılıq Azərbaycan tarixinin və mədəniyyətinin rəngarəngliyini qoruyub saxlayıb. Belə ailələrdə uşaqlar kiçik yaşdan həmin peşənin içində böyüyür, mühitin dili ilə danışır və nəticədə daha peşəkar və daha hazırlıqlı nəslin formalaşmasına səbəb olurlar. Bu, qohumbazlıq yox, peşə məktəbinin ailə daxilində davam etməsi kimi dəyərləndirilə bilər. İdarəçilik və dövlət qulluğu da çox hallarda bu mexanizmdən kənarda qalmır. Dövlətçilik mühiti olan ailələrdə yetişən övladların həmin sahəyə maraq göstərməsi tamamilə təbiidir. Beləliklə, problem heç də qohumluq əlaqələrində deyil, təyinatların şəffaf meyarlarla izah olunmamasındadır. Cəmiyyət yeni icra başçısı təqdim edilən zaman onun hansı təhsilə yiyələndiyi, hansı nailiyyətlərə imza atdığını görmədikdə ilk verdiyi reaksiya təbii olaraq “qohumbazlıq” olur. Məhz buna görə qohumluq faktı bəzən real bacarığı kölgədə qoyur. “Mənim uşağımın şansı varmı?” İnsanların qıcıqlanmasının ən vacib psixoloji səbəblərindən biri dəə öz övladları ilə bağlıdır. Valideynlər inanmaq istəyir ki, onun övladı da peşəkarlığı, biliyi və zəhməti ilə irəli gedə bilər. Əgər təyinatlarda şəffaflıq hiss olunmazsa, cəmiyyət belə düşünür: “Deməli, yenə eyni adamlar irəli verilir”, “Bacarıqlı gənclər yenə kənarda qalacaq” və s. Bu qorxu əslində hakimiyyətə qarşı deyil, gələcəklə bağlı narahatlıqlarla əlaqədardır. Ancaq cəmiyyətin gözləntisi mürəkkəb deyil. Hamı istəyir ki, birincisi, yeni təyinat alan şəxslərin peşəkar dosyesi ictimaiyyətə açıq şəkildə təqdim olunsun. Hər kəs görsün ki, bu insan təsadüfən deyil, real işinə görə yeni vəzifəyə təyinat alıb. İkinci gözlənti icra başçıları üçün konkret nəticə əsaslı qiymətləndirmə sisteminin tətbiq edilməsidir. Söhbət rayonun inkişafı, sosial xidmətlər, investisiya mühiti, infrastrukturun qaydasında olmasından, seçim proseslərində gənclərin, peşəkarların, müsabiqədən keçənlərin rolunun artırılmasındna gedir. Bütün bunlar təmin edildikdə “qapalı çevrə” mifi öz-özünə dağılacaq. Beləliklə, qapılar insanlara kimin qohumu olduğuna görə yox, ədalətə prinsipinə görə açılmalıdır. Ədalət isə tələb edir ki, qohumu olan da, olmayan da eyni meyarla yoxlanılsın və yalnız öz bacarığı ilə irəli getsin. Şəffaf sistem qurulduqca, cəmiyyət kimin kimə qohum olduğuna yox, kimin nə iş gördüyünə baxacaq. Azər, BakuPost

Paşinyandan “Tramp yolu” açıqlaması: 99 il...

Ermənistan "Tramp yolu"nun 49 və 99 il müddətinə icarəyə verilməsi üçün ABŞ-la iki variantı müzakirə edir. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən regional təhlükəsizlik konfransında deyib. Paşinyan qeyd edib ki, müddətlər investisiyalar və onların geri qaytarılması ilə bağlıdır: “İnvestorun investisiya qoyulan vəsaiti müəyyən mənfəətlə birlikdə geri alacağına dair zəmanəti olmalıdır. Ermənistan tərəfi bu müzakirələrdə siyasi komponent görmür - onlar sırf maliyyə və iqtisadi xarakter daşıyır. İcarə müddəti yalnız investisiyanın geri qaytarılması üçün lazım olan müddətdən asılıdır”. Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıb. Müvafiq bəyannamə imzalanarkən, icarənin 99 il müddətinə bağlanacağı bildirilmişdi.

Ukrayna Rusiyanın nəhəng neft terminalını vurdu

Noyabrın 14-də Rusiyanın Novorossisk şəhərindəki liman və neft infrastrukturuna raket və PUA-larla zərbələr endirilib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib. Onun sözlərinə görə, zərbələr nəticəsində Rusiyanın Qara dənizdəki ən böyük neft terminallarından birində yanğın baş verib. “Transneft” şirkətinin enerji infrastrukturundakı başlıca obyekti “Şesxaris” yükdaşıma kompleksi də vurulub.

Yeni Klinikada ana doğuş zamanı öldü

Yeni Klinikada doğuş zamanı ölüm faktı qeydə alınıb. Sozcu.az milli.az-a istinadla xəbər verir ki, paytaxt sakini Nərmin Əliyeva doğuş üçün Yeni Klinikaya üz tutub. Doğuş zamanı Nərmin Əliyeva vəfat edib, körpə isə sağ qalıb. Hazırda körpənin xüsusi şəraitdə saxlanıldığı bildirilir. Məlumata görə, bu Nərmin Əliyevanın ikinci hamiləliyi olub, 5 yaşında bir övladı var və doğuşdan əvvəl səhhəti ilə bağlı heç bir şikayəti olmayıb. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılır

Son zamanlar uşaqlar arasında yalnız qızdırma ilə müşahidə olunan xəstəlik yayılıb. Belə ki, xəstəlik daşıyıcısı olan uşaqlarda yüksək temperatur və halsızlıq əlamətləri görülür. Əksər valideynlər bunu qriplə qarışdırır. Həkimlər isə xəstəliyin qriplə əlaqəli olmadığını bildirirlər. Sozcu.az xəbər verir ki, bunu tibb eksperti, terapevt Rasif Bağırov Bizim.Media-ya açıqlamasında deyib. O bildirib ki, hazırda uşaqlar arasında müşahidə edilən xəstəlik qrip deyil: "Bu gün uşaqlar arasında soyuqdəymə halları artıb. Qızdırma yüksək olanda valideynlər bunun da qrip olduğunu düşünürlər. Bu səbəbdən uşaqları qripi müalicə etdikləri dərmanlarla sağaltmağa çalışırlar. Lakin bu, qrip deyil. Bu xəstəliyin adı FMF-Aralıq Dənizi Qızdırması adlanır. Bunu isə nə qədər müalicə etsən də, keçmir. Bir müddət sonra öz-özünə sağalır. Bəzən özünəxas müalicə forması olan bu xəstəlik genetik test və qan analizi verməklə müəyyənləşdirilə bilər. Yalnız bundan sonra qızdırma müalicəyə tabe olur".

Gizlətmirəm, İlham Əliyevlə bunu müzakirə etdik - Paşinyan

Ermənistan və Azərbaycan liderləri Kopenhagendə "Tramp yolu" boyunca elektrik xətlərinin və qaz kəmərinin çəkilişini müzakirə ediblər. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən regional təhlükəsizlik konfransında deyib. “Gizlətmirəm, Azərbaycan prezidenti ilə mən Kopenhagendə bu məsələni müzakirə etdik. İlkin olaraq o nəticəyə gəldik ki, ən tez elektrik xətti və qaz kəmərinin çəkilməsi olacaq. Ümid edirəm ki, gələcək müzakirələr bu məsələ ilə bağlı daha konkret detallara gətirib çıxaracaq”, - Paşinyan bildirib.

Sabirabadda dəhşət: kişi bacısını tüfənglə öldürdü

Sabirabad rayonunda dəhşətli qətl hadisəsi olub. Sozcu.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qardaşkənd ərazisində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü Ülviyyə Xudaverdi qızı Məmmədova ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib. Hadisədə mərhumun qardaşı, 1986-cı il təvəllüdlü Murtuz Xudaverdi oğlu Məmmədov şübhəli bilinir. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla M. Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Zelenski cəbhə xəttinə yollandı

Ukrayna Prezidenti Vladimir Zelenski Zaporojye vilayətindəki cəbhə xəttinə gedib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb. Məlumata görə, Zelenski Orexov istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 65-ci əlahiddə briqadasının döyüşçüləri ilə görüşüb.

Ermənistandan Azərbaycana qarşı təcavüzkar müharibə...

Noyabrın 13-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilir. Sozcu.az xəbər verir ki, məhkəmədə ittiham çıxışının verilmiş ittihamlar üzrə əməlin tövsifinə hüquqi qiymət hissəsi elan edilib. Dövlət ittihamını müdafiə edən prokuror bildirib ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının suveren ərazilərinin işğal edildiyini, bununla da Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibə apardığını təsdiqləyib. İttiham çıxışında göstərilib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzkar müharibə aktiv hərbi əməliyyatların aparılmadığı dövrdə belə faktiki olaraq dayandırılmayıb. Təcavüzkar müharibənin gedişində atəşkəs dəfələrlə pozulmaqla Azərbaycan Respublikası ərazisində qanuni fəaliyyət göstərən onun Silahlı Qüvvələrinin üzvləri, mülki şəxslər, onların əmlakları, mülki təyinatlı dövlət obyektləri, dini, təhsil, elm, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdiyi yerlər, habelə mühüm strateji əhəmiyyətə malik obyektlər, o cümlədən Bakı-Tiflis-Ceyhan neft kəməri hücum obyektinə çevrilib. Habelə bildirilib ki, işgəncələrin sistematik xarakter daşıması və geniş coğrafiyada yayılması işgəncənin tətbiqinin Ermənistan dövlətinin siyasətini əks etdirdiyini sübut edir. Vurğulanıb ki, Cenevrə Konvensiyalarına I Əlavə Protokol “işğal edən dövlətin öz vətəndaşlarının bir hissəsini işğal etdiyi əraziyə köçürməsini” cinayət sayıb. Qeyd edilib ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Sahakyan ifadələrində Azərbaycanın işğal altında olan bölgələrinə, xüsusən də Laçın rayonuna Ermənistandan əhalinin köçürüldüyünü təsdiqləyiblər. Eyni zamanda, bu faktlar məhkəmə istintaqında tədqiq edilmiş məktublar, erməni mənbələrin məlumatları və internet informasiya ehtiyatında olan məlumatlara əsasən təsdiq olunub. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

9 ildir axtarılan qadının qalıqları tapıldı - öldürülübmüş...

Ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirilir. Baş Prokurorluğun Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərin davamı olaraq, Cəlilabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2016-cı ilin aprel ayında itkin düşmüş Cəlilabad rayonu, Göytəpə şəhər sakini, 1982-ci il təvəllüdlü Xəyalə Xəlilovanın qəsdən öldürülməsi müəyyən edilib. İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Elnur Eynullayevin aralarında yaranmış mübahisə zamanı Xəyalə Xəlilovanı döyməsi, daha sonra onu boğaraq qəsdən öldürməsi və cinayəti gizlətmək üçün basdırmasına əsaslı şübhələr müəyyən edilib. Xəyalə Xəlilovanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. E.Eynullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı

Dövlət Sərhəd Xidməti Akademiyasının keçmiş rəis əvəzi general-mayor Faiq Məmmədov yeni vəzifəyə təyin olunub. Sozcu.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Faiq Məmmədov DSX rəisi general-polkovnik Elçin Quliyevin müşaviri vəzifəsinə təyinat alıb. Xatırladaq ki, Faiq Məmmədov Akademiyadan çıxarıldıqdan bir müddət sonra DSX aparatında çalışsa da, sonradan təqaüdə göndərilmişdi.

Gürcüstanın keçmiş baş naziri həbs edildi

Gürcüstanın keçmiş baş naziri, müxalif “Qaxariya naminə Gürcüstan” partiyasının lideri Giorgi Qaxariya barəsində qiyabi qaydada həbs qətimkan tədbiri seçilib. Sozcu.az xəbər verir ki, bu barədə Tiflis Şəhər Məhkəməsi qərar qəbul edib. Qiyabi həbs qərarı “Çorçana işi” üzrə qəbul edilib. Qərarla Gürcüstan Baş Prokurorluğunun vəsatəti təmin olunub.

Azərbaycanlı jurnalist faciəvi şəkildə öldü

Azərbaycanın tanınmış jurnalisti, "Avronyus" (Euronews) telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həyatını itirib. Sozcu.az xəbər verir ki, bu barədə jurnalistin yaxınları məlumat verib. Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri olub. Onun "Avronyus" üçün hazırladığı reportajlar, ələlxüsus da, 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən sujetləri obyektivliyi və dərin peşəkarlığına görə ona böyük nüfuz qazandırıb. (Mənbə: Trend)

Komitə sədri sertifikasiyadan kəsilən müəllimlərdən danışdı: “Neçə il pul almısansa, geri qaytar”

Bəzən bir valideyn 3-cü və ya 4-cü sinifdə oxuyan uşağının dediklərinə əsaslanaraq, müəllimi ittiham edir. Bəzən birinci kurs tələbəsi 40-50 il təcrübəsi olan professoru haqsız yerə tənqid edir. Bu, reallıqdır. Ona görə də təhsillə bağlı problemlər kifayət qədər çoxdur. Hər kəs danışır, amma bu danışanlar haqqında heç bir məsuliyyət nəzərdə tutulmur. Azərbaycan təhsili sovet təhsil sistemindən xilas olub, amma hələ də tam azad deyil. Müstəqillik dövründə çoxsaylı uğurlar qazanılıb. Sozcu.az xəbər verir ki, bunu Elm və təhsil komitəsinin sədri Anar İsgəndərli parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. Komitə sədri sertifikasiya prosesinin önəmindən də danışıb.  “Mən Tbilisidə arxivdə işləyərkən bir gürcü həmkarım mənə dedi ki, Azərbaycanın bəzi rayonlarına getmək istəyir. Səbəbini soruşdum. O dedi ki, əvvəllər fermanın üzərinə universitet adı yazıb tələbə yığırdılar. Həmin tələbələr nə dərs keçirdi, nə də orada tədris üçün şərait var idi. Sadəcə, diplom alınırdı. O diplomlar bu gün başımıza bəla olub. Minlərlə insan həmin diplomu alıb şəkilçi ilə bağlayıcını aid edə bilmir. Sertifikasiya imtahanı keçirməyib nə edək? Hər ay komitə sədri kimi qəbulum olur.  Qəbuluma gələnlərin əksəriyyəti qadınlardır. Bəziləri deyir ki, 2-3 bal çatmadı. Amma fakt budur ki, sən imtahandan keçməmisən. Onda məsələni belə qoyaq, - neçə il dərs demisən, pul almısansa o pulu geri qaytar. Çünki o tələbləri ödəməyib.  Əgər müəllim savadlı deyilsə, onun keçirdiyi dərsin nəticəsi də olmayacaq. Təhsil keyfiyyəti müəllimin keyfiyyətindən başlayır".

İcra başçıları nə qədər maaş alır? - Siyahı

İqtisaçı ekspert Natiq Cəfərli icra başçılarının maaşları ilə bağlı maraqlı məlumat paylaşıb. Sozcu.az xəbər verir ki, o, icra başçılarının maaşlarının inzibati-ərazi vahidləri üzrə bu cür maaş aldıqlarını qeyd edib: Bakı şəhər icra başçısı – 7650 manat. Gəncə, Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat. Əhalisi 100 mindən çox olan rayonlar – 4587,5 manat (Abşeron, Masallı, Şəmkir və s.) Əhalisi 50-100 min arası olan rayonlar – 4225 manat (Ucar, Lerik, Beyləqan və s.) Əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat (Xızı, Sədərək, Daşkəsən və s.). Ekspert əlavə edib ki, bu məbləğdən 14% gəlir vergisi, 3% DSMF, 2% tibbi sığorta, 0,5% işsizlik sığortası, bir faiz də YAP-a üzvlük haqqı tutulur: “Yeri gəlmişkən, bu maaşlar 1 mart 2022-ci ildən sonra artıb, həmin tarixdən icra başçılarının əsas maaşına 1,5 misli əlavə verilir. Yəni, məsələn, 2022-ci ilə qədər Bakı şəhəri icra başçısının maaşı cəmi 3060 manat idi. Məmləkətdə ərazi və əhalisi böyük olmayan Xızı rayonu var, 2012-ci ildən həmin rayonun icra başçısı eyni insandır. Bu məmur 2012-ci ildən 2022-ci ilə qədər ayda, bütün vergiləri çıxandan sonra, 1700 manata yaxın maaş alırmış, indi bütün ödənişləri çıxandan sonra 3000 manat civarında maaş alır. Sizcə, bu məmur 10 il 1700 manat, son 3 ildə isə 3000 manat maaşa necə dolanıb, yaşadığı ev, sürdüyü maşın bu gəlirə uyğundurmu?! Söhbət bir tək Xızı rayonundan getmir, istənilən rayonun icra başçısı ilə bağlı eyni sözləri, yanaşmanı söyləmək olar”. N.Cəfərli bildirib ki, Azərbaycanda icra başçıları instutu köhnəlib.

Fuad Nəcəfli vəzifədən buna görə azad edilib

Xəbər verdiyimiz kimi, Fuad Vahid oğlu Nəcəfli ötən gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, Fuad Nəcəfli Naxçıvanda Dövlət Proqramı layihəsini gecikdirdiyinə görə işdən çıxarılıb. Qeyd edək ki, F.Nəcəfli 2022-ci ilin dekabr ayında həmin vəzifəyə təyin edilmişdi.

Türkiyə C-130 təyyarələrinin uçuşunu dayandırdı

Türkiyə C-130 təyyarələrinin uçuşunu dayandırıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Sözügedən qərar Gürcüstan-Azərbaycan sərhədində C-130 hərbi yük təyyarəsinin qəzaya uğramasından sonra inventarda olan digər C-130 təyyarələrinin uçuşlarının ehtiyat tədbiri olaraq həyata keçirilib.

Bu kəndlərə növbəti köç karvanları yola salındı

Xocalı rayonunun Daşbulaq və Badara, həmçinin Ağdərə rayonunun Vəngli kəndlərinə növbəti köç karvanları yola salınıb. Sozcu.az xəbər verir ki, bu mərhələdə Daşbulağa 9 ailə (31 nəfər), Badaraya 6 ailə (19 nəfər), Vəngliyə isə 11 ailə (45 nəfər) köçürülür. Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bununla da Daşbulaq kəndinə qayıdan ailələrin sayı 30-a (122 nəfər), Badaraya köçürülən ailələrin sayı 37-yə (136 nəfər), Vəngliyə qayıdan ailələrin sayı isə 96-ya (374 nəfər) çatacaq.

İş yerinə dair arayışın alınması "mygov”a köçürüldü

“mygov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara daha bir rəqəmsal xidmət təqdim olunub. Bu barədə Axar.az-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib. Məlumata görə, “iş yerinə dair arayışın alınması” xidməti artıq “mygov” platformasında da istifadəyə verilib. Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb. Yeni xidmət vətəndaşlara iş yerlərinə dair arayışı birbaşa “mygov”dan əldə etməyə imkan yaradır. Hazırlanmış sənəd elektron formatda (PDF) yüklənir və təqdimata hazır olur. Arayışı viza, kredit, ipoteka və ya digər rəsmi məqsədlər üçün təqdim edilə bilər. Xidmətdən istifadə qaydaları aşağıdakı kimidir: Vətəndaş “mygov” platformasında “Xidmətlər” bölməsində “Məşğulluq” kateqoriyasına daxil olur. “İş yerinə dair arayışın alınması” xidmətini seçir. Sistem avtomatik olaraq istifadəçinin aktiv əmək müqaviləsini yoxlayır və mövcud müqavilələrdən biri seçilir. İstifadəçi arayışda görünəcək məlumatları özü müəyyən edir: əməkhaqqının göstərilib-göstərilməməsi, arayışın məqsədi (viza, kredit, ipoteka və s.) və əlaqə nömrəsi. Əgər arayış müəyyən bir quruma təqdim olunacaqsa, istifadəçi həmin qurumun VÖEN-i və ya adını daxil edə bilər. Təsdiqdən sonra sistem avtomatik olaraq arayışı yaradır, ona unikal sənəd nömrəsi və QR kod əlavə edir. Vətəndaş yaradılmış sənədi elektron formatda yükləyə və istənilən quruma təqdim edə bilər. Bundan əlavə, kənar qurumlar və ya şəxslər arayışın doğruluğunu QR kod vasitəsilə, sənəd nömrəsini daxil etməklə, həmçinin “my.gov.az” portalında “Sənəd axtarışı” bölməsi vasitəsilə onlayn şəkildə yoxlaya bilirlər. Bu xidmətin istifadəyə verilməsi dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır. Yenilik sayəsində vətəndaşlar gündəlik əməliyyatlarını daha sürətli, şəffaf və rahat şəkildə həyata keçirə biləcəklər.

Bütün hərbçilərin nəşi tapıldı

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin həlak olan 20 hərbçilərin hamısının nəşi tapılıb. Sozcu.az "A Haber"ə istinadən xəbər verir ki, bu barədə telekanalın bölgəyə ezam olunan müxbiri məlumat verib. Qeyd edək ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin bütün üzvləri həlak olub. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və ilk dəfə yerli sakinlər tərəfindən aşkar edilib. Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Qəzalı məktəblər nə vaxt təmir olunacaq? - Nazir AÇIQLADI

Son 5 il ərzində qəzalı məktəblərin sayı təxminən 2,5 dəfə azalıb. Biz minə yaxın məktəbdən bu gün artıq 400-dən aşağı sayda məktəbə enmişik. Bu isə hər il orta hesabla 100 məktəbin yenidən tikilməsi və ya əsaslı təmiri deməkdir.  Yerdə qalan təxminən 400-dən az məktəbimiz var ki, bunların ya əsaslı təmirə, ya da yenidən tikintiyə ehtiyacı var. Bu məsələnin həlli isə bir mənalı şəkildə hər il bu istiqamətdə ayrılan maliyyədən və planlı yanaşmadan asılıdır. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib. Düzgün başa düşmək lazımdır ki, bu məktəblərin hamısının bir ilə təmiri və ya yenidən tikilməsi mümkün deyil. Bu, təbii ki, obyektiv səbəblərlə bağlıdır. Lakin  bu proses yəqin ki, 6-7 ilə əsaslı şəkildə həll oluna bilər. Biz əsasən ilk növbədə daha böyük məktəblərin bərpası ilə məşğuluq.