Mən onu bağışlamamışam, sən də bağışlama. Hamının yükü özü üçün ağır olur. İndi bəlkə, sənin də yükün sənə ağır gəlir. Bilirəm, payızdan qorxmursan. Hələ qabaqda qışın çovğunu var. Mən də isti yuva axtarıram, sənin kimi. Dostum, mən sənə hər şeyi danışacam…
Sən görməmisən o araq dolu şüşəni necə qucaqlayırdı. Məni heç elə qucaqlamazdı. Bir dəfə də araq dolu şüşəni qucaqlayanda, hardansa bir musiqi sədası eşitdi, üzü güldü. Araq dolu şüşəni əzizləməyə başladı. İstədim ki, onu qucaqlayam. İstədim ki… Ona, - ata, səni sevirməm, – demək istəyirdim. Qorxdum, məni döyə bilərdi. Sonra qədəhə araq süzüb, gözucu mənə baxdı, gülümsədi. Elə sevindim ki…”Yaxınlaş”,- dedi. Qorxa-qorxa yaxınlaşdım. Dodaqlarını qulaqlarıma tərəf uzatdı. Bir az da sevindim. Pıçıldadı,- sənin o qəhbə anan, səni mənim üstümə atıb, gedib, aşnasının yanına. Bu sözlərimi yadından çıxartma, sən fahişədən doğulmusan.
Atam o sözləri mənə bir il əvvəl demişdi. Anam evdən qaçmışdı. Atam çox içirdi, anamı döyürdü, məni döyürdü. Sənə dəhşətli bir əhvalat danışım, qorxma...
Bir gün, atam yenə içmişdi. Bir dostu ilə gəlmişdi evə. Dostu ilə evdə nəşə çəkməyə başladılar. Özləri ilə şirniyatlar da gətirmişdilər. Mən sonuncu dəfə o şirniyyatları deyəsən yuxumda görmüşdüm. İkisi də ağızlarını marçıldada-marçıldada, şirniyyatları yeyirdilər. Onlara baxırdım. Ağzım sulanmışdı. Atam dodaqlarımı yalayıb udğunduğumu gördü. Kökənin birini mənə atıb, “tut”,- dedi. Kökə yerə düşdü. Özümü yerə atdım, cumdum kökəyə. Mənim belə etməyim ikisnin də xoşuna gəldi. Sonra dostu da mənə kökə atdı. Atam dedi ki, əgər balaca it kimi hürsəm, mənə ən dadlı kökəni atacaq. Hürdüm…
Sən indi elə bilirsən, sənə danışdığım bu əhvalat çox dəhşətlidir? Yox, bu sənə danışacağım əhvalatı xatırlamağım üçün idi. Həmin günü xatırlayıram. Anam, səsini də çıxartmırdı. Sadəcə məni görəndə, ağzına dürtdüyü dəsmalı tez ağzından çıxardıb üzünə tutdu. Həmin gün, atamın dostu, anamla yataqda idi. Elə bilirsən atamın xəbəri yox idi? Mən də elə bilirdim. Mən tez-tələsik otaqdan çıxanda, atmla göz-gözə gəldim. O hallı idi. Məni görüb dedi,- Küçük, o otağa niyə girdin? Ananın nə pox yediyini görmək üçün?
Atamın dostu gecəyarı getdi. Atam səhərə qədər məni və anamı döydü. Anam ağlaya-ağlaya ona deyirdi ki, - “Ay oğraş, sən özün mənə dedin ki, nə etsə dinmə, səsini çıxartma, yoxsa səni də, uşağı da, öldürərəm! Ay alçaq, boğazıma bıçağı niyə dirəmişdin?”.
Atam yuxuya gedəndən sonra, anam polisə zəng etdi. Həyətə iki polis gəldi. Anam başını salıb itirmişdi. Hər şeyi elə açıq-aşikar danışırdı ki polisə, utanırdım. Həyətda balaca otaq vardı. Polislər anamla orda danışırdılar. Anamın danışdıqları ilə, atamın evdən gələn xorultu səsi vahiməli harmoniya yaradırdı. Anamın paltarı cırıq-cırıq idi. Polislərdən biri, anamın sinəsinə göz qoymuşdu, həris-həris baxırdı. Arada dəxilsiz suallar da verirdi:
- Ərinizin dostu sizinlə necə sevişirdi?
Anam da hər şeyi danışırdı. O biri polis gülümsəyirdi…
Bilmirəm, buna bənzər hadisəni neçə uşaq yaşayıb. Əslində mən özümə uşaq da demirəm. Mənim heç vaxt oyuncağım olmayıb. – O hıçqıraraq, içini çəkə-çəkə ağladı. Əlindəki quru çörək qırıqlarını dəmir barmaqlı pəncərənin önünə töküb, əlinin üstü ilə islanmış yanaqlarını və burnunu sildi. Sonra öz həyat hekayəsinə qaldığı yerdən davam etdi:
- Gülümsəyən polis, məni otaqdan çölə çıxartdı. “Çöldə gözləyək, o polis əminin ananla məxvi söhbəti var”, - dedi. Məni çölə çıxardan polisə qəfil zəng gəldi. Başı telefonla danışmağa qarışdı. İki addım sola doğru çəkildim. Şüşəsi qırıq, köhnə pəncərənin ağ tül pərdəsi küləklənib yellənirdi. Mən otaqdakı polisin nə etdiyini gördüm. O, anamla…- On dörd yaşlı uşaq qırx yaşlı kişi kimi dişlərini qıcadı. Yumruqlarını düyünləyib dedi, – Mənim bu ölkənin polsilərindən zəhləm gedir! Oğraşlar! – Deyib, qışqırdı! Sonra sağa çevrilib sərçəni görməyəndə, yavaşca pıçıldadı: – Yəqin qışqırmağımdan qorxdu…
Zindanın dəmir barmaqlı kiçik pəncərəsinə qonan sərçə, çoxdan uçub getmişdi.
***
- Onu necə öldürdün?
- Kimi?
- Atanı?
- Nə bilim…
- Ay uşaq, bizi yorma. Atanı necə öldürdün?
- Danışdım da.a…
- Sən atanın ananı necə döydüyünü və polislərin sizə gəldiyini, sonra isə ananın səni atıb getdiyini danışdın. Başqa heç nə demədin.
- Anam getdi atasıgilə. Polislər atamı oyatdılar. Atam izahat yazdı. Dedilər, bir gün sonra polis bölməsinə gəlməlidi. Bir az atamı qorxutdular. Dedilər, “səni içəri basacağıq”. Polislər gedəndən sonra, atam da evdən çıxıb getdi. Fikirləşdim ki, evə içib gələcək. Mən də anamın yanına getdim. Anam atası məni görüb dedi ki, “rədd ol dədənin xarabasına!”. Mən isə həyətdə dayanıb, ana, deyib, qışqırırdım. Anam evin balkonuna çıxıb məni görən kimi dedi, - “Rədd ol gəldiyin yerə! Sən də böyüyəndə dədən kimi olacaqsan! Onun belindən gəlmisən da.a.a!”
Mən çox ağladım. Evə qayıdanda da ağlayırdım. Getməyə başqa yer yox idi. Evə gedib yatağa uzandım, dayanmadan ağladım. Ağlaya-ağlaya yatmışam. Dik atıldım yuxudan. Atam boynumun arxasından sillə ilə vurmuşdu. Birtəhər sivişib, həyətə qaçdım. Atam söyürdü. Anamı söyürdü. Məni söyürdü. Hər şeyi, hamını söyürdü. Allahı da söyürdü. Hamını hər şeyi söyə-söyə yuxuya getdi… Mən pilləkənda oturmuşdum. Aya baxırdım. Göyə baxırdım. Heç birində Allah baba yox idi. Arada qonşu kişinin səsini eşitdim. Qışqırıb arvadına deyirdi ki, - “səni öldürəcəm!”. Elə bil öldürmək sözünü birinci dəfə idi eşidirdim. Dodaqlarım qurumuşdu. Atamı yuxudan oyatmayım deyə, astaca mətbəxə keçdim. Gördüm ki, qəhvədan sobanın üstündə qaynayır. Bir fincan soyuq su içdim. Atam xoruldayırdı. Soyuq su boğazımda ilişib qalmışdı. Anamın dediklərini xatırladım. Mən də atama oxşayacam. Özümə nifrət etdim. Atam yatdığı otağa tərəf getdim. Qapının arasından atamın yatağına boylandım. Atamı gördüm. Ağzını geniş açıb xoruldayırdı. Sonra…Sonra…
- Sonra nə?
- Deyəsən nəfəsi çatmadı.
- Boğuldu?
- Hə. Qaynar su boğazına gedən kimi, qəfil hoppandı yataqdan. Özümdən asılı olmadan, qəhvədandakı qaynar suyun qalanını da, üzünə tökdüm. Əlini üzünə tutub, ögüyə-ögüyə yerə yıxıldı. Yerdə qıvrıla-qıvrıla, köynəyinin yaxasını cırıqladı. Mən də qorxub, ağlaya-ağlaya evdən qaçdım.
- Atanın öləcəyini bilib, qorxdun?
- Yox, müstəntiq. Ona görə qorxmadım allahaqqı.
- Nəyə görə qorxdun?
- Durub məni döyəcəkdi.
- Sən atanı öldürmüsən.
- Atam neçə dəfə siqaretini mənim əlimin üstündə söndürmüşdü. Mən heç ölmədim…
- Atan öldü.
- Anam eşitsə inanmayacaq.
- Nəyə?
- Mən siqaretin közündən yanıb ölmədim amma atam qaynar sudan yanıb öldü. Gördünüz? Mən atama oxşamıram! - Uşağın üzündə qəribə bir sevinc vardı…
Əbil Həsən