Prezident Ramiz Mehdiyevlə bağlı Fərman imzaladı

Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəzlik Şurasının üzvlüyündən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb. Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi oktyabrın 14-də R.Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.  Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.

"Ramiz Mehdiyev bir partiya sədrini çağırıb deyibi ki, İsa Qəmbəri söy, təhqir elə, deputat ol" - Sərdar Cəlaloğludan ŞOK AÇIQLAMALAR

Bu gün Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Sitat.info"nun suallarını cavablayıb.  S.Cəlaloğlu cinayət məsuliyyətinə cəlb olunan Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyev haqda sensasion açıqlamalar verib. Bununla yanaşı ölkədə və dünyada baş verən siyasi proseslərlə bağlı gündəmi dəyərləndirib. Sozcu.az videoreportajı təqdim edir:

"TƏBİB rəhbəri vəziyyəti analiz etsə, ərizə yazıb işdən gedər" - VİDEO

"TƏBİB-in rəhbəri Vüqar Qurbanov eşitsin: Bu, bizi hörmətdən salır. O adam yerində deyil. Düşüncəsi səhvdir. Xalqına olan münasibətdə qüsur var". Sozcu.az xəbər verir ki, bu sözləri Tibb elmləri doktoru, professor, sabiq millət vəkili Südeyf İmamverdiyev "BakuPost"un efirində deyib. "TƏBİB -in rəhbəri, düzgün, məntiqli şəkildə, milli şüurla vəziyyəti analiz etsə ərizəsini yazıb işdən ayrılar ki, mən bu işi bacarmıram, öz xalqımın qarşısında biabir ola bilmərəm. Onu deyə bilərəm ki, indi elə əcaib, qeyri-hüquqi, qeyri-rasional idarəetmə var ki, artıq səhiyyə müəssisələrinə gələnlərə xəstə kimi yox, bankomat kimi, yəni maliyyə mənbəyi kimi baxılır. Əgər hər kəsin dünyada olduğu kimi tibbi sığorta kartı (yaşıl kart) olsa və tibb işçilərinin maaşı vahid tarif cədvəlinə görə verilsə, sığortadan asılı olmasa, belə acınacaqlı vəziyyət yaranmaz. Belə güman edilir ki, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB tərəfindən adıçəkilən kartlar məqsədli şəkildə pasiyentlərə verilmir ki, Tibbi Sığortaya ayrılmış və hər ay işçilərin maaşından tutulan vəsait bax beləcə, kimlərəsə sərf edilən şəkildə "silinsin". Kimi dindirirsən, hamı tibbi xidmətdə olan yarıtmaz vəziyyətdən danışır. Bütün problemlərin kökü məhz bu vəsaitin necə xərclənməsi, xəstənin əlindən məqsədli şəkildə alınmasıdır. Otto Bismark bilsəydi ki, TƏBİB tibbi sığorta nı belə yarıtmaz vəziyyətə salacaq, o zaman başına bir yekə daş vurardı. Tibb işçilərinin maaşına Sığortadan əlavələr Təcili tibbi yardımda tətbiq edilən şəkildə digər səhiyyə müəssisələrinədə aid edilsəydi, fikrimcə vəziyyət qismən də olsa müsbətə doğru dəyişərdi. Deyirlər ki, həkim çatışmır. Qanunvericiliyə görə, ali tibbi təhsili olub diplomu olan şəxs tibbi fəaliyyətlə məşğul ola bilər. Bəs, işə qəbul niyə imtahanla aparılır? Onu da deyim ki, gigiyena, epidemiologiya, kommunal gigiyena (bura kanalizasiya sistemi də aiddir) ixtisasları üzrə rezidentura nəzərdə tutulur, ancaq bir çağırışda kardioloq, birində ginekoloq, birində pediatr, birində travmotoloq və s. olmağa çalışan təcili tibbi həkimi üçün isə nəzərdə tutulmur. Əmək Məcəlləsinin "70e" maddəsi artıq çoxdandır ki, bəzi səhiyyə rəhbərləri tərəfindən rüşvət və korrupsiya çarxı kimi fırladılır. Söhbət 65 yaşdan yuxarı çalışmanın uzadılmasından gedir", - deyə sabiq deputat əlavə edib.

Bazar günü hava necə olacaq?

Sabah, oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 20-24, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacaq.

Şirvan kanalında 1 nəfər batıb

Şirvan kanalının Sabirabad rayonundan keçən hissəsində 1 nəfər batıb. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Sabirabad rayonunun Surra kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Əlavə məlumat veriləcək.

Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib...

Bu gün Xəzər dənizi, təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalması, dayazlaşmadır. 2022-ci ildə keçirilən VI Xəzər Zirvə toplantısında mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib. Xəzər dənizində suyun səviyyəsi sürətlə azalır və səbəblər təkcə iqlim dəyişikliyi ilə məhdudlaşmır. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində Kazinform Agentliyinə müsahibəsində deyib. “Hazırkı şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi məlumat mübadiləsi aparmaq və nəticələrin aradan qaldırılması üçün əlaqələndirilmiş tədbirlər hazırlamaq çox vacibdir. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlı ekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemin dayanıqlığını təhdid edir, təbiətin qorunması və ekoloji tarazlığın bərpası üçün əlaqələndirilmiş tədbirlər tələb edir”, - dövlət başçısı bildirib. Prezident qeyd edib ki, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq forumlarda Xəzər dənizinin mühafizəsi təşəbbüslərini fəal şəkildə təbliğ edə bilərlər və etməlidirlər: “Artan transmilli ekoloji risklər fonunda Xəzər artıq sadəcə su hövzəsi deyil və bizim ortaq məsuliyyətimizin və birgə fəaliyyətin zəruriliyinin simvoluna çevrilir”.

Nazir əmr imzaladı: Üç tibb müəssisəsi ləğv olundu

Səhiyyə Nazirliyinin Gəncə şəhərində yerləşən 3 tibb müəssisəsi ləğv olunub. Sozcu.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə Səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib. Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün fəaliyyətə başlanılıb. Müəssisələrin kreditorları mövcud borc tələblərini təqdim etməlidirlər. Debitorlar isə borclarını tam şəkildə ödəməlidirlər.

Zakir Fərəcov ölkəni tərk edib? — Ramiz Mehdiyevlə bağlı yeni iddialar

Sozcu.az saytına daxil olan məlumata görə, Ramiz Mehdiyevə qarşı aparılan istintaq hərəkətləri və onun ev dustaqlığı altına alınmasından sonra, onun ən yaxın adamlarından biri hesab edilən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkəni tərk edib. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Zakir Fərəcov hazırda Çin Xalq Respublikasında müalicə olunur. Bildirilir ki, o, Ramiz Mehdiyevə böyük torpaq sahələri və yüksək dəyərə malik bir sıra mülklər bağışlayıb. Digər mənbə isə Fərəcovun ölkədən gedişinin siyasi qərar deyil, müalicə məqsədli olduğunu təsdiqləyib. Bununla yanaşı, həmin mənbə Zakir Fərəcovun Ramiz Mehdiyevlə son dövrlərə qədər yaxın münasibət saxladığını bildirib. P.S. Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq. Qeyd olunan iddialarla bağlı araşdırmamız davam edir. Yeni məlumatları sizə çatdıracağıq — bizi izləməyə davam edin!

“Ramiz Mehdiyev Akademiyadan milyonlar çırpışdırıb” - Firuz Mustafa

“Bu adam işlədiyi müddətdə ölkəyə regionçuluq kimi xəcalətverici bir “xəstəlik” gətirdi. Yalan, riya, dələduzluq daha çox bu adamın dövründə çiçəklədi. “Boz kardinal” ayaması ilə tanınan bu adam Parlamenti öz “boz adamlar”ı ilə doldurdu. Rüşvəti və talançılığı “qanuniləşdirdi”. Sozcu.az xəbər verir ki, bu sözləri dramaturq, filosof Firuz Mustafa öz sosial media hesabında yazıb. O, Ramiz Mehdiyev haqqında münasibət bildirərək qeyd edib: “Ramiz Mehdiyev 80-lərin sonunda Mərkəzi Komitədə “vurulandan” sonra indiki AMEA-ya göndərilmişdi. Açığını deyim ki, elə o vaxtlar da elm adamları onun adını eşidəndə üz-gözlərini turşudar, ünvanına xoş olmayan sözlər deyərdi. Yaşlı alimlərin dediyinə görə, Ramiz MK-da olarkən həmişə elmin inkişafına mane olmuş, öz mövqeyi olan institut rəhbərlərini sıxışdırmaqla məşğul olmuşdu. Bundan başqa, işdən çıxandan sonra qəzetlərə verdiyi müsahibələrdə özünü müdafiə tərifi ilə başqalarının ünvanına iftiralar deyir, onu irəli çəkən işıqlı simaları qaralayır, vaxtilə birlikdə “vuruşduqları” yaxın dostlarını “baqaja” qoyurdu”. Firuz Mustafa bildirib ki, Mehdiyevlə şəxsi tanışlığı olmayıb, lakin onun elm aləminə münasibəti heç vaxt müsbət qarşılanmayıb: “Xatırlayıram, onun təzə gələn vaxtları idi. Akademiyanın bir qrup gənci, aspirant və elmi işçiləri, elə foyedəcə qarşısını kəsib antimilli yazı və zərərli fikirlərinə görə onun “dərsini” verərkən, biz Mehdiyevlə üz-üzə gəldik. Mən cavanlardan xahiş etdim ki, onun “yaxasından” əl çəksinlər. O vaxt aspirantlara dərs deyirdim, məni tanıyırdılar, sağ olsunlar, Mehdiyevi “sərbəst” buraxdılar. Amma bu həngamə başa çatanda kənarda dayanıb bayaqdan söhbətimizi dinləyən yaşlı tarixçi alim tanışım yaxınlaşıb məndən soruşdu: “Müəllim, sən Ənvəroviçi tanıyırsan?” Dedim, yox. Dedi: “Yaxşı ki, tanımırsan. Tanısan bilərsən ki, yerin altında iki bu boyda Ramiz var”. Dramaturq əlavə edib ki, Mehdiyev tez-tez Fəlsəfə İnstitutunda keçirilən toplantılarda iştirak edirdi: “Ən çox Əfrand Daşdəmirov və Ramiz Rzayevlə görmək olurdu. Nə rusca düz-əməlli danışa bilirdi, nə də azərbaycanca. Pırpız qaşlarının altından vurnuxan qəzəbli gözləri hamıya şübhə ilə baxardı. Şimalın girovu olduğu hər kəlməsindən bilinirdi. Əlində həmişə qara rəngli iri bir portfel olardı. O, yol gedəndə həmin portfelin arxası və qara paltosunun ətəyi az qala yerlə sürünürdü”. Firuz Mustafa qeyd edib ki, Mehdiyev sonradan yenidən vəzifəyə qayıdıb və bu dönəmdə də ölkəyə zərər vurub: “Az sonra Ənvəroviç Şimaldakı dayaqlarının köməyi ilə yenidən vəzifəyə qayıtdı. Nələr elədiyinin çoxunuz, qiyabi də olsa şahidisiniz. Taleyin gərdişinə baxın ki, Ənvəroviç ikinci dəfə vəzifədən uzaqlaşdırılandan sonra yenə “elmə” qayıtdı. İndi onu silahlı cangüdənlər qoruyurdu. Sən demə, Ənvəroviç əvvəllər yığdığı ilə qane olmayıbmış. Az sonra mətbuat yazdı ki, o, Akademiyadan milyonlar çırpışdırıb. Bu da onun “elmə xidmətinin” son akkordları idi. O, ürəkdən nifrət etdiyi görkəmli elm adamlarının, istedadlı insanların son qəpiyinə də tamah salırdı”. O, həmçinin bildirib ki, Mehdiyev vəzifədən getdikdən sonra da Akademiyada fəaliyyətini davam etdirib: “İndi məlum olur ki, Ənvəroviç, Akademiya rəhbərliyindən uzaqlaşdırılandan sonra da orada “fəaliyyətini” davam etdirib. O, Rusiyadan gələn emissarları elə Akademiyadakı “keçmiş” bərbəzəkli kabinetində qəbul edirmiş. Deyirlər, Ənvəroviç 23 il ərzində 32 kitab yazıb. Xub. elə isə Ramiz müəllim heç olmasa həmin kitablardan birinin əlyazmasını göstərsin. Deyə bilərlər ki, kitabları bilgisayarda yazıb. Axı bu adam latın hərflərini düz-əməlli tanımır və kompyuterdən istifadə etmir”. Sonda filosof əlavə edib: “Yada düşmüşkən, orasını da deyim ki, akademik Ənvəroviç də öz dostu və kumiri akademik Primakov kimi “dənizçidir”. Yəni onlar ayrı-ayrı vaxtlarda Bakı Dənizçilik məktəbini bitiriblər. P.S. Əgər günlərin bir günü Ənvəroviçin məhkəməsində onun üzünə duranların hamısının öz “seçmə kadrı” olduğunu görsəniz, təəccüblənməyin”.

Zelenski Putinlə hər yerdə görüşməyə hazırdır - Yermak

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə hər yerdə görüşməyə hazırdır, Rusiya və Belarus istisna olmaqla. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Axios”a müsahibəsində deyib. “Donald Trampla son söhbətlərinin birində Zelenski Rusiya və ya Belarusdan başqa dünyanın istənilən yerində, istənilən formatda Putinlə görüşməyə hazır olduğunu bildirib. Kreml lideri bu cür görüşləri rədd etməkdə davam edir”, - Yermak bildirib.

Berlindən Tramp-Putin görüşünə reaksiya: Alqışlayırıq

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Budapeştdə gözlənilən görüşünü alqışlayırıq. Sozcu.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib. “Bütövlükdə, danışıqların davam edəcəyini yaxşı hal hesab edirəm”, - o bildirib. Almaniyalı nazir qeyd edib ki, Putinlə Trampın bu görüşünü Rusiya və Ukrayna arasında birbaşa danışıqlara gedən yolda ilkin mərhələ hesab edir: “Bu, aydın sülh danışıqlarının aparılması məqsədi ilə edilirsə, o zaman məqbuldur”.

Rusiyada azərbaycanlıların həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi bu ilin iyununda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) reydi zamanı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddətini uzadıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya KİV-i Sverdlovsk vilayəti məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər yayıb. “Məhkəmənin 16 və 17 oktyabr 2025-ci il tarixli hökmləri ilə Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərovların barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Onların hamısının həbsi dekabrın 29-dək davam edəcək”, – məhkəmədən bildirilib. İyunun 27-də Yekaterinburqda döyülmə və işgəncələrlə müşayiət olunan azərbaycanlıların kütləvi həbsləri baş verib. 50-dən çox adam polis bölməsinə aparılıb. Rusiya təhlükəsizlik qüvvələrinin basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb. Regional istintaq komitəsi iddia edib ki, “etnik cinayətkar qruplaşmaya daxil olan müttəhimlər Yekaterinburq şəhərində törədilmiş bir sıra qətllərdə və qəsdən adam öldürməyə cəhddə iştirak ediblər”.

Yağıntılı hava davam edir - FAKTİKİ HAVA

Oktyabrın 17-si saat 18:00-a olan faktiki hava açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 17-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Qəbələ, İsmayıllı, Altıağac, Quba, Xaçmaz, Şabran, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış, Şahdağda qar yağır. Bakıda və Abşeron yarımadasında isə çiskinli hava müşahidə olunur. Daşkəsən, Qax (Sarıbaş), Şəki, Şamaxı, Altıağac, Qusar, Qrız, Göyçayda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.

Rusiya öz təyyarəsini vurdu

Gecə Ukrayna Silahlı Qüvvələrinin Krıma hücumunu dəf edərkən ruslar təsadüfən öz təyyarələrini vurublar. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk məlumat verib. “Ukraynanın hücumlarını dəf edərkən, Krım üzərində öz təyyarələrini vurdular. Mübarizə davam edir. Hazırda Krımda bütün məlumatları toplanır”, - Pletençuk bildirib. Onun sözlərinə görə, Krıma son gecə hücumundan sonra rusların daha bir neft bazasında yanğın başlayıb.

AYNA işsizlərin sayını, nazirlik pensiya yaşını artırır...

Mehdiyev AMEA-da olanda, hətta bağında oturanda parlamentə, ictimai, siyasi, media sahəsinə müdaxilə edə bilərdi, bunun üçün əlində, çox güman, rıçaqları var idi. Amma, ölkədə iqtisadi vəziyyətə müdaxilə imkanlarının olduğunu düşünmürəm. Məmləkətin makro-iqtisadi mənzərəsi isə, yumşaq desəm, ürək açan deyil. Sozcu.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli qeyd edib. “Azərbaycanda ÜDM artmır, 0,9% lik artım ciddi məsələ deyil, hətta ressesiya göstəricisidir, adambaşına düşən ÜDM-ə görə Cənubi Qafqazda sonuncu yerə düşmüşük, büdcəmizin gəlir hissəsi gələn il cəmi 67 mln. manat artacaq ki, bu da heç artım deyil. Bunlar azmış kimi, AYNA taksi xidmətini tam inhisara almağa cəhdlərini dayandırmır, taksi sayına mənasız və məzmunsuz limit qoymağı təklif edir, Nazirlər Kabineti bunu qəbul edir - nəticədə 30 min insan işsiz qalacaq, taksi qiymətləri isə kəskin bahalaşacaq. AYNA hava limaninda da taksi xidmətini inhisara alır, buna hətta Ombudsman Aparatı etiraz edir, amma heç nə dəyişmir. İndi təqaüd yaşını da artırmaq istəyirlər, Maliyyə Nazirliyi təklif hazırlayıb, təqaüd məsələsində yaş həddi vacib, amma ikinci dərəcəli məsələdir, həmişə qəsdən bunu qabardırlar ki, təqaüdlərin az olması müzakirədən kənar qalsın - halbuki, ən vacib məsələ budur, ölkədə 900 min təqaüdçü minimum təqaüd civarında ödəniş alır, ayıb olan, düzəldilməli olan məsələ budur. Yəni, iqtisadi komandanın işində qüsurlar var və bu məsələ tezliklə həll olunmalı, həm komanda, həm də aparılan iqtisadi siyasət kökündən dəyişdirilməlidir”, - o bildirib.

Mehdi Mehdiyev, Füzuli Rzaquliyev və Səyyaf Orucov cinayət məsuliyyətinə cəlb olundu

Qanunsuz olaraq orden və medallar hazırlayaraq çoxsaylı şəxslərə təqdim etmiş qeyri-hökumət təşkilatlarının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatları tərəfindən qanunsuz olaraq müxtəlif adda orden və medallar təsis edilərək ayrı-ayrı şəxslərə verilməsi faktları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Həyata keçirilən tədbirlərlə ayrı-ayrı qeyri-hökumət təşkilatları, o cümlədən “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri”, “Azərbaycan Vətən Müharibəsi Veteranları”, “Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi”, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı”, “Qarabağ Əlillərinə Qayğı”, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birlikləri, “Beynəlmiləlçi Əlil Döyüşçülər” və “Dədə Qorqud Xeyriyyə” Fondları, habelə digər qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin öz vəzifə səlahiyyətlərini aşmalarına əsaslı şübhələr müəyyən edilib. Belə ki, qanunvericiliyə, o cümlədən "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna uyğun olaraq orden və medalların vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifi olması, digər normativ hüquqi aktlarda orden və medalların (o cümlədən orden və ya medal ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis olunmasının qadağan olunması, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanuna uyğun olaraq isə qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinin yolverilməz olmasının təsbit edilməsinə baxmayaraq, sözügedən qeyri-hökümət təşkilatlarının vəzifəli şəxsləri vəzifə səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxmaqla qanunsuz olaraq müxtəlif adda çoxsaylı orden, medal və döş nişanları təsis edib, həmin orden medal və döş nişanlarını şəxsi münasibətlərə görə, eləcə də, müxtəlif məbləğlərdə pul vəsaiti qarşılığında çoxsaylı şəxslərə təqdim ediblər. Keçirilmiş axtarış və digər istintaq hərəkətləri ilə 1.518 ədəd orden və medal, 777 ədəd orden və medalların vəsiqələri, 7 ədəd kitabça, qeyd edilən orden və medalların müxtəlif vaxtlarda 8.069 nəfər şəxsə təqdim edilməsinə dair qeydlər və digər maddi sübutlar götürülüb. Toplanmış ilkin sübutlarla “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun sədri Səyyaf Orucov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev və “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyevə Cinayət Məcəlləsinin 309.1-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Eyni zamanda oxşar xarakterli faktlarla bağlı prosessual hərəkətlər davam etdirilməklə, bu sahədə qanun pozuntularına yol vermiş qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunanlarla yanaşı, bu sahədə nəzarətin həyata keçirilməsini təmin etmək, qanun pozuntularından çəkindirmək, qanun pozuntularının və onları doğuran səbəb və şəraitin aradan qaldırılmasını təmin etmək məqsədilə prokuror təsir tədbirləri görülür. İbtidai istintaq davam etdirilir, nəticəsi barədə əlavə məlumat veriləcək.

Yağışlı hava nə vaxta kimi davam edəcək?

Azərbaycanın bəzi yerlərində oktyabrın 17-si saat 10:00-a olan məlumata əsasən hazırda leysan xarakterli yağış yağır. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Astarada 15, Qubada 13, Zaqatalada 11, Şabranda 10, Oğuzda 7, Yardımlı, Lənkəran və Qusarda 5, Lerikdə 4, Xaltan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 2, Xaçmaz, Qəbələ, Xızı, Şəki (Kişçay), Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dək qeydə alınır. Sumqayıt, Şəmkir, Xızı, Qusar, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 18-i səhərədək davam edəcəyi gözlənilir.

Bakıda 87 yaşlı qadın 6-cı mərtəbədən yıxılaraq öldü

Bakıda 87 yaşlı qadın 6-cı mərtəbədən yıxılaraq ölüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün Xətai rayonunun Gəncə prospektində baş verib. Əqli qüsurlu olduğu bildirilən 1938-ci il təvəllüdlü V.Rüstəmova yaşadığı binanın 6-cı mərtəbəsindəki evinin eyvanından yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda 43 yaşlı kişi faciəvi şəkildə öldü

Sumqayıtda 43 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib. Belə ki, şəhər sakini 1982-ci il təvəllüdlü Vüqar Söhrab oğlu Abbasov yıxılaraq başı daşa dəyib. O, aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırmalar aparılır.

DİN-dən Yasamaldakı silahlı insidentlə bağlı açıqlama

Oktyabrın 16-da Yasamal rayonu ərazisində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş iki nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı Elgün Cəbrayılov 38 yaşlı Rüfət Həziyev saxlanılıb. Həmin şəxslərdən 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və narkotik vasitələr aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Gizirlərin hərbi xidmət MÜDDƏTİ ARTIRILIR

Bir sıra gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmanın müddəti artırılır. Sozcu.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətin müddəti təqvim hesabı ilə 5 ildir. Sonra bu müddət həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 5 il, yaxud daha az müddətə uzadıla bilər. Layihəyə əsasən, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətin müddəti təqvim hesabı ilə 5, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanlar üçün isə 10 il olacaq. Sonra bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək hər dəfə 5 ilədək müddətə uzadılacaq. Mövcud qanunvericiliyə əsasən, azı tam orta təhsilli və bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilə bilərlər. Layihəyə əsasən, ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçular, hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar, habelə 19 yaşından 40 yaşınadək qadınlar gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilə biləcəklər. Həmçinin, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə əyani təhsilalma müddəti öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcək. Bundan əlavə, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddi 35, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 (hazırda 50 yaşdır) yaş olacaq. Mövcud qanunvericiliyə əsasən, birinci dərəcəli ehtiyatda olanlar hər dəfə 2 ayadək müddətə 5 dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə hər dəfə 2 ayadək müddətə 10 dəfəyədək, lakin il ərzində 1 dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırıla bilərlər. Təklif edilən dəyişikliyə əsasən, birinci dərəcəli ehtiyatda olanlar hər dəfə 1 ayadək müddətə 10 dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər hər dəfə 2 ayadək müddətə 10 dəfəyədək, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər hər dəfə 2 ayadək müddətə 5 dəfəyədək, lakin il ərzində 1 dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırıla biləcəklər. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, hərbi qulluqçular "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə uyğun olaraq əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) təhsil müddətində də sərəncamda olacaqlar. Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Tovuzda qətlə yetirilən qadının atası: Dolanmırdılar...

"Bunlar küsülü idilər, bir-biri ilə danışmırdılar. Bu da xaricdə idi, gəlib hədələyib. İnanmazdım ki, belə bir hadisə baş verə bilər".  Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə əri tərəfindən qətlə yetirilən 26 yaşlı Mətanət Hacızadənin atası Asif Hacızadə bildirib. Onun sözlərinə görə, kürəkəni qızını xəyanətdə ittiham edirmiş. "Xəbər verdilər ki, belə bir hadisə olub. Evimə gəlib bıçaqlayıb qaçıb. Mənim həyatımı söndürdü. Qızım üç ay idi bizimlə qalırdı. Ər evinə getmirdi. Danışmırdılar. Qızımı götürüb qaçmışdı. Əvvəllər yaxşı idi. Sonra oyun qurdular, qatıb-qarışdırdılar. Kimsə bunun beynini doldururdu. Qızıma deyirdi ki, sən guya pis yoldasan". Qeyd edək ki, bu gün səhər saatlarında 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə həyat yoldaşı 1996-cı il təvəllüdlü Mətanət Hacızadəni bıçaqla qətlə yetirib. Axşam saatlarında isə Səbuhi Hacızadə kəndin yaxınlığında özünü asaraq intihar edib. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.

Səbuhinin meyiti tapıldı

Tovuzda 29 yaşlı arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti tapılıb. Sozcu.az bildirir ki, Səbuhi Hacızadənin meyiti Tovuzun Əyyublu kəndində istifadəyə yararsız fermada aşkarlanıb. İlkin məlumata görə, o, intihar edib. Meyit ağacdan asılı halda tapılıb.

Putinlə Tramp danışıqlara başladı

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb. Görüşün nə qədər davam edəcəyi hələlik məlum deyil.