Paytaxt Qarabağa köçürülür?

"Paytaxtın köçürülməsilə bağlı müxtəlif rəsmi şəxslər tərəfindən təkliflər səsləndirilməkdədir. Ən qəribəsi isə  işğaldan azad edilmiş ərazilərdəki, şəhərlərin təklif edilməsidir" Bu sözləri Moderator.az-a açıqlamasında Eldəniz Əmirov bildirib. "Əvvəla paytaxtın köçürülməsi və yeni şəhərin qurulması inanılmaz dərəcədə bahalı və uzunmüddətli bir prosesdir. Azərbaycanın iqtisadi ölçüsünü və dövlət büdcəsini nəzərə alaraq, belə bir addım real deyil. Bu tip köçürülmələrə dünya praktikasında baxsaq görərik ki, İndoneziya Cakartadan Nusantaraya köçürülməsi üçün 35 milyard dollar büdcə ayırıb.  Misir yeni inzibati paytaxtına 58 milyard dollar sərf edir. Qazaxıstan isə paytaxtı Almatıdan Astanaya köçürəndə 30 milyard dollar xərc çəkib. Odur ki, Azərbaycan kimi bir ölkənin paytaxt köçürməsi üçün ən azı 30-40 milyard dollar, daha müasir şərtlərlə 50 milyard dollar vəsait lazımdır. Buna görə də ölkənin hərbi gücünün davamlı artırılmasına və azad edilmiş ərazilərə qayıdışın təmin edilməsinə külli miqdarda maliyyə vəsaiti tələb edilən hazırkı şəraitdə  bu mövzunu gündəmə gətirmək məqsədəuyğun deyil.  Amma bir gün ölkənin iqtisadi durumu buna imkan verərsə, o zaman bunu etmək olar. Lakin onda da paytaxt elə əraziyə köçürülməlidir ki, o nə Ermənistanla sərhədə, nə də İranla sərhədə yaxın olmamalıdır. Çünki, dünya təcrübəsində paytaxtlar potensial təhlükədən daha uzaq salınır".

Almaniya səfiri Azərbaycan XİN-ə çağırıldı

Martən 31-də Almaniyanın Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Naziriyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz bildirilib. Bölgəyə səfər zamanı bu açıq siyasi təxribatın qəbuledilməz olduğu, Almaniya tərəfinin bu paylaşıma görə ictimai şəkildə üzrxahlıq etməsinin zəruriliyi diqqətə çatdırılıb. Almaniya Prezidentinin bu paylaşımının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyi barədə bəyanatlara və davam edən sülh prosesinə zidd olduğu vurğulanıb. Bununla yanaşı, Qarabağ bölgəsinin erməni sakinləri barədə fikirlər ifadə olunarkən, Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən və Ermənistandan zorla qovulmuş 1 milyondan artıq azərbaycanlının hüquqlarına məhəl qoyulmamasının Azərbaycana qarşı qərəzli münasibətin daha bir göstəricisi olduğu qeyd edilib. Azərbaycanın 30 ilə yaxın müddətdə davam etmiş münaqişəni hərbi-siyasi yolla həll etdiyi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyi, münaqişənin keçmişdə qaldığı Almaniya tərəfinin diqqətinə çatdırılıb. Azərbaycanda “Dağlıq-Qarabağ” adlı inzibati ərazi vahidi olmadığı xatırlanıb. Ərazilərimizə istinad edərkən mövcud olmayan, siyasi qərəzli və saxta adlardan istifadə etməkdən çəkinməyin zəruri olduğu bildirilib.

Məktəblərdə yay tətilinin müddəti ARTIRILIR: Dərslər bu tarixdə başlayacaq?

Rusiya və Türkiyə kimi ölkələrdə yay aylarının isti keçdiyi şəhərlərdə məktəblərdə yay tətilinin müddətini bir neçə həftə artırılması planlaşdırılır. Bu qərarın əsas məqsədi şagirdlərin sağlamlığını qorumaq və onların daha rahat bir tədris mühiti əldə etməsini təmin etməkdir. Türkiyədə xüsusilə cənub bölgələrində, Rusiyada isə isti iqlimə malik şəhərlərdə bu dəyişikliklərin tətbiq edilməsi nəzərdə tutulur. Azərbaycanın iqlimi nəzərə alındıqda yay aylarının olduqca isti keçdiyini görmək mümkündür. Xüsusilə iyul və avqust aylarında temperaturun 40°C-yə qədər qalxması, xüsusilə də, şagirdlər üçün əlverişsiz şərait yaradır. Son illərdə iqlim dəyişikliyi ilə bağlı havaların daha da isinməsi bir sıra ölkələri tədris müddətinə yenidən baxmağa vadar edib. Maraqlıdır ölkəmizdə yay tətilinin müddəti artırıla bilərmi? Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov News24.az-a açıqlamasında bildirib ki, dünyanın bütün ölkələrində yay tətili uzunmüddətli olur: "Adətən bu müddət 8-12 həftə arasında dəyişir ki, bu da 2-3 ay deməkdir. Azərbaycan 2004-cü ildən etibarən yarımillik sistemə keçib. Buna baxmayaraq, yaz, payız və qış tətillərinin müddəti kifayət qədər qısa olur. Rüblük sistemə keçid daha məqsədəuyğun olardı. Dünyanın müxtəlif ölkələrində təhsil ilinin müddəti 36-42 həftə olduğu halda, Azərbaycanda bu müddət 34 həftədir. Təhsil ilinin müddətinin uzadılması ilə bağlı dəfələrlə təkliflər irəli sürülüb". Ekspertin sözlərinə görə, əgər təhsil ilinin başlama tarixi 14 sentyabr olaraq müəyyən edilibsə və dərslər iyunun əvvəlinə qədər davam etməlidir, bu zaman tədris ili daha səmərəli təşkil oluna bilər: "İyunun 1-dən 14-nə qədər olan müddət qiymətləndirmə prosesi üçün ayrılsa, yay tətilinin müddəti indiki 12 həftədən 10 həftəyə enəcək. Bu dəyişiklik Azərbaycanın təhsil sistemini beynəlxalq təcrübəyə daha da yaxınlaşdıracaq. Çünki dünyanın müxtəlif ölkələrində də yay tətilinin orta hesabla 10 həftə olduğu müşahidə edilir". Qafarov əlavə edib ki, Azərbaycan isti ölkələr sırasında yer alır və burada tədris ilinin düzgün planlaşdırılması vacibdir. Əgər yay tətili iyunun 1-də başlayıb, sentyabrın 14-də bitsə, bu, həm tədris planına uyğunlaşmış olacaq, həm də şagirdlərin yüklənməsinin qarşısını alacaq.

Zaqatalada ağır qəza: yaralılar var

Zaqatalanın Muxax kəndi ərazisində iki avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, Muxax kənd sakini 50 yaşlı Rəhim Laçınovun idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə rayonun Göyəm kənd sakini 21 yaşlı Əhməd Matiyevin idarə etdiyi digər “Mersedes” markalı minik avtomobili toqquşub. Nəticədə Rəhim Laçınovun idarə etdiyi “Mersedes” idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Zərbənin təsirindən avtomobilin sürücüsü Rəhim Laçınov, eləcə də avtomobildə olan sərnişinlər - Muxax kənd sakinləri 27 yaşlı Fuad Süleymanov, 36 yaşlı Asif Əhmədov və 63 yaşlı Nizaməddin Əminov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxananın cərrahiyyə korpusuna yerləşdirilib. Hər dörd nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar rayon polis şöbəsində araşdırmaya başlanılıb.

Azərbaycan Ordusu məhv edib: hələ də axtarırlar

44 günlük müharibədə itkin düşən erməni əsgərlərin valideynləri Ermənistan Milli Məclisinə gəliblər. Sozcu.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Valideynlərin övladlarının ölülər arasında deyil, dirilər arasında axtarılmasını tələb etməsindən sonra parlamentdə vəziyyət gərginləşib. Ermənistanın Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan vəziyyətə aydınlıq gətirərək bildirib ki, həssas mövzu müzakirə olunur. O vurğulayıb ki, valideynlər övladlarının qalıqlarının həqiqətən də onlara təhvil verildiyinə əmin olmalıdırlar.

Azərbaycanda 56 yaşlı kişini ildırım vurdu

Şəmkir sakinini ildırım vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə Bayramlı kəndində qeydə alınıb. Kənd sakini 1969-cu il təvəllüdlü F.Bağırovu ildırım vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma başlanılıb.

2 yaşlı uşaq dərmandan zəhərləndi - Vəziyyəti ağırdır

Şamaxıda iki yaşlı uşaq dərmandan zəhərlənib. Sozcu.az xəbər verir ki, 2023-cü il təvəllüdlü Soltanəli Orucov əmisinin antidepresant dərmanlarını yeyib. Qeyd olunur ki, uşaq ağır vəziyyətdə Bakıya gətirilib.

Türkiyə səfirliyindən Soyqırımı Günü paylaşımı

Türkiyənin Azərbaycandakı səfirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, paylaşımda deyilir: "1918-ci ildə erməni daşnaklarının və bolşeviklərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımından 107 il ötür. 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür".

Sabirabadda üç körpə öldü - Prokurorluq araşdırma APARIR

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında son on gündə üç uşaq ölümü qeydə alınıb. Sozcu.az xəbər verir ki, məlumatı "Teleqraf" yayıb. Məlumata görə, hadisələrdən biri bayram günlərində baş verib. Doğumu körpə cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib. Uşaq qeysəriyyə yolu ilə doğulacaqmış, lakin son anda həkimlər qərarlarını dəyişərək təbii doğuş üsulunu seçiblər. Doğuşdan iki saat sonra isə körpə dünyasını dəyişib. Vəfat etmiş uşağın valideyni, Sabirabad şəhər sakini Bayram Güləliyev faktı təsdiqləyib və sabah məsələ ilə bağlı baş həkimlə görüşəcəyini bildirib. Xatırladaq ki, bu, Sabirabad MRX-da təsdiqini tapmış ikinci ölüm halıdır. Martın 30-da xəbər yayılıb ki, Kürdəmir rayonunun Axtaçı Qarabucaq kənd sakini, 2006-cü il təvəllüdlü Əsədova Xəyalə Natiq qızı Sabirabad xəstəxanasında uşaq dünyaya gətirib. İlkin müayinə zamanı doğuşun gecikdiyi məlum olub. Belə halda isə körpə qeysəriyyə yolu ilə dünyaya gəlməli imiş, ancaq həkim bunu etməyib və qadını təbii doğuşa götürüb. X.Əsədovanın körpəsi həmin gün ölüb. Sayt qeyd edir ki, bundan əlavə daha bir uşaq ölümü ilə bağlı iddialar var. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan üç körpənin ölümü ilə bağlı araşdırma başlayıb. Hadisələrlə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft ucuzlaşıb. Sozcu.az xəbər verir ki, “Brent” markalı neft hazırda 73,65 dollara, yüngül neft isə 69,33 dollara təklif edilir.

Bərdədə əkin sahəsindən meyit tapıldı

Bərdə rayonunun Lənbəran kəndində əkin sahəsində 58 yaşlı Famil İsmayılovun meyiti tapılıb. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, meyitin üzərində zorakılıq izlərinə rast gəlinməyib. Faktla bağlı araşdırma aparılır.

Rusiyada vətəndaşlıq almış şəxslərə pis xəbər - Təcili

2025-ci il aprelin 1-dən Rusiya vətəndaşlığı, yaşayış və ya müvəqqəti yaşamaq icazəsi aldığı tarixdən bir il keçmiş vətəndaşların xarici sürücülük vəsiqələri ölkə ərazisində etibarsız sayılacaq. Sozcu.az xəbər verir ki, Rusiyada sürücü etibarsız vəsiqə ilə avtomobil idarə edərsə, onu 15 min rubla qədər cərimə gözləyir və vəsiqəsi bərpa olunana qədər sürücülük hüququndan məhrum edilir.

Ermənilər Ordumuzu atəşə tutdu, PUA-larla kəşfiyyat uçuşları...

Martın 30-u saat 21:25 radələrində Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınıb. Bundan başqa, martın 30-u saat 22:30-dan 31-i saat 04:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.

Putin Trampı manipulyasiya edir – Bolton

Rusiya prezidenti amerikalı həmkarının spesifik düşüncə tərzindən istifadə edərək onu uğurla manipulyasiya edir. Lakin Vladimir Putin belə bir strategiya ilə özünə zərər vurmaq riski daşıyır. Sozcu.az xəbər verir ki, bu fikri “Politiko”ya müsahibəsində amerikalı siyasətçi, Trampın birinci prezidentliyi dövründə onun müşaviri olmuş Con Bolton deyib. "Tramp beynəlxalq münasibətlərə xarici liderlərlə şəxsi münasibətləri prizmasından baxır. Ona görə də o düşünür ki, əgər Putinlə yaxşı münasibətdədirsə, deməli, ABŞ da Rusiya ilə yaxşı münasibətdədir. Bu, doğru deyil, amma o, belə fikirləşir. O, Putinlə dost olduğunu hesab edir", - Bolton bildirib.

Prezidentdən Soyqırım Günü ilə bağlı paylaşım

Azərbaycan Prezidenti İlham Əliyev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Yardımlıda İran vətəndaşları saxlanıldı: 36 kq narkotik...

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsini və ayrı-ayrı ünvanlara yerləşdirilməsini təşkil edən transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri olan İran vətəndaşlarına qarşı polis əməkdaşları əməliyyat keçirib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə 26 yaşlı Hadi Fəsihi və 29 yaşlı Rza Ətai saxlanılıblar. Onlardan 36 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana,heroin və metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin və ölkə daxilində olan əlaqəli şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Ukraynada kosmik qüvvələr YARADILA BİLƏR

Ukrayna Müdafiə Nazirliyi dövlət və özəl şirkətlərin, həmçinin alimlərin müdafiə qüvvələri ilə qarşılıqlı əlaqəsini təşkil edəcək və kosmik qüvvələrin yaradılmasına kömək edəcək kosmik siyasət idarəsi yaradıb. Sozcu.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin rəqəmsallaşdırma üzrə müavini Katerina Çernohorenko bildirib. “Bizim kosmik fəaliyyət haqqında qanunumuz var ki, bu da Müdafiə Nazirliyinin hərbi kosmos sahəsində siyasət formalaşdırmalı olduğunu deyir. Bu təkcə mühəndislərdən innovativ həllərin alınması deyil, təkcə ən yaxşı həllərin Ukraynaya gəlməsi üçün icma yaratmaq deyil, həm də kosmik qüvvələrin yaradılmasıdır”, – o söyləyib. Çernohorenkonun sözlərinə görə, müdafiə qurumu Ukraynada kosmik texnika, məhsul və xidmətlərin əsas sifarişçisi olmaq niyyətindədir. Bu idarə isə dövlət və özəl qurumları, kosmik sahənin alimlərini müdafiə qüvvələri ilə qarşılıqlı əlaqə üçün birləşdirməlidir. O əlavə edib ki, 2030-cu ilə qədər Ukrayna müdafiə məqsədləri üçün milli peyklərə, həmçinin hava həyəcanı və kosmik fəzanın nəzarəti üçün xəbərdarlıq sisteminə sahib olmağı planlaşdırır.

Bakıda bayram namazı qılındı

Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bu gün bayram namazı qılınıb. Sozcu.az xəbər verir ki, saat 08.00-da Əjdərbəy məscidində, saat 09.00-da isə Təzəpir məscidində bayram namazının qılınmasına başlanıb. Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmasını diləyiblər. Daha sonra dindarlar bir-birlərini bayram münasibətilə təbrik ediblər. 

Təyyarə yaşayış binasına düşdü

ABŞ-da kiçikmühərrikli təyyarə qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb. Minnesota ştatında qeydə alınan hadisədə təyyarə binaya çırpılıb və böyük yanğına səbəb olub. İlkin məlumatlara görə, göyərtədə olan bütün sərnişinlər və ekipaj üzvləri ölüb. Evdə olan insanlar xəsarət almayıb. Qəzanın səbəbləri araşdırılır.

Azərbaycanda Ramazan bayramıdır

Azərbaycanda Ramazan bayramı qeyd edilir. Sozcu.az xəbər verir ki, bu il Ramazan ayının 1-i Miladi təqvimlə mart ayının 1-nə təsadüf edib. Ramazan bayramı Miladi təqvimlə martın 30-na təsadüf edir. Adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00-a, Təzəpir məscidində isə 09.00-a təyin edilib. Bu il Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günüdür.

Ağsuda bayram namazı qılınıb - Fotolar

Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Ağsu rayonunda bayram namazı qılınıb. Sozcu.az xəbər verir ki, dini ayinlər Ağsu rayonu "Hacı Alcan Hacı Almaxanım" məscidində icra olunub. Bayram namazından sonra şəhidlər xiyabanı ziyaət olunub, dualar oxunub.

AB rəsmiləri həbsxanada İmamoğlu ilə görüşdü

Avropa Birliyinin (AB) nümayəndə heyəti Silivridə həbsxanada olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu ziyarət edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkikyə mediası məlumat yayıb. Bildirilib ki, nümayəndə heyətinin arasında Avropa Parlamentinin sədr müavini Katerina Barli də olub. Nümayəndə heyəti “siyasi məhbuslar”ın azad edilməsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edib. Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində 23 martda həbs qərarı çıxarılıb.

Myanmada dəhşətli zəlzələ: Ölənlərin sayı 1600-ü keçdi

09:49 Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 838 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar zamanı 1670 nəfər xəsarət alıb. *** Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1002-yə, yaralıların sayı isə 2376-ya çatıb. Bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, ötən gün Myanmada 7.7-7.9 bal gücündə zəlzələ baş verib. *** Zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb. Bu barədə Myanmanın Dövlət İdarə Şurası məlumat yayıb. Təbii fəlakət nəticəsində 3408 nəfər xəsarət alıb, 139 nəfər isə itkin hesab olunur. Dağıntı altında qalanların axtarış-xilasetmə işləri davam edir.

Xocalıda 27 yaşlı gənci cərəyan vurub öldürdü

Xocalıda kişini elektrik cərəyanı vurub. Sozcu.az xəbər verir ki, 27 yaşlı Ağcabədi rayon sakini Abidov Amin İlqar oğlunu Xocalı rayonu ərazisində elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində keçinib. Faktla bağlı Xocalı rayon Prokurorluğunda araşdırma aparılır.