ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verən kolasiyaya qoşulur - Zelenski

"Kiyev prezident Donald Trampdan ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin tərəfi olacağına dair müsbət siqnal alıb. Bu, digər dövlətlərin də qoşulması üçün imkanlar açır". Sozcu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Ukrayna prezidenti Volodimir Zelenski deyib. O qeyd edib ki, Vaşinqtondakı görüşdən əvvəl ABŞ təhlükəsizlik qarantları sırasında deyildi, lakin indi onun da qoşulmağa hazır olduğu barədə bəyanatlar var. "Və bu, məncə, əsas çətinliklərdən biri idi. Çünki Amerika Birləşmiş Ştatları tərəfindən Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin koordinasiyası olmadan avropalı həmkarlar arasında müəyyən qeyri-müəyyənlik var idi”. Onun sözlərinə görə, bu gün ABŞ, Tramp və onun komandasından Ukrayna üçün təhlükəsizlik təminatlarının iştirakçısı olacağına dair müsbət siqnal var. "Və bu, nəyəsə hazır olan digər ölkələr üçün imkanlar açır. İndi əsas ölkələrin baş qərargahları nəyə hazır olduqları barədə artıq danışmağa başlayıblar. Və orada olmayan bəzi ölkələr yəqin ki, indi meydana çıxacaq", - prezident əlavə edib. Zelenski qeyd edib ki, bu gün neçə ölkənin yerüstü proqramların həyata keçirilməsində, yəni Rusiya təcavüzündən müdafiə üçün zəmanət qüvvəsi kimi xarici hərbi kontingentin cəlb edilməsində iştirak etməyə hazır olduğu məlum deyil. "Biz neçə ölkənin buna hazır olduğunu bilmirik. Bilirik ki, istəyənlərin koalisiyasında potensial olaraq təhlükəsizlik təminatlarında iştirakını nəzərdən keçirən 30 ölkə var”, - prezident bildirib. Onun sözlərinə görə, Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olan ölkələrin, o cümlədən, Yaponiya və Avstraliyanın olması vacibdir.

Prezident Kəlbəcər sakinlərinə mənzillərin açarlarını təqdim edib

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. Sozcu.az xəbər verir ki, sonra dövlət başçısı sakinlərə mənzillərin açarlarını təqdim edib.

Bu ərazilər Azərbaycana qaytarılacaq – Paşinyan açıqladı

Ermənistan Baş nazir Nikol Paşinyan Azərbaycanın bu ölkənin ərazisindəki anklavlarını – Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərini təhvil verməyə hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın “Respublika Meydanı” Teleqram kanalı məlumat yayıb. Kanal məsələ ilə bağlı Paşinyandan sitat gətirib: “Azərbaycanın bizim nəzarətimizdə olan suveren əraziləri (anklavlar) var, bu məsələ demarkasiya prosesində öz həllini tapmalıdır”. “Respublika Meydanı” hesab edir ki, Ermənistan Azərbaycanın Tavuş və Araratdakı anklavlarını Bakıya verməyə hazırlaşır. Mənbənin fikrincə, bununla Ermənistan-Gürcüstan və Ermənistan-İran yolları Azərbaycanın nəzarətinə keçəcək. “Paşinyan və komandası “Tramp yolu”nu, əslində isə Zəngəzur dəhlizinin, yaxud Sünikin (Qərbi Zəngəzur) açarlarını ABŞ və Türkiyə-Azərbaycan tandeminə verir. Sünik bundan sonra tamamilə Azərbaycan mövqeləri və səngərləri ilə əhatə olunacaq. Paralel olaraq, Ermənistanın İranla əlaqəsi kəsiləcək”, - məlumatda vurğulanıb.

Şəmkirdə zəhərlənənlərin sayı artdı - 14-ü uşaqdır

Şəmkirdə zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, onlardan 14-ü azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

“Necə olur ki, tibb bacısı ixtisasının ödənişi 5 min manatdır?” - Etiraz

"Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqlarının fantastik səviyyədə yüksəldilməsi ağlasığmazdır. Necə olur ki, tibb bacısı ixtisasının ödənişi 5 min manatdır?" Bu sözləri "Yeni Sabah"a təhsil eksperti Etibar Əliyev deyib. O vurğulayıb ki, Azərbaycan təhsil sistemi ölkə müstəqillik qazandıqdan indiyə qədər irəliləyişlər əldə edilməyib:  “Heç bir ölkənin ali təhsil sistemi ayrıca ada kimi fəaliyyət göstərmir. Təcrübələr öyrənilir, professor-müəllim mübadiləsi həyata keçirilir. Yəni ali təhsil ölkədə insan kapitalına məsuldur. Özəl ali təhsil müəssisələri yarananda güman edirdik ki, bu sahədə dövlət universitetləri ilə rəqabət olacaq. Bu baş vermədi. Yəni özəl universitetlər özəl mülkiyyət kimi idarə olundu. Doğrudur, onları ayrı-ayrı fərdlər açır, amma dövlət ali məktəblərində, xüsusən, köhnə universitetlərdə inkişaf meyilləri demək olar ki, hiss olunmur. Təhsil haqlarına gəlincə, bütün dünyada çalışırlar ki, təhsili pulsuz olsun. Yetərincə nümunə var. Hətta elə ölkələr var ki, təhsil haqları çox yüksəkdir, amma onu universitet, xeyriyyə fondları ödəyir. Söhbət istedadın itməsindən, yoxa çıxmasından gedir”.  Etibar Əliyev qeyd edib ki, Azərbaycan Tibb Universitetində təhsil haqlarının fantastik səviyyəyə çatdırılması ağlasığmazdır: “Necə olur ki, tibb bacısı ixtisasının ödənişi 5 min manatdır? Dövlət sifarişi ilə təhsilin qiyməti ödənişli təhsilin qiymətindən bahadır - 9 min manat. Yəni dövlət 1 tələbəyə 9 min manat ödəyir. Ödənişli əsaslarla təhsil alan şəxs isə 6 min 500 manat ödəyir. Yəni dövlətdən 2500 manat daha çox vəsait qoparırlar. Heç bir keyfiyyət dəyişikliyi olmadığı halda, ödənişlər niyə artırılmalıdır? Bunu klinikalara, xəstəxanalara gedən hər kəs görür. Vəsait çox böyükdür, bunun müqabilində mütəxəssis hazırlığı zəif!  Digər ali məktəblərdə də təhsil haqlarını qaldırıblar, amma bu addım ixtisas seçimi ərəfəsində olmamalı idi. Bu əsaslandırılmalıdır: Universitetin güzəşti varmı? Yataqxana şəraiti, tələbələrin qidalanması necədir? Bunlar hamısı izah olunmalıdır. 20 ildir ki, bütün elm sahələri üzrə alim yetişdirməkdə problemlər var. Bunu hamı bilir. Əksər dissertasiyalar başqalar plagiatdır. Belə “alim” adı alanlar, tədris prosesini necə keyfiyyətli həyata keçirə bilərlər?!” Xatırladaq ki, yeni tədris ili üçün Azərbaycan Tibb Universitetində “Tibb” ixtisasının illik təhsilhaqqı artırılıb. Nazirlər Kabinetinin qərarına əsasən, “Tibb” ixtisası üçün 6500 manat, “Stomatologiya” ixtisası üçün 6000 manat, “Əczaçılıq”, “Fizioterapiya”, “İctimai səhiyyə” və “Tibb bacısı” ixtisasları üçün isə 5000 manat olaraq dəyişdirilib.

Bakıda qətl: Dayısını öldürdü

Bakıda 60 yaşlı kişi qətlə yetirilib. Sozcu.az xəbər verir ki, avqustun 19-da paytaxtın Xətai rayonu ərazisində 1965-ci il təvəllüdlü Firdovsi Həsənovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən bacısı oğlu, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Rəhim Qasımov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1274-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 072 700 hərbçi, 11 119 ədəd tank, 23 152 ədəd zirehli döyüş maşını, 31 748 ədəd artilleriya sistemi, 1 470 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 208 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 59 202 ədəd avtomobil texnikası, 52 154 ədəd PUA, 3 565 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 943 xüsusi avadanlıq itirib.

Ukrayna üçün təhlükəsizlik təminatı: ABŞ qırıcıları...

ABŞ və NATO artıq Ukrayna üçün təhlükəsizlik təminatları hazırlayır. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, Avropa qoşunlarının Ukrayna ərazisinə milli bayraqları altında, lakin ABŞ komandanlığı altında yerləşdirilməsi nəzərdə tutulur. Amma ABŞ qoşunları Ukraynaya göndərilməyəcək. Bundan başqa, ABŞ Ukraynanı əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin edə və ya hətta qırıcılarından istifadə edərək hava sahəsini bağlaya bilər.

Təyyarələri İranı bombalamağa mən göndərdim - Tramp

Əgər Amerika ordusu İranın nüvə obyektlərinə zərbələr endirməsəydi, Tehran dörd həftə ərzində nüvə silahı istehsal edə bilərdi. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp amerikalı jurnalist Mark Levinə müsahibəsində səsləndirib. “İran hakimiyyəti belə bir silahı əldə etsəydi, ondan istifadə etməyə tərəddüd etməzdi”, - Tramp bildirib. ABŞ prezidenti özünü və İsrail Baş naziri Benyamin Netanyahunu müharibə qəhrəmanı adlandırıb: “Netanyahu müharibə qəhrəmanıdır, çünki biz birlikdə çalışırıq. O, qəhrəmandır. Mən də eləyəm. Heç kim buna fikir vermir, amma mən də qəhrəmanam. Çünki həmin təyyarələri İranın nüvə obyektlərini bombalamağa mən göndərdim”.

Temperatur 38 dərəcəyə yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim şimal-qərb küləyi günün ikinci yarısından arabir güclənəcək. Havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 40-45% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Son 22 ildə ilk: Türkiyə NATO sammitinə ev sahibliyi edəcək

NATO-nun növbəti sammiti 2026-cı il iyulun 7-8-də Ankarada keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rutte deyib. “İyulun 7-8-də Ankarada NATO sammitinə ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür etmək istəyirəm”, - baş katib bildirib. Rutte qeyd edib ki, NATO liderləri Ankarada bugünkü çağırışlara cavab hazırlamağa davam edəcəklər. Qeyd edək ki, Türkiyə son 20 ildə ikinci dəfə alyans sammitinə ev sahibliyi edəcək, bundan əvvəlki sammit 2004-cü ildə İstanbulda olmuşdu.

"Rusiyanın puç olmuş "qələbə" arzusu" - Aleksandr Nevzorov

"Bəşəriyyət Rusiyanın əsl yırtıcı simasını gördü və ciddi şəkildə "onunla nə etməli?" sualı üzərində düşünməyə başladı..." Hər necə olsa da, artıq aydındır ki, Rusiya özünün isti Ukrayna qanı "vannasını qəbul etmək" və orada kef çəkmək arzusu ilə vidalaşmalı olacaq. Rus təsəvvüründəki "qələbə" olmayacaq! Sozcu.az xəbər verir ki, bu barədə rusiyalı publisist Aleksandr Nevzorov özünün "nevzorov.tv" nəşrində yazıb. Müəllif yazır ki, Rusiyanın "maksimum əldə edə biləcəyi Donbasda bir neçə yüz hektar yandırılmış torpaq, dağıdılmış kəndlərin xarabalığıdır. Onu da yalnız müvəqqəti istifadə üçün. Üç il yarımlıq rüsvayçı müharibəyə və bir milyon rus cəsədinə görə olduqca miskin bir qənimətdir! "Rus dünyası"nın bütün nail olduğu nəticə isə özünün ən həssas böyründə güclü, heç nəyi unutmayan və bağışlamayan bir dövlətin formalaşmasıdır! Elə bir dövlət ki, yaxın gələcəkdə onun ordusunun hər bir bölməsi "Azov" kimi döyüş təcrübəsi və məğlubedilməzlik qazanacaq! Üstəlik, bəşəriyyət Rusiyanın əsl yırtıcı simasını gördü və ciddi şəkildə "onunla nə etməli?" sualı üzərində düşünməyə başladı".

Tusk: Ukraynaya hərbi yardım davam edəcək

“İstəklilər koalisiyası” ölkələrinin liderləri Ukraynaya gələcək hərbi dəstəyin zəruriliyini təsdiqləyiblər. Sozcu.az xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk bildirib. "Kanada, Yaponiya, Türkiyə, Yeni Zelandiya və Avropa ölkələrinin liderləri Alyaskadakı görüşün nəticələrini çox real qiymətləndirdilər. Hamımız Ukraynaya gələcək dəstəyin zəruriliyini təsdiq etdik", - deyə Polşanın baş naziri sosial şəbəkədə yazıb. Marqarita pizza “Hamı sülh istəyir, heç kim Ukraynanın təslim olmasını istəmir və prezident Tramp onun müharibəni bitirmək üçün göstərdiyi səylərə real qiymət verib”, - deyə Tusk əlavə edib. Xatırladaq: “İstəklilər koalisiyası” Ukraynaya hərbi yardım göstərən onlarla ölkənin birliyidir. Digər məsələlərlə yanaşı, bu koalisiya orada hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukrayna ərazisinə sülhməramlı qüvvələrin yerləşdirilməsi imkanını nəzərdən keçirir.

Zelenski Putinin təklifinə YOX dedi

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla söhbəti zamanı Rusiya Prezidenti Vladimir Putinin Moskvada ikitərəfli görüş keçirmək təklifini rədd edib. Sozcu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Bazar ertəsi Tramp və Putin arasında telefon danışığı zamanı Rusiya dövlət başçısı Moskvada Zelenski ilə ikitərəfli görüş təşkil etməyi təklif edib. Həmin vaxt Avropa liderləri ilə birgə Ağ Evdə olan Ukrayna prezidenti rədd cavabı verib. *** 18:36 Rusiya Prezidenti Vladimir Putin Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə Moskvada görüş keçirməyi təklif edib. Sozcu.az xəbər verir ki, bu barədə AFP məlumatlı mənbələrə istinadən bildirib. Agentliyin məlumatına görə, Putin müvafiq təkliflə ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı çıxış edib.

Hacıyev Türkiyə səfiri ilə sülh prosesini müzakirə etdi

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı cari məsələlər, o cümlədən Türkiyə və Azərbaycan üçün ümumi maraq kəsb edən regional inkişaflar ətraflı müzakirə edilib.

Ukrayna konfliktini həll etsəm, cənnətə gedəcəyəm - Tramp

Ukrayna konfliktini həll etsəm, ölümümdən sonra cənnətə düşəcəyimə ümid edirəm. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib. “Bu konfliktin bitməsini istəyirəm. Orada Amerika hərbçiləri deyil, rusiyalı və ukraynalı hərbçilər ölür. Əgər orada hər həftə 7 min insanın öldürülməsini dayandıra bilsəm, bu, əla olardı. Cənnətə getmək istəyirəm, lakin bunun üçün çox iş görməmişəm. Lakin əgər cənnətə düşsəm, Ukrayna konfliktinin həlli bunun səbəblərindən biri olacaq”, - deyə Ağ Ev rəhbəri bildirib.

Vardanyanın növbəti məhkəmə prosesi keçirildi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 19-da davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Ardınca təqsirləndirilən Ruben Vardanyanın vəkili Avraam Berman məhkəməyə müraciət edərək işə baxan hakimlər kollegiyasına etirazını bildirib. R.Vardanyan etirazı müdafiə edib. Zeynal Ağayev bildirib ki, müdafiə tərəfi dəfələrlə eyniməzmunlu etirazlar təqdim edib və hazırkı etirazda da hər hansı yeni xüsusat göstərilməyib. Qeyd olunanlara əsasən, etiraz müzakirəyə çıxarılmayıb. Bundan sonra Avraam Berman müdafiə etdiyi şəxslə konfidensial görüş verilməsini xahiş edib. Hakim vəsatəti təmin edib və məhkəmədə fasilə elan olunub. Fasilədən sonra məhkəmədə zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri dinlənilib. Zərərçəkmiş şəxs Amin Həsənovun hüququ varisi - atası İlqar Həsənov ifadəsində övladının Ağdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu deyib. Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş şəxs Ucal Babaşovun hüquqi varisi – atası Nərbala Babaşov övladının Xocavənddə qarşı tərəfdən açılmış atəş nəticəsində həlak olduğunu bildirib. Zərərçəkmiş şəxs Hüseyn Nəsibovun hüquqi varisi – atası Əfqan Nəsibov ifadəsində övladının Şuşa-Xankəndi istiqamətində düşmənin təxribatı nəticəsində həyatını itirdiyini söyləyib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs Nəcməddin Quliyevin hüquqi varisi – atası Natiq Quliyev övladının Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu qeyd edib. Ramazan Hüseynzadənin hüquqi varisi – atası Həmdulla Hüseynov ifadəsində övladının Xocalıda düşmənin açdığı atəş nəticəsində həlak olduğunu deyib. Ramil Quliyev Kəlbəcərdə düşmənin atdığı minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralandığını vurğulayıb. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş şəxs bildirib ki, həmin vaxt yaxınlığındakı iki nəfər həlak olub. Elnur Həsənov Tərtər rayonunun Həsənqaya kəndində qoyun otararkən düşmənin basdırdığı minanın partlaması nəticəsində xəsarətlər aldığını söyləyib. Bərzani Atayev ifadəsində Ağdərədə yaralıları təxliyə edən zaman Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində yaralandığını xatırlayıb. İsgəndər Hüseynov ifadəsində düşmənin açdığı artilleriya atəşi nəticəsində yaralandığını qeyd edib. Hadisə zamanı Samir Kərimov və Əli Heydərov da yaralanıb. Halay Tahirli ifadəsində Kəlbəcərdə düşmən tərəfindən atılmış qumbaranın yaxınlığına düşərək partlaması nəticəsində yaralandığını deyib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran H.Tahirli diqqətə çatdırıb ki, həmin vaxt Kənan Nəsibov həlak olub, Eltəkin Həsənov isə müxtəlif növ bədən xəsarətləri alıblar. Elgün İsmayıllı Xocalı rayonunun Xanabad kəndində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində güllə yarası aldığını söyləyib. Hadisə zamanı onunla yanaşı, Xalid Əlifov və Babək Əhmədli də yaralanıb. Xalid Əlifov ifadəsində Xocavənddə düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət aldığını bildirib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında diqqətə çatdırıb ki, hadisə zamanı Əhliyar Muradov və Elgün İsmayıllı yaralanıb, Davud Qiyaslı isə həlak olub. Nüsrət Kərimov, Rəsul Ramazanov, Əziz Qubadov, Ceyhun Əliyev, Elməddin Piriyev, Vasif Məmmədov, Elnur Piriyev, Ruslan Mirzəyev, Məhəmməd Piriyev, Samir Xəmmədli, Möhlət İdrisov, Hüseyn Nurullayev, Rəvan Əhmədov, Tural İsayev ifadələrində düşmənin təxribatları nəticəsində zərər çəkdiklərini qeyd ediblər. Digər zərərçəkmiş şəxslər Elvin Muradov, Məhərrəm Məlikov, İlkin Əhmədov, Azər Həmzəyev, Elməddin Hacızadə, Hikmət Cəbiyev, Səfiyar Məmmədli, Orxan Sadıqlı ifadələrində Ağdərədə düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını vurğulayıblar. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran Rəşad Qənbərov Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış mərminin yaxınlığına düşərək partlaması nəticəsində yaralandığını deyib. Hadisə zamanı Murad Arzullayev və Cavid Əliyev həlak olublar. Nurlan Abdullayev Ağdərədə düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət aldığını bildirib. Rahil Dövlətov Ermənistan silahlı qüvvələrinin basdırdığı minanın partlaması nəticəsində yaralandığını söyləyib. İmran Məmmədov Xankəndidə düşmənin atəşi nəticəsində xəsarət aldığını qeyd edib. Gündüz Əmoyev Xocavənd rayonunda qarşı tərəfin təxribatı nəticəsində yaralandığını deyib. Eyvaz Hüseynov Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını diqqətə çatdırıb. Elvin Cabbarov Ağdərə-Xocalı istiqamətində düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını söyləyib. Rahim Qardaşov deyib ki, Ağdərədə avtomobillə hərəkətdə olarkən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən mərmi atılıb. Partlayış nəticəsində o və avtomobildə olan digər şəxslər xəsarətlər alıblar. Toğrul Mehralıyev Kəlbəcərdə qarşı tərəfdən açılmış atəş nəticəsində kəllə-beyin travması aldığını bildirib. Məcid Səfərov Zəngilan rayonunda Ermənistan silahlı qüvvələrinin basdırdığı tank əleyhinə minanın partlaması nəticəsində xəsarətlər aldığını qeyd edib. İzzət Dadaşlı Xocavənd rayonunda düşmənin açdığı atəş nəticəsində yaralandığını, təxliyə olunarkən isə avtomobilin artilleriya atəşi ilə vurulması nəticəsində kəllə-beyin travması aldığını söyləyib. Məhkəmə prosesində mina qurbanı olmuş və digər zərərçəkmişlər Amid Əsədov, Çərkəz Quliyev, Oktay Alışov, Elşən Xəlilov, Vüqar Zülfüqarlı, Xəyal Abdullayev, İlham Salmanov, Dilavər Şükürov, Rövşən Əlizadə, Mehman Quliyev, Güloğlan Mirzəliyev, Bəhruz Nəsirov, Elnur Abbaszadə, Xanlar Aslanov, Səfər Əliyevin və başqalarının barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib. Bundan başqa, prosesdə məhkəmə-fonoskopik, məhkəmə partlayış texniki ekspertizalarının rəyləri elan olunub. Məhkəmənin növbəti iclası avqustun 26-na təyin edilib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Makron Putin-Zelenski görüşü üçün bu şəhəri təklif etdi

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında ikitərəfli görüş üçün mümkün məkan kimi Cenevrəni göstərib. Sozcu.az xəbər verir ki, Makron bu barədə TF1 telekanalına müsahibəsində bildirib. Fransa lideri jurnalistin sualını cavablandırarkən Parisdə “2019-cu ildə olduğu kimi” görüşün keçirilməsi ehtimalını rədd edib. O qeyd edib ki, vəziyyət “fərqli mərhələdədir” və “neytral ölkə” tapmaq lazımdır. "Ola bilsin ki, İsveçrə, mən Cenevrənin tərəfdarıyam. Yaxud başqa ölkə olacaq. Sonuncu dəfə Türkiyədə, İstanbulda ikitərəfli məsləhətləşmələr keçirilib" , - o qeyd edib.

Ermənistanın Rusiyadakı konsulluğu BAĞLANDI

Ermənistanın Rusiyanın Yekaterinburq şəhərindəki nümayəndəliyi 7 il işlədikdən sonra bağlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının Çelyabinsk bölməsinin sədri Qaqik Mxitaryan öz Telegram kanalında bildirib. Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Narek Spartakyanı Yekaterinburqdakı fəxri konsul vəzifəsindən uzaqlaşdırıb. “Bütün suallarınız üçün Ermənistan Respublikasının Rusiyadakı digər konsulluq idarələri ilə əlaqə saxlayın”, - məlumatda deyilir. Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyan avqustun əvvəlində tutduğu vəzifədən uzaqlaşdırılıb. Səbəb rəsmi olaraq açıqlanmasa da, KİV-də istefanın konsulun Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə (AAC) münasibətdə hərəkətləri ilə razılaşmaması ilə bağlı ola biləcəyini yazılıb.

Sabah yağış yağacaq

Sabah, avqustun 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Yataqxanada yanğın oldu - Xəsarət alan var

Bakıda yataqxanada yanğın olub. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nəsimi rayonunda ikimərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində 50 m² sahədə məişət tullantıları yanıb. Yataqxana binası yanğından mühafizə olunub. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Cinayət Məcəlləsini sərtləşdirmək çağırışı: “Bəzən “şəhid” ifadəsi əsassız istifadə olunur”

"Mövcud boşluğu aradan qaldırmaq üçün bir sıra istiqamətdə təkliflər nəzərə alına bilər. İlk növbədə, Cinayət Məcəlləsinin 245-ci maddəsinin təkmilləşdirilməsi, yəni şəhid məzarlarının təhqir edilməsi ayrıca ağırlaşdırıcı hal kimi göstərilməlidir".  Bu sözləri "Yeni Sabah"a “Konstitusiya Araşdırmaları Fondu"nun prezidenti Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, Cinayət Məcəlləsində işəhid məzarlarına qarşı ayrı-ayrı maddələr, ağırlaşdırılmış məsuliyyət nəzərdə tutulmayıb:  “Ölkəmizə turist kimi gələn bəzi şəxslər bir çox hallarda Azərbaycanın atributlarına, mədəniyyət abidələrinə münasibətdə düzgün davranış modeli seçmirlər. Bu şəxslərin hərəkətləri ilə bağlı Cinayət Məcəlləsinin 245-ci maddəsinin tərkibi var. 245-ci maddə "Qəbir üzərində təhqiredici hərəkətlər" başlığı ilə belə hallarla bağlı cinayət məsuliyyəti yaradır. Bu müddəa ümumilikdə qəbristanlıqların, qəbir daşlarının və digər dəfn yerlərinin təhqir edilməsini nəzərdə tutur. Yəni şəhid məzarları ilə yanaşı, digər şəxslərin məzarlarına qarşı da təhqiramiz hərəkət, yaxud hörmətsizlik xarakteri daşıyan addım cinayət əməli sayılır. Bununla yanaşı, şəhid məzarları xüsusi simvolik məna daşıdığından ictimai şüurda və milli dəyərlər sistemində digər məzarlardan fərqli, müqəddəs statusa malikdir. Cinayət Məcəlləsində isə şəhid məzarlarına qarşı ayrı-ayrı maddələr, ağırlaşdırılmış məsuliyyət nəzərdə tutulmayıb. Yəni şəhid məzarına qarşı edilmiş təhqiramiz hərəkət mövcud qanunvericilikdə ağırlaşdırıcı hal hesab olunmur. Məhz buna görə cəmiyyətin müxtəlif təbəqələrində belə bir ehtiyacın olması ilə bağlı vaxtaşırı müzakirələr aparılır. Şəhid məzarının üzərində edilən hərəkətlər təkcə mərhumun xatirəsinə hörmətsizlik deyil, həm də dövlətin müstəqilliyi, suverenliyi, xalqın milli yaddaşına qarşı təhqir hesab olunur. Bu baxımdan, şəhid məzarı ilə adi məzara qarşı edilən qeyri-etik hərəkət arasında ictimai təhlükəlilik dərəcəsi nöqteyi-nəzərindən ciddi fərq var. Şəhid məzarları ilə əlaqədar, 245-ci maddəyə əlavə bənd kimi, əlavələr etmək olar”. Əliməmməd Nuriyeev qeyd edib ki, Azərbaycan qanunvericiliyində şəhid statusunun yalnız dövlət tərəfindən müəyyən edilmiş meyarlara görə verilir: “Azərbaycan qanunvericiliyində, şəhid adının əbədiləşdirilməsi qanunu mövcuddur. Həmin qanunun əsasən, şəhid statusu yalnız dövlət tərəfindən müəyyən edilmiş meyarlara görə verilir. Bu status hərbi əməliyyatlarda, vətənin müdafiəsi zamanı, dövlət və ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərə şamil olunur. Bu, şəhidlər üçün rəsmi-hüquqi statusdur və aidiyyəti dövlət orqanlarının qərarı ilə rəsmiləşir. Çox təəssüf ki, bəzən "şəhid" ifadəsinin əsassız istifadəsinə rast gəlirik. Müəyyən hallarda, vətəndaşlar öz təşəbbüsü ilə təbii fəlakətlər, yol qəzaları və digər faciələrdə həlak olmuş şəxslərin məzarında “şəhid” ifadəsini yazıdırırlar. Hüquqi baxımdan, bu, statusun saxtalaşdırılması mənasına da gələ bilər. Çünki şəhid statusu yalnız qanunla müəyyən edilmiş hallarda verilir. Əks halda, çaşqınlıq yaradır və dövlətin qəbul etdiyi statusa qarşı hörmətsizlik formalaşdırır. Qanunvericilikdə bu məsələ ilə bağlı konkret məsuliyyət norması nəzərdə tutulmayıb. İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə əlavələr və dəyişikliklər formasında şəhid statusunun əssasız surətdə təhrif edilməsi ayrıca məsuliyyət predimeti kimi müəyyən edilə bilər. Bu, həm də şəhid adının qorunması, ondan sui-istifadənin qarşısının alınması üçün vacibdir. Mövcud boşluğu aradan qaldırmaq üçün, bir sıra istiqamətdə təkliflər nəzərə alına bilər. İlk növbədə, Cinayət Məcəlləsinin 245-ci maddəsinin təkmilləşdirilməsi, şəhid məzarlarının təhqir edilməsi ayrıca ağırlaşdırıcı hal kimi göstərilməlidir. İkincisi, şəhid statusundan sui-istifadə ilə bağlı məsuliyyətin müəyyən edilməlidir. Yalnız dövlət orqanı tərəfindən verilmiş status əsasında bu ifadədən istifadə edilməsinə icazə verilməlidir”.

Bu avtomobillər evakutor belində getmək üçündür? – Azərbaycansayağı yanaşma

“Bəzi xəbər portalları, bloqçular və özünü avtomobil mütəxəssisi kimi təqdim edən şəxslər tez-tez siyahılar dərc edirlər: guya bu avtomobillər “ən pisdir”, digərləri isə “ən yaxşı”. Mən bu yanaşma ilə razı deyiləm. Çünki hər ölkənin özünəməxsus avtomobil bazarı, istehlakçı psixologiyası və seçim mədəniyyəti var”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında  Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib. O, ölkəmizdə bəzi brend avtomobil markalarının haqqında dərc olunan məlumatları doğru hesab etmədiyini qeyd edib: “Məsələn, Azərbaycanda bəyənilməyən, problemli sayılan müəyyən “Volkswagen” modelləri var. İnsanlar onları almaqdan çəkinirlər. Amma qonşu ölkələrə — Türkiyə, Rusiya və digərlərinə nəzər salsaq, həmin modellərin kifayət qədər sevilən və güvənilən avtomobillər olduğunu görərik.  Başqa bir nümunə: “Şkoda”. Bu marka keyfiyyətli avtomobilləri ilə tanınır. Rusiya bazarında, müharibədən öncəki dövrdə, çox populyar idi və satış göstəriciləri yüksək idi. Amma bizdə bu markaya maraq o qədər də böyük deyil. Bu da bir daha göstərir ki, bazar seçimləri təkcə texniki göstəricilərdən yox, həm də yerli zövq, dəb və psixoloji amillərdən asılıdır. Digər tərəfdən, hər hansı dönəmdə “Land Rover” modelində zavod qüsuru aşkarlana bilər və bu avtomobillər geri çağırılır. Lakin növbəti buraxılışlarda həmin problemlər aradan qaldırılsa da, insanlar illərlə eyni qüsur barədə danışmağa davam edirlər. Məsələn, bir vaxtlar “Discovery” modelindəki qüsurlar müzakirə olunurdu. Halbuki bu, illər əvvəlki mövzudur. Eyni yanaşmanı “Jeep” markasına da tətbiq etmək olar. Dünyada həm təhlükəsizlik, həm də yolsuzluq imkanlarına görə nüfuzlu brendlərdən biri hesab olunsa da, bəzən bizdə yanlış müqayisələrə məruz qalır”. Müsahibimiz bildirib ki, avtomobil istehsalında qüsurların baş verməsi normal haldır: “Əlbəttə, avtomobil sənayesi zamanla dəyişir. İstehsalçılar əvvəllər daha çox keyfiyyətə üstünlük verirdilərsə, indi müasirlik, dizayn və dəbdəbə ön plana çıxır. Amma bu, həmin markaların dəyərini və etibarlılığını kölgəyə sala bilməz. Axı, marka elə markadır. Bunu geyim nümunəsində də görə bilərik: orta qiymətə olan məhsul bir az fərqli görünə bilər, amma marka dəyəri onu xüsusi edir. Avtomobillərdə də eynidir. Məsələn, yeni yaranmış Çin startap avtomobillərini Amerika, Avropa və Koreya markaları ilə müqayisə etmək doğru deyil. Bu, haqsızlıq olar. Buna görə də, istər mətbuatda, istər gündəlik söhbətlərdə, hansısa brend haqqında səthi fikirlərə əsaslanaraq qənaət çıxarmaq düzgün deyil. Avtomobil, geyim, elektronika və ya ərzaq markaları barədə peşəkar araşdırmaya əsaslanmaq daha məqsədəuyğundur. İstehsalçı zavodlarda müəyyən qüsurların baş verməsi mümkündür. Çünki burada həm texniki, həm də iqtisadi amillər rol oynayır. Hətta bəzən yeni modellərin istehsalı sırf biznes maraqlarına görə həyata keçirilir. Bu isə o demək deyil ki, brend ümumilikdə keyfiyyətsizdir”.

Bu gün böyük gündür - TRAMP

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçiriləcək görüş barədə hisslərini bölüşüb. Sozcu.az xəbər verir ki, o, bugünkü günü “böyük gün” adlandırıb və heç vaxt bu qədər Avropa liderinin eyni vaxtda Ağ Evə toplaşmadığını deyib. “Bu Amerika üçün böyük şərəfdir. Nəticələrin nə olacağını görəcəyik”- Tramp qeyd edib. Xatırladaq ki, bu gün Ağ Evdə ABŞ prezidenti, Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçiriləcək.