Bu gün Gizli Müsavatın rəhbəri Dadaş Həsənzadənin anım günüdür

Sovet rejiminə qarşı müqavimət hərəkatının rəhbərlərindən biri, gizli fəaliyyət göstərən "Müsavat" partiyasının Bakı Komitəsinin (BK) nəzdində fəaliyyət göstərən Hərbi təşkilatın rəisi (1921–1923), Gizli "Müsavatın" Mərkəzi Komitəsinin (MK) sədri 28 yanvar 1927-ci ildə güllələnmişdir.

1926-cı ilin əvvəllərində ADSİ ikinci gizli "Müsavatın" üzvlərinin siyahısını əldə edərək və onların fəaliyyətlərini izləyərək onları həbs etmişdir. Dadaş Həsənzadə həmin ilin 11 mart tarixində həbs edilmişdir. 13 mart 1926-cı il tarixindən başlayaraq səkkiz ay davam etmiş Dadaş Həsənzadənin istintaq dindirilmələrində o, müsavatçı olduğunu, gizli təşkilata rəhbərlik etdiyini, Tiflisə getdiyini və Gürcüstan Milli Komitəsi ilə əlaqə qurduğunu inkar etmişdir.

Yalnız 1926-cı ilin noyabr ayında D. Həsənzadə ona qarşı yığılan dəlillərin çoxluğu və müstəntiqlər tərəfindən tətbiq edilən ardı-arası kəsilməyən mənəvi və fiziki işgəncələrin tətbiq edilməsinin nəticəsində etirafedici ifadələr verməyə başlamışdır. Amma o, ancaq özünün təqsirli olduğunu etiraf etmiş, hər şeyi yalnız öz boynuna almış, yaxud da müsavatçıların mühacirətdə olan və ölən üzvlərinə qarşı ifadələr vermişdir ki, belələrini ADSİ həbs edə bilməzdi. İstintaq dindirilmələrinin mətnindən görünür ki, D. Həsənzadə nə Bakıdakı yoldaşları, nə də "Müsavatın" qəza komitələrinin tərkibi barədə bir kəlmə də olsun ağzından qaçırmamışdır.

28 yanvar 1927 ildə Müsavat Partiyasının ikinci gizli təşkilatının 34 üzvünün tezləşdirilmiş rejimdə məxfi qapalı məhkəmə prosesi keçirilmişdir. Bu məhkəmədə Dadaş Həsənzadə güllələnməyə məhkum olunmuşdur. D. Həsənzadə ADSİ mühafizəçiləri dindirilmələrin birində Jukov soyadlı müstəntiqə hücum edib onun bir gözünü vurub kor etdiyinə görə güllələmişdirlər.

Sözcü.az

Share on Facebook