Özləri parlamentdə, övladları kabinetdə şellənirlər…

Qocalmaq hər adama qismət olmur. Bu, Allahın lütfüdür…  Ətrafınızdakı kişilərdən neçəsi pensiya alır?  Mənim çevrəm genişdir. Amma onların arasında pensiya yaşına çatmış çox az adam var. Otuz-qırx il işləyib sonra da pensiyaya çıxmaq hamıya nəsib olmur. Birini ürəyi yarı yolda qoyur, birini xərçəng içəridən “yeyir”, beşi də ya zəlzələdən, ya da vəlvələdən ölür. Buna görə də biz qoca adamlara qənimət kimi baxmalı, onların qədrini bilməliyik.  Söhbətə uzaqdan başlamağıma baxmayın. Mövzu lap yaxın günlərə aiddir. Məzahir Pənahov deyəndən sonra mən də inandım, bu yay əvvəlkilərdən daha qızmar keçəcək. Parlament seçkiləri havanın hərarətini bir az da artıracaq. Seçicidən səs istəyən də, səs verməyə gedən də əməlli-başlı tərləyəcək. Amma bəzi adamlar indidən tərləməyə başlayıblar. Söhbət qanunverici orqanda təmsil olunan yaşlı deputatlardan gedir. Seçicilərin bir qismi hesab edir ki, onların 84, lap elə 74 yaşlı deputata ehtiyacları yoxdur. Niyəsini isə belə izah edirlər: “Özünü güclə hərləyir, bizə nə gün ağlayacaq…” Mən yaşlı deputatlara qarşı xüsusi aqressiya nümayiş etdirməyin tərəfdarı deyiləm. Milli Məclisdə məndən 25-30 yaş böyük, amma məndən qat-qat sağlam olan bir neçə deputat var. Eşitmiş olarsınız; ağ gün adamı ağardır, qara gün qaraldır…  Xalq istəsə, 99 yaşlı adamı da deputat seçə bilər. Bu, onun müstəsna hüququdur. Bizim xalqın tutduğunu buraxmamaq kimi bir adəti var. Buna görə də Milli Məclisdə elə adamlar var ki, 30 ildir ara vermədən deputat seçilirlər. Vallah, nə mənim, nə də bu mövzunu gündəmdən düşməyə qoymayan digər adamların deputatlıqda gözü yoxdur. Bilirsiniz, problem nədədir? Bəzi deputat yoldaşlar bu imtiyazdan gen-bol istifadə edirlər. Yaxşı edirlər! Onların övladları da bu imtiyazdan əməlli-başlı istifadə edirlər. Amma düz etmirlər. Bu adamların yaxın-uzaq qohumları, hətta qudaları da əllərinə düşən fürsəti fövtə vermirlər. Bu yaxınlarda 64 yaşlı bir xanım qudası olan deputatın mandatına güvənərək, 11 nəfərə 200 min manata yaxın pul “atmışdı”.  Buna görə də, xalq eyni adamların üçüncü, beşinci, altıncı dəfə dəfə deputat seçilməsini istəmir. Çünki özləri parlamentdə, övladları isə kabinetdə şellənirlər. Onları seçənlər isə bir tikə çörək üçün şəraitsiz iş yerlərində eşələnirlər...  Seymur VERDİZADƏ 

"Düşmən bu barədə düşünməyə cəsarət etməyəcək” - Ukraynalı komandir

Ukrayna hərbçiləri Xarkov vilayətində rus qoşunlarının irəliləməsini dayandırmaq üçün mərmilər alıblar. Sozcu.az “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, ABŞ Konqresi milyardlarla dollarlıq hərbi yardımı gecikdirdiyi üçün Ukrayna müdafiəçiləri artilleriya mərmiləri və digər silahların çatışmazlığı səbəbindən aylarla iflic vəziyyətində qalıblar. Bu, rusların cəbhədəki üstünlüklərindən istifadə edə bilməsi və şərq cəbhəsində irəliləməsi ilə nəticələnib. Hərbçilər mərmilərin tədarükünün davam etdiriləcəyinə əmin olduqlarını bildiriblər. Çünki cəbhədıki mövqeləri saxlamağın vacibliyini hər kəs anlayır. “Əgər indi düşmənin Xarkov və Xarkov vilayətinə genişmiqyaslı hücumunu belə ekstremal vəziyyətdə dayandırmağa qadir olduğumuzu nümayiş etdirə bilsək, o zaman düşmən Kiyevə, Çerniqov vilayətinə, Sum və ya Poltava vilayətinə hücum etmək barədə düşünməyə cəsarət etməyəcək”, – deyə artilleriya bölmələrindən birinin komandiri “Reuters” agentliyinə bildirib. Yerli sakinlər deyiblər ki, Xarkov vilayətinin şimalındakı döyüşlər Rusiyanın keçən il ələ keçirib, xarabalığa çevrildiyi Baxmutdan daha şiddətlidir.

May ayında qarın yağması nəyin XƏBƏRÇİSİDİR?

İstilər düşsə belə, may ayında Azərbaycanın bəzi bölgələrinə hələ də qar yağır. Qeyri-sabit keçən hava şəraiti insanlarda təşvişə və narahatlığa səbəb olub. Bir çoxları bu kimi hadisələrin iqlim dəyişikliyinə görə baş verdiyini vurğulayır və əvvəlki kimi fəsillərin hər birinin dadını çıxara bilməməkdən, birbaşa qışdan yaya atlamaqdan narazılıqlarını dilə gətirirlər. Mayda qarın yağması nəyin xəbərçisidir? Ekoloq Ənvər Əliyev Bizim.Media-ya bildirib ki, əslində Azərbaycan üçün yağıntı dövrü məhz bu aylarda, yazın sonu, yayın əvvəllərindədir: "Bütün sinoptik göstəricilər illər ərzində bunu təsdiqləyir. Azərbaycana müxtəlif istiqamətlərdən, xüsusilə Şimal və Qərbdən gələn hava kütlələri yağıntını məhz bu aylarda gətirirlər. Bəzən də deyirlər ki, bütün bunlar iqlim dəyişkənliyinə görədir. Mən bu fikirlərlə razı deyiləm. Çünki iqlim dəyişikliyi min illərin nəticəsidir. Onu əmələ gətirən amillər var. Buna fəsillərin dəyişməsi, yağıntılı və quraqlıq dövrünü aid etmək olar". Ekoloq qeyd edib ki, yəni mayın yağıntılı keçməsinin fəsillərə aidiyyəti yoxdur: "Bəzən görürsən ki, 10, 20, hətta 50 il müddətinə yağıntılar azalır, çox seyrəklik olur. Bu, planetin bir çox yerlərində təkrarlanır. Məsələn, Azərbaycandan söz açsaq, ötən il Naxçıvanda apreldən oktyabra qədər 60% yağıntılar qalxmışdı. Bu il də ötən ilə nisbətən yağıntılar hədsiz çoxdur. Yəni təşvişə düşməli heç bir hal yoxdur. Məsələn, Bakıda qışın bir hissəsi, kiçik çillədə, yəni fevralın əvvəlindən 20-nə qədər quraqlıq oldu. Əslində isə kiçik çillə dövrü ən çox yağıntılı və soyuq vaxt olmalıdır. Amma 2020-2022-ci illərdə də fevral ayı məhz belə yağıntısız olub. Ona görə də yenə deyirəm, narahat olmalı heç bir durum yoxdur".

Diplomları tanınmayan ali məktəblər

Diplomları tanınmayan və ən çox imtina alan ali təhsil müəssisələrin siyahısı tərtib edilib. Sozcu.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb. Qeyd olunub ki, siahı, ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə etməkdədir (qeyd olunan ali təhsil müəssisələri ilə keçiddən tanış ola bilərsiniz). Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri akkreditasiyasız ali təhsil müəssisəsi, təhsil aldığı ölkənin ərazisində təhsilin normativ müddətindən az olması, dövlət nümunəli olmayan diplom, təhsil forması, tədris yükünün normativdən az olması göstərilib.

Tabor komandiri məhkəmə zalında həbs edildi

Rüşvət almaqda və mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin hərbi-hissəsinin sabiq tabor komandiri Elnur Əliyev həbs edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində qərar qəbul edilib. Hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm elan edilib. Hökmə əsasən, barəsində həbs qətimkan tədbiri seçilməmiş Elnur Əliyev 5 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdə həmçinin mənimsəmə epizodu üzrə ona cəza təyin edilməyib. Həmin hissə hökmdən xaric edilib. Qeyd edək ki, Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsindən əlavə eyni məcəllənin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə də ittiham verilib.

Ana özünü və üç uşağını ZƏHƏRLƏDİ

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib. Sozcu.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib. Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib. Zəhərlənən uşaqlar 2007-ci il təvəllüdlü N. Süleymanova, 2016-ci il təvəllüdlü N. Süleymanov və 2017-ci il təvəllüdlü Y. Süleymanov o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər. Ananın vəziyyəti qənaətbəxş olsa da azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşadırma aparılır. (Apa)

Qəzzalılar Rəisinin ölümünü bayram etdilər

İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması barədə xəbər yayılandan sonra Qəzza zolağında yaşayan bir qrup fələstinli bunu bayram edib. Bu barədə ərəbdilli sosial media kanallarında paylaşımlar edilib. Videolarda fələstinlilərin qəza xəbərindən sevindikləri və bu münasibətlə şirniyyat payladıqları əks olunub. "Qəzza iranlı cinayətkarın ölümünə görə təbriklər", "Qəzza müsəlmanların qatilinin ölümünə sevinir" məzmunlu plakatlar qaldırıblar.

İbrahim Çelikkol evlənir?

Türkiyəli aktyor İbrahim Çelikkol yazar sevgilisi Natali Yarcanla tədbirlərin birinə qatılıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecədə aktyor jurnalistlərin “Evlilik təklifi etmisiniz” sualına "Hər şey ola bilər" cavabını verib. Qeyd edək ki, İbrahim Natali ilə iki ildir eşq yaşayır. O, 2022-ci ildə 5 illik həyat yoldaşı Mihre Mutludan boşanıb.

Ramos və Ronaldodan Kroosun qərarına reaksiya

“Real”ın sabiq müdafiəçisi Serxio Ramos Toni Kroosun Avro-2024-dən sonra karyerasını başa vurmaqla bağlı qərarına reaksiya verib.  Sozcu.az xəbər verir ki, “Sevilya”nın futbolçusu sosial şəbəkə hesasında bununla bağlı yazıb:  “Səninlə bu qədər özəl anları və uğurları bölüşmək mənim üçün xoş idi. Sən unikal bir oyunçu və fərqli bir insansan, ən yaxşılarındansan. Həmişə mənim komandamdasan, Antonio. Yeni həyatından və gözəl karyerandan həzz al”.  İspaniya çempionunun daha bir sabiq oyunçusu, hazırda Ərəbistanın “Əl-Nəsr” klubunun formasını geyinən Kriştiano Ronaldo da keçmiş komanda yoldaşının qərarına münasibət bildirib: “Hər şey üçün çox sağ ol, Toni! Meydanı səninlə birgə bölüşdürmək qürurdur. Gələcək həyatında ən yaxşısını arzulayıram!”. Qeyd edək ki, almaniyalı yarımmüdafiəçi karyerası ərzində “Bayer” və “Bavariya”da çıxış edib. O, "Real"la bütün turnirlərdə 463 matça çıxaraq 28 qol vurub və 98 qolun ötürməsini edib. 

AB Rusiya aktivlərini bu tarixdə Ukraynaya verəcək

Avropa Birliyi banklarından dondurulmuş Rusiya aktivlərinin reinvestisiyasından əldə edilmiş gəlirin ilk ekspropriasiyası iyulda baş tutacaq. Sozcu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) bəyanatında bildirilib. “İlk resurslar Ukraynaya dəstək üçün 2024-cü ilin iyulunda əlçatan olacaq, sonrakı ödənişlər ildə iki dəfə həyata keçiriləcək”, - deyə bildirilib.

Sumqayıtda bədbəxt hadisə: 62 yaşlı fəhlə iş zamanı öldü

Sumqayıtda tikintidə işləyən 62 yaşlı fəhlə iş zamanı ölüb. "Report"un yerli bürosu xəbər verir ki, hadisə “Bağça şəhər” yaşayış kompleksində aparılan tikintidə baş verib. Tikintidə fəhlə işləyən 1962-ci il təvəllüdlü Şahpənçi Cavanşir Əlihüseyin oğlu iş zamanı vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Sabah saat 10-dan etibarən...

Yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması, qaz kəmərlərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması məqsədi ilə 22.05.2024-cü il tarixində saat 10:00-dan etibarən Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib. Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Sabunçu və Zabrat qəsəbələrinin, Xəzər rayonu üzrə isə Binə Sovxoz adlanan yaşayış ərazisinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Çinə sanksiyalar davam etdiriləcək - Blinken

ABŞ və Avropa Birliyi Rusiya ilə əməkdaşlığa görə Çin şirkətlərinə sanksiyaları davam etdirəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Konqresdə dinləmələr zamanı deyib. Onun sözlərinə görə, Qərb ölkələri Rusiya ilə əlaqəli olduğu iddia edilən Çindən olan 100-dən çox şirkətə artıq sanksiyalar tətbiq edib. "Biz sanksiyaları davam etdirəcəyik", - deyə Blinken vurğulayıb. Bundan əvvəl Çin Tayvana silah tədarükünə görə ABŞ-ın üç şirkətinə sanksiya tətbiq etmişdi.

Hər kəs Rusiya ilə qapını aralı saxlayır - Zelenski

Qərb dövlətləri Rusiya ilə əlaqələri tamamən kəsmək istəmirlər. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Nyu York Tayms”a müsahibəsində deyib. “Bizim tərəfdaşlarımız, prinsipcə, Rusiya Federasiyası ilə münasibətlərin tamamilə kəsiləcəyindən qorxurlar. Hər kəs öz səfirliyini bağladı? Xeyr. Hər kəs Rusiya diplomatlarını evinə göndərdi? Xeyr. Hər kəs Rusiya ilə qapıları bir az aralı saxlayır”, - deyə dövlət başçısı bildirib.

"Bizim millət kökdən şöhrətpərəst və eqoistdir" - Psixoloqdan QALMAQALLI AÇIQLAMA

Son günlər yenidən parlament seçkilərində iştirak etməyi düşünən bir sıra deputatlarla bağlı müxtəlif iddialar səslənir.   Maraqlı məqam isə ondan ibarətdir ki, onların arasında 78-80 yaşda olsa da, yenidən namizədliyini irəli sürmək istəyənlər var. Bu isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Ümumiyyətlə, Azərbaycanda bir çox sahədə insanlar yaşlansa da, təqaüdə çıxmaq istəmir və bunu qəbullanmırlar. Bəs görəsən, bu vəzifə ehtirası, unudulmaq qorxusu, yoxsa psixoloji problemdir? Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış psixoloq Samirə Bağırova bildirib ki, bir çox azərbaycanlıda “qəbulanmama sindromu” var: “Onsuz da hamı Milli Məclisi "Qocalar evi" adlandırır. Bizim millət kökdən şöhrətpərəst və eqoistdir. Üstəlik, qəbulanmama kimi sindromu var. Çöküşü, yaşlılığı, ayrılığı, ölümü, təqaüdü və sairə kimi həyat içində baş verən, insana xas olan mərhələləri qəbullanmamaq kimi psixoloji xəstəliklə yaşayırlar. Çoxunun içində özünü, gücünü hamıya sübut etmək hissi yatır. Kreslo, vəzifəsi ilə sanki ətrafı qorxutmaq sığortası qazanmaq istəyir. Xalqa xidmət etməyi kimsə düşünmür”. Psixoloq yaşlı şəxslərin vəzifəsindən getmək istəməməsinin səbəbini açıqlayıb: “Eləcə də yaşlılar, qohum-əqrəbasına, digər tanış yaşlı ətrafına vəzifə sayəsində sübut etmək istəyir ki, hələ də sözü keçən gücə sahibdir. Di gəl ağzını açıb danışır baxırsan ki, dünyabaxışı nə qədər geridir.  Təbii ki, bu hamıya şamil olunmasa da, çoxluq təşkil edən məsələdir. Bu yaxınlarda keçmiş millət vəkillərindən və yenidən seçkilərdə iştirak etmək istəyini irəli sürən biri ilə söhbət edirdim. Söhbət əsnasında s adamı dinləyirdim və düşünürdüm ki, insan necə belə boş düşünə, boş danışa bilər? Danışdığı söhbətlər, sürdüyü ideyalar 30 il öncə bəlkə də maraq doğura bilərdi. Düşünürəm ki, Milli Məclisdə əməlli-başlı, hərtərəfli təmizlik etmək zamanı çoxdan çatıb. Bu Milli Məclisə sərf edərmi? Orası məlum deyil”.

Rəsmən təsdiqləndi, sayğacların 74 faizi düz işləmir – ALDADILIRIQ?

“Ölkədə mövcud olan ölçmə vasitələrinin 74 faizi düz işləmirmiş. Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti maraqlı bir rəqəm açıqlayıb. Qurum deyir ki, yoxlamalar nəticəsində ölkədə mövcud olan ölçmə avadanlıqlarından 74,2 faizində nöqsanlar aşkarlanıb”. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz sosial media hesabında bildirib. Ekspert qeyd edib ki, bununla da bir sıra rəsmi və özəl qurumlarda hansısa xidməti, sərfiyyatı, çəkini və sairəni ölçən cihazların əksəriyyətində problem yaşandığı ortaya çıxır: “Anlaşıqlı desək, bu o deməkdir ki, “Azərişığ”ın, “Azərsu”nun sayğaclarında, eləcə də digər dövlət qurumlarında hansısa xidməti, sərfiyyatı, çəkini və sairə ölçən cihazların əksəriyyətində problem varmış. Tərəzinin də problemli olması o deməkdir ki, düz çəkmirmiş. Antiinhisar konkret hansı quruma məxsus hansı ölçmə vasitələrinin düz ölçmədiyini, düz ölçməyənlərlə bağlı hansı tədbirlərin görüldüyünü, səhv ölçmə ilə bağlı vətəndaşlara hansı kompensasiyanın ödənildiyini açıqlamayıb”. Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev Milli Metrologiya Forumunda deyib ki, Azərbaycanda 2023-2024-cü illərdə 201 dövlət idarə və müəssisələrində metroloji nəzarət tədbirləri aparılıb: “Onların 156-da metroloji tələblərin pozulması faktı aşkar edilib. Eyni zamanda bu nəzarət tədbirləri zamanı 25 615 ölçü cihaz və avadanlıqların nəzarətə cəlb edilməsi təmin edilib. Nəzarət tədbirləri zamanı 19 018 cihazda nöqsanlar aşkar edilib ki, bu da, 74,2 %-ni təşkil edir”. Bəs görəsən, vətəndaşların mənzilləri də yoxlanılırmı? Araşdırma aparılarsa, evlərdə nə qədər nöqsan olar? Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov Musavat.com-a fikirlərini bildirib: “Azərbaycanda nəinki yüz minlərlə, milyonlarla ölçü cihazları var. Belə olan halda 19 min ölçü cihazında aşkar edilən nöqsan 74 faiz təşkil edə bilməz. Bu o deməkdir ki, burada yalnız dövlət idarə və müəssisələrində aparılan və eyni zamanda baxış keçirilmiş cihazlara aiddir. Açıqlama qısa olduğundan bir çox sualların cavabı yoxdur. Yəni bu nasazlıq hansı istiqamətdədir, mənfiyə, yoxsa müsbətə doğrudur. Yəni istifadəçinin xeyrinə, yoxsa zərərinədir. İstənilən halda bu, tərəflərdən birinə zərər gətirir. Daha az hesablamaya gətirib çıxaran bir nasazlıqdırsa, bu, digər tərəfə zərər verir. Əgər daha çox ölçü göstərən bir nasazlıqdırsa, o zaman istifadəçinin özünə zərər verir. Hər bir halda bunun məsuliyyəti var. Bütün hallarda 74.2 faizlik həddən artıq böyük nöqsandır. Bir daha vurğulayıram, bu, vətəndaşa yönəlmiş məsələ deyil. Bu, bilavasitə müəssisə və təşkilatların cihazları ilə bağlıdır. Bütün hallarda oxşar yoxlama bütün vətəndaşlara şamil olunmalıdır. Düzdür, əhalinin yaşadığı yerlərə on milyona yaxın cihaz quraşdırılıb, bunların hər birini yoxlamaq mümkün deyil, amma seçmə metodu ilə hər bir istiqamətdə mövcud vəziyyətin öyrənilməsi daha doğru olardı”.

Azərbaycanda daha bir uşaq qızılcadan öldü

Hacıqabulda 6-cı sinif şagirdi həyatını itirib. "Medicina" xəbər verir ki, F.Süleymanov adına 3 nömrəli tam orta məktəbin Vl sinif şagirdi Aylin Səmədli dünyasını dəyişib. Onun qızılcaya yoluxduqdan sonra səhhətinin pisləşdiyi bildirilib.

Şəhriyar Məmmədyarov: "Qadınlar kişilərdən çox daha zəifdirlər” - Video

“Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox daha zəifdirlər”. Sozcu.az xəbər verir ki, bunu “Persona” verilişinin qonağı olmuş Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov deyib. O bildirib ki, qadın şahmatçılar kişilərlər bərabər mübarizə apara bilmirlər: “Düzdür, bu fikirlər qadınların xoşuna gəlməyəcək. Bəlkə də deyəcəklər, o deyil, amma bu gün dünyanın 100 ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni, heç bir qadın şahmatçı kişilərlə bərabər mübarizə apara bilmirlər. Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?! Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur”, - deyə şahmatçı bildirib. Onun bu fikirləri sosial şəbəkəlrədə müzakirə mövzusuna çevrilib və bir çoxları tərəfindən tənqid edilib.

Azərbaycanda qızıl sürətlə bahalanır – Son qiymətlər

Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə qızılın 1 qramının qiyməti 133,7 manata bərabər olub. Sozcu.az xəbər verir ki, 1 qram qızılın qiyməti bu ilin yanvar ayının əvvəli ilə müqayisədə 19,2% və ya 21,5 manat bahalanıb. Son 15 il ərzində isə qızılın qiyməti 5 dəfəyə yaxın artıb. Müqayisə üçün qeyd edək ki, 15 il əvvəl –2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub. Məlumat üçün onu da qeyd edək ki, zərgərlik dükanlarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti də sürətlə bahalanır. Bu ilin yanvar ayında 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 598,5 manat olduğu halda, aprel ayında bu məbləğ 629 manata yüksəlib. Nəticədə son 4 ay ərzində 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 5% bahalanıb.

Un bahalaşdı: Çörəyin qiyməti artacaq?

Azərbaycanda unun qiyməti son bir ayda bahalaşıb. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, aprel ayının 25-nə qədər 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Ötən ayın sonlarından isə bu qiymət 27 manat 35 qəpiyə qədər artıb. Belə olan halda çörəyin qiyməti artırılacaqmı? Məsələ ilə bağlı açıqlama verən Sarı Sünbül MMC unun bahalaşmasını təsdiq edib: “Bəli, 50 kiloqramlıq unun hazırda topdansatış qiyməti 27 manatdır. Bahalaşma unun bütün növlərinə aiddir. Buna səbəb isə buğdanın qiymətinin artmasıdır”. “İsrafiloğlu” MMC-dən isə bildirilib ki, NUR çörəyi hələ ki, köhnə qiymətlə satılır: “Unun bahalaşması səbəbindən çox güman ki, biz də topdansatış qiymətini artıracağıq. Bu, bizdən asılı məsələ deyil. Un bahalaşırsa, avtomatik cüzi də olsa çörəyin qiyməti artırılacaq”.

Rəisinin qəzaya uğradığı helikopter şirkətindən açıqlama

Şirkətimiz İranda heç bir bizneslə məşğul olmur və İranın helikopter parkını dəstəkləmir. Sozcu.az xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin istehsalçısı “Bell Trekstron” şirkətinin yaydığı bəyanatda bildirilib. Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. Qəzaya uğrayan helikopter ABŞ istehsalı olan “Bell-212”-dir.

DİN əhalini xəbərdar etdi: virtual soyğunçuluq pik həddə çatdı

Daxili İşlər Nazirliyi (DİN) virtual soyğunçuluqla bağlı əhaliyə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib. Onun sözlərinə görə, dünəndən bununla bağlı polisə 16 müraciət daxil olub: "Dünəndən polisə 16 müraciət daxil olub ki, bank kartımdan pulumu oğurlayıblar. Məbləğlər - 870, 700, 170, 448, 300, 1320, 442, 3500, 2341, 540, 583, 364, 1200, 4360, 1000, 244 manat təşkil edib. Hamısı eyni üsulla - əlavə bank kartı məlumatları verilməklə oğurlanıb".

Azərbaycanda müştərilər ən çox bu banklardan şikayət edirlər – Tam siyahı

2024-cü ilin aprel ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank səhmləri Rusiya hökumətinə məxsus olan “Bank VTB Azərbaycan” ASC olub. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Şikayət olunan bankların siyahısında “Bank of Baku” ASC ikinci (4,94 indeksi), “Yapı Kredi Bank Azərbaycan” QSC isə üçüncü (4,79 indeksi) olub. Barəsində ən az şikayət edilən bank isə “Paşa Bank” ASC (0,24 indeksi) olub. Digər banklar üzrə göstəricilər aşağıdakı kimi olub:

Rusiyanın Ukraynadakı itkiləri 500 minə çatır

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1380 hərbçisini itirib.  Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 495 070 nəfərə çatıb.  Həmçinin son sutka ərzində Rusiyaya məxsus 15 tank, 34 zirehli döyüş maşını, 42 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.  Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.