Avropa liderləri Ukrayna ilə bağlı çağırış etdi

Ukraynadakı münaqişənin həlli ilə bağlı birgə bəyanatda Avropa liderləri danışıqları hazırkı cəbhə xəttinə əsaslanaraq aparmağa çağırıblar. Sozcu.az xəbər verir ki, bəyanat Britaniya Xarici İşlər Nazirliyinin saytında yayımlanıb. “Biz beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyi prinsipinə sadiq qalırıq. Hazırkı təmas xətti danışıqların başlanğıc nöqtəsinə çevrilməlidir”, - bəyanatda bildirilib. Sənədi Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliya Baş naziri Corciya Meloni, Polşa Baş naziri Donald Tusk, Böyük Britaniya Baş naziri Key Starmer və Almaniya kansleri Fridrix Merz imzalayıblar.

Minlərlə israilli Qəzzaya nəzarətə qarşı AKSİYADA

İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağı üzərində nəzarəti bərpa etmək qərarından sonra Təl-Əviv və ölkənin digər şəhərlərində kütləvi nümayişlər keçirilib. Sozcu.az xəbər verir ki, İsrailin Qəzzanı ələ keçirmək üçün nəzərdə tutduğu əməliyyata başlamasından öncə minlərlə etirazçı şənbə gecəsi Təl-Əvivdə və ölkənin müxtəlif şəhərlərində toplaşaraq girovlarla bağlı razılıq əldə olunmasına və atəşkəsin elan edilməsinə çağırış edib. Məlumata əsasən, girovların ailələri və yaxınları, hökumətin planının onlar üçün ölüm hökmü ilə nəticələnə biləcəyini bildirərək ümumi tətil çağırışı ediblər. Təl-Əvivdə azı 10 min insan toplaşıb, etirazlar ölkənin onlarla digər şəhərində də davam edir.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1264-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 063 240 hərbçi, 11 089 ədəd tank, 23 107 ədəd zirehli döyüş maşını, 31 343 ədəd artilleriya sistemi, 1 460 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 204 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 57 982 ədəd avtomobil texnikası, 50 455 ədəd PUA, 3 556 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 936 xüsusi avadanlıq itirib.

ABŞ Zelenskini də Alyaskadakı görüşə dəvət edəcək

Ağ Ev Ukrayna Prezidenti Vladimir Zelenskini Donald Trampla Vladimir Putinin Alyaskadakı görüşünə dəvət etməyi düşünür. Sozcu.az xəbər verir ki, bu barədə “NBC Nyus” amerikalı yüksək çinli məmura istinadla məlumat yayıb. “Hamı ümid edir ki, bu (dəvət - red.), baş verəcək”, - o bildirib. Qeyd edək ki, Putin və Tramp arasında avqustun 15-də Alyaskada görüş baş tutacaq.

Rubio Makronu ittiham etdi: Danışıqları pozdun!

ABŞ Dövlət katibi Marko Rubio Fransa Prezidenti Emmanuel Makronu İsrail və HƏMAS arasında atəşkəs danışıqlarını pozmaqda ittiham edib. Sozcu.az xəbər verir ki, Rubio bu barədə EWTN telekanalına müsahibəsində deyib. Rubionun sözlərinə görə, danışıqlar Fransa prezidentinin Fələstin dövlətinin tanınması ilə bağlı birtərəfli qərar qəbul etdiyi gün kəsilib: “HƏMAS-ın yerində olsaydım, qərar verərdim: “Gəlin atəşkəs etməyək. Çünki mükafatlandıra bilərlər, biz bunu qələbə hesab edə bilərik. Makronun bəyanatından sonra digər ölkələr də bu mövqeyə qoşularaq bəyan ediblər ki, sentyabr ayına qədər atəşkəs əldə olunmasa, Fələstin dövlətini tanıyacağıq”.

"Sovet dövründəki sərhədlər bərpa edilməlidir" - Paşinyan

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya prosesi davam edəcək, Sovet dövründə mövcud olan sərhədlər bərpa edilməlidir. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib. “Elə ərazilər var ki, bizə məxsusdur. Amma Azərbaycanın nəzarəti altındadır. Elə ərazilər də var ki, Azərbaycana məxsusdur. Lakin bizim nəzarətimizdədir. Delimitasiya prosesi davam etməlidir. Müstəqil Ermənistanın ərazisi Sovet dönəmindəki Ermənistanın ərazisi ilə eynidir. Eyni zamanda, müstəqil Azərbaycanın ərazisi də Sovet dövründəki Azərbaycan ərazisi ilə eynilik təşkil edir” - Paşinyan qeyd edib.

Yasda ehsan qadağası bu şəhərə çatdı

Mingəçevirdə yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Sozcu.az xəbər verir ki, şəhər Ağsaqqallar Şurasının hesabat toplantısında bu barədə məsələ qaldırılıb. Bildirilir ki, ən yaxın günlərdə Mingəçevir şəhər rəhbərliyi, dini icma və Ağsaqqallar Şurası tərəfindən bu qaydanın tətbiqi ilə bağlı müvafiq qərar çıxarılacaq. Xatırladaq ki, daha öncə Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Bərdə rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırılıb.

Zelenski: Ukraynasız qəbul edilən qərarlar nəticə verməyəcək

Ukraynasız qəbul edilən qərarlar heç bir nəticə verməyəcək. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Ukrayna sülhün təmin olunmasına xidmət edən qərarlara hazırdır. Bizə qarşı olan və ya bizsiz qəbul edilən hər hansı bir qərar heç bir nəticə verməyəcək. Belə qərarlar, icraolunmaz qərarlardır. Biz davamlı sülh üçün prezident Trampla və bütün tərəfdaşlarımızla işləməyə hazırıq”- o bəyan edib.

XƏBƏRDARLIQ: Bakıda hava kəskin pisləşir

Avqustun 9-u saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Bu barədə Sozcu.az a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir saniyədə Neftçalada 20, Goranboyda 19, Naftalanda, eləcə də Bakıda və Abşeron yarımadasında 16 metrədək güclənir.  Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, dağlıq rayonlarda 30, Aran rayonlarında, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında 41 dərəcəyədək isti qeydə alınıb.

Azərbaycanda zəlzələ oldu

İsmayıllı stansiyasından 35 km cənub-qərbdə Göyçay rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Sozcu.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, zəlzələ yerli vaxtla saat 11:03-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4, dərinliyi 16 km olub.

Bu, imkan vermədi ki, sülh sazişi imzalansın - Əliyev

Ermənistanın ev tapşırığı var. Ermənistan Konstitusiyasında olan ərazi iddiaları bu gün imkan vermədi ki, sülh sazişi imzalansın. Sozcu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev müsahibəsində bildirib.

"Tramp marşrutu" böyük imkanlar açacaq - Əliyev

Həqiqətən də “Tramp Rifah və Sülh Marşrutu” əlaqələr baxımından bu divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün həm investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaq. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağ Evdə üçtərəfli sənədin imzalanması barədə danışarkən deyib.

Onlar şmüharibəni əbədi olaraq bitirmək barədə razılığa gəldi - TRAMP

“Azərbaycan və Ermənistan müharibəni əbədi olaraq bitirmək barədə razılığa gəldi”. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp üçtərəfli görüşdən sonra verdiyi açıqlamada deyib. “Bu müqavilə ilə biz nəhayət sülhə nail olduq və sazişin mühüm elementlərini və mühüm sənədlərini imzaladığımız Oval kabineti təzəcə tərk etdik. Ermənistan və Azərbaycan bütün hərbi əməliyyatları əbədi olaraq dayandırmağa, ticarət, səyahət və diplomatik əlaqələr açmağa, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə borcludurlar”.

Ermənistanla Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur - Paşinyan

Ermənistan və Azərbaycan ikitərəfli münasibətlər baxımından fundamental bir mərhələyə qədəm qoyur. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp ilə birgə mətbuata bəyanatında deyib. “Keçmişi keçmişdə qoyaraq irəli baxırıq. Bu mərhələ Prezident Trampın şəxsi iştirakı olmadan mümkün olmazdı”, - deyə Ermənistanın Baş naziri vurğulayıb.

Tramp: Zəngəzur dəhlizi üzrə ABŞ ilə əməkdaşlıq 99 il davam edəcək

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşdə bildirib ki, Ermənistan “Tramp marşrutu” dəhlizinin inkişafı üçün ABŞ-la müstəsna əməkdaşlıq müqaviləsi imzalayıb. Sozcu.az-ın məlumatına görə, Tramp qeyd edib ki, Ermənistan bu dəhlizlə bağlı ABŞ-la əməkdaşlığı 99 il müddətinə razılaşıb və gələcəkdə bu müddət uzadılacaq. ABŞ şirkətləri həmin əraziyə gedərək orada infrastruktur layihələri həyata keçirməyi planlaşdırırlar. Tramp vurğulayıb ki, bu investisiyalar hər üç dövlət üçün böyük fayda gətirəcək və bu, son dərəcə önəmli bir xəbərdir.

ABŞ lideri: Azərbaycanın Naxçıvana maneəsiz keçidi təmin olunacaq

Azərbaycan və Ermənistan arasında sənədlərin imzalanması böyük şərəfdir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib. "Azərbaycan və Ermənistan arasında münaqişə illərdir davam edib. Avropa İttifaqı, Rusiya və digər ölkələr bu münaqişənin həlli üçün çalışıblar. Bu gün burada bəyanat imzalanacaq. Söhbət Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutundan gedir. Bu yol çərçivəsində Azərbaycanın Naxçıvana maneəsiz keçidi təmin olunacaq. Əlbəttə ki, bu, Ermənistanın ərazi bütövlüyünə hörmət çərçivəsində baş tutacaq",- o qeyd edib.

Mənim istəyim bölgədə sülhün və rifahın təmin olunmasıdır - Tramp

Ermənistan və Azərbaycan 30 ildən çox müharibə içində idi. Bu müharibə hər iki dövlətə böyük ziyanlar vurmuşdur. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə söyləyib. "Mənim istəyim bölgədə sülhün və rifahın təmin olunmasıdır", - o deyib.

Üç liderin imzaladığı bəyannamənin TAM MƏTNİ

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzalayıblar. Sozcu.az Birgə Bəyannamənin tam mətnini təqdim edir: "Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik: 1. Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq; 2. Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq; 3. Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir; 4. Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik; 5. Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik; 6. Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik; 7. Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik. Bu Bəyannamə 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində imzalanıb". 00:19 Azərbaycan, ABŞ və Ermənistan arasında üçtərəfli bəyannamə imzalanıb. Sozcu.az xəbər verir ki, imzalanma mərasimi Ağ Evdə Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə baş tutub. Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzalayıblar.

Zakir İsmayılın yeni kitabı işıq üzü görüb - Foto

"Ruhumda Yanan Köz" adlı kitabım artıq işıq üzü görüb. Əziz dostlar, Sizə sevinc və qürurla bildirirəm ki, “Ruhumda Yanan Köz” adlı şeirlər kitabım Qanun nəşriyyatında çap olunaraq oxucuların ixtiyarına verildi. Bu kitabda gənclik illərimdən bu günə qədər yazdığım – məhəbbət, Vətən, ailə, valideynlər və doğma torpağa bağlılıqla yoğrulmuş şeirlərimlə yanaşı, Tanrı ilə səmimi söhbətlərim, ruhumun dərin qatlarından süzülən ilahi düşüncələrim və zamanın gətirdiyi ağrıları, çatışmazlıqları qələmə aldığım poetik nümunələr də yer alır. “Ruhumda Yanan Köz” – içdən gələn bir çağırış, ruhun səsini eşitmək istəyənlər üçün səmimi bir dəvətdir. Kitabla maraqlananlar mənimlə birbaşa əlaqə saxlaya və ya "Qanun" nəşriyyatının əhatə etdiyi satış mağazalarından əldə edə bilərlər. Düşüncəmə, sözümə, könül yanğıma dəyər verən hər birinizə əvvəlcədən təşəkkür edirəm. Zakir İsmayıl

Əli çölə çıxardınsa, 40 manat cərimə - DYP-dən xəbərdarlıq

Bəzi sürücülərin avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarması qəza riskini artırır. Sozcu.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub. Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücünün sükan arxasında idarəetməni itirməsidir:  "Təəssüflə qeyd edək ki, bəzi sürücülər avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarırlar ki, bu da öz növbəsində idarəetməni çətinləşdirir və eyni zamanda qəza riskini artırır". Mövcud qanunvericiliyin tələblərinə əsasən sürücü hərəkət zamanı sükanı əlindən buraxmamalıdır, belə hal aşkarlandığı təqdirdə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü (hərəkət zamanı sükanı əldən buraxmağa görə) maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə tətbiq ediləcək.

Tramp Netanyahuya əsəbiləşdi, üstünə qışqırdı

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında kütləvi qıtlıq barədə xəbərlərin HƏMAS tərəfindən uydurulduğunu deyən İsrailin baş naziri Binyamin Netanyahuya əsəbiləşib və onun üstünə qışqırıb. Sozcu.az xəbər verir ki, bu iddia ilə NBC News adı açıqlanmayan keçmiş ABŞ rəsmilərinə istinadən çıxış edib. Qeyd olunur ki, hadisə iyulun 28-də telefon danışığı zamanı baş verib. Məqalədə qeyd edilir ki, bu söhbət ABŞ prezidentinin xüsusi nümayəndəsini ötən həftə regiona səfərə sövq edib. Xatırladaq ki, o, səfər zamanı Netanyahu ilə görüşüb və Qəzza zolağına baş çəkib.

“Həmin Palatanın belə səlahiyyəti yoxdur”

“Son vaxtlar Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyinin səlahiyyət sərhədlərini aşaraq qanunvericilikdə nəzərdə tutulmayan müdaxilələr etməsi müşahidə olunur”. Sozcu.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nəzdində fəaliyyət göstərən “Azərekspertiza” Birliyindən bildirilib. Belə ki, adıçəkilən birliyin adı Palatanın rəsmi saytında “fəaliyyəti dayandırılmış qiymətləndiricilər” bölməsində yer alıb. 50 ildən çoxdur fəaliyyət göstərən birlik iddia edir ki, bu müdaxilələr qiymətləndirici təşkilatlara yəni hüquqi şəxslərə yönəlir: “Belə ki, Qiymətləndiricilər Palatasının rəsmi saytında “fəaliyyəti dayandırılmış qiymətləndiricilər” bölməsində bəzi təşkilatların, yəni hüquqi şəxslərin adlarının yer alması açıq şəkildə səlahiyyətin aşılmasıdır. Halbuki “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Qiymətləndiricilər Palatası qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir” - səlahiyyətləri yalnız qiymətləndirici fiziki şəxslər ilə məhdudlaşır. Qanunda aydın şəkildə göstərilir ki, qiymətləndirici – bu qanunla müəyyən edilmiş tələblərə cavab verən, qiymətləndirmə fəaliyyəti hüququna malik olan və Palatanın üzvü olan fiziki şəxsdir. Qiymətləndirmə sahəsində fəaliyyət göstərən təşkilat isə ayrı hüquqi subyektdir və onun üzərində Palatanın heç bir ləğvetmə və ya xitamvermə səlahiyyəti yoxdur”. Qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarının əks olunduğu Qiymətləndirmə fəaliyyəti haqqında Qanunla tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz. “Azərekspertiza”dan verilən açıqlamada bildirilib ki, qiymətləndirmə sahəsində şəffaflıq və qanunlara əsaslanan fəaliyyət, bu sahədə etibarlılığın və ictimai inamın təminatı üçün əsas şərtlərdəndir: “Bu məqsədlə yaradılmış Azərbaycan Qiymətləndiricilər Palatasının missiyası peşəkar qiymətləndiricilərin hazırlanması və reyestrə salınması, fəaliyyətin tənzimlənməsi və nəzarəti, beynəlxalq standartların tətbiqi və dövlət-özəl sektor üçün etibarlı qiymətləndirmə sisteminin qurulması kimi ictimai maraqlara xidmət etməlidir. Palatanın bu addımı qanunvericiliyin pozulmasıdır. “Azərekspertiza” Birliyi öz sahəsində uzun illərdir peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğuldur. Burada çalışan əməkdaşların böyük bir hissəsi 10 illərlə bu sahədə təcrübəyə malikdir. Onların arasında 27 illik və 14 illik peşəkar təcrübəyə malik qiymətləndiricilər var. Bu, fəaliyyətin sabit və davamlı olduğunu göstərir. “Azərekspertiza” Birliyi ilə AQP sədrinə mənsub şirkətlərlə eyni lahiyələrdə uzun illərdir xidmət göstəririk. Palata tərəfindən qanunazidd, heç kimə məlum olmayan daxili prosedurlara əsasən qəbul olunan qərarın məqsədi bizim təşkilatı həmin lahiyələrdən uzaqlaşdırmaqdır. Palatanın rəhbərinin bu hərəkətləri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin kobud şəkildə pozulmasıdır. Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda AQP-nin qiymətləndirici təşkilatlara qarşı heç bir səlahiyyət – fəaliyyətə xitam verilməsi, ləğvetmə və ya digər tədbirlərin tətbiqi nəzərdə tutulmayıb. Palatanın bu addımı açıq-aşkar hüquqaziddir və bu səbəbdən də yaranmış vəziyyətlə bağlı hüquqların müdafiəsi məqsədilə məhkəmə mübahisələri də daxil olmaqla qanunvericiliyin verdiyi bütün hüquqi vasitələrdən istifadə ediləcək. Qiymətləndirmə sahəsindəki hüquqi çərçivələrin pozulması yalnız konkret təşkilatlara deyil, ümumi ictimai inama və iqtisadi münasibətlərə zərər vurur. Qiymətləndiricilər Palatası kimi institutların əsas funksiyası qanunlara uyğun şəkildə tənzimləmə və dəstək verməkdir. Hüquqdankənar səlahiyyət tətbiq etməklə görülən fəaliyyətlər isə yalnız şəxsi maraqların güdüldüyünü göstərir”. İttihamlarla əlaqədar Azərbaycan Qiymətləndiricilər Palatasına da sorğu ünvanlanıb.

Azərbaycan 12 illik təhsilə keçir? - Nazirlikdən CAVAB

Son günlər sosial şəbəkələrdə növbəti tədris ilindən 12 illik təhsilə keçidlə bağlı məlumatlar yayılıb. Sozcu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən Apa-ya bildirilib ki, növbəti tədris ilindən XII sinfin artırılacağı xəbəri həqiqəti əks etdirmir. Qeyd olunub ki, prinsip etibarilə, Azərbaycanda ümumi təhsil 12 ili (1il+11il) əhatə edir: məktəbəhazırlıq mərhələsi (5 yaş); ibtidai təhsil (I-IV siniflər); ümumi orta təhsil (V-IX siniflər); tam orta təhsil (X-XI siniflər). "Ənənəvi mənada 12 illik təhsil sisteminə keçid isə çoxşaxəli və mürəkkəb prosesdir. Elm və Təhsil Nazirliyi olaraq məqsədimiz təkcə illərin sayını artırmaq deyil, beynəlxalq standartlara tam cavab verən keyfiyyətli təhsil mühiti yaratmaqdır, - məlumatda qeyd olunub.

Azyaşlıya qarşı əxlaqsızlıq edən barəsində qərar verildi

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən Mərdan Hüseynovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb. Sozcu.az "Teleqraf"a istinadən xəbər verir ki, Sabirabad Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, avqustun 5-də Sabirabadda 64 yaşlı kişinin azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı videogörüntülər yayılıb. O, polis əməkdaşları tərəfindən saxlanılıb.