Xırdalanda FACİƏ: kişi binadan yıxılıb öldü

Abşeronda kişi binadan yıxılıb. Sozcu.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərinin Ənnağı Bünyadov küçəsində qeydə alınıb. 48 yaşlı Şahmarov Seymur Hafiz oğlu səhər saat 9 radələrində qeyd edilən ünvandakı 6 mərtəbəli yaşayış binasının pəncərəsindən yerə yıxılıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Şıxlinski bu tarixədək həbsdə qalacaq

Yekaterinburqda yerləşən Sverdlovsk vilayət məhkəməsi Ural bölgəsindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin həbsdə qalması barədə qərarı qüvvədə saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ura.ru saytı məlumat yayıb. Bildirilib ki, məhkəmə qapalı iclasda iş materiallarını araşdıraraq apellyasiya şikayətini təmin etmək üçün əsas görməyib. Nəticədə, Şıxlinski dekabrın 30-dək həbsdə qalacaq.axar.az)

Bakıda bu yol iki gün bağlı olacaq

Paytaxtın Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, 11 oktyabr saat 08:00-dan 12 oktyabr saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

"Sputnik"in icraçı direktoru azadlığa buraxıldı

Bakıda həbs edilən “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Kommersant”a Putinin köməkçisi Yuri Uşakov deyib. O əlavə edib ki, Rusiya tərəfi də Rusiya ərazisində saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib. Danışıqlar ilk növbədə prezidentlərin köməkçiləri səviyyəsində aparılıb. “Kommersant” yazır ki, Yuri Uşakov bilavasitə azərbaycanlı həmkarı Hikmət Hacıyevlə işləyib və bu barədə qərar Vladimir Putinlə İlham Əliyevin Düşənbədə keçirilən görüşü ərəfəsində verilib. *** “Sputnik Azərbaycan”ın baş redaktoru İqor Kartavıxın barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığına dəyişdirilib. O, hazırda Bakıdadır. Bu barədə “Rossiya Seqodnya” beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyov məlumat verib.

Rusiya Ağayevi azad etdi

Rusiyada həbs edilən Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayev azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Qafqaz bürosu” məlumat yayıb. “Dələduzluqda ittiham olunan Ağayev bir neçə gün əvvəl azad edilib, lakin bu barədə hələlik rəsmi məlumat yoxdur”, - məlumatda deyilib. Qeyd edək ki, bundan öncə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiyada həbsdə olan bir azərbaycanlının da azad edildiyini bildirmişdi. Onun Ağayevi nəzərdə tutub-tutmadığı bəlli deyil.

ABŞ əsgərləri Qəzzada atəşkəsə nəzarət edəcək

Amerika qoşunları keçid dövründə İsrail və HƏMAS arasında atəşkəsə nəzarət etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. “Yaxın Şərqə cavabdeh olan Amerika hərbi komandanlığı sülh razılaşmasından sonra Qəzzada keçid dövründə rol oynayacaq, baxmayaraq ki, Amerika qoşunları Qəzza daxilində yerləşdirilməyəcək. ABŞ Mərkəzi Komandanlığının komandiri, admiral Bred Kuper Qəzzada beynəlxalq sabitlik qüvvələrinin yaradılması zamanı sülh sazişinə nəzarət etmək üçün bölgədəki 200 şəxsi heyətə rəhbərlik edəcək. Kuperin rolu vəziyyətə nəzarət etmək və istənilən müdaxilənin və ya razılaşmanın pozulmasının olmamasını təmin etmək olacaq. 200 nəfərlik komandaya Misir, Qətər, Türkiyə, həmçinin BƏƏ-nin silahlı qüvvələrinin nümayəndələri də daxildir”, - məlumatda deyilib.

Lənkəranda qəza: 2 məktəbli və 2 tələbə xəsarət aldı

Lənkəranda baş verən yol qəzasında 2-si məktəbli, 2-si tələbə olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik magistral yolunun Şovu kəndi ərazisindən keçən hissəsində baş verib. 2003-cü il təvəllüdlü Murad Vasif oğlu Mirzəzadənin idarə etdiyi VAZ-2106 markalı avtomobil Eldəniz Fayaz oğlu Əmrəyevin idarə etdiyi “Renault” markalı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ-2106 markalı avtomobilin sürücüsü, eləcə də digər nəqliyyat vasitəsində olan sərnişinlər — 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər. Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. Məlumata görə, xəsarət alanlardan ikisi məktəbli, ikisi isə tələbədir. Faktla bağlı araşdırma aparılır.

Almaniya 40 Azərbaycan vətəndaşını deportasiya etdi

Azərbaycan vətəndaşı olan 40 nəfər oktyabrın 9-da Almaniyadan geri qəbul edilib. Bu barədə Sozcu.az-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib. Bildirilib ki, proses "Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" saziş çərçivəsində baş tutub.

İranın 5 şəhərində 17 məhbus edam edildi

İranın Kərəc, Məşhəd, Şiraz, Amol və Taybad şəhərlərinin həbsxanalarında 17 məhbus edam edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı insan haqları təşkilatları məlumat yayıb. Onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar. Bununla da cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 1093-ə çatıb, onlardan 30-u qadındır.

Körpələrdə genetik xəstəlikləri aşkarlayan yeni testlər gətirilir

Azərbaycanda körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün yeni testlər tətbiq ediləcək. TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi bu məqsədlə 325 min ədəd müxtəlif növ neonatal skrininq testi sifariş edib. Sozcu.az xəbər verir ki, TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin əməkdaşı Vəfa Hacıyevanın sözlərinə görə, genetik xəstəliklərin qarşısının alınması məqsədilə hazırda doğuş aparılan bütün tibb müəssisələrində neonatal skrininq testlərinin tətbiqi məcburidir.

Bakı əhalisinin nəzərinə: İş vaxtları dəyişir...

Bu ilin əvvəlində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişdirilməsi barədə Dövlət Proqramı qəbul edilib. Proqrama əsasən, 2025-2026-cı illərdə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil ediləcək. Bunun üçün aidiyyəti dövlət qurumlarına təhlillərin aparılması və müvafiq siyahıların təsdiq edilməsi barədə tapşırıq verilib. Dərslərin başlaması ilə paytaxt yollarında hər gün saatlarla davam edən tıxacların yaranır. Məktəbli avtobusları layihəsi hələlik pilot qaydada bəzi məktəblərdə tətbiq edildiyindən tıxac problemi həllini tapmayıb. Dəyişkən iş qrafikinin tətbiqi isə bu problemin aradan qaldırılması istiqamətində atılan əsas addımlardan biri hesab olunur. Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı Ölkə.Az-a danışan iqtisadçı deputat Vüqar Bayramov dəyişkən iş qrafikinin dünya təcrübəsinə əsaslandığını və effektiv olduğunu deyib: “Təbii ki, fərqli iş qrafikinin tətbiq edilməsi bütövlükdə Dövlət Proqramının istiqamətlərindən biridir və bunun tətbiqi vacibdir. Çünki biz inkişaf edilmiş ölkələrə, xüsusən də Avropa ölkələrinə diqqət yetirsək, görərik ki, dövlət qurumları, özəl sektor, hətta xidmət sektoru üzrə fərqli iş saatları tətbiq olunur. O cümlədən bura təhsil müəssisələri də daxildir. Azərbaycanda da oxşar praktikaların tətbiq edilməsi məqsədəuyğundur. Çünki bu da artıq nəzərdə tutulub. Bu, yollardakı tıxacın, sıxlığın aradan qaldırılması baxımında vacibdir. Gözlənilir ki, işə başlama və iş vaxtlarının bitmə saatları fərq bulacaq. Sözsüz ki, bu zaman standart 09:00-18:00 arası iş rejimi tətbiq olunmayacaq. Artıq müəssisənin və ya qurumun fəaliyyə göstərdiyi sektorda Əmək Məcəlləsinə uyğun olaraq 8 saatlıq iş rejimi tətbiq olunacaq. Bu, iş vaxtının uzadılması anlamına gəlmir. İnkişaf edib ki, ölkələrin təcrübəsi göstərir ki, bu effektiv bir mexanizmdir və tətbiqi birmənalı şəkildə sıxlığa və tıxaca təsir göstərmək imkanına malikdir. Sözsüz ki, bununla yanaşı, parlalel olaraq digər tədbirlərin də həyata keçirilməsinə ehtiyac var”. Mövzu ilə bağlı danışan hüquqşünas Sahib Məmmədov də hesab edir ki, Dövlət Proqramının effektiv olması üçün bu sahədə kompleks tədbirlər görülməlidir: “İş yerlərində qrafikin dəyişməsi tıxacların aradan qaldırılması üçün bir tədbirdir. Təhsil müəssisələrinə gəldikdə orada qrafikini dəyişmək yox, təhsil müəssisələrinin qarşısında avtomobillərin dayanmasının qarşısını almaq lazımdır. Ən çox tıxac yaradan onlardır. Bunun qarşısı alınmasa, qrafikin fərqi yoxdur. Çünki elə məktəblər var ki, övladlarını düşürmək üçün saxlayan avtomobil sahiblərinin əlindən heç cür keçib getmək mümkün olmur”. S.Məmmədovun fikrincə, az sayda əməkdaşı olan iş yerlərində qrafiki dəyişmək bir qədər mümkünsüz görünür. O, həmçinin bidirib ki, gələcəkdə dəyişkən iş qrafiki tətbiq edildikdə bu rejimə əməl edilməsinə nəzarət edilməsi vacibdir.

Sabah yağış və sulu qar yağacaq - XƏBƏRDARLIQ

Oktyabrın 10-u günün birinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. 

Küləkli hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sozcu.az xəbər verir ki, müraciətdə deyilir: "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 10-da ölkə ərazisində bəzi yerlərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.  Bunu nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Unutmayın, qaydalara biganəlik – həyatımıza təhlükədir!" FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.

Qəzzada döyüşlər dayandırıldı - TƏCİLİ

Qəzza zolağında atəşkəs razılaşması qüvvəyə minib. Sozcu.az xəbər verir ki, məlumatı Misirin “Al Qahera News” telekanalı yayıb. İsrail Baş naziri Benyamin Netanyahunun ofisi isə açıqlayıb ki, atəşkəs razılaşması yalnız bu axşam İsrail hökuməti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Baş nazirin ofisindən bildirilib ki, sənədin təsdiqi üçün bu gün saat 17:00-da (Bakı vaxtı ilə 20:00) Təhlükəsizlik Kabinetinin iclası keçiriləcək. Kabinetə ölkənin müdafiə, təhlükəsizlik və xarici siyasət məsələlərində qərar qəbul edən əsas nazirlər daxildir. Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında atəşkəs razılaşması imzalanıb. Tramp bəyan edib ki, “bütün girovlar çox yaxın zamanda azad ediləcək” və İsrail qüvvələri razılaşdırılmış xəttə qədər geri çəkiləcək. Qəzza atəşkəsi ABŞ, Qətər, Misir və Türkiyənin birgə diplomatik səylərinin nəticəsi kimi qiymətləndirilir.

Tramp atəşkəsə nail olsa, onu Nobelə namizəd göstərəcəyik - Zelenski

"Ağ Evin hazırkı rəhbəri Ukraynada atəşkəsi təmin edərsə, biz prezident Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcəyik". Sozcu.az xəbər verir ki, bunu oktyabrın 9-da jurnalistlərlə görüşündə Ukrayna prezidenti Vladimir Zelenski deyib. O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin atəşkəsdən qorxur, çünki onun üçün atəşkəsdən müharibəyə qayıtmaq çətindir. "Geniş miqyaslı müharibədən atəşkəsə keçmək, sonra yenidən irimiqyaslı müharibəyə başlamaq onlar üçün asan deyil. İqtisadi cəhətdən çətindir, cəmiyyət baxımından çətindir, sülh baxımından çətindir. Və hələ də əlini sıxan ölkələrə münasibətdə bu, əlbəttə ki, asan deyil", - Zelenski bildirib. Onun sözlərinə görə, amerikalılar üçün Rusiya prezidentini real danışıqlar aparmağa məcbur etməyin bu qədər çətin olmasının səbəbləri bunlardır və buna görə də Putin hələlik müharibəni seçir. Zelenski vurğulayıb ki, Rusiyaya təzyiqlər artarsa, müharibə bitə bilər. Donald Tramp müxtəlif beynəlxalq münaqişələrdə vasitəçilik səylərinə görə Nobel Sülh Mükafatına layiq olduğunu dəfələrlə açıq şəkildə bəyan edib. Avqust ayında Ağ Ev ABŞ prezidentini Nobel Sülh Mükafatına namizəd göstərərək onu “sülhün prezidenti” adlandırıb. Xatırladaq ki, bu mötəbər mükafata Ermənistan və Azərbaycan da Ağ Ev rəhbərinin namizədliyini irəli sürüb.

Bölgələrdə yağış yağacaq, leysan olacaq - Proqnoz

Milli Hidrometeorologiya Xidməti oktyabrın 10-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Sozcu.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 17-19, gündüz 21-26 dərəcə isti olacaq.  Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65 % təşkil edəcək. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-18, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Gəncədə 14 yaşlı oğlan itkin düşdü

Gəncədə məktəbli itkin düşüb. Sozcu.az xəbər verir ki, Gəncə şəhər sakini 2011-ci il təvəllüdlü Elşən Alıməmmədov ötən gün yaşadıqları evdən hazırlıq kursuna getmək adı ilə çıxıb, bundan sonra ondan xəbər olmayıb. E.Alıməmmədov Gəncə şəhər M.Hadi adına 10 nömrəli məktəbin 9-cu sinif şagirdidir. 

Daha 14 itkin-şəhidin adı açıqlanacaq

Bu gün şəxsiyyəti eyniləşdirilmiş daha 14 itkin-şəhidin adları ictimaiyyətə açıqlanacaq. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. "Müvafiq araşdırma, sənədləşmə və hüquqi prosedurlar başa çatdıqdan sonra digər 50 itkin-şəhidimizlə bağlı məlumat veriləcək", - DTX rəisi əlavə edib.

Toydan qayıdarkən qəza törətdi, yanaraq öldü

Salyanda baş verən qəzada sürücü avtomobildə yanaraq ölüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Salyan rayonunun Qarabağlı kənd sakini, 1987-il təvəllüdlü Emil Asəf oğlu Əzizov saat 04:00 radələrində idarə etdiyi “Mersedes” markalı avtomobillə qəzaya uğrayıb. Məlumata görə, Ağcabədidən toydan qayıdan E.Əzizovun avtomobili idarəetmədən çıxaraq hasara çırpılıb, sonra isə alışaraq yanıb. Nəticədə sürücü avtomobildə yanaraq ölüb. Faktla bağlı araşdırma aparılır. *** Salyan rayonunun Yolüstü kəndində "Mersedes" markalı minik avtomobilinin avtoyuma məntəqəsinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yanğın nəticəsində avtomobilin yanar hissələri, ümumi sahəsi 120 m² olan avtoyuma məntəqəsinin dam örtüyünün taxta atmaları 3 m² sahədə və xarici divarından keçən elektrik kabeli 2 paq.m yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı sürücünün yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

İrəm və Hadisə daxil olmaqla 19 məşhur saxlanıldı

Məşhur türkiyəli müğənni, 38 yaşlı İrəm Derici narkotik istifadəsini təşviq ittihamı ilə İstanbulda, Şişlidəki evində saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı İstanbul Baş Prokurorluğu yayıb. Bundan başqa, məşhur müğənnilər - Hadisə, Simge Sağın, Ziynet Sali, aktrisalar - Özge Özpirinçci, Berrak Tüzünataç, Demet Evqar, Ceren Moray Orcan, aktyorlar - Aral Keskin, Kaan Yıldırım, Mert Yazıcıoğlu, Kubilay Aka, Mətin Akdülger, məşhur fenomenlər - Ceren Moray Orcan, Dilan Polad, Engin Polad, Duyğu Özaslan Mutaf, tanınmış vəkil Feyza Altun, tanınmış aparıcı Defne Samyelinin qızları - Deren və Derin Talu, eyni zamanda Zeynəb Meric də narkotikdən istifadəni təşviq etmək ittihamı ilə aparılan istintaq çərçivəsində saxlanılıblar.

Neft bahalaşmaqda davam edir

Dünya bazarlarında neft bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neft 65,96 dollara, yüngül neft 62,25 dollara təklif edilir.

Qəbələdə ağır qəza: ölən var

Qəbələdə maşın beton dirəyə çırpılıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Baun qəsəbəsində baş verib. Belə ki, Elvin Qasımov idarə etdiyi VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və beton dirəyə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin Cahid Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb Sürücü və və digər sərnişin Laçın Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı cinayət işi açılıb.

1323-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1323-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 118 370 hərbçi, 11 240 ədəd tank, 23 324 ədəd zirehli döyüş maşını, 33 519 ədəd artilleriya sistemi, 1 517 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 225 hava hücumundan müdafiə sistemi, 426 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 63 650 ədəd avtomobil texnikası, 67 965 ədəd PUA, 3 841 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 973 xüsusi avadanlıq itirib.

Əli ətçəkən maşında qalan azyaşlının həyatı xilas edildi

Əli ətçəkən maşında qalan 2 yaşlı körpə Göyçay Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində körpənin əli ətçəkən maşından çıxarılıb və ona zəruri tibbi yardım göstərilib. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, 27.08.2023-cü il təvəllüdlü körpəyə sağ əlin çoxsaylı əzilmiş, cırılmış yaraları diaqnozu təyin olunub və həkim-cərrahların peşəkarlığı, eyni zamanda çevik müdaxiləsi nəticəsində hər hansı ciddi xəsarət almadan xilas olunub. "Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Tövsiyə edirik ki, bu kimi halların təkrarlanmaması üçün valideynlər daha diqqətli olsunlar. Təhlükə riski daşıyan bu cür avadanlıqlar, mexaniki və elektrikli cihazlar uşaqların nəzarətsiz şəkildə yaxınlaşa bilməyəcəyi yerlərdə saxlanılmalıdır. Hər bir valideyn bilməlidir ki, ən sadə məişət əşyası belə azyaşlı üçün təhlükə mənbəyinə çevrilə bilər",- deyə məlumatda qeyd edilib.