Ali təhsil müəssisələrinə qəbul olunanların sayı açıqlandı

Dövlət İmtahan Mərkəzi avqustun 22-də 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Sozcu.az xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, 57 236 nəfər (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 96.27% dolub. Avqustun 28-dən sentyabrın 2-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcəkdir. Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 1580 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 839 nəfər çoxdur. Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir. Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub (99.80%). TC altqrupunda isə göstərici 100%-dir və boş yer qalmayıb. III qrupda müsabiqə iştirakçılarının sayı və plan yerlərinin müqayisəsi əvvəlcədən bizə imkan verirdi ki, müsabiqə vəziyyətinin yüksək olacağını proqnoz edək, həmçinin subbakalavrların şanslarının az olacağı vurğulanmışdı. Müsabiqə nəticələrinə əsasən də, III ixtisas qrupu üzrə yalnız abituriyentlər tələbə adını qazana biliblər. II ixtisas qrupu üzrə də 98.12% olmaqla plan yerləri kifayət qədər dolub. Burada subbakalavrların da şansı var idi. Ən çox subbakalavr (3079 nəfər) məhz II qrup üzrə ixtisaslara qəbul olunub. I qrup ixtisasları üzrə də subbakalavrların imkanları var idi və 2842 nəfər qəbul olunub. Ümumilikdə I ixtisas qrupunda plan yerləri 92.25% dolub. IV və V ixtisas qruplarında isə plan yerləri müvafiq olaraq 95.39% və 96.84% dolub. Ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 43 mülki ali təhsil müəssisəsinin 12-də (Azərbaycan Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Bakı Avrasiya Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) plan yerləri 100 %, bundan əlavə, 26 ali təhsil müəssisəsində 90%-dən çox dolub. Subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 32 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı 6461-dir və ötənilki göstəricidən 826 nəfər daha azdır. Subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texnologiya Universiteti (589), Mingəçevir Dövlət Universiteti (506 nəfər) və Azərbaycan Dövlət Aqrar Universitetinə (459 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 47.75%-nin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 42.04%-nin subbakalavr olduğunu görərik. Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 8-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir. Qeyd edək ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1549 (RK üzrə 1255, Rİ üzrə 294) plan yeri boş qalıb. Boş qalan plan yerlərinin müsabiqəsinə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. RK altqrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 4 nəfərdir. Rİ altqrupu üzrə müvafiq say 38-dir. RK altqrupunda ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı 599 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər yalnız Şərabçılıq (tədris ingilis dilində) ixtisasını seçə bilərlər (ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayanlar). Digər ixtisaslar üzrə boş yerlər qalmayıb. II ixtisas qrupu üzrə 278 plan yeri boş qalıb. Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Bu şərti ödəyərək müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 18 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəkləri ixtisaslar üzrə boş plan yerləri qalmayıb. III ixtisas qrupu üzrə 30 (hamısı DT altqrupu üzrə) plan yeri boş qalıb. Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. DT altqrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 3249 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəkləri ixtisaslar üzrə boş plan yerləri qalmayıb. IV ixtisas qrupu üzrə 218 plan yeri boş qalıb. Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 233 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı isə 291 nəfərdir. Bu abituriyentlər yalnız Bağçılıq və tərəvəzçilik, Su bioehtiyatları və akvakultura ixtisaslarını seçə bilərlər (rus bölməsi üzrə yalnız “Садоводство и овощеводство”). V ixtisas qrupu üzrə 144 plan yeri boş qalıb. Lakin bir daha abituriyentlərin diqqətinə çatdırırıq ki, boş qalan plan yerlərinin seçimində xüsusi qabiliyyət tələb edən ixtisaslar (müvafiq komissiyalar) üzrə müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı avqustun 27-si gün ərzində “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq. Jurnalda yalnız qəbul aparıla biləcək ixtisasların siyahısı təqdim olunacaq. Belə ki, keçirilmiş müsabiqə nəticəsində “Abituriyent” jurnalının 4-cü nömrəsində yer alan və yalnız dövlət sifarişi (YDS) əsasında qəbul aparılan ixtisaslar üzrə dövlət sifarişli (DS) yerlər qalmayıbsa, bu ixtisaslara qəbul aparılmayacaq və "Abituriyent" 7 jurnalında verilməyəcək. Jurnalda ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat da təqdim olunacaq.

Toya gedərkən qəzaya düşdülər: 5 yaralı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan bir neçə avtomobil toqquşub. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, qəzaya düşənlər toya gedirmiş.

Sabunçuda süni göldə uşaq batdı

Sabunçu rayonunda süni sututarında 1 uşağın batması barədə məlumat daxil olub. Bu barədə Sozcu.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ukrayna artıq Pentaqondan icazə istəmir: Rusiyanı bu raketlərlə vurur

Ukrayna ABŞ-dan aldığı silahlarla bağlı məhdudiyyətlər görə, Rusiyaya qarşı cavab hücumlarında yerli istehsal olunan raketlərdən istifadə etməyə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat yayıb. “Biz aqressiv Rusiyaya cavab verəndə artıq Pentaqondan icazə istəmirik. Çünki artıq Amerika istehsalı olan raketlərdən istifadə etmirik. Öz pilotsuz raketlərimizdən yararlanırıq", - deyə o bildirib. Qeyd edək ki, Ukrayna bu yaxınlarda ardıcıl, “Neptun” və “Flamingo” adlı iki ədəd yeni raket hazırladığını elan edib.

Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsi başlayır

26 avqust tarixindən etibarən 2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun II mərhələsinə start verilir. Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. II mərhələdə müraciətçilər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Boş qalan yerlərə sənəd qəbulu 2 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Həmçinin peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır. Peşə təhsili müəssisələrinə ilk peşə təhsili və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə tələbə qəbulu ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında və ya Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanında iştirak etmiş ərizəçilərin isə həmin imtahanda əldə etdikləri nəticələrə əsasən həyata keçirilir. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər. Məlumat üçün bildiririk ki, peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi 22 iyul – 11 avqust tarixlərində 78 peşə təhsili müəssisəsində 152 ixtisas olmaqla 32 620 plan yeri üzrə aparılıb. Peşə təhsil müəssisələrinə qəbul olan namizədlərdən 17 540 nəfəri sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim edib.

Donnarumma yeni klubu ilə razılaşdı

"Mançester Siti" PSJ-nin qapıçısı Canluici Donnarummanı transfer etməyə hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb. Bildirilib ki, qapıçı ilə artıq müqavilənin şərtləri razılaşdırılıb. PSJ əvvəlcə 26 yaşlı italyan üçün 45-50 milyon avro istəyib, lakin klub futbolçunun bir ildən sonra azad agent kimi gedə biləcəyi üçün qiyməti aşağı endirib. Qeyd edək ki, Donnarumma 2021-ci ilin yayında azad agent kimi "Milan"dan PSJ-yə keçib. Daha əvvəl də onun PSJ-dən ayrılmaq istədiyinə dair xəbərlər yayılmışdı.

Ermənistanda hərbçi güllələndi

Ermənistanda güllə yarası alan hərbçi xəstəxanaya yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə yerli KİV-lər ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. "Hərbçi hazırda həkimlərin nəzarəti altındadır, həyatına təhlükə yoxdur", - məlumatda qeyd edilib. KİV-in məlumatına görə, hadisə Göyçə vilayətindəki mövqelərdən birində baş verib. Əsgərin hansı şəraitdə yaralandığı hələ ki, məlum deyil.

Krımda partlayışlar: Dəmir yolu hücuma məruz qaldı

Krımda dəmir yolu infrastrukturu PUA hücumuna məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə Krımdakı Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Cankoy və Krasnoqvardeysk rayonlarında partlayışlar baş verib.

Braziliya İsrailin yeni səfirini qəbul etmədi

Braziliya Prezidenti Lula da Silva İsrailin yeni səfir təyinatını təsdiqləməyib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Məlumata görə, İsrailin Braziliyadakı səfiri Daniel Zonşayn ötən həftə istefaya getdikdən sonra rəsmi Təl-Əviv onun yerinə ölkənin Kolumbiyadakı keçmiş səfiri Qali Daqanı təyin edib. Lakin Daqan Braziliyadan hökumətindən lazımi razılığı almayıb. İsrail də buna cavab olaraq yeni səfir göndərməyəcəyini və münasibətləri aşağı səviyyəyə endirdiyini açıqlayıb. Qeyd edək ki, iki ölkə arasındakı gərginlik Braziliya Prezidenti Lula da Silvanın İsrailin Qəzzadakı hərəkətlərini nasistlərlə müqayisə etməsindən sonra başlayıb. İsrail bundan sonra Lula da Silvanı arzuolunmaz şəxs (“persona non-qrata”) elan edib.

Musiqi dinlədiyinə görə qonşusunu öldürdü

Belqorod vilayətində kişi avtomobilində yüksək səslə musiqi dinləyən qonşusunu döyərək bıçaqlayıb. Hadisə nəticəsində zərərçəkmiş şəxs həyatını itirib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Belqorod vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb. İstintaqın məlumatına görə, 39 yaşlı təqsirləndirilən şəxs uzun müddət qonşusunun yüksək səslə musiqi dinləməsindən narazılıq edib və aralarında dəfələrlə mübahisə yaşanıb. İyunun 15-də həmin şəxs növbəti dəfə avtomobilinə əyləşərək, musiqi səsləndirdikdə müttəhim aqressiv reaksiya verib. O, əvvəlcə qonşusuna dəmir parçası ilə hücum edib, daha sonra isə onu pilləkənlərdən yerə yıxaraq bıçaqla dörd zərbə endirib. Eyni zamanda, dəmir parçası ilə zərərçəkmişin baş və bədən nahiyələrinə xəsarətlər yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb. Hazırda istintaq davam edir və materialların məhkəməyə təqdim olunacağı bildirilib. Rusiya qanunvericiliyinə əsasən, bu maddə üzrə təqsirləndirilən şəxs 15 ilədək azadlıqdan məhrum edilə bilər.

Bu tələbələrə ayda 350 manat veriləcək

Azərbaycanda ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb və artıq nəticələr məlumdur.  Bu il keçirilən qəbul imtahanlarında 5 mindən çox abituriyent 600-dən çox bal toplayıb. Onlardan bəziləri universitetə qəbul ola bilməyib. Sozcu.az-ın məlumatına görə, bu il də ən yüksək bal toplayan abituyentlərə Prezident təqaüdü veriləcək. 2001-ci ildə imzalanan sərəncama əsasən, Prezident təqaüdü Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 nəfər tələbəyə verilir. Bu il Prezident İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünün məbləği 275 manatdan 350 manata qaldırılıb. Təqaüdlərin kimlərə verilməsi ilə bağlı hər il sentyabr ayında sərəncam imzalanır. Qeyd edək ki, Prezident təqaüdü cari tədris ilinin birinci semestri üçün təyin olunur və bu müddətdən sonra həmin gənclərə təqaüdün verilməsinin davam etdirilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında  Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilir.

“Sədərək”dəki yanğınla bağlı cinayət işi AÇILDI

“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda avqustun 24-25-də baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda deyilir. Bildirilir ki, cinayət işi FHN-in Əməliyyat-istintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə açılıb, istintaq gedir. Xatırladaq ki, yanğın zamanı 13 nəfər tüstüdən zəhərlənib.

İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq? - RƏSMİ CAVAB

Ölkəmizin bütün ümumi təhsil müəssisələrində I siniflərdə dərsin müddəti hazırda 45 dəqiqədir. Bu norma Nazirlər Kabinetinin 2012-ci ildə qəbul etdiyi 171 nömrəli qərarla təsbit olunub. Modern.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, ibtidai siniflərdə dərs zamanı təlimə sərf olunan vaxt ümumi dərs müddətinin 80 faizindən çox ola bilməz. Bundan əlavə, günün ortasında 40 dəqiqədən artıq olmayan dinamik fasilə də nəzərdə tutulur. Elm və Təhsil Nazirliyindən bildirilib ki, hazırda bu normativlərin dəyişdirilməsi gündəmdə deyil. Təhsil İnstitutunun metodisti Səidə Dünyamalıyeva da təsdiqləyib ki, bütün siniflərdə dərs müddəti eynidir - 45 dəqiqə. Onun fikrincə, xüsusilə 1-ci sinif şagirdləri üçün bu, kifayət qədər uzun görünə bilər: “Əvvəlcə nəzərə almaq lazımdır ki, həmin uşaqlar məktəbəqədər hazırlıq qruplarına və ya bağçalara cəlb olunublarmı? Əgər bu təcrübələri varsa, artıq müəyyən qaydalara, vaxt və davranış rejiminə alışmış olurlar. Amma elə uşaqlar da var ki, birbaşa evdən məktəbə gəlirlər. Bu halda 45 dəqiqəlik dərs prosesi onlar üçün həm çox uzun, həm də psixoloji və fiziki cəhətdən ağır ola bilər”. S.Dünyamalıyeva əlavə edib ki, azyaşlı uşaqlar uzun müddət eyni fəaliyyətdə sıxılır, hərəkət etmək, oyun oynamaq istəyirlər. Ona görə də müəllim 45 dəqiqəlik dərsi elə qurmalıdır ki, şagird həm öyrənsin, həm əylənsin, həm də yenidən məktəbə gəlmək həvəsində olsun. Beynəlxalq təcrübə nə deyir? Dünyanın müxtəlif ölkələrində ibtidai siniflərdə dərs müddətləri müxtəlifdir və bu, pedaqoji yanaşmaların fərqliliyini göstərir. Məsələn, İtaliyada dərslər adətən 30-35 dəqiqə davam edir və bu qısa dərslər şagirdlər üçün daha çox fasilə imkanı yaradır. Finlandiyada isə 45 dəqiqədir və dərsdən sonra şagirdlərə 15 dəqiqəlik istirahət fasiləsi verilir.  Latviya təhsil sistemində I sinifdə dərslər 35 dəqiqə davam edir, yuxarı siniflərdə isə 40-45 dəqiqəyə qədər uzanır.  Türkiyədə ibtidai sinif şagirdləri 40 dəqiqəlik dərslərdə iştirak edir və dərslər arasında 10 dəqiqəlik fasilələr təşkil olunur. Sinqapurda dərslər 30-40 dəqiqə arasında dəyişir və burada oyun əsaslı öyrənmə metodları üstünlük təşkil edir.  İngiltərədə isə şagirdlər fəaliyyət blokları ilə öyrədilir; qısa, 15-20 dəqiqəlik bloklar fasilələrlə növbələşərək dərs prosesini maraqlı və cəlbedici edir.  Çin məktəblərində dərslərin müddəti adətən 40 dəqiqədir, bəzi bölgələrdə isə I sinifdə 35 dəqiqəyə qədər qısaldılır.  Yaponiyada isə ibtidai sinif şagirdləri 35 dəqiqəlik dərslərlə məşğul olurlar. Səhiyyə təşkilatlarının yanaşması Amerika Pediatriya Akademiyasının (AAP) tövsiyələrinə görə, uşaqların diqqət saxlama qabiliyyəti onların yaşına uyğun dəqiqələrlə ölçülür. Məsələn, 6 yaşlı uşaq 6-8 dəqiqə, 7 yaşlı uşaq isə 7-9 dəqiqə fasiləsiz diqqət göstərə bilir. Buna görə də dərslərin qısa bloklarla təşkili, ardınca isə fəaliyyət dəyişikliyi vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının sənədlərində isə qeyd olunur ki, 6-7 yaşlı uşaqlar ən geci 30-40 dəqiqədən bir ayağa qalxıb hərəkət etməlidirlər. Bu, həm fiziki, həm də zehni sağlamlıq baxımından zəruridir.  Təhsil psixoloqları da diqqət müddətini sadə düsturla izah edirlər: yaş vurulsun 2-5 dəqiqə. Yəni 7 yaşlı uşaq dərs prosesində maksimum 14-35 dəqiqə diqqətini qoruyaraq öyrənə bilir. Bu isə yalnız oxu-yazı ilə deyil, oyun, rəsmlə məşğuliyyət, qrup işi kimi fəaliyyətlərin növbələşməsi ilə mümkündür. Göründüyü kimi, bəzi ölkələrdə (Latviya, Yaponiya, İtaliya və s.) ibtidai siniflərdə dərs müddəti daha qısadır. Finlandiya və İngiltərə kimi ölkələr isə fasilələrin tezliyi və uşaqların aktivliyinə xüsusi diqqət yetirir. Azərbaycanda mövcud qaydalar dərsin 45 dəqiqədən az olmamasını tələb etsə də, beynəlxalq təcrübə sübut edir ki, dərsin keyfiyyətinə təkcə müddət yox, həm də onun təşkili, fasilələrin düzgün planlanması və uşaqların yaş xüsusiyyətlərinə uyğunlaşdırılması birbaşa təsir göstərir.

Qəbələdə VAZ və "Hunday" toqquşdu: ölən var

Qəbələ şəhərində iki minik avtomobilinin toqquşması ölümlə nəticələnib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Qəbələ şəhəri ərazisində “VAZ-2106” və “Hunday” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü 51 yaşlı İlham Abdurazakov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 31 yaşlı Aqil Bəhlulzadə və “VAZ”da olan sərnişinlər xəsarət alıblar. Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Ukraynaya hər ay azı bir milyard dollar lazımdır - Zelenski

Ukraynaya ABŞ-dan silah almaq üçün ayda ən azı 1 milyard dollar lazımdır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Norveç bizə Amerika Birləşmiş Ştatlarından silah almağa imkan verən PURL proqramına qoşulub və bizim məqsədimiz bu proqramı hər ay ən azı bir milyard dollarla tamamlamaqdır", - o, Kiyevdə səfərdə olan Norveçin baş naziri Yonas Qar Störe ilə birgə mətbuat konfransında deyib.

Ağdərədə meşəlik ərazidə yanğın başladı

Ağdərədə növbəti dəfə yanğın hadisəsi qeydə alınıb. Sozcu.az xəbər verir ki, rayonun Sırxavənd kəndi ərazisində yerləşən meşəlik ərazidə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdərə, Ağdam və Tərtər rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınla mübarizəyə yanğınsöndürən helikopterlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Zərərçəkmiş şəxslər ermənilərin məhkəməsində ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 25-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub. İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər. Hakim Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib. Zərərçəkmiş Sahib Əsgərov ifadəsində bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Kəlbəcərdən məcburi köçkün düşüb. Deyib ki, şəhərə hücumlar nəticəsində qohumlarından həyatını itirənlər və yaralananlar olub. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualını cavablandıraraq vurğulayıb ki, Kəlbəcər sakinləri şəhəri tərk edərkən onlara çıxış üçün yol belə verilməyib. Zərərçəkən Kəlbəcərdə “Tunel” faciəsinin şahidi olduğunu da diqqətə çatdırıb. O, ifadəsində, həmçinin düşmən tərəfdən xaricdən gətirilmiş muzdlu döyüşçülərin də olduğunu bildirib. “Qəbiristanlıqlarımızı dağıdıb, mədəni tarixi-dini abidələrimizi öz adlarına çıxarıblar”, - deyə S.Əsgərov əlavə edib. Dövlət ittihamçısı Təranə Məmmədovanın sualını cavablandıran zərərçəkən Sabir Quliyev Şuşanın Göytala kəndinin sakini olduğunu, 1992-ci il mayın əvvəlində şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini və məcburi köçkün düşdüyünü vurğulayaraq söyləyib: “Əmim oğlanları Tahir və Rəfael Quliyevlər həlak oldular. Tahir Quliyevin meyiti hələ də tapılmayıb”. “Şuşanın işğalı zamanı qarşı tərəf dinc əhaliyə humanitar dəhliz vermədi. Laçından keçəndə isə Gorus tərəfdən artilleriya atəşinə məruz qaldıq. Orada yaşlı qadın həlak oldu”, - deyən zərərçəkən əlavə edib ki, torpaqlarımız işğaldan azad olunandan sonra atasının qəbrini ziyarət edəndə onun məzarının dağıdıldığını, bəzi başdaşlarının çıxarıldığını görüb. “Mülkümüzü, təsərrüfatımızı, var-dövlətimizi əlimizdən aldılar. Kəndlərimizi dağıdıblar, sakinlər evlərini belə tapa bilmirdilər. Torpaqlarımızı elə bir vəziyyətə salıblar ki...”, - deyə o diqqətə çatdırıb. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualını cavablandıran zərərçəkən Almaz Ağayeva bildirib ki, ailəsi ilə Xankəndi şəhərinin “5-ci paralel” küçəsindəki evdə yaşayıb. 1988-ci ilin sentyabrında təzyiqlərə dözməyərək Şuşaya köçüblər. “Mən Qarabağ İpək Kombinatında işləyirdim. Erməniləri gətirib Xankəndiyə doldururdular, azərbaycanlıları döyürdülər. Belə təzyiqlərə dözməyərək çox əzab-əziyyətlə meşədən keçib cığırlarla Şuşa şəhərinə gəldik. 1992-ci ildə isə Şuşadan da məcburi köçkün düşdük. Qonşum Zöhrə Quliyeva orada qətlə yetirildi. Atam da yaralanmışdı. Zirzəmidə qalırdıq. Artilleriyadan atəş açırdılar”, - deyə o hadisələri xatırlayıb. Zərərçəkən Sevda Həsənova ifadəsində 1993-cü il avqustunda Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Füzuli rayonundan məcburi köçkün düşdüyünü söyləyib. Dövlət ittihamçısı Fuad Musayevin sualını cavablandıran S.Həsənova deyib: “Mülki əhali ilə hərbçilər arasında heç bir fərq qoyulmurdu. Qonşumuzun həyətinə “qrad”la atəş açmışdılar, qızın bədəni parça-parça olmuşdu”. O vurğulayıb ki, torpaqlarımız işğaldan azad ediləndən sonra oraya qayıdanda qəbiristanlıqlarda məzarların dağıdıldığının şahidi olub. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında zərərçəkən Araz Cəbrayılov 2023-cü il sentyabrın 19-da Xankəndi yaxınlığında meşədə pusquya salındıqlarını və açılan atəş nəticəsində yaralandığını bildirib. Zərərçəkən Nadir Məmmədov ifadəsində 1993-cü ilin oktyabrın sonlarında Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilandan məcburi köçkün düşdüyünü və yaralandığı söyləyib: “Mülki əhaliyə rayondan çıxmaq üçün heç bir humanitar dəhliz verilmədi, sakinlər atəşə tutulurdu. Araz çayından keçib xilas olmuşuq”. O, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış evlərinin şəklini göstərərək qeyd edib ki, 1991-ci ildə tikdikləri evdə cəmi 2 il yaşaya biliblər. “Evlərimizə, məscidlərimizə, qəbiristanlıqlarımza vurulan zərərin ödənilməsini tələb edirik. Qəbiristanlıqlarımızda qəbirlərimiz də dağıdılıb”, - deyə o əlavə edib. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkən Nəriman Ələsgərov ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Zəngilandan məcburi köçkün düşdüyünü bildirib. Deyib ki, Zəngilanın işğalı zamanı poçtalyon vəzifəsində çalışan Bəhmən adlı şəxs artilleriya atəşi nəticəsində öz həyətində həlak olub. “Qısa müddət ərzində bir neçə kəndi işğal etdilər, əhali kəndlərdən ayaqyalın qaçmağa məcbur oldu. Vəli dayının ailəsini qətlə yetirdilər. İsmayıl dayını ruhi xəstə oğlu ilə birlikdə tanka bağlayaraq sürüyüb öldürdülər. Əhaliyə humanitar dəhliz verilməmişdi. Kəndləri işğal edən kimi yandırırdılar”, - deyə o vurğulayıb. Nəriman Ələsgərov Zəngilan işğaldan azad olunandan sonra oraya qayıdarkən kəndlərdə daşın-daş üstə qalmadığını, qəbiristanlıqların dağıdıldığını gördüyünü söyləyib. Zərərçəkənlər təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və zərərçəkmiş şəxslərin nümayəndələrinin suallarını da cavablandırıblar. Sonra məhkəmə iclasında təqsirləndirilən şəxs Arkadi Qukasyanın cinayət işi üzrə verdiyi ifadələr elan olunub. Məhkəmə prosesi avqustun 28-də davam etdiriləcək. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir. Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

İngiltərədə helikopter qəzaya uğradı

İngiltərənin Vayt adasında baş verən helikopter qəzası nəticəsində bir nəfər ağır xəsarət alıb. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, yaralanan şəxs xəstəxanaya yerləşdirilib. Məlumata görə, helikopter tarlaya düşüb. Hadisə baş verən zaman helikopterdə dörd nəfər olub və onların hava yastıqları açılıb. Qəza yerinə təcili yardım və polis qüvvələri cəlb edilib, əraziyə gediş-gəliş məhdudlaşdırılıb.

Onunla görüşəcəyimə ümid edirəm - Tramp

Şimali Koreya lideri Kim Çen İnlə nə zamansa görüşəcəyimə ümid edirəm. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib. “Həqiqətən, mən onu bir gün görəcəyəm. Onunla görüşü gözləyirəm”, - deyə Ağ Ev rəhbəri bildirib.

Fındıq bağında çətənə kolu yetişdirən şəxs həbs olundu

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sozcu.az-a bildirilib ki, tədbirlərlə 50 yaşlı Nəcəf Alxasov saxlanılıb. Ona məxsus fındıq bağında kultivasiya edərək yetişdirdiyi 107 ədəd çətənə bitkisi aşkar olunub. N.Alxasov çətənə kollarını satış məqsədilə əkdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.

Bu gün Bakıda 36 dərəcə İSTİ OLACAQ

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarına qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

“Sədərək”dəki yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın tam məhdudlaşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Qeyd edlib ki, bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır. *** 09:00 Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın hələ də davam edir. Sozcu.az xəbər verir ki, yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin 10-larla xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub. Ötən gün günorta saatlarından (11:50 radələrində) başlayan yanğının yayılmasının qarşısı alınıb, eyni zamanda yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin və digər anbarların mühafizəsi təmin olunub. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Havada tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az -a verilən xəbərə görə, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib. O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub. "Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”, - o deyib.

"Sədərək”də yanğın davam edir

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın hələ də davam edir. Sozcu.az xəbər verir ki, yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin 10-larla xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.