Alyaska görüşü birmənalı şəkildə Tramp və ABŞ üçün fiaskodur

Trampın əsas məqsədi atəşkəsə nail olmaq idi. Bundan sonra Ukrayna və Rusiya arasında ikitərəfli müzakirələr başlamalıydı. Lakin görüşdən sonra verilən açıqlamada atəşkəs sözündən ümumiyyətlə, istifadə olunmadı. Tramp da Alyaskaya gedərkən FOX TV-yə müsahibəsində atəşkəsdən danışsa da, dönərkən eyni TV-yə açıqlamasında bu kəlməni "unutdu".  Bununla bərabər, belə görünür ki, Trampla Putin hansısa məqamlar üzrə şifahi razılığa gəlib, yaxud fikir birliyinə varıb və bunlar təbii ki, Ukraynanın xeyrinə deyil. Ümumiyyətlə, hər dəfə Trampın Putinlə istər üz-üzə, istər telefonla, istərsə də diplomatiyadan bixəbər əmlakçı dostu Uitkoff vasitəsilə olan təmaslarında diktator bu adama öz mövqeyini, yanaşmalarını qəbul etdirməyə nail olur, lakin sonra ABŞ dövlət qurumları və avropalı müttəfiqlər birtəhər Trampı ABŞ-ın və ümumən Qərbin maraqları baxımından düz yola qaytara bilirlər. Bu dəfə də eyni halın təkrarlanması mümkündür, hər halda, ortada imzalanmış hansısa sənəd yoxdur. Ümumən ABŞ-a səfər etməsi, önünə qırmızı xalı sərilməsi, orada öz sərsəm fikirlərini bir daha dünyaya elan etmək fürsəti qazanması və zərrə qədər də güzəşt etmədən F-22-lərin müşayiəti ilə geri dönməsi Putin üçün ciddi uğurdur. Bu fürsəti ona ABŞ-ı idarə edən diletantlar və alverçilər yaratdı. Şahin Cəfərli, politoloq

Prezident onlara ali hərbi rütbələr verdi

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla general-mayor Babək Vahid oğlu Qurbanova “general-leytenant”, polkovnik Ceyhun Həsən oğlu Nəbiyev və polkovnik Azər Əliyusif oğlu Şirinova isə “general-mayor” ali hərbi rütbəsi verilib.

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Dərinliyi 30 km olan təkanların maqnitudası 4 olub.

Aeroport yolunda ağır qəza: ölən və xəsarət alanlar var

Bakı şəhəri Suraxanı rayonu, Aeroport şosesində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Üçdən çox nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Report-un əldə etdiyi məlumata görə, qəza zamanı ölən və xəsarət alanlar var.

Bakıda plastik əməliyyat olunan 36 yaşlı psixoloq öldü

Bakıda 36 yaşlı qadın liposaksiya (bədənin müxtəlif nahiyələrindən piyin çıxarılması) əməliyyatından sonra ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib. Bildirilib ki, məşhur kouç (şəxsi inkişaf mütəxəssisi - red.) və psixoloq Nilufər Abdulla "Etalon" hospitalda plastik əməliyyat olunub. Əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və ölüb. 1989-cu il təvəllüdlü Nilufər Abdulla 3 uşaq anasıdır. Qeyd edək ki, liposaksiya bədənin müxtəlif nahiyələrindən (üz, boyun, qolların yuxarı hissələri, qarın, bud nahiyələri, dizin iç tərəfləri, kürək) piylərin alınması deməkdir. Liposaksiya çəki azaltmaq əməliyyatı olmayıb, diet və idmanla çəkilməyən piylərin alınması məqsədilə edilir. Bu əməliyyat bədən şəkilləndirmədə tək və ya üz gərmə, abdominoplastika, ayaq gərmə ilə birgə mümkün olan hallarda edilə bilər.

Tovuzda zəlzələ: Ermənistanda da hiss edildi

Bu gün səhər saatlarında Azərbaycanın Tovuz rayonunda baş verən zəlzələ Ermənistan ərazisində də hiss olunub. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan DİN-in Xilasetmə Xidməti məlumat yayıb. Qeyd olunub ki, yeraltı təkanlar Tavuş vilayətinin sərhəd kəndlərində 2-3 bal gücündə hiss olunub.

Qohumların zarafatı qanla bitdi

Biləsuvarda 31 yaşlı kişi evinə qonaq gələn xalası oğluna xəsarət yetirib. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin M.İbrahimov küçəsində yerləşən evlərdən birində baş verib. Şəhər sakini, 1996-cı il təvəllüdlü Rəşad Səmədov (ad və soyad şərtidir) həmin ünvanda yaşayan xalası oğlu, 1994-cü il təvəllüdlü Rəşid Ağayevin (ad və soyad şərtidir) evinə qonaq gedib. Onlar bir yerdə vaxt keçiriblər. Gecə saatlarında qohumlar zarafatlaşan vaxt qonaq gələn R.Səmədov zarafatdan inciyib və onların arasında mübahisə yaranıb. Mübahisə əlbəyaxa davaya çevrilib. Dava nəticəsində, R.Ağayev mətbəxdəki kəsici alət hesab edilən dəhrə ilə xalası oğlunu vurub. O, R.Səmədovun qoluna xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib və hadisə yerinə Biləsuvar RPŞ əməkdaşları gəliblər. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə edildiyindən cinayət işinə xitam verilib.

Yağışlı hava nə vaxta kimi davam edəcək?

Bəzi ərazilərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata əsasən, Balakən-Şəki zonasının ayrı-ayrı yerlərində yağıntılar intensiv olub. Düşən yağıntının miqdarı Zaqatalada 42, Balakəndə 14, Yardımlıda 13, Qəbələdə 5, Lerikdə 4, Astarada 3, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Cəfərxan, Neftçala, Biləsuvar, Beyləqanda 1 mm-dək qeydə alınıb. Yağıntılı hava şəraitinin avqustun 17-si axşamadək davam edəcəyi gözlənilir.

Son 6 ayda Qarabağa nə qədər pul xərclənib?

İşğaldan azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 2025-ci ilin yanvar-iyun ayları ərzində bütün maliyyə mənbələri hesabına 1 milyard 989 milyon 798 min manat vəsait sərf edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. Qeyd edək ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər (408 mln. 11 min manat), Laçın (303 mln. 122.1 min manat) və Ağdam (260 mln. 833.3 min manat) rayonlarına ayrılıb. Xatırladaq ki, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 73.5 milyon manat vəsait yönəldilib ki, bunun da 6 milyard 313.5 milyon manatı tikinti quraşdırma işlərinə sərf edilib. Beləliklə, hesabat dövründə azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin 31.5%-ni təşkil edib. Aşağıdakı diaqramda cari ilin I yarısında azad edilmiş ərazilərdə rayonlar üzrə tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin həcmi verilib: Əlavə edək ki, azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə bu ilin dövlət büdcəsindən 4 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Cari ilin ilk 6 ayı ərzində isə dövlət büdcəsindən illik nəzərdə tutulmuş vəsaitin 38,8 faizi — yəni 1 milyard 552,4 milyon manatı istifadə olunub.

Son 6 ayda Azərbaycanda 10350 boşanma olub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci yarısında 24 815 nikah və 10 350 boşanma halları qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4.4-dən 4.9-a qədər artıb, boşanmaların sayı isə 2.1-dən 2-ə düşüb.

"Ermənilər Azərbaycana o qədər dəhşətli zərbələr vurub ki, bunu rəqəmlərə çevirmək..." - İsa Qəmbər

Müsavat Partiyasının başqanı İsa Qəmbər Bakupost.az saytının suallarını cavablandırıb.   Sozcu.az həmin müsahibəni təqdim edir: - İsa bəy, Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilən görüşün nəticələrini necə qiymətləndirirsiniz? - Müsavat Partiyasının bu məsələ ilə bağlı rəsmi bəyanatı var, münasibət bildirmişik. Əldə olunan razılaşmaları əsasən, müsbət qiymətləndirmişik. Əlavə etmək istərdim ki, bu cür mürəkkəb məsələlərlə bağlı danışıqların nəticələri hər zaman daha yaxşı və ya daha pis ola bilər. Ona görə də, prinsip etibarı ilə biz bu görüşü normal, müsbət qiymətləndirə bilirik. - Görüşün Vaşinqtonda keçirilməsi, Zəngəzur dəhlizinə nəzarətin ABŞ-yə verilməsinin bölgəmiz, o cümlədən, Azərbaycan üçün hansı üstünlükləri və riskləri var? - Üstünlüklərdən danışırıqsa, ilk növbədə sülh prosesinin hərəkətə gəlməsi, sürətlənməsi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün addımların atıldığını qeyd edə bilərik. Digər tərəfdən, Rusiyanın Cənubi Qafqaza, Azərbaycan-Ermənistan münasibətlərinə təsirinin azalması müsbət hadisədir. Həmçinin, nəzərə almaq lazımdır ki, danışıqların Rusiyaya nisbətdə ABŞ-nin himayəsi altında aparılması daha məqsədəuyğundur. Biz Müsavat Partiyası olaraq, prinsip etibarı ilə danışıqların Azərbaycan və Ermənistanın iştirakı ilə, üçüncü tərəf olmadan keçirilməsinin tərəfdarı olmuşuq. Həmişə bunu dəstəkləmişik və ikitərəfli görüşlər fayda gətirib. İndiki halda danışıqların moderatorun iştirakı ilə, ABŞ-nin himayəsi altında aparılması, Zəngəzur dəhlizinə nəzarətin Amerikanın özəl şirkətlərinə həvalə edilməsi gələcək üçün müəyyən suallar yaradır. Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılıq ümumi xarakterlidir. Bildirilir ki, proses Ermənistanın yurisdiksiyası altında, suverenliyi nəzərə alınmaqla davam edəcəkdir. Digər tərəfdən, qeyd olunur ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizindən maneəsiz hərəkət edə biləcək. Üçüncü bir tərəfdən, Amerikanın özəl şirkəti orada konsorsium quracaqdır. Bir yandan da, Rusiya tərəfi Ermənistanda hərbçilərinin olduğunu xatırladır. Bu baxımdan çox mürəkkəb məsələdir. Razılaşma gerçəklikdə necə əldə ediləcək, detallar nədən ibarət olacaq, bir-birinə zidd yanaşmaların arasında ortaq nöqtəni tapmaq mümkün olacaqmı, bütün bunlar ciddi suallar doğurur. Siz, yəqin ki, danışıqların gedişinə, mətbuat konfransına diqqət yetirdiniz. Orada jurnalistlərdən biri sual verdi ki, ermənilərin Qarabağa qayıtması ilə bağlı nə düşünürsünüz? Tramp da, Azərbaycan və Ermənistan rəhbərləri də bu sualı cavablandırmadılar, bu məsələyə vaxt ayırmadılar. Vaşinqton Administrasiyası da bu məsələni qabartmadı ki, danışıqlar rahat şəkildə davam etsin. Hansı təminat var ki, sabah ABŞ-dəki erməni lobbisi, bəzi konqresmenlər, senatorlar bu məsələni gündəmə gətirməyəcəklər? Bəlli oldu ki, Tramp Paşinyana söz verib ki, Azərbaycandakı erməni hərbi cinayətkarları geri qaytarmağa çalışacaq. Elə xoşagəlməz məsələlər var ki, onlar zamanla ortaya atıla bilər. Bu məsələlərin necə həll olunacağını biz bu gün tam arxayınlıqla deyə bilmərik. Razılaşmalar nə qədər önəmli olsa da, onların necə gerçəkləşəcəyi ciddi məsələdir və bir sıra suallar doğurur. Azərbaycan həm öz maraqları, həm beynəlxalq hüquq, həm də əldə olunan razılaşmalar çərçivəsində öz siyasətini ardıcıl şəkildə davam etdirməlidir. - Rusiyanın bu razılaşmaya o qədər də isti yanaşmadığı müşahidə edilməkdədir. Ayrı-ayrı deputatlar, siyasi ekspertlər səviyyəsində hədələyici, təhdid dolu açıqlamaların şahidi olmaqdayıq. Necə düşünürsünüz, Rusiya ABŞ-nin vasitəçiliyi ilə sülh razılaşması əldə edən Azərbaycan və Ermənistana qarşı nə kimi addımlar ata bilər? Bakı və İrəvan Rusiyanın mümkün təzyiqlərinə tab gətirə biləcəklərmi? - Rusiyanın Azərbaycana qarşı təzyiq rıçaqları, mexanizmləri o qədər də çox deyil. Təzyiq iki istiqamətdə arta bilər. Birinci istiqamət Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının keyfiyyəti ilə bağlı uydurma iddialar ortaya qoymaqla onların eksportuna məhdudiyyətlərin yaradılmasıdır. Digər istiqamət, düşünürəm ki, daha ağır, daha pis variant olan, Rusiyada yaşayan azərbaycanlılara təzyiqlərin gücləndirilməsi ilə bağlıdır. Rusiya hakimiyyəti xalqımıza müxtəlif təzyiqlər göstərə, problem yaratmağa cəhd edə bilər. Azərbaycan hakimiyyəti bunların qarşısını almaq üçün yollar axtarmalıdır. Cəmiyyət də buna hazır olmalıdır. Rusiyanın Ermənistana təzyiq imkanları daha genişdir. Rusiyanın Ermənistanda hərbi bazası mövcuddur, özlərinin də xatırlatdıqları kimi, bu ölkənin sərhədlərini ruslar qoruyur, Ermənistan iqtisadiyyatının önəmli hissəsi Rusiyanın nəzarətindədir. Ermənistanda Rusiyanın təsiri altında olan siyasi qüvvələr mövcuddur. Bu baxımdan, Rusiyanın Ermənistana təzyiq imkanları, Azərbaycana olan təzyiq imkanlarından daha ciddi və genişdir. Hər halda inanıram ki, Bakı Rusiyanın təzyiqlərinə tab gətirə, milli və dövlət maraqlarına uyğun şəkildə davrana biləcəkdir. Ermənistanla bağlı buna əmin deyiləm. Prosesləri diqqətlə izləməliyik və Azərbaycanın hər zaman B planı olmalıdır. - İranda Vaşinqton razılaşmasına, xüsusilə də ABŞ-nin iştirakı ilə açılması nəzərdə tutulan Zəngəzur dəhlizinə ikili yanaşmanın şahidi oluruq. Bu ölkənin dini və siyasi rəhbərliklərinin fərqli mövqelər ortaya qoymasını necə izah edərsiniz? - İranda daxili fikir ayrılıqları hər zaman olub. İran inqilabından sonra bu ölkənin siyasi elitasındakı islahatçılar və mühafizəkarlar arasında fikir ayrılıqları mövcuddur. Zaman-zaman bu daha da artır. İsrailin İrana hücumundan sonra bu qarşıdurma daha da güclənib. Bu ziddiyyətlər daha da dərinləşəcək. Hesab edirəm ki, İran hazırkı mərhələdə Cənubi Qafqazdakı proseslərə müdaxilə etmək imkanlarına malik deyil. Zəngəzur dəhlizinin də açılmasına İran həlledici dərəcədə maneə törədə bilməz. Əksinə, düşünürəm ki, İran məsələlərə daha praqmatik yanaşıb Cənubi Qafqaz ölkələri ilə əlaqələrini itirməməyə çalışmalıdır. O da mümkündür ki, İran proseslərə mane olmaq üçün Rusiya ilə birgə hərəkət etsin. Bunu nəzərə almaq lazımdır. - Birgə Bəyannamədə əksini tapan maddələrdən biri də tərəflərin qarşılıqlı iddialardan imtinası ilə bağlıdır. Ermənistanın Azərbaycana vurduğu və 100 milyardlarla ölçülən ziyandan imtina edilməsinə münasibətinizi bilmək maraqlı olardı... - Ən ağır mövzulardan biridir. Mən əvvəlki dönəmləri xatırlatmıram, 1988-ci ildən başlayaraq 2023-cü ilin, demək olar ki, sonuna qədər Ermənistan Azərbaycana dəhşətli dərəcədə zərbələr vurub. Ərazi iddiaları qaldırıb, müharibəyə başlayıb, ərazimizdə savaş aparıb, kəndlərimiz, rayonlarımız, şəhərlərimiz darmadağın edilib, yüz minlərlə insan didərgin salınıb, on minlərlə insan şəhid edilib, yaralılarımız, itkin düşənlərimiz var. Ermənilər Azərbaycana o qədər dəhşətli zərbələr vurub ki, bunu rəqəmlərə çevirmək asan və sadə məsələ deyil. Ona görə də Azərbaycan cəmiyyətində hər zaman gözlənti olub ki, bu zərbələrə, ziyana görə İrəvan Azərbaycana kompensasiya ödəməlidir. Gerçəklik ondan ibarətdir ki, haqq-ədalət, həqiqət bizim tərəfimizdə olsa da, beynəlxalq miqyasda Ermənistana dəstək daha çoxdur. Müxtəlif səbəblərdən Ermənistan beynəlxalq birliyin dəstəyini ala bilir. Beynəlxalq hüquqi instansiyalara edəcəyimiz müraciətlərin müzakirəsinin nə ilə nəticələnəcəyini söyləmək çox çətindir. Dünya ədalət dünyası deyil, ədalət uğurunda mübarizə dünyasıdır. Beynəlxalq instansiyalarda qərarlar çox vaxt hüquq deyil, siyasi maraqlar çərçivəsində qəbul edilir. Ona görə də mümkündür ki, beynəlxalq instansiyalarda Azərbaycanın haqlı müraciətləri ilə bağlı ədalətli qərar verilməsin, əksinə Ermənistanın haqsız müraciətləri “həllini” tapsın. Bu mənada qarşılıqlı hüquqi iddialardan imtina təsadüfi deyil. Yəqin ki, Bakı və İrəvan bu məsələni öncədən ölçüb-biçib və belə bir razılığa gəliblər. - Ermənistanda revanşist qüvvələrin mövcudluğunu və kənar təsirləri nəzərə alaraq İrəvanın Vaşinqton razılaşmasına, sülh prosesinə sadiq qalma ehtimalı nə dərəcədədir? - Bu çox mürəkkəb və çox maraqlı prosesdir. Paşinyan erməni cəmiyyətini yüz illərdir içərisində yaşadıqları xəyali, mifik aləmdən ayırıb real dünyaya qaytamaq istəyir. Hələ mən illər öncə Paşinyanın bu cəhdlərini erməni xalqının milli oyanışı kimi dəyərləndirmişdim. Amma onun uğur qazanıb-qazanmayacağını söyləmək çox çətindir. Ermənilər yüz illərdir olduqları xəyallar aləmini təkbaşına yaratmayıb. Bu xəyallar aləminin yaranmasında regionda Türkiyə və türk dünyasına qarşı fəaliyyət göstərən güclərin də “əməyi” var. Məsələnin nə ilə yekunlaşacağını söyləmək çox çətindir. Hesab edirəm ki, əgər Ermənistandakı revanşist qüvvələr güc müstəvisində Azərbaycana qarşı uğur qazana biləcəklərinə inansalar, onlar heç bir razılaşmaya sadiq qalmayacaqlar. Ona görə də biz beynəlxalq öhdəliklərimizə sadiq qalmaqla yanaşı, ordumuzu daha da gücləndirməliyik ki, heç bir qüvvə bizə güc göstərmək fikrinə düşməsin. - Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müddəaların aradan qaldırılacağına və sonda sülh müqaviləsinin imzalanacağına inanmaq olarmı? - Ən maraqlı məsələlərdən biri də elə budur. Bir dövlətin konstitusiyasında başqa bir dövlətə qarşı ərazi iddiası qalırsa, onların arasında sülh müqaviləsinin imzalanması çətin məsələdir. Amma konstitusiya dəyişikliyi o qədər də asan həll ediləcək bir məsələ deyil. Çünki bayaq da qeyd etdiyim kimi, Ermənistanda xəyallar aləmində yaşayan insanlar, revanşist qüvvələr var. Onlar sülh müqaviləsi üçün ciddi maneədirlər. Müsavat Partiyası olaraq biz sülh prosesini dəstəkləyirik və hesab edirik ki, Vaşinqtonda əldə olunan razılaşma bu prosesə təkan verdi. Sülh müqaviləsinin mətni paraflandı, Minsk Qrupunun fəaliyyətinin dayandırılması üçün birgə addımlar atıldı. Proses davam etdirilməlidir. Eyni zamanda Azərbaycan gözlənilməz situasiyalara, rəqiblərimizin, bizi istəməyən qüvvələrin istənilən addımlarına cavab verməyə hazır olmalıdır.

Şərurlu İsfəndiyarın avtomobillərinə həbs qoyuldu

"Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulub. Sozcu.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, iş adamına məxsus 9 avtomobilə Bakı şəhəri, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən həbs qoyulub. İsfəndiyar Axundovun avtomobillərinə həbs qoyulmasına səbəb isə 482.000 ABŞ dollar borcun olmasıdır. "Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov milyonluq avtomobillərinə həbs qoyulduğu üçün Nərimanov Rayon Məhkəməsinə üz tutmalı olub. Məhkəmədə İ.Axundovun nümayəndəsi iddia qaldırıb ki, icra sənədi üzrə borcun məbləği 482.000 ABŞ dolları olduğu halda, həmin avtomobillərin ümumi dəyəri borcun məbləğindən dəfələrlə artıqdır. Üzərinə həbs qoyulmuş avtomobillərdən birinin təxmini satış qiyməti 142.000 ABŞ dolları, təkcə "Lamborghini Plug-İn Hibrid" hibrid minik markalı 10-P0-200 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiyməti 550.000 ABŞ dolları təşkil edib. Aşağıdakı avtomobillərə də həbs qoyulub: - "Lx 600" markalı, "AA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; - "Lamborghini" markalı "YA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; - "Toyota Hilux" markalı, "PZ" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; - "Jiusheng Js-Hqcd25t056" markalı, "JN" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, - "Kia Rio" markalı, "PF" və "PZ" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, - "Kia Carnival" markalı, "AT" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi. Məhkəmədə İ.Axundovun nümayəndəsi bildirib ki, üzərinə həbs qoyulmuş yalnız iki avtomobilin qiyməti belə borcun məbləğindən yüksəkdir: "Faktiki olaraq aktiv istifadəsində olan 9 avtomobilin üzərinə icra məmuru tərəfindən əsassız olaraq həbs qoyulması "Şərur" MTK-nın iş fəaliyyətinə mane olur". İ.Axundovun nümayəndəsi onu da deyib ki, avtomobillərə məhkəmə tərəfindən deyil, icra məmuru tərəfindən həbs qoyulması qanunsuz hesab edilməlidir. Məhkəmə "Şərur" MTK-nın balansında olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərarı qanunsuz hesab edərək ləğv edib. Nərimanov Rayon İcra Şöbəsi tərəfindən yenidən məhkəməyə üz tutulacağı istisna edilməyib. "Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov "Qaynarinfo"ya açıqlamasında avtomobillərinə həbs qoyulması ilə bağlı məlumata belə şərh verib: "Yalandır, əlimdə məhkəmə qərarı var".

Şəhid mayorun anası vəfat etdi

19-20 sentyabr tarixli antiterror əməliyyatı zamanı şəhid olmuş mayor Elxan Nəcəfinin anası Afət Nəcəfi vəfat edib. Sozcu.az xəbər verir ki, mərhumun Bakının Hövsan qəsəbəsində dəfn ediləcəyi bildirilir. Qeyd edək ki, Elxan Nəcəfinin atası Şükür Nəcəfi Birinci Qarabağ müharibəsi zamanı - 1993-cü ildə Ağdam döyüşləri zamanı şəhid olub. Elxan Nəcəfi isə Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Qəhrəman mayor 20 sentyabr 2023-cü il tarixində antiterror tədbirləri zamanı Xocavənd  istiqamətində gedən döyüşlərdə şəhid olub. O, Ali Baş Komandan tərəfindən bir çox medallarla təltif edilib. Allah rəhmət eləsin! 

Rus ordusu darmadağın: 23 133 ədəd zirehli döyüş maşını məhv edilib

Ukrayna müharibənin 1269-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 068 040 hərbçi, 11 106 ədəd tank, 23 133 ədəd zirehli döyüş maşını, 31 498 ədəd artilleriya sistemi, 1 467 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 207 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 58 596 ədəd avtomobil texnikası, 51 190 ədəd PUA, 3 558 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 940 xüsusi avadanlıq itirib.

Nikah ərəfəsində olan şəxslər əvvəlcə həkimə üz tutsun – “Qarşı tərəfi yoluxdurmaq riski var”

“Nikahdan əvvəl tibbi müayinə həm fərdi sağlamlıq, həm də gələcək ailənin rifahı baxımından son dərəcə vacibdir. Belə müayinələr zamanı əsasən cinsi yolla keçən xəstəliklər, müxtəlif infeksiyalar, hepatit növləri və HİV virusu daşıyıcılığı araşdırılır". Bunu “Yeni Sabah”a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O qeyd edib: “Əgər bir tərəf özündə bu xəstəliklərdən birinin mövcudluğunu əvvəlcədən bilsə, həm də qarşı tərəfi yoluxdurmaq riskini aradan qaldıra bilər.  Bir çox infeksiya və virus təsadüfi müayinələr zamanı aşkar olunur ki, bu da profilaktik tədbirlərin vacibliyini bir daha göstərir. İrsi xəstəliklər də nikahdan əvvəl aparılan tibbi yoxlamaların mühüm hissəsidir. Məsələn, Azərbaycanda talassemiya daşıyıcılarının sayı kifayət qədər yüksəkdir və bu xəstəlik nikahdan əvvəl məcburi yoxlama paketinə daxildir. Bununla belə, genetik deformasiyalar, xromosom aberrasiyaları və digər irsi xəstəliklərin diaqnostikası hələlik bu paketdə yer almır. Çünki bu tip müayinələr daha mürəkkəb üsullarla həyata keçirilir, xüsusi avadanlıq və yüksək ixtisaslı mütəxəssis tələb edir. Hətta onların bəziləri Azərbaycanda demək olar ki, icra edilmir”. Adil Qeybulla qeyd edib ki, hazırda tətbiq olunan əsas tibbi müayinə paketi gələcək nəsil üçün birbaşa təhlükə yaradan xəstəliklərin vaxtında aşkarlanmasına yönəlib: “Daha geniş və dərinləşdirilmiş genetik analizlərin aparılması isə gələcəkdə icbari tibbi sığortanın imkanlarının genişlənməsi ilə mümkün ola bilər. Bu baxımdan, nikahdan əvvəl tibbi müayinənin tətbiqi həm fərdlərin sağlamlığını, həm də sağlam nəslin formalaşmasını təmin edən mühüm profilaktik addımdır”.

Beyləqanda uşaq yüksək hərarətdən öldü

Beyləqanda azyaşlı yüksək hərarətdən ölüb. Sozcu.az məlumatına görə, hadisə rayonun Birinci Şahsevən kəndinə baş verib. Valideyinləri temperaturu qalxan azyaşlı Səlimzadə Sultan Səlim oğlunu xəstəxanaya apararkən uşaq yolda ölüb. Faktla bağlı araşdırma başlanıb.

Şamaxıda ağır qəzada ölən tələbə qızın FOTOSU

Avqustun 13-də Şamaxıda ağır qəza baş verib. Qəza nəticəsində Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Leyla Qasımova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, 23 yaşlı Leyla Qasımova Qərbi Kaspi Universitetinin III kurs tələbəsi imiş. O, İnformasiya texnologiyaları ixtisası üzrə təhsil alırmış. Qeyd edək ki, Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində baş verən qəza zamanı “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Leylanın faciəli şəkildə dünyasını dəyişdiyi qəza nəticəsində Bakı şəhər sakinləri – 1983-cü il təvəllüdlü Dürdanə Nağıyeva, 1979-cu il təvəllüdlü Vüsalə İsmayılova və onların 3 azyaşlı övladları xəsarət alıblar. 

Azərbaycanda hava kəskin pisləşdi: Bu rayonlarda yağış başladı

Milli Hidrometeorologiya Xidmətinin avqustun 15-i saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Xidmətdən Sozcu.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 7, Zaqatalada 6, Qaxda 5, Balakəndə 3, Şəkidə (Kişçay) 2, Mingəçevir, Kəlbəcər, Xankəndi, Xocalıda 1 millimetrədək qeydə alınıb. Lerik, Daşkəsən, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.  Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin bu həftənin sonunadək davam edəcəyi gözlənilir.

Tramp Putinlə görüşə onları aparır

ABŞ prezidenti Donald Trampı Ankoricdə vitse-prezident C.D.Vens, dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkoff və maliyyə naziri Skott Bessent müşayiət edəcək. Sozcu.az xəbər verir ki, Amerika və Rusiya prezidentləri avqustun 15-də Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında görüşəcəklər. Danışıqlar yerli vaxtla saat 11:30-da başlayacaq. Prezidentlərin əvvəlcə təkbətək görüşü (yalnız tərcüməçilər iştirak edəcək), daha sonra qalan nümayəndə heyətləri işgüzar səhər yeməyinə qoşulacaqlar. Qeyd edək ki, Alyaska sammitində Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və RDIF-in baş direktoru Kirill Dmitriyev daxildir.

Küçədə meyiti tapılan şair Kəramət Şükürovun ÖLÜM SƏBƏBİ bilindi

Ötən gün küçədə meyiti tapılan şair Kəramət Şükürovun ilkin ölüm səbəbi bilinib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, mərhum infarktdan vəfat edib. Qeyd edək ki, şair, nasir, jurnalist Kəramət Şükürov ötən gün saat 19-20 radələrində vəfat edib.

Kostanyan İran mətbuatına danışdı: Ermənistanın “Tramp marşrutu” layihəsi üçün planı budur!

“Tramp marşrutu” layihəsinin bəzi detalları (Zəngəzur dəhlizi, TRIPP) artıq razılaşdırılıb və onun həyata keçirilməsi üçün Ermənistanda ermənilərin və amerikalıların iştirakı ilə şirkət yaradılacaq. Sozcu.az Report-a istinadla xəbər verir ki, bu barədə İranın IRNA agentliyinə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib. “Layihənin bəzi detalları artıq razılaşdırılıb və mən onları İran tərəfinin diqqətinə çatdırmışam. Layihə çərçivəsində səhmləri Ermənistan və ABŞ arasında bölüşdürüləcək şirkətin qeydiyyata alınması planlaşdırılır. Eyni zamanda, bu, ABŞ-nin regional təhlükəsizlik məsələlərində iştirakını nəzərdə tutmur - İranın bu narahatlığı aradan qaldırılıb”, - o bildirilib. Kostanyan qeyd edib ki, avqustun 13-14-də İranda keçirdiyi danışıqlarda Tehranın ABŞ-nin rolu ilə bağlı narahatlığı müzakirə olunub. “Bura Ermənistan İranın mövqeyini nəzərə aldığı mesajı ilə gəlmişdim və bu həssas məqamlar “Tramp marşrutu” nəqliyyat əlaqəsi layihəsi üzrə ilkin danışıqlar zamanı nəzərə alınıb”, - nazir müavini əlavə edib.

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:  1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 8. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 9. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 10. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 11. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Qazaxda meşəlik ərazidə yanğın başladı: İki helikopter cəlb olundu

Qazaxda meşəlik ərazidə yanğın başlayıb. Sozcu.az xəbər verir ki, rayonun Xanlıqlar kəndi ərazisində böyük sahəni əhatə edən ərazidə yanğın qeydə alınıb. Sakinlərin sözlərinə görə, yanğın Cəfərli kəndi ərazisində başlayıb, sonradan Xanlıqlar kəndinə keçib.  Hazırda əraziyə iki helikopter cəlb olunub. Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir./Oxu.az

“Azərbaycana qoşun yeridək” – Rusiyadan Azərbaycana təhdid

Rusiya Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnik Azərbaycanı və hökumətini hədəf alan sərt və etikadan uzaq açıqlama verib. Sozcu.az musavat-a istinadən xəbər verir ki, O, dövlət rəhbərliyinin ünvanına təhqirlər yağdırıb. Kolesnik Bakının Ukraynaya 2 milyon dollarlıq yardım göndərməsi fonunda Rusiyanın “istənilən vaxt bölgəyə qoşun yeridə biləcəyini” söyləyib. Digər deputat Andrey Quruylev isə bundan da irəli gedərək, Moskvadan Azərbaycana qarşı iqtisadi sanksiya — “import qadağası” və Rusiyadakı azərbaycanlı sahibkarlara qarşı “təzyiqlər” çağırışı edib.