Şəhriyarın anım gününün keçirilməsinə icazə verilmədi

İran hökumətinin yerli icraçıları sentyabrın 18-də Məhəmməd Hüseyn Behcət Təbrizinin (Şəhriyar) ildönümü münasibətilə keçirilməsi planlaşdırılan anım mərasiminə icazə verməyiblər. Sozcu.az xəbər verir ki, bu haqda Təbrizin "Azərəncümən" nəşri məlumat yayıb. Bildirilib ki, Şəhriyarın ata yurdu Xoşkənab kəndində keçirilməsi nəzərdə tutulan tədbir ləğv edilib, şairin ata evinin qapıları bağlanıb və qonaqların ziyarətininin qarşısı alınıb. Tədbir təşkilatçıları və mədəniyyət xadimlərinin tədbirin qarşısının alınmasının səbəbləri barədə əlaqədar dövlət qurumlarına ünvanladıqları müraciət cavabsız qalıb. Qeyd edək ki, bununla eyni vaxtda İranın müxtəlif şəhərləri ilə yanaşı Təbrizdə də “Fars dili və ədəbiyyatı günü” ilə bağlı təntənəli mərasimlər keçirilib. Xatırladaq ki, İran Ali Mədəni İnqilab Şurası 18 sentyabrı (27 şəhrivər) Şəhriyarın ölüm günü münasibətilə İranda "Fars dili və ədəbiyyatı günü" elan edib.

AB Rusiyaya qarşı 19-cu sanksiya paketini elan etdi

15:27 Avropa Komissiyası Rusiyaya qarşı yeni 19-cu sanksiyalar paketini təsdiqləyib. Sozcu.az xəbər verir ki, Avropa Komissiyasının lideri Ursula fon der Leyen 19-cu sanksiya paketinin əsas məqamlarını açıqlayıb. Yeni tədbirlər çərçivəsində: - Rusiyanın LNG idxalı AB bazarlarına qadağan ediləcək; - “Kölgə donanmasına” aid 118 gəmi sanksiya siyahısına əlavə olunacaq (ümumi 560 gəmi); - “Rosneft” və “Qazpromneft” şirkətləri tam əməliyyat qadağasına məruz qalacaq; - Üçüncü ölkələrdəki neftayırma, neft treyderləri və neft-kimya şirkətləri, o cümlədən Çindəki qurumlar da hədəf alınacaq; - Rusiya və üçüncü ölkələrin əlavə banklarına əməliyyat qadağası tətbiq edəcək; - Kripto platformaları və kriptovalyuta əməliyyatları sanksiyalara daxil ediləcək; - Xüsusi iqtisadi zonalardakı şirkətlərlə əməliyyatlar məhdudlaşdırılacaq; - Hərbi sahədə istifadə olunan texnologiyalara ixrac qadağaları gətiriləcək, 45 şirkət sanksiya siyahısına salınacaq.

Nazirli əhaliyə müraciət etdi - Peyvənddə iştirak edin

“Havaların soyuması ilə əlaqədar hava-damcı üsulu ilə ötürülən virus infeksiyalarının yayılmasında artımlarım olması epidemioloji qanunauyğunluq olaraq hər il təkrarlanır. Hazırda, hələ ki, epidemioloji durum sabit olaraq qalır, keçən illə müqayisədə yoluxma sayında artımlar qeyd olunmur”. Sozcu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, sentyabr-oktyabr aylarında risk qruplarına daxil olan insanları birinci növbədə peyvənd olunmağı israrla tövsiyə edilir: “Əhali arasında respirator və ümumi əlamətlərlə müşayiət edilən hallar müxtəlif kəskin respirator viruslar tərəfindən törədilir. Bu tip infeksiyalar arasında daha çox fəsadlaşa bilən qrip infeksiyasıdır ki, buna qarşı sentyabr-oktyabr aylarında risk qruplarına daxil olan insanları birinci növbədə peyvənd olunmağı israrla tövsiyə edirik”. Təyyar Eyvazov qeyd edib ki, bundan başqa xəstələnmiş insanların aktiv aşkarı və kollektivdən müvəqqəti kənarlaşdırılması, otaqların tez-tez havalandırılması, qapalı məkanlarda toplaşmış insanlar arasında xəstələnmə halları olduqda maskadan istifadə, əl gigiyenasına riayət olunması, sağlam həyat tərzi, düzgün qidalanma və açıq havada fiziki aktivliyi gözləməklə immuniteti yüksək səviyyədə saxlamaq, habelə dəyişkən havalarda düzgün geyim seçimi etmək yoluxma hallarının azalması üçün önəm daşıyır. (Mənbə APA)

Trampla Szinpin arasında telefon danışığı baş tutdu

Çin lideri Si Szinpin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Çinin yerli mətbuatı məlumat yayıb. Danışıqların təfərrüfatı hələlik məlum deyil.

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq...

Sentyabrın 21-i səhərədək ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Gəncə, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Daşkəsən, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Neftçala, Yevlax, Mingəçevir, Bərdə, Tərtər, Neftçala, Ağcabədidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək. Sarı xəbərdarlığa uyğun olaraq isə əksər rayonlarda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

ABŞ-nin yəhudi senatoru İsrailin Qəzzada törətdiklərini “soyqırımı” adlandırdı

ABŞ-nin yəhudi senatoru Berni Sanders İsrailin Qəzzada törətdiyi qətliamları ilk dəfə olaraq “soyqırımı” adlandırıb. Sozcu.az xəbər verir ki, İsrailin Qəzzada törətdiyi cinayətlərə qarşı çıxması ilə tanınan, lakin indiyədək “soyqırımı” ifadəsini işlətməkdən çəkinən senator ilk dəfə olaraq yazılı açıqlamasında mövqeyini dəyişib. ABŞ senatoru açıqlamasında təxminən 65 min fələstinlinin İsrail tərəfindən öldürüldüyünü, bunların ən azı 18 mininin uşaq olduğunu qeyd edib. “İki il ərzində İsrailin Baş naziri Benyamin Netanyahunun ifrat sağçı hökuməti Qəzzaya icazə verilən humanitar yardımın miqdarını ciddi şəkildə məhdudlaşdırıb və Birləşmiş Millətlər Təşkilatı, həmçinin digər yardım qrupları üçün hər cür maneə yaradıb”, - deyə Sanders bildirib. O, İsrail ordusunun xeyli sayda mətbuat nümayəndəsini qətlə yetirdiyini də vurğulayıb. “Niyyət aydındır. Nəticə qaçılmazdır: İsrail Qəzzada soyqırımı törədir”, - deyə Sanders əlavə edib. Müstəqil Vermont senatoru, həmçinin ABŞ Prezidenti Donald Tramp administrasiyasını İsrailin Baş naziri Binyamin Netanyahunun etnik təmizləmə siyasətini dəstəklədiyinə görə tənqid edib. Digər tərəfdən, Sanders Trampın qonşu ölkələrə könüllü Fələstin miqrasiyasını təşviq etdiyini qeyd edib.

Trampın oğlu Türkiyəyə gəldi: Ərdoğanla gizli görüş…

Kiçik Donald Tramp ötən həftə İstanbulda Dolmabağça sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl deyib. “Middle East Eye” nəşri də ABŞ prezidentinin oğlunun Ərdoğanla görüşdüyünü bildirib. Kiçik Donald Trampın bir neçə iş adamı ilə birlikdə Türkiyəyə səfər etdiyi qeyd edilib.

Belçika parlamenti azərbaycanlı alimə görə İran səfirini çağırdı

Belçika parlamentinin Xarici siyasət komitəsi İran səfirini həbsdə olan Azərbaycan əsilli İran-İsveç vətəndaşı olan tədqiqatçı Əhmədrza Cəlalinin vəziyyəti ilə bağlı izahat vermək üçün parlamentə çağırıb. Sozcu.az xəbər verir ki, bu haqda Cəlalinin həyat yoldaşı Vida Mehranniya məlumat yayıb. “Parlament və komitə rəhbərləri bildiriblər ki, üç ay səssizlikdən, alimin harada saxlanılması barədə məlumatsızlıqdan sonra Əhmədrza Cəlali ilə bağlı narahatlıqlar həmişəkindən daha çox artıb”,- o bildirib. Xatırladaq ki, İsrail hərbi hava qüvvələri iyunun 23-də Tehranın Evin həbsxanasına zərbə endirdikdən sonra Əhmədrza Cəlali və çox sayda başqa məhbus digər həbsxanalara köçürülüb. O gündən bu yana azərbaycanlı alimin harada saxlanılması və sağlıq durumu ilə məlumat əldə etmək mümkün olmayıb. Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Cəlali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib. 2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi “İsrailə casusluq” ittihamına görə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Rusiyanın əhalisi kəskin azalacaq

XXI əsrin sonunda Rusiya əhalisi demək olar ki, yarıya qədər azalaraq 81 milyon nəfərə, miqrantlarsız isə 68 milyon nəfərə düşə bilər. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın “Daha dəqiq olsaq” layihəsinin araşdırmasında qeyd olunub. Məlumata görə, miqrasiya əhalinin azalmasının qarşısını alan əsas amil olaraq qalır. Bunsuz Moskva şəhəri və vilayəti 2,5 dəfə, Sankt-Peterburq isə iki dəfədən çox insan itirərdi. Qeyd olunub ki, 2100-cü ilə qədər rusların dörddə biri 65 yaşdan yuxarı olacaq və uşaqların nisbəti 13%-ə qədər azalacaq.

Məktəbə gedən bacı-qardaşı maşın vurub öldürdü

Lənkəranda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Şovu kəndində qeydə alınıb. Belə ki, "Mersedes" markalı avtomobil məktəbə gedən Gülay Əlizadə və onun qardaşı Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Meyitlər aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Rusiyada hicabı qadağan etmək lazımdır - Boroday

Rusiyada ictimai yerlərdə hicab və niqab taxmağı qadağan etmək lazımdır. Niqab taxan miqrantların ailələri Rusiyadan yenidən ölkəyə giriş imkanı olmadan çıxarılmalıdır. Sozcu.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksandr Boroday deyib. "Bu tədbir vətəndaşlar arasında məyusluq və qorxu səviyyəsini azaltmaq üçün lazımdır. Ölkəmizdə müsəlman paltarı geyinməyi qadağan edən qanun yoxdur. Amma ən azı niqablara qəti qadağa tətbiq etməyin vaxtı çatıb", - o bildirib.

İranın Azərbaycandakı səfiri: "Sərhədlərin açılması ilə bağlı danışıqlar aparılır"

Sentyabrın 18-də Ərdəbilə səfər edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verib. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir. Səfir bildirib ki, Ərdəbil əyalətinin rəsmiləri ilə keçirilən görüşlərdə iqtisadi əlaqələrin genişləndirilməsi, o cümlədən dəmiryolu, sərhəd bazarları və müştərək iqtisadi zonaların yaradılması kimi layihələr müzakirə olunub. Kənd təsərrüfatı məhsullarının ixracı, tranziti və daşınması da diqqət mərkəzində olub. "Ümid edirik ki, prezidentlər səviyyəsində razılaşdırılmış əməkdaşlıq davam etdiriləcək və Ərdəbil iki ölkə arasında dostluğun inkişafında daha aktiv rol oynayacaq", - deyə Dəmirçilu vurğulayıb. Danışıqlarda ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd-buraxılış məntəqələrinin fəaliyyətinin bərpası və iki ölkə arasında nəqliyyat axınının bərpasıdır. Səfir bu məsələnin hər iki xalq üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. "Sərhəd daşımaları və sərhədi keçmək üçün əlverişli şərait hər iki ölkənin vətəndaşlarının rifahı üçün vacibdir. Sərhədlərin açılması və hərəkətin sadələşdirilməsi İran və Azərbaycan arasında münasibətlərin normallaşmasına və daha da möhkəmlənməsinə səbəb olacaq", - deyə Müctəba Dəmirçilu qeyd edib.

Bəzi direktorların yenidən qiymətləndirilməsi mütləq tələb olmayacaq

Şagird sayı 500-ə qədər olan müəssisələrdə fəaliyyət göstərən direktorların MİQ, sertifikasiya və ya diaqnostik qiymətləndirilməsi 70 faiz və daha yüksəkdirsə, fəaliyyətlərini davam etdirə biləcəklər. Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin imtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli deyib. “Şagird sayı 500-dən çox olan məktəblərdə isə direktorların göstəricisi 85 faizdən yuxarıdırsa, elə həmin məktəbdə direktor olaraq qalacaqlar. Onların hazırda idarəetmə prosesində çalışdığı nəzərə alınaraq yenidən qiymətləndirilməsi mütləq tələb olaraq göstərilməyəcək”, - o bildirib.

"Həkimlə söhbətdən sonra xəstə özünü gümrah hiss etməlidir" - Könül Alıyeva

Bu sözləri kardioloq həkim Könül Alıyeva müxbirimizə deyib. Həkim kardioloq Könül Alıyevanı "ŞIX" sanatoriyasında müalicə olunarkan tanıdım, onun xəstələrə diqqət və qayğı ilə yanaşmasının şahidi oldum. Bundan sonra həkim-kardioloq Könül Alıyeva həkimlik fəaliyyətilə daha yaxından maraqlandım. Həkimin müalucə etdiyi xəstələrlə söhbət edərkən məlum oldu ki, Könül həkim-kardioloq kimi ona müraciət edən xəstələrə diqqət və qayğı ilə yanaşır. O, ürəyindən şikayət edən xəstələri ətraflı müayinə edir, onlara hərtərəfli yardım edir, bəzi hallarda ürəyində ciddi qüsur olan xəstələrə "ŞIX" sanatoriyasında ağır presedurlar qəbul etmələrinə imkan vermir. Həkim-kardioloq Könül Alıyevanın bir neçə xəstəsi arasında apardığımız anonim sorğuya görə, həkim heç bir xəstəyə təmannalı münasibət bəsləmir, qazilərə, müharibə veteranlarına, şəhid ailələrinə daim diqqət, qayğı ilə yanaşır. Covid-19 pandemiyasının tüğyan etdiyi dövlərdə həkim-kardioloq Könül Alıyeva həkim kimi üzərinə düşən işin öhdəsindən layiqincə gəlmiş, ağır vəziyyətdə müraciət edən xəstələrin şəfa tapmasına və həyata qaytarılmasına kömək edib. Hazırda dərmanların, o cümlədən ürək-damar xəstəlikləri dərmanlarının təminatı ilə bağlı xəstələr, xəstə sahibləri şikayət edir, dərmanların bahalığından və keyfiyyətsizliyindən gileylənirlər. Könül həkim ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrin bu şikayət və gileylərini nəzərə alan azsaylı həkimlərdən biri hesab olunur. Tibb üzrə fəlsəfə doktoru Könül Rafıq qızı Alıyeva 28 mart 1982-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2006-cı ildə Azərbaycan Tıbb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub və universiteti bitirdikdən sonra akademik Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutunda kiçik laborant vəzifəsinə təyinat alıb. 2019-cu ildən indiyədək akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda baş laborant vəzifəsində çalışır. Elmi-Tədqiqat Bərpa İnstitunda ixtisaslaşma kursu keçib. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İstitutunda “elektro-kardioqrafiya” (EKQ) tsikli üzrə ixtisaslaşma kursu keçib. 2017-ci il Ankara şəhərində Qazi Universitetinin Tibb Fakultəsində rotasiya keçib. Könül Alıyeva 18 ildir ki, Elmi-Tədqiqat Kardiologiya İnstitunda həkim-kardioloq vəzifəsində çalışır. Bununla yanaşı, 2016-cı ildən "ŞİX" Artroloji Sanatoriyasında həkim-kardioloq vəzifəsində işləyir. “Xroniki ürək çatışmazlığı olan xəstələrin furosemid və torasemid ilə müalicəsi zamanı ürək ritminin dəyişkənliyi və qanın elektrolit tərkibinin müqayisəli öyrənilməsi” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdaifə edib, alimdir. Könül xanım apardığı tədqiqatlar üzrə 20-dən çox elmi işin müəllifidir. Bir çox yerli və xarici konfranlarda elmi məruzələrlər çıxış edib. Avropa Kardioloqlar Cəmiyyətinin üzvüdür. Ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr sağalıb, şəfa tapmaq üçün Könül Alıyevaya müraciət edə bilərlər. Həkim- kardioloqa müraciət edən xəstələrin tezliklə sağalacağına və sağlamlığına qovuşacağına şübhə etmirəm. Abbas

Aeroportda "Bakı Taksi Xidməti"nin MONOPOLİYA dövrü başladı, qiymətlər KƏLLƏ-ÇARXA qalxdı

Artıq Hava limanında dövlətə məxsus taksi şirkətinin – “Bakı Taksi Xidməti”-nin hökmranlığı prosesi uğurla başa çatıb. Digər taksilər, özəl sektora məxsus olanlar Aeroport ərazisindən şəhərə sərnişin apara bilməyəcəklər. Dövlət taksiləri üçün tarifləri də təsdiqləyiblər . Əvvəlki 10-15 manatlıq gediş haqqı indi dövlət taksilərilə şəhər ərazisinədək məsafədən asılı olaraq 25-30 manat müəyyən edilib. Azərbaycan Hava Yolları öz açıqlamasında bu addımı, müvafiq təlim keçməyən taksi sürücülərinin olmasının, hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsinin onun işgüzar nüfuzuna mənfi təsir göstərməsilə izah edib. Düşünürəm ki, rəqabətə tab gətirməyən bir dövlət şirkətinə süni vasitələrlə üstün hüquqlar, hökmran mövqe verilməsi yolverilməzdir. Taksi bazarında vətəndaşların qanuni mənafelərinin və hüquqlarının pozulmasına gətirib çıxaran və rəqabətsiz mühitin formalaşmasına səbəb olan hərəkətlər Rəqabət Məcəlləsinin tələblərinə ziddir. Həm Azərbaycan Hava Yolları, həm də “Bakı Taksi Xidməti” şirkəti AZCON Holdinq tərkibinə daxildir. Biz AZCON Holdinqdən gözləyirdik ki, Aztelecom-a təsir edərək minimal internet qiymətlərini dəyişdirəcək və heç olmasa regionlar üçün seçim imkanları yaradacaq. Amma bu gözləntinin əvəzinə AZCON özünün bir qurumu vasitəsilə digər qurumuna - – “Bakı Taksi Xidməti”nə biznes üçün üstün şərait yaradıb və ona bazarda hökmran mövqe qazandırıb. Görünən budur ki, AZCON öz tərkibində olan dövlət şirkətlərinin bazarda üstün , hökmran mövqe tutmasında maraqlıdır. Aeroport rəhbərliyi digər özəl taksi şirkətlərindən istifadə üçün, onlara sifariş vermək üçün Aeroport ərazisində heç bir xüsusi yer müəyyən etməyib. Ümid edirəm Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də baş verənlərin fərqindədir. Osman Gündüz

Fırtına yaxınlaşır: Sarı və narıncı xəbərdarlıq verildi!

Sentyabrın 19-dan 21-i səhərədək ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sarı xəbərdarlığa uyğun olaraq, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər rayonlarda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Narıncı xəbərdarlığa uyğun olaraq isə Naxçıvan MR, Kəlbəcər, Gəncə, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Daşkəsən, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Neftçala, Yevlax, Mingəçevir, Bərdə, Tərtər, Neftçala, Ağcabədidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bu yolla övladlarını evləndirməyə çalışanlar qanunu pozmuş sayılacaq - XƏBƏRDARLIQ

Ölkəmizdə bu ildən qohum evlilikləri rəsmən qadağan olunub. Lakin bəzi ailələr bu qaydanı yan keçməyin yollarını axtarır. Məsələn, övladını yaxın qohumla evləndirmək istəyən valideynlər “övladlıqdan imtina etdikdə bunun mümkün olub-olmayacağını” düşünürlər. Amma belə halda bu nikah yenə də qayda pozuntusu sayılmırmı? Qanun bu barədə nə deyir? Mövzunu “Yeni Sabah”a şərh edən hüquqşünas Ramil Vəliyev bir sıra məqamlara toxunub: “2025-ci ildən etibarən Azərbaycanda birinci dərəcəli qohumlar arasında nikah qadağan olunub. Bu qərar genetik risklərin, irsi xəstəliklərin qarşısını almaq, həmçinin cəmiyyətin sağlam inkişafını təmin etmək məqsədi daşıyır. Yeni ailə qanunvericiliyi artıq yalnız formal deyil, həm də faktiki qohumluq bağlarını nəzərə alır.  “Övladlıqdan imtina” ilə məhdudiyyəti yan keçmək mümkündürmü? Bəzi ailələrdə belə bir fikir var: övladlığa götürülən uşaqdan və ya doğma övladdan rəsmi sənədlə imtina edildikdə, sonradan onunla nikaha daxil olmaq hüquqi baxımdan mümkün ola bilər”. Müsahibimiz vurğulayıb ki, lakin qanunvericilikdə qohumluq faktı yalnız hüquqi sənədlə deyil, qan bağı ilə müəyyən olunur: “Yəni valideynin övladlıqdan imtina etməsi həmin şəxslərin bioloji qohumluğunu aradan qaldırmır. Hüquqi qeyd ləğv olunsa da, qan qohumluğu qalır və bu səbəbdən belə nikah yenə də qadağandır. Ailə Məcəlləsi qohum evliliklərini açıq şəkildə qadağan edir və bu zaman qohumluğun həm hüquqi, həm də bioloji əsasları nəzərə alınır. Məhkəmə təcrübəsi və beynəlxalq hüquq da göstərir ki, övladlıqdan imtina vasitəsilə bu qadağanı yan keçmək mümkün deyil. Bundan əlavə, belə bir addım cəmiyyətin mənəvi dəyərlərinə ziddir və etik baxımdan da qəbul edilmir. Övladlıqdan imtina yolu ilə qohum evliliyinə şərait yaratmaq hüquqi cəhətdən mümkün deyil və belə cəhdlər qanunun pozulması sayılacaq. Dövlət bu sahədə nəzarəti gücləndirir və qanunun tətbiqinə xüsusi diqqət yetirilir”.

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum

Gürcüstanın Şida Kartli bölgəsinin Kareli rayonunda Azərbaycanın SOCAR şirkətinə məxsus avtomobilə silahlı hücum olub. Sozcu.az xəbər verir ki, hadisə hakim “Gürcü arzusu” partiyasının ofisinin yaxınlığında qeydə alınıb. İlkin məlumatlara əsasən, insident zamanı xəsarət alan olmayıb. Detallar məlum deyil. Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı istintaqa başladığını açıqlayıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı bir nəfəri saxlayıblar. (Mənbə: Report)

40 min rəsmi narkoman – Azərbaycanda vəziyyət kritik həddə çatdı

“Necə ola bilər ki, illərlə buna qarşı mübarizə gedir, amma effektiv nəticə yoxdur. Əksinə, azalmır çoxalır. Demək metodoloji yanaşmanı dəyişmək lazımdır. Həm hüquq-mühafizə orqanları səviyyəsində, həm də cəmiyyətdə aparılan işlərlə. Bir yanaşma ki effekt vermir, demək dəyişməlidir. Hesab edirəm ki, hər iki istiqamətdə ciddi tədbirlər görmək lazımdır”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. O bildirib ki, Azərbaycanda narkomaniyanın geniş formada yayılmasının bir çox səbəbləri var: “Bu çox ciddi mövzudur. Azərbaycanda narkomaniyanın bu şəkildə yayılmasının bir çox səbəbləri var. Birinci səbəb odur ki, Azərbaycan elə ölkələrin arasında yerləşir ki, həmin dövlətlərdə narkomaniya çox yüksək səviyyədə yayılıb. Hətta İranın narkomaniya ilə mübarizə idarəsinin rəisi özü etiraf edir ki, rəsmi qeydiyyatdan keçən 3 milyona yaxın narkoktik istifadəçisi var. Oxşar vəziyyət, Rusiya, Türkiyə və Gürcüstanda da var. İkinci səbəb odur ki, Azərbaycan vaxtilə işğal altında olan və digər bölgələrində narkotik əkib-becərilməsi ilə bağlı faktlarla tez-tez qarşılaşırıq. Digər mühüm məqam ondan ibarətdir ki, biz narkomaniyaya qarşı daha effektiv üsul tətbiq etməliyik. Necə ola bilər ki, illərlə buna qarşı mübarizə gedir, amma effektiv nəticə yoxdur. Əksinə, azalmır çoxalır. Demək metodoloji yanaşmanı dəyişmək lazımdır. Həm hüquq-mühafizə orqanları səviyyəsində, həm də cəmiyyətdə aparılan işlərlə. Bir yanaşma ki effekt vermir, demək dəyişməlidir. Hesab edirəm ki, hər iki istiqamətdə ciddi tədbirlər görmək lazımdır”.   Sosiloloq qeyd edib ki, narkomaniyaya qarşı mübarizədə valideynlərin və məktəblərin üzərinə ciddi məsuliyyət düşür: “Narkomaniya asılılığı qlobal bir problemdir. “Ağ ölüm” adlandırılan bu bəla bütün ölkələri narahat edir. Azərbaycanın xüsusən sərhəd rayonlarında bu geniş yayılıb. Şübhəsiz ki, paytaxtda da belədir. Ən pisi də odur ki, narkomaniyanın yeni-yeni formaları ortaya çıxır. Xüsusən də gənclər və yeniyetmələr arasında daha çox yayılır. Deməli valideynlər uşaqlar və gənclər üzərində nəzarət sistemini gücləndirməlidir. İkinci növbədə isə məktəbdə şagirdlərlə aidiyyəti şəxslər mütəmadi olaraq işləməlidir. Əgər biz kooperativ sosial məsuliyyəti başa düşərək, bu istiqamətdə ciddi işlər görsək, effektiv nəticələr əldə edə bilərik. Amma görünür ki, narkomaniya ilə mübarizədə biraz pərakəndəlik var. Narkomaniya nəinki indiki, gələcək nəsilləri də təhdid edir”. Qeyd edək ki, Azərbaycanda rəsmi qeydiyyatda olan narkomanların sayı açıqlanıb. Rəsmi rəqəmlərə əsasən, ölkədə 40 490 nəfər “rəsmi” narkoman var.

Rus ordusu darmadağın: 32879 ədəd artilleriya sistemi məhv edilib

Ukrayna müharibənin 1303-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 098 380 hərbçi, 11 191 ədəd tank, 23 277 ədəd zirehli döyüş maşını, 32 879 ədəd artilleriya sistemi, 1 491 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 217 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 341 ədəd helikopter, 62 000 ədəd avtomobil texnikası, 60 469 ədəd PUA, 3 718 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 965 xüsusi avadanlıq itirib.

Bakıda qənd sexində döşəmə çökdü: ölən var

Bakıda qənd istehsal olunan sexdə faciəli hadisə yaşanıb. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Binəqədi qəsəbəsinin ərazisində yerləşən qənd sexində taxta döşəmə çöküb. Nəticədə orada xadimə işləyən, Bakı şəhər sakini 62 yaşlı Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı

Niderlanda Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana könüllü köçmüş ermənilərin bu ölkədə “mənzillə təmin olunması üçün” 14 milyon avro ayıracaq. Sozcu.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Niderland xarici işlər naziri Devid van Vil Ermənistandan olan həmkarı Ararat Mirzoyanla görüşünün nəticələrinə istinadla məlumat verib. Nazir maliyyənin Qlobal Güzəştli Maliyyə Fondu vasitəsilə ayrılacağını bildirib.

Hacıqabulda 9 yaşlı uşaq faciəvi şəkildə öldü

Hacıqabulda yük avtomobili velosiped sürən 9 yaşlı uşağı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Atbulaq kənd sakini, 2016-cı il təvəllüdlü M.V velosipedlə hərəkətdə olarkən onu yük avtomobili vurub. Azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Almaniya xəbərdarlıq etdi: İranı təcili tərk edin

Almaniya hökuməti İranda olan vətəndaşlarına müraciət edərək onları təcili şəkildə oranı tərk etməyə çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Uçuşların ləğv oluna biləcəyi üçün vətəndaşların təcili olaraq quru yola İrandan çıxmaları tövsiyə olunub.