Rus ordusu darmadağın: 31 406 ədəd artilleriya sistemi məhv edilib

Ukrayna müharibənin 1266-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 065 220 hərbçi, 11 098 ədəd tank, 23 119 ədəd zirehli döyüş maşını, 31 406 ədəd artilleriya sistemi, 1 464 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 205 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 58 219 ədəd avtomobil texnikası, 50 753 ədəd PUA, 3 556 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 937 xüsusi avadanlıq itirib.

Bulvara giriş bağlandı: Bildirişlər göndərilir

Sosial şəbəkələrdə bu gündən etibarən bulvar ərazisində müvəqqəti məhdudiyyətlər tətbiq ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Sozcu.az-ın Operativ Media-ya istinadən məlumatına görə, bu barədə ölkədə fəaliyyət göstərən bəzi skuter tətbiqləri vətəndaşlara bildiriş göndərib. Məlumata görə, Formula 1 yarışları başlamazdan bir neçə gün əvvəl bulvar ərazisində müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Bu zaman isə Dənizkənarı Bulvar İdarəsi tərəfindən əhaliyə əvvəlcədən məlumat verilir. 

Kəlbəcərdə ağır qəza: ölən var

09:07 Kəlbəcər rayonunda yük avtomobilinin dərədən aşması nəticəsində bir nəfər ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Qılınclı kəndində qeydə alınıb. İlkin məlumata görə, vəfat edən avtomobilin sürücüsü olub. Faktla bağlı araşdırma başlanılıb. *** Kəlbəcərdə yol-nəqliyyat hadisəsi nəticəsində ölən sürücünün kimliyi məlum olub. Məlumata görə, Kəlbəcərdə yük maşınının dərəyə aşması nəticəsində aldığı xəsarətdən ölən sürücü, 1967-ci il təvəllüdlü Söhrab Süleymanovdur. Faktla bağlı araşdırma aparılır.

52 yaşlı kişi evində faciəvi şəkildə öldü

Qubada kişi yanıq xəsarətlərindən ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Paşaoba kəndində baş verib. Belə ki, 1973-cü il təvəllüdlü Telman Əhmədov özünə məxsus yaşayış evinin mətbəxində baş vermiş yanğın nəticəsində ölüb. Faktla bağlı araşdırma başlanılıb.

Ukraynanın PUA hücumu: Rusiyada yeganə zavod vuruldu

Ukraynaya məxsus PUA-lar Orenburq şəhərində Rusiyanın raketlər üçün helium istehsal edən zavoda hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, yerli sakinlər ard-arda partlayışlar barədə məlumat veriblər, Perevolotski və Xolodniy Kluçey rayonlarındakı magistral yol bağlanıb. Bildirilib ki, Orenburq helium zavodu illik 15 milyard kub metr qaz hasil edir və burada raket, kosmik və aviasiya sahəsi üçün heliumlar istehsal olunur. Zavod Rusiyada yeganədir.

“Rusiya bir gündə bayquş vəziyyətinə düşə bilər”

“Rusiya bir gündə bayquş vəziyyətinə düşə bilər” Bu sözləri "Yeni Sabah"a hərbi ekspert Üzeyir Cəfərov bildirib. O,  rəsmi Bakının Ukraynaya silah-sursat tədarükünə qoyulmuş embarqonu ləğv edə biləcəyinə dair iddialara münasibət bildirib. Xatırladaq ki, bu barədə etibarlı mənbələrə istinadla caliber.az məlumat yayıb. “Azərbaycan Ukraynaya lazım olan hər şeyi edib, edir və edəcək. Buna heç kimin şübhəsi olmasın. Azərbaycanın Ukrayna ilə hər bir sahədə sıx əlaqələri var və bunu hamı bilir. Bu gün Azərbaycanın verə biləcəyi silahlardan qat-qat güclü silahları Ukrayna Qərbdən alır. Müdafiə sənayesi xətti ilə bəzi silahlar istehsal olunur, onları da Ukrayna yetərincə haradan lazımdırsa, alır”, - deyə Üzeyir Cəfərov vurğulayıb. Ekspertin sözlərinə görə, bəzi məlumatların paylaşılması bəzən Azərbaycana qarşı istifadə olunur: “Bəzi yaramazlar bu xəbərlərdən istifadə edib Rusiyada Zatulin kimiləri cuşa gətirdir, onlar da Azərbaycana ittihamlar yağdırır. Ukraynaya hansı silah lazımdır?! Onsuz da Ukrayna 44 günlük müharibəni öyrənən ilk ölkələrdən biridir. Ukraynanın hazırkı ehtiyacı elektrik avadanlıqlarıdır. Rusiya bu infrastrukturu vəhşicəsinə dağıdır. Hazırda Ukraynaya kommunikasiya xətləri, generatorlar, borular və s. lazımdır. Azərbaycan da bu istiqamətdə dəstək verir. Rusiya bu məsələdə Azərbaycana irad tuta bilməz. Azərbaycana uzadılan dil, əslində, Türkiyəyə, Pakistana, İsrailə uzadılmış dildir. Rusiya bir gündə bayquş vəziyyətinə düşə bilər”. Hərbi ekspert əlavə edib ki, Ukraynanın taleyini yalnız Ukrayna xalqı və rəhbərliyi həll edə bilər: “Trampın Putin sevgisi olsa belə, bu, Putinin gücünə görə deyil ki, Ukraynanın hər hansı bir torpağını rəsmiləşdirsin. Ukrayna bir qarış ərazisini belə Rusiyaya verməz!”

Azərbaycan İrəvana səfir TƏYİN EDƏCƏK

Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələr qurulacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişdə bildirilib. “Tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra ______ gün ərzində öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin) müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar”, - deyə Sazişin V maddəsində bildirilib.

Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Avqustun 12-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Ağdaş, Ağsu, Ağdaş, Ağdam, Ağdərə, Ağcabədi, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl, Şəmkir, Şəki, Balakən, Qax, Zaqatala, Göyçay, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Xızı, Qobustan, Cəlilabad, Biləsuvar, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Şirvan, Salyan, Neftçala, Saatlıda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

DSX-nın əsgəri cibinə məktub qoyub, özünü güllələdi - Baş leytenant incidirmiş

Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməyinin təfərrüatı məlum olub. Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, əsgərin cibindən çıxan məktubda yazılırmış: “Anam, atam, məni bağışlayın. Mən demişdim ki, bu insana dözə bilmirəm. Allaha əmanət olun. Sizi çox sevirəm. Haqqınızı halal edin. Bəkiyev”. İstintaqla müəyyən edilib ki, Bəkiyev zastava rəisi, baş leytenant Tofiq Məmmədovun qanunsuz əməlləri nəticəsində canına qəsd edib. Baş leytenant barəsində açılan cinayət işi zamanı müəyyən edilib ki, təkcə Bəkiyev yox, bir neçə əsgər zabitin qanunsuz hərəkətlərinin qurbanı olub. Belə ki, əsgərlər arasında soyuq su içən, əlindən qələm düşən, sıra baxışında kiçik də olsa, səhv edən əsgərlər baş leytenant tərəfindən döyülüb, təzyiqlərə məruz qalıb. Bəkiyev xidmətdə olan zaman baş leytenant tərəfindən çoxsaylı təzyiqlərə məruz qalıb. Komandir yol verdiyi hər xırda nöqsana görə mütəmadi olaraq onun ünvanına nalayiq ifadələr işlədib, ləyaqətini alçaldıb, amansız rəftar edib. Əsgərin yazdığı məktubdan belə başa düşülür ki, ailəsinə bu barədə əvvəllər də məlumat veribmiş. Mərhum intiharında bir gün əvvəl komandir tərəfindən sıra önünə çıxarılıb. Bəkiyev yol verdiyi nöqsanlara görə komandir tərəfindən təhqirlərə məruz qalıb, şəxsiyyəti alçaldılıb. Səbəb kimi rabitə vasitələrinin üzlüklərinin olmamasını, icazəsiz yeməkxanaya getməsini əsas gətirən komandir onun ünvanına nalayiq ifadələr işlədib. Bununla kifayətlənməyən komandir Kənanın əsgər yoldaşının doğum günü şənliyini yarıda saxlayıb və tortun kəsilməsinə icazə verməyib. Həmçinin Bəkiyevin xidmətdə olduğu otaqdakı oturacağı da götürərək onu cəzalandırıb ki, xidmət zamanı ayaq üstə dayansın. Bütün bunlar Kənanın intihar qərarı verməsinə səbəb olub. Yazdığı məktubu cibinə qoyan əsgər zastava gözətçisi xidmətində olan yoldaşının yanına gedib. Əsgər yoldaşına silahı zastava rəisinin istədiyini deyərək ondan alıb. Bəkiyev götürdüyü silahla çənə nahiyəsindən bir dəfə atəş açmaqla həyatına son qoyub. Baş leytenanat məsuliyyətə cəlb edilərək həbs edilib. Onun barəsində 6 il 6 ay həbs cəzası təyin edilib. Təqsirləndirilən şəxsin şikayətləri təmin edilməyib və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

“Müştərilər aldadılır, mağaza qanunsuz yolla pul qazanır” – DİQQƏT!

Mağazadan yeni alınan bir paltarın əslində daha əvvəl geyinildiyini bilsəniz, nə edərdiniz? İstehlakçılar çox zaman vitrində gördükləri parıltılı libasların arxasında gizlənən hekayədən xəbərsiz olur. Bəzən həmin paltarlar toy, nişan, hətta başqa tədbirlərdə iştirak edib, sonra isə yenidən “yeni” kimi asılır. İstehlakçılar aldadılır, mağaza isə qanunsuz yolla qazanc əldə edir. Amma bəzən də vəziyyət tam əksinə olur — alıcılar istifadə etdikləri malı qaytarmaq üçün müxtəlif bəhanələrə əl atırlar. Bəs bu kimi halların qarşısı necə alınır? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Sabah”a analoji durumlarla bağlı açıqlama verib. O, məsələni belə şərh edib:  “Çox təəssüf ki, belə hallar barədə Azad İstehlakçılar Birliyinə tez-tez şikayətlər daxil olur. Məlumata görə, mal dükandan çıxarılandan, hətta 1 sutka keçdikdən sonra belə müəmmalı vəziyyətlər yaranır. Nadir hallarda alıcıların özlərinin də belə hallara yol verdiyi olur. Məsələn, çox qiymətli bir paltarı alan qadın israr edirdi ki, geyinməyib. Paltarın etiketi və digər detalları üzərində olsa da, ondan qoxu gəlirdi. Satıcı ilə uzun müzakirələrdən sonra mağaza müdiri həmin qadının iştirak etdiyi toy məclisinin görüntülərini əldə etdi və məlum oldu ki, paltar qadının əynində olub. Yəni, bəzən alıcılar malı istifadə edib, müəyyən bəhanələrlə geri qaytarmağa çalışırlar. Lakin əksər hallarda paltardan gələn qoxu satıcıların öz hərəkətlərindən qaynaqlanır. Onlar özlərinə lazım olan tədbirlərə mağazadakı libasları geyinir, sonra isə təmizləmədən vitrində satışa çıxarırlar. Nəticədə həmin paltar başqa istehlakçıya satılır”. Müsahibimiz qeyd edib ki, bu cür halların qarşısını almaq üçün mağaza rəhbərləri satıcılara ciddi nəzarət etməlidirlər: “İstehlakçılar isə malı almazdan əvvəl hər bir detalına diqqətlə baxmalı, tələsik qərar verməməlidirlər. Qanunvericiliyə görə, əgər malların etiketi üzərindədirsə və kassa çeki mövcuddursa, müştəri həmin malı 14 gün ərzində dəyişdirə və ya geri qaytara bilər”.

“Tələbələrin təqaüdü ən azı minimum əmək haqqı qədər olmalıdır”

"Tələbələrin təqaüdü ən azı minimum əmək haqqı qədər olmalıdır". Sozcu.az xəbər verir ki, bunu "Yeni Sabah" a təhsil eksperti Elşən Qafarov bildirib. O, ixtisasalr üzrə təhsil haqlarının artırılması barədə danışarkən qeyd edub:  "Azərbaycanın dövlət təhsil müəssisələrində təhsil haqlarını Nazirlər Kabineti müəyyən edir və hər bir ixtisas üzrə hazırlıq qiyməti dəqiqləşdirilir. Özəl təhsil müəssisələrində isə qiymətlər sərbəst şəkildə tətbiq olunur və hər hansı xüsusi məhdudiyyət yoxdur". E. Qafarovun sözlərinə görə, əgər 2025–2026-cı tədris ili üçün təhsil haqlarında artım nəzərdə tutulsaydı, bu, ən azı 6 ay öncə elan olunmalı idi: “Görünən odur ki, növbəti təhsil ili üçün təhsil haqlarında hər hansı artım gözlənilmir, ən azı bu tədris ili üçün. Keçən Prezidentin sərəncamı ilə bütün tələbələrin təqaüdlərində müvafiq artım edildi. Uzun müddətdir ki, təqaüdlərdə artım olmurdu. Növbəti artımın nə vaxt olacağı isə Prezidentin səlahiyyətində olan məsələdir”. Ekspert qeyd edib ki, hər il üçün təhsil büdcəsindən təhsil xərcləri hesablanır və Nazirlər Kabineti büdcəni adambaşına düşən maliyyə normativlərinə uyğun olaraq hazırlayır. Qiymətlərin artması da təhsil büdcəsinin artması ilə bağlıdır: “3 il əvvəlki təhsil büdcəsi ilə bugünkü büdcəni müqayisə etsək, görərik ki, büdcə təxminən 60% artıb. Təhsil büdcəsi artdıqca müvafiq ixtisaslar üzrə kadr hazırlığının qiyməti də artır. Amma bu o demək deyil ki, təhsil haqlarının artması müəyyən problemlər yaradır. Bir neçə il əvvəl ölkədə hər 100 nəfərdən 70-i pullu ixtisasalar üzrə oxuyurdusa, hazırda hər 100 nəfərdən 40-ı ödənişli təhsil alır”. Elşən Qafarov dünya üzrə inflyasiyanın, eləcə də Azərbaycanda illik 10–15% inflyasiyanın mövcud olduğunu bildirib: “Düşünürəm ki, hər il ən azı təqaüdlər inflyasiyaya uyğun olaraq artırılmalıdır. 3 ildən bir təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinə ciddi mənfi təsir göstərir. Ali təhsil müəssisələrinin kampus sisteminə keçməsi, yataqxana ilə təmin olunması, kirayə haqlarının Təhsil Tələbə Krediti Fonduna daxil edilməsi çox xoş olardı. Amma bu istiqamətdə inkişaf yoxdur. Elm və Təhsil Nazirliyinin fəaliyyətini görmürük, çünki faktiki olaraq fəaliyyət yoxdur”. Ekspert əlavə edib ki, ideal təqaüd anlayışı yoxdur və təqaüdün əsas məqsədi tələbənin minimum yaşayış xərclərini qarşılamaqdır: “Tələbələrimizin təqaüdü ən azı minimum əmək haqqı qədər olmalıdır. Bu məbləğ bir dəfəlik minimum əmək haqqı ilə müəyyən edilsin və minimum əmək haqqı artdıqca tələbələrin təqaüdü də artsın. Ən azı ilkin mərhələdə bunu etmək mümkündür”.

Siyəzəndə FACİƏ: İynə vurulan 1 aylıq körpə öldü

Siyəzəndə bir aylıq körpə iynədən ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, Siyəzən şəhər sakini, bir aylıq Əli Aqşin oğlu Novruzova iynə vururulub. İynədən sonra körpə ölüb. Uşağın babası Camal Novruzov hüquq-mühafizə orqanlarına bununla bağlı şikayət edib. Şikayətçi ərizəsində həmyerlisi 1958-ci il təvəllüdlü Mənsurə Cəlal qızı Ağayevanın onun nəvəsi Əli Aqşin oğlu Novruzova iynə vurmasını, nəticədə nəvəsinin ölməsini bildirib. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA

"Həm Azərbaycan, həm qardaş Türkiyənin ərazisi seysmik baxımdan aktiv bölgədir. Ümumilikdə region özü seysmik bölgədir. Bu səbəbdən də vaxtaşırı region ölkələrində maqnutidası 3-4, bəzən 5-6 və 6-dan yuxarı olan zəlzələlər qeydə alınır". Sozcu.az bildirir ki, bu sözləri Trend-in sorğusuna cavab olaraq Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. O bildirib ki, qardaş Türkiyə ərazisində aktivlik son illər xeyli artıb: "Bu baxımdan da 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələdən sonra orda aktivlik müşahidə olunur. Bir müddət əvvəl Mərmərə dənizində də güclü zəlzələ qeydə alınmışdı və bu zəlzələ İstanbulda və ətraf ərazilərdə güclü hiss edilmişdi. Bu baxımdan da yenə hər zaman söylədiyimiz fikrə qayıtmaq istəyirəm ki, zəlzələnin dəqiq proqnozu yoxdur. Bu baxımdan da heç kim birmənalı şəkildə zəlzələnin dəqiq yeri, gücü və vaxtı ilə bağlı proqnoz verə bilməz. Sadəcə seysmoloqlar daimi aparılan müşahidələrin və kompleks tədqiqatların nəticəsi olaraq hansısa bölgədə aktivləşmənin artdığını müəyyən edə bilirlər. Amma yenə də bu aktivləşmə zəif zəlzələlərə səbəb olacaq, ya güclü hiss olunan zəlzələ baş verəcək kimi proqnozlaşdırmaq mümkün deyil. Ona görə də seysmik zonalarla bağlı heç kim dəqiq proqnozu vermək anlamında birmənalı şəkildə deyə bilməz ki, zəlzələ olacaq, yaxud zəlzələ olmayacaq". O qeyd edib ki, seysmik bölgələrdə vaxtaşırı zəif və zəif hiss edilən zəlzələlərin qeydə alınması mümkündür və bu ərazinin geodinamik şəraiti ilə bağlıdı. "Azərbaycana gəlincə isə deyə bilərəm ki, ölkəmizdə də seysmik bölgələr var və bu günə qədər maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər qeydə alınıb. Maqnitudası 4 və 4-dən yuxarı olan zəlzələlər arasında zəif hiss olunanlar da olub. Ümumiyyətlə zəlzələnin hiss olunması və yer səthinə təsiri ocağın yerləşdiyi dərinlik və gücündən asılıdır. Qardaş ölkədə baş verən zəlzələnin Azərbaycana təsirinə gəlincə isə, bu barədə narahatlığa əsas yoxdur. Həm məsafə baxımdan, həm də ərazinin geoloji quruluşu baxımdan hər hansı təsiri yoxdu",- deyə şöbə müdiri vurğulayıb.

Bu ərazilərdə güclü külək əsir

Azərbaycanda avqustun 11-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yağıntılar bir sıra ərazilərdə leysan xarakterlidir, şimşək çaxır. Düşən yağıntının miqdarı Balakəndə 21, Qusarda (Laza) 13, Qubada 10, Xaltanda 9, Lənkəranda 8, Naftalanda 5, Yevlaxda 4, Şabranda 3, Lerik, Astara, Biləsuvar, Altıağac, Qəbələ, Qax (Sarıbaş), Ağstafa, Şamaxı, Qobustan, Daşkəsən, Gədəbəy, Bərdə, Tərtər, Mingəçevir, İmişli, Kürdəmir, Goranboy, Şirvan, Sabirabad, İsmayıllı, Göyçay, Xaçmaz, Kəlbəcər, Şahdağ, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Culfada 19, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənir.

Balıkesirdə daha bir zəlzələ oldu

Balıkesir vilayətinin Sındırgı rayonunda yerli vaxtla saat 08:21-də 3,6 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, zəlzələdən sonra bölgədə afterşokların sayı 100-ü keçib. Qeyd edək ki, ötən gün Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ İstanbulla yanaşı, İzmir, Manisa, Bursa, Aydın, Muğla, Yalova, Əskişəhər və Ankarada da hiss olunub. Hadisə nəticəsində 1 nəfər həyatını itirib.

Şəmkirdə insdent: Qardaşlar bıçaqlandı

Şəmkirdə üç nəfər bıçaqlanıb. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, V.Rüstəmov və R.Rüstəmov qardaşlarına, eləcə də E.Məmmədova kəsicis-deşici alətlə xəsarət yetirilib, onlar xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı Məhəmməd Cavad oğlu Əzizov şübhəli şəxs qismində saxlanılıb.

Avropa liderləri Ukrayna ilə bağlı çağırış etdi

Ukraynadakı münaqişənin həlli ilə bağlı birgə bəyanatda Avropa liderləri danışıqları hazırkı cəbhə xəttinə əsaslanaraq aparmağa çağırıblar. Sozcu.az xəbər verir ki, bəyanat Britaniya Xarici İşlər Nazirliyinin saytında yayımlanıb. “Biz beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyi prinsipinə sadiq qalırıq. Hazırkı təmas xətti danışıqların başlanğıc nöqtəsinə çevrilməlidir”, - bəyanatda bildirilib. Sənədi Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliya Baş naziri Corciya Meloni, Polşa Baş naziri Donald Tusk, Böyük Britaniya Baş naziri Key Starmer və Almaniya kansleri Fridrix Merz imzalayıblar.

Minlərlə israilli Qəzzaya nəzarətə qarşı AKSİYADA

İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağı üzərində nəzarəti bərpa etmək qərarından sonra Təl-Əviv və ölkənin digər şəhərlərində kütləvi nümayişlər keçirilib. Sozcu.az xəbər verir ki, İsrailin Qəzzanı ələ keçirmək üçün nəzərdə tutduğu əməliyyata başlamasından öncə minlərlə etirazçı şənbə gecəsi Təl-Əvivdə və ölkənin müxtəlif şəhərlərində toplaşaraq girovlarla bağlı razılıq əldə olunmasına və atəşkəsin elan edilməsinə çağırış edib. Məlumata əsasən, girovların ailələri və yaxınları, hökumətin planının onlar üçün ölüm hökmü ilə nəticələnə biləcəyini bildirərək ümumi tətil çağırışı ediblər. Təl-Əvivdə azı 10 min insan toplaşıb, etirazlar ölkənin onlarla digər şəhərində də davam edir.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1264-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 063 240 hərbçi, 11 089 ədəd tank, 23 107 ədəd zirehli döyüş maşını, 31 343 ədəd artilleriya sistemi, 1 460 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 204 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 57 982 ədəd avtomobil texnikası, 50 455 ədəd PUA, 3 556 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 936 xüsusi avadanlıq itirib.

ABŞ Zelenskini də Alyaskadakı görüşə dəvət edəcək

Ağ Ev Ukrayna Prezidenti Vladimir Zelenskini Donald Trampla Vladimir Putinin Alyaskadakı görüşünə dəvət etməyi düşünür. Sozcu.az xəbər verir ki, bu barədə “NBC Nyus” amerikalı yüksək çinli məmura istinadla məlumat yayıb. “Hamı ümid edir ki, bu (dəvət - red.), baş verəcək”, - o bildirib. Qeyd edək ki, Putin və Tramp arasında avqustun 15-də Alyaskada görüş baş tutacaq.

Rubio Makronu ittiham etdi: Danışıqları pozdun!

ABŞ Dövlət katibi Marko Rubio Fransa Prezidenti Emmanuel Makronu İsrail və HƏMAS arasında atəşkəs danışıqlarını pozmaqda ittiham edib. Sozcu.az xəbər verir ki, Rubio bu barədə EWTN telekanalına müsahibəsində deyib. Rubionun sözlərinə görə, danışıqlar Fransa prezidentinin Fələstin dövlətinin tanınması ilə bağlı birtərəfli qərar qəbul etdiyi gün kəsilib: “HƏMAS-ın yerində olsaydım, qərar verərdim: “Gəlin atəşkəs etməyək. Çünki mükafatlandıra bilərlər, biz bunu qələbə hesab edə bilərik. Makronun bəyanatından sonra digər ölkələr də bu mövqeyə qoşularaq bəyan ediblər ki, sentyabr ayına qədər atəşkəs əldə olunmasa, Fələstin dövlətini tanıyacağıq”.

"Sovet dövründəki sərhədlər bərpa edilməlidir" - Paşinyan

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya prosesi davam edəcək, Sovet dövründə mövcud olan sərhədlər bərpa edilməlidir. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib. “Elə ərazilər var ki, bizə məxsusdur. Amma Azərbaycanın nəzarəti altındadır. Elə ərazilər də var ki, Azərbaycana məxsusdur. Lakin bizim nəzarətimizdədir. Delimitasiya prosesi davam etməlidir. Müstəqil Ermənistanın ərazisi Sovet dönəmindəki Ermənistanın ərazisi ilə eynidir. Eyni zamanda, müstəqil Azərbaycanın ərazisi də Sovet dövründəki Azərbaycan ərazisi ilə eynilik təşkil edir” - Paşinyan qeyd edib.

Yasda ehsan qadağası bu şəhərə çatdı

Mingəçevirdə yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Sozcu.az xəbər verir ki, şəhər Ağsaqqallar Şurasının hesabat toplantısında bu barədə məsələ qaldırılıb. Bildirilir ki, ən yaxın günlərdə Mingəçevir şəhər rəhbərliyi, dini icma və Ağsaqqallar Şurası tərəfindən bu qaydanın tətbiqi ilə bağlı müvafiq qərar çıxarılacaq. Xatırladaq ki, daha öncə Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Bərdə rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırılıb.

Zelenski: Ukraynasız qəbul edilən qərarlar nəticə verməyəcək

Ukraynasız qəbul edilən qərarlar heç bir nəticə verməyəcək. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Ukrayna sülhün təmin olunmasına xidmət edən qərarlara hazırdır. Bizə qarşı olan və ya bizsiz qəbul edilən hər hansı bir qərar heç bir nəticə verməyəcək. Belə qərarlar, icraolunmaz qərarlardır. Biz davamlı sülh üçün prezident Trampla və bütün tərəfdaşlarımızla işləməyə hazırıq”- o bəyan edib.