Azərbaycan Ordusunun zabiti faciəli şəkildə həlak oldu

Azərbaycan Ordusunun zabiti bədbəxt hadisə nəticəsində həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Azərbaycan Ordusunun zabiti Seydullah Sadiq oğlu Məhərrəmovun baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda deyilir.

Ceyhun Nəbinin Şəmkirdə namizəd olacağı bildirilir

Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Sözcü. az xəbər portalının redaktoru Ceyhun Nəbi'nin 102 saylı Şəmkir Şəhər Seçki Dairəsindən millət vəkilliyinə namizəd olacağı bildirilir.  Sözcü.az

Zahid Oruc bu rayona başçı təyin edilir - İDDİA

Millət vəkili, 6-cı çağırış Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Əfv Komissiyasının üzvü Zahid Orucun icra başçısı təyin olunacağı haqda iddia yayılıb. Sozcu.az xəbər verir ki. sosial şəbəkələrdə yayılan iddiada onun Bərdə rayonuna icra başçısı göndəriləcəyi bildirilir. Qeyd edək ki, Milli Məclisin vitse-spikeri Adil Əliyevin Suraxanı RİH başçısı təyin edilməsi bu iddianın yayılmasına rəvac verib.axar)

Bayramov, Mirzoyan və Blinken arasında üçtərəfli görüş olacaq

Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş bu gün, iyulun 10-da ABŞ-ın paytaxtında keçiriləcək. “Əvvəlki mesajın davamı olaraq: Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən, iyulun 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş keçiriləcək”, - deyə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. Badalyan ötən gün açıqlamasında Bayramovla Mirzoyan arasında görüş nəzərdə tutulmadığını vurğulamışdı. Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçıları NATO Zirvəsində iştirak üçün Vaşinqtonda səfərdədir.

Sentyabrdan məktəblərdə dörd fənn yeni məzmunda tədris olunacaq

2024-2025-ci tədris ilində VI sinif üzrə coğrafiya, VII sinif üzrə isə kimya, fizika, biologiya fənləri yeni məzmunda tədris olunacaq. Sozcu.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu deyib. Şöbə müdirinin sözlərinə görə, bu dərsliklər yeni konsepsiya əsasında tərtib olunub: “Yeni dərsliklər fənnin, elmin həyata tətbiqi məsələlərini qabardır və izafi nəzəri bilikləri azaldır. Misal olaraq, yeni coğrafiya dərsliyi şagirdə məkan anlayışını sadə yolla izah etməklə başlayır. Bu vəsaitlərin hazırlanmasında Sinqapurun dərslik hazırlığı sahəsində qabaqcıl institutları kömək edib”. Nazirlik rəsmisi xatırladıb ki, ötən illərdə informatika fənni bir sıra məktəblərdə yeni məzmunda tədris olunub: “Burada şagirdlərə təkcə nəzəriyyə deyil, praktik kodlaşdırma bacarıqları da öyrədilir. Bundan başqa, təbiət fənlərinin tədrisinə ayrılan vaxt və həcm artırılıb. STEAM məşğələlərinin keçirilməsi də məzmunda yeniliklərə aiddir. Xeyli məktəbdə STEAM laboratoriyaları var və bu sahədə əhatəlilik genişləndirilir. Riyaziyyat və Azərbaycan dili fənlərinin məzmunu ilə bağlı təkmilləşdirmələr davam edir. Əgər əvvəllər Azərbaycan dili fənninin tədrisində şagirdlərə əsasən dil qaydalarını öyrədirdiksə, indi dünyada qəbul olunduğu kimi, dörd əsas məsələni öyrədirik: dinləyib-anlama, oxuyub-anlama, danışma və yazı. Dil qaydaları isə bu istiqamətləri öyrənmək üçün zəruri bilikləri verməlidir. I-V sinif Azərbaycan dili dərslikləri bu istiqamətdə hazırlanır. Eyni hal riyaziyyat fənninə də aiddir. Azərbaycanda riyaziyyat elmi və onun məktəbdə tədrisi hər zaman güclü olub, amma riyaziyyat tətbiqi xarakter daşımayıb. Riyaziyyat fənni üzrə çoxlu misallar həll olunur, ancaq eyni misalın məntiqi hansısa məsələyə, konkret həyati situasiyaya aid olanda şagird cavabı tapa bilmir. Hazırda riyaziyyat fənninin məzmunu şagirdə həyati məsələlərlə riyazi termin və formulları öyrətmək üzərində qurulur”. 

İstilər insanlarda cinayətə meyli artırır – Alimlər deyir

İsti havalar insanın beyninin fəaliyyətini aşağı salır, cinayətə meyli artırır.  Bu haqda  Vaşinqton Universitetinin saytında ABŞ tədqiqatçıları bu qənaətə gəliblər.  İsti hava ilə antisosial davranış arasında əlaqə uzun müddətdir ki, alimləri maraqlandırır. Psixoloqlar və digər ekspertlər yüksək temperatur və məişət zorakılığının yüksək nisbətləri, hücumlar və həddindən artıq dozaya görə xəstəxanaya yerləşdirmə və intihar cəhdləri arasında əlaqəni araşdırıblar. Vaşinqton Dövlət Universiteti və Çikaqo Universitetinin alimləri istilərin insanların əhval-ruhiyyəsinə və psixi sağlamlığına necə təsir etdiyini anlamağa çalışıblar. "Düzünü desəm, bununla bağlı çoxlu araşdırma aparılmayıb və işlərin çoxu insanların idrak tapşırıqlarını yerinə yetirdiyi laboratoriyalarda aparılıb. Mən bu sualı real həyatda müxtəlif və təmsil olunan insanlar nümunəsində öyrənmək istəyirdim", - tədqiqatın aparıcı müəllifi, psixoloq Kimberly Meidenbauer deyib.  Komanda, insanların öz hesabatlarına əlavə olaraq, ev təsərrüfatlarının gəlirləri, yaxınlıqdakı yaşıl sahə və parkların mövcudluğu və şəhər istilik adası effekti haqqında öyrənmək üçün siyahıyaalma məlumatlarını təhlil edərək, maydan sentyabr ayına qədər Böyük Çikaqo şəhər ərazisində sorğu keçirib. Meidenbauer bildirib ki, istilər zamanı impulsiv davranışı etiraf edən insanların sayı həyəcan vericidir. "İdeya ondan ibarətdir ki, əgər siz daha impulsivsinizsə, riskli davranışlar, o cümlədən narkotik maddələrdən sui-istifadə və özünə zərər vurma ehtimalınız daha yüksəkdir. İstilik dağıldıqdan sonra belə, vərdiş bir müddət davam edir”, - psixoloq bildirib. Alimlər hesab edirlər ki, istilik planlaşdırma, özünə nəzarət və emosional fəaliyyət üçün vacib olan beynin prefrontal korteksinə təsir edir.  O deyir ki, istilik ruhi xəstəliklərin müalicəsində istifadə edilən bir çox psixotrop dərmanlara da müdaxilə edir ki, bu da özünə zərər verən amil ola bilər. Bundan əlavə, təcavüzün bəzi növləri impulsiv davranışla əlaqələndirilir. "Gələcəkdə diqqətimizi hər şeyi sərinlədə bilən infrastruktura yönəltməliyik. Buraya passiv soyutma sistemləri ilə dizayn edilmiş binalar və istilik adasının təsirini azaldan şəhər yaşıllıqları daxildir", - o əlavə edib. 

Zelenski: Ukraynanın azı 128 F-16 qırıcısına ehtiyacı var

Ukraynanın Rusiya Silahlı Qüvvələrinə havada effektiv şəkildə müqavimət göstərməsi üçün azı 128 F-16 qırıcısına ehtiyacı var.  “Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də Ronald Reyqan İnstitutunda müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, hazırda müttəfiqlərin Ukraynaya vəd etdiyi F-16-ların sayı cəbhədəki vəziyyəti kökündən dəyişdirə bilməyəcək: "F-16-larla bağlı problem onların sayı və tədarük tarixi ilə bağlıdır. Rusiya Ukraynaya qarşı əməliyyatlarda hər gün 300 təyyarədən istifadə edir". 

Faktiki hava: Bəzi yerlərə leysan yağdı

Saat 10:00-a olan məlumata görə gözlənildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Gədəbəydə 5 mm, Naxçıvan, Şamaxı, Şəmkir, Qusar, Sabirabadda 1 mm-dək olub. Şərq küləyi iyulun 9-da sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 36, Aran rayonlarında 36-40, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub.

Mübarizədən geri çəkilməmək hər kişinin işi deyil

Nə etdiyimizi əla bilirik. Zərgər dəqiqliyi ilə ölçüb-biçirik. Ən çətin vəziyyətdə belə, ortaya iddia qoymaq, mübarizədən geri çəkilməmək hər kişinin işi deyil.  Bizə qarşı qərəzli olanlar hansı təbliğatı aparsa da, vicdanlı insanlar təsirə düşməsin,  hər kəsin keçmişini yada salsın, dəyərlərə sədaqətimizə qətiyyən şübhə etməsinlər. Mustafa Hacıbəyli, Müsavat başqanının müavini 

Zolağa girənlərin nömrəsi avtobusdan çəkiləcək - Rəsmi

Paytaxtın avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər ictimai nəqliyyatın fasiləsiz hərəkətində ləngimələr, süni tıxaclar, maneələr yaradır. Bu barədə Sozcu.az-a DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, şəhər sakinlərini narahat edən bu halların qarşısının alınması istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür. “Xüsusilə, avtobuslarda zolağa qanunsuz daxil olan avtomobillərə qarşı qanuni tədbirlər görülməsi üçün texniki avadanlıqlar tətbiq olunacaqdır. Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri birgə avtobuslarda pilot qaydasında müşahidə və nömrətanıma sistemləri quraşdırır. Bununla yanaşı, DİN tərəfindən seçilmiş stasionar nöqtələr müvafiq avadanlıqlarla təchiz edilir. Yeni sistemin qurulmasında məqsəd şəhər sakinlərinin ictimai nəqliyyatda fasiləsiz hərəkətini təmin etməkdir” - məlumatda qeyd olunur.

“Dövlətimizin imkanı var ki, Qarabağ veteranlarına faizsiz kredit ayırsın...”- General

“Müvafiq  qanun əsasında hər bir tikinti şirkəti qarşısında öhdəlik qoyulmalıdır ki, tikilmiş evlərin, məsələn, 10 faizi Müdafiə Nazirliyinə, 5 faizi Dövlət Sərhəd Xidmətinin balansına keçririlsin. Və həmin evlər hesabına ərazidə yaşayan hərbçilər də mənzillə təmin edilsin...” “Hərbçilərin statusu haqqında qanundakı maddələrdən belə nəticə hasil olur ki,  hərbçi peşəsi başqa peşələrdən üstündür. Ancaq reallıqda bu üstünlük görünmür. Hərbçilərin, o cümlədən veteran və əlil hərbçilərin yaşadıqları, işlədikləri yerlərdə evlə, işlə təmin olunmaq hüququ, istirahət hüququ və s. hüquqlarını mərkəzi və yerli icra hakimiyyətləri həyata keçirməlidir. Amma ötən söhbətimizdə də dediyim kimi, yelri icra hakimiyyətlərində bunun üçün bir çox səlahiyyət və imkanlar yoxdur və nəticədə hərbçilərlə bağlı qanunda qeyd edilən məsələləri icra edə bilmirlər”.  Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri, istefada olan general-mayor Tacəddin Mehdiyev dilə gətirib. “Hərbçilərin yaşayış yeri ilə təmin olunmasını asanlaşdırmaq üçün mən təklif edərdim ki, hərbçilərin statusu haqqında qanunda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və s. qurumların balansına uyğun qaydalar əsasında mənzil tikintisi ilə məşğul olan şirkətlər tərəfindən keçirilmiş mənzillərdən verilməsi də nəzərdə tutulsun. Yəni müvafiq  qanun əsasında hər bir tikinti şirkəti qarşısında öhdəlik qoyulmalıdır ki, tikilmiş evlərin, məsələn, 10 faizi Müdafiə Nazirliyinə, 5 faizi Dövlət Sərhəd Xidmətinin balansına keçririlsin. Və həmin evlər hesabına ərazidə yaşayan hərbçilər də mənzillə təmin edilsin”, -deyə davamında sabiq nazir təklifini irəli sürüb.  “Onu deməliyəm ki, sovet dövründə hərbçilər, xüsusən də “Böyük Vətən” müharibəsi  veteranları daha böyük imtiyazlara malik idi. Onların işləmək, pensiya hüququ, istirahət hüququ və s. xeyli dərəcədə təmin olunurdu. Veteranlar sanatoriyalarda pulsuz müalicə ala bilirdi. Taksilərdən başqa bütün şəhərdaxili nəqliyyat: avtobus, tramvay, metro və s. onlar üçün pulsuz idi.  Veteranlar ildə bir dəfə təyyarə və qatar ilə ölkənin istənilən nöqtəsinə pulsuz gedib-gələ bilirdilər. Kommunal xərclərin (qaz, işıq, su və s.) 50 faizini ödəyirdilər, telefon isə tamamilə pulsuz idi. Hesab edirəm ki, bu gün də Azərbaycan dövlətinin veteranlara, hərbçilərə bunlardan artıq güzəştlər təmin etməyə gücü yetər. Yəni mövcud qanunlara uyğun olaraq hərbçilər, müharibə veteranları əhalinin digər kateqoriyalarından seçilməlidir...  Bundan əlavə, dövlətimizin imkanı var ki, Qarabağ müharibələrinin iştirakçılarına ya faizsiz, ya da heç olmasa, cüzi, yəni 2-3 faizlə pul krediti təşkil etsin. Bundan istifadə edərək onlar öz müxtəlif həyati ehtiyaclarını təmin edə bilərlər. Dövlət xəstəxanalarının pulsuz xidmətindən əlavə, müvafiq qanun qəbul etməklə özəl tibb müəssisələrinin qarşısında da vəzifə qoymaq olar ki, hərbçilərə, müharibə veteranlarına bütün müalicə, əməliyyat və s. qiymətlərində 50 faiz güzəşt edilsin. Bunu bir dəfə də demişəm. II Dünya müharibəsindən sonra SSRİ-də kolxoz sədrləri, zavod direktorları, rayon partiya komitəsinin katibləri və s. kimi aparıcı vəzifələrə öncə idarəetmə qabiliyyəti olan veteran zabitlər təyin edilirdi. Ancaq bu gün qazilərin xeyli hissəsi işsiz qalıb. Hazırda qazilərin idarə, təşkilat və müəssisələrdə uyğun işlə təmin edilməsi haqda qanunlar qəbul olunub, amma, təəssüf ki, çox vaxt onlar düzgün icra olunmur.  Bütün bu deyilənləri hərbçilərimiz, qazilərimiz, əlillərimiz üçün təmin edilsə, insanlar öz dövlətlərinə, ordularına bağlı və sadiq olarlar. Dövlətimizin, xalqımızın, torpaqlarımızın, sərhədlərimizin keşiyində dayanan insanları narazı salmaq olmaz. Və onlar razı salınsa, bundan dövlət yalnız qazanar”, - deyə general vurğulayıb.

Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ

Rusiya Parlamenti İnzibati Xətalar Məcəlləsinin daha 20 maddəsinin pozulmasına görə miqrantların deportasiyası haqqında qanun layihəsini dəstəkləyəcək. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün "Telegram" kanalında məlumat verib. Onun sözlərinə görə, söhbət ictimai asayiş və ictimai təhlükəsizlik sahəsində, o cümlədən ekstremist təzahürlərlə bağlı hüquqpozmalardan gedir. "Bunların arasında: polis əməkdaşının, digər güc qurumlarının qanuni sərəncamına tabe olmamaq, miqrasiya qeydiyyatı zamanı yanlış məlumatların təqdim edilməsi, xırda xuliqanlıq, nasist atribut və ya simvollarının, yaxud ekstremist təşkilatların atribut və ya simvollarının təbliği və ya açıq nümayişi, müəyyən edilmiş qaydaları pozmaqla bu məqsəd üçün ayrılmış yerlərdə və ya bu məqsəd üçün ayrılmamış yerlərdə silahdan atəş açmaq var", - deyə spiker vurğulayıb. O hesab edir ki, bir sıra maddələr üzrə ölkədə qalması qanunazidd fəaliyyətləri ilə əlaqədar arzuolunmaz olan şəxslərin operativ şəkildə (məhkəmə qərarı olmadan) çıxarılması təmin edilməlidir. "Miqrasiyaya nəzarət məsələsi son dərəcə vacibdir. Deputatlar onun kəskinliyini başa düşürlər: çoxlu müraciətlər daxil olur, mövzu seçki dairələrində insanlarla ünsiyyət zamanı mütəmadi olaraq səslənir. Miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi bizim üçün prioritet əhəmiyyət kəsb edir", - deyə Dövlət Dumasının sədri yazıb. O əlavə edib ki, Duma hökumətin, nazirliklərin və idarələrin bu sahədə problemlərin həllinə kömək edən təkliflərini ən qısa müddətdə nəzərdən keçirəcək.

Ali məktəbə qəbul olmaq istəyən abituriyentlərlə bağlı VACİB AÇIQLAMA

“Ayın 7-də keçirilən imtahanda iştirak edən abituriyentlərin sayı birinci cəhddə iştirak edənlərin sayına yaxın rəqəm idi. İkinci ixtisas qrupunda tarix və coğrafiya fənlərinə aid olan sualların çətinliyi nəzərə çarpırdı. Əksəriyyət ehtimal edirdi ki, birinci cəhddə çətin olan suallar ikinci dəfə bir qədər asanlaşdırılacaq. Və həm müəllimlər, həm də abituriyentlər ikinci cəhddə salınan sualların birinciyə nisbətən asan olduğunu təsdiqlədi. Ancaq bu asanlıq gözlənilən formada olmayıb”.  Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib. O, ötən həftəsonu keçirilən ikinci cəhd imtahanı barədə ilkin rəyini belə ifadə edib:  “Ümumiyyətlə, keçən ilki və hazırda olan blok imtahanlarının səviyyəsini nəzərə alırıqsa, demək olar ki, eyni olduğunu qeyd edə bilərik. Abituriyentlərin narazı olmasının isə kökündə dayanan bəzi səbəblər var. Xüsusilə, düşünürəm ki, birinci cəhddən sonrakı dövrdə həm hava şəraiti ilə bağlı, həm də yorğunluqdan dolayı şagirdlərin əksəriyyəti imtahana ciddi hazırlaşa bilməyib. Ancaq yaxşı hazırlaşanlar da var idi. Hətta onlardan bəzilərinin valideynləri övladlarının balını artırdığını da bildirib. Ancaq ümumilikdə nəzər saldıqda, bu nəticə diqqəti cəlb etmir”.  Ekspert imtahanın çətin olması ilə bağlı fikirlərin ictimaiyyətdə daha çox dolaşdığını vurğulayıb:  “Burada əsas yük abituriyentin üzərinə düşür. DİM-in saldığı suallar birinci cəhdə nəzərən daha asan idi. Lakin abuturiyentlərin məsələyə o qədər də ciddi yanaşmaması nəticələrə öz təsirini göstərəcəkdir. İmtahanda gözlənilən qədər yumşalma nəzərə çarpmadı, azacıq dəyişiklik öz əksini tapdı. Burada əsas günahı abituriyentlərdə görürəm. Çünki ay yarımlıq müddətdə abituriyent ciddi şəkildə imtahana hazırlaşmalı, birinci cəhddə olan əskikliklərini tamamlamalı idi. Burada müəyyən yorğunluğun, hava şəraitinin, əsəb-stresin də abituriyentlərə müəyyən təsiri var. Bütün bunlara rəğmən balını yüksəldən şagirdləri də görmək mümkündür. Bu da sevindirici haldır ki, ikinci cəhd blok imtahanının təşkil edilməsi abituriyentlərin müəyyən irəliləyiş əldə etməsinə şərait yaradır”. 

Azərbaycanın quru sərhədləri açılır - TARİX AÇIQLANDI

Azərbaycanda karantin rejimi səbəbindən 4 ildir ki, bağlı qalan quru sərhədləri bir aylıq müddətinə açıla bilər.  Məlumata görə, hökumətin belə bir addım atması COP29-la əlaqəli olacaq. Yayılan xəbərlərdə deyilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah hazırda bu məsələni müzakirə edir. Həmin müzakirələrdə bir aylıq quru sərhədlərin açılması müddəti xüsusi diqqət mərkəzindədir. Məlumatlara görə, əsasən avqust və ya sentyabr ayları üçün quru sərhədlərin açılması nəzərədə tutulur. Mənbələr oktyabrın 1-dən isə quru sərhədlərin birdəfəlik açılacağını qeyd ediblər. Məsələ ilə bağlı Referans.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması həm iqtisadi, həm imic, həm də təhlükəsizliklə bağlı dünyada söz-söhbətlər yaradaraq ölkəyə çox ciddi ziyan vurur: “Bu məsələ həqiqətən də sona çatdırılmalıdır. Dünyada pandemiya ilə bağlı quru sərhədlərini bağlı saxlayan ölkə qalmayıb. Bizdə quru sərhədlərin bağlı olması pandemiya ilə əlaqəlidir. Ona görə də düşünürəm ki, indidən hazırlıq işlərinin görülməsinə ehtiyac var ki, sentyabr-oktyabr aylarından bu məsələ öz həllini tapsın. Bu turizmin canlanmasına səbəb olacaq. Pandemiyadan əvvəl Azərbaycanda turizm baxımından rekord rəqəmlər qeydə alınmışdı. Sərhədyanı ticarətin canlanması üçün də quru sərhədlərin açılması çox vacibdir. Bu həm də ölkənin daxilində rahatlıq yaradacaq”. Ekspert bildirir ki, bəzi rəsmilərin açıqlamalarına görə, təhlükəsizlik məsələləri səbəbindən sərhədlərin bağlı qaldığı söylənilir və bu gərginlik yaradır: “İnsanlar düşünür ki, Azərbaycan nə təhlükələr var ki, quru sərhədləri bağlı saxlanılır? Azərbaycan elə bölgədə yerləşir ki, həmişə təhlükələr olacaq. Bu o demək deyil ki, quru sərhədlərini həmişə bağlı saxlamaq lazımdır. Azərbaycan ordusu, hüquq- mühafizə, xüsusi xidmət orqanları çox güclü olan ölkədir. Açıq sərhəd rejimində də Azərbaycan öz təhlükəsizliyini çox yüksək səviyyədə, tam təmin etməyə qadir ölkədir”. Ekspertin sözlərinə görə, bu baxımdan payız aylarından, elə sentyabrdan quru sərhədlərin açılması çox yaxşı olardı: “Həm də ona görə ki, Azərbaycan COP29-a ev sahibliyi edir. Çox sayda qonağın gəlməsi gözlənilir. Hətta, veloyürüş də təşkil olunacaq. Yüzlərlə velosipedçi başqa ölkələrdən quru sərhəd yolu ilə Azərbaycana gəlib COP29-a dəstək vermək istəyir”.  

Pezeşkianın seçilməsi nəyi dəyişəcək? - ABŞ

Vaşinqton Məsud Pezeşkianın prezident seçilməsindən sonra İslam Respublikasının davranışında hər hansı dəyişiklik gözləmir. Sozcu.az xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib. O bildirib ki, ABŞ bu ölkənin yeni prezidentliyi dövründə İranla nüvə danışıqlarını bərpa etməyə hazır deyil: “İranın HƏMAS, Livan Hizbullahı və Yəmən husiləri kimi terrorçu qrupları dəstəkləməyə davam edir, günahsız ukraynalıların öldürülməsində istifadə olunan pilotsuz uçuş aparatlarını, dron texnologiyalarını Rusiyaya verir. Tehranın proksi qruplarına və Rusiyanın Ukraynaya qarşı müharibəsinə davamlı dəstəyini nəzərə alaraq, Amerikanın İranın nüvə proqramı üzrə danışıqların bərpasına cavabı mənfi olacaq”. Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin son məxfi hesabatının nəticələri göstərir ki, İran zənginləşdirilmiş uran ehtiyatını artırıb.

Kimlərə ayda 345 manat ödəniləcək?

Məlum olduğu kimi, Prezident İlham Əliyev "Məşğulluq haqqında" qanuna edilən dəyişiklikləri təsdiq edib.  Sənədə əsasən, 3 ay ərzində Nazirlər Kabineti kvotadan əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi qaydalarını təsdiq edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə növbəti yarım il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək. Hər iki qurum hazırlanan sənədlər ilə bağlı ölkə Prezidentinə məlumat verəcək.  Milli Məclisin VI çağırış deputatı olmuş Vüqar Bayramovun sözlərinə görə, qanuna edilən dəyişikliklər iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əmək haqqı məbləğində, yəni 345 manat vəsait almasına imkan verəcək. Minimum əmək haqqı artdıqca bu məbləğ də yüksələcək: "Yeni qanun özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək. Praktik olaraq ilkin qiymətləndirmələrə görə təxminən 15 mindən artıq vətəndaşımızın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq. Bu zaman onların maaşları dövlət tərəfindən ödəniləcək və onlar özəl sektorda işə cəlb olunacaqlar". V.Bayramov əlavə edib ki, yeni qanun eyni zamanda, dövlət və özəl tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək, işaxtaranların daha qısa zamanda işlə təmin olunmasına şərait yaradacaq: "Xüsusən də əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə dövlət tərəfindən maaşların ödənilməsi həyata keçiriləcək. Kvotadan əlavə iş yerlərinin yaradılması və həmin iş yerlərində çalışanlanların maaşlarının dövlət tərəfindən ödənilməsi həm özəl sektor üçün işçiləri cəlb etmək baxımından, həm də işsizlərin daha qısa zamanda işlə təmin olunması baxımından yeni bir imkandır. Bütövlükdə, qanun ölkəmizdə məşğulluğun daha yaxından təmin olunmasına və iş axtaranların qısa müddətdə işlə təmin olması üçün yeni imkanlar yaratmaqla əhalinin sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək".

"Rusiya BMT Təhlükəsizlik Şurasının üzvü olmaqdan məhrum edilməlidir!.."-TƏCİLİ TƏLƏB

O, Rusiyanı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa riayət etməyə məcbur etməyə çağırıb... Rusiya Federasiyası qeyri-qanuni yolla aldığı BMT Təhlükəsizlik Şurasının daimi üzvü kürsüsündən məhrum edilməlidir. Sozcu.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa "X" sosial şəbəkəsində yazıb. Rusiya BMT Təhlükəsizlik Şurasına “sədrliyi” dövründə ən ağır cinayətləri törətməyə meyllidir. Bu gün (iyulun 8-i - red.) Ukraynanın ən böyük uşaq xəstəxanası "Oxmatdıt" və Kiyevdə daha bir tibb müəssisəsinə zərbə endirilib.  2022-ci ilin fevralında Rusiya Ukraynaya genişmiqyaslı işğala başladı. Lakin bütün bunlar 1991-ci ilin dekabrında SSRİ-nin BMT TŞ-dakı daimi üzvlüyünün işğalı ilə, Moskvanın yenə də Təhlükəsizlik Şurasına sədrlik etdiyi vaxt başladı”, - Kislitsa bildirib. O, dünyanı Kremli BMT Təhlükəsizlik Şurasına daimi üzvlükdən məhrum etməyə çağırıb: “Diktator Kreml rejiminin daimi Sovet üzvlüyündən istifadə edərək məsələsini həll etmək üçün daha nə qədər Rusiya cinayəti lazım olacaq? Hansı dəhşətli cinayətlər törədilməlidir ki, təcavüzkarın vetoları sayılmasın və Təhlükəsizlik Şurası Rusiyanın təcavüzü və hərbi cinayətlərinə cavab verə bilsin?” Kislitsa qeyd edib ki, “dağıdılan xəstəxanalar və həlak olan mülki vətəndaşlar fonunda qanlı Rusiya “prezidentliyi” Təhlükəsizlik Şurasının üzvləri üçün aylıq nahar təşkil etmək niyyətindədir”. “Mən bunu şərh etməkdə çətinlik çəkirəm. İndi Təhlükəsizlik Şurasının belə nahar yeməklərində Rusiya kulebyakasını və zəhərli təbliğatını yeməsinin vaxtı deyil. Artıq hərəkətə keçmək və Rusiyanı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa riayət etməyə məcbur etmək vaxtıdır”, - deyə Ukrayna nümayəndəsi yekunlaşdırıb. Xatırladalır ki, daha əvvəl Zelenskinin Rusiyanın Ukraynaya son raket hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağrımaq üçün təşəbbüs qaldıracağını dediyi bildirilib. Bundan əlavə, Rusiya Federasiyasının bir ay müddətində BMT Təhlükəsizlik Şurasına sədrlik edəcəyi barədə əvvəlcədən məlumat verilib.

ƏHALİYƏ SARI XƏBƏRDARLIQ - Bu gündən...

İyulun 9-dan 10-u gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki,bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Şahbuz, Babək, Culfa, Ordubad, Gəncə, Naftalan, Goranboy, Şəmkir, Göygöl, Bərdə, Mingəçevir, Gədəbəy, Daşkəsən, Şəki, Yevlax, Tərtərdə fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Zavodda qazdan zəhərlənənlərin SON DURUMU

Xəbər verdiyimiz kimi Stansiya Sumqayıt ərazisində yerləşən istehsalat müəssisələrinin birində 3 fəhlə qazdan zəhərlənib. Modern.az mövzu ilə bağlı Sumqayıt Tibb mərkəzi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, 08.07.2024-cü il tarixində saat 18:20 radələrində 3 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər: “Təvəllüdləri 1989-cu il (2 nəfər olmaqla) və 1992-ci il olan pasiyentlərə naməlum qazların toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.

Ukrayna Həştərxana hücum etdi: hava limanı bağlandı

Təyyarələrin Həştərxan hava limanına gəliş-gedişi PUA hücumu səbəbindən müvəqqəti olaraq məhdudlaşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə “RİA Novosti” hava limanına istinadən məlumat yayıb. “Regionda hava məkanından istifadəyə qoyulan məhdudiyyətlərlə əlaqədar Həştərxan hava limanının cədvəlində dəyişikliklər baş verib. Sərnişinlər Həştərxan hava limanının internet saytından uçuş statusu ilə bağlı aktual məlumat əldə edə bilərlər”, - məlumatda bildirilib. Qeyd edək ki, Ukrayna bu gecə Rusiyanın 6 vilayətinə kütləvi hücum edib.

Pezeşkianın seçki qərargahının üzvü həbs edildi

Məsud Pezeşkianın Qərbi Azərbaycan əyalətinin Salmas şəhərindəki seçki qərargahının üzvü Hacı Əlili həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Məlumata görə, o, din xadimlərini, müharibə veteranlarını və İbrahim Rəisini təhqir etməkdə günahlandırılıb. Qeyd edək ki, Hacı Əlili seçkiqabağı təbliğat kampaniyasında vətəndaşların mollalara inanmadığını deyib. O, İbrahim Rəisinin həddən artıq şişirdildiyini, əslində onun prezident kimi azərbaycanlılar üçün yaddaqalan heç bir iş görmədiyini söyləyib.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 867-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 553 410 hərbçi, 8 178 ədəd tank, 15 704 ədəd zirehli döyüş maşını, 15 015 ədəd artilleriya sistemi, 1 115 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 880 hava hücumundan müdafiə sistemi, 361 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 20 212 ədəd avtomobil texnikası, 11 922 ədəd PUA, 2 389 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 516 xüsusi avadanlıq itirib.

Gürcüstanın Aİ-yə daxil olması prosesi dayandırıldı

Avropa İttifaqı (Aİ) rəhbərliyi Gürcüstanın təşkilata qəbulu prosesini dayandırmaq qərarına gəlib. Sozcu.az xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib. “Təəssüflə bildirirəm ki, Aİ liderləri Gürcüstanın Avropa İttifaqına üzvlüyü prosesini dayandırmaq barədə razılığa gəliblər”, - deyə Gerçinski Tbilisidə keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib. Qerçinski həmçinin qeyd edib ki, bu, Avropa Şurasının hesabatlarında açıq şəkildə qeyd olunub.

Bayden prezident yarışından geri çəkilir? - Özü açıqladı

ABŞ Prezidenti Co Bayden seçki yarışından geri çəkilmək niyyətində olmadığını və respublikaçı Donald Trampı məğlub edəcəyinə əmin olduğunu bildirib. Sozcu.az xəbər verir ki, bunu Bayden Konqresdəki demokratlar fraksiyaların rəhbərliyinə ünvanlandığı məktubunda ifadə edib. Məktubun mətni onun X sosial şəbəkəsindəki səhifəsində dərc olunub. Ağ evin hazırkı sahibi vurğulayıb ki, mətbuatdakı fərziyyələrə baxmayaraq, o, seçki yarışını sona çatdırmaqda və Donald Trampı məğlub etməkdə qərarlıdır. Bayden deyir ki, Trampla debatdan sonra səslənən narahatlıqlara da “göz yummur”. “Bütün bunlara yüksək səslə və aydın cavab verə bilərəm: 2024-cü ildə Donald Trampı məğlub etmək üçün hamıdan daha yaxşı mövqedə olduğuma tam inanmasaydım, yenidən seçilmək istəməzdim”, - məktubda qeyd olunub.