İlham Əliyev 4 fərman imzaladı

17:07 Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 251.9-cu maddəsinin ikinci cümləsində, 253-1.6-cı maddəsində, 253-1.7-ci maddəsinin üçüncü cümləsində, 253-1.10-cu, 253-1.15-ci, 253-1.16-cı, 446.2-2-ci və 448.6-3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Məcəllənin 253-1.15-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. üç ay müddətində: 2.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.1.2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 253-1.15-ci maddəsinə uyğun olaraq, üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; 2.2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 251.9-cu maddəsinin ikinci cümləsində, 253-1.6-cı maddəsində, 253-1.7-ci maddəsinin üçüncü cümləsində, 253-1.10-cu, 253-1.16-cı, 446.2-2-ci və 448.6-3-cü maddələrində nəzərdə tutulmuş “orqan (qurum)” barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.3. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 3. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, № 1, maddələr 24, 33) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 3.1. üçüncü abzasa “Məcəlləsinin” sözündən sonra “251.9-cu maddəsinin ikinci cümləsində, 253-1.6-cı maddəsində, 253-1.7-ci maddəsinin üçüncü cümləsində, 253-1.10-cu, 253-1.15-ci, 253-1.16-cı, 446.2-2-ci, 448.6-3-cü,” sözləri əlavə edilsin; 3.2. beşinci – iyirmi üçüncü abzaslar müvafiq olaraq altıncı – iyirmi dördüncü abzaslar hesab olunsun və aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin: “həmin Məcəllənin 253-1.15-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”. *** Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1950 (Cild I) ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndində “təhsil haqqında dövlət sənədinin” sözləri “sənədin” sözü ilə əvəz edilsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 2.9-cu bəndinə “Milli Məclisi,” sözlərindən sonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman),” sözləri əlavə edilsin. 2. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 218 (Cild I) ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na aşağıdakı məzmunda 4.16-cı bənd əlavə edilsin: “4.16. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) insan hüquqları sahəsində dövlət proqramlarının icrası prosesinin təhlilini apara, rəy və təkliflərini monitorinq və qiymətləndirmə orqanına (qurumuna) təqdim edə bilər.”. 3. “Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli 1340 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1541 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1406 (Cild I) 5-ci hissəsinə “Milli Məclisinə,” sözlərindən sonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana),” sözləri əlavə edilsin. *** Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 624 (Cild I) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 1.1. 6-cı hissəyə “şəxslər” sözündən sonra “bu Əsasnamənin 8-ci hissəsi nəzərə alınmaqla” sözləri əlavə edilsin; 1.2. aşağıdakı məzmunda 8.4-1-ci bənd əlavə edilsin: “8.4-1. həkim vəzifəsi üzrə qulluğa qəbul üçün müraciət edən şəxslər (praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququna və iddia etdiyi vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsinə malik olduqda);”. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

“Müstəqil Həmkarlar” İctimai Birliyi iki seçki ilə bağlı qərar verdi

“Müstəqil Həmkarlar” İctimai Birliyinin iclası keçirilib. Təşkilatın həmtəsisçisi, prezidentliyə keçmiş namizəd Fuad Əliyev Reportyor.info-ya bildirib ki, iclasda növbəti parlament və bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul olunub. F.Əliyev bildirib ki, bələdiyyə seçkiləri dekabrda keçiriləcək, parlament seçkilərinin isə bu ilin yayında keçirilməsi ehtimalı var. Onun sözlərinə görə, İctimai Birlik olaraq hər iki seçkidə iştirak qərarı verilib. “Fevralın 7-də “Zəfər seçkisi” Xankəndidə, Şuşada, bütün Qarabağda oldu, indi də deputat və bələdiyyə seçimləri bu ərazilərdə olacaq. İnanırıq ki, azad, şəffaf, maraqlı seçkilər olacaq”,_ deyə Fuad Əliyev vurğulayıb.

Azərbaycanı gözləyən böyük fəlakət: Çıxış yolu var?

Azərbaycan su resurslarından daha səmərəli istifadə etməlidir. Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat bildirib.  "Azərbaycanın şirin su ehtiyatlarının böyük hissəsi ölkə hüdudlarından kənarda formalaşır. Ölkə su qıtlığı səbəbindən təhlükə ilə üzləşə biləcək dünyanın ilk 20 ölkəsindən biri hesab olunur. Bu vəziyyətdə ən gözəl mexanizm mövcud resurslardan daha səmərəli istifadə etməkdir”, - deyə o qeyd edib.  Bəs görəsən yaxın gələcəkdə bizi gözləyən su qıtlığı təhlükəsinin qarşısı necə alınmalıdır?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, ölkəmizdə hazırda bir sıra səbəblərdən su itkiləri mövcuddur:  “Dünyada su problemi son illər ciddi şəkildə araşdırılır. Su qıtlığının fəsadlarının ciddi olması ilə bağlı fikirlər olduqca çoxdur. Su elə bir nemətdir ki, o olmadan məişətin heç bir sahəsində inkişaf mümkün deyil. Azərbaycan ərazisində olan su ehtiyatlarının böyük əksəriyyəti tranzit çaylardır. Digər tərəfdən, bu tip çayların su balansı yetərincə deyil. Biz bu məsələlərə diqqətimizi yönəltmişik. Azərbaycanda su adətən 2 istiqamətdə istifadə edilir. Bunlar məişətdə və təsərrüfatda istifadə olunan sulardır. Azərbaycanda ən intensiv kənd təsərrüfatı ərazisi olan Kür-Araz ovalığında su sistemləri demək olar ki, dağılıb. Suyun ən çox istifadə olunduğu kənd təsərrüfatı sahəsində su kanalları və suvarma sistemlərinin təzələnməyə ehtiyacı var. Çünki əlverişsiz suvarma sistemləri özlüyündə su israfının 1 nömrəli səbəblərindəndir. Burada əsas məsələ ondan ibarətdir ki, ölkəmizə daxil olan su ehtiyatlarının hər damcısından istifadə etməliyik”.  Coğrafiyaşünas qıtlığın qarşısının alınması üçün bəzi təkliflər irəli sürüb: “Məişətdə istifadə olunan suların daha səmərəli istifadəsi olduqca vacibdir. Bu mövzuda dövlət layihələri və tədbirləri hazırlanmalı və buna ciddi nəzarət edilməlidir. Hazırda Kür və Araz çayları üzərində yerləşən su anbarlarımızda 32-34 milyard kubmetr su var. Bu ehtiyatlardan düzgün və səmərəli istifadə edə bilsək, ciddi nəticələr əldə edə bilərik. Mənim təklifim budur ki, Mərkəzi Aran regionunda özünü daha kəskin göstərən su çatışmazlığını aradan qaldırmaq üçün Mingəçevir gölündə toplanan sular borular vasitəsi ilə bu ərazilərdəki əhaliyə çatdırılsın. Eyni zamanda vətəndaşlar sudan qənaətlə istifadə etməlidir”. 

Daha bir gənc valideynlərini öldürdü - Azərbaycanda dəhşət

Aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Baş Prokrorluğun Mətbuat xidmətindən Sozcu.az -a bildirilib ki, araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, F.Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Qızı ilə Kürdə batan atanın meyiti tapıldı

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.  Bu barədə Sozcu.az-a FHN-dən bildirilib.  Qeyd edilir ki, 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları davam etdirilir.  Əlavə məlumat veriləcək.  Qeyd dək ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kür çayının kənarına istirahətə gedib. Bu zaman onun 6 yaşlı qızı, 2018-ci il təvəllüdlü Səma Süleymanlı sürüşərək çaya düşüb. V.Süleymanov qızını xilas etmək üçün onun ardınca suya tullanıb. Nəticədə ata və qızı suda boğulub. 

Tələbənin ölüm səbəbi bilindi

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci il təvəllüdlü Ramil Nəsirovun meyiti kirayə yaşadığı mənzilin eyvanından asılmış vəziyyətdə aşkar edilib. Onun intihar etdiyi ehtimal edilir. Araşdırma aparılır. Ramil Nəsirovun Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi olduğu bildirilir. Xatırladaq ki, BDU-nun mətbuat xidməti tələbənin ölümü barədə məlumat yayıb. Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Ramil Aqil oğlu Nəsirov vəfat edib. 2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.

Rusiya son sutkada Ukraynada görün nələr itirib...

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 870 hərbçisini itirib.  Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 457 830 nəfərə çatıb.  Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 tank, 17 zirehli döyüş maşını, 21 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.  Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 

Qəbul imtahanı: Abituriyentlər bu qrupa axın edirlər

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat davam edir.  Sozcu.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, indiyədək 31 mindən çox abituriyent qeydiyyatdan keçib.  Məlumata görə, ən çox qeydiyyat I ixtisas qrupundadır. 10088 nəfər bu qrup üzrə müraciət edib.  II ixtisas qrupu üzrə 9870 nəfər, III qrup üzrə 9318 nəfər, IV qrup üzrə isə 2608 nəfər qeydiyyatdan keçib.  Qeydiyyatdan keçənlərin böyük hissəsini - 28470 nəfəri Azərbaycan bölməsi, qalanını rus bölməsi üzrə müraciət edənlər təşkil edir.  Qeyd edək ki, qeydiyyat 6 may saat 23:59-da başa çatacaq. 

Şəmkirdə Milli Qəhrəman İsgəndər Aznaurov anılıb

Bu gün Şəmkir rayonu Kür qəsəbəsində Azərbaycan Milli Qəhrəmanı İsgəndər Aznaurov adına olan məktəbdə anım tədbiri təşkil olunub. Milli Qəhrəmanın şəhadətinin 31-ci ilində keçirilən anım tədbirində məktəbinin kollektivi və məktəblilər ilə yanaşı qəhrəmanın döyüş yoldaşları, silahdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir məktəbin həyətində qəhrəmanın büstünün önünə gül-çiçək dəstələrinin düzülməsi ilə başlayıb. Sonra tədbirin rəsmi hissəsi başlayıb. Tədbirə Kür qəsəbəsi Mədəniyyət Evinin rəhbəri Rəfiqə xanım aparıcılıq edirdi. Sonra söz qəhrəmanın döyüş silahdaşlarından, dostu Dilqəm Əliyevə, şəhid Polkovnik Cahangir Rüstəmovun oğlu Elçin Rüstəmova, qəhrəmanın nəşinin dağdan endirilməsinə kömək etmiş döyüşçü Əliyar Novruzova, ehtiyatda olan hərbiçi Vuqar Tağıyevə, Sözcü.az xəbər portalının redaktoru, araşdırmaçı yazar Ceyhun Nəbiyə, Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sərdar Namazova və digər natiqlərə söz verilib.  Natiqlər qəhrəmanın əziz xatirəsini anıblar və tədbirin təşkili üçün məktəbin direktor əvəzi Könül xanım Əsgərovaya və digər təşkilatçılara öz təşəkkürlərini ifadə ediblər. Qeyd edək tədbir artıq bir neçə ildir ki, ənənəvi olaraq keçirilməkdədir. Sözcü.az

Kürdə batan azyaşlı qızla bağlı ürəkdağlayan FAKT

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. Sozcu.Az xəbər verir ki, “Azad Azərbaycan” Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. “Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar”, – deyə bildirilib. Qeyd edək ki, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü Səma və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su mühərrikinin yanında istirahət edirlərmiş. Bu zaman altı yaşlı Səma suya yıxılıb. Atası qızını xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.

Bakıda 2 nəfər dəm qazından zəhərlənərək öldü

Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Hacıqabulda qatar qadını vurdu

Hacıqabul rayonunda qatar qadını vurub. Sozcu.az xəbər verir ki, hadisə saat 16 radələrində dəmir yolu xəttinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib. Dəmir yolu xəttini keçmək istəyən İbrahimova Təhminə Əhəd qızını qatar vurub. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Səfir: ABŞ Azərbaycan üçün 38 milyon dollara yaxın vəsait ayırıb

ABŞ minalardan təmizləmə əməliyyatları üçün Azərbaycana 38 milyon dollara yaxın vəsait ayırıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ səfiri Mark Libby Ağdamda minatəmizləyənlərin fəaliyyətə başlamalarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib. “Bu gün mən təlimlərini başa vuraraq peşəkar minatəmizləyən kimi fəaliyyətə başlayacaq bu cəsur azərbaycanlı mütəxəssislərə heyranlığımı və hörmətimi bildirirəm. Yeni minatəmizləyənlər arasında qadınları görmək məni xüsusilə sevindirir. Qadınları gücləndirmək ölkənin bütün işçi qüvvəsini işə cəlb etmək deməkdir və onların istedadlarından istifadə etmək istənilən problemin öhdəsindən gəlməyin ən yaxşı yoludur. Sizin işiniz məcburi köçkünlərin öz evlərinə daha tez və təhlükəsiz qayıtmasına kömək edəcək. Nəhayət və ən əsası, sizin işiniz xəsarətlərin qarşısını alacaq və həyatları xilas edəcək”, - diplomat qeyd edib. Səfir vurğulayıb ki, Birləşmiş Ştatlar minatəmizləmə təşkilatlarının texniki potensialının artırılmasına və ölümcül minaların və partlamamış hərbi sursatların təmizlənməsinə yönəlmiş humanitar mina fəaliyyətini dəstəkləməyə sadiqdir: “Biz Azərbaycanın minalardan təmizlənəcəyi günü səbirsizliklə gözləyirik və bu məqsədə çatmaqda Azərbaycanın yanındayıq”.

Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı

Qarabağa müvəqqəti yerləşdirilmiş Rusiya hərbi kontigentindən 294 nəfər, biri qadın olmaqla regionu tərk edib. Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, hazırda sülhməramlı qüvvələrin ikinci partiyasının bölgədən çıxmasına hazırlıq gedir. Eyni zamanda, onların çıxarılan hərbi texnikası və ləvazimatlarının siyahısı da açıqlanıb: 1. Böyük hərbi çadır - 3 ədəd 2. Hamam - 1 ədəd 3. Çamaşırxana - 1 ədəd 4. Sanitar qovşaq - 1 ədəd 5. BTR-26 ədəd 6. KAMAZ Punkt - 3 ədəd 7. URAL Punkt - 2 ədəd 8. KAMAZ yanacaq - 2 ədəd 9. KAMAZ yanğınsöndürən - 1 ədəd 10. KAMAZ kran - 1 ədəd 11. KAMAZ qoşqu - 1 ədəd 12. KAMAZ sanitar - 1 ədəd 13. UAZ-3 ədəd 14. Qoşqu - 5 ədəd 15. 2 klasnı (sərnişin) vaqon (AR-na məxsus) 16. 17 platforma 17. 1 kriti vaqon.

Cəlilabadda yük maşını aşıb - FOTO

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Alar kəndi ərazisində qeydə alınıb. "İsuzu" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsinə ziyan dəyib, xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.apa

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən və vətəndaşlardan daxil olmuş məlumatlar üzrə aparılmış araşdırma əsasında “Recent Group” və “Area Alfa Group” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin rəhbər vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Bu barədə Sozcu.az Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, istintaqla qeyd edilən hüquqi şəxslərin direktorları Sevinc Aslanova və Kamil Curayevin Almaniya, Hollandiya, Slovakiya və başqa ölkələrə iş vizası və dəvəti alınması, eləcə də digər növ məşğulluq məsələlərinin həllinə dair yalan vədlər verməklə 2023-2024-cü illər ərzində ayrı-ayrı vətəndaşlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini onların etibarından sui-istifadə edərək almalarına dair əsaslı şübhələr müəyyən edilib. "Hazırda qeyd olunan bütün faktlar üzrə zərərçəkmiş şəxslərin dairəsi və vurulmuş ziyanın məbləğinin tam müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir", - məlumatda vurğulanıb.

Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı

Bakı şəhəri Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 2005-ci il təvəllüdlü R.Abdullayev və 2006-cı il təvəllüdlü bir qız müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bakıda bu yol 3 gün bağlı olacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan yanacaq-doldurma məntəqəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar olaraq sabah saat 08:00-dan aprelin 21-i saat 22:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik",- deyə məlumatda qeyd edilib.

Aytən Səfərovanın vəziyyəti açıqlandı: Orta ağır...

Tanınmış aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlanıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır.

Prezident onu nazir müavini təyin etdi

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini "iqtisadçı" ixtisasi üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararası Valyuta Birjası" QSC-də başlayıb, sonradan bir sıra kommersiya banklarında çalışıb, 1999-2004-cü illərdə o vaxtlı Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi, 2004-2006-cı illərdə "Bakı Fond Birjası" QSC-nin Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006-2009-cu illərdə İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru, 2009-2014-cü illərdə “Bank Standart” QSC-nin İdarə Heyəti sədrinin müavini, 2014-2022-ci illərdə Təhsil Nazirliyində idarə rəisi işləyib, 2022-ci ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib. Ailəlidir, 2 övladı var.

Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel

Gürcüstanda birinci oxunuşda qəbul edilən “Xarici agentlər haqqında” qanun bu ölkənin Avropa Birliyinə daxil olmaq istəklərinə uyğun gəlmir. Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel deyib. “Gürcü xalqı Avropa yolunu seçdi, buna cavab olaraq da keçən ilin dekabrında Avropa Şurası Gürcüstana namizəd statusu verdi. Açıq deyim, qanun layihəsi Gürcüstanı Avropa Birliyindən daha da uzaqlaşdıracaq”, - Mişel bildirib. Qeyd edək ki, bu gün Gürcüstan parlamenti “Xarici agentlərlə bağlı” qanun layihəsini birinci oxunuşda qəbul edib.

Düzlən! Farağat! Rusiyaya doğru addımla, marş!

Zahid Nurəliyev Bu günlər daha bir tarixi hadisənin şahidi oluruq: Rusiyanın sülhməramlı kontingeti Qarabağı tərk edir. Əslində dünən axşamdan media və sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılmışdı. Bununla belə, rəsmi açıqlama olmadığına görə çoxları bu xəbərə bir o qədər inanmır və ciddi yanaşmırdılar. Amma artıq həm Rusiya, həm də Azərbaycan tərəfi rəsmən Rusiya sülhməramlılarının Qarabağı tərk etməyə başladıqlarını açıqladılar. Əvvəlcə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sülhməramlıların Qarabağdan çıxması haqda suala təsdiqedici cavab verdi: "Bəli, bu, həqiqətən də belədir". Daha sonra Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirdi ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib: "Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər". Beləliklə, rus sülhməramlıları Azərbaycanı vaxtından əvvəl tərk etməyə başlayıblar və bu prosesin yaxın aylarda yekunlaşacağı gözlənilir. Doğrudan da tarixi hadisədir. Çünki rus qoşunlarının yerləşdikləri ərazilərdən çıxması heç zaman asan, qansız-qadasız baş verməyib. Ümumiyyətlə, onlar yerləşdikləri yeri heç vaxt tərk etmək istəmirlər. Elə günümüzdə buna dair misallar gətirə bilərik. Ukrayna və Dnestryanıda, işğal olunan Gürcüstan ərazilərində, Ermənistanda Rusiya hərbçiləri və hərbi bazalarının mövcudluğunu xatırlatmaq kifayətdir. Gəlin, başqa bir məqamı da xatırlayaq. Daha doğrusu, 2020-ci il noyabrın 10-da Üçtərəfli saziş imzalananda Azərbaycanda yaşanan əhval-ruhiyyəni. İşğalçı üzərində möhtəşəm qələbə qazansaq da, sazişə əsasən, Rusiya hərbçilərinin Qarabağa daxil olması ciddi əndişə yaratmışdı. Hamı bu faktı qələbəmizə kölgə salan məsələ kimi qabardırdı. Hər kəs bir az pərt idi. Sazişdə konkret müddət göstərilsə də, açığı, çoxumuz vədə yetişəndə rusların yenidən təxribat törədib Qarabağda mövcudluğunu saxlayacağını düşünürdük. Amma məsələ gözləmədiyimiz halda, həm də vaxtından əvvəl həll olundu. Sakitliklə, mübahisəsiz, qansız-qadasız... Ona görə də bu hadisəni tərəddüd etmədən son illərin tarixi qələbələrindən biri kimi dəyərləndirmək olar. O da maraqlıdır ki, müstəqilliyimiz dövründə Rusiya hərbi kontingenti ikinci dəfə ərazilərimizi tərk etmək məcburiyyətində qaldı. Ümid edək ki, bir daha rus hərbçilərin ayağı torpaqlarımıza dəyməyəcək və bizim onları üçüncü dəfə ölkədən çıxarmaq qayğımız olmayacaq! Qələbən mübarək, Azərbaycan!

Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3?halaşıb – Rəsmi

Bu ilin mart ayında Azərbaycandakı pərakəndə satış məntəqələrində satılan xiyarın 1 kiloqramının orta satış qiyməti 2 manat 85 qəpik, pomidorun orta satış qiyməti isə 2 manat 68 qəpik olub. Sozcu.az açıqlanan rəsmi məlumatlara istinadən xıəbər verir ki, fevral ayı ilə müqayisədə xiyarın qiyməti dəyişməz qalıb, pomidorun qiyməti isə 4,3% və ya 11 qəpik bahalaşıb. Onu da qeyd edək ki, bu ilin fevral ayında Azərbaycan İran və Türkmənistandan pomidor idxal edib. Bir ay ərzində İrandan 26 min 430 kiloqram, Türkmənistandan isə 108 min kiloqram pomidor gətirilib. Qeyd edək ki, hər iki ölkədən gətirilən pomidorun 1 kiloqramının orta gömrük dəyəri 55 sent (94 qəpik) olub.

Hər gün içdiyimiz suyun tərkibində görün nələr var... - Ölüm saçır

“Təəssüf ki, Bakı, Abşeron zonasında əhaliyə verilən içməli suyu “içməli su” adlandırmaq olmaz. Çünki istər bu suyun tərkibində olan ağır metallar, istərsə xlor normadan çoxdur. Eyni zamanda, PH, qələviliyin aşağı olmasına görə, bu suyu içməli su adlandırmaq olmaz. Bu su daha çox texniki suya yaxındır...”  Bu sözləri Yenisabah.az-a Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq  Elçin Bayramlı deyib. Onun sözlərinə görə, hazırda Bakı və Abşeronda təbii su qəbul etmək qeyri-mümkündür: “Müxtəlif ölçmələr apardıqda da bunu aydın şəkildə görmək olur. Üstəlik, keçən il Amerikanın məşhur “Yale” Universitetinin dünyanın 170 ölkəsi arasında apardığı hesabatda Azərbaycan 140-cı yerlərdə qərar tutmuşdu. Bizim ölkə ən çirkli və yarasız suyu olan ölkələrdən sayılır. Belə vəziyyətdə əhalinin təmiz su içmək imkanı demək olar ki, yoxdur. Çünki alternativ variantlar heç də sağlam, təbii su qəbul etməyə imkan vermir. Filterdən keçən su kimyəvi birləşmələri, xloru təmizləyir, bəli, amma faydalı mineralları da sudan götürür. Bu su tamamilə boş, “ölü” su sayılır. Yəni filterlənmiş su da faydalı su deyil.  Digər üsullarla - pambıqdan süzməklə suyun kimyəvi tərkibi heç cür təmizlənə  bilməz, effektsizdir. Qaynadılmış su da “ölü su”  sayılır, onun heç bir müsbət təsiri yoxdur. Mağazalarda satılan qablaşdırılmış sular da filtirlənmiş, “ölü su”dur. Qısası, Bakı, Abşeron zonasında faktiki olaraq təbii içməli su qəbul etmək imkanı yoxdur”.  Ekspert bildirib ki, sudan faydalanmağımız mümkünsüz olsa da, bəzi üsullarla onun zərərlərindən qorunmaq olar: “Əgər çıxış yolunu soruşsanız, heç bir məsləhət verə bilmərəm. Bu məsələdə bizə suyun faydası lazım deyil, çalışıb onun zərərindən qorunmalıyıq. Sular filter aparatından keçiriləndə fayda verməsə də, ən azından zərərsiz olur. Faydalı minerallar itsə də, ən azından bu suda olan təhlükəli maddələr, xlor uzaqlaşdırılır. Təəssüf ki, bu istiqamətdə ciddi bir iş görmürük. Düzdür, son dövrlərdə Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib, bu su digərlərinə nisbətən yaxşıdır, amma nəzərdə tutulan normadan iki dəfə az su götürülür və Bakı əhalisinin üçdə birini təmin edir. Üstəlik bu su əksər hallarda digər sularla qarışdırılır. Beləliklə, o da öz keyfiyyətini itirmiş olur. Sumqayıtda dünya standartlarına uyğun su təmizləyici zavod tikilir, amma bu zavod da Bakı-Abşeron əhalisinin tələbatının maksimum 30 faizini ödəmək iqtidarındadır. Orada təmizlənən su dünya standartlarına cavab verir, amma çox az əhalini təmin edə bilər. Bütün Bakını təmin etmək üçün belə zavodların sayı və gücü artırılmalıdır. Hazırda təəssüf ki, biz bu barədə danışa bilmərik. Saf suyun içilməsi Bakı-Abşeron zonasında faktiki olaraq mümkün deyil”.