Ermənistan XİN Türkiyə ilə sərhədə dair məlumat yaydı

Ermənistan tezliklə Türkiyəyə Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Sozcu.az Sputnik-Armenia-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib, hazırda yekunlaşmaq üzrədir və yaxın vaxtlarda Türkiyə tərəfinə təhvil veriləcək”, - deyə XİN vurğulayıb. Marqara-Əlican keçid məntəqəsinə gəlincə, orada təmir işləri yekunlaşıb. Sərhəd məntəqəsi istismara hazırdır.

“Qalatasaray” rəsmisi azərbaycanlı futbolçulardan danışdı

“Qalatasaray” klubunun İdarə Heyətinin üzvü Emin İmanov azərbaycanlı futbolçuların mümkün transferi ilə bağlı açıqlama verib. Sozcu.az qol.az-a istinadla xəbər verir ki, onun sözlərinə görə, hazırda heç bir azərbaycanlı futbolçu ilə danışıqlar aparmırlar: “Gündəmimizdə bu məsələ yoxdur. Amma “Qalatasaray” futbol klubu olaraq bizim skautlar tək Azərbaycanda yox, bütün ölkələrdə oyunçulara baxırlar. İnşallah, bir gün mən də Azərbaycandan bir oyunçunu “Qalatasaray”da görmək istəyərəm. Amma hazırda belə bir şey yoxdur. Əlbəttə, gələcəkdə Azərbaycan klubundan istədiyimiz mövqəyə oyunçu tapsaq, danışıqlar apara bilərik”.

Biz xəyali sərhədlərdən imtina etməliyik - Paşinyan

Biz heç kimə öz torpaqlarımızı təhvil vermirik. Hər kəsin beynəlxalq tanınmış sərhədləri var, hər kəs bu beynəlxalq tanınmış sərhədlərində yaşamalı, öz inkişafına baxmalıdır. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Vətəndaş Günü münasibətilə Qavar şəhərində gənclərlə keçirilən görüşündə deyib. “Biz xəyali, real olmayan sərhədlərdən imtina etməliyik. Biz xəyali Ermənistandan real Ermənistana keçid etməliyik. Yoxsa bu xəyali Ermənistana görə biz real Ermənistanı da itirə bilərik”, - Paşinyan bildirib. O qeyd edib ki, buna qədər real Ermənistanı sizə anlatmaq istəyənlər öz canlarından oldular, indi isə zamandır real Ermənistan naminə xəyali Ermənistandan vaz keçmək: “Bu övladlarımızı qoruyacaq, Ermənistanı isə nəhayət suveren, demokratik və azad bir dövlət edəcəyik.

İctimai fəala ağır həbs cəzası verildi

Hazırda Tehran şəhərinin Evin həbsxanasında saxlanılan ictimai və sinfi fəal Fərəhnaz Nikxunun işinə yenidən baxılıb. Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb. Məlumatda bildirilib ki, Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi xanım fəal barəsində 10 il həbs qərarı çıxarıb. Fərəhnaz Nikxu "casusluq edərək ölkənin milli təhlükəsizliyinə zərbə vurçaq"da günahlandırılıb. Bundan əvvəl İran Rabitə İdarəsinin əməkdaşı olan 50 yaşlı xanım fəal, 3 dekabr 2022-ci ildə ölkəni tərk istədiyi vaxt həbs edilib. O, uzun müddət İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təcridxanasında dindirildikdən sonra 30 aprel 2023-cü ildə Evin həbsxanasının qadınlar bölməsinə köçürülüb. Fərəhnaz Nikxu ona qarşı irəli sürülən ittihamları qəbul etməyib, onun təhlükəsizlik məmurları ilə əməkdaşlıq etmədiyinə görə cəzalandırıldığını bildirib.

Yataraq arıqlaya bilərsiniz! - NECƏ?

Belimizi incəltmək üçün idman zalına deyil, yuxuya ehtiyacımızın olması biraz absurd səslənir. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, absurd səslənsə də, amma yaxşı yatmaq arıqlamaq üçün vacib olan vərdişdir. Xüsusilə də, gün ərzində aktiv həyat keçirirsinizsə, yuxu ilə bağlı bir neçə yalnış davranışdan qaçaraq arıqlama prosesini sürətləndirə bilərsiniz. Araşdırmalar göstərir ki, az yatan insanlar daha çox kalorili qidalar qəbul edirlər. Amma bunun səbəbi uzun müddət oyaq olmaqları deyil, yuxunun aclığı nəzarətdə saxlayan hormonlar əmələ gətirməsidir. Əgər yatmaq üçün həftə sonunu gözləyib həftə içi az yatırsınızsa, daha çox aclıq hiss etməyiniz normaldır. Həmçinin yatmazdan 20-30 dəqiqə əvvəl elektronik cihazları və işığı söndürməyiniz, spirtli içki qəbul etməməyiniz də məsləhət görülür. Yatmazdan öncə idmanla məşğul olmaq isə doğru seçim deyil.

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Rəqqasə Fatimə Fətəliyeva biznesinə görə məhkəməlik olub. Moderator.az yazır ki, sənətçi bu barədə verilişlərin birində danışıb. O bildirib ki, gözəllik mərkəzinin adına görə problem yaşayıb: “Əvvəl məclislərə rəqqasə kimi gedirdim. Artıq yox. Bu gün böyük bir mərkəzin rəhbəriyəm. İllərdir salonumun adı eynidir. Amma eşitdim ki, məni məhkəməyə veriblər. Dünən də məni məhkəməyə dəvət etmişdilər, bir həftə sonraya təxirə düşdü. İki-üç həftə dedilər ki, bu addan istifadə edə bilməzsiniz, bizim lisenziyamız var. Mən də dedim ki, beş-altı ildir salonun adı belədir. 30-a yaxın işçim var, rəqs məktəbim də oradadır. Mən də adını dəyişdim, öz adımı verdim. İlk dəfə xarici adı vermişdim, dedilər xarici olmaz, adını fərqli qoydum. Çoxunuz gözləyirdiniz ki, Fatimə batacaq”. Amma mən batmayacağam. Qoç bürcüyəm. Axıra kimi gedəcəyəm”.

İçki məclisindən sonra tanışını ÖLDÜRDÜ

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub.. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında peşəkarlıqla icra olunan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Sərxan Əliyevin Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində birində tanışı Zaur Seyfullayevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncuya yumruqla zərbə vurması nəticəsində onun yıxılaraq aldığı xəsarətdən ölməsi və bundan sonra zərəçəkmiş şəxsin meyitini basdırmasına əsaslı şübhələr müəyyən edilib. Sərxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Həmçinin, Sərxan Əliyevin ilkin ifadəsi əsasında Zaur Seyfullayevin meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalist və ekspertin iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Bakı metrosunda ÖLÜM

Bakı metrosunun "Memar Əcəmi" stansiyasının keçidində təxminən 60-65 yaşlarında bir qadın epilepsiya tutmasından dünyasını dəyişib. Bu barədə Sozcu.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Qeyd olunub ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.

Azərbaycanda TikTok ləğv edilir? - Gözlənilməz qərar

ABŞ-da TikTok platforması bağlanıb. Bu şəbəkənin Azərbaycanda da bağlanması çağırışlarına vaxtaşırı rast gəlinir. İctimaiyyət orada yerli tiktokçuların əxlaqa zidd hərəkət etdiyini bildirir və narazılıq edir. İndiyə kimi bir neçə tiktoker sutkalıq həbs edilib. Onlar qanunsuz çağırışlar etdikləri və əxlaqsız davranışlara yol verdikləri üçün hüquqi şəkildə cəzalandırılıblar.  Yeri gəlmişkən, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi son sorğularından birində respondentlərin 75 faizi bu sosial şəbəkə platformasının qapadılmasına razı olduğunu bildirib. Mövzunu Globalinfo.az-a şərh edən Ovqat.com saytının baş redaktoru Heydər Oğuz deyib ki, müasir çağımızda sosial şəbəkələr ən dağıdıcı silah hesab olunurlar. Onun sözlərinə görə, böyük dövlətlər bu şəbəkələr vasitəsilə insanın fitrətindən gələn ünsiyyət ehtiyacından və basdırılmış güclərindən faydalanıb, öz təsir dairələrini yaradırlar: “Bu mənada nəzarət altına ala bilmədiyin istənilən sosial şəbəkə dövlətlərin milli təhlükəsizlik probleminə çevrilə bilər. Düşmən dövlətlər həmin silahla sənin ölkənin insanlarını özünə qarşı qaldırar, böyük dağıntılara yol aça, nəticədə səni özündən asılı vəziyyətə sala bilər. ABŞ da əslində TikTok bu səbəbdən bağlamağa qərar verdi. ABŞ Senatının Kəşfiyyat Komitəsinin üzvü Marko Rubio bu faktı açıq şəkildə etiraf edərək deyib: “İllər boyu Çin Kommunist Partiyasına Amerikadakı ən məşhur proqramlardan birinə nəzarət etməyə icazə verdik, bu, təhlükəli bir uzaqgörənlik idi”. Senator bu təhlükənin qarşısını almaq üçün TikTok-un satın alınmasını istəyirdi. Çin də bununla razılaşmadığına görə, ABŞ TikTok-u qadağan etdi. Yəni demək istədiyim odur ki, TikTok-un əxlaqa zidd yayımlar etməsi, heç bir senzuraya əhəmiyyət verməməsi Vaşinqton üçün önəmli deyildi. Sadəcə, ona nəzarət edə bilmədiyindən öz ölkəsində mövcudluğunu da istəmədi”. TikTok, Telegram və s. kimi sosial şəbəkələrin ən zəruri senzuraları tətbiq etməməsinin düşünülmüş bir siyasət olduğunu bildirən Heydər Oğuz bu kimi naqis əməllərin əslində digər tətbiqlərdə də mövcud olduğunu qeyd edib:  “Sadəcə, birində daha bariz şəkildə görünür, başqalarında qismən nəzərə çarpmır. Belə əxlaqazidd qaydaların tətbiqi həmin sosial şəbəkələrin insanın fitrətindən doğan zəifliklərə uyğun şəkildə yaradılmasından irəli gəlir. Əvvəla, onu xatırladım ki, “insan” ərəbcə “ünsiyyət” sözündən irəli gəlir. Yəni bizim ilk özəlliyimiz ünsiyyətcilliyimizdir. İkinci mühüm özəlliyimiz azadlıq duyğumuzdur. Söhbət təkcə əxlaqi azadlıqdan getmir. Söhbət həm də ondan gedir ki, əxlaq qaydalarının özü belə insanın vəhşi azadlıq hissini məhdudlaşdırır. Təsadüfi deyil ki, bir çox əxlaq kodeksləri ilahi mesajlardan irəli gəlsə də, bəziləri sırf insanları istismar etmək üçün hakim rejimlər tərəfindən yaradılır. Bu da nəticə etibarilə insanların vəhşi azadlığa meylini artırır. Dünyanı idarə etmək istəyən güclər də məhz bu zəif nöqtəmizdən yapışıb bizi özünə bağlayır”. Heydər Oğuz bunun təkcə sosial şəbəkələr vasitəsilə yox, həm də bəzi ideoloji axımlar yolu ilə cəmiyyətə təlqin olunduğunu düşünür:  “Bilirsiniz ki, Avropada cinsi azlıqlar, qeyri-ənənəvi ailə münasibətləri insan hüquqları adı ilə cəmiyyətlərə sırınır və onların hüquqları ən yüksək səviyyədə qorunur. Bu da yeri gələndə klassik əxlaqa zidd hadisədir. Milli əxlaqları ortadan qaldırıb, onun yerinə vəhşi azadlıq təmayülləri gətirmək çinli, abş-lı bütün imperialist qüvvələrin başlıca siyasətləridir. TikTok-la bağlı ABŞ və Çin arasında çıxan qalmaqal da əslində bu imperialist silaha sahiblənmək uğrunda gedir”. Əxlaq və mədəniyyətimizi qorumağımızın əsas vəzifəmiz olduğunu bildirən H.Oğuz dünyada gedən qlobal dəyişikliklərdən də geri qala bilməyəcəyimizə inanır:  “Odur ki, bu cür sosial şəbəkələri bağlaya bilmərik. Əks halda bütün innovativ yeniliklərə qapımızı bağlamış olarıq. Nəticədə inkişaf tempimizi itirərik. ABŞ ona görə TikTok-u bağlaya bilir ki, onun yerinə özü nəsə yarada biləcəyini düşünür. Bəlkə də TikTok-la rəqabətdə ondan daha tərbiyəsiz və qayda-qanun tanımaz sosial şəbəkə meydana gətirəcək. Bizim isə belə şansımız yoxdur, hətta olsa belə, yaradacağımız həmin silah cəmiyyətimizin mental dəyərlərini qorumayacaq. Sadəcə biz də nəzəri olaraq başqa dövlətlərə təsir gücü qazana bilərik”.

ABŞ səfirliyi Şuşada mina partlaması ilə bağlı paylaşım etdi

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün Şuşada baş verən mina partlayışı barədə məlumat yayıb. Sozcu.az xəbər verir ki, bununla bağlı səfirliyin "X" hesabında paylaşım edilib. "Bu gün mina partlaması nəticəsində ANAMA əməkdaşının xəsarət alması xəbəri bizi kədərləndirdi. Birləşmiş Ştatlar ölkəni minalardan təmizləmək səylərində Azərbaycana dəstək vermək öhdəliyində qətiyyətlidir. Bütün mina qurbanlarının və onların ailələrinin kədərini bölüşürük", - məlumatda bildirilib. Qeyd edək ki, aprelin 27-də ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Sozcu.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb, Kürəkçay-Toğana, Gəncəçay-Zurnabad və Əsrikçay-Əsrik Cırdaxan məntəqələrində isə dəyişməyib. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlı, Zabuxçay-Bozlu məntəqələrində suyun səviyyəsi 2, Tərtərçay-Vəngdə 1 santimetr artıb. Bərgüşadçay-Əliquluuşağı, Bəsitçay-Rəzdərədə və Tutqunçay-Comərddə suyun səviyyəsi 1 santimetr azalıb, Tərtərçay-Kəlbəcər məntəqəsində isə dəyişiklik müşahidə olunmayıb. Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo və Lənkərançay-Sifidor məntəqələrində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Naxçıvan Muxtar Respublikası ərazisindən axan Gilançay-Nürgüt məntəqəsində suyun səviyyəsi 4 santimetr azalıb, Naxçıvançay-Qarababa, Əlincəçay-Ərəfsə məntəqələrində isə suyun səviyyəsi dəyişməyib. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb və su sərfi saniyədə 498 kubmetr qeydə alınıb ki, bu da ongünlük normanın 70 faiz təşkil edir. Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb və su sərfi 148 kubmetr/saniyə olub. Bu da ongünlük normanın 83 faizinə bərabərdir. Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr azalıb, su sərfi saniyədə 279 kubmetr təşkil edib. Bu da ongünlük normanın 34 faizini təşkil edir. Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10, Kür-Salyanda 1, Kür-Bankədə isə 3 santimetr azalıb.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 794-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 465 054 hərbçi, 7 268 ədəd tank, 13 971 ədəd zirehli döyüş maşını, 11 905 ədəd artilleriya sistemi, 1 049 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 775 hava hücumundan müdafiə sistemi, 348 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 16 019 ədəd avtomobil texnikası, 9 485 ədəd PUA, 2 124 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 968 xüsusi avadanlıq itirib.

"Dövlət orqanlarına girib, hər kəsi güllələmək istəyirdim"

Deputat Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində DİN-in əməliyyat qrupunda iştirak edən əməkdaşı ifadə verib. "Rəşad Əhmədovun psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduqdan sonra dərhal mənim rəhbərlik etdiyim əməliyyat qrupu yaradıldı. 2023-cü il aprelin 14-də Ələt qəsəbəsində əməliyyat keçirdik, Rəşad Əhmədov şübhəli şəxs qismində saxlanıldı", - o bildirib. Daha sonra hakim işdə olan sənədlərin tədqiqi mərhələsinə başlanıldığını elan edib. Azər Səricanov deyib ki, Fazil Mustafanı cəzalandırmaq istəyiblər: "Fazil Mustafanın dini çıxışlarına etiraz edib, buna görə də onu cəzalandırmaq istəyirdik. Sonra başqa dövlət orqanlarına da silahla girib, hər kəsi güllələmək istəyirdim". Sonra onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilib. Azər Səricanov 2 iyun 2023-cü il tarixdə istintaqa verdiyi ifadəsində bildirib ki, Rəşad Əhmədovu 2023-cü ildə tanıyıb: "Rəşada kərə yağı sata biləcəyimi söylədim, razılaşandan sonra hər 10-15 gündən bir 15-20 kiloqram çəkidə kərə yağı vermişdim. Bu münasibətlərlə bağlı əlaqələrimiz daha da yaxşılaşıb. Təxminən 2023-cü ilin yanvar ayında Rəşadla söhbət edən zaman sərhədyanı ərazilərdə əsgərlikdə olduğunu dedi. Ondan həmin əraziləri yaxşı tanıyıb-tanımadığını soruşdum. O da yaxşı tanıdığını söylədi. Rəşada lazım olsa, sərhəddən qeyri-qanuni yollarla İrana adam keçirə bilib-bilməyəcəyini soruşdum. Rəşad da mənim üçün bunu edə biləcəyini bildirdi. Nə üçün bunu soruşduğumu maraqlandıqda ona həmin vaxt heç nə demədim". A.Səricanov həmçinin istintaqda deyib ki, həmin zaman da Fazil Mustafaya qarşı terror aktı törətmək üçün plan qurmaqla məşğul olub. Bununla əlaqədar, Rəşad Əhmədova Fazil Mustafa ilə bağlı sosial şəbəkələrdə olan paylaşımları tapmasını və özündə fikir formalaşdırılmasını tapşırıb. Onun sözlərinə görə, görüşlərində Fazil Mustafa ilə bağlı danışanda Rəşad özü də onun fikirləri ilə razılaşmadığını bildirib: "Əsas məqsədim Rəşadda Fazil Mustafaya qarşı nifrət və kin oyatmaq olub. Daha sonra həmin ərəfələrdə Rəşada açıq olaraq Fazil Mustafanı cəzalandırmaq niyyətində olduğumu açıqladım. O özünün Valeh adlı uşaqlıq dostunun İranda “Hüseyniyyun” təşkilatı ilə əlaqəsinin olduğunu bildirdi. Mən də Fazil Mustafaya qarşı sui-qəsd törətmək fikrimin olduğunu, bu cinayətdə iştirak edən şəxslərin İranda himayə olunması üçün Rəşada Valehlə gedib danışmasını və bu işdə iştirak edə biləcək adamları Rəşadın qeyri-qanuni yollarla İrana keçirməsini istədim. Rəşad da Fazil Mustafaya qarşı həyata keçirilməli olan sui-qəsddə iştirak edən adamları qeyri-qanuni yollarla İrana keçirməyinə və İrana gedib Valehlə bu məsələni danışacağına söz verdi". Məhkəmənin növbəti iclası mayın 10-a təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sərucanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

Azərbaycanda zərərlə işləyən zavod BAĞLANIR

“Qazax Konserv Zavodu” ASC bağlanır.  Sozcu.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılan illik yığıncağında müzakirə ediləcək. Səhmdarların ümumi yığıncağında, həmçinin aşağıdakı məsələlər müzakirə ediləcək: - 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzrə Cəmiyyətin illik hesabatlarının və maliyyə hesabatlarının təsdiqi, mənfəət və zərərin bölüşdürülməsi. - Cəmiyyətin ləğvi. - Cəmiyyətin ləğvi ilə əlaqədar olaraq kollegial icra orqanı olan İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının) fəaliyyətinə xitam verilməsi, Ləğvetmə Komissiyası yaradılması və qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin Ləğvetmə Komissiyasının sədrinə həvalə edilməsi. - Cəmiyyətin ləğv prosesində olmasına dair məlumatların kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi ilə bağlı məsələlər. - Cəmiyyətin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq investisiya qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi ilə bağlı məsələlər. Xatırladaq ki, "Qazax Konserv Zavodu” 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 158 572 milyon manatdır. “Azərsun Holdinq” MMC-yə məxsus müəssissə son illər zərərlə işləyir. 

Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü

Bakıda qadın intihar edib. Sozcu.az xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. 35 yaşlı Y.B. yaşadığı evin həyətindəki ağacdan özünü asaraq, həyatına son qoyub. Qadının ailədaxili mübahisələrdən bezərək özünü öldürməsi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək. (Lent.az)

Aprelin sonuncu bazar günü hava yenə isti olacaq

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

ABŞ Ukrayna üçün 6 milyardlıq silah sifariş edir

ABŞ Ukraynaya 6 milyard dollar dəyərində hərbi yardım paketini tamamlayıb və bu gün elan edə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” ABŞ dövlət qurumlarındakı mənbələrə istinadən məlumat yayıb. “Paket Ukrayna üçün yeni silah və sursatların istehsalı üçün Amerika şirkətləri ilə müqavilələri əks etdirir. Bu baxımdan sözügedən yardım partiyaları gecikə, hətta proses bir neçə il çəkə bilər. Vaşinqton Kiyev üçün “Patriot” raketləri, PUA-lar, dronlarla mübarizə vasitələri, eləcə də Ukrayna təyyarələri üçün “hava-hava” tipli raketlər sifariş edir. Sifarişlərə ödəniləcək 6 milyard dollar Ukrayna üçün təsdiqlənmiş 61 milyard dollarlıq yardım paketindən götürüləcək. Sadalanan silah və sursat növləri ilə yanaşı, Ukrayna üçün əks-akkumulyator radarları, artilleriya, taktiki maşınlar və dəqiq idarə olunan sursatlar sifariş ediləcək”, - mənbə bildirib.

Pomidor turşusundan zəhərlənən şəxs öldü

Aprelin 15-də saat 10:15-də Zaqatala rayon sakini Murad Ramazan oğlu Ramazanov “Botulizm (turşu) zəhərlənməsi” diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olub. Baş Prokurorluqdan Sozcu.az-a verilən məlumata görə, Zaqatala rayon sakini aprelin 25-də saat 23:00 radələrində müalicə aldığı xəstəxananın Toksikologiya şöbəsində vəfat edib. İlkin araşdırma zamanı müəyyən edilib ki, M.Ramazanov pomidor turşusu yedikdən sonra özünü narahat hiss etdiyi üçün xəstəxanaya müraciət edib. Araşdırma aparılır.

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Yayılan xəritəyə əsasən, Kirants istiqamətində yolun, xüsusən də körpünün bir hissəsi Azərbaycanın nəzarəti altında olacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. “Dünən səhər saatlarında bəzi kənd sakinləri körpüdə avtomobil görüblər. Sakinlərdən biri bildirdi ki, kənddə ağır texnika da peyda olub. Bu da artıq mövqelərin söküntüsü prosesinə başlanıldığını göstərir”, - nəşr bildirib.

Nəsib Quliyevin övladları və xanımı yasda iştirak etmədi - Yeni faktlar - VİDEO

Bir neçə gün öncə odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. Sozcu.az xəbər verir ki, yasda iştirak edən Musavat.com-un əməkdaşlarının məlumatına görə, sabiq baş pediatrın yas mərasimində xanımı və övladları iştirak etməyib.

Bakı və İrəvan arasında yeni razılıq: Tarixi tezliklə açıqlanacaq

Qazaxıstanın təklif etdiyi Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında mümkün görüşün tarixi razılıq əldə olunan kimi elan ediləcək. Sozcu.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. “Ermənistan həqiqətən Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə yönəlmiş vasitəçilik səylərini və ya danışıqlar platformalarını nəzərdən keçirir, fundamental prinsipləri və qarşılıqlı razılaşdırılmış sənədləri, o cümlədən Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında qarşılıqlı tanınma prosesini dəstəkləyir”, - deyə o qeyd edib. Yada salaq, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl bəyan etmişdi ki, Bakı Qazaxıstanda görüşə razıdır.

Məktəb və bağçalarda yaz tətili başlayır - Tarix AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarında və ibtidai siniflərində əlavə yaz tətili başlanır. Bu barədə Sozcu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, tətildən sonra ilk dərs günü mayın 6-da olacaq.

Rusiya NATO ilə müharibəni uduzacaq - Sikorski

Rusiya NATO üzvü olan hər hansı dövlətə hücum edərsə, mütləq məğlub olacaq. Sozcu.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib. "Alyans Rusiyadan üç dəfə çox hərbi personala, üç dəfə çox hava resursuna və dörd dəfə çox gəmiyə malikdir. Birinci səfərbərlik dalğasından sonra Rusiyada 1 milyon 300 mindən bir qədər çox hərbi qulluqçu oldu. NATO-nun hərbi personalı əlavə səfərbərlik olmadan 3,5 milyondan çoxdur. NATO və AB ölkələrinin nominal ÜDM-i 45 trilyon dollardan çoxdur. Rusiya və Belarusun ümumi ÜDM-i cəmi 2,2 trilyon ABŞ dolları, yəni 20 dəfə azdır”, - o bildirib.

Bakıda narkotik satışının yeni forması - Divarlara ünvan yazırlar

“Çox dəhşətli bir məsələ var. Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum Teleqram kanallarının ünvanı yazılır. Sən demə məlum olub ki, bu kanallar narkotik vasitə satışının təşkili üçündür. Elə bir sistem qurulub ki, bu kanallar vasitəsilə satıcını görmədən narkotik vasitələr əldə etmək olur. Belə yazılar yavaş-yavaş məktəblərə yaxın yerlərdə də peyda olmağa başlayıb”. Sozcu.az xəbər verir ki, bunu bloger Fərid Pərdəşunas öz sosial şəbəkə hesabında yazıb. "Azercell və Azərbaycan Cüdo Federasiyası isə #DoğruYolBudur sosial təşəbbüs layihəsinin bir hissəsində bu yazıları qapatmağa başlayıb. Artıq o yazılar silinir və üzərinə belə mesaj ifadə edən posterlər yapışdırlır. Bu məsələ ictimailəşməlidir. Gözümüzün önündə, küçədə, evimizdə gizli təbliğat gedirmiş. Müvafiq qurumlar dərhal həmin Teleqram kanallarına yönələn linki bloklamalıdır. Mən baxdım, link aktivdir. Sayta, oradan teleqrama yönəldir. Birmənalı link bağlanmalıdır. Hələlik, linklər bloklanana qədər əgər belə link olan yazılar gördüyünüz küçə, divar, qarajlar varsa, rəydə fotolarını atın və adreslərini yazın, üzərini bu formada bağlatdıraq”-deyə o, bildirib.BakuPost)