Sumqayıtda avtobus tamamilə yandı

Sumqayıt şəhərində avtobus yanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrarayon ərazisində baş verib. Belə ki, ərazidə hərəkətdə olan 2 nömrəli avtobus alışaraq yanıb. Yanğın nəticəsində avtobus tamamilə yararsız vəziyyətə düşüb.

Monqolustandan Azərbaycana gətirilən ətdə təhlükə: “Aİ ümumiyyətlə öz ərazisinə buraxmır”

“Keçən il Azərbaycana Monqolustandan 391 ton qoyun əti gətirilib. Bu ilin rəqəmləri daha da çox ola bilər, çünki orda ətin kilosu cəmi 5–6 manata alınır”. Sozcu.az xəbər verir ki, bu sözləri öz “Facebook” səhifəsində jurnalist Orxan Atabəy yazıb. O bildirib ki, bu ölkədən gətirilən ətlər insan səhhəti üçün təhlükəli ola bilər:  “Monqolların çoxu Tibet buddizminə inansa da, qədim tengrizm adətlərini qoruyublar. Onlara görə torpağı, çayı çirkləndirmək günahdır. Buna görə heyvanı öldürəndə qarınlarından kiçik dəlik açıb əllə ürəyi damardan ayırırlar. Həm də düşünürlər ki, heyvan bu ölümlə əziyyət çəkmir. Qan torpağa düşmədən əzələlərin içində qalır. Bu problemlidir, çünki qan viruslar, bakteriya və mikroblar üçün ən yaxşı qida mühitidir. Özləri üçün problem deyil, dərhal parçalayaraq uzun-uzadı qaynadıb yeməyi xoşlayırlar. Beləliklə, qan onların menyusunda suda laxtalanıb itir. Bizim üçün isə kəsirlər anbarda toplayırlar, qablaşdırırlar və uzun zaman keçir, sonra həftələrlə yol gəlir və kababxanalara, topdan satış məntəqələrinə paylanır. Hansısa həftələr, aylar içində satılır. Bildiyiniz kimi, manqalda qısa bişirmə ilə bütün parazit və mikroblar ölmür. Baş verə biləcək xəstəlik növləri üçün gərək ayrı bir status yazım”. Orxan Atabəy qeyd edib ki, ölkə 1,5 milyon dollar dəyərində Monqolustan əti gətirilib: “Mən araşdırdım: Avropa İttifaqı belə əti ümumiyyətlə ərazisinə buraxmır, çünki standartlara cavab vermir. Yalnız çox məhdud miqdarda, ciddi sertifikat və laborator yoxlamalardan sonra qəbul edirlər. Ona görə də idxal etmək heç kimə sərf etmir. Keçən il Monqolustandan Avropaya cəmi 20 min dollar dəyərində hissələr (əsasən quyruq) aparılıb. Balaca Azərbaycanımıza isə eyni ildə 1,5 milyon dollar dəyərində Monqolustan əti gətirilib”.

Azərbaycan üzərindən Gürcüstana 50 milyonluq heroin keçirən iranlı həbs olundu

İrandan Azərbaycan ərazisi vasitəsilə Gürcüstana 200 kiloqram heroin keçirməyə cəhd edən əcnəbi barəsində Tbilisi Şəhər Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Sozcu.az xəbər verir ki, məhkəmə Gürcüstan Baş Prokurorluğunun vəsatətini təmin edib. İran vətəndaşı olan təqsirləndirilən şəxsin vəkili mətbuata açıqlamasında bildirib ki, müvəkkili özünü təqsirli bilmir. Onun sözlərinə görə, nə yük maşını, nə də narkotik vasitələr həmin şəxsə məxsus olub. İlkin istintaq zamanı müəyyən edilib ki, heroin Bolqarıstana ixrac üçün nəzərdə tutulub. Xatırladaq ki, külli miqdarda narkotik Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində saxlanılan, balıq yemi ilə yüklənmiş yük maşınına baxış zamanı aşkarlanıb. Narkotik vasitə 8 kisədə gizlədilmiş formada tapılıb. Müsadirə edilmiş heroinin “qara bazar” qiyməti 50 milyon ABŞ dollarından çoxdur. /qafqazinfo.az/

Çində sabiq nazir edam cəzasına məhkum edildi

Çinin keçmiş kənd təsərrüfatı naziri Tan Jentszyan rüşvətxorluğa görə iki il möhlət verilməklə edam cəzasına məhkum edilib. Sozcu.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Qərar Çinin şimal-şərqindəki Jilin əyalətinin Çançun şəhərinin Xalq Məhkəməsi tərəfindən verilib.  Tan ömürlük siyasi hüquqlardan məhrum edilib. Onun bütün şəxsi əmlakı, eləcə də hər hansı qanunsuz gəliri dövlət tərəfindən müsadirə olunacaq. Müəyyən edilib ki, sabiq nazir 2007-2024-cü illərdə həm mərkəzi, həm də yerli səviyyələrdə müxtəlif vəzifələrdə çalışaraq, təşkilatlara və şəxslərə biznes əməliyyatları, müqavilələr, kadr siyasəti kimi məsələlərdə köməklik göstərmək müqabilində rüşvət alıb. Rüşvətlərin ümumi məbləği 268 milyon yuanı (təxminən 38 milyon dollar) ötüb./Oxu.az

Ukrayna Rusiyanın bu İES-ni darmadağın etdi

Ukrayna ordusu Belqorod İES-ə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, bu İES Rusiya hərbi sənaye kompleksinə aid müəssisələri enerjilə təmin edirdi.

MİT Suriyada İŞİD-ə qarşı əməliyyat keçirdi

Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın İdlib vilayətinin Atme şəhərində İŞİD terrorçularına qarşı əməliyyat keçirib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD üzvü olan 14 nəfərlik qrup Türkiyə vətəndaşı Binəli Aslanı öldürüb, ona məxsus avtomobili ələ keçirib və Suriyaya qaçıblar. Daha sonra əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qrupun Suriyada yaşadığı ünvan müəyyən edilib. Suriya Daxili Təhlükəsizlik Xidməti ilə birgə baş tutan əməliyyat zamanı silahlı müqavimət göstərən qruplaşma üzvlərindən 8-i zərərsizləşdirib, 6-sı sağ ələ keçirilib. Sağ qalan şəxslər Türkiyəyə təhvil verilib.

"ChatGPT" istifadəçilərinə pis xəbər...

"OpenAI" şirkəti "ChatGPT"də reklam yerləşdirməyə hazırlaşır. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, şirkət "ChatGPT"də reklam formatlarının tətbiqi imkanları da daxil olmaqla, strategiyasında əhəmiyyətli dəyişikliklər olacağını elan edib. Şirkətin tətbiqlər üzrə yeni direktoru Fici Simo pul qazanma ilə bağlı departamentə rəhbərlik edə biləcək yüksək səviyyəli menecer axtarışına başlayıb. Bu mütəxəssis abunə xidmətlərinin inkişafı və "ChatGPT" də daxil olmaqla, "OpenAI" məhsulları üçün reklam vasitələrinin yaradılmasına cavabdeh olacaq. Fici Simo texnologiya dünyasında tanınmış simadır. O, əvvəllər Feysbukun inkişafına nəzarət edib və "Meta"nın reklam modelinin genişləndirilməsində əsas rol oynayıb. İndi "OpenAI" onun bu təcrübəsini süni intellekt sahəsinə tətbiq etməyi planlaşdırır. İnsayderlərin sözlərinə görə, yeni menecer Sem Altmana yox, birbaşa Simoya hesabat verəcək. Qeyd edək ki, hazırda "OpenAI" "ChatGPT Plus" abunəliklərindən və korporativ həllərdən gəlir əldə edir.

“Kasıbçılıq, atasızlıq nədir, hamısını gördük”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu musiqiçi qardaşı Nicat Məhəmmədoğlu ilə birlikdə çəkilən fotosunu sosial şəbəkədə paylaşaraq izləyicilərinə duyğusal mesaj ünvanlayıb. Sozcu.az xəbər verir ki, paylaşımında kasıblıq, yoxsulluq və atasızlıqla keçən çətin həyat yollarından bəhs edən sənətçi bu sözləri yazıb: “Kasıbçılıq, yoxluq, atasızlıq nədir, hamısını gördük iki qardaş. Əzizlərim, sizə bir söz deyim. Çətin günlərdən qorxmayın. Hər qaranlıq gecənin işıqlı səhəri var. Biz hər günümüzə şükür etdik".

Medina 100-ə çatdı

Misli Premyer Liqasının VI turu Kevin Medina üçün əlamətdar olub. Sozcu.az PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ”ın kolumbiyalı müdafiəçisi Azərbaycan çempionatında 100-cü oyununu keçirib. Onun yubileyi “Qəbələ” ilə ev matçına (2:0) təsadüf edib. Cənubi amerikalı start heyətində çıxdığı qarşılaşmada 90 dəqiqə meydanda olub. 32 yaşlı orta xətt oyunçusu Premyer Liqada yalnız “Qarabağ” formasını geyinib. O, 2020/21 mövsümündə debüt etdiyi çempionatda 2 qola imza atıb. Qeyd edək ki, Medina Azərbaycan çempionatlarının yüksək dəstəsində 100 və daha çox oyun keçirən 443-cü futbolçudur. 

Fərid Əsgərov generalı işdən çıxardı

Azərbaycan Dövlət Mühafizə Xidmətində kadr dəyişikliyi olub. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, general Rauf Əbdürrəhmanov tutduğu vəzifədən azad olunub. Bununla bağlı xidmətin rəisi Fərid Əsgərov əmr imzalayıb. 

Abşeronda yeniyetmələr arasında bıçaqlanma olub

Abşeronda yeniyetmələr arasında münaqişə bıçaqlanma ilə nəticələnib. Sozcu.az xəbər verir ki, hadisə Hökməli qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 18 yaşlı H.Cəfərov müxtəlif bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polis hadisə ilə bağlı aparılan araşdırmalarla müəyyən edib ki, cinayəti onun həmyerlisi, 19 yaşlı Nadim Alxasov tərəfindən törədib. O saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

BMT İrana qarşı sanksiyaları bərpa etdi

BMT İrana qarşı sanksiyaları bərpa edib. Sozcu.az bu barədə "Kommersant" nəşrinə istinadla xəbər verir. Məhdudiyyətlərə, digər məsələlərlə yanaşı, İranın xarici aktivlərinin dondurulması, istənilən nüvə texnologiyasının istehsalına qadağa qoyulması və silah embarqosunun bərpası daxildir. Qeyd edək ki, sanksiyaların bərpası mexanizmi bir ay əvvəl Böyük Britaniya, Almaniya və Fransa tərəfindən işə salınıb. Ölkələr Tehranı İranın nüvə proqramını tənzimləyən 2015-ci il Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində öz öhdəliklərinə israrlı şəkildə əməl etməməkdə ittiham ediblər.

Putin başqa cəbhə açacaq - Zelenski

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibə bitməmiş yeni bir cəbhə açmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladmir Zelenski brifinqdə çıxış edərkən deyib. “Kreml Avropanın reaksiyasını PUA təxribatları ilə yoxlayır. Çünki Kiyevə olan dəstəyi zəiflətməyə çalışır. Rusiya hərəkətləri gözlənilməz olmayıb. Artıq Putinin yeni müharibəyə hazırlaşdığı barədə xəbərdarlıqlar edilmişdi. Mən düşünürdüm ki, bu daha tez baş verəcək və bu barədə danışmışam. Sual yaranır ki, Putin Ukraynada müharibənin bitməsini gözləməyəcəkmi? O başqa cəbhə açacaq. Ukrayna artıq bir neçə ölkə ilə məsləhətləşmələr aparıb. Lakin hansı ölkələrlə olduğunu açıqlamayacağıq. Dron əleyhinə əməliyyatlar ilə bağlı mütəxəssislər birgə qrup yaradacaq və bəzi ölkələrin nümayəndələri təlim üçün Ukraynaya gələcəklər”, - deyə Zelenski bildirib.

Bir neçə dəfə atəş açdılar, xəbərdarlıqdan sonra... - Zelenski

Ukraynaya qarşı Rusiya tərəfindən başlanmış genişmiqyaslı işğalın əvvəlində bir neçə atəş Dnestryanı tərəfindən açılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. Onun sözlərinə görə, özünü “müstəqil” elan etmiş Dnestryanı bölgəyə rəhbərlik edən şəxslər Ukraynadan qorxduqları üçün sakit davranırlar: “Çünki müharibənin əvvəlində bizdən xəbərdarlıqlar aldılar. Həmin ərazidən bir neçə atəş açıldı. Biz onlara yaxşı bir xəbərdarlıq etdik, şəxsən mənim tərəfimdən və buna görə də indi orada sakitdirlər”. Eyni zamanda Zelenski xəbərdarlıq edib ki, əgər sabah Moldovada keçiriləcək seçkilərdə prorusiya qüvvələri qalib gəlsələr, Dnestryanı hakimiyyəti yenidən “səs-küylü” ola bilər.

Bu çaydan sel keçir – Faktiki hava

Sentyabrın 28-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, sentyabrın 28-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub. Yağan yağıntının miqdarı Astarada 57, Lənkəranda 52, Lerikdə 29, Yardımlıda 14, Qəbələdə 13, Balakəndə 11, Zaqatala, İsmayıllıda 10, Daşkəsəndə 9, Oğuzda 8, Qaxda (Sarıbaş) 7, Cəlilabadda 6, Altıağacda (Xızı) 5, Şəkidə 4, Quba, Gədəbəy, Yevlax, Göygöldə (Hacıkənd) 3, Naftalan, Göyçay, Biləsuvarda 2, Xaçmaz, Qusar, Şabran, Şahdağ, Şamaxı, Mingəçevir, Şəmkir, Bərdə, Beyləqan eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Sentyabrın 28-i saat 08:00 radələrindən Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir. Daşkəsən, Gədəbəy, Göygöl, Qax (Sarıbaş), Balakən, Zaqatala, Şəki, Şamaxı, Altıağac (Xızı), Qrız, Qusarda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

İsrail 100 milyard dollar təzminat ödəməlidir! - Ərdoğan

İsrail Qəzzaya vurduğu ziyana görə 100 milyard dollar təzminat ödəməlidir. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Netanyahu və onun qətliam törədən heyəti mühakimə olunmalı və cəzalandırılmalıdır. İsrailə qarşı çəkindirici sanksiyalar, o cümlədən beynəlxalq idman turnirlərində iştirakına qadağa qoyulmalıdır. İspaniyanın mövqeyini də gözardı etmək olmaz. Ən əsası İsrail Qəzzaya vurduğu ziyana görə 100 milyard dollar təzminat ödəməlidir. Yoxsa yanğın daha da genişlənəcək”, - Türkiyə lideri əlavə edib.

"Trampın Ukrayna mövqeyi ilə bağlı kəskin dönüşündə Kral III Çarlzın həlledici rolu olub" - "The Telegraph"

"ABŞ liderinin dəyişən ritorikası Qərbdə ümidlər, Rusiyada narahatlıq doğurur..." ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyindəki kəskin dəyişiklik həm Avropada, həm də ABŞ-da ciddi müzakirələr doğurub.  Sozcu.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb. Nəşr qeyd edir ki, son həftələrdə Tramp açıq şəkildə bəyan edib ki, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərini geri qaytarmaq gücü var. Bu dönüşün arxasında həm diplomatik, həm də şəxsi amillərin dayandığı vurğulanır. Kralın təsirli söhbətləri Nəşr yazır ki, ABŞ liderinin mövqeyinə əsas təsirlərdən biri Böyük Britaniya kralı III Çarlz olub. Trampın Londona son səfəri zamanı kral onu Vindsor qəsrində qəbul edib, birgə gün ərzində müxtəlif tədbirlərdə iştirak edib, nahar və şam yeməyi təşkil edib. Dövlət banketində çıxışı zamanı III Çarlz Avropa tarixindən nümunələr gətirərək Ukraynanın azadlıq uğrunda mübarizəsinin önəmini vurğulayıb. Tramp isə kralın qonaqpərvərliyindən heyran qaldığını bildirərək, onu "çox, çox xüsusi insan" adlandırıb. Diplomatik mənbələr hesab edir ki, bu şəxsi təmaslar Trampın Ukrayna məsələsinə baxışında dönüş nöqtəsi olub. ABŞ Dövlət katibi Marko Rubio da Avropa həmkarlarına Trampın mövqeyindəki dəyişimin "mümkün qədər müsbət qiymətləndirilməli" olduğunu deyib. Finlandiya prezidentinin şərhi Eyni zamanda, Finlandiya prezidenti Aleksander Stubb "Politico"ya müsahibəsində Trampın bu dəyişimini başqa səbəblərlə izah edib. Onun sözlərinə görə, Trampın sərt mövqeyə keçidi, əslində, Putinə olan "məyusluqdan" qaynaqlanır. Stubb vurğulayıb ki, Trampın Ukrayna ilə bağlı son bəyanatları sadəcə siyasi taktika deyil, onun ciddi niyyətlərini göstərir: "Bütün məlumatlar göstərir ki, Tramp həqiqətən də Ukraynanı dəstəkləməkdə qətiyyətlidir. Məncə, o, əsaslı şəkildə Putindən məyus olub". Finlandiya lideri əlavə edib ki, ABŞ və Avropa arasındakı açıq dialoq mühüm rol oynayır: "Biz Zelenskini Trampa, Trampı isə Zelenskiyə izah edə bilirik. Bu, tərəflərin mövqelərinin uzlaşması baxımından əhəmiyyətlidir". Rusiyaya iqtisadi təzyiq Stubb həmçinin Avropa İttifaqının 19-cu sanksiya paketinin təsirlərinə diqqət çəkib. Onun sözlərinə görə, Rusiyanın iqtisadiyyatı artıq ciddi zərbə alıb: "Ehtiyatlar tükənib, inflyasiya və faiz dərəcələri 20 faizi keçib, iqtisadi artım ya sıfır, ya da mənfidir. Vergilərin artırılması qaçılmaz olacaq". Bununla belə, Finlandiya prezidenti qeyd edib ki, Putini atəşkəsə məcbur etmək üçün NATO və Qərb birliyinin dəyişməz dəstəyi həlledici olacaq. Hazırda Moskva hibrid müharibə üsulları ilə Qərbin qətiyyətini sınayır, lakin Stubb-un fikrincə, belə məqamda "sakitliyi qorumaq və eyni zamanda möhkəm dayanmaq" vacibdir. Trampın Ukrayna ilə bağlı mövqeyindəki dönüşün arxasında həm şəxsi diplomatik təsirlər - kral III Çarlzla söhbətlər, həm də siyasi reallıqlar Putinə qarşı məyusluq dayanır. Bu dəyişiklik Qərbdə Ukraynanın müdafiəsinə əlavə güc qazandırmaqla yanaşı, Rusiyaya da müharibənin iqtisadi və siyasi qiymətini daha aydın göstərir.

ABŞ səfirliyi Anım Günündə Azərbaycanla həmrəyliyini ifadə etdi

Azərbaycanın Anım Günündə on illərlə davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıları xatırlayırıq. Sozcu.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin X sosial şəbəkə hesabında paylaşım edilib. "Avqustun 8-də Vaşinqtonda biz Cənubi Qafqaz üçün yeni bir mərhələnin başlanğıcını gördük və Amerika Birləşmiş Ştatları bu bölgədə daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək. Amerika Birləşmiş Ştatlarının Səfirliyi yaxınları itirmiş azərbaycanlılara və onların ailələrinə ən dərin hüznlə başsağlığı verir", - deyə paylaşımda bildirilib.

BMT-də Azərbaycanın itkin şəxsləri ilə bağlı çağırış...

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (UNGA) 80-ci sessiyasında Azərbaycanın 4000 itkin düşmüş şəxsi ilə bağlı çağırış edilib. Sozcu.az xəbər verir ki, BMT-nin 80-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov “Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər: Cavabların axtarışının genişləndirilməsi” mövzusunda yüksək səviyyəli görüşdə iştirak edib. Nazir müavini bəyanatında Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə diqqət çəkərək, həqiqət və ədalətin təmin olunması üçün beynəlxalq səylərin artırılmasına çağırıb.

Qızıl mədəni çökdü: 100-dən çox adam...

Nigeriyanın Zamfara əyalətində yerləşən qızıl mədənində çökmə baş verib. Sozcu.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, baş verən çökmə nəticəsində azı 100 nəfər ölüb, 15 nəfər isə sağ çıxarılıb. Dağıntılar altında qalanların axtarışları davam etdirilir.

1312-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1312-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 107 400 hərbçi, 11 204 ədəd tank, 23 288 ədəd zirehli döyüş maşını, 33 186 ədəd artilleriya sistemi, 1 502 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 223 hava hücumundan müdafiə sistemi, 426 ədəd hərbi təyyarə, 345 ədəd helikopter, 62 909 ədəd avtomobil texnikası, 63 931 ədəd PUA, 3 747 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 977 xüsusi avadanlıq itirib.

İlham Əliyev şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdi

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə XİN Anım Günü ilə bağlı paylaşım etdi

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, qurumun rəsmi X hesabındakı paylaşımda deyilir: "Qarabağ uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarını rəhmət və ehtiramla yad edirik. İnanırıq ki, davamlı sülhə doğru atılan tarixi addımlar bölgəmizdə bu fədakarlıqların irsi üzərində qurulmuş sülh və rifahı təmin edəcəkdir. "Bir millət, iki dövlət" devizi ilə şəhidlərimizin müqəddəs irsi hər zaman qəlbimizdə yaşayacaqdır".

Arvadı ilə dalaşdı, qayınatasını yumruqla vurub öldürdü

Xaçmazda qətl hadisəsi olub. Sozcu.az lent.az-a istiandən xəbər verir ki, hadisə rayonun Xudat şəhərində qeydə alınıb. Orxan Hacıbalayev qayınatası İlham Hüseynovun sinəsinə yumruqla zərbə vurub. Nəticədə İlham Hüseynov ölüb. Məlumata görə, öz evində öldürülən mərhum bir müddət əvvəl açıq ürək əməliyyatı keçirib. Qeyd olunub ki, Orxan Hacıbalayev qayınatasının evində öz arvadı ilə dalaşıb. Bu zaman naməlum səbəbdən qayınatasına da yumruqla zərbə vurub. Qətli törədən kürəkən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.