Aydın Can
Ölkədə intihar xəbərləri artıq statistika rəqəmlərinə dönüb! Ancaq ölkənin baş pediatrının da intihar xəbərini oxuyandan sonra, illər öncə Mövlud Mövludun intiharına görə yazdığım yazını bir də paylaşıram - ümid edirəm ki, faydası olar!
Çal, aşıq, çal, bir intihar havası çal!
GİRİŞÖNCƏSİ ZƏRURİ İZAHAT: Bu yazı intihara sürüklənənləri üzə çıxarmaq, onları duymaq və fikrindən daşındırmaq üçündür! Sadəcə, intihara meylin haçan və necə yarandığına diqqətli olmaq yetər!
Qürurun və ləyaqətin qurbanları
Mən bilmirəm, intihar statistikasına və bu barədə məlumatlara kim necə yanaşır, necə yararlanır, bəli, bəli, yararlanır, kim nə qədər təhlil edib hansı nəticəni çıxarır, amma qəti və həm də hesab edirəm ki, ən doğru qənaət budur ki...
Deməli, belə...
Xalqda intihara yanaşma (əlbəttə ki, yazıboyu söhbət özümüzdən gedəcək, dünya təcrübəsi bizə uyarlı deyil - A.C.) kökündən yanlışdır - hakimiyyətin sərtliyi, korrupsiyaya uğraması, rüşvətxorluğun şiddətlənməsi və yaxud da kasıblıq heç bir halda intihar motivi olmamışdır, olmayıb, olmayacaq da! İstisnalar yoxdur!
Xalqda, bütövlükdə olmasa da, əsasən hüquq-mühafizə orqanlarında və KİV-lərdə intihara yanaşma da yanlışdır: hüquq-mühafizə orqanları "özünü öldürmə həddinə çatdırma" motivi ilə manipulyasiya ilə, KİV "şok", "qandonduran faciə" effekti ilə yararlanaraq əsl səbəbi və günahkarı yüzdə doxsan doqquz faiz aradan çıxarır! İstisnalar da var!
Bütün digər sahələrdə olduğu kimi, intihar halları da sosioloji araşdırmadan kənar qalır - bimənalı şəkildə!
Və intiharlar hər zaman olub, var, olacaq! Kütləviləşmə isə... sadəcə, informasiya məkanının ənginliyi, önləyici təbliğati, təşviqati və təşkilati kompleks tədbirlərin nəinki zəifliyi, hətta heç olmamasıdır!!!
Uşaqların, yeniyetmələrin və gənclərin intiharı...
diqqət çəkəcək qədər artıbsa, biz artıq dərk etməliyik, xalqın öz övladlarını tərbiyə ənənələrində redaktələr etmək lazımdır!
Aclıq, geyimsizlik, kasıblıq uşaq, yeniyetmə və gənc üçün heç bir halda intihar üçün motiv ola bilməz! Bir milyon qaçqını olan ölkədə belə iddiada bulunmaq absurddur! Qaşqınçılıqda yaşayan uşaqlardan kimsə intihar etdimi o illərdə? İnsanlar son nəfəsində belə çörək növbəsinə günlərlə ac qalandan sonra da inadla durublar, dururlar, duracaqlar! Hakimiyyətdə baş verən heç bir naqislik hansısa bir uşaqda, yeniyetmədə, gəncdə yaşam təbəddülatı yarada bilməz! Yaratmayıb da! Yaratmayacaq da! Uzun izahata varmadan deyim - yaş qrupu elədi ki, bu kontingent dövlət idarəetməsini analiz edib rəy verəcək qədər yetkin və siyasi seçim edəcək qədər kamil deyil!
Bəs nədir səbəb?
Qürur! Ləyaqət!
Siz indiyə qədər neçə uşaq, yeniyetmə və gənc görübsünüz ki, ona qarşı valideynləri, müəllimləri təpki göstərəndə, əl qaldıranda, təhqir edəndə acıq eləmədən, küsmədən, evdən qaçmadan, şivən salmadan, amma və lakin... ağayana ədayla, qürur, ləyaqət nümayiş etdirərək bildirsin: "məni vurma! məni təhqir etmə! mənimlə dürüst rəftar elə! mənim yanımda belə davranma" deyib?!
Mən 49 illik ömrümün 40 ilində, onun da 30 ilini jurnalist olaraq, bütün Azərbaycanı gəzərək, RF-nin az qala hər bir vilayətində olaraq, cəmi bir qız və bir oğlan uşağında bu qürur və ləyaqətə rast gəlmişəm!
Onlardan da biri intihara cəhd edib!
15 yaşına qədər məndən çox ac qalan, məndən çox işləyən, yaşıdları tərəfindən məndən çox döyülən, məndən çox oxuyan uşaq olmayıb kəndimizdə - ac qalmadan artıq işləyənlər, oxuyanlar olub!
Ağlımın ucundan belə keçməyib intihar! Baxmayaraq ki, hələ üstəlik atam bizimlə - mənimlə, qardaşımla, anamla həddən artıq əzazilcəsinə rəftar edib! Amma 15 yaşımda qürur və ləyaqətimi nümayiş etdirə bilmişəm! Atamla üz-üzə durub demişəm: öz arvadınla özün bilərsən, amma mənim anamla işin olmasın!!!
Yəni... əziyyət, məhrumiyyət, aclıq, kasıbçılıq heç bir halda məni məndən və bizdən yaxşı yaşayan ailələrin, uşaqların qarşısında közükölgəli gəzməyə məcbur edə bilmirdi, məhrumiyyət məhdudiyyət deyildi, yaşam eşqi və gələcəyin xoşbəxtliyinə inam bu gündən sabaha, 15 yaşına gətirdi. Mən qürur və ləyaqətimi onda nümayiş etdirə bilərdim və etdirdim! Xarakterimə onda düzən verə bilərdim və verdim! Məni o yaşa qədər döyməkdən çəkinməyən sinif yoldaşlarıma, kəndlilərimə məhz o yaşda fiziki gücə yiyələnib təpki göstərə bilərdim, göstərdim!
Mən ilk dəfə bunu nümayiş etdirdikdə qürur göstərib ləyaqətlə yaşamağin dadını çıxardım!
Zaman-zaman qürurlu və ləyaqətli insanlarla qarşılaşdıqca həyatda, onun çətinliklərinə sinə gərməyi bacardım!
Hesab edirəm ki, uşaqların, yeniyetmələrin və gənclərin arasında qeydə alınan intiharlara səbəb onların qüruru və ləyaqətidir!
Kimdir onların qüruruna toxunan, ləyaqətlərini alçaldan?
Valideynləri və ən yaxın ətrafı!
Bu kontingent o halda intihara cəsarətlənir ki, onları qürur nümayiş etdirməkdən, ləyaqət sərgiləməkdən məhrum edirlər! Və... onlar bu qürura, ləyaqətə təcavüzün daha nə vaxtacan davam edəcəyini, zaman sərhədini müəyyən edə bilmirlər, etirazların acı fəsadlarıyla barışmırlar, özlərinin başqaları kimi zəif olduğunu, məhz zəif olduğunu qəbul etmirlər, ata-ananı tapdamağa ürəkləri gəlmir, sevgilərini nifrətlə əvəz etmirlər, qadağalardan xilas olmağa canatımın faydasız olduğuna inanırlar və öz minimühitlərinin idbarlığına, adamların buqələmunluğuna, simasızlığına, vəhşi xarakterinə, hər bir güclünün hər bir zəifə ağalıq eşqinə həyatında şans tanımırlar!!!
"İnam çipi" yanır! "Rubilnik" atır! Qərar isə qəti olur! İntihar! İçindəki mübarizəyə, inqilaba, yaşam eşqinə olan bəs qədər gücü həyatdan imtina cəsarətinə çevirirlər!
Və... bu Allaha üsyan cəsarətidir! Nəinki öz evindəki, nəinki oxuduğu məktəbdəki, nəinki kəndindəki (şəhərindəki), ən müxtəlif mənbələrdən, daha çox da baxdığı kinolardan və oxuduğu ədəbi əsərlərdən aldığı məlumatlar - zorun hakimliyi bu uşaq, yeniyetmə və gəncdə bakirə, saf qalmaq duyğusunu aliləşdirir! Hətta heç bir kitab üzü açmayan, heç bir kinoya baxmayan müdrik uşaqlar, yeniyetmələr, gənclər var!
Onların "ən zəif" cəhəti ən üstün keyfiyyətləridir: bu dünyaya bağlı olmamaq, bu dünyadan dördəlli yapışmamaq! Məhz erkən yaşlarında intihar edənlər dünyaya əllərinin dalını çevirənlərdir! Çünki qürursuz və ləyaqətsiz cəmiyyətdə sonacan qürur və ləyaqət sərgiləməyə cəmiyyət imkan verməyəcək - bu saf və bakirə duyğular təbəqəsi təəssüf ki... bunu hamıdan tez başa düşür!
Yeganə çıxış yolu uşaqlara, yeniyetmələrə, gənclərə şəxsiyyət kimi baxmaqdır! Hamılıqla! Təəssüflər olsun ki, bu kriteriyaya sahiblənmək cəmiyyət üçün yaxın gələcəkdə mümkün deyil. Amma ümid var!
SÖZARASI: Mən oğlan uşaqlarını əzizləyən atalara da, oğlan uşaqlarını əzən atalara da nifrət etmişəm!
Mən qızlarını gözüqıpıq böyüdən atalara da, qızlarını şımardan atalara da nifrət etmişəm!
Çünki hər iki halda nəticə ya intihar olur, ya qürursuzluq və ləyaqətsizlik! Açması olaraq bildirim ki, fiziki intihara cəsarət etməyənlər, sonda mənən ölü olurlar! Ki... bu da cəmiyyəti ölgünləşdirir!
Təbii ki, bütün qürurlu və ləyaqətli uşaqlar, yeniyetmələr və gənclər intiharı seçmir, fəqət... onlar sonradan həyatı həm yola verir, həm də həyatla yola gedirlər! Belə deyək, "müdrikləşir", "hiyləgərləşir", "hər kəslə öz dilində danışa bilir". Həyat onları UDUR və udur!
Bu, artıq növbəti mərhələdir!
Keçid edərək deyim ki, psixoloji pozğunluğu olan adamların intihara meylli olması kökündən yanlışdır! Psixoloji pozğunluğu olan adamlar anlaqsız vəziyyətə daha tez-tez düşür, qatilliyə, maniakallığa meyllənirlər! Təkəbbür göstərmə, rişxənd etmə, məzələnməkdən zövq alma içdən sınmış adamların psixi pozğunluqdan sonrakı sabit durumudu, əgər xaraktercə zəifdilərsə və əvvəlki cümlədəki fikrimizin "qəhrəman"ına çevrilməyiblərsə!
Yetkinlərin intiharı...
da həmçinin: aclıq, kasıbçılıq, siyasi düzən-filan səbəb deyil və "ünlü mütəxəssislərin" goppalogiyasıdır!
Erkən yaşlarda olduğu kimi, yetkinlik, ahıl və qocalıq dövründə də intiharın mənbəyi qürur və ləyaqətdir!
İntihar qərarı bütün yaş mərhələlərində "Jalə" şirələri damla-damla toplandığı kimi, uzun müddətə formalaşır!
Erkən yaşlarda qürur və ləyaqət nümayişinə səbəb təkcə rəftardırsa, yetkin və sonrakı dönəmlərdə intihara cəsarətə həyatın dərki, gözlənilən ləkələnmə kompleksləri təşviq edir! Üstəlik də "həyatımın hakimi özüməm" iddiasıdır!
Ləyaqətli insan o insana deyilir ki, həyatda nəyi itirsə də, nəyi alınsa da, bundan sınmayan, lakin birbaşa özündən asılı olanları qoruya bilən insandır!
Ləyaqətsiz insanın qürur sərgiləməsi qeyri-mümkündür! Hətta cəsarət edib sərgilədiyi "qüruru" istənilən biri tapdayır, burnunu ovur!
"Əllaməliyimizin" bu mərhələsi bir az sərt olacaq!
Borca, kasıbçılığa, ailənin ac qalmasına, məhrumiyyətlərə görə intihar halları varmı?
Yoxdur! Həmin o "intiharları" - "borca, kasıbçılığa, ailənin ac qalmasına, məhrumiyyətlərə görə intihar" hadisələrini mətbuat formalaşdırır!
Faktiki isə...
Adam tanıyıram ki, 500 min dollar borcu var, özünü öldürmür! (Eləcə də 100 manatdan tutmuş ta on, yüz minlərəcən borcu olana qədər).
Ailə tanıyıram ki, hər gün adambaşı bir bulka ilə keçindiyi günlər olub! Ötüşdürüb!
Evsizlikmi? Ailə tanıyıram ki, xanımıyla qızı qaynata evində, oğlu bacısıgildə, özü... taxtalar üstündə yatır!
Bu adamlar qürursuzdurmu? Ləyaqətsizdirmi? Əsla və lakin!!!
Bu insanların inamı var, bu insanlara xəyanət edilmir, bu insanlara şans tanınır! Bu insanlarda "inam çipi" yanmayıb, "rubilnik" atmır!
Bu insanların sadəcə həyatla yola getmək, həyatı yola vermək "müdrikliyi" var! Onlar öz qürurlarını, ləyaqətlərini incitdikləri, ziyan vurduqları insanların ağrı-acı süzgəcindən keçirmirlər! Bu qədər sadə və bəsit!
Bütün hallar üçün hədisləri, misalları, nümunələri var - yəni bu qədər "ağıllıdırlar"!
İntihara cəsarətləndirmək üçün Azərbaycanda üç dəhşətli amil var: vicdan kredosu, sədaqət-xəyanət dilemması və... etimadsızlıq votumu!
Üçündən birinə tutulan hər bir kəs... intihara cəsarətlənir! Bütün digər amillər fantaziyadır, diqqəti yayındırmaq üçün şarlatanlıqdır!
Üç fakt üstündə dediyimi təsdiqləyəcəm!
Taleyin qismətindən ən müxtəlif ranqlı, ən müxtəlif mənsəbli və ən müxtəlif miqdarlı sərvətə malik insanlarla çox yaxın dostluğum olub. Amma təkcə bir nəfərdə intihara cəsarəti gördüyümə görə tarix üçün yazıram:
Ölkədə çox məşhur bir şairin çox yaxın xanım qohumuyla saunada görüşən biznesmen dostum məclisə məni də dəvət eləmişdi! Və təsəvvür edin, xalqın belə əzizlədiyi bu şair-qəhrəmanın qızı həm də çox yüksək vəzifəli (vəzifənin adı gələndə adamın ayaqlarının suyu qaçır!) birinin gəlini olmuşdu. Hətta boşanandan sonra da, daha doğrusu, saunada ola-ola, şairə də, qaynata tərəfə də ultimatumları, onları aşağılamağı bir performans idi. Dostum bir xeyli vurduqdan sonra sonuncu badəni qaldırdı:
- Arzu edirəm ki, mənim qızıma bu taleyi allah nəsib etməsin, onu da haşansa saunaya çağıran olmasın!
... Sonra xanımı yola salıb, çox sakitcə bizi dinləməyə dəvət etdi: insanlar getdikcə vəhşiləşir, hər bir azərbaycanlı kişisinin içində bir qurumsaq yatır, yaxşıya da tamah salır, pisə də, hamının olan pislə niyə də mən olmayım, o yaxşı niyə də mənim olmasın, hər biri də fəxrlə həyatının konveyerindəki "gözəlçə"lərlə fəxr edir! Adlarını eşitdikləriniz adamların ailəsinə mənsub bu xanım yüzlərlə insanın taleyinə hakim ola bilər, istədiyindən qisas alar, ən maraqlısı da odur ki, ona "ayı xidməti" göstərməyə hələ yüzlərlə imkanlı adam da farağat durmağa hazırdır, ən pisi də odur ki, bu xanımı məhz bu yola həmin adamlara aid olduğu üçün sürükləyiblər, ən dəhşətlisi də odur ki, naturaca fahişə olan bu qadın hər zaman, əlinə imkan düşdükcə bir xanım-xatın azərbaycanlı qadınını sındıracaq, ərindən edəcək, oğlunu tutduracaq, çörəyinə bais olacaq, heç bacarmayanda aşağılayacaq, getdikcə ifritəyə dönəcək və... çıxın gedin! rədd olun!
Məclisdəkilər də, elə bu sətirləri oxuyanlar da, çox rahatca fikirləşirlər: nə oğraş adamdı, öz qızı haqqında belə deyə bilir!
Elə deyilmi?
Elədi!
Amma həyat sübut etdi ki, elə dostum düz deyirmiş!
Amma dostum həm də səhərisi gün mənə zəng edərək, onunla son söhbətimizi haçansa yazmağıma and içdirdi:
- Mən artıq bir neçə ildir bu dəhşəti dərk etmişəm. Adamlar Dubaydakı, Türkiyədəki qızlarımızın fahişə kimi həbsxanalarda saxlandığından çox rahat yazırlar, adamlar çox rahat ayrılarının ailələrinə burun soxurlar, adamlar çox rahat adamların sərvətinə yiyələnirlər, adamlar çox rahat yalan danışa bilirlər, adamlar çox rahat... Canıyev, hər il qəbrimin üstünə gəl və pıçılda: bağışla, dost!
Dostuma son dəfə Stefan Sveyqin "Bir ürəyin qürubu" hekayəsini oxudum! Sağollaşdıq! Mən başsağlığı vermədim heç harda!
Bu həyatın onun başına aça biləcəyi oyunlara, ona çəkdirəcəyi zülmlərə, yaxacağı ləkələrə meydan açmağa gücü-təpəri, resursları var idisə də, bu dünyanın sahibinə etiraz etdi!
Sadəcə... vicdan kredosu bundan sonra da yaşamağın... qürurundan və ləyaqətindən keçməsi demək olacağını bilirdi! O bilirdi ki, ondan asılı olmayan, amma onun qürur və ləyaqətinə toxunacaq dalğa irəlidədi! Və bu dalğa məhz o var olduğu üçün olacaq! Onun yoxluğu zərbəni dəf edir!
Bax, intiharların bu tərəfi var Azərbaycanda!
Cəmiyyətdəki neqativliklər o demək deyil ki, intihar edəsən, amma və lakin... boynuna intihar düşənlər var!
Bunu dərk edən vicdanlı insanlar bu cəsarəti sərgiləyir! Odur ki, intihar edənlər acizlik etdi deyə, çıxış yolu bu deyildi deyə, pinə etməyin! Boynuna intihar etmək düşənlər bunu etmədikdə, qürura və ləyaqətə təcavüz daha şiddətli olur... vicdani baxımdan!
p.s. psixi pozğunluğu olan adamlar sadəcə, qızlarının və arvadlarının, bacılarının, analarının qatilinə çevrilir!
Sədaqət-xəyanət dilemması...
ilə intihar sayı daha çoxluq təşkil edir! Əksər hallarda da bu intiharlar alınmır! Uğursuzluq ondadı ki, sədaqət-xəyanət dilemması qarşısında qalanlar daha çox tərəddüdlə üz-üzə qalır, "ayı-günəşi yerinə qoymağa" ümidlənir, ən sonda hər işə allahın mane olduğunu "anlayaraq" üsyana əl atırlar!
Dostum və qardaşım Mir Şahinə 2002-ci ildə çox acımasız bir yazı yazmışdım, dostlardan birinin dediyi kimi, "bu dostun tənəsindən çox, düşmənin son sözünə oxşayırdı".
Və... fikir beləydi: "Əzizim Miri, əlbəttə, mən istəyərdim ki, İlham Əlyevlə bir fakültədə oxuyum, bir qrupda olmasa da, atamla Heydər Əliyev bir regiondan olsun, indi neyləyim ki, mən səninlə bir fakültədə oxudum, bir regiondan oldum, qayıdım Lənkərana, təzədən gəlim Bakıya, jurnalistika fakültəsinə girim?"
Cəmiyyətin bir-birindən istədiyi də sədaqətdir. Xəyanəti bağışlanmaz hesab edir.
Mən əksər portret yazılarında həmişə vurğunu bir məqama kökləmişəm: qəhrəmanımın dostlarıyla dostluq stajı nə qədərdi... Təəssüflər olsun ki, sıfır! Əgər dostlar hər ikisi vəzifədədisə, eyni imkanlara malikdisə, həə, bu "dostluq" davam edir, yoxsa yox. İstisnalar çoxdur. Keçək intihara gətirən səbəblərə.
Deməli, 1999-cu il. 100 min tirajla, dörd rəngdə, Moskvada (Azərbaycana 20 min nüsxə təyyarəylə Bakıya göndərilir) Frenk Elkaponinin vəsaiti hesabına Azərbaycan dilində "Azərbaycan-XXI əsr" qəzetini çap edib gətirirəm. Dəstəyə, professional yardıma ehtiyac var. Qrup yoldaşım İlham Məmmədlini evindən çağırıram. Bir ildi işsizdi. 8 ayın maaşını baş redaktoru olduğu "Hər gün" qəzetindən ala bilməyib, həmən aylıq verirəm. Digər bir tələbə yoldaşımızın qaynını "Kəlbəcər qaçqını" adı ilə zor-xoş işə götüzdürür yerini bərkitməmiş! Bircə gün qəzeti etibar edib rayona gedirəm: başlıqda Moskva yazır, yarımbaşlıqda Minsk, mətnin içində yenə də Moskva, imza yerində Minsk. Üzümə dirənirlər ki, "ə bə, həylə də qəzet olar, bə deyirdin..." Qayıdıram ki, bunu edən İlham Məmmədlidisə, onu çıxarmalıyamsa işdən, özüm çıxıram. Bir ay maaşının yubanmasına şivən salan İlham Məmmədli 6 ay... pulsuz işləyir! Və həm də məlum olur ki, "kəlbəcərli qaçqın" çörək kəsdiyim Abdullanın qardaşıdı, tələbəlikdə bir qaldığım, bir oxuduğum Şahin Əliyevin qaynıdır. Hələ cütləşib, məni Abdullaya da satıblar: üzrlü səbəbdən redaksiyada ola-ola görüşmək istəmədiyimdən, "deyin yoxdur" dediyimə görə, nəzarətçini aldadaraq Abdullanı gətirib çıxarıblar otağa!!!
2001-ci il. "Millətin səsi" qəzeti yanvardan çıxır və sürətlə tiraj yığır. "Letucka"larda arada özümüz də şübhəmizi bəyan edirik, əsasən də mən: "tirajın bu sürətlə artımının axırını allah xeyir eləsin".
Birdən Eynulla Fətullayev peyda olur. Ramiz Mehdiyevin əleyhinə hansısa "etibarlı mənbə"nin səsyazısını təqdim edir. Gülnaz Qənbərliyə kağıza, yazıya köçürtdürür. Təbii ki, baş redaktor Şahbaz Xuduoğludur və hökm-fərmadır. Yazı gedir! Şahbaz Xuduoğlu "fərqinə varmır" ki, Eynulla Fətullayev nəinki özü, hətta bütün nəsli malik olduğu sərvətlərə görə Ramiz Mehdiyevə borcludur, heç cür ola bilməz ki, Eynulla kimi qorxağın biri bu cəsarəti sərgiləsin, dədəsi 30 il qızıl zavodunda səlahiyyətli işdə işləmiş halda. Məhkəmə. Eynulla Fətulayev Şahbaz Xuduoğlu ilə razılaşır ki, yazını mən boynuma götürüm, cəza mənə verilsin. Mən razılaşıram. Dost deyilikmi? Məni işə götürməyibmi? İki dəfə qardaşlarıyla yeyib-içmək məclisinə aparmayıbmı? Xeyrində-şərində yanında olmamışammı? Evimə pay gətirməyibmi? Nə olar, indi Eynulla əsgərlikdən təzə gəlib, cəzasını yenicə başa vurub, bu da dostdu, tutulsam da yardım edəcək... Sadəcə, Gülnaz Qənbərli məhkəmə zalında dirəsir və həqiqəti deyir ki, Aydın həmin günü kənddə olub. Yazını Eynullanın verdiyi kasetdən köçürmüşəm!
Şahbaz tutulur, Eynulla küçədə kameraya əl-qol ataraq "azadlıq" qışqırır!
Sonra Eynulla Elmar Hüseynovun yanında peyda olur. "Etibarlı mənbə"lər indi də "Bakı həftəliyi"nə, sonra "Monitor"a hətta "birinci ledi"dən "komplo" ötürür.
Elmar Hüseynov öldürülür. Eynulla yenə də küçədə, hüzr yerində kameraya əl-qol ataraq, bu dəfə Şahbaz Xuduoğlu ilə birgə, qatili tələb edirlər!
2002-ci il. Zöhrab Əmirxanlı ilə Moskvada qəzet buraxırıq. Cəmi 12 nömrə. Davam etmək istəmir. Bağlayırıq, yarımçıq saxlayırıq. 50 min dollar ziyana düşdüyünü deyir. Müsahibələr verir. Giley edir. Yeddi dağın suyunu bir dərəyə daşıyır!
Əvvəlki hallarda susduğum kimi yenə susuram!
Enerji, güc kifayət qədərdir. Haqlı və haqsız ittihamları boş verirəm. Və... 2003-cü il...
Vəziyyət sıfıra düşür.
Bir qrup yoldaşım bir qəzetdə baş redaktordur, o biri qrup yoldaşım o biri qəzetdə. Biri hətta ev nömrəsini mənə verən tələbə yoldaşımızı təhqir edir. Zəng vururam ki, allah evini tiksin, ABŞ-ın prezidentimisən, ev telefonunu tapammayam, yalın əllə narkotranzti açan jurnalistəm e, özü də səndən korrektorluq istədim, nə tumanı çəkmisən başına?
O biri qrup yoldaşım da biriləri yazmasaydı heç məni korrektor da götürməyəcəkdi!
Uğrunda savaşdıqlarımdan birinə üç il işsizlik dövründə üç şirvan borc üçün ağız açdım. Tələbə yoldaşımızın təzə evköçdüsünə gedəndə demişdi: "Mən baş redaktor olandan Aydın da bezdirib, axır ki o gün üç şirvan verdim"
Bir gündə iki tələbə yoldaşıma tüpürəsi oldum: əvvəla səni baş redaktor olduğun yerdə mən hörmətli eləmişdim, xəyanətinə görə getdim, qurduğumu sənə saxladım, o biri qrup yoldaşıma da ona görə əlvida dedim ki, kişiliyin çatmadı olanı deyib, lüstru da qoltuğuna verib göndərəsən evinə? 50 minə ev alan oğlanın duz-çörəyi 12 şirvana qurban verməsi nə deməkdir?!
Və... 2004-cü il. Evdən çıxanda uşağa 20 qəpik bulka pulu verib "mən axşama çörək alıb gələcəm, birtəhər ötüşdür", - deyib gedirəm. Elə bilirəm ki, qızım talışca bilmir. Amma sən demə anlayıbmış. Qayıdanda görürəm ki, evdə yarı çörək. Uşaq bulka almayıb. Dərsdə ac qalıb. Mağazada satıcıya deyib ki, 20 qəpiklik çörək ver. İndi də oturub gözləyir ki, ata gəlsin, yarı çörəyi yeyək!
Bu... intihara cəsarət üçün... son təkan idi!
Bu boyda vicdan möhnəti və dilemma qarşısında qalmaq olmazdı. Mənim varlığım uşaqların aclığına, məhrumiyyətinə səbəb olurdu!
Son qərar!
Kirayədə qaldığım otağın birinə keçib "yorğunam, narahat etməyin", - deyib damarımı kəsirəm! Yorğan boyaboy qandır. 20 qəpiyə çörək alan qızım görür ki, heç nə yemədim, ürəyi dözmür, qapını açır və çağırır: "ata, sən ac yatma..."
Səhnəni təsvir etmirəm!
Həmən həkimə çatdırılıram.
Qan vurmağa, tikiş vurmağa əlbəttə ki, pul yoxdu!
Fəqət... tələbə olarkən yanımda - redaksyada qapıçı işləyən həkim xeyli qanaxmadan sifətimin dəyişməsinə baxmayaraq, tanıyır. Soruşur: bu baş redaktor olubmu? - Aydın Canıyevdi. Həkim hər şeyi öz cibinin xərcinə edir, məni ölümün ağzından qurtarır!
İntihar qərarı anında baş verir deyənlər yanılır! Tam sərasər dörd il və... səbəb: ətrafda sənə sədaqətli, səni anlayacaq, səni dəyərləndirəcək bircə nəfər də yoxdur!
İntihar cəhdi uğursuzluqla başa çatıbsa, artıq psixi pozğunluqlar yaranır! İnsan aqressivləşir, nifrət və qəddarlıq içinə çökür! Sanki sənin qüruruna və ləyaqətinə təcavüz etmiş cəmiyyəti fahişəyə çevirmək istəyirsən!
Bu durumdan çıxarmağa hətta tibb də acizdir.
İntihar cəsarəti hələ aktın baş tutması deyil!
Fəqət... bu Allaha üsyan cəsarətidir!
"Acizlikdi, çıxış yolu deyil" deyənlərə xatırlatma: buyurun, yazdığım situasiyadan çıxın, dəyişin, gücünüzü göstərin, əgər varlığınız ətrafınızdakıları, sizə bağlı olanları məhrumiyyətlərə, əskiltmələrə aparırsa, göstərin möcüzənizi!
Bax o möcüzə məhz qürur və ləyaqətdir! Bir də Allaha üsyan cəsarəti!
İntihar cəhdindən sonra... sağ üz nahiyəsinin parezi, mikroinsult, ailənin dağılması, azadlıqdan məhrumedilmə... bunlar intihar qərarı verilən andan bəlli idi! Alınmayan intihar sadəcə səni şahid edir!
Üstəlik də artıq həyatında... əxlaqsız və ləyaqətsiz insanlarla daha qəddar rəftar mərhələsi başlanır... hamıya etimadsızlıq votumu yaranır!
Etimadsızlıq votumu...
İntihar cəhdində bulunmuş biri kimi deyirəm: intihar cəsarətdir: Allaha üsyandır, qiyamdır Allahla! Allahın səni üz-üzə qoyacağı oğraşlıqlara, biqeyrətliklərlə, binamusluqlara, hərbə-zorbaya, ləyaqətsizliyə qürurunun, ləyaqətinin performansıdır!
Gücü, pulu, səlahiyyəti verib peysərə, anasından-bacısından bixəbərə, qeyrəti-namusu verib sənə, ədalət hissini sənin üçün ali edib! Dözmürsən yalana, həqarətə və üsyana qalxırsan - Allahın özünə qarşı!
Arvadını ordan-burdan yığa bilmir, bircə jek müdirinə yerini göstərə bilmir, bir məmura etiraza cürdəyi yox, hakimiyyətin öz qaymaqları korrupsiyaya, vəhşiliyə, quldurluğa, rüşvətə son deyir, durub psixoloqa şəbədə qoşur!
Bax, etimadsızlıq votumu budur: bəndə Allaha inanmır! Və "ədalətini" anlamadığı "bu gözəl dünya"dan köç təbilini çalır!
Mövzunun bütün əxlaqi-etik baxımdan "təhlükəli" sayıla biləcək nüanslarına bir arqumentlər yanaşın: intihar edənlərin həyatına tam bələdsinizmi? Siz doğrudan da sizlərə xəbər kimi çatdırılan məlumatlarda həqiqətin nədənini bilirsinizmi?
Uşaqlarınızı tanıyın və onlarla ehtiyatla, dürüst rəftar edin!
İntihar olmayacaq!
Dostlarınızla, qohumlarınızla, qardaşlarınızla, bacınızla, ərinizlə sərt olmayın! Hətta ayrılanda belə... öpüb ayrılın!
İntihar olmayacaq!
Allah təkəbbürlüləri sevməz!
Allaha inamı əskiltməyin!
Ən təhlükəli hal etimadsızlıq votumudu! Faciələr məhz həmin andan başlayır!
Unutmayın: intihar cəsarəti yaranıbsa... nə uşaq, nə ana, nə ər, nə sevgili, nə... heç nə əhəmiyyət kəsb etmir!
Dünyada intihardan faciəli daha bir problem var!
Mühacirət!
Bu barədə gələn dəfə...