İyun ayının 8-də Moskvada gözəl həkim və şairə-tərcüməçi, Rusiya, Azərbaycan və Avrasiya Yazarlar birliklərinin üzvü, AYB Moskva bölməsinin katibi Afaq Şıxlının rus dilinə tərcümə etdiyi, S. Rəhimlinin “Мне вновь хочется сказки” adlı kitabının təqdimat mərasimi keçirildi.
Mərasimdə Moskva və Moskva vilayətini üzrə fəaliyyət göstərən diaspora təşkilatlarının sədrləri və nümayəndələri, o cümlədən AYB Moskva bölməsinin üzvləri, Banu Azərbaycan İctimai birliyinin qadın kollektivi iştirak etdi.
O qədər yadda qalan və rəngarəng bir gün oldu ki, hətta dünənki günü qürbətin soyuğundan buz kəsmiş ürəklərimizi, içində vətən sevgisindən parlayan bir günəşin hərarərinə əritdik desəm, əsla yanılmaram.
“Yenə nağıl istəyirəm”
Özü nağıl istəyən səbəbkar, hər birimizi xoş xatirələrlə dolu qayğısız uşaqlıq illərinə qədər aparıb gətirdi. Hər birimizin yaddaşında sehirli izlər buraxan şirin nağılların taleyimizlə bağlılığından söhbət açıldı.
Uşaq dünyamızın sevimli anası, mərhum Ə.Cəfərzadənin və sözün qüdrətindən qala hörmüş bir çox klassiklərimizin ruhu yad edildi. Poeziyanın qələm əhlinə bəxş etdiyi gücün nələrə qadir ola biləcəyindən və sözün qılıncdan iti bir qüdrəti olduğundan bəhs edildi.
Şifahi xalq ədəbiyyatımızın yüksək pilləsi sayılan folklorlorumuzun, Burla xatun analarımızın, nənələrimizin bizə bəxş etdiyi şirin nağıllar və laylalar sayəsində insanlığın, kamilliyin maddiyyat deyil, mənəviyyat olduğunu kitabın tərcüməçisi, redaktoru və ön sözün müəllifi – sevimli şairəmiz Afaq xanım sayəsində bir daha əyani olaraq görmüş olduq. Öz nəvəsinin şirinliyindən dadmış kimi sevincini və həyacanını o xatun simasında görməmək mümkün deyildi. Elimizin gözəl məsəllərindən birində deyildiyi kimi: “nəvə baladan şirin olur”. Bu bir mənəviyyat göstərici idi və bunu hazırki zamanda göstərə bilən xatunumuz – Afaq xanıma da bu mənəviyyata sahib bir Azərbaycan qadını adına öz təşəkkürümü bildirirəm.
Afaq xanım çıxışında da sadəcə rus dilinə deyil, başqa dillərə də tərcümə olunmağımızın vacibliyindən, tərcümənin bir xalqın inkişafındakı rolundan söhbət açdı. Bizə miras qalan bu gözəl və mübariz ənənəmizin başqa dillərə tərcüməsinin vacibliyini vurğulayaraq, böyük mədəniyyətimizin göstəricisi rolunu xüsusi bir məharətlə dilə gətirdi.
Hər kəs öz nağılını yazır. Boşuna deməyiblər: “insanın qədəri öz əlindədir”.
Hamılıqla Səidə xanıma: Allah öz qüdrətindən ən gözəl pay versin, deyirik. Çünki onun yolu haqq yoludur.
Bizlər – tarix boyu başı bəlalar çəkmiş odlar diyarının qəlbi Kür, Araz kimi coşğun törəmələriyik! Tomrislərin, Burla xatunlarımızın davamçılarıyıq.
Səidənin şeirlərində tarixi gerçəkliyi, kimliyimizi, dilimizin, mədəniyyətimizin zənginliyini görür və duyuruq.
Bir qadının gözəlliyi onun simasında deyil, eşqə və ulu köklərinə olan dərin düşüncələrində, içində bəslədiyi sevgiyə olan dönməz sədaqətindədir! Bizim qaynaqlandığımız Azərbaycan qadınına xas ən böyük xüsusiyyətdir – körpəsini nağıl dolu laylalarla bəsləmək. Məhz laylayla! Radikalizmin zəhərli hüceyrələriylə övladının körpə beynini zəhərləyib, onu insanlıqdan qoparan ağıyla-şüvənlə deyil!
Bu baxımdan, ürəyini şam edən iki işıqlı insanın qəlbinin közündən daha böyük ocaqların yanması diləyilə, S.Rəhimlinin nağıl dünyasına rəng qatan hər kəsə ayrı ayrılıqda çox sağ ol, deyirəm!
Arzu edirəm ki, onun nağıl dünyasından bəhrələnən gül balalar insanlığa, torpağa, kainata sevgi və məhəbbətlə böyüsünlər. Bizə gözəl anıları yaşadan hər iki səbəbkara kitabın anası, Səidə xanıma və ana nənəsi Afaq xanıma minnətdarlığımızı bildirir və daha böyük yaradıcılıq uğurları arzulayırıq. Onlarla bərabər, qarşıda yeni imza atacaqları kitabların işığına yığılmağı diləyirik.
Sonda tədbirin təşkil olunmasında, başda Moskva şəhəri Qərb bölməsi azərbaycanlılarının Milli Mədəni Muxtariyyatının sədri Əli Kazımov olmaqla, əməyi keçən hər kəsə minnətdarlğımızı bildiririk!