Xəbərdarlıq: Bu tarixədək leysan yağacaq

Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq yağıntıların intensivləşəcəyi, 15 və 16-da daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Xəbərdarlığa əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, intensiv yağış nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi ehtimalı var. Aprelin 15-16-da qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacaq, 15-16-da arabir leysan xarakterli intensiv olacaq. Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-si gündüzədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 17-dək davam edəcək.

Qəbələdə 53 yaşlı qadın dəm qazından öldü

Qəbələdə dəm qazından zəhərlənmə hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Qəbələ rayonunda baş verib, hadisə nəticəsində rayon sakini 53 yaşlı Hacibalayeva Xatirə Məzahir qızı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Aparılan bütün səylərə baxmayaraq şəxsin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Tramp onlara çağırış etdi: ABŞ-a qayıdın!

ABŞ Prezidenti Donald Tramp smartfonlar və kompüterlərə tətbiq olunan tarifləri 90 günlük ertələyəndən sonra texnologiya nəhənglərini istehsallarını ABŞ-a köçürməyə çağırır. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt danışıb. "Prezident Tramp açıq şəkildə bildirib ki, Amerika yarımkeçiricilər, çiplər, smartfonlar və noutbuklar kimi həyati əhəmiyyətli texnologiyaların istehsalında Çinə arxalana bilməz", – deyə o bildirib. Onun sözlərinə görə, "Əpl", TSMC və "Nvidia" da daxil olmaqla dünyanın ən böyük texnologiya şirkətləri Trampın göstərişi ilə istehsallarını mümkün qədər tez ABŞ-a köçürməyə tələsirlər. CNN nəşri isə bildirir ki, smartfonlar, kompüterlər, monitorlar və müxtəlif detallara tətbiq olunan rüsumların ləğvi "Əpl" kimi texnologiya nəhəngləri üçün böyük xəbər ola bilər. Qeyd olunur ki, "Əpl" Ayfon istehsalı və yığımının təxminən 90%-ni Çində həyata keçirir.

Rusiyanın itkiləri 933 minə yaxınlaşır

Ukrayna müharibənin 1145-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 932 670 hərbçi, 10 603 ədəd tank, 22 088 ədəd zirehli döyüş maşını, 26 163 ədəd artilleriya sistemi, 1 362 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 128 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 43 950 ədəd avtomobil texnikası, 32 425 ədəd PUA, 3 145 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 799 xüsusi avadanlıq itirib.

Bu ərazilərə qar yağdı – Faktiki hava

Aprelin 13-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, düşən yağıntının miqdarı Şahbuzda 6, Zaqatala, Qaxda (Sarıbaş) 2, Naxçıvan, Sədərək, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Şəki, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Şəmkir, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Biləsuvar və Ağdamda 1 mm olub. Dağlıq ərazilərə - Şahdağ, Gədəbəy və Daşkəsəndə isə arabir qar yağıb. Bəzi yerlərdə qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 20, Naftalan və Altıağacda 18, Şabranda 16 m/s-dək güclənib. Daşkəsən, Göygöl, Naftalan, Qax (Sarıbaş), Şəki, Zaqatala, Qobustan, Lerik və Qrızda duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 9, Naxçıvan MR-da 8 dərəcəyədək isti, dağlıq rayonlarda isə 3 dərəcəyədək şaxta qeydə alınıb.

Şuşa, Xankəndi və Xocalıda buraxılış imtahanı keçirildi

Bu gün Şuşa, Xankəndi və Xocalıda ilk dəfə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, işğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub. Xankəndi, Şuşa və Xocalı rayonlarındakı imtahanlarda Xankəndi şəhəri 4 N-li tam orta məktəbində 49 şagird, Xocalı şəhəri 1 N-li tam orta məktəbində 6 şagird, Şuşa şəhəri 1 N-li tam orta məktəbində isə 14 şagird buraxılış imtahanında iştirak edib. İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi, 3 imtahan rəhbəri və 4 zal nəzarətçisi cəlb olunub. İşğaldan azad olunmuş rayonlardakı imtahanlardaümumilikdə 69 nəfər şagirdin iştirakı nəzərdə tutulub. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Aprelin 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.

Metyu Brayza artıq respublikaçılar arasında da Tramp əleyhinə səslərin qalxdığını vurğuladı...

Respublikaçı senatorlar arasında ABŞ prezidenti Donald Trampın səlahiyyətlərinin məhdudlaşdırılmasının zəruriliyindən danışan səslər peyda olmağa başlayıb. Sozcu.az "TSN"-ə istinadla xəbər verir ki, bunu "Ekspresso" kanalının efirində ABŞ dövlət katibinin keçmiş müşaviri, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, eyni zamanda ABŞ-ın Azərbaycanadakı sabiq səfiri Metyu Brayza deyib. Onun sözlərinə görə, artıq respublikaçılar arasında belə söhbətlər gedir, lakin hələlik bu, gerçəkdən Trampın səlahiyyətlərini məhdudlaşdırmaq üçün kifayət deyil. Hətta bəzi respublikaçı senatorların Trampın səlahiyyətlərinin məhdudlaşdırılmalı olduğunu və bu səlahiyyətlərin ABŞ Konqresinə qaytarılmasına ehtiyac olduğunu dediklərini eşitməyə başlayırıq.Lakin biz hələ də bu az sayda senatorun onun səlahiyyətlərini gerçəkdən məhdudlaşdıra bilməsindən çox uzağıq. Düşünürəm ki, ABŞ iqtisadiyyatının həqiqətən də böyük ziyana uğradığı aydınlaşdıqda, Trampın tarif siyasətinin və qlobal ticarət müharibəsinin çılğınlığından geri çəkiləcəyini görəcəyik və biz bunu artıq ABŞ fond bazarlarında azalma ilə müşahidə edirik. Və düşünürəm ki, biz getdikcə daha çox Amerika şirkətlərinin investisiya qərarlarını və inkişaf planlarını təxirə salacaqlarını söyləyəcəklərini görəcəyik ki, bu da iqtisadiyyatda ləngiməyə gətirib çıxaracaq,” - Brayza izah edib. Onun sözlərinə görə, ticarət müharibəsinin nəticələri aydınlaşdıqdan sonra Ağ Ev öz siyasətini dəyişəcək. Amma hətta siyasət dəyişikliyi də Donald Tramp administrasiyasının siyasəti nəticəsində yaranacaq böyük itkilərin qarşısını ala bilməz. "Bu, staqflyasiyaya gətirib çıxaracaq - 1970-ci illərdə ABŞ-da olduğu kimi, aşağı artımla yüksək inflyasiya. Yaponiya bunu 1990-cı illərdə yaşadı. Görünür, ABŞ iqtisadiyyatı da eyni istiqamətdə gedir. Və biz bu iqtisadi fəlakətə düşdükdən sonra düşünürəm ki, Trampın ticarət müharibəsindən geri çəkilməkdən başqa çarəsi qalmayacaq. Lakin bu, böyük iqtisadi zərər və ABŞ-ın hüquq sistemini sarsıtmaq üçün potensial cəhdlər bahasına olacaq”, - o, əlavə edib. Brayza əmindir ki, Donald Tramp hələ də ABŞ qanunverici sistemini pozmağa çalışacaq. “Nəhayət, Tramp artıq ona qarşı çıxan aparıcı Amerika hüquq firmalarına təzyiq göstərməyə başlayıb və bu çox təhlükəlidir. Hər bir ölkədə olduğu kimi ABŞ-da da qanun müqəddəs olmalıdır. ABŞ-da hamı, hətta prezident də qanunlara tabe olmalıdır. Amma Tramp bu ənənəni aradan qaldırmağa çalışacaq”, - deyə keçmiş səfir yekunlaşdırıb.

Pekində qəribə xəbərdarlıq: Arıqlar küçəyə çıxmasın!

Çinin paytaxtı Pekində və ətraf bölgələrdə güclü fırtına təhlükəsi səbəbilə çəkisi 50 kiloqramadək olan insanlara küçəyə çıxmamaq tövsiyə olunub. Sozcu.az xəbər verir ki, bu barədə Pekin Fövqəladə Hallar İdarəsi məlumat yayıb. Bildirilib ki, küləyin sürəti saatda 150 kilometrə çata bilər ki, bu da çəkisi az olan insanları küləyin aparması riskini yaradır. Xəbərdarlıq Pekinlə yanaşı Hubey vilayətini və Tyanjin şəhərini də əhatə edir. Belə bir çağırış Çin paytaxtında son 10 ildə ilk dəfə edilir. Sinoptiklərin proqnozuna əsasən, bölgədə 17 ballıq şkala üzrə 11-13 ballıq güclü fırtına gözlənilir. Qurum sakinləri yüksək binaların, reklam lövhələrinin, müvəqqəti qurğuların və iri ağacların yaxınlığında dayanmamağa çağırıb.

Toylarda bu adət qadağan oluna bilər

Tez-tez yas mərasimləri ilə bağlı müzakirələr olur. Əsas vurğu israfçılığa yönəlir. Lakin toylarımızın acınacaqlı vəziyyətdə olduğu da istisna edilmir. Əksinə, toylarda daha çox israfçılığa yol verildiyi, lazımlı-lazımsız qidaların masaya düzüldüyü bildirilir. Pandemiya zamanı deyilirdi ki, həyat normala döndükdən sonra yəqin israfçılıq da azalar. Əksi oldu. Pandemiyadan sonra toy qiymətləri və israfçılıq daha da artdı. Bəs bunun qarşısı alına bilərmi? Hər hansı bir tədbir görülməsi mümkündürmü? Sozcu.az xəbər verir ki, bu barədə Globalinfo.az-a deputat Gülşad Rüstəmova danışıb. “Doğrudan da toylarda israfçılığa çox yol verilir. Dinimiz də bizə israfçılığın olmamasını buyurur. Amma yaslarda məsələ bir az fərqlidir. Hər kəs əzizi üçün ehsan vermək istəyir. Şəxsən mən bu gün şəhid balamın tədbirlərində hər gələn adamın ehsandan dadmasını, rəhmət oxumasını istəyirəm. Biz şəhid anaları da belə mənəvi rahatlıq tapırıq. Amma onu da sizə deyim ki, Naxçıvanda keçirilən yaslarımızda qəti israfçılıq olmur”, - deputat bildirib. G.Rüstəmova deyib ki, əslində, yeyilməyən yeməklər süfrəyə qoyulmaya bilər: “Məsələn, 5-6 növ salat olacaqsa və onun çoxu yeyilməyəcəksə, elə bir qab salat olması daha yaxşıdır, 5-6 yemək növündənsə 2 cür yemək olsun. İnsanın mədəsi guya nə qədər qida qəbul edir ki?! Toya gedəndə bir dənə salatdan götürərik, bir növ də yemək əlavə edirik. Hər cür yeməyi süfrəyə düzəndə doğrudan da israfçılıq olur. Təki həmişə süfrələrimiz bol olsun, Azərbaycanımızda şad günlər keçirilsin, amma israfçılığa yol verilməsin. Anlayıram, hamı övladının xoş günündə belə şeylərlə rahatlıq tapır, bir söz deyə bilmərəm. Lakin israfçılığın olmamasına diqqət edilməlidir. Ən azından qalan yeməklər sonra ehtiyaclı kəslərə verilə bilər. Bununla bağlı tədbir görmək mümkündür”.

ABŞ-la İran razılığa gəldi: ikinci raund olacaq...

ABŞ-İran danışıqlarının ikinci mərhələsi aprelin 19-da keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Arakçı məlumat verib. O bildirib ki, Omanda ikinci raundun növbəti həftənin şənbə günü keçirilməsi barədə razılıq əldə edilib. Arakçı bildirib ki, tərəflər danışıqlar naminə danışıqlar aparmaq istəmirlər. Xatırladaq ki, bu gün Omanda ABŞ və İran arasında nüvə proqramına dair danışıqlar keçirilib.

"Whatsapp"da problem yarandı

"Whatsapp" ani mesajlaşma tətbiqinin işində problem yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə “Downdetector”da məlumat yayılıb. Belə ki, mesencerin işindəki problemlərlə bağlı yüzlərlə şikayət daxil olub. Bildirilir ki, istifadəçilər mesaj göndərməkdə çətinliklərlə üzləşirlər.  "WhatsApp"da problemlər yaranıb. İstifadəçilərin 90%-dən çoxu mesaj göndərməkdə çətinliklərlə üzləşirlər. Həmçinin mesajların alınması və tətbiqlə bağlı da şikayətlər var.

Azərbaycanda gün ərzində ikinci zəlzələ oldu

Pirqulu stansiyasından 23 km şimal-qərbdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib. Məlumata əsasən, zəlzələ 3,2 maqnitudada qeydə alınıb, təkanların ocağı 3 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Prezident Avropa Şurasının baş katibi ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 12-də Antalyada Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşü olub. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Bu müəllimlər də sertifikasiyadan olunsunlar! - TƏKLİF

Sosial şəbəkələrdə uşaq yaradıcılıq mərkəzlərində çalışan müəllimlərin də sertifikasiya prosesə cəlb ediləcəyi ilə bağlı iddialar yayılıb. Mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev bildirib ki, bu məsələyə birtərəfli baxılmamalıdır: “Uşaq yaradıcılıq mərkəzlərinin hamısı vaxtilə təhsil müəssisələri idi. İdman məktəbləri, şahmat məktəbləri, yaradıcılıq mərkəzləri fəaliyyət göstərir. Orta məktəbdə rastlaşdığımız neqativ hallar həmin mərkəzlərdə də var. Orada da bəzi əməkdaşlar vaxtilə hansısa yollarla işə düzəliblər. Onların inkişafı, yoxlanılması ilə bağlı heç bir fəaliyyət həyata keçirilməyib. Elm və Təhsil Nazirliyinin səlahiyyəti var ki, öz əməkdaşlarını yoxlasın. Çünki həmin şəxslərin əmək haqqı dövlətin büdcəsindən ödənilir. Həmin şəxslər tutduqları vəzifəyə uyğun deyillərsə, dövlət büdcəsini talamış sayılırlar. Biz məsələyə bu cür baxmalıyıq. Əgər bir nəfərin yerinə 5 nəfər uyğun olmayan şəxs işləyirsə, onları azad edək, həmin uyğun olan bir nəfərə də yüksək əmək haqqı verək. Bu məsələ digər məktəblərin sertifikatlaşdırılmasının yanında kölgədə qalır. Bu proses artıq gecikir. “Bu yaxınlarda Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəblərdə imtahanlar keçirildi. Gördünüzmü necə biabırçılıq ortaya çıxdı. Həmin insanlar da vaxtilə hansısa yollarlasa bu müəssisələrə doluşublar. Həmin şəxslər dövlət büdcəsini dağıtmaqla məşğuldurlar. Ona görə də, bu sahədə də sertifikatlaşdırma prosesinin zamanıdır. Gələcək bizdən tələb edir ki, büdcəmizi daha səmərəli və effektiv istidadə edək. Ona görə də cəmiyyət olaraq bu məsələlərin qarşısında durmamalı, dəstəkləməliyik”, - R.Dünyamalıyev qeyd edib.

Sinif yoldaşını bıçaqlayan şəxs saxlanıldı

Gəncə şəhəri Cavad Xan qəsəbəsində sinif yoldaşına bıçaqla xəsarət yetirən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, mübahisə zəminində şəhər sakini 34 yaşlı Rəşad Nəsrullayevə bıçaqla xəsarət yetirən Seymur İsmayılov saxlanılaraq istintaqa cəlb edilib. R. Nəsrullayevin vəziyyətinin orta ağır olduğu bildirilib. Faktla bağlı araşdırma davam edir.

Azərbaycanda vəzifəli şəxs işdə öldü

Beyləqanda vəzifəli şəxs iş başında ölüb. Hadisə 8 saylı ərazi vergi idarəsində baş verib. Burada kiçik vergi xidməti müşaviri işləyən Ağcabədi şəhər sakini 64 yaşlı Arif Qasım oğlu Qasımlı infarktdan ölüb. Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (lent.az)

Eyni şirkət, eyni markalı maşın, bənzər qəza: “Əsas məsuliyyət şirkətin üzərinə düşür”

Heydər Əliyev prospektində "JAC” markalı (BYD şirkəti - red.) avtomobilin sayca 3-cü qəzası baş verib. Bir xaric olmaqla, bu qəzaların eyni prospektdə və oxşar qızası, üstəlik, “Bolt” taksi xidmətinə məxsus olması müəyyən şübhələr və ehtimallar yaradıb. Mövzu ilə bağlı "Yeni Sabah" danışan nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, məsuliyyəti birbaşa taksi şirkətlərinin üzərinə atıb:  “Öncə ondan başlayaq ki, avtomobilin məsələyə heç bir aidiyyəti yoxdur. Tam standarta uyğun nəqliyyat vasitəsidir. Əvvəllər, adətən, “Toyota Prius”ları adı daha çox hallanırdı, indi onları “BYD”lər əvəz edib. Bu nəqliyyat vasitələri, yəqin ki, taksi fəaliyyətində özlərini doğrultduğuna göə şirkətlər məhz həmin maşınlara üstünlük verirlər. Odur ki, əsas yük taksi şirkətlərinin üzərinə düşür. Sürücülərin iş rejimi, onlar avtomobilin sükanına oturmazdan öncə tibbi yoxlanışdan keçməsi, qeydiyyatda olan şəxsin nəqliyyat vasitəsini idarə etməsi məhz şirkətinin məsuliyyətindədir. Bütün hallarda, maşın kimə etibar olunursa, sima kimi şirkət cavabdehdir. İkincisi, klaviatura arxasında oturub, sosial şəbəkədə özünü qəhrəman hesab edənlər anlasınlar ki, onların özlərinin də məsuliyyəti var. Ən azı istifadəçi olaraq, sifariş etdiyimiz nəqliyyat vasitəsinin sürücüsü, maşının markası və digər məlumatlar tətbiqdə göstərilir. Bunlar uyğun olmadıqda, həmin nəqliyyat vasitəsinə oturmağın heç bir mənası yoxdur. Vətəndaşlar bu məsələyə ciddi yanaşmalıdır”. Ekspert qeyd edib ki, belə halların tez-tez baş verməsi taksi şirkətinin fəaliyyətinə xitam verilməsi ilə nəticələnə bilər: “Əsas məsuliyyət birmənalı olaraq, şirkətin üzərindədir. Buna nəzarət edən qurum Dövlət Yol Polis İdarəsidir. Onlar da mütəmadi olaraq reydlər keçirməlidir. Doğrudur, bunu müəyyən etmək nəzarət edən qurum üçün çox çətindir. Söhbət insan həyatından gedir. İnsanlar ödənişini etdiyi halda, qəzalarla rastlaşır. Bu kimi hallarda, əlbəttə, hər hansı taksi şirkəti ilə bağlı müəyyən tədbirlər görmək olar. Bir neçə xəbərdarlıqdan sonra aydın məsələdir ki, cərimələr və məhdudiyyətlərin tətbiq olunması ilə yanaşı, şirkətin fəaliyyətinə xitam da verilə bilər. Bu kimi qəzalar insan həyatı, xəsarət və maddi baxımdan yol infrastrukturuna dəyən ziyandır. Hər halda şirkətlər taksi fəaliyyətində məsuliyyətin altına giribsə, nəzarəti də yerinə yetirməlidir. Bunun başqa yolu yoxdur”.

Abşeronda əməliyyat: axtarışda olan 36 nəfər saxlanıldı

Abşeron Rayon Polis İdarəsinin və ərazi üzrə Saray, Mehdiabad və Qobu polis bölmələrinin əməkdaşları hüquqpozmalara qarşı əməliyyat və profilaktik tədbirlər keçirib. Daxili İşlər Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 7 fakt aşkarlanıb. Mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 36 nəfər saxlanılıb, “isti izlərlə” 37 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 136, xırda xuliqanlıq və kibertalamalarla əlaqədar 43 fakt aşkarlanıb. Həmçinin Abşeron rayonunda aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan odlu silah-sursatlar könüllü polisə təhvil verilib. Abşeron RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 2, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 18 sürücü barəsində inzibati tənbeh tədbirləri görülüb.

Qubada torpaq sürüşməsi: kəndin əsas yolu bağlandı

Quba rayonunun Güləzi kəndində torpaq sürüşməsi baş verib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə zamanı kəndin əsas giriş-çıxış yolu bağlanıb. Əraziyə texnikalar cəlb olunub, yolda hərəkət bərpa olunub. Yerli sakinlər bildirib ki, ərazidə hazırda da sürüşmə aktivliyi qalmaqdadır. Qeyd edək ki, uzun illərdir Güləzi kəndində torpaq sürüşməsi müşahidə olunur. Ən güclü torpaq sürüsməsi 2010-cu ilin aprel ayında baş verib. Nəticədə 30-a yaxın fərdi ev zədələnib. Sakinlər üçün Yeni Güləzi kəndində yeni fərdi evlər inşa edilərək, ora köçürülüblər. Lakin əhalinin bir qismi hələ də Güləzi kəndində yaşamaqdadır.

Kanaldan meyiti tapılan şəxsin oğlu da fəciəli şəkildə ölüb

10:58 İsmayıllı rayonunun Tircan kənd ərazisində kişi meyiti tapılıb. Sozcu.az xəbər verir ki, meyiti tapılan şəxsin 1955-ci il təvəllüdlü İsmayıllı rayon Tircan kənd sakini Misirxan Nəsirov olduğu bildirilib. Meyit kəndin su keçidində aşkarlanıb. Qeyd edək ki, meyiti tapılan şəxsin psixoloji problemləri olduğu vurğulanır. *** Tircan kəndində su kanalından meyiti tapılan şəxs neçə gün idi ki yoxa çıxmışdı. Bu barədə Oxu.az-a kənd sakini məlumat verib. "Misirxanın bir oğlu, bir qızı vardı. Bir neçə il əvvəl oğlu təxminən 22-23 yaşında arı sancması nəticəsində həyatını itirdi. Oğlanın allergiyası olduğuna görə arı sancması onun həyatına son qoydu. Qızı da ailəlidir. Misirxanın əvvəldən də əqli geriliyi var idi, amma oğlu rəhmətə gedəndən sonra vəziyyəti bir az da ağırlaşmışdı. Dünən axşam meyiti tapılıb. Hazırda məsciddədir. Az sonra dəfn olunacaq", - deyə sakin bildirib.

Sülh mümkün deyil: Kiyev bizə arxalana bilər

Rusiya sülhə hazır deyil. Sozcu.az xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib. “Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünü nəzərə alsaq, etiraf etməliyik ki, Ukraynada sülhün əldə olunması yaxın gələcəkdə mümkünsüz görünür. Zəmanət veririk ki, Ukrayna bizim birgə hərbi dəstəyimizdən faydalanmağa davam edəcək. Rusiya başa düşməlidir ki, Ukrayna mübarizəni davam etdirməyə qadirdir və biz onu dəstəkləyəcəyik”, - Pistorius bildirib.

Aytac Ağazadə həbs edildi

12:15 “QHT işi” üzrə saxlanılan Aytac Ağazadənin barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanın təqdimatına baxılıb. Sozcu.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə istintaq orqanın təqdimatı təmin olunub. Aytac Ağazadə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır. Cinayət işi üzrə Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri - hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır. "İştirak Evi " MMC - nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl isə cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib. Binəqədi Rayon Məhkəməsi hər 3 şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bakıda leysan olacaq - XƏBƏRDARLIQ

Aprelin 13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında, 14-ü axşam isə şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 15-dən isə hava şəraitinin daha da kəskinləşəcəyi, yağıntıların intensiv və güclü olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. Böyük və Kiçik Qafqazın, Naxçıvan MR-nın və Lənkəran-Astara zonasının ərazisindən axan bəzi çaylarda daşqın və sel riski daha yüksəkdir. Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacağı, bəzi ərazilərdə leysan xarakterli olacağı gözlənilir. 16-da isə yağıntıların daha intensiv olacağı ehtimalı var.

Qəzada yaralanan sürücünün vəziyyəti ağırdır: Əməliyyat olacaq

Aprelin 10-da Heydər Əliyev prospektində baş verən qəza nəticəsində xəsarət alan BYD markalı avtomobilin sürücüsü Anar Nəcəfov və sərnişin Sevda Həşimovanın son vəziyyətləri açıqlanıb. Sabunçu Tibb Mərkəzindən verilən məlumata görə, sərnişin müayinədən sonra ambulator müalicə üçün evə buraxılıb. Sürücü Anar Nəcəfovun vəziyyəti isə orta ağırdır. Müalicəsi xəstəxanada davam etdirilir, yaxın günlərdə əməliyyat olunması nəzərdə tutulur.