Bakıda piyada ölümü

Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az DİN-ə istinadla xəbər verir ki, Heydər Əliyev prospekti, “ASK Arenanın” qarşısında 2 piyada yolun hərəkət hissəsindən keçərkən onlardan birini minik avtomobili vurub. Piyada hadisə yerindəcə həyatını itirib.

İsrailin İrandakı əməliyyatı bir neçə gün ərzində bitə bilər...- "İsrael Hayom"

İsraildə ötən cümə günü başlayan əməliyyatın gedişatından məmnun qalaraq, İranla müharibənin bir neçə gün ərzində bitə biləcəyinə inanırlar. Sozcu.az xəbər verir ki, təhlükəsizlik sistemində olan mənbə "İsrael Hayom" nəşrinə belə deyib: “Biz təxmin edirik ki, biz artıq İranın qalan raket buraxılışı qurğularının demək olar ki, yarısını vurmuşuq”, halbuki ilkin əlamətlər aylardır hazırlanan "Şir millət" əməliyyatının görünməmiş uğuruna işarə edir. Müharibə ərəfəsində ordu nazirlər kabinetinə İranla mümkün münaqişə ssenarisini təqdim edərək, 400 mülki şəxsin həlak olacağını, ən pis halda isə ölənlərin sayının 800-ə çatacağını bildirib. İndiyədək İranın atəşə tutması nəticəsində 24 mülki vətəndaş həlak olub ki, bu da İsrailin hava hücumundan müdafiə sistemlərinin effektivliyini nümayiş etdirir.

İsrail İranın nüvə arxivini ələ keçirdi - Netanyahu

Hərbi əməliyyatlar nəticəsində İranın nüvə arxivini ələ keçirməyə nail olmuşuq. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb. O deyib ki, İran heç vaxt nüvə silahı əldə edə bilməyəcək: “Biz İranın yaratdığı nüvə təhlükəsini tamamilə aradan götürməyə qadirik”. İsrail hökumətinin başçısı İranın ali dini lideri Ayətullah Xameneinin qətli barədə müzakirələrə isə “Heç bir variant istisna, heç kim isə toxunulmaz deyil” sözləri ilə aydınlıq gətirib. İsrailin baş naziri ABŞ-ın İsrail-İran savaşına qoşulması imkanını da dəyərləndirib: “Bu məsələ həmin ölkənin Prezidenti Donald Trampdan asılıdır. Çünki oyunun qaydalarını məhz o bilir. Bizim heç vaxt Trampın özündən yaxşı dostumuz olmayıb. Bu səbəbdən də biz onun bütün qərarlarına hörmətlə yanaşırıq”.

"Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirildi

16:19 İyunun 19-da Türkiyənin Qəhrəmanmaraş şəhərində “Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirilib. Sozcu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər. Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi. Sonra “Azərbaycan məhəlləsi"nə həsr edilmiş videoçarx nümayiş etdirildi. Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış etdi. Prezident İlham Əliyevin çıxışı - Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan. Sayın tədbir iştirakçıları, əziz kahramanmaraşlılar. İlk növbədə sizə Azərbaycan xalqının ən səmimi salamlarını çatdırıram. 2023-cü il fevralın 6-dakı dəhşətli zəlzələ nəticəsində həlak olmuş, həyatını itirmiş bütün bacı-qardaşlarımıza Allahdan bir daha rəhmət diləyirəm. Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşqanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. Eyni zamanda, bu, güclü Türkiyənin təzahürüdür. Çünki ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər. Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərmişdir. Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan məhəlləsi"nin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür. Qarabağ məsələsində də qeyd etdiyiniz kimi, biz əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır. “Azərbaycan məhəlləsi"nin yaradılması da çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur. Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir. Dörd il bundan öncə hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir. Bu gün ilk dəfə olaraq bu gözəl diyarı ziyarət edirəm. Mən Türkiyənin bir çox yerində olmuşam. Gözəl Türkiyənin gözəl təbiətini görmüşəm. Burada da, qədim türk torpağı Qəhrəmanmaraşda olmağımdan da çox məmnunam. Qəhrəmanmaraşlılar dəhşətli zəlzələ ilə üz-üzə qalaraq öz iradələrini göstərdilər, sınmadılar, əyilmədilər. Bilirdilər və inanırdılar ki, onların arxasında güclü lider Rəcəb Tayyib Ərdoğan dayanır. Onların arxasında güclü Türkiyə dayanır. Bu, təbii ki, bir daha qəhrəmanmaraşlıların nə qədər öz doğma xalqına, liderinə, dövlətinə bağlı olmasını göstərir. Zəlzələ bölgələrində yaşayan bütün insanlara Azərbaycan xalqının hörmətini, sevgisini ifadə edirəm. Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşınız var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı-qardaşımız var. Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı! *** Sonra Türkiyə Respublikasının Prezidenti çıxış etdi. *** Daha sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan məhəlləsi"ndə inşa olunacaq mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoydular. Zəlzələdən zərər görmüş bir sıra ailələrə yeni mənzillərin açarları təqdim olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan məhəlləsi"nin açılışını bildirən rəmzi lenti kəsdilər. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan məhəlləsi"ni gəzdilər, burada inşa edilmiş mənzillərə baxdılar. *** Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəhrəmanmaraşdakı “Azərbaycan məhəlləsi"ndə inşa edilmiş Heydər Əliyev adına ibtidai məktəbdə və uşaq bağçasında yaradılan şəraitlə tanış oldular. *** Qeyd edək ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu. Fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edildi. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldildi. Dövlətimizin başçısının digər bir mühüm tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsi"nin inşasına start verildi. Tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq. 2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub. “Azərbaycan məhəlləsi"nin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

İsrail üçün 3 böyük sədd: Buna görə qələbə şansı azdır

İsrailin İranla müharibədə uğursuzluğunun 3 əsas səbəbi var. Sozcu.az xəbər verir ki, bu barədə nüfuzlu həftəlik “The Economist” jurnalı yazıb. Britaniya nəşrinin təhlilində qeyd edib ki, İsrailin İranla birbaşa müharibədə tam qələbə şansı azdır. Əvvəla, İranın coğrafi böyüklüyü hərbi infrastrukturun tam məhv edilməsinin qarşısını alır. Qəzzə və ya Livanın cənubundan fərqli olaraq, qısa müddət ərzində və bir neçə məhdud əməliyyatla İran faktiki olaraq iflic vəziyyətinə düşə bilməz. Raket bazalarının və hərbi mərkəzlərin ölkə daxilində səpələnməsi İrana zərbələr endirmə imkanlarını azaldıb və İsrailin hədəfə aldığı hücumların effektivliyini şübhə altına alır. İkincisi, İranla İsrail arasında bir neçə min kilometr məsafə Tel-Əvivin genişmiqyaslı və davamlı hərbi əməliyyatlar keçirməsini çox çətinləşdirir. Hücum gücünü saxlamaq üçün İsrailə ABŞ-nin vasitəçi bazaları və ya aktiv dəstəyi lazımdır. Amerikanın xarici siyasətinin qeyri-müəyyənliyi ucbatından indiki vəziyyətdə Vaşinqtonun buna razılaşıb-razılaşmayacağı bilinmir. “The Economist” təhlilinə davam edərək vurğulayır ki, İran daxilində iqtisadi və sosial şəraitdən narazılıq olsa da, xarici təhlükə zamanı siyasi sistem ətrafında, bir növ, milli birlik və həmrəylik formalaşır. Bu xüsusiyyət, sürətli devirmə və ya daxili çöküş kimi planları qısa müddətdə təsirsiz edir. Nəşr belə nəticəyə gəlir ki, İsrailin İranla birbaşa müharibəsi nəinki Təl-Əviv üçün həlledici hərbi qazanc gətirməyəcək, həm də dialoq və vasitəçilik münaqişəni əvəz etməsə, İsraili baha başa gələn və aşındırıcı regional böhrana sürükləyə bilər.

Ağdamda ANAMA-nın əməkdaşı öldü

Ağdamda ANAMA-nın əməkdaşı ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, ANAMA-nın Ağdam mobil bazasında anbardar vəzifəsində çalışan 1969-cu il təvəllüdlü Vüqar Həşim oğlu Məmmədovun səhhəti anidən pisləşib. Bazanın əməkdaşları V.Məmmədovu Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

İran İsrailə zərbələrin dayandırılması üçün şərtləri açıqladı

İranın zərbələri yalnız İsrail "cəzalandırıldıqda" və respublikaya təzminat ödədikdə dayandırılacaq. "Report" IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilib. "Düşmən cəzalandırılana və təzminat ödənilənə qədər cavab tədbirləri davam edəcək", - bəyanatda qeyd olunub.

ABŞ Xameneini buna görə qoruyur - İranın Ali rəhbəri ilə bağlı müəmma

Son günlər İran-İsrail qarşıdurması fonunda ölkənin ali lideri Seyid Əli Ayətullah Xameneinin öldürülməsi məsələsi də gündəmə gəlir. Ötən gün İsrail ordusu İranın ali rəhbərinin qaldığı bunkerin yerləşdiyi məhəlləni bombaladığını açıqlayıb. Xameneinin xalqa müraciət videosunun yayılmasından dərhal sonra bunun baş verməsi maraq doğurub. ABŞ Prezidenti Donald Tramp da Xameneinin gizləndiyi yerlə bağlı əllərində dəqiq məlumatların olduğunu bildirmiş və onun “hələlik” öldürülməyəcəyini açıqlamışdı. ABŞ Xameneyinin aradan götürülməsini nədən istəmir? Sonda onunla anlaşacaqlarını bildiyi üçün? İranın ali rəhbəri həqiqətən hədəfdədir? Onun aradan götürülməsi İran üçün necə bir ssenari vəd edir? Globalinfo.az-a danışan siyasi şərhçi İlham İsmayıl bildirib ki, İran dünyəvi quruluşa malik olmayan ideoloji dövlətdir: “İslam ənənələrinə sadiq Respublika olduğundan, gərgin situasiyalarda ali rəhbərin öldürülməsi İran cəmiyyətində daha çox birlik yaradır, parçalanma isə baş vermir. Hətta Xameneidən narazı qüvvələr belə, artıq vətən və dövlət prinsipi əsasında birləşirlər. Bunu ABŞ çox yaxşı bilir. Xameneinin öldürülməsi mövcud rejimi dəyişdirməyəcək, əksinə, birlik və sıxlıq yaranacaq. İranın nüvə silahı əldə etməyəcəyinə dair konkret öhdəlik götürəcəyinə dair ümidlər var, lakin İran birmənalı qərar verməyib. Tehran danışıqlar masasına əyləşmək, zənginləşdirilmiş uranın Beynəlxalq Atom Enerjisi Agentliyinə təhvil verilməsi və proksi qüvvələrdən tam imtina edilməsi ilə bağlı müzakirələrin aparılmasının vacibliyini vurğulayır. Donald Tramp isə artıq danışıqlar deyil, konkret öhdəliklər götürməklə İranın danışıqlara gəlməsinin vaxtının çatdığını qeyd edir. Bu Rusiya Prezidenti Vladimir Putinin atdığı addıma bənzəyir. Beləki o, Ukrayna məsələsində danışıqlardan əvvəl kapitulyasiya aktını qəbul etmələrini əsas şərt qoyub. Əli Xamenei bilir ki, “təslim oluruq” ifadəsi İran rejiminin dağılmasına səbəb olacaq. Məsələ məhz bunun üzərində qurulub. Söhbət yalnız Əli Xameneinin qorunmasından və ya hansısa iş birliyindən getmir. İdeoloji dövlət prinsipini nəzərə alaraq, ABŞ hələlik bu addımı atmır. Xameneinin öldürülməsi islam dünyasını da ayağa qaldıra bilər. İrana heç bir simpatiyası olmayan müsəlman ölkələri də məsələyə biganə qalmayaraq sərt mövqe sərgiləyə bilərlər. Hələlik qətl baş verməyib, amma Pakistan və bəzi islam ölkələri İrana müəyyən mənada dəstək verir. Türkiyə də bu sıradadır. Bu, Xamenei ilə bağlı deyil, Türkiyənin siyasətindən irəli gəlir, islam ölkələrini müəyyən dərəcədə qorumaq istəyir. Xameneinin öldürülməsi ABŞ və İsrailə böyük ziyan verəcək. Perspektivdə normal şərtlər qəbul olunarsa, münaqişə dayanacaq. Əks təqdirdə, gərginlik ən azı 5-10 gün davam edəcək”.

İran İsraildə xəstəxananı vurdu

08:35 İran İsrailə raket zərbələri endirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Bildirilib ki, raketlər paytaxt Təl-Əvivə düşüb. Eyni zamanda, Beer-Şevada yerləşən Soroka xəstəxanası da vurulub. ** Xəstəxananın vurulması nəticəsində azı 10 nəfər xəsarət alıb. Ölkənin əksər bölgələrində hava hücumu sirenləri səslənir, mülki əhaliyə isə sığınacaqlarda qalmaq tapşırılıb. Təl-Əvivdə də raket zərbələrindən sonra dağıntılar qeydə alınıb.

İran İsrailin kəşfiyyat mərkəzinə hücum etdi

İran bu gün səhər saatlarında İsrail ordusunun kiber komandanlığının C4I qərargahına və Qav Yamdakı kəşfiyyat mərkəzinə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Məşhəddə İsrail üçün PUA yığan böyük dəstə varmış

İran İsrailə məxsus pilotsuz təyyarələri İranda yığmaqda şübhəli bilinən iyirmiyə yaxın adamı saxlayıb. Sozcu.az xəbər verir ki. bu barədə məlumatı “Mehr” agentliyi yayıb. Məlumata görə, Məşhəd şəhərində 18 İsrail agenti həbs edilib. Onlar İsrail üçün kəşfiyyat və hücum pilotsuz uçan aparatlarının layihələndirilməsi üzərində gizli işləyiblər.

İsrailin bu şəhəri darmadağın edildi

İranın hücumları nəticəsində İsrailin 130 min nəfərin yaşadığı Bat-Yam şəhəri darmadağın edilib. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə şəhərin dağılmış görüntüləri paylaşılıb.

Tehranda hökumət binalarını vuracağıq! - Katz

İran İsraildəki xəstəxanalara və mülki obyektlərə hücum edir. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Katz X hesabında paylaşım edib. “Baş nazir və mən silahlı qüvvələrə hücumları daha da intensivləşdirmək, Tehranda strateji hədəfləri və hökumət binalarını hədəfə almaqla bağlı tapşırıq vermişik ki, İsrail dövlətinə qarşı təhdidləri aradan qaldıraq və ayətullah rejimini sarsıdaq”, - nazir qeyd edib.

İsrail xüsusi təyinatlıları İrana girəcək - Axios

ABŞ hücum etməkdən imtina edərsə, İsrail İranın Fordo nüvə obyektinə xüsusi təyinatlı qüvvələrini göndərə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Nəşrin yazdığına görə, İsrail rəsmiləri hesab edir ki, ABŞ Prezidenti Donald Tramp hücum qərarı verəcək. Lakin onlar iddia edirlər ki, təkbaşına belə Fordodakı obyektə ciddi zərər verə bilərlər. “Axios” bildirir ki, İsrailin Baş naziri Benyamin Netanyahu və Vaşinqtondakı səfir Yexiel Leyter müsahibələrində İsrail ordusunun hava hücumlarından başqa variantları olduğuna işarə ediblər: “Bu variantlardan biri xüsusi təyinatlı qüvvələrin riskli əməliyyatıdır. İsrail xüsusi təyinatlıları 2024-cü ilin sentyabrında belə bir əməliyyat həyata keçiriblər, baxmayaraq ki, kiçikmiqyaslı olub. Həmin əməliyyatda onlar Suriyada yeraltı raket istehsalı zavodunu partladıblar. Hazırda İsrail İranın hava məkanını tam nəzarət altına alıb və İran ordusuna ciddi zərbə vurub, buna görə də xüsusi təyinatlı əməliyyat daha az ekstremal görünür. Amerikalı bir rəsminin sözlərinə görə, israillilər Tramp administrasiyasına bildiriblər ki, bombalar dağın dərinliklərinə kifayət qədər nüfuz etməyə bilər, amma onlar bunu insanların köməyi ilə edə bilərlər”. Qeyd edək ki, Fordo nüvə müəssisəsinin dağın altında, 90 metr dərinlikdə yerləşdiyi bildirilir.

Bu ərazilərə zərbə endirilməsin! - Azərbaycan yenidən İsrailə müraciət etdi

Azərbaycan İranda azərbaycanlılar yaşayan ərazilərdə əməliyyat zamanı mülki əhalinin və mülki obyektlərin təhlükəsizliyi ilə əlaqədar ehtiyatlı davranmaq və zərbələrdən mümkün qədər yan keçmək üçün müxtəlif kanallarla İsrail tərəfə yenidən müraciət edib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, xüsusilə Ərdəbildəki hərbi obyektlərin vurulmasından sonra Azərbaycan tərəfdə mülki əhalinin təhlükəsizliyi baxımından narahatlıq yaranıb. Qeyd edək ki, İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələri hədəfə almamaq, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı Azərbaycanın bir neçə gün əvvəl müxtəlif kanallarla İsrail rəhbərliyinə mesaj göndərdiyi barədə məlumat yayılmışdı. Xatırladaq ki, İsraillə İran arasında iyunun 13-də başlayan hərbi əməliyyatlar zamanı hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə böyük ziyan dəyir. İsrailin endirdiyi zərbələr İranda azərbaycanlıların yaşadığı əraziləri də əhatə etdiyindən yerli əhali arasında itkilərin, sosial infrastrukturun dağıdılması təhlükəsi yaranır.

Ermənistan Solovyova görə Rusiyaya nota verdi

Ermənistan Xarici İşlər Nazirliyi rusiyalı teleaparıcı Vladimir Solovyova görə Rusiyaya nota verib. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan məlumat verib. “Ermənistan Xarici İşlər Nazirliyi Rusiya ictimai xadimlərinin "təhrif olunmuş və qəbuledilməz qiymətləndirmələri" səbəbindən Rusiya tərəfinə nota göndərib”, - nazir vurğulayıb. Qeyd edək ki, İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsi üçün çıxış edən Solovyov Ermənistan Baş naziri Nikol Paşinyanın ünvanına təhqirlər səsləndirib.

Solovyovun təxribatçı açıqlamasına rəsmi REAKSİYA

Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də yayımlanan müəllif proqramında özünəməxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirib. Bu barədə Sozcu.az-a Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib. Bildirilib ki, Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan yaxın dostu, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxan aparıcı bir neçə dəfə “Artsax” ifadəsini işlətmiş, Ermənistan hakimiyyətini “Artsaxı hədiyyə etməkdə” günahlandırmış, canlı yayımda birbaşa erməni xalqına müraciət edərək onu da gələcəkdə “Artsaxın taleyi gözlədiyini” demişdir. Real tarixi faktları təhrif edən, yaxın keçmişdə baş vermiş proseslərə qərəzlə yanaşan Vladimir Solovyov hər zaman Azərbaycana kin və nifrət bəsləmiş, bu münasibət onun çıxışlarında açıq şəkildə özünü büruzə vermişdir. V.Solovyovun Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı müxtəlif vaxtlarda etdiyi çıxışlar həmişə qeyri-obyektiv olmuş, ziddiyyətli mahiyyət daşımış və Azərbaycanda adekvat reaksiyalara səbəb olmuşdur. Rusiyanın dövlət televiziya kanalının efirində belə destruktiv iddiaların yer alması narahatlıq doğurur, xalqımıza qarşı qəbuledilməz hesab edilir, ölkələrimiz arasında dostluq münasibətlərinin ruhuna və məsələ ilə əlaqədar Rusiyanın rəsmi mövqeyinə tamamilə ziddir. Jurnalist etikası və əxlaqi dəyərlərlə bir araya sığmayan bu nifrət nitqini yolverilməz hesab edir, qəti şəkildə pisləyir və qarşı tərəfin üzrxahlıq etməsini gözləyirik.

Trampdan Putinə: Mənə bir yaxşılıq et, öz işində məşğul ol!

Ötən gün onunla (Vladimir Putin – red.) danışdım. İranla dialoqda vasitəçilik təklif etdi. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib. “Mən də ona dedim: “Mənə bir yaxşılıq et, sən öz işində vasitəçilik et. Vladimir, gəl əvvəlcə Rusiya ilə Ukrayna arasında vasitəçilik edək, bundan sonra İran ətrafındakı vəziyyətlə bağlı narahat ola bilərsiniz”, - Tramp vurğulayıb. Qeyd edək ki, Trampla Putin arasında telefon danışığı 14 iyunda baş tutub. Ötən gün ABŞ və Rusiya liderləri arasında telefon danışığı haqda rəsmi açıqlama yoxdur.

İranın 3 hökumət təyyarəsi havaya qalxdı: nə baş verir? – Foto

İran hökumətinə məxsus 3 təyyarə ölkəni tərk edərək, Oman istiqamətinə (Maskata) gedib. Sozcu.az xəbər verir ki, bu barədə “Flightradar24” sistemində məlumat əksini tapıb. Hökumət təyyarələrinin hansı məqsədlə Maskata istiqamətləndiyi açıqlanmasa da, ehtimal edilir ki, bu, ABŞ-la danışıqlar üçün ola bilər.

İran və ABŞ rəsmiləri bu ölkədə görüşür – Son dəqiqə

ABŞ vitse-prezidenti ceyms Di Vens Prezident Donald Trampı İrana daha bir şans verməyə inandıra bilib. Buna görə də İranla yeni danışıqlar baş tuta bilər. Sozcu.az xəbər verir ki. belə bir iddia ABŞ mediasında yayılıb. Bildirilib ki, ABŞ vitse-prezidenti İranla anlaşmaq və müdaxilədən yayınmaq üçün Trampa bəzi təkliflər verib. Omanda İran və ABŞ arasında yüksək səviyyəli görüş keçirilə bilər. Qeyd edək ki, bundan öncə İrandan 3 hökumət təyyarəsinin maskata (Omanın paytaxtı) istiqamətləndiyi barədə məlumat yayılmışdı. “Röyters” təyyarələrin artıq Maskat hava limanına eniş etdiyini bildirib. Xatırladaq ki, ABŞ və İran arasında nüvə danışıqlarının 5 raundu Omanın vasitəçiliyi ilə keçirilib.

Bakı metrosunda HADİSƏ - Tələbə qatar yoluna düşdü

Səhər saatlarında Bakı metrosunun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb. Sozcu.az “modern.az”a istinadən xəbər verir ki, qatar stansiyaya çatmamış dayandırılıb. Gənc yaşlı sərnişin stansiyanın əməkdaşları tərəfindən xilas edilib. Məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov təsdiqləyib. O qeyd edib ki, gəncin tələbə bileti stansiya yoluna düşüb. "O, stansiya yolundan bileti götürüb və çıxıb. "Bakı Metropoliteni" QSC-nin qaydalarına uyğun olaraq gənc polisə təhvil verilib", - açıqlamada bildirilib.

Maşın ustanı divara sıxıb öldürdü

Şabranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Sincanboyad kəndində yerləşən sexdə usta işləyən 1971-ci il təvəllüdlü Ədalət Nəcəfov təmirə dayanmış “Mercedes” markalı yük avtomobili ilə divar arasında sıxılaraq ölüb. Belə ki, nasaz avtomobil hərəkət edərək ustanı divara sıxıb. Nəticədə ağır xəsarətlər alan 54 yaşlı kişi həyatını itirib. Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

Partlayış səslərinə görə təşvişə düşməyin! - MN

İyunun 18-i saat 13:00-dan 17:00-dək istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsası olmadığını diqqətə çatdırırıq", - deyə, məlumatda qeyd edilib.

Ağciyər Xəstəlikləri İnstitutunda FACİƏ: Xəstə üçüncü mərtəbədən yıxıldı

Bakıda faciəli hadisə baş verib. Sozcu.az  Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınıb. İnstitutda müalicə alan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Qənbər Hafis oğlu Abdullayev üçüncü mərtəbədəki pəncərədən yıxılıb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.