Etibarnamə ilə bağlı YENİLİK – Avtomobili bu şəxslərə...

Ölkəmizdə etibarnamə ilə avtomobil almaq alqı-satqı prosesində daha sadə və ucuz üsul kimi qəbul edilir. Lakin bu, alıcını birbaşa avtomobilin hüquqi sahibi etmədiyi üçün müəyyən ciddi risklər daşıyır. Etibarnamə yalnız avtomobildən istifadə və idarəetmə hüququnu verir. Bu vəziyyət avtomobilin əsl sahibi ilə problemlərin yaranmasına, etibarnamənin ləğv edilməsi və ya məhkəmə mübahisələri kimi ciddi hüquqi çətinliklərə səbəb ola bilər. Mövzu ilə bağlı "Yeni Sabah"a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, ortada etibarnamənin forması və ötürülən hüquqlar məsələsi var: “Vətəndaşlar birinci növbədə bilməlidirlər ki, etibarnamə ilə avtomobil almaq və yaxud satmaq anlayışı qanunvericilikdə yoxdur. Avtomobil yalnız notariat kontorlarda bağlanmış alğı-satqı müqaviləsi və ya Dövlət Yol Polisi İdarəsində bağlanmış alğı-satqı müqavilələri ilə xüsusi mülkiyyət hüququ kimi rəsmiləşdirilir və texniki şəhadətnamə təqdim olunur. Nəqliyyat vasitəsi barədə hər kəs etibarnamə verə bilər. Sadəcə etibarnamənin forması və ötürülən hüquqlar məsələsi var. Ötürülən hüquqlarda əgər şəxs, özünün mülkiyyətində olan etibarnaməni yalnız sürmək hüquqi kimi verirsə, bu həmin etibarnamədə qeyd olunur və sürmək hüquqları təsbit olunur”.  Hüquqşünas qeyd edib ki, artıq ər-arvad öz mülkiyyətlərində olan avtomobili idarə etmək üçün də etibarnamə təqdim etməlidir. “Ümumiyyətlə, istifadə, sərəncam və qeydiyyatla bağlı hüquqlar ötürüldükdə, onlar da etibarnamədə qeyd olunur. Bu hər kəsin bildiyi baş etibarnamə (generalni davernus) anlayışı kimi qəbul edilir. Nəticə etibarı ilə, həmin baş etibarnamə anlayışı qanunvericilikdə olmasa da, şəxsin adından hüquqları digər bir şəxsi ötürə bilir. Yaxın qohumlarla bağlı isə, yaxın zamanlarda Konstitusiya məhkəməsinin qərarı oldu. Ərlə-arvadın birgə və ya paylı mülkiyyəti olmasına rəğmən, onların etibarnamə tələb olunmaqla avtomobili idarə etmə məsələsi gündəmə çıxarılmışdı. Məhkəmənin mövqeyi bundan ibarət oldu ki, paylı mülkiyyət olmasına baxmayaraq, ər-arvad mülkiyyətlərində olan avtomobili idarə etmək üçün etibarnamə təqdim etməlidirlər”.

Pakistanda toqquşma: İslamabada ordu yeridildi

Pakistan Daxili İşlər Nazirliyi müxalif “Təhrik-e-İnsaf” partiyasının tərəfdarlarının rəhbərlik etdiyi polislə etirazçılar arasında ilkin toqquşmalardan sonra İslamabada ordu qüvvələrinin göndərildiyini elan edib. Sozcu.az xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb. “Daxili İşlər Nazirliyi Pakistan ordusunun İslamabada yeridildiyini açıqlayıb. Təhlükəsizlik qüvvələrinə iğtişaşçıları yerindəcə güllələmək də daxil olmaqla, ekstremal tədbirlər görməyə və təşviqatçılara, eləcə də iğtişaşçılara qarşı qətiyyətlə hərəkət etmək üçün ciddi göstəriş verilib”, - məlumatda deyilir. Nazirlik həmçinin Pakistan ordusuna asayişi qorumaq üçün lazım bildiyi təqdirdə istənilən bölgədə komendant saatı tətbiq etmək səlahiyyəti verib. Qeyd edək ki, Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xanın təsis etdiyi “Təhrik-e-İnsaf” partiyası noyabrın 24-də ölkə hakimiyyətini parlament seçkisinin nəticələrinə yenidən baxmağa və siyasi məhbusları, o cümlədən, Xanın özünü də azad etməyə məcbur etmək məqsədilə ümummilli etiraz aksiyası keçirib.

Türkiyədə əməliyyat: 50 nəfər saxlanıldı

Türkiyə xüsusi xidmət orqanları 54 nəfəri İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilərək saxlayıb. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerliqaya deyib. “İŞİD terror qruplaşmasına qarşı 18 əyalətdə keçirilən əməliyyatlar çərçivəsində 54 nəfər saxlanılıb”, - o bildirib. Yerliqaya qeyd edib ki, saxlanılan şəxslər İŞİD-ə üzv olmaqda, terror təşkilatının yaraqlılarına yardım və sığınacaq verməkdə, eləcə də sosial şəbəkələrdə təbliğat aparmaqda şübhəli bilinirlər. Prokurorluq həbslərlə bağlı cinayət işi açıb. Məhkəmənin qərarı ilə 20 nəfər həbs edilib.

Qız qaçıran evli şəxs maşının baqajında ölü tapıldı

Yevlaxda qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, bir müddət əvvəl evli olan,1988-ci il təvəllüdlü Azər Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-ı (ad soyad şərtidir) qaçırıb. Ötən gün qızın qardaşları bacıların arxasıyca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər. Onlar burada Azər Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər. Yevlaxda Azər Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər saxlanılıb.

Məni bu günə salanlar utansın - hekayə

Sən Nadir haqqında nə eşitmisən? Bilirəm, indi deyəcəksən ki, Nadir yaxşı müəllim idi. Bu doğrudur. Başqa nə eşitmisən? Nadir çörək pulunu güclə tapırdı. Bu da doğrudur. Yəqin bir də eşitmisən ki, Nadir zəmanə adamı deyil. Ətrafda elə insan tapılmazdı ki, onun haqda pis nəsə danışsın. O, bu hörməti həm xarakterinə, həm də savadına görə qazanmışdı. Təbii ki o, dolanmaqda çətinlik çəkirdi. Axı mən bir az əvvəl bu barədə sənə dedim?! Yazığın aylıq məvacibi növbəti aya çatmırdı. Üstəlik oğlu da xəstə idi. Səhv etmirəmsə bundan da xəbərin var. Nadirin oğlu müharibəyə sağlam gedib yarımcan qayıtmışdı. Düzdür, güllə yarası almamışdı. Ancaq günlərlə ac qalmaqdan, soyuq və nəm səngərdə yatmaqdan mədəsi və digər orqanları sıradan çıxmışdı. Bütün bunlara görə Nadir müəllim ailəsini dolandırmaq üçün dərsdən sonra müxtəlif işlər görürdü. Gah bənnalıq edir, gah da dənizkənarı bağlarda fəhləliklə məşğul olurdu. Çətinliklə də olsa birtəhər ailəsini dolandırırdı. Bir dəfə Saray bağlarındakı villalardan birinin həyətində zibilləri maşına yükləyirdi. Villanın sahibi zəhlətökən adama oxşayırdı. Elə bil Nadir müəllimi incitməkdən xüsusi bir zövq alırdı. Villanın eyvanında oturb Nadir müəllimin üstünə qışqırırdı. Nadir müəllim isə "bir tikə" çörək xatirinə bütün bunlara dözürdü. Nəhayət qaranlıq düşənə yaxın o, işini bitirdi. “Xozeyin” həyətə düşüb Nadir müəllimi yanına çağırdı: -“Ə.ə.ə, bir bəri gəl! Məni tanıdınmı?” – Nadir müəllim diqqətlə ona baxıb tanıdı. Qarşısında duran Qasım idi. İllər öncə Nadir müəllimin şagirdi olmuşdu. Qasım dərslərini yaxşı oxumurdu, avara və tərbiyəsiz uşaq idi. Nadir müəllim onun qapısının zibilini təmizlədiyi üçün pis oldu. Belə bir görüşü heç arzulamırdı. Birdən Qasım burnunu qurdalaya-qurdalaya dedi:  - “Ə.ə.ə, müəllim, yadındadı mənə deyirdin ki, səndən bir şey çıxmayacaq. Görürsən, indi rayonda böyük bir idarənin rəhbəriyəm. Bilirəm utanırsan, utanma müəllim, yaxına gəlib zəhməthaqqını al. Burada sənin bir illik məvacibin var”-deyib, hırıldaya-hırıldaya əlini cibinə saldı. Bir ovuc pul çıxardıb Nadir müəllimə tərəf uzatdı. Nadir müəllim isə ona: – “Mən qəbəhahətli bir iş görməmişəm ki, utanım. Halal çörək qazanmaq nə vaxtdan utanmalı iş olub? Mənim kimi müəllimləri bir parça çərəkpulu üçün sənin kimi parazitlərin qapısında zibil təmizləməyə vadar edənlər utansınlar. Mən niyə utanım?” – deyib pulu da götürmədən qapını Qasımın üzünə çırpıb getdi. Nadir müəllimin sözləri keçmiş şagirdinin sifətinə sillə kimi dəydi. Qasımın atası, Qasıma hər şey vermişdi, pul, maşın, villa, bir sözlə hər şey. Bircə tərbiyə verməmişdi.Çünki özü də tərbiyəsiizin biri idi. Villadan ayrılan Nadir müəllimi isə bir sual düşündürürdü. Görəsən, millətin gələcəyinin qarantı olan müəllimlər nə vaxtadək dərsdən sonra fəhləlik etməyə məcbur olacaqlar?!… Əbil Həsən

Kəndlərə 100 Mbit/s sürət zorla verilir” - Ekspert nazirliyi tənqid etdi

“Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilir ki, ölkə internet sürətinə görə bir sıra beynəlxalq reytinqlərdə yüksəlib. Amma reallıqda demək olar ki, kənd sakinlərinə 100 Mbit/s internet sürəti zorla verilir. İctimai əhəmiyyət kəsb edən məsələ internetin sürəti deyil, provayderlərin sövdələşməsi və minimum tarifi qaldırması səbəbindən məhdud olan seçimdir”. Bunu Bakupost.az -a “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. O qeyd edib ki, nazirlik insanların narazılığının və yüzlərlə müraciətin yüksəksürətli internetə çıxışla yox, seçim imkanının olmaması ilə bağlı olduğunu görmür. Dağ kəndinin sakini yüksəksürətli internetlə təmin olunub, lakin onun üçün bu, lazımsız bahalı xidmətdir. Problem sürətdə deyil: “Bu məsələ bağlanıb. Müvafiq idarələrin işi sayəsində nəhayət ki, uzun müddətdir davam edən problemi həll edə bildik. Yenə deyirəm, bu sahədə xeyli işlər görülüb və indi yüksək sürətə ehtiyacı olan abonentlər onları ala bilər. Digər provayderlər hətta 1 Gbit/s-ə qədər yüksək sürətli şəbəkə təklifləri göndərir. Ona görə də tələbi ödəyən sürətlərin mövcudluğunu müəyyən etmək üçün qonşu ölkələrdə və dünyada qiymətlərin müqayisəli təhlilini aparmaq daha məntiqli və faydalı olardı. Rəsmi qurum abonentlərin ehtiyaclarını anlamalı, tələbin strukturunu araşdırmalıdır, ona görə də ümid var ki, onun sonrakı fəaliyyəti aktual problemlərin həllinə yönəldiləcək”.

Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..

Gəncə Dövlət Tibb Kollecinin Tibb bacısı fakültəsinin şöbə müdiri tələbələrdən rüşvət tələb etməkdə ittiham olunub. Sozcu.az Oxu.Az-a istinadən xəbər verir ki, tələbələrdən birinin valideyninin sosial şəbəkədə paylaşdığı bu iddia geniş müzakirə mövzusu olub. İddiada qeyd olunub ki, fakültənin şöbə müdiri Yeganə Abbasova kollecdə tələbələrdən hər bir sərbəst işə, imtahana və kollokviuma görə rüşvət tələb edir. "Tələbələr nəzəri biliklər ala bilmirlər, şöbə müdiri deyir, havayı yerə oxumayın, pul verməsəniz, keçməyəcəksiniz. Artıq pul çatdıra bilmirik", - deyə valideyn qeyd edib. Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şikayətlə bağlı kollec rəhbərliyinə müraciət daxil olmayıb. "Bildiririk ki, tibb kollecləri tərəfindən imtahan sessiyaları payız və yaz semestrinin sonunda keçirilir. Gəncə Tibb Kolleci tərəfindən imtahanlar beş nəfərdən ibarət İmtahan Attestasiya Komissiyası tərəfindən aparılır. Bundan əlavə, kollecin xüsusi komissiyası fəaliyyət göstərir ki, bu da valideynlər və tələbələr tərəfindən daxil olan şikayətləri araşdırır və müvafiq tədbir görür. Qeyd olunan şikayətlə bağlı isə Gəncə Tibb Kollecinə müraciət edilməyib. Şikayətçi anonim olduğundan ittihamların kimə aid olduğunu müəyyənləşdirmək mümkün deyil, buna baxmayaraq, sosial şəbəkələrdə yayılan məlumatla bağlı araşdırma aparılır. Əlavə olaraq qeyd etmək istərdik ki, anonim şikayətçinin əlində sübutlu faktlar varsa, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və hüquq-mühafizə orqanlarına da müraciət edə bilər", - deyə açıqlamada vurğulanır

Trampın komandası Ukraynaya görə Bayden administrasiyası ilə çalışacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası bu il Ukraynadakı vəziyyəti həll etmək üçün hazırkı Amerika administrasiyası ilə birgə çalışacaq. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, respublikaçı, Trampın milli təhlükəsizlik məsələləri üzrə gələcək köməkçisi Mayk Vals bildirib. “Tramp açıq şəkildə bildirib ki, bu münaqişəyə ya razılaşma, ya da atəşkəs yolu ilə son qoymaq lazımdır. Hər iki tərəfin danışıqlar masası arxasına necə gətiriləcəyi və sövdələşmənin parametrləri müzakirə olunmalıdır. Bu, yanvar ayına qədər və ondan sonra bu administrasiya ilə işləyəcəyimiz şeydir", - Mayk Vals “Fox News”a müsahibəsində deyib. O əlavə edib ki, artıq hzırkı milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivanla görüşüb və ABŞ rəqiblərinin keçid dövründən faydalana bilməyəcəklərini qeyd edib.

Bakının bu yolları tıxaclıdır - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:   1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;  2. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;  3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;  4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;  5. "20 Yanvar" dairəsində;  6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;  7. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;  8. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;  9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;  10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;  11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;  12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;  13. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;  14. Babək prospekti, mərkəz istiqamətində;  15. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;  16. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;  17. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Ədalət Verdiyev həbs olundu

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyev həbs edilib. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, media subyektləri və internet resurslarında aparılan monitorinq zamanı cari il noyabrın 22-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub. Fakta görə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. İstintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə iş üzrə ibtidai istintaq davam etdirilir, iş üzrə təqsiri müəyyən edilmiş şəxslərin məsuliyyətə cəlb edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaqdır.

1006-cı gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1006-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 732 350 hərbçi, 9 429 ədəd tank, 19 236 ədəd zirehli döyüş maşını, 20 787 ədəd artilleriya sistemi, 1 254 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1004 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 29 948 ədəd avtomobil texnikası, 19 480 ədəd PUA, 2 764 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 681 xüsusi avadanlıq itirib.

Azərbaycanda qardaş qardaşı öldürdü

Ağdaşda qətl törədilib. Lent.az-ın əldə etdiyi məlumata görə, kənd sakini, 1977-ci il təvəllüdlü Qalib Soltanəli oğlu Musayev yaşadığı evdə aralarında yaranmış münaqişə zəminində qardaşı, 1975-ci il təvəllüdlü Mirmehdi Musayevi bıçaqlayıb. Qarın nahiyəsindən bıçaq xəsarəti alan Mirmehdi Musayev aldığı xəsarətdən ölüb. Hadisəni törədən Q.Musayev polis tərəfindən tutularaq istintaqa təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Bakıda 2 nəfəri öldürən şəxsə 20 il hökm oxundu

Ötən il Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 20 il müddətə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı A.Bəhərçiyevin ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, hadisə ötən il dekabrın 31-də Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. İttihama görə, 2001-ci il təvəllüdlü Arif Bəhərçiyev aralarında yaranmış mübahisə zamanı 1968-ci il təvəllüdlü Namiq Orucova və 1981-ci il təvəllüdlü Ramil Səfərova bıçaqla xəsarətlər yetirərək onları öldürüb. Arif Bəhərçiyev Cinayət Məcəlləsinin 120.2.7-ci (iki şəxsi qəsdən öldürmə) maddəsi ilə təqsirli bilinib.

Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır

Bayden səlahiyyətlərini təhvil vermək ərəfəsində Ukrayna ilə bağlı daha bir mühüm qərara hazırlaşır. Söhbət ABŞ-ın Ukraynaya AGM-158 JASSM raketlərini verməsindən gedir. Sozcu.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib. O bildirib ki, AGM-158 JASSM raketləri Almaniya “Taurus”unun analoqudur: “ATACMS-lardan fərqli olaraq, AGM-158 JASSM “hava-yer” tiplidir və atəş F-16-lar vasitəsilə həyata keçirilir (ATACMS-lar isə HİMARS-lardan atılır). Bu raketlərin ən köhnə və zəif modifikasiyası 370 kilometr mənzilə sahibdir, ən müasir modifikasiyalar isə 900 kilometr məsafəyə zərbə endirə bilir. Ən əsas məsələ ondadır ki, istehsal olunan AGM-158 JASSM raketlərinin sayı “Storm Shadow”, “Taurus” və SCALP raketlərinin toplamda sayından çoxdur. Başqa sözlə, Pentaqonun bazalarında bu raketlər yetərincədir”. Politoloq xatırladıb ki, noyabrın 23-ündən 24-ünə keçə gecə Ukrayna ordusu Kursk vilayətində S-400 kompleksini məhv edib və ən əsası, bu kompleksə məxsus RLS-i də sıradan çıxarıb: “Zərbə kombiləşdirilmiş olub, yəni eyni zamanda raketlər və dronlarlarla. Rusiyanın hərbi müxbirləri zərbənin ATACMS-larla endirildiyini bildirir, Ukrayna zərbəni etiraf etsə də, hansı raketlərdən istifadə edildiyini açıqlamayıb. Rusiya MN isə ümumiyyətlə susur. Belə məlumat da var ki, Ukrayanın hərbi-siyasi rəhbərliyi 26 noyabr tarixində keçiriləcək Ukrayna-NATO sammitinə qədər Rusiya ərazisinə Qərb istehsallı raketlərlə zərbələri dayandırmaq əmri verib”.

Küləyin gücü saniyədə 23 metrə çatı

Noyabrın 25-i saat 9:00-a olan məlumata əsasən, hava şəraiti əsasən yağmursuz keçib. Sozcu.az xəbər verir ki, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 23 m/s, Şahdağda 20 m/s, Balakən, Qobustan, Şabranda 18 m/s-dək güclənib. Gəncə, Naftalan, Ağstafa, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Qrız, Yevlax, Göyçay, Daşkəsən, Naftalan, Şəmkir, Qusar, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 10 dərəcəyədək isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb.

Fransa meydan oxudu: Kiyevə ordu, SCALP-la zərbə...

Ukrayna özünümüdafiə məntiqi ilə Rusiya ərazisindəki hədəflərə qarşı Fransanın verdiyi uzaqmənzilli SCALP raketlərindən istifadə edə bilər. Sozcu.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro BBC-yə müsahibəsində deyib. “Prinsip qurulub. Prezident Zelenskiyə mesajlarımız yaxşı qarşılandı”, - o bildirib. Nazir vurğulayıb ki, Qərb müttəfiqlərinin Rusiyanın hücumuna məruz qalan Ukraynaya dəstəklə bağlı qırmızı xətləri olmamalıdır. “Bu, Prezident Makronun əvvəllər dediyi kimi, Fransanın döyüş bölgəsinə qoşun göndərə biləcəyi anlamına gəlirmi” sualına Barro bildirib ki, Parisdə heç bir seçim rədd edilmir: “Ukraynanı lazım olduğu qədər uzun müddət və intensiv şəkildə dəstəkləyəcəyik. Niyə? Çünki təhlükəsizliyimiz təhdid edilir. Rusiya ordusu hər dəfə bir kilometr irəlilədikdə Avropaya bir kilometr yaxınlaşır”. O, həmçinin əlavə edib ki, Fransa Ukraynanı NATO-ya üzv olmağa dəvət etməyə açıqdır və müttəfiqlərini buna inandırmağa çalışır.

Kurskda Rusiyanın S-400-ü məhv edildi

Ukrayna ordusu Kursk vilayətində Rusiyanın S-400 zenit-raket kompleksini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. “Kursk vilayətində Rusiya ordusunun 6-cı zenit-raket alayının 1490-cı zenit-raket diviziyasının mövqelərinə zərbə endirilib”, - deyə əlavə edilib.

Hizbullah bir gündə İsrailə 160 raket atdı

Hizbullah döyüşçüləri sutka ərzində İsrial ərazisinə 160 raket buraxıb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir. Bildirilib ki, İsrail ordusu ölkəni və xalqı Hizbullahdan qorumağa davam etməkdədir.

Güclü külək bəzi insanlarda narahatlıq yarada bilər

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometrologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, noyabrın 25-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. Milli Hidrometrologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, noyabrın 25-də yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Qəzzada ölənlərin sayı AÇIQLANDI

Qəzzada son sutkada 35 fələstinli ölüb, 94 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb. Bununla da indiyə qədər Qəzza zolağında ölənlərin sayı 44 211 nəfərə, yaralananların sayı 104 567 nəfərə çatıb. Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.

ABŞ xəritə tərtib etdi: Rusiyanın 200 hərbi obyekti...

ABŞ Ukrayna ordusunun ATACMS raketləri ilə hücum edə biləcəyi 200-ə yaxın Rusiya hərbi obyektinin xəritəsini tərtib edib. Sozcu.az xəbər verir ki, bu barədə “Volt Strit Jurnal” yazıb. Nəşrin məlumatına görə, növbəti hücum Rostov vilayətindəki obyektlər ola bilər: “Ukrayna Silahlı Qüvvələri Rusiyanın bu regionunda yerləşən bir neçə hərbi aerodromu vurmağa cəhd edə bilər”.

Türkiyədə ağır qəza: 30 yaralı

Türkiyənin Afyonkarahisar vilayətində zəncirvari qəza baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Ankara istiqamətində hərəkət edən sərnişin avtobusu evakuator və minik avtomobili ilə toqquşub. Qəza nəticəsində 30 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Afyonkarahisardakı xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Şəkidə 21 yaşlı gənc dəm qazından öldü

21 yaşlı gəncin huşsuz bədəni yaxınları tərəfindən vanna otağında aşkarlanıb. Sozcu.az xəbər verir ki, Şəki şəhəri Mehdi Hüseynzadə küçəsi ev 40 ünvanında yaşayan 21 yaşlı şəhər sakini Süleyman Mustafayev huşsuz vəziyyətdə evin vanna otağında aşkarlanıb. Ailə üzvləri onun hamamdan çıxmadığını görüncə narahat olub və vanna otağına baxış keçirib. Dərhal Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edilib. Həkimlər ilkin tibbi müayinədən sonra Süleyman Mustafayevin dəm qazından boğularaq həyatını itirdiyini bildiriblər. Ölüm hadisəsinin daha dəqiq təfərrüatlarını bilmək məqsədi ilə 21 yaşlı gəncin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.