Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov həbs edilib. Bu barədə KİV-in sorğusuna cavab olaraq hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Qeyd edək ki, müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin sabiq rəisi, polkovnik Məmmədov Elmar Heybətqulu oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Yada salaq ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir Bölməsinin sabiq müdiri Rəhim Laçınov həbs edilib. Ona qarşı da Cinayət Məcəlləsinin 179.4-cü və 32.5, 341.2.3-cü maddələri ilə ittiham elan edilib. dirnaq modelleri
“Yeni Müsavat” xəbər verir ki, Rəhim Laçınov təmir bölməsində 2016-cı ildən rəis işləyib. Onun birbaşa rəisi Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəhbəri, polkovnik Fikrət Mirzəyev isə iki il əvvəl həbs edilmişdi. Həmin vaxt Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilmişdilər.
Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
İndiyədək keçirilmiş məhkəmə proseslərində MN üçün ayrılan məbləğin “otkat” şəklində mənimsənildiyi haqda faktlar üzə çıxıb. Bildirilib ki, bu qaydanı Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov tələb kimi qoyubmuş. İndi əsas diqqətlər sıradakı şəxsin Nəcməddin Sadıkov ola biləcəyi haqda iddialardır.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Nəcməddin Sadıkov 1993-cü ildən 2020-ci il Vətən müharibəsinin ilk ongünlüyünə qədər Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsini daşıyıb: “İllərlə mətbuatda Nəcməddin Sadıkovun tutduğu postdan öz şəxsi maraqları üçün sui-istifadə etməsinə dair çoxsaylı faktlar yazılıb. Onun Vətən müharibəsi ərəfəsində, Vətən müharibəsi günlərindəki fəaliyyəti də çox ciddi şübhələr doğurub. Yəni siyasi qərar verilərsə, Nəcməddin Sadıkovun həbsi üçün yetirincə əsaslar var. O, ətrafına yığdığı kadrların köməyi ilə Müdafiə Nazirliyi sistemində rüşvət və korrupsiya bataqlığı yaradıb. Sonuncu həbs olunan Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov da həmin kadrlardan biridir. Ondan əvvəl tutulan Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyev buna bariz nümunədir. Zahid Niftəliyevin məhkəmə işindən belə məlum oldu ki, Müdafiə Nazirliyinin vəzifəli şəxsləri ilə əlbir olaraq həm müddətli hərbi qulluqçuların, həm də zabit-gizir heyətinə daxil olan hərbi qulluqçuların xidməti yerlərinin pul müqabilində dəyişdirilməsini təmin edib. Qadın hərbi qulluqçuların isə qanunsuz yolla xidmətə qəbul edilmələrini təşkil edib. O, həmçinin qanunsuz sahibkarlıqla da məşğul olub. Nəcməddin Sadıqovun ən yaxın adamı Zahid Niftəliyev dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmədə ittiham (Cinayət Məcəlləsi, maddə 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2) olunur. Lakin ibtidai istintaqın gedişində onun barəsindəki ittihamın daha ağır maddələrə tövsif olunma ehtimalı var. Yəni Nəcməddin Sadıqovun ətrafı bu xislətdə olan kadrlardır. Ətrafını isə onun özü formalaşdırıb. Xatırlayırsızsa, Vətən müharibəsinin ilk günlərində, 2020-ci il oktyabrın 4-də mətbuatda Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının icrasını planlaşdırması və təşkil etməsi haqda xəbər yayıldı. Həmin xəbərə əlavə olunan fotolardan birində Nəcməddin Sadıqov gözlərini obyektivə zilləmiş şəkildə tuş gəlmişdi. Oktyabrın 10-da isə Nəcməddin Sadıkov barəsində olan və Müdafiə Nazirliyinin saytında yer alan məlumat bölümü yoxa çıxdı. Əslində həmin gündən Nəcməddin Sadıkovun həbsi gündəmdədir. Bunu özü də bilir. Çünki onun neqativ, daha çox düşmənə sərf edən fəaliyyəti ən təvazökar araşdırma ilə cinayət işinin materialı ola bilər. Nəcməddin Sadıkov vəzifədə olduğu illərdə Azərbaycan dilini bilməməsi, biabırçı şəkildə danışması daim tənqid olunub. Onun tikinti biznesi, beton zavodu və digər biznes seqmentlərində payının olması haqda xəbərlər var. Nəcməddin Sadıkovun Rusiya ilə əlaqələri, Rusiya ərazisində yerləşən Şeyx Şamil adına fondun onu "Milli Qəhrəman" adına layiq görməsi, Dərbənddə adına küçənin olması Baş Qərargah rəisi vəzifəsində olduğu müddətdə daha çox şimal qonşumuza xidmət etməsi kimi qəbul olunub. Onun NATO tədbirlərindən birində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş general-polkovnik Mikael Arutyunyanla olduqca səmimi fotosu da diqqət çəkib. 2017-ci ildə Nəcməddin Sadıkovun Mikael Arutyunyanla görüşü birmənalı qarşılanmamışdı. Bu həmin Arutyunyandır ki, Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib. Belə bir keçmişə malik düşmən generalı ilə Nəcməddin Sadıkovun xoş ünsiyyəti haradan qaynaqlanır? Digər bir diqqətçəkən məqam da Nəcməddin Sadıkovun yerli mətbuatın tənqidinə məruz qaldığı illərdə onu daha çox yerli rusdilli medianın, Ramiz Mehdiyevin ruporlarından hesab edilən mətbuatın müdafiə etməsi olub. Nəcməddin Sadıkovun Birinci Qarabağ savaşı dövründə Rusiyadan Azərbaycana gəlməsini xüsusilə qeyd edən həmin media bu faktı onun Rusiyaya bağlılığını təkzib edən məqam kimi təqdim edirdi. Yəni Sadıkov Rusiyadan vətənpərvərlik nümunəsi göstərərək Azərbaycana gəlib, Qarabağ savaşına qatılıb və belə bir şəxs Rusiyanın maraqlarından çıxış edə bilməz. Əslində isə bu, gülünc bir əsas hesab edilə bilər. Sadıkov o dövrdə ölkəyə qayıdan vətənpərvər zabitlərin sırasına qatılıb gəlsə də, onun Kəlbəcərin verilməsində müstəsna rolu olması da uzun illər müzakirə mövzusu olub. Bu və bir cür çoxsaylı suallar var ki, bu gün də cavablandırılmayıb".