Lənkəranın mərkəzi xəstəxanası, Lənkəran bazarı ilə müqayisə olundu - Müraciət

Astara rayon Hamoşam kənd bələdiyyəsinin sədri Rüfət Əliyev Lənkəran Mərkəzi Xəstəxanasında olan vəziyyətlə bağlı TƏBİB - ə müraciət edib:  Sozcu.az həmin müraciəti təqdim edir:  "Hörmətli TƏBİB ! Lənkəran Mərkəzi xəstəxanasındakı vəziyyət , Lənkəran bazarından daha pisdir. Xəstəxana qanunlara deyil, həkim və rəhbırliyin istək və arzuları ilə idarə olunur. Sizin qaynar xəttə üç dəfə zəng edəndən, üçüncü cəhdən sonra , Astaradan verilən göndərişi qəbul etdilər. İki xəstəna arasındakı ziddiyyətlərin əziyyətini vətəndaş çəkməli deyil!"

DYP dumanlı hava ilə bağlı müraciət edib

Bakı şəhər Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, dumanlı hava şəraiti ilə bağlı sürücülər ara məsafəsinə, sürət həddinə diqqət yetirməlidir: O, dumanlı havada görmə məsafəsinin aşağı düşdüyünü vurğulayıb: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsində meteoroloji vəziyyət dəyişdikdə sürücülərin nələrə diqqət yetirməli olduqları xüsusi olaraq göstərilib. Sürücülərdən yollarda piyadalara qarşı diqqətli olmağı və duman əleyhinə olan işıqlardan təyinatı üzrə istifadə etməyi xahiş edirik!”

Nazirliyin keçmiş şöbə müdirinin həbs müddəti uzadılıb

Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin keçmiş müdiri İlkin Nəsibovun həbs müddəti uzadılıb. Sozcu.az xəbər verir ki, Səbail rayon Məhkəməsinin qəbul etdiyi qərara görə, İ.Nəsibovun həbs müddəti daha 4 ay uzadılıb. Qeyd edək ki, ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin keçmiş Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Bunun sülh planı olduğunu düşünmürəm - Zelenski

Mənə elə gəlir ki, bu, Çinin sülh planı deyil, mövcud vəziyyətlə bağlı düşüncələrdir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Bunun sülh planı olduğunu düşünmürəm. Mənə elə gəlir ki, Çin sadəcə öz fikirlərini bildirib. Yaxşı ki, Çin Ukraynadakı müharibədən danışmağa başlayıb. Digər sual isə sözlərin arxasında nəyin dayanmasıdır”, - Zelenski bildirib. Qeyd edək ki, Pekin bundan əvvəl 12 bəndlik sülh təklifi ilə çıxış edib.

Günün qoroskopu: Romantik münasibətlərə başlamaq üçün pis vaxt deyil

Sozcu.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. Qoç - bu gün başlayacağınız istənilən işə ciddi yanaşın. Maliyyə sahəsində qayda yaradın. Pulla bağlı məsələləri əvvəlcədən düşünün. Peşəkar fəaliyyət sahəsindəki problemlərin həlli güman etdiyinizdən artıq vaxt ala bilər. Artıq alışmalı olacaqsınız. Sonradan faydalı olacaq, həyatınızda önəmli yer tutacaq tanışlıqlar baş tuta bilər. Danışdığınız insanları tanımağa çalışın. Yanılmayın, səhvlərə yol verməyin. Buğa - müttəfiqlər və həmfikirlərin sayəsində qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız. Nüfuzlu insandan dəstək alacaqsınız. Əməlləriniz və qərarlarınızı dəstəkləyəcəklər. Alış-veriş, anlaşmalar, sövdələşmələr üçün münasib gündür. Maliyyə işlərində uğur qazana bilərsiniz. İctimai və siyasi həyata maraq artacaq. Dəvət aldığınız tədbirdə vaxtınız pis keçməyəcək. Münasibətlərdə diqqətli olun. Yeni münasibətlər ciddi sonuclar vəd edir. Əkizlər - istənilən formatdakı problemlərin həlli üçün əlverişli zamandır. Məqsədə doğru ən qısa yolu tapın. Gərəkli nəticələrə nail olun. Bu gün yaranacaq yeni ideyalar pis deyil. Yaxın ətrafınızdakı insanlar sizi anlayırlar. Kömək və dəstəksiz qalmayacaqsınız. Günün ikinci yarısında anlaşma, sövdələşmələri nəzərdən keçirmək olar. Ünsiyyət üçün xoş gündür. İşgüzar müstəvidə və şəxsi münasibətlər sahəsindəki irəliləyişlər pozitiv nəticələr vəd edir. Xoş xəbər və qəfil təkliflərin alınması istisna deyil. Etiraflar da ola bilər. Xərçəng - çətin, qarışıq, laübəli gündür. Problemlər az deyil. Heç gözləmədiyiniz vaxtda və məkanda çətinliklərlə üzləşəcəksiniz. İşdə rəhbərliklə münaqişə və fikir ayrılığı, həmkarlarla mübahisə yarana bilər. İş yerindəki müəyyən narahatlığa rəğmən məhsuldar çalışa bilərsiniz. Uğurlarınız yaxın ətrafınızdakı insanların paxıllığına səbəb olacaq. Alış-veriş üçün əlverişli zaman deyil. Pulları boş işlərə xərcləməyin, amma ifrat xəsislik də etməyin. Yaşlı qohumlarınız sizi dəstəkləyəcək, yaxşı məsləhətlər verəcəklər. Yaşca sizdən kiçik olan qohumlar isə əhvalınızı yaxşılaşdıracaq. Şir - əlverişli və yaxşı gündür. Ciddi nailiyyətlərə, önəmli qələbələrə nail olmaq olar. Məhsuldarlıq, zəhmətkeşlik səviyyəsi yüksək olmalıdır. Ciddi çətinliklər də sizi qorxutmamalıdır. Narahat və ya nigaran olanda belə soyuqqanlı davranın. Ən azı zahiri sakitliyi qoruyun, təmkinli davranın. Yalnız belə olarsa, yaxın ətrafınızdakı insanların sayğısını qazana bilərsiniz. Pulla bağlı qərarları düşünülmüş şəkildə qəbul edin, səhv riskini minimuma endirin. Rəğbətinə nail olmağa çalışdığınız insanla ünsiyyət üçün yaxşı gündür. Alış-veriş etmək olar. Qız - müvazinəti qorumaq asan deyil. Ən xırda məsələlər, kiçik detallar sizi sinirləndirə bilər. İşdə həmkarların davranışı sizi sinirləndirir. Bunu aşkar nümayiş etdirməyin, hisslərinizə hakim olun. Əks halda həmkarlar və ya tərəfdaşlarla münasibətlər pisləşəcək, birgə fəaliyyət gərəkli nəticə verməyəcək, xoş təəssüratlar yaratmayacaq. Nüfuzlu və ya yüksək vəzifəli şəxslə dil tapmaq asan deyil. O, hər şeyi açıq deməyinizi bəyənmir. Maliyyə problemlərinin yaranması, nəzərdə tutulan alış-verişdən imtina da istisna deyil. Yaxınlarınızın yardıma və dəstəyə ehtiyacı var. Ümumi məqsədlər uğrunda maraqlarınızın bir qismini qurban vermək olar. Ətraflı Tərəzi - yeni münasibətlərə başlamaq, işgüzar təmasları möhkəmləndirmək üçün yaxşı vaxtdır. Tərəfdaşlıq və əməkdaşlıq etdiyiniz insanlar zəif yönlərinizlə bahəm güclü məziyyətlərinizə də bələddirlər. Əməkdaşlığın sərfəli olmaqla yanaşı, gərginlik yaratmamasına çalışın. Müzakirələr, danışıqlar, sövdələşmələr pis keçməyəcək. Potensial sifarişçi ilə söhbət zamanı diqqətli olun. Böyük məbləğdə sifariş qəbul etmək və ya yeni işə başlamaq olar. Müsbət təmayüllərin təsiri şəxsi münasibətlərdə də hiss olunur. Dəyər verdiyiniz insanlarla təmaslarda sayıq və həssas davranın. Sevdiyiniz insana xoş sürprizlər edin, dostlar və qohumları sevindirin. Axşam saatlarında qonaq gələcək. Əqrəb - önəmli saydığınız işlərdə əhəmiyyətli inkişafa və irəliləyişə nail ola bilərsiniz. Qətiyyətli olun, çətinliklər yarananda geri çəkilməyin. Can atdığınız məqsədə mütləq şəkildə çatacaqsınız. İşgüzar münasibətlər dostyana təmaslara çevrilə bilər. Yetər ki, istəyəsiniz. Rəğbət bəslədiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün əlverişli zamandır. İşlər çox olsa da, yanınızdakı insanlara yardım etməyə vaxt tapın. Buna görə minnətdarlıq gözləməyin. Sərfəli alış-veriş, hədiyyə, romantik sürprizlər ola bilər. Oxatan - enerji və qüvvənizin bol olduğu gündür. Nikbinliyi bir an da itirməyin, istənilən səddi və yolunuzda yaranan maneələri dəf edin. Uğurlar və qələbələr əhəmiyyətlidir. Peşəkar fəaliyyət sahəsində irəliləyişlər istisna deyil. Məqsədə çatmaq üçün ifrat səy göstərməyə ehtiyac yoxdur. Maraqlı təkliflər almaq olar. Yeni işə və ya layihəyə başlamaq üçün əlverişli zamandır. Oğlaq - pis gün deyil. Hadisələrin rəvan axarına müdaxilə etməyin, süni təkanlardan yararlanmağa çalışmayın. Şəxsi və işgüzar məziyyətləriniz diqqətdən kənar qalmayacaq. Müttəfiq və hami tapmaq, əməkdaşlıqla bağlı maraqlı təklif almaq şansları var. Qüvvənizə olan inam hissi cazibədarlığınızı artırır. Sizinlə tərəfdaşlıq etmək istəyənlərin sayı artacaq. Yaxın ətrafınızdakı insanlara yardım edin. Problemlərin öhdəsindən müstəqil şəkildə gələ bilməyən şəxsə arxa olun. Dostlarla görüş üçün əlverişli zaman olsa da, gələcəklə bağlı planları müzakirə etmək üçün bir müddət tək qalın. Dolça - xoş təəssüratlar yaratmaq və ya özünüzlə bağlı rəğbət hissinə nail olmaq istədiyiniz insanlarla görüş üçün əlverişli gündür. Həssas, zövqlü, səbirli olmağa çalışın. Diqqəti cəlb etmək üçün əlahiddə səylərə ehtiyac yoxdur. Bilik və bacarıqlarınızı görəcəklər. Romantik münasibətlərə başlamaq üçün pis vaxt deyil. Təmaslar səmimiyyət, qarşılıqlı sayğıya əsaslanmalıdır. Maliyyə baxımından əlverişli gündür. Yaxşı gəlir əldə edə bilərsiniz. Alış-veriş etmək, sövdələşmələr və anlaşmalara nail olmaq mümkündür. İntuisiyanız sizi aldatmayacaq. Balıqlar - yetərincə çətin və mürəkkəb gündür. Kiməsə rəğbət və ya antipatiyanız məhsuldar əməkdaşlığa, işgüzar münasibətlərin inkişafına mane olmamalıdır. Sizi aldatmağa çalışırlar. Fırıldaqçının və ya intriqanın toruna düşməyin. Təxribatlara uymayın. İmkan verməyin ki, sizinlə manipulyasiya etsinlər. Yüksək vəzifəli şəxslə təmaslar, iş və karyerinizlə bağlı məsələlərin müzakirəsi üçün əlverişli zaman deyil. Axşam saatlarını sizi sevən insanların yanında keçirin. Onlar sizin nöqsan və zəiflikliklərinizi görürlər. Səhvə yol verəndə sizi tənqid etməyən insanları unutmayın.

Qanda xolesterini azaldan ən faydalı 3 məhsul

Qanda xolesterinin səviyyəsini aşağı salan qidalardan biri də yağlı balıqdır. Sozcu.az xəbər verir ki, bu barədə diyetoloq-endokrinoloq Alena Barredo məlumat verib. "İlk olaraq xolesterini azaldan məhsullar siyahısına yağlı balıqları daxil edərdim. Məsələn, skumbriya, qızılbalıq, koho qızılbalığı, ümumiyyətlə tərkibində çoxlu omeqa-3 turşusu olan bütün dəniz balıqlarını. Bəzi turşular bədəndəki xolesterini azaltmağa kömək edir, qaraciyərin faydalı xolesterin istehsal etməsinə kömək edir, bu da damarların təmizlənməsinə kömək edəcək. Bundan əlavə, çaytikanı yağından istifadə etməyə dəyər. Tərkibində omeqa-7 turşuları var ki, bu da orqanizmdə xolesterin səviyyəsini aşağı salan antiinflamatuar sitokinlər istehsal etməyə kömək edir. Kələm də həmçinin. Məhz onun tərkibində bağırsaqlarda yağların aktiv şəkildə udulmasına mane olan lif var, bunun nəticəsində daha az xolesterin əmələ gəlir", - o bildirib. (publika)

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Sozcu.az-ın məlumatına görə, 2023-cü il fevralın 27-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, türk lirəsi isə 0.0901 təşkil edib. 1 Rusiya rublu və avro ucuzlaşaraq müvafiq olaraq 0.0224 manata və 1,7934 manata enib.

Borrell Çinin sülh planını tənqid etdi

Ukraynadakı vəziyyətin nizamlanması üçün Çinin təklif etdiyi fəaliyyət planını dinc adlandırmaq olmaz. Sozcu.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Jozep Borrell bildirib. Onun fikrincə, Çin sənədi qurbanla təcavüzkarı eyni səviyyəyə qoyur: “Əslində, bu, sülh planı deyil və Çin rəhbərliyinin məlum tezislərini təkrarlayır, bəzi bəndlərini bölüşürük, lakin vacib olanlar çatışmır”.

Sosial şəbəkədə tanış olduğu qadının evini soydu

Sosial şəbəkələrdə tanış olduğu qadınların evindən və parfümeriya mağazasından oğurluq edən şəxslər saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə bir nəfər xanım müraciət edərək “Azar” sosial şəbəkəsində tanış olduğu şəxsin onun evindən 100 dollar və ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarını oğurladığını bildirib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elman Eminov saxlanılıb. O, izahatında etdiyi oğurluğu etiraf edib. Araşdırma zamanı Elman Eminovun digər bu kimi cinayətlər törətməkdə şübəli bilindiyi üçün axtarışda olduğu müəyyən edilib. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı Bakıxanov qəsəbəsində yerləşən parfümeriya mağazasında satıcının mobil telefonunu oğurlayan Xəqani İsmayılov da tutulub. Həmin şəxs izahatında mobil telefonu satdığını bildirib. Faktlarla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

“Azərtac”ın işdən çıxarılan əməkdaşı intihara cəhd etdi

“Azərtac”ın keçmiş əməkdaşı Aygün Əliyeva intihara cəhd edib. Sozcu.az xəbər verir ki, bu barədə Gününsəsi.info-ya jurnalistin həyat yoldaşı Teymur Əliyev bildirib. Onun sözlərinə görə, həyat yoldaşı zəhərli maddə qəbul edib. Hazırda onu Bakıdakı xəstəxanalardan birinə yerləşdiriblər. Qeyd edək ki, əmək hüquqlarının pozulmasından məhkəmə orqanlarına şikayət verən xanım jurnalistin şikayəti Ali Məhkəmədə də təmin olunmayıb. O, hələ məhkəmədən öncə ədalətsiz qərar çıxarılacağı təqdirdə intihar edəcəyini deyib.

Naxçıvanda Talıbov ənənəsi davam edir: Hamı iməcliyə...

“Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi hələ də "xan" rejimindən qalma xasiyyətini tərgidə bilməyib”. Sozcu.az xəbər verir ki, bu haqda naxçıvanlı jurnalist, ovqat.com saytının rəhbəri Heydər Oğuz sosial şəbəkədə məlumat paylaşıb. O, bildirib ki, nazirlikdəki mənbələrdən aldığı məlumata görə, nazir Mayis Əliyevin göstərişi ilə qurumun bütün işçiləri bir nəfər kimi çöllərdə iməcliyə göndərilib: “Diplomlu-diplomsuz hər kəs bir nəfər kimi əllərində bel-kürək Naxçıvan çöllərini abadlaşdıracaq. Təsəvvür edin, su üzünə həsrət qalan Muxtar Respublikanın çölləri binəva ekoloqların alın təri ilə guya yaşıllaşdırılır.  Halbuki, ekoloqların işi bu olmamalıdır və Naxçıvanın ilk növbədə su problemi öz həllini tapmalıdır", - məlumatda belə deyilir. H. Oğuz qeyd edib ki, ekoloqlar qul kimi xarab avtobuslara doldurulub çöllərə daşınır: “Sanki 1950-ci illəridir və ekoloqlar da müharibədən yeni çıxmış sovet ölkəsini abadlaşdırmağa çalışırlar. Bir sözlə, Naxçıvan hələ də xan qanunları ilə yaşayır”. Bildirək ki, Naxçıvanın Ekologiya və Təbii Sərvətlər naziri Mayıs Əliyev 2018-ci ilin iyun ayında Vasif Talıbovun fərmanı ilə bu vəzifəyə təyin olunub. Bundan əvvəl o, nazirlikdə şöbə müdiri vəzifəsində işləyirdi. 

Deputat quru sərhədlərin açılmasını təklif etdi

“Bu ilin ilk ayında Azərbaycana 119.1 min turist gəlib ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 1.6 dəfə çoxdur. Gələnlərin 33,8 faizi Rusiya, 21,1 faizi Türkiyə, 9,3 faizi İran, 5,6 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Pakistan, 2,1 faizi Küveyt, hər birindən 1,8 faiz olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1 faizi digər ölkələrin vətəndaşları olub”. Sozcu.az xəbər verir ki, bu sözləri iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycana daha çox Pakistan və Hindistandan gələnlərin sayı artıb: “Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 9,9 dəfə, Hindistandan - 8,6 dəfə, Türkmənistandan - 5,0 dəfə, Özbəkistandan - 5,0 dəfə, Belarusdan - 3,6 dəfə, Çindən - 3,1 dəfə, Qazaxıstandan - 3,0 dəfə, Küveytdən - 2,9 dəfə, Omandan - 2,2 dəfə, İsraildən - 2,1 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 1,9 dəfə, Gürcüstandan - 1,6 dəfə, ABŞ-dan - 1,6 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, Böyük Britaniyadan - 47,6 faiz, Türkiyədən - 40,7 faiz, Ukraynadan - 19,8 faiz, İrandan - 15,6 faiz artıb. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər”. O, quru sərhədlərinin açıqlmasının tərəfdarı olduğunu bildirib: “Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür. 2022-ci ildə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq hədəflənməlidir. Digər tərəfdən, Azərbaycana gələnlərin əksəriyyətinin qonşu ölkələrin payına düşdüyünü nəzərə aldıqda epidemoloji vəziyyət nəzərə alınmaqla quru sərhədlərin mərhələli şəkildə açılması məqsədə uyğun olardı. Bu turizmin inkişafına töhvə verməklə yanaşı, vətəndaşlarımızın xaricə daha asan və az xərc ilə getməsinə də imkan yaradar”.

Göyçay sakini korrupsiya faktları ilə bağlı dindirilməsini tələb edir: Prokurorluğa müraciət

Göyçay rayonu, Həbibi küçəsi ev 50 sakin Azadov Seymur Əlibala oğlu , Azərbaycan Respublikasının Baş Prokuroru  Kamran Əliyevə müraciət edib. Sozcu az saytı həmin müraciəti olduğu kimi təqdim edir:  Cənab Baş Prokuror, 03 avqust 2022-ci il tarixdə, Ucar rayonunda məni qəbul etdiniz. Həmin vaxtı Sizə Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya əməlləri barədə konkret subutlarla məlumat verdim. Siz, Göyçay rayon prokuroru Ramil Hüseynova obyektiv araşdırma aparıb qanunu tədbir görməyə tapşırıq verdiniz. Ancaq üzərindən 7 ay keçsə də,  heç bir tədbir görülmədiyini görüb 10 fevral 2023-cü il tarixdə Kürdəmir rayonunda təkrar Sizin qəbulunuzda oldum. Həmin vaxt Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun barəsində heç bir tədbir görülməməsi barədə sizə məlumat verdikdə, siz,  Göyçay rayon prokuroru Ramil Hüseynova irad tutdunuz və bu məsələnin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırlmasına tapşırıq verdiniz.  Bundan sonra məlumat aldım ki, Şakir Əhmədovu və idarənin bir neçə əməkdaşını Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırıb dindiriblər.Hətta,  rayonda söz yayıldı ki, Şakir Əhmədovun tutduğu vəzifədən azad ediblər. Ancaq, indiyə qədər məni araşdırmaya çağırıb dindirməyiblər.Hansı ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya əməlləri barədə məndə konkret və mötəbər subutlar var ki, araşdırmaya təqdim edə bilərəm.Həmin subutların araşdırılmasına zərurət var. Həmçinin, Şakir Əhmədov tutuduğu vəzifədən azad olunsada yenə də işə gedib iş kabinetində əyləşib göstərişlər verir. Qeyd edim ki, Şakir Əhmədov uzun illər boyu dövlətin ayırdığı külli miqdarda vəsaiti talan edib, adı işdə gedib özləri başqa-başqa yerdə olanların maaş kartlarını mənimsəyib, idarədə işləməyən texnikalara ehtiyat hissələri yanacaq yazılaraq mənimsənilir.Yaxın qohumlarının adını tabeliyində işə yazdırıb,  onlar işə  işə gəlmirlər. Şakir Əhmədov təkcə Göyçay şəhərində özünə 5 böyük mənzil alıb, özünə məxsus bir neçə böyük obyektləri icarəyə verib. Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov talançılıq yolu ilə dövlətə küllü miqdarda ziyanlar vurub.  Cənab Kamran Əliyev, Sizdən xahiş edirəm ki,  Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov barəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmada mənimdə dindirilməyimi təmin edib, ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz.

Ronaldo Taysonla görüşdü

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo əfsanəvi boksçu Mayk Taysonla görüşüb. Sozcu.az xəbər verir ki, onlar Səudiyyə Ərəbistanının Əd-Diriya şəhərində keçirilən boks matçı zamanı bir araya gəliblər. Qeyd edək ki, qış transfer pəncərəsində "Əl-Nəsr"ə keçən Ronaldo yeni komandasında 5 oyuna 8 qol vurub, 2 qol ötürməsi edib.

Vətəndaşları əlillik təqaüdləri düzəldəcəyi vədi ilə aldadan şəxs həbs olundu

Şirvanda dələduzluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Cavid Astanov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, C.Astanov şəhər sakini olan üç vətəndaşın etibarından istifadə edərək, onlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də işlə təmin edəcəyi barədə vədlər verərək, zərərçəkənlərin ümumilikdə 8500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Faktla bağlı cinayət işi açılıb, C.Astanov barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər C.Astanovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.

Azərbaycanlı qanuni oğruya 21 il həbs verildi

Qanuni oğru Rəşad İsmayılov (Rəşad Gəncinski) 21 il müddətinə azadlıqdan məhrum edilib. Sozcu.az Unikal-a istinadən xəbər ki, bu barədə Moskva Şəhər Məhkəməsi məlumat yayıb. O, iki nəfəri öldürməkdə və qanunsuz silah alverində təqsirli bilinib. Qeyd edək ki, prokuror R.İsmayılovun 23 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi. Rəşad İsmayılov qanuni oğru Rövşən Caniyevin (Rövşən Lənkəranski) yaxınları kimi tanınan Məmmədəli Hüseynov və Qəşəm Verdiyevin qətlində təqsirli bilinib. Hadisə 2009-cu il mayın 15-də baş verib. Adıçəkilən şəxslər BMV-X5 markalı avtomobildə "TT" markalı tapança və "Kalaşnikov" avtomatından güllələniblər.

Bakının bu məşhur qəsəbəsi sökülür

Bakıda Yasamal rayonu ərazisində kütləvi şəkildə fərdi evlərin söküntüsünə başlanacaq. Söhbət Alatava 1 qəsəbəsindəki fərdi yaşayış evlərindən gedir. Sozcu.az Bakı.vs-yə istinadən xəbər verir ki, təqribən 8 hektar ərazidə yerləşən fərdi evlər söküldükdən sonra yerində hündürmərtəbəli binalar inşa olunacaq. Fərdi evlərin söküntüsünü icra edən şirkət rəsmiləri işlərə başlamaq üçün sakinlərlə razılığa gəlməlidir. Sakinlərdən evlərini tərk etmək üçün isə 1500-2000 manat kompensasiya təklif edildiyi bildirilir. Razılıq əldə olunacağı təqdirdə istəkdən asılı olaraq sakinlərə yeni tikiləcək 12 mərtəbəli binalarda öz evlərinin sahəsindən 20 kvadrat metr əlavə sahəsi olan mənzillər veriləcək. Bunun üçün onlara inşaat işləri gedən zaman 500 AZN kirayə pulunun da veriləcəyi deyilir. Eyni zamanda fərdi evlərinə görə pul almaq istəyən vətəndaşlara isə kompensasiya təqdim olunacaq. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov da dünən jurnalistlərə açıqlamasında bildirib ki, Alatava 1 - Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz ərazidə söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərdən biri ilə razılıq əldə olunub.

Laçın-Xankəndi yolundakı aksiyanın 78-ci günü...

Azərbaycanlı ekofəalların və könüllü gənclərin Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 78 gündür davam edir. Sozcu.az xəbər verir ki, aksiya iştirakçıları hər gün olduğu kimi, bu səhər də Dövlət Himnini səsləndiriblər. Aksiyanın məramı dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarının dərhal dayandırılmasını tələb edirlər. Fəallar Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Aksiya iştirakçıları üzərində rus və ingilis dillərində yazılmış plakatlar qaldırır, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!”, “Təbiəti qoruyun” kimi şüarlar səsləndirirlər. Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft qiymətləri yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 82,88 dollara, yüngül neftin bir barreli isə 76,15 dollara təklif olunur.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ 7 kilometr dərinlikdə qeydə alınıb.

Bakıda qadın 3 qızı ilə birgə itkin düşdü

Bakıda gənc qadın üç uşağı ilə birlikdə itkin düşüb. Sozcu.az xəbər verir ki, bu barədə polisə paytaxtın Xətai rayonunda yaşayan 1992-ci il təvəllüdlü Emin Ağayev məlumat verib. O, polisə ərizə ilə müraciət edərək bildirib ki, fevralın 25-də arvadı, 1997-ci il təvəllüdlü İlhamə Ağayeva 5, 6, 7 yaşlarında olan qızlarını götürərək birgə yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

Nigar Camalın maşınına hücum edən şəxs saxlanıldı

Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, avtomobilə hücum edən həmin şəxs müəyyən olunub və polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Ordumuzun təlimindən yeni görüntülər

2023-cü ilin döyüş hazırlığı planına müvafiq olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə təlim və məşğələlər davam etdirilir. Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, plana əsasən piyadaların döyüş maşınları (PDM) ekipajları ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib. Keçirilən çalışmalarda əsas diqqət sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərinin, eləcə də tuşlayıcı operatorların zirehli texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib. Zirehli texnika ekipajları qarşıya qoyulan bütün tapşırıqları uğurla icra ediblər.

Ukrayna ordusu 9 “Şahid” PUA-sını məhv etdi

Rusiya qoşunları İran istehsalı olan PUA-larla Kiyevə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Məlumata görə, hücum zamanı Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyaya məxsus 9 “Şahid” PUA-sını məhv edib.