Bayden G7 sammitində iştirak etmək üçün Yaponiyada səfərdədir

ABŞ Prezidenti Cozef Bayden mayın 19-dan 21-dək “Böyük Yeddilik” (G7) ölkələrinin sammitinin keçiriləcəyi Yaponiyanın Xirosima şəhərində səfərdədir. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, onu səfərdə dövlət katibi Entoni Blinken müşayiət edir. “Bu axşam ABŞ Prezidentinin Yaponiyanın Baş naziri Fumio Kişida ilə ikitərəfli danışıqlar aparacağı gözlənilir”, - məlumatda qeyd olunub.

"Whatsapp"da daha bir YENİLİK

"WhatsApp" "Telegram"-ın uzun müddətdir ki, malik olduğu kanal funksiyanı gətirir. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, kanallar sayəsində istifadəçilər geniş auditoriyaya məlumat yaymaq imkanı əldə edəcəklər. Bu xüsusiyyət bizneslər özəl təşkilatlar üçün çox faydalı ola bilər. "WhatsApp" kanal üzvlərinin sayının müəyyən edilmədiyini bildirib. Bu funksiya sayəsində istifadəçilər xəbərləri, hadisələri və digər məlumatları geniş auditoriyaya çatdıra biləcəklər. Həmçinin, kanal üzvləri göndərənin telefon nömrəsini görməyəcək, ona görə də göndərənin məxfiliyi qorunacaq.

Tatlısəslə buna görə ailə qurub

Türkiyəli müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşəgül Yıldız şəxsi həyatı barədə danışıb. Sozcu.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, İ. Tatlısəslə ailə qurma səbəbini açıqlayıb. Bildirib ki, müğənni ilə 16 yaşında Bodrumda tanış olub: "Tanış olandan 3 il sonra münasibətimiz başladı. Uşaq vaxtı atamı itirmişəm, atamı çox sevdiyim üçün həyatımdakı boşluğu onunla doldurdum. Yəqin ki, atam həyatda olsaydı, belə bir münasibətim olmayacaqdı". Xatırladaq ki, onların Elif Ada adlı qızları var.

Yüksək təzyiqin ilginc səbəbi – Telefon və media...

Telefonda çox vaxt keçirmək hipertoniyaya tutulma riskini 25 faizə qədər artıra bilər. Sozcu.az Medicina.az-a istinadən xəbər verir ki, elmi araşdırmalar telefon danışıqlarının və sosial medianın qan təzyiqinə mənfi təsir etdiyini sübut edib. Gündə cəmi 45 dəqiqə telefonda vaxt keçirmək və sosial medianı izləmək təzyiq xəstəliyinin əsasını qoya bilir. Cənubi Quançjou Tibb Universitetinin professoru Siyanhuey Sinin sözlərinə görə, ürək sağlamlığı üçün insanların telefonla danışmağa sərf etdiyi dəqiqələrin sayı vacibdir: dəqiqələr nə qədər çox olarsa, hipertoniya riski də bir o qədər yüksəkdir. Bu isə gələcəkdə ürək xəstəliyi deməkdir. İstər dostunuzla telefonda danışırsınız, istərsə də iş üçün söhbət edirsinizsə,sərf olunan vaxtı minimuma endirmək tövsiyyə olunur. Araşdırmanın nəticələri göstərib ki, sutkada yarım saatdan çox telefonla danışan insanlar hipertoniyaya 12 faiz daha çox meyllidir. Üstəlik, həftədə altı saat telefon danışığı riski 25 faiz artırıb. Sosial şəbəkələr və gündəlik zənglərin müddəti 30 dəqiqədən çox olmadıqda, hipertoniya inkişaf riskinə təsir göstərə bilməz. Yadda saxlamaq lazımdır ki, telefonun yanında yatmaq olmaz. Elektromaqnit şüalanma bioritmlərimizə təsir edir, bu da yuxusuzluğa, kabuslara və tez-tez gecə oyanmasına səbəb olur. Hipertoniyanın inkişaf riskinin faizi birbaşa həftədə mobil telefonlardan istifadə müddətindən belə asılıdır: 30-50 dəqiqə - 8 faiz 1 saatdan 3 saata qədər - 13 faiz 4 saatdan 6 saata qədər - 16 faiz 6 saatdan çox - 25 faiz Mobil qurğular demək olar ki, bütün bədənimiz tərəfindən udulan radiotezlik enerjisi yayır. Buna əsasən, təkcə qan təzyiqi deyil, həm də görmə, yaddaş, eşitmə və psixo-emosional rifahs mənfi təsir göstərir.

"Everton" bu qiymətə satılır

"Everton"un İran əsilli britaniyalı sahibi Fərhad Moşiri klubu satmağa yaxındır. Sozcu.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. "Everton"un gələn həftənin əvvəlində ABŞ investisiya fondu "777 Partners" tərəfindən alınacağı gözlənilir. Onlar klub üçün 600 milyon funt-sterlinq ödəyəcəklər.  Müqavilənin şərtlərindən biri də yeni sahibinin yeni stadionun tikintisinə 505 milyon sərmayə qoymaq öhdəliyidir. Fərhad Moşiri 2016-cı ildən "Everton"da 94 faiz pay sahibidir.  Qeyd edək ki, "mersisaydlılar" 36 turdan sonra Premyer Liqanın turnir cədvəlində 17-cidirlər.

Dığalardan ABSURD "İDDİA": "Muğam ermənilərə məxsusdur"

Ermənilər ənənələrinə xas olaraq indi də Azərbaycan muğamına göz dikiblər.  Sozcu.az xəbər verir ki, bunu mayın 14-də Ermənistanın İctimai Televiziyasında yayımlanan “Çərçivədən kənar” verilişində erməni reper Super Sako deyib. Erməni dığası Sako muğamın ermənilərə məxsus olduğunu və “qonşu ölkələrin mədəniyyəti ilə heç bir əlaqəsi olmadığını” sərsəmləyib. “Muğam bizimdi. Bizim qonşu ölkələrin mədəniyyəti ilə heç bir əlaqəsi yoxdu. Bu musiqini Komitas (erməni bəstəkarı – red.) gəlib təmizlədi, çünki muğamı Avropaya təqdim edəndə o notları başa düşmədilər. Və erməni mahnısını yaymaq üçün gəlib o qeydləri sildi”, – deyə Sako çərənləyib. Bu çıxış erməni ictimaiyyəti arasında böyük hiddətə səbəb olub, ona görə yox ki, muğamı da özəlləşdirmək istəyirlər. Buna səbəb Komitası muğamın silinməsində günahlandırması olub. Erməni opera müğənnisi Asmik Papyan deyib: “Bu, sadəcə olaraq dəhşətdir və qəbuledilməzdir. Belə bəyanatlar verilə bilməz və hər kəsin İctimai Televiziyanın efirində danışmaq, müsahibə vermək hüququ yoxdur, ola da bilməz. Müsahibimiz bu suallara cavab verməli deyildi. Çox ayıbdır. Komitas böyük sənətkardır. Komitas haqqında belə danışmaq olmaz”.

Sahil Babayev Şeyx Əbdülün oğlunu İŞDƏN ÇIXARDI

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tanınmış Xalq artistinin oğlunu işdən çıxarıb. Sozcu.az Manşet.az-a istinadən xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi (kiçik müşavir) Babək Mahmudov tutduğu vəzifəsindən azad olunub. O saytımıza açıqlamasında məlumatı təsdiq edib. “Elə şərait yaratdılar ki, mən də nazirin adına ərizə yazaraq işdən çıxdım. 16 ildir ki, nazirliyin müxtəlif strukturlarında bir sıra vəzifələrdə çalışmışam.” Qeyd edək ki, Babək Mahmudov Xalq artisti Əbdül Mahmudovun (Şeyx Əbdül) oğludur.

Xəstə övladı üçün yığdığı 10 mini onlayn oyunda uduzdu - Video

31 yaşlı Gəncə sakini Şəfiqə Əhmədova xəstə övladı üçün yığdığı 10 min manat əməliyyat xərcini onlayn oyunda uduzub. Sozcu.az xəbər verir ki, o bu barədə “Xəzər xəbər”ə danışıb: “Birinci dəfə beş oyun təqdim etdilər. Ondan 12 manat 70 qəpik qazandım. Sonda isə səkkiz oyun təqdim etdilər. Bu səkkiz oyuna da 5 000 manat pul qoyduq. 15 000 manat qazandım. 12 manat 70 qəpik köçürüldü, amma 15 000 manat köçürülmədi. Pulumuz getdi. Bu pul da uşağın əməliyyat pulu idi”. Ş. Əhmədovanın 10 000 manatı geri almaq üçün cəhdləri boşa çıxıb. DİN Mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, vətəndaşın müraciəti ilə bağlı müvafiq araşdırmalar aparılır: “Hazırda pulun ölkə daxilində və ya ölkə xaricində olan şəxslər tərəfindən köçürülməsi ilə bağlı müvafiq sorğular göndərilib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

İsfahanda qarşıdurma: polis zəhərli qaz tətbiq etdi

Mayın 17-dən 18-ə keçən gecə İsfahan şəhərinin Dəstgerd həbsxanası qarşısında edamlara etiraz edən vətəndaşlarla hökumət qüvvələri arasında qarşıdurma yaşanıb. Sozcu.az xəbər verir ki, bu barədə sosial media fəalları məlumat yayıb. Vətəndaşlar etiraz aksiyalarında həbs edilən və Dəstgerd həbsxanasında saxlanılan Məcid Kazimi, Saleh Mirhaşimi və Səid Yəqubi Cəl adlı məhbusların edamı ilə bağlı qərarın icrasının dayandırılmasını tələb ediblər. Həbsxana qarşısında izdiham yarandığı üçün hökumət qüvvələri yolları bağlayıb, etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Qeyd edək ki, adı çəkilən məhkumların edamı ilə bağlı Beynəlxalq Əfv Təşkilatı mayın 17-də bəyanat yayaraq, beynəlxalq ictimaiyyəti Tehran hökumətinə təzyiq göstərməyə çağırıb.

“Budanovun peşəkar kimi dedikləri inandırıcı səslənir...”- “Putinin oxşarları var...”

“Amma, ümumiyyətlə, ölkə liderləri üçün özl“Budanovun peşəkar kəşfiyyatçı kimi dedikləri inandırıcı səslənir...”- “Putinin oxşarları var...ərini oxşarlarla əvəzləməyin nə dərəcədə effektiv olduğunu da söyləmək çətindir..." Rusiyanın Ukraynaya təcavüzü başlanandan Putinin oxşarları haqda söz-söhbətlər səngimir.  Bu yaxınlarda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Putinin ən azı üç oxşarının olduğunu qeyd edib.  O deyib ki, Ukrayna kəşfiyyatı artıq onları fərqləndirir. Peşəkar kəşfiyyatçı bildirib ki, Mariupolda və Moskvadakı son hərbi paradda olan Putin özü olmayıb. Bəs gerçək nədir? Doğrudanmı Putin bir çox yerlərə öz oxşarlarını göndərir? Mövzu ilə bağlı Moderator.az-ın suallarını cavablandıran siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu  bunları söyləyib: “Ümumiyyətlə, avtoritar, diktatura və digər bu tipli rejimə malik ölkə rəhbərlərinin oxşarlarının varlığı haqda söhbət və informasiyalar hər zaman olub. Amma bu günədək hər hansı bir ölkə lideri üçün bunun sübutları ortalığa qoyulmayıb. Budanovun müsahibəsini mən də izləmişəm. Və həmin müsahibədə deyilənlər bir peşəkar kəşfiyyatçının dilindən inandırıcı səslənir.  Söhbət konkret Putinə gəldikdə, nəzərə alaq ki, Putinin pandemiya dövründən başlayaraq ətraflara bir paranoyal reaksiyası olub. Onunla görüşən insanları həddindən artıq uzun bir masa ətrafında əyləşdirərək onlardan çox uzağa çəkilir... Yadınızdadırsa, hətta kəskin pandemiya dönəmində Moskvada keçiriləcək Əliyev-Paşinyan-Putin görüşü öncəsi Bakıya və İrəvanı ölkə liderləri və nümayəndə heyətlərinin müayinəsi üçün xüsusi həkim qrupu da göndərildi... Bunlar bütün diktatorların müəyyən bir mərhələdə ürcah olduqları paranoyanın əlamətidir. Yəni onlar faktiki olaraq ruhi xəstəliyə düçar olur və öz həyatları üçün həddindən artıq qorxmağa başlayırlar. Ona görə də bu cür durumlarda diktatorlar belə yollara əl atırlar: kənarlaşmaq, bunkerlərdə gizlənmək və əlbəttə ki, oxşarlarını öz əvəzlərinə meydanlara, tədbirlərə çıxarmaq... Belə şeylər var. Nə dərəcədə inandırıcıdır, doğrudur, deyə bilmərəm. Budanov da bir peşəkar kəşfiyyatçı olaraq Putinin oxşarları haqda danışır və bu, dediyim kimi inandırıcı səslənir”.  Analitik hesab edir ki, müəyyən tədbir və görüşlərə öz oxşarlarını göndərmək istənilən ölkə lideri üçün bir çox problemlər yarada bilər. “Amma, ümumiyyətlə, ölkə liderləri üçün özlərini oxşarlarla əvəzləməyin nə dərəcədə effektiv olduğunu da söyləmək çətindir. Yəni təsəvvür edin ki, hər hansı bir dövlətin başçısının əvəzində onun oxşarı gedib ölkə daxilində və ya xaricdə görüşlər keçirir, çıxışlar edir, insanları dinləyir, onlarla danışıqlar aparır, sualları cavablandırır. Və günlərin bir günü açılır, müəyyən olur ki, bu, hamısı oyun, tamaşa olubdur, insanlar aldadılıbdır, onlar dövlət başçısını yox, onun oxşarını qarşılayıblar, oxşarı ilə danışıblar. Bu, əlbəttə ki, hansısa dövlət üçün xoşagələn hal deyil. Qaldı, konkret Putinin oxşarları məsələsinə, mən inanıram ki, onlar var. Təkrar edirəm; Putinin davranışına diqqət yetirsək, onun insanlarla ünsiyyət formaları, öncə qeyd etdiyim məqamlar göstərir ki,  Rusiya diktatoru öz həyatına görə bərk qorxu və təlaş içindədir. Və belə olduğu halda onun müəyyən məqamlarda öz oxşarlarından istifadə etməsi mümkün sayılmalıdır”- deyə siyasi ekspert vurğulayıb.

Ceyhun Bayramov Rusiyaya getdi

Mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində 19 may tarixində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 76,67 dollara, yüngül neftin bir barreli isə 72,54 dollara təklif edilir.

Bakıda 2 azyaşlı quyuya düşərək öldü

08:41 Bakıda iki azyaşlı quyuya düşərək ölüb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində iki azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2013-cü il təvəllüdlü 2 uşaq dərinliyi təxminən 45-50 metr, diametri 2,5 metr olan su, mazut və məişət tullantıları ilə dolu quyuya düşüblər. Xilasedicilər xüsusi vasitələrlə azyaşlıların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. *** Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda iki nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib. Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma davam edir.

Rusiya Baxmut bölgəsində təşəbbüsü itirir

Ukraynanın əks-hücumlarının məhdud sayına baxmayaraq, rus qoşunları Baxmut bölgəsində təşəbbüsü itirirlər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb. “Rusiya və Ukrayna rəsmiləri mayın 17-də Baxmut yaxınlığında Kiyevin məhdud əks-hücumlarının davam etdiyini etiraf ediblər. Xüsusilə, Ukrayna müdafiə qoşunlarının Baxmutun cinahlarında naməlum istiqamətlərdə irəlilədiyi bildirilib. Son sutka ərzində müdafiəçilər Baxmut istiqamətində 500 metrə qədər irəliləyib. Eyni zamanda, onlar rusların mövqelərinə hücumları davam etdirirlər”, - məlumatda deyilir. Rusiya rəsmiləri də qeyd ediblər ki, onların hava-desant qoşunları da az irəliləyiş əldə edib: “Lakin Boqdanovka (Baxmutdan 5 km şimal-qərb) və İvanovskoye (Baxmutdan 6 km qərb) yaxınlığındakı Baxmut cinahlarına Ukraynanın əks-hücumları davam edir. “Vqaner”in rəhbəri Yevgeni Priqojin isə Rusiya Müdafiə Nazirliyinin irəliləməsi iddiasını rədd edərək, onları geri çəkilməkdə və yeni mövqe itirməkdə tənqid edib”.

Rusiyanın itkiləri 202 minə yaxınlaşır

Ukrayna müharibənin 449-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 201 100 hərbçi, 3773 ədəd tank, 7373 ədəd zirehli döyüş maşını, 3198 ədəd artilleriya sistemi, 563 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 318 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 6063 ədəd avtomobil texnikası, 2759 ədəd PUA, 982 qanadlı raket, 18 gəmi/qayıq, 418 xüsusi avadanlıq itirib.

Səfirlikdən ölkəmizdəki Türkiyə vətəndaşlarına müraciət

Türkiyənin Bakıdakı səfirliyi qardaş ölkədə keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarına müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə səfirliyin Tvitter hesabında paylaşım edilib. Bildirilib ki, prezident seçkilərinin ikinci turu üçün səfirlikdə səsəvermə prosesinin başlayacağı 20 may tarixində 4, mayın 21-də 4, mayın 22-də isə 1 qutu qurulacaq. Qeyd edək ki, Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda səsvermə 20-22 may tarixlərində keçiriləcək. Səsvermə prosesi Bakıdakı səfirlik, Gəncə və Naxçıvandakı Baş konsulluqların binalarında baş tutacaq. Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi prezident olacaq. İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. ATA İttifaqının təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.

Çağırışa gedən təcili yardım maşını aşdı

Masallıda çağırışa gedən təcili tibbi yardım maşını aşıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb. İlkin məlumata görə, ambulans Masallı Bioloji Təbabət Klinikasına aiddir. Məsələ ilə bağlı Masallı Bioloji Təbabət Klinikası ilə əlaqə saxladıq. Klinikadan bildirilib ki, hadisə dünən Masallıda baş verib: “Ambulanslarımızdan biri çağırışa gedərkən qəza baş verib. Hadisə zamanı ambulansda pasiyent olmayıb. Həkim və tibb heyəti arasında ölən və xəsarət alanlar yoxdur”.

Müəllimlərin sertifikatlaşdırılması imtahanının tarixi...

İyunun 20-24-də təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı keçiriləcək. Sozcu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. Onun sözlrəinə görə, həmin tarixlərdə Azərbaycan dili və ədəbiyyat, eləcə də ibtidai sinif müəllimləri imtahan verəcək.

Ukrayna rusların atdığı 30 raketin 29-nu məhv etdi

Bu gecə rus ordusu Ukraynaya 30 ədəd dəniz, hava və qurudan qanadlı raket hücumu həyata keçirib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib. “Tu-160 və Tu-95 strateji bombardmançı təyyarələrindən 22 ədəd X-101/X-555 qanadlı raketi, Qara dənizdəki gəmilərdən 6 ədəd “Kalibr”, eləcə də 2 ədəd “İsgəndər” raketi atılıb. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri 29 raket və 2 “Şahid-136/131” və 2 operativ-taktiki kəşfiyyat PUA-sını məhv edib”, - Zalujnı bildirib.

Ukrayna aviasiyası Rusiya Silahlı Qüvvələrinin cəmləşdiyi ərazilərə 14 zərbə endirib

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində Rusiyanın şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə 5-i zenit-raket sistemlərinə olmaqla, 14 zərbə endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bundan əlavə, “Orlan-10” tipli 2 kəşfiyyatçı PUA vurulub. Raket qoşunları və artilleriya bölmələri 1 komanda məntəqəsi, 6 canlı qüvvənin cəmləşdiyi ərazi, 2 sursat anbarı, 2 yanacaq-sürtkü anbarı, 2 hava hücumundan müdafiə sistemi və daha 2 strateji əhəmiyyətli hədəfi vurub.

Azərbaycanı Türkiyəyə çevirək, yoxsa…?

Türkiyədə”14 May Eposu” arxada qaldı, indi qarşıda “28 May” müəmması durur. Sonuç nə olacaqsa, oz səsinə – namusuna sahib çıxan qardaş ölkə üçün xeyirli, uğurlu olsun! Seçkiyə günlər qala, təxminən iki həftə Türkiyədə oldum. Azərbaycandan fərqli olaraq seçki keçirilən ölkədə seçkiöncəsi qarşı tərəflərin bir-birlərinə qarşı sərt, aşağılayıcı ittihamları ilə rastlaşmadım. Hər halda mənim müşahidəm bu oldu. Köksündə fərqli ideologiyalara yer verən bir ölkədə eyni meydanda rəqib düşərgələrin yan-yana, sivil şəkildə seçki kampaniyası aparmaları isə xüsusilə təqdirəlayiq idi. Həmin ölkədə ki, seçki saxtakarlığının adı belə heyrət doğurur. Necə ki, vaxtilə oradakı dostlarımı belə inandıra bilmirdim ki, mən deputatlığa namizəd olarkən qazandığım mandatı müəyyən məbləğ müqabilində rəqibimə satıblar, halal səsimi dörd dəfə azaldıb, hakimiyyət namizədinin səsini isə 20 dəfə artırıblar. Bəli, bu Türkiyədir və çoxpartiyalı sistemlə ən azından 70 illik seçki təcrübəsinə malik azad ölkə (hələ bu müddətdə bir neçə hərbi çevrilişə də şahid olub). Bu, həmin Türkiyədir ki, prezidenti səsvermə məntəqəsində növbəyə duranda bizlər heyrət edirik. Amma bu bir həqiqətdir ki, hakimiyyətin sənin səsinə ehtiyacı varsa, əlbəttə ki, yanında olacaq, yanında duracaq. Amma mənim ölkəmdə keçirilən seçkilərdə hakimiyyətin sənin səsinə ehtiyacı olurmu? Sən heç hakimiyyət üçün mövcudsanmi gerçəkdən…?! Amma heyrət doğuran məqam budur ki, 30 ildir normal seçkiyə həsrət qalan, 30 il halal səsi hakimiyyət tərəfindən oğurlanan, komissiya sədrinin varlı namizəddən pul alıb rəqəmləri saxtalasdirdığı, qadınların , müəllimlərin seçki saxtakarlığına alət edilib aşağılandiği ölkəmdə məhz Türkiyədə keçiriləcək seçki öncəsi durum küçə söyüşlərinə qədər endi. Hər halda sosial şəbəkələrdə bu mənzərəyə şahid olduq. Etiraf edək ki, Azərbaycanda çoxluq Ərdoğanı dəstəkləyirdi. Hətta bu çoxluğa bəzən mövcud hakimiyyətə müxalif olanlar da qoşulurdu. Halbuki kimsəyə sirr deyil ki, bu total kampaniyanın başında məhz Azərbaycan iqtidarı dayanırdı. Prezidentdən deputata, jurnalistdən həkimə, müəllimədək Türkiyə prezidentinə hərtərəfli dəstək nümayiş etdirildi. Bundan ötrü hətta Türkiyədə qapı-qapı gəzən vətəndaşlarımız da, bizə şərait yaradın orada səs verək ( əslində “karusel edək”) deyənlərimiz də oldu. Dəstəyin obyektiv və eyni zamanda subyektiv səbəbləri haqda isə hamımız bilirik, məlumatliyıq. Yeri gəlmişkən dəstəkçilər arasında son parlament seçkilərindəki saxtakarlığa təxminən bir ay etiraz edib, sonra təkrar metamorfoz yaşayıb əvvəlki yerinə -hakimiyyətin dəstəkçisi mövqeyinə qayıdanlar da diqqətimi cəlb etdi. Olsun! Mövqe sərgiləmək alqişalayiq hərəkət olmaqla, həm də ərdəmdir. Şübhəsiz ki, bu mövqe içdən, könüldən olmasa, adı da fərqli olur. Ötən müddətdə məni düşündürən başqa bir məqam da bu idi ki, əcəba, ölkəmdə bircə nəfər iqtidaryönlü jurnalist , QHT fəalı, siyasətçi oldumu ki, verilən direktivlərdən kənara çıxıb, “xor”a qoşulmadan ortaya alternativ mövqe qoysun. Məsələn, heç bir namizədi dəstəkləməsin, ən azından Türkiyə seçicisinin səsinə hörmət əlaməti olaraq “Qazanan Türkiyə olsun!” “Demokratiya, xalqın iradəsi qazansın!” – deyə fərqli mövqe ilə çıxış etsin?! Şəxsən mən rast gəlmədim və yəqin ki, real şərtlərdə bu, heç mümkün də deyil. Çünki məhz Əliyevlərin 3 onillik hakimiyyətdə qalması, Azərbaycanda avtoritaritarizmin varlığını sürdürməsi üçün “dəridən-qabıqdan çıxan” kəsimdən alternativ (müstəqil) mövqe gözləmək də sadəlövhlük olardı. Qardaş ölkədə isə gerçəkdən demokratik seçkiyə şahid olduq. Şəxsən mənim də əsas istəyim seçkinin azad, demokratik iradə əsasında, eyni zamanda dövlətimin hərbi-siyasi qarantı sayılan Türkiyə üçün fəsadsiz keçirilməsi idi və elə də oldu. Azərbaycanımızda da gerçəkləşməsi diləyilə.. . Azad iradə, azad seçim elə bir dəyərdir ki, inanın, onun faydası bu gün avtoritarizmin varlığına xidmət edənlərin də həyatına müsbət təsir gostərər, onlar da azad nəfəs alar, onların da etiraz etmək duyğuları özlərinə qayıdar və normal həyat sürməyə davam edərlər. Əks halda, milyardları talanib “ofshor”lara ötürülən xalq olaraq nəsibimiz hər ay yüzminlərin möhtac olduğu 300 manata, vətən torpağında qanı tökülən oğullarımızın isə 80 manata məhkum edlildiyi həyat olacaq. Bəs elə isə, niyə Türkiyənin azad seçki təcrübəsini əxz etməyib, qardaş ölkəyə 30 illik uğursuz təcrübəmizi ixrac etməyə çalışırıq? Əslində son 20 ildə göstərilən bütün cəhdlərə rəğmən Cümhuriyyət dəyərlərindən “taviz” verməyən Türkiyəni bu gün avtoritar qaydalarla idarə edilən Azərbaycanımıza yox, əksinə korrupsiya bataqlığinda inildəyən ölkəmizi heç olmasa azad seçkisi ilə nümunə olan qardaş Türkiyəyə çevirməliyik. Gerçəkdən bir millət, iki dövlətiksə… Rüfət Muradlı

Ciddi itkilər var: Ruslar bu şəhəri təhvil verir

Marinkadakı rus ordusu bölmələrinin 80 faizi ciddi itkilər səbəbindən şəhəri Ukrayna hərbçilərinə təhvil verməyə hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə rusiyalı hərbi jurnalistlıər məlumat yayıblar. “Şəhərdə az sayda müqavimətçi qalıb”, - “Mişa na Donbase” adlı Teleqram kanalında bildirilib. Kanal qeyd edib ki, yaxın həftələrdə rus ordusu Marinkadan tamamilə çıxacaq. Məlumata görə, Rusiya və Ukrayna rəhbərliyi arasında hansısa gizli danışıq var, ona görə də ruslar şəhəri ələ keçirə bilmir.

Paşinyanın oğlunu oğurlamaq istədilər

“Ermənistan polisi baş nazir Nikol Paşinyanın oğlundan onun oğurlanması ilə bağlı xəbərdarlıq alıb”.  Sozcu.az “Aysor”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin İnformasiya Departamentinin rəis müavini Edqar Canoyan bildirib. “Bizə bu barədə məlumat daxil olub, lazımi tədbirlər görülür, hazırlanmış sənədlər Ermənistan İstintaq Komitəsinə göndərilib”. Xatırladaq ki, bu gün saat 15:00 radələrində Baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanı evinin yaxınlığından qaçırmağa cəhd ediblər. “Haykakan Jamanak”ın məlumatına görə, adam oğurluğunda iştirak edənlər “Oğulların çağırışı” QHT-nin üzvləridir: “Onlar Aşot Paşinyanı maşınlarına mindirməyə məcbur ediblər, lakin Aşot Paşinyan hərəkətdə olan avtomobildən düşə bilib. Daha sonra sürücü avtomobili onun üzərinə sürüb. Nəticədə Aşot Paşinyanın ayağından xəsarət alıb, “Oğulların çağırışı” QHT üzvləri hadisə yerindən qaçıblar. Aşot Paşinyan hüquq-mühafizə orqanlarına müraciət edib”. 

Sinan Oğan bu tarixdə kimi dəstəkləyəcəyini elan edəcək

Türkiyənin ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan prezident seçkilərinin ikinci turunda hansı namizədi dəstəkləyəcəyini açıqlayacaq. Sozcu.az xəbər verir ki, bu barədə danışan Sinan Oğan 19 mayda qərarını elan edəcəyini bildirib. Qeyd edək ki, Türkiyədə mayın 28-də prezident seçkilərinin ikinci turu keçiriləcək.