Aprelin 14-də Türkiyənin Şanlıurfa, 15-də isə Qəhrəmanmaraş şəhərində məktəbdə silahlı hücum baş
verib. Qəhrəmanmaraşda 8-ci sinif şagirdi 10 nəfəri öldürüb, 20 nəfəri
yaralayıb, daha sonra intihar edib. Şanlıurfada isə şagird 16 nəfəri
yaraladıqdan sonra özünü öldürüb. Bundan əlavə, Zonquldağda məktəbə hücumla
bağlı təhdid yayan lisey şagirdi saxlanılıb.
Türkiyədə baş verən
bu hadisələr fonunda Azərbaycanda 2026-cı ilin fevralın 6-da paytaxtın Binəqədi
rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verən hadisəni
xatırlayırıq. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə
müəlliminə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird
saxlanılıb, cinayət işi açılıb.
Fevralda ölkəmizdə, son günlərdə isə Türkiyədə baş vermiş bu hadisələr cəmiyyət
üçün ciddi şok effekti yaratdı. Bir şagirdin silahdan istifadə edərək digər
şagirdlərə hücumu təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirir və eyni
zamanda bu cür davranışların hansı mühitdə formalaşdığı sualını ortaya çıxardı.
Hadisə geniş müzakirələrə səbəb oldu və xüsusilə sosial medianın mümkün təsiri
diqqət mərkəzinə düşdü.
İlk baxışda bu tip hadisələr fərdi aqressiya, psixoloji problemlər və
ya sosial təcrid kimi səbəblərlə izah olunur. Lakin müasir rəqəmsal mühitdə bu
yanaşma artıq kifayət etmir. Çünki bu gün fərdlər yalnız real dünyada deyil,
paralel olaraq alqoritmlərlə idarə olunan rəqəmsal ekosistemdə formalaşır.
Rəqəmsal
davranışları və media təsirini sistemli şəkildə analiz etdikdə görürük ki,
sosial media bu tip ekstremal aktların səbəbi deyil, lakin onların formalaşma,
sürətlənmə və təqdim olunma formasında kritik rol oynayan bir mühitdir.
Son illərdə baş vermiş hadisələr göstərir ki, zorakılıq artıq təkcə
“baş verən hadisə” deyil, eyni zamanda “istehsal olunan kontent”ə çevrilib.
Məsələn, 15 mart 2019-cu ildə Yeni Zelandiyanın Kraystçerç şəhərində
cümə namazı vaxtı məscidlərdə həyata keçirilən və 51 nəfərin ölümü, 89 nəfərin
yaralanması ilə nəticələnən silahlı terror hücumu zamanı, hücum edən şəxs aktı
yalnız törətməklə kifayətlənmədi – onu canlı yayımladı, vizual dili və
narrativi öncədən planladı. Bu, təsadüfi davranış deyil, rəqəmsal
platformaların məntiqinə uyğunlaşdırılmış kommunikasiya modelidir.
Oxşar pattern 14 may 2022-ci ildə ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində
supermarketlərin birində müşahidə olundu. Burada hücum edən şəxs əvvəlcədən
onlayn platformalarda radikallaşmış, müəyyən ideoloji kontentlə qidalanmış və
hücumu eyni formatda təqdim etməyə çalışmışdı. Bu isə göstərir ki, sosial media
yalnız məlumat ötürən kanal deyil, davranış modellərinin öyrənildiyi və təkrarlandığı
mühitdir.
Daha erkən nümunə – 20 aprel 1999-cu ildə ABŞ-ın Kolorado ştatının
Kolumbin şəhərindəki Kolumbin liseyində baş verən atışmada və bombalama cəhdində
on ikinci sinif şagirdləri Erik Harris və Dilan Klebold 13 şagirdi və bir müəllimi
qətlə yetirdilər. Qaçmağa çalışarkən 20 nəfər yaralandı. Hücum Harris və
Kleboldun intihar edərək ölməsi ilə başa çatdı. Bu hadisə sosial medianın bu qədər
güclü olmadığı dövrdə baş versə də, sonrakı illərdə sosial platformalar vasitəsilə
müəyyən qruplar üçün “referans hadisə”yə çevrildi. Bu isə çox vacib bir məqamı
ortaya qoyur: rəqəmsal mühit yalnız yeni davranış yaratmır, köhnə hadisələri də
davamlı şəkildə “yenidən istehsal edərək” onların təsir müddətini uzadır.
Bu nöqtədə artıq məsələ təkcə kontentin mövcudluğu deyil, onun necə
paylanmasıdır. Alqoritmik sistemlər istifadəçinin platformada qalma müddətini
artırmaq üçün emosional yüklü kontenti prioritetləşdirir.
Araşdırmalar
göstərir ki, qorxu, qəzəb və şok effekti yaradan məzmunlar digər kontentlərlə
müqayisədə daha yüksək engagement (bəyənmə, paylaşım, izlənmə) yaradır. Bu isə
platformaların biznes modeli ilə etik məsuliyyəti arasında ciddi bir ziddiyyət
yaradır: diqqət iqtisadiyyatı ilə ictimai təhlükəsizlik hər zaman üst-üstə
düşmür.
Buradan bir neçə fundamental dilemma ortaya çıxır.
– Birincisi, məlumatlandırma və
yayılma dilemmasıdır. Media bu hadisələri işıqlandırmalıdır – bu,
ictimaiyyətin məlumat alma haqqıdır. Lakin hadisənin detallı
vizuallaşdırılması, hücum edən şəxsin kimliyinin və motivlərinin mərkəzə çəkilməsi
bəzən istəmədən “copycat effect” (təqlid effekti) riskini artırır. Akademik
araşdırmalar göstərir ki, yüksək mediatik rezonans doğuran zorakılıq hadisələrindən
sonra qısa müddət ərzində oxşar hadisələrin baş vermə ehtimalı artır.
– İkincisi, azadlıq və nəzarət
dilemmasıdır. Sosial media platformaları ifadə azadlığını qorumağa
çalışır, lakin eyni zamanda zərərli kontentin yayılmasının qarşısını almaq məsuliyyəti
daşıyır. Həddindən artıq moderasiya senzura kimi qəbul oluna bilər, zəif
moderasiya isə radikallaşma və zorakılıq riskini artırır. Xüsusilə yeniyetmələr
bu balanssızlığın ən həssas auditoriyasıdır.
– Üçüncüsü, görünürlük və məsuliyyət
dilemmasıdır. Rəqəmsal mühitdə “görünmək” sosial dəyərə çevrilib. Bəzi fərdlər
üçün ekstremal davranışlar belə diqqət qazanmaq və “mesaj vermək” vasitəsinə
çevrilə bilər. Bu, artıq psixoloji motivasiyanın rəqəmsal mühitlə necə
transformasiya olunduğunu göstərir.
Bütün bunların fonunda sosial medianın rolunu düzgün çərçivələndirmək
vacibdir: bu platformalar səbəb deyil, lakin risk faktorlarını gücləndirən,
davranışları modelləşdirən və bəzi hallarda onları sürətləndirən ekosistemin
ayrılmaz hissəsidir.
Məsələyə həll yönümlü yanaşdıqda isə sistemli addımlar tələb olunur:
Platformalar üçün: Alqoritmik şəffaflığın
artırılması, zorakılıq və radikal kontentin yayılmasını məhdudlaşdıran daha
proaktiv sistemlər, xüsusilə yeniyetmələr üçün qoruyucu mexanizmlərin gücləndirilməsi.
Media üçün: Etik reportinq
standartlarının tətbiqi – hadisənin dramatizasiyasından qaçmaq, hücum edən şəxsi
mərkəzə qoymamaq, vizual və dil seçimində məsuliyyətli olmaq.
Valideynlər və təhsil sistemi üçün: Rəqəmsal
savadlılıq artıq əlavə bacarıq deyil, zəruri kompetensiyadır. Gənclərin
istehlak etdiyi kontentin tənqidi analizini öyrətmək vacibdir.
Psixoloji və sosial institutlar üçün: Erkən mərhələdə
riskli davranışların identifikasiyası və müdaxilə mexanizmlərinin gücləndirilməsi.
Nəticə etibarilə, bu cür hadisələrə yalnız “kim günahkardır?” sualı
ilə yanaşmaq bizi irəli aparmır. Daha doğru sual budur: “Bu davranış hansı
mühitdə formalaşdı və biz o mühiti necə dəyişə bilərik?”
Əgər bu sualı sistemli şəkildə cavablandıra bilməsək, hər yeni hadisədən
sonra eyni müzakirələri aparacaq, amma real dəyişiklik yaratmayacağıq.