Kəsdiyi ağac başına düşdü, öldü

Daşkəsəndə ağac kəsən kişi başına budaq düşməsi nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə mayın 16-da rayonun Astaf kəndi ərazisində qeydə alınıb. Belə ki, Daşkəsən rayon sakini, 1993-cü il təvəllüdlü Səməd Kamandar oğlu Həsənov meşə massivində ağac kəsən zaman budaq qırılıb. Bu zaman budaq onun başına düşüb və S.Həsənov ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Türkiyədə şəhidlərin sayı artdı

Türkiyənin Şırnak bölgəsində terrorçularla atışmada şəhid olan hərbçilərin sayı artaraq beş nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdəki hesabında bildirib. O şəhidlərə rəhmət, ailələrinə rəhmət diləyib.

İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Slovakiya parlamentinin sədri Boris Kolları qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xırdalanda təcili yardım maşınlarının nömrələri oğurlandı

Xırdalanda Təcili Tibbi Yardım Stansiyasına məxsus avtomobillərin nömrələri oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Xırdalan şəhəri ərazisində yerləşən Təcili Tibbi Yardım Stansiyasına məxsus QAZ-31 markalı avtomobillərin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Elçin Rəhimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

MİT PKK-nın rəhbər şəxsini məhv etdi

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) Suriyada antiterror əməliyyatı keçirib. Sozcu.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb. Əməliyyat çərçivəsində PKK-nin Eynl əl-Ərəb bölgəsində “maliyyə işçisi” Tuba Karakoçu məhv edilib.

"Vaqner"in rəhbəri Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq etdiyini ETİRAF ETDİ

Priqojin Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq etmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Budanov məlumat verib. “Priqojinin sözlərinin 80%-i doğrudur. Vaqner maksimum effektivlik nümayiş etdirdi. Rusiya ordusu isə maksimum səmərəsizlik göstərdi ki, bu da Rusiya Federasiyasının hərbi rəhbərliyində münaqişəni daha da gərginləşdirdi”, – Budanov deyib. Yevgeni Priqojin bildirib ki, o, Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşmüş, Baxmut uğrunda döyüşlərdə həlak olan amerikalı könüllü Nikolas Duyen Meymerin cəsədini təhvil verəcək. “Mən bir amerikalının cəsədini təhvil edəcəyəm. Bunu xüsusi olaraq “The Washington Post” üçün edəcəm. Sorğuma cavab verdilər. Bu gün şəxsi mesajda bütün adları, parolları, bildirişləri aldım. İndi onlarla işləyəcəyik. Və əlbəttə, mən bunu Kirill Budanov vasitəsilə edəcəyəm”, – deyə Priqojin bildirib.

Kılıçdaroğlu: Zəlzələ bölgəsindəki insanlarımızı incitməyək

CHP lideri və Millət ittifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu sosial media hesabından zəlzələ bölgəsində vətəndaşların birinci turun seçki nəticələri ilə bağlı tənqidləri ilə bağlı açıqlama verib. CHP sədri və prezidentliyə namizəd Kamal Kılıçdaroğlu sosial media hesabında zəlzələ bölgəsində seçki nəticələrinin tənqid olunması ilə bağlı paylaşım edib. "Zəhmət olmasa, zəlzələ bölgəmizdəki insanlara dediyimiz hər şeydə diqqət edək. Heç bir siyasət o insanların qəlbini qırmağa dəyməz. Hər bir vətəndaşımız, xüsusən də zəlzələ qurbanlarımız siyasi seçimlərindən asılı olmayaraq başımın üstündədir."

“Ərazimizdə 10 minə qədər erməni hərbçisi var” - Xocalıdan VİDEO

“Azərbaycan tərəfinin hesablamalarına görə, ərazimizdə 10 minə qədər erməni hərbçisi var, bu isə Üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır”. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan süjetdə məlumat verilir. Bildirilir ki, Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin, tərkibində Ermənistan vətəndaşlarının da olduğu hərbiləşdirilmiş dəstələrlə birlikdə Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisində qeyri-qanuni qalmaqda davam etməsi ilə bağlı dəfələrlə bəyanat verib. “Redaksiyamıza daxil olan və Ermənistan hərbçilərinin Xocalıda hərbi poliqonda döyüş atışları həyata keçirdiyini təsdiqləyən yeni görüntüləri abunəçilərin diqqətinə təqdim edirik”, - deyə kanaldan bildirilib. Ətraflı süjetdə:

İlham Əliyev 6 fərman imzaladı

15:36 Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol”un təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 853-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Məcəllənin 45.1.6-1-ci maddəsində, 45-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində, 52.1.10-cu (hər iki halda) və 52.1.11-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; 1.3. həmin Məcəllənin 45.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 52-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci və 3-cü bəndlərinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 853-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üç ay müddətində: 3.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və 52.1.10-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin maddələrdə nəzərdə tutulan hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.2. həmin Məcəllənin 45-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə, 52.1.10-cu və 52.1.11-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin maddələrdə nəzərdə tutulan şəxslərin dövriyyə həcmini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 4. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803; 2014, № 9, maddə 1050, № 11, maddələr 1382, 1413, № 12, maddə 1588; 2015, № 10, maddə 1121; 2016, № 6, maddələr 1020, 1044, № 11, maddə 1827; 2018, № 7 (I kitab), maddə 1476; 2019, № 7, maddə 1240; 2020, № 6, maddə 703; 2021, № 1, maddə 36; 2023, № 2, maddə 237; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2056 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin: 4.1. 5.1-ci bəndə “44.6-cı” sözlərindən sonra “maddələrində, 45-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndində” sözləri əlavə edilsin; 4.2. 5.4-cü bənddə “45.2-ci maddəsinin” sözləri “45.2-ci və 45.3-cü maddələrinin” sözləri ilə əvəz edilsin və həmin bəndə “52.3-cü” sözlərindən sonra “maddələrində, 52-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci və 3-cü bəndlərinin birinci və ikinci cümlələrində” sözləri əlavə edilsin; 4.3. aşağıdakı məzmunda 5.11-1-ci bənd əlavə edilsin: “5.11-1. həmin Məcəllənin 45.1.6-1-ci maddəsində, 45-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində, 52.1.10-cu (hər iki halda) və 52.1.11-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”; 4.4. 5.19-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.20-ci bənd əlavə edilsin: “5.20. həmin Məcəllənin 45-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndində, “iqtisadi rayonlar” dedikdə, “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndlərində göstərilmiş Azərbaycan Respublikasının iqtisadi rayonları nəzərdə tutulur.”. *** Prezident İlham Əliyev “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 854-VIQD nömrəli Qanununun tətbiqi və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinin dördüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. 2. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 143; 2010, № 2, maddə 80; 2014, № 11, maddə 1392; 2017, № 4, maddə 550; 2021, № 12, maddə 1373; 2022, № 8, maddə 862) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin: 2.1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin: “3.2. həmin Qanunun 41.2-ci maddəsinin dördüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;”; 2.2. 3.3-cü bənd ləğv edilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 854-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 855-VIQD nömrəli Qanununun tətbiqi və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. 2. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 834; 2016, № 6, maddə 1049; 2017, № 5, maddə 847; 2019, № 7, maddə 1214) aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin: “2.5. həmin Qanunun 28.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.”. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 855-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

Nazirdən təklif: Tədris sentyabrın 1-dən başlasın!

Etiraf edək ki, uşaqlar indi daha az məktəbə gedir. Misal olaraq, 10 il hər həftəsonu məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, bu, uşaqların gələcəyi üçün daha yaxşı olardı: "İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə üç aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar. Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu, sadəcə istəkdir".

Ukrayna ordusu Baxmutun bir hissəsini azad etdi

Ukrayna Silahlı Qüvvələri son bir neçə gündə Baxmut şəhərinin 20 kvadrat kilometrini Rusiya bölmələrindən azad edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib. Onun sözlərinə görə, Rusiya ordusu şəhərin daxilində irəliləməyə davam edir: “Şəhər artilleriya ilə yerlə-yeksan edilir”.

Fransa Ermənistanı silahlandıracaq - İsrail mətbuatı

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki (GUR) mənbələr bildiriblər ki, Fransa Ermənistanı öldürücü silahlarla təchiz etmək qərarına gəlib. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin "İ24NEWS" nəşri məlumat yayıb. İddiaya görə Fransa yaxın vaxtlarda Ermənistana 50 zirehli transportyor təhvil verəcək. Həmçinin, gələcəkdə Fransa istehsalı olan "Minstrel" hava hücumundan müdafiə raketlərinin İrəvana tədarükü nəzərdən keçirilir. Nəşr qeyd edir ki, Paris Ermənistana silah ixracı üçün sistem qurmağa hazırlaşmağa başlayıb. Fransa-Ermənistan Dostluq Qrupunun rəhbəri Gilbert-Luc Devinaz qarşıdan gələn silah tədarükü barədə açıqlama verib. “Biz Ermənistana imkan verməliyik ki, öz sərhədlərinin təhlükəsizliyini təmin etsin, yəni onun silahlanmasına kömək etməliyik", - o bildirib.

Hərbçilərin öldüyü qəza ilə bağlı rəsmi AÇIQLAMA

Bu gün saat 07:15 radələrində Goranboy rayonunun Xoylu kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Sozcu.az-a verilən məlumata görə, Nəbiyev Nicat Rəhim oğlunun idarə etdiyi “Mercedes” markalı  90-GA-314 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib və  yolun hərəkət hissəsinin kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü N.Nəbiyev və sərnişini Elvin Quliyev hadisə yerində dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, qəza zamanı həlak olanların hərbi qulluqçular olduğu bildirilir.

General Sırski yenidən BAXMUTDA

Ukrayna Silahlı Qüvvələrinin general-polkovniki Aleksandr Sırski yenidən Baxmuta baş çəkib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, o, şəhərin müdafiəçiləri ilə görüşüb. "Ön cərgədə olan komandirləri və əsgərləri ziyarət etdim. Onların hər biri müharibə tariximizin yeni səhifəsinin müəllifidir. Aktiv müdafiə prinsipindən istifadə edərək, əlimizdən gələni edirik. Baxmut yaxınlığında bəzi istiqamətlərdə əks-hücumla bağlı hərəkətə keçirik. Düşmənin daha çox resursu var, amma biz onun planlarını məhv edirik”, - deyə o qeyd edib. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Ekspert: “Həkimlər təsdiq etməlidirlər ki, istehlak səbətində nəzərdə tutulan ərzaq normaları ilə insan yaşaya, acından ölməyə bilər, ya yox?”

“Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilən istehlak səbətinin strukturuna baxanda və müqayisəli təhlil aparanda görərik ki, səbətə daxil olan bəzi məhsullar üzrə MDB ölkələrindən öndəyik, bəzi məhsullar üzrə geridə. Məsələn, Rusiyada daha çox kartof, dənli məhsullara üstünlük verilir. Bizdə isə çörəyə üstünlük verilir. Ümumi götürəndə, hazırda Azərbaycanda minimum istehlak səbəti MDB ölkələri ilə bərabər və ya yüksək səviyyədədir. Bəzi Qərbi Avropa ölkələrinə - Bolqarıstan, Yunanıstan, Litvaya baxanda bizdə, hətta müəyyən normativlərdə fərqlər var. Sözsüz ki, Azərbaycanda təsdiq olunan minimum istehlak səbəti günün tələblərinə cavab vermir. Son illər böyük inflyasiya olub, qiymətlər dəyişib. Ərzaqların qiymətlərində də dəyişiklik var. Bu da normativin aşağı düşməsinə səbəb olur”. Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib. Ekspert bildirib ki, istehlak səbətinə görə, günə 90 qram ət nəzərdə tutulub: “Lakin ətin qiyməti əvvəllər 12 manat idisə, indi 17 manatdır. Bu da normativi aşağı salır. Hesab edirəm, minimum istehlak səbətinin dəyərinə və ona daxil olan ərzaqlara yenidən baxılmalıdır. Düşünürəm, bu sahədə Səhiyyə Nazirliyinin mütəxəssislərinin də fikirləri mütləq nəzərə alınmalıdır. Çünki bu, iqtisadi məsələdən daha çox sağlamlıq məsələsidir. Həkimlər təsdiq etməlidirlər ki, səbətdə nəzərdə tutulan ərzaq normaları ilə insan yaşaya, acından ölməyə bilər, ya yox? Bəzi ölkələrdə, hətta minimum istehlak səbətinə məcburi daxil edilən vacib məişət texnikaları da var, insanların mədəni istirahəti də. Bizdə isə bunlar daxil edilməyib. Məsələn, həmin ölkələrdə ütü, paltaryuyan maşın, televizor, ayda bir dəfə teatra, kinoteatra getmək səbətdə nəzərdə tutulub. Bütün bunlar, əlbəttə ki, minimum istehlak səbətinin ümumi dəyərinə təsir göstərir. Bir sözlə, Azərbaycanın minimum istehlak səbəti qiymətlər baxımından günün tələblərinə cavab vermir, hətta səbətdə göstərilən ərzaqların indiki alış qiyməti ümumi minimum istehlak və minimum yaşayış həddindən daha baha başa gəlir”.

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi bağlandı

Bu gündən etibarən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsi qeyri-müəyyən müddətə bağlanıb. Sozcu.az “APA-Economics”ə istinadla xəbər verir ki, dəmir yolunun Gürcüstan hissəsinin bağlanmasının səbəbi - baş podratçı tərəfindən sahənin tikinti tempinin sürətləndirilməsi və layihənin qısa müddətdə başa çatdırılmasıdır. Dəmir yolu xəttinin tikintisinə 2008-ci ildə başlanılıb. Dəmir yolu rəsmən istifadəyə verilməsə də, 2017-ci il oktyabrın 30-dan yükdaşımaları sınaq rejimində həyata keçirilir. Gürcüstan ərazisində işlərin təxminən 86%-i yerinə yetirilib. Vurğulanır ki, ötən ilin dekabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu il layihəyə əlavə olaraq 100 mln. dollar sərmayə qoyulacağını və onun təntənəli açılışının 2024-cü ildə baş tutacağını bildirmişdi.

Hərbi vəzifəlilərin növbəti toplanışı keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin edilir. Ehtiyatdan çağırılan hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirmək, eyni zamanda ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək və düzgün, effektiv istismar qaydalarını öyrətməkdir.

Şərqi Azərbaycanda uçqun: 19 nəfər xəsarət aldı

Şərqi Azərbaycan əyalətinin Sarab mahalının Qaraqaya kəndində yağan güclü qar uçqun ilə nəticələnib. Sozcu.az xəbər verir ki, bu barədə əyalətin Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Münəccim məlumat verib. Qar uçqunu nəticəsində 19 nəfərin xəsarət aldığını deyən H.Münəccim axtarış-xilasetmə dəstələrinin vaxtında müdaxiləsi nəticəsində onların həyatının xilas edildiyini bildirib. Qeyd edək ki, mayın 14-dən başlayaraq Güney Azərbaycanın bir sıra bölgələrində güclü qar yağıb, bəzi yerlərdə yollar bağlanıb.

Goranboyda qəza - Hərbçilər öldü

Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Qafqazinfo"ya bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1988-ci il təvəllüdlü Nicat Nəbiyev "Mercedes" markalı avtomobil ilə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüblər. Faktla bağlı araşdırmalar davam etdirilir. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qəzada ölənlərin hər ikisi hərbçidir. Belə ki, Nicat Nəbiyev N saylı hərbi hissədə müddətdən artıq qulluq edən əsgər, Elvin Quliyev isə gizir kimi xidmət aparırmış.

“Həyatım boyu avtobus sürməmişəm, amma 1400 manat cərimə gəlib”

Binəqədi sakini Şamxal Rüstəmov ona aidiyyəti olmadığı halda Dövlət Yol Polisi tərəfindən 1400 manat məbləğində ümumilikdə 25 cərimə yazıldığını iddia edir. “Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, ona aid olmayan və ümumiyyətlə, heç bir əlaqəsinin olmadığı “Çinar Trans” MMC-yə məxsus 99-JP-462 markalı nəqliyyat vasitəsinin inzibati cərimələri onun sürücülük vəsiqəsinə yazılır: “Məsələni ilk dəfə 2022-ci ilin noyabrında elektron hökumət portalındakı şəxsi kabinetimə daxil olarkən gördüm. Bu haqda DYP-yə məktubla müraciət etdim və mənə 12.01.2023 tarixində gələn cavabda “Çinar Trans” MMC tərəfindən 99-JP-462 qeydiyyat nömrəli nəqliyyat vasitəsinə yol vərəqəsi və ya etibarnamənin DYP-yə göndərilməsi səbəbindən cərimələrin mənə gəlməsi bildirildi. “Çinar Trans” MMC-nin əməkdaşı ilə telefonda danışığımız zamanı onlar tərəfindən DYP-yə mənimlə bağlı heç bir etibarnamə və ya yol vərəqəsinin verilmədiyini bildirdi. Üstəlik qeyd edim ki, mənim sürücülük vəsiqəm B kateqoriyadır, yəni yalnız minik avtomobillərini idarə etməyə imkan verir. Amma 99-JP-462 nömrəli nəqliyyat vasitəsi avtobusdur. Yəni mən istəsəm belə, avtobus idarə edə bilmərəm. Həyatım boyu avtobus sürməmişəm, amma hazırda adımda avtobusa görə yazılmış 1400 manatlıq 25 cərimə var”. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Şöbəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, 99-JP-462 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Çinar-Trans” MMC-yə məxsus olduğundan avtomobili idarə edən sürücüyə aid məlumatlar, yəni yol vərəqəsi və ya etibarnamə Baş DYPİ-nin Mərkəzi İnformasiya Sistemində yerləşdirilməsi üçün müəssisə tərəfindən göndərilib: "Müəssisənin verdiyi məlumata əsasən qeyd edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququ 06.11.2022-ci il tarixdən 03.04.2023-cü il tarixədək müraciət edən şəxsin adına verilib. Bu səbəbdən də tərtib edilən elektron qərarlar vətəndaşın sürücülük vəsiqəsinə yönləndirilib. Cərimələrin digər şəxsə yönləndirilməsi üçün aidiyyəti üzrə “Çinar-Trans” MMC-yə müraciət etməyini tövsiyə edirik". Məsələ ilə bağlı “Çinar Trans” MMC ilə əlaqə saxladıq. Şirkətin direktoru “Qafqazinfo”ya bildirdi ki, məsələ texniki xəta səbəbindən baş verib və gün ərzində vətəndaşa yazılmış yanlış cərimələr ödəniləcək. Qeyd edək ki, “Çinar Trans” MMC Bakıda bir sıra marşrut xətləri üzrə fəaliyyət göstərən şirkətdir.

“Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülh mümkündür”

“Vaşinqton hesab edir ki, Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülh mümkündür”. “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel bildirib. O, Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton danışıqlarını belə şərh edib: “ABŞ bu danışıqların tərəfi olmayıb. Amma Arlinqtonda apardığımız danışıqların davamı olaraq, bunların irəliləmək üçün vacib addımlar olduğuna inanırıq və əvvəki kimi hesab edirik ki, bu iki ölkə arasında davamlı sülh mümkündür”. Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanın Vaşinqtondakı görüşü 4 gün (1-4 may) davam edib. Nazirlər iki dəfə ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb. Danışıqlardan sonra Blinken bəyan edib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanması yolunda əhəmiyyətli irəliləyiş əldə ediblər. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə mayın 14-də Brüsseldə görüşü baş tutub.

“Biz su üzü görmürük, gün ərzində 3-4 saat verilir”

“Artıq aylardır ki, bizə su 3-4 saat ərzində gəlir. Nə yemək bişirmək olur, nə də təmizlik etmək... Müraciətlərimizə də hər dəfə bir cavab verilir”.  Bu şikayətlə “Qafqazinfo”ya Saray qəsəbəsi, Rəhim Əzimov küçəsinin sakinləri müraciət edib. Vətəndaşların sözlərinə görə, əvvəlki qrafikə əsasən, su axşam saat 22:00-da kəsilib, səhər 06:00-da verilsə də, indi belə deyil: “Su yenə də axşam kəsilir və bir də saat 19:00-da gəlir. Sonra yenə axşam saat 22:00-da kəsilir. Bizə gün ərzində 3-4 saat su gəlir. 5-6 nəfərlik ailə 3-4 saat su ilə nə edə bilər? Uşaqlar məktəbə, biz də işə gecikirik. Evdə qocası var, xəstəsi var, körpəsi var. Eyni vaxtda da kəsilmir. Hər gün fərqli saatda biz bu problemlə üz-üzə qalırıq”. Sakinlər deyir ki, məsələ ilə bağlı dəfələrlə “Azərsu” ASC-yə müraciət ediblər: “Zəng edəndə də hərəsi bir söz deyir. Gah deyirlər elə şey ola bilməz, orada su fasiləsiz gəlməlidir, gah deyirlər rejim var: axşam 10-da kəsilir səhər 6-da gəlir. Hər dəfə ayrı rejim, ayrı söz deyirlər. Operatorlar imkan vermir, dərdimizi izah edək. Ancaq da bir söz əzbərliyiblər ki, bizlik deyil, tabeliyinizdə olan idarəni yığın. Verdikləri nömrəyə də zəng edirik, açmırlar. Məsələni üstlərindən atmaq istəyirlər. O gün də deyirlər ki, suyu açmalı olan adam işə gəlməyib. Gəlsin, sonra su açılacaq. Suyun nə vaxt gələcəyini soruşuruq, deyir saat deyə bilmərik, biz də bilmirik. Tanışlarımızdan digər küçələrdə qalanlar da var. Onlarda heç su kəsilmir. Əgər qənaətdirsə, normal qaydada hamıya olsun. Biz su üzü görmürük”.  Vətəndaşlar qeyd edirlər ki, problemə görə bəzi sakinlər çən də qoyublar. Amma çən qoydurmaq üçün hamının imkanı çatmır. Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Cəbrayıllı sorğumuza cavab olaraq bildirdi ki, sözügedən ərazidə suyun fasilələrlə verilməsi su ehtiyatının azalması ilə əlaqədardır: “Bununla bağlı fevral ayında məlumat vermişdik. Bildirmişdik ki, qrafikləri azaldırıq və qənaət rejiminə keçirik. Həmin tədbirlər çərçivəsində bu ərazilərdə də suyun verilişi müddəti azaldılıb. Qrafiklər hələlik bu rejimdə olacaq. Ehtiyat çənlərdən istifadə edə bilərlər. Bunu etsələr, 24 saat suları olar”.

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının NƏZƏRİNƏ

Azərbaycandakı Türkiyə səfirliyi prezident seçkilərinin ikinci turu ilə bağlı vətəndaşlara müraciət edib. Sozcu.az xəbər verir ki, müraciət səfirliyin rəsmi tviter səhifəsində paylaşılıb. "İkinci tur üzrə səsvermə proseduru səfirliyimizdə 20, 21 və 22 may tarixlərində saat 08:00-22:00 arasında gerçəkləşdiriləcək. Bütün vətəndaşlarımıza sayğı ilə elan olunur", - deyə qeyd olunub. Xatırladaq ki, ilk tur prezident seçkiləri və parlament seçkiləri üçün Bakıdakı səvermə 5-7 may tarixlərində baş tutmuşdu.

Məhkəmə şəhid qardaşının arvadını boğub öldürən şəxs barəsində qərar verdi

Xızıda qardaşının arvadını boğub öldürməkdə təqsirləndirilən Taleh Qurbanov məhkəmə qarşısına çıxarılıb. Sozcu.az-ın xəbərinə görə, Xızı Rayon Məhkəməsinə göndərilən təqdimatda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi istənilib. Məhkəmə istintaq orqanının təqdimatını təmin edib. Qərara əsasən, Taleh Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, öldürülən Ləman Qurbanova 2022-ci ilin sentyabr ayında Ermənistanın təxribatının qarşısını alarkən şəhid olmuş kapitan Saleh Qurbanovun həyat yoldaşıdır. Ləman Qurbanovanı öldürməkdə təqsirləndirilən Taleh Qurbanov şəhidin qardaşıdır. Hadisə mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlində qeydə alınıb. Həmin gün 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.//APA