İran Ermənistana hərbi dəstəyi genişləndirir - ABŞ-dan XƏBƏRDARLIQ

Ermənistan Azərbaycanla son hərbi gərginliklər ərəfəsində İranın “Şahed” pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib. Ola bilsin ki, Moskvada keçirilən XİN başçılarının sonuncu üçtərəfli görüşündə bu məsələ də müzakirə olunub. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun gündəlik məlumatında bildirilib. Məlumatda deyilir ki, İran Ermənistana hərbi dəstəyini genişləndirə bilər. "Ola bilsin, Rusiya Ermənistan üzərində təsirini bərpa etməyə və Tehranın İrəvana təsirini azaltmağa çalışır”, - ABŞ İnstitutunun yaydığı məlumatda vurğulanıb. Amerikalı ekspertlərin fikrincə, Rusiya Ermənistan və Azərbaycana Moskvanın Cənubi Qafqazda hərbi və diplomatik mövcudluğunun zəruri olduğunu xatırlatmaq üçün yollar axtarmağa davam edir. Qeyd edilib ki, Moskvada keçirilən üçtərəfli görüşdə Rusiya uzunmüddətli, effektiv sülh sazişinin real müzakirəsini təxirə salmağa çalışıb. Xatırladaq ki, iyulun 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. 

Axtarışda olan 117 nəfər saxlanıldı

Ötən gün axtarışda olan 117 nəfər saxlanılıb. DİN-in mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, iyulun 26-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 117, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

AZAL Bakı-Naxçıvan reyslərinin sayını artırdı

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını əhəmiyyətli dərəcədə artıraraq gündə 10 dəfəyə çatdırıb. Bu barədə Sozcu.az-a AZAL-dan bildirilib. Məlumata görə, aviaşirkət ehtiyac olduqda sərnişinlərin tələbini ödəmək üçün əlavə uçuşlar həyata keçirməyə hazırdır. Uçuşların tezliyinin artırılması sərnişinlərə Azərbaycanın iki şəhəri arasında səfərlərinin planlaşdırılmasında daha çox çeviklik təmin edəcək. Bundan əlavə, aviaşirkət Bakıdan Naxçıvana və ya əks istiqamətdə səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir. Bu, onlara ən əlverişli uçuş vaxtını seçmək imkanı verəcək və mümkün narahatlıqların qarşısını almağa kömək edəcəkdir. Bu ilin əvvəlindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 300 mindən çox sərnişin daşınıb. Sərnişin axınının pik həddi bu ilin iyun və iyul aylarına təsadüf edir. Belə ki, yayın iki ayı ərzində 1 000-dən çox reys yerinə yetirilib və 144 mindən çox sərnişin daşınıb. Bu marşrut üzrə gündə orta hesabla 2700-ə yaxın sərnişinə xidmət göstərilib. Bu iki ay ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ən çox reys iyunun 26-da (14 reys) və iyulun 6-da (13 reys) həyata keçirilib.

Türkiyənin bir çox silahları ilə maraqlanırıq - Zakir Həsənov

“Türkiyə istehsalı olan bir çox silahlarla maraqlanırıq, lakin gizli olduğu üçün həmin silahların adlarını açıqlamayacağam”. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. Nazir bildirib ki, Türkiyənin hərbi sənayesi sürətlə inkişaf edir: “Bu inkişaf bizi sevindirir. Azərbaycan Türkiyənin hərbi sənayesi ilə yaxından maraqlanır. Biz çoxlu sayda ikitərəfli müqavilələr imzalamışıq. Eyni zamanda bir çox layihələri birlikdə həyata keçiririk”. Z.Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə orduda islahatlar aparılır: “Azərbaycan Ordusunun strukturu Türkiyə Silahlı Qüvvələrinin strukturuna bənzər formada təkmilləşdirilir və yenidən formalaşdırılır. Odur ki, bizim həm strukturumuz, həm də silahlarımız eyni olmalıdır. Bu istiqamətdə böyük işlər görülür. İki ölkə liderlərinin bununla bağlı tapşırıqlarını qısa müddətdə yerinə yetirəcəyik”. Qeyd edək ki, Z. Həsənov İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün Türkiyədə səfərdədir.

Bakıda 44 yaşlı kişi faciəvi şəkildə öldü

Bakıda 44 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Belə ki, iyulun 26-ı saat 17 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbə sakini, 1979-cu il təvəllüdlü Asəf Nəsrullayev yaşadığı evin yaxınlığında elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində ölüb. Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.

Rusiyanın itkiləri 245 minə yaxınlaşır

Ukrayna müharibənin 519-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 244 270 hərbçi, 4186 ədəd tank, 8147 ədəd zirehli döyüş maşını, 4745 ədəd artilleriya sistemi, 698 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 457 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7229 ədəd avtomobil texnikası, 3996 ədəd PUA, 1347 qanadlı raket, 18 gəmi/qayıq, 708 xüsusi avadanlıq itirib.

Putin ölsə, başsağlığı verməyəcəyik – İrlandiya

Fikrimcə, Rusiya Prezidenti Vladimir Putin ölsə, İrlandiya hökuməti başsağlığı verməyəcək. Sozcu.az xəbər verir ki, bunu İrlandiya Baş naziri Leo Vardakar deyib. Onun sözlərinə görə, İrlandiya nümayəndə heyəti Rusiya prezidentinin dəfn mərasimində də iştirak etməyəcək.

Əncir yığan qadın faciəvi şəkildə öldü

Əncir yığan Şəki sakinini elektrik cərəyanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə şəhərin M.Əliyev küçəsində qeydə alınıb. 1964-cü il təvəllüdlü Gülbənd Güləndam qızı Nəbiyeva ağacdan əncir yığarkən elektrik cərəyanı onu vurub. O, hadisə nəticəsində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Bu cəhdlərin qarşısı qətiyyətlə alınacaq - XİN

Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq olmaqla yanaşı, öz ərazisində qeyri-qanuni fəaliyyətlərə legitimlik qazandırılması cəhdlərinin qarşısını qətiyyətlə alacaq. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin bölgədə vəziyyət barədə bəyanatını şərh edərkən deyib. O vurğulayıb ki, Azərbaycan Ermənistandan irəli gələn təhdidlər nəzərə alınmaqla, “Ağdam-Xankəndi” və digər alternativ yollardan istifadə edilməsi təklifi ilə çıxış edib. "Bu təklifin Avropa İttifaqı, BQXK daxil, beynəlxalq tərəfdaşlar tərəfindən müsbət qarşılanmasına baxmayaraq, Ermənistan tərəfinin və özlərini yerli erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslərin buna mane olması, yolları bağlayaraq yüklərin daşınmasının qarşısını alması, “gərgin humanitar vəziyyət” barədə spekulyasiyaların siyasi manipulyasiyadan başqa bir şey olmadığını sübut edir", - XİN rəsmisi deyib.

Daha bir hərbçimiz özünü ÖLDÜRDÜ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin  hərbi qulluqçusu, əsgər Əyyubov Telman Məhəmməd oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Sozcu.az-a Hərbi Prokurorluqdan məlumat verilib. Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, eləcə də digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilibvə təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. Qeyd edək ki, bundan öncə Hərbi Prokurorluq Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İlkin Elbrus oğlu Ələkbərovun odlu silahdan atəş açaraq, özünü öldürməsi barədə məlumat yayıb.

İcra başçısının qardaşı intihar etdi

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı intihar edib. Sozcu.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, icra başçısının qardaşı Azər Qaraşov bu gün yaşadığı Kürdəmir rayonunun Pirəköcə kəndində özünü güllələyib. O, hadisə yerində vəfat edib. Qeyd edək ki, xeyli vaxt müxtəlif vəzifələrdə çalışmış Azər Qaraşov hazırda işsiz idi.

Qusarda itkin düşən şəxs meşədə tapıldı

Qusarda itkin düşən şəxs tapılıb. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə rayonun Kuzun kənd sakini, əqli qüsurlu 47 yaşlı Gülbala Muradovun itkin düşməsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən dərhal zəruri tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin nəticəsində G.Muradov meşənin dərinliklərindən tapılaraq ailəsinə təhvil verilib.

“Qarabağ” Polşaya YOLLANDI: Sabah böyük oyun var

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa klubu “Rakuv”la qarşılaşacaq “Qarabağ” ilk oyun üçün səfərə yollanıb.  Sozcu.az-ın məlumatına görə, Azərbaycan çempionunu Polşaya aparan təyyarə az öncə Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.  Bu gün ağdamlıların “Miejski” stadionunda oyunöncəsi son məşqi olacaq. Məşq Bakı vaxtı ilə saat 22:00-a nəzərdə tutulub. Bundan əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.  Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək. 

"Azərpoçt" bankları regionlarda təmsil edə bilər

Biz bank kimi fəaliyyət göstərmək əvəzinə prioritet baxımından maliyyə təmsilçiliyi layihəsinə üstünlük veririk. Sozcu.az xəbər verir ki, bunu "Azərpoçt"un İdarə Heyətinin sədri Əfqan Cəlilov bildirib. "Böyük şəbəkənin olduğu bankları əməkdaşlığa dəvət edirik. Hansısa bankın, hansısa bölgədə filialı olmadığı halda, "Azərpoçt" üzərindən öz məhsullarını sata, xidmətlərini göstərə bilərlər", - deyə Əfqan Cəlilov bildirib.

Turalə Aslanovanın işində adları hallanan şəxslər işdən çıxarıldılar

İyulun 19-da Mingəçevir Şəhər Prokurorluğunda 32 yaşlı Turalə Aslanovanın intihar etməsi hadisəsi ilə bağlı adları hallanan şəxslər işdən çıxarılıblar. Dələduzluq işində adları hallanan Kəmalə Quliyeva və T.Aslanova ilə yaxın əlaqələrinin olduğu bildirilən Samir Cabbarlı vəzifədən azad ediliblər. Bildirilib ki, bu işin araşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Hər iki şəxs də araşdırmaların nəticəsində işdən çıxarılıb. Qeyd edək ki, prokurorluq binasından özünü ataraq intihar edən T.Aslanova DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyib. O, dələduzluq əməlləri ilə bağlı şikayətlər daxil olandan sonra 2022-ci ildə tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb. Həmçinin məlum olub ki, o, bir neçə şəxsdən iş qurmaq və əlavə pul qazanmaq vədi ilə ümumilikdə 413 min manat məbləğində pul alıb. T.Aslanovanın vəkili Emin Kiçibəyov açıqlamasında bildirib ki, T.Aslanova ölümündən əvvəl verdiyi ifadələrində aldığı pulları Kəmalə Quliyevaya verdiyini bildirib.(qafqazinfo) 

Rusiyalı polkovnik Ukraynada öldürüldü

Rusiyanın “Leninqrad alayının” komandiri, polkovnik Yevgeni Vaşunin Ukraynada öldürülüb.  Sozcu.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belski məlumat verib.  Onun sözlərinə görə, Vaşuninin əsgərləri ilə əlaqəsi kəsilib və O, ağır yaralanıb. Ona tibbi yardım göstərilsə də, polkovnik dünyasını dəyişib.  Qeyd edək ki, “Leninqrad alayı” qismən səfərbərlik elan edilən zaman yaradılıb. 

İyulun 30-da hərbi liseylərə və Milli Müdafiə Universitetinə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi iyulun 30-da Müdafiə Nazirliyinin hərbi liseylərinə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna (orta ixtisas təhsili pilləsi üzrə) qəbul imtahanı keçirəcək. Sozcu.az xəbər verir ki, abituriyentlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər: Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

Pənah Hüseyn: "Gözləyirəm...”

Azərbaycan Xalq Partiyasının yenidən qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə etdiyi müraciətə hələ cavab verilməyib. Bu barədə Qaynarinfo-ya açıqlamasında partiya sədri Pənah Hüseyn məlumat verib.  Sədr bildirib ki, "Siyasi partiyalar haqqında” qanunun bütün tələblərinə əməl edilib:  "Hamı kimi biz də gözləyirik. Düşünürən ki, yaxın iki gün ərzində bizə cavab veriləcək”. 

Ukrayna Rusiya Silahlı Qüvvələrini Baxmut ətrafında sıxışdırıb

Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində irəliləməkdə davam edir. Sozcu.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının nümayəndəsi Andrey Kovalyovun bəyanatına istinadən məlumat yayıb. Bildirilir ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Andreyevka rayonunda yerləşən mövqelərindən geri çəkilməyə məcbur olub. Onun sözlərinə görə, Ukrayna qoşunları Baxmut şəhərinin şimal və cənub istiqamətlərində hücum əməliyyatlarını davam etdirir. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) da bu məlumatı təsdiq edib. Ukrayna SQ son bir həftə ərzində bu istiqamətdə 4 kvadrat kilometr ərazini azad edib. Ukrayna Baş Qərargahının məlumatına görə, ötən gün ərzində 35-dən çox toqquşma baş verib, Ukrayna qoşunları düşmənin 9 artilleriya vasitəsini vurub.

İxtisas seçimi nə vaxt başlayır? - DİM-dən AÇIQLAMA

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları başa çatıb. İmtahanda uğur qazanan abituriyentləri və onların valiydenlərini ən çox maraqlandıran məsələ univeristetlərə ixtisas seçiminin nə vaxt başlayacağıdır. Modern.az-ın əməkdaşı ixtisas seçiminin vaxtını dəqiqləşdirmək üçün Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə ilə əlaqə saxlayıb. O bildirib ki, imtahan nəticələri elan olunandan sonra ixtisas seçiminin tarixi müəyyən ediləcək. “İmtahan nəticələri bəlli olandan sonra məlumat veriləcək. Bilirsiniz ki, imtahanlar artıq başa çatıb. Sonuncu imtahanlar iyul ayının 22-i və 23-də  keçirilib. Onların nəticələri təxminən 2 həftə ərzində elan olunacaq. Bundan sonra ixtisas seçiminin tarixləri dəqiqləşəcək və ictimaiyyətə bununla bağlı ətraflı məlumat veriləcək. Güman edirəm ki, ixtisas seçimi avqust ayının ortalarından sonraya təsadüf edəcək”, - DİM rəsmisi qeyd edib.

Ana həbsdə olan oğluna narkotik aparmaq istədi

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Sozcu.az-a Xidmətdən bildirilib. Qeyd edilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Anar Alim oğlu Əsgərova anası Salyan şəhər sakini Ruhəngiz Rzalı qızı Əsgərova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan plastin qabdakı balın içərisində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,800 qram olan narkotik maddə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Şirvanda üzərinə mişar daşı düşən fəhlə ölüb

Şirvanda üzərinə mişar daşı düşən fəhlə ölüb. Baş Prokurorluqdan verilən məlumata görə, iyulun 23-ü Şirvan şəhərində yerləşən iaşə obyektlərindən birində 2001-ci il təvəllüdlü Nəriman Əhmədovun fəhlə kimi divar söküntüsü işini icra edən zaman üzərinə mişar daşları düşüb. O, aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Azərbaycanda daha bir bankda kritik durum: 37 milyon manat azalma

“Expressbank” 2023-cü ilin birinci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb. “APA-Economics” banka istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısında “Expressbank”ın xalis mənfəəti illik müqayisədə 21.3% azalaraq 6 milyon 320 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bank 8 milyon 28 min manat xalis mənfəət əldə etmişdi. Hesabat dövründə bankın faiz gəlirləri 14.4% artaraq 26.9 milyon manat, faiz xərcləri isə 53.3% artaraq 7.1 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 9.1 milyon manata ( illik müqayisədə 4.3% çox), qeyri-faiz xərcləri isə 18.1 milyon manata ( illik müqayisədə 9.5% çox) bərabər olub. Beləliklə bank 8.3 milyon manat əməliyyat mənfəəti qazanıb ki, bu da illik müqayisədə 5.7% və ya 508 min manat azalma deməkdir. Eyni dövrdə bankın nağd pul vəsaitləri 21.5% və ya 2.4 milyon manat azalaraq 37 milyon manat təşkil edib. Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 12% və ya 52,5 milyon manat artaraq 489.5 milyon manata yüksəlib. Cari ilin ilk 6 ayında “Expressbank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 18% və ya 53.4 milyon manat artaraq 350.5 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 175.3 milyon manat ( illik müqayisədə 10% çox), biznes kreditləri 105.1 milyon manat ( illik müqayisədə 9.8% çox), daşınmaz əmlak kreditləri isə 70 milyon manat ( illik müqayisədə 67% çox) təşkil edib. Bu dövrdə “Expressbank”ın cəmi öhdəlikləri 365.7 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 18.8% və ya 57.9 milyon manat çoxdur. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 1.5% və ya 2.9 milyon manat artaraq 196 milyon manata çatıb. Şirkətlərin bankdakı əmənətləri 1.2 milyon manat və ya 3% azalaraq 40.5 milyon manat, fiziki şəxslərin depozitləri isə 4.2 milyon manat və ya 2.8% artaraq 155.4 milyon manat olub. 2023-cü il iyul ayının 1-nə “Expressbank”ın cəmi kapitalı 4.2% və ya 5.5 milyon manat azalaraq 123.6 milyon manat təşkil edib.

İnstaqramda paylaşım üçün milyonlar alırlar - Siyahı

Türkiyəli aktrisaların sosial media paylaşımlarına görə aldıqları məbləğlər ortaya çıxıb. Sozcu.az axşam.az-a istinadən bildirir ki, ən çox ödənişi aktrisa Hande Erçəl alır. Belə ki, instaqramda 30 milyondan çox izləyicisi olan aktrisaya paylaşıma görə 350 min lirə (22 min 071 manat) ödəmək lazımdır. Sosial media hesablarında ən çox ödəniş alan 10 türk aktrisanın sıralaması belədir: 2. Beren Saat (5 milyondan çox izləyici) 300 min lirə (18 min 920 manat) 3. Serenay Sarıkaya (10 milyondan çox izləyici) 275 min lirə (17 min 343 manat) 4. Afra Saraçoğlu (8 milyondan çox izləyici) 250 min lirə (15 min 767 manat) 5. Fahriyə Evcən (13 milyondan çox izləyici) 250 min lirə (15 min 767 manat) 6. Eda Ece (7 milyondan çox izləyici) 200 min lirə (12 min 613 manat) 7. Demet Özdemir (16 milyondan çox izləyici) 200 min lirə (12 min 613 manat) 8. Neslihan Atagül (14 milyondan çox izləyici) 200 min lirə (12 min 613 manat) 9. Hazar Ergüçlü (3 milyondan çox izləyici) 150 min lirə (9 min 460 manat) 10. Pınar Deniz (2 milyondan çox izləyici) 150 min lirə (9 min 460 manat)