Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər artıq övladları üçün büdcələrinə uyğun müxtəlif məktəb ləvazimatları alıb. Şagirdlərə alınan məktəbli çantalarının ağırlığı müzakirə olunan mövuzlardan biridir.
Məktəbli çantalarının ağırlığı uşaqların sağlamlığına və ümumi inkişafına ciddi təsir göstərir. Bir çox ölkədə aparılan tədqiqatlar göstərir ki, ağır məktəbli çantaları uşaqlarda onurğa əyrilikləri, əzələ və oynaqlarda ağrılar, habelə fiziki və psixoloji yorğunluq yarada bilər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, uşaqların 80%-dən çoxu məktəb yaşında çanta daşımalarına görə onurğa və kürək ağrıları yaşayır. Çantalar uşağın çəkisinin 10-15%-dən çox olduğu hallarda ağrılar daha da artır.
ABŞ-da aparılan bir araşdırmada göstərilib ki, məktəbli çantalarının çəkisi uşaqların bədən çəkisinin orta hesabla 15%-ni təşkil edir, bu isə sağlamlıqla bağlı ciddi problem yarada bilər. İspaniyada aparılan araşdırmada isə qeyd olunub ki, məktəb yaşında olan uşaqların 60%-dən çoxu ağır çantaya görə kürək ağrılarından əziyyət çəkir. Uşaqların 30%-i həftədə ən azı bir dəfə kürək ağrılarından şikayə edir.
Məktəbli çantalarının ağırlığı təkcə fiziki sağlamlığa deyil, həm də psixoloji vəziyyətə mənfi təsir göstərir. Ağır çanta daşıyan uşaqlar daha çox stress keçirir, məktəbdə və digər yerlərdə fəaliyyətlərə motivasiyasız yanaşırlar. Bu, uşaqların ümumi performansına mənfi təsir edə bilər.
Sozcu.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Elşən Məhərrəmov da məktəbli çantalarının ağır olmasının fəsadlarından danışıb.
“Alimlərin araşdırmaları göstərir ki, ibtidai sinif şagirdlərinin içərisində dərs vəsaitləri olan bir məktəb çantasının çəkisi 5-6 kiloqrama çatır. Məktəb çantasının ağırlığı uşağın bədən çəkisinin 10 faizindən çox olmamalıdır. Əks təqdirdə onurğa əyriliyinə və qamət pozğunluğuna səbəb ola bilər. Bundan əlavə, ayaqların, bel ağrısının və yeriş problemlərinin inkişafı ilə nəticələnmə ehtimalı var. Ağır məktəb çantası travma riskini artıra bilər. Sözsüz ki, uşaqlar tez yorulur və bu, dərslərin mənimsənilməsi imkanlarına təsir göstərir. Hazırda uşaqlarda vacib məqam düzgün bədən duruşunun formalaşması və qorunmasıdır. Zəif qamətin formalaşmasına təsir edən müxtəlif amillər var”, - o qeyd edib.
Travmatoloq məktəb çantası seçərkən diqqət edilməli məqamlardan söz açıb: “Məktəb çantasını seçərkən uşağın yaşı, boyu və çəkisini, inkişaf xüsusiyyətlərini nəzərə almaq vacibdir. Çantanın anatomik cəhətdən rahat olması da olduqca mühüm məsələdir. Ölçü baxımından çanta çox böyük olmamalı, üst hissəsi boyuna, aşağı hissəsi isə aşağı arxaya təzyiq etməməlidir. Həkimlər uşaqların belindəki yükü düzgün bölüşdürməyə kömək edəcək sinə qayışı olan kürək çantaları seçməyi məsləhət görürlər. Uzunboylu uşaqlar üçün şaquli kürək çantaları uyğun gəlir, qısaboylu uşaqlar üçün isə üfüqi kürək çantaları seçmək daha yaxşıdır. Valideynlərə tövsiyə edərdim ki, uşaqlara çəkisi ağır olan çantalar almasınlar”.
Uşağın düzgün qamətinin 4 yaşından başlayaraq 10 yaşına kimi formalaşdığına diqqət çəkən mütəxəssis vurğulayıb ki, uşağın sağlam qaməti sinə və budların mövqeyi ilə müəyyən edilir: “Bədənin və ayaqların müstəvisi əyilmədən düz bir şaquli xətt yaratmalıdır. Yalnız bu vəziyyətdə bədənin və daxili orqanların normal işləməsi təmin edilir.
Oxu masasının quruluşu təhsil məlumatlarının qavranılması proseslərinə, eyni zamanda, uşağın təhlil, əzbərləmə qabiliyyətinə təsir göstərə bilər. Düzgün qamətin olmaması isə ağrıya səbəb olan dayaq-hərəkət sistemi xəstəliklərinin (skolioz, kifoz, lordoz və digər) inkişafı ilə nəticələnir.
Onun sözlərinə görə, başın bir az əyilməsi duruş üçün daha faydalıdır. Başın böyük əyilmələri ilə əlavə motor bölmələri işə cəlb olunur, nəbz sürətlənir, tənəffüs amplitüdü azalır, görmə və duruş problemlərinin yaranması mümkündür.
“Masaların rahat və təhlükəsiz olması olduqca vacibdir. Onlar uşağın boyu ilə tənzimlənməli, masa üstü əyilmiş və tezgahdakı künclər yuvarlaqlaşdırılmalıdır. Şagirdə düzgün oxu masasının seçilməsi üçün ümumi qəbul edilən standartlar mövcuddur. Əsas seçim meyarları arasında, ilk növbədə, masanın ölçüsü ilə şagirdin boyu arasında düzgün nisbətə riayət edilməsini qeyd etmək lazımdır. Belə ki, uşağın boyu 110-120 santimetr olduğu təqdirdə masanın hündürlüyü 52, oturacaq isə 32 santimetr olmalıdır. Uşağın boyu 120-130 santimetr olduğu zaman isə masanın hündürlüyü 57, oturacaq 35 santimetr müəyyən edilib. Məktəblinin boyu 10 santimetr artdıqda masa və oturacağın hündürlüyü müvafiq olaraq 5 və ya 3 santimetr artır”, - deyə E.Məhərrəmov qeyd edib.modern)