“Azneft” İstehsalat Birliyinin N.Nərimanov Neft və Qazçıxarma İdarəsində (NQÇİ) planlı tikinti quraşdırma işləri zamanı 2 nəfər işçinin dənizə düşərək həlak olması barədə məlumatı mənə avqustun 24-də 07:30-da vermişdilər. Bir az gec paylaşdım, xəbəri yazmağa ürəyim gəlmirdi. Axı valideynləri, ailələri bilmirdi. Bütün gün işçilərlə əlaqədə olmuşam. Podratçı şirkət Neft Qaz Çıxarma İdarəsinin Tikinti Tresti, sifarişçi isə N.Nərimanov Neft və Qazçıxarma İdarəsidir. İndiki halda məsuliyyət onların sahə üzrə məsul şəxslərinin boynundadır. Yəni ilkin halda işə götürən günahkardır. Tərəflər müqavilə əsasında hansı məsuliyyəti üzərilərinə götürüblər? Məsuliyyətin kimin üstündə olmasına baxılacaq. Fərqi yoxdur, kimin məsuliyyət daşımasından asılı olmayaraq işçi günahkar deyil. Orada çalışan işçilər heç bir məsuliyyət daşımırlar. Çünki Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarına görə, işçilərə əmək fəaliyyəti zamanı şərait yaradılmalıdır”.
Bu sözləri Pravda.az-a müsahibəsində hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.
M.Qəhrəmanlının sözlərinə görə, hadisə ilə bağlı ona verilən məlumatda belə bildirilib: “Dedilər ki, mövcud köhnə betonlar dəyişdirilir. Bəlkə də, əvvəlcədən xəbərdarlıq olmuşdu, ya da yox. Mənə verilən məlumata görə, yeni beton plitəni qoyarkən kran qırılıb, nefçilərin üstünə düşüb. Neft Daşlarında işlədilən yük maşınlarının, avadanlıqların, nəqliyyat vasitələrinin standartlara uyğun gəlməməsi, vaxtlı-vaxtında yoxlanılmaması haqqında məsələni bir müddət əvvəl hesabata da salmışam. Kranlar da işə buraxılanda yoxlanılmalıdır. İstifadə olunanda vaxtaşırı yoxlama qaydaları var. Aydınlaşdırılmalıdır ki, həmin kran işə buraxılarkən yararlı idimi? Bilmirəm, buna fikir verəcəklər, ya yox. Mənə verilən məlumat təsdiqini taparsa, kran betonu qaldıranda qırılıb. Bu, araşdırılmalıdır. Betonmu qırılıb? Buna inanmıram. Kranın qaldırıcı hissəsi var, bu nüansa da fikir verilməlidir. Mövcud plitələr əvvəlcədən yoxlanılıbmı ki, adamlar üstündə işləyəcəklər. Çox böyük əminliklə deyirəm ki, Dövlət Əmək Müfəttişliyinə etibar etmirəm. Çünki uzun illər apardığım müşahidələrin nəticəsində aydın olub ki, işə götürən günahkar olduğu halda heç vaxt cəzalanmayıb. Əmək Məcəlləsinin icrasına nəzarəti DƏM edir. Məcəllənin 310, 311, 312, 313-cü maddələri deyir ki, işə götürən Məcəllənin şərtlərini pozubsa, cəzalandırılmalıdır”.
M.Qəhrəmanlı 2015-ci il dekabrın 4-də "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş faciəni də xatırladıb: “Həmin hadisədə 37 nəfər öldü. Hamısını küləyin boynuna qoydular, amma deyən yoxdur ki, korrupsiya var, normal təmir olunmayıb. Bax, bu hallardan sonra “Azneft”in baş direktoru Daşqın İskəndərovu vitse-prezident qoydular. İndi də sağlığınıza müşavir işləyir. Hamısı məsuliyyət daşıyır. Dövlət Neft Şirkətində əvəllər iş yerində həlak olan işçilərin ailə üzvlərindən birini işə götürürdülər, ödənişli əsaslarla oxuyan övladı varsa, onun təhsil haqqını ödəyirdilər. Hətta elə zaman olmuşdu ki, kreditlərin də bağlanmasına kömək olunması nəzərdə tutulurdu. Bu, qanunda deyil, öhdəlikdir. Qanunən bütün ödənişləri etməlidirlər. Yeni gələn kontingentin isə hamısı iqtisadçıdır, bilmirəm, necə araşdıracaqlar. Hazırda həm Nazirlər Kabinetinin qərarı, həm də Əmək Məcəlləsinin müvafiq maddələri pozulub. İnsan ölümü baş verib. İstehsalat zədəsi aktı (İZ) tərtib edilir. Baş Prokurorluq araşdırmalıdır. 2010-cu ildən bəri neçə ölüm hadisəsi olub, onu araşdırıram. Hamısı cəzasız qalır. Görməmişəm ki, hansınınsa vəzifəsini aşağı salsınlar. Dövlət Əmək Müfəttişliyi araşdırma apararkən orada həm də Həmkarlar Təşkilatının sədri də iştirak etməlidir. HK işçi hüquqlarını pozmaqda işə götürənlə paraleldir. Bunu sübut etmişəm. Ona da etibar etmirəm”.
Hüquq müdafiəçisi deyib ki, araşdırmalar ədalətli aparılsa, insan ölümündə günahkar olanlar cinayət məsuliyyətinə cəlb edilməlidirlər: “Biz addım-addım araşdırırıq. 2015-ci ildə kiçik bir məsuliyyətsizliyin, FHN-nin, SOCAR-ın hazırlıqsızlıqları ucbatından o qədər insan həlak oldu. Biz araşdırdıq. Komissiyanın sədri Rüstəm Usubov idi. Hesabatımız açıqlandı, SOCAR rəhbərliyi heç bir söz tapa bilmədi. Nə SOCAR-ın açıqlaması oldu, nə hadisə ilə əlaqədar yaradılmış Komissiyanın. Nə də Komissiyanın qərarı oldu. Bu boyda hadisə qarşısında susdular. Niyə? Bir nəfər günahkar adam tapılmadı. İndi də N.Nərimanov NÇQİ. Meyitləri balıqçılar təsadüfən tapmışdılar. Bu qədər illər ərzində baş verən hadisələri araşdırsanız, kiməsə cəza verildiyini tapmayacaqsınız. Sovet vaxtı partiyadan çıxarılma var idi. Kimisə partiyadan çıxarmaq dəhşətli bir şey idi. Həmin adamı heç yerdə işə götürmür, vəzifəyə qoymurdular. Eləsinə hətta şərti “iş” də verirdilər. Axı insan ölüb. Neft sektorunda bu qədər oğurluq, məsuliyyətsizlik yox idi. Köhnə boruları yenidən rəngləyib, təzələrini isə satıblar. Bunu bir dəfə Əmrə də qoymuşam. Həmin adam ölümə baiskar adamlardan biridir. Nə oldu? Heç nə. Toxunulmazdırlar. Çünki hamısı qohum-əqrəbadır. Guya indi nə edəcəklər? Sahəni bilirlər ki? Hesablayacaqlar ki, beton çökəndə onlara nə qədər ziyan dəyib? Cəzasızlıq sindromu cinayətin inkişafıdır. Mən neftçiyəm, düz 28 il o platformalarda olmuşam. Biz bunlar kimi içəridə oturmurduq. Bütün qəza baş verən yerlərdə olmuşam. Sahəyə bələdəm. Bir hadisə baş verəndə ürəyim göynəyir. İstehsalatda qəza nəticəsində həlak olan insan ölmür, öldürülür! Onların öldürülməsinə bais olan adamlar cinayət məsuliyyətinə cəlb edilməlidir”.