Rusiyanın itkiləri 300 MİNİ ötdü

Ukrayna müharibənin 615-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 300 810 hərbçi, 5211 ədəd tank, 9804 ədəd zirehli döyüş maşını, 7227 ədəd artilleriya sistemi, 844 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 562 hava hücumundan müdafiə sistemi, 321 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9590 ədəd avtomobil texnikası, 5440 ədəd PUA, 1546 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 1016 xüsusi avadanlıq itirib.

Türkiyənin NATO-dan çıxarılması çağırışı... - Miller

ABŞ Türkiyəni NATO-nun məhsuldar üzvü hesab edir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller amerikalı qanunvericilərin İsrailin Qəzza zolağındakı hərəkətlərini tənqid etdiyinə görə Türkiyəni alyansdan çıxarmaq çağırışlarına cavab verərkən deyib. “Əlbəttə ki, Türkiyə rəhbərliyi ilə fikir ayrılığına düşməyimiz ilk dəfə deyil. Bununla belə, biz onları hələ də NATO-nun məhsuldar və faydalı üzvü hesab edirik. Və biz razılaşdığımız məsələlərdə onlarla işləməyə davam edəcəyik. Həm də aramızda fikir ayrılıqları olduğunu onlara aydın şəkildə bildiririk”, - o bildirib.

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - VII hissə

    Bizə qarşı hücumalar güclənir, kütləvi sürgünlər artırdı. Məmləkətin müxtəlif yerlərində isə gizli təşkilatlar fəaliyyətdəydi. Kommunistlərin və orduda qulluq edənlərin içində də bu qurluşun əlehdarları çoxalırdı. Nuxa şəhərində minbaşı Kor Bəhrəm, qəssab Hüseyn, Erkək Abdulla, Cöynükdən Əbdülrəhim və qardaşları, kiçik Dəhnədən Əbdülkərim, nəvəsi Hüseyn, Əli, Zülqədər, Böyük Dəhnədən Şüayıb, Qaraqoyunlu kəndindən Əbdülrəhim və qardaşları, Qaxdan Hacı Qədir və qardaşları, qohumları üsyana hazırlaşırdı. Bizdə də bu barədə məlumat vardı.     Üsyandan bir gün sonra biz Nuxa şəhərinə varid olduq. Həbsxananı açıb silahları üsyançılara payladıq. Şiddətli mübarizə başladı. Bir tərəfdə kiçik və yardımsız Azərbaycan, digər tərəfdə qanlı imperiya qüvvələri küçələrdə döyüşlər davam edirdi. Bağırovun ən sadiq adamlarından birinin evini tutuduq. Sahibi evdə tapılmadı. Qadın paltarında qaçmışdı. Üsyanın başında duran Bəhram yaralanmışdı. Onu şəhərdən çıxarıb müalicə edirdilər. Biz də şəhərdən çıxmaq məcburiyyətində qaldıq. Üsyanın dördüncü günü şəhəri tərk etdik. Bizimlə birlikdə Osmanlı ordusundan qalıb sonra müəllimlik edən bir zabit də döyüşürdü. Adı İsmayıl Hakkı idi. O bütün gücü ilə mübarizə aparırdı.     Yaralı olan minbaşı Bəhramı öz çadırıma gətirdim. Lakin o bayırda olanda öz gülləsi ilə özünü öldürmüşdü.     İzimizə düşən bolşevik rus qüvvələri bizi öndən və arxadan təqib edirdi. Onlarla Qutqaşenin Qayıqlı kəndində üzləşdik. Bizim yerimiz yaxşı idi. Başımız üzərinə güllələr dolu tək yağırdı. Bu şiddətli döyüşlərdə “məni əsir aldılar” deyə qışqıran İsmayıl Hakkının səsini eşitdim. Ona tərəf sürünüb beş rus əsgəri ilə qarşılaşdım. Onları bir-bir öldürdüm və İsmayılı azad etdim. Ruslar xeyli tələfat verib çəkildilər. Ortalıq meyidlərlə doluydu. Bir az da vuruşub oradan sürətlə uzaqlaşdıq. Ağdaş ərazisinə gəldik. Bütün silahdaşlarımı toplayıb önəmli məsləhətlər verdim. Ərzağımız və suyumuz qalmamışdı. Tarladakı buğda dənələrini əlimizlə ovuşdurub yeyirdik. Elə orda da hər kəs öz məntəqəsinə getmək üçün görüşüb ayrıldıq.     Hadisələrin belə dözülməzliyi bizi yabançı halına salmışdı. Evlərimiz yıxılmış, uşaqlarımız pərişan olmuş, bizim də yerimiz-yurdumuz qalmamışdı. Bizim yaşamamız dövlət üçün əlverişli olmadığından təqiblər, basqılar davam edirdi. Gecəmiz-gündüzümüz tox idi. Elə bu vaxt Sadıqov adında bir kommunistin Moskvaya qədər gedib “Qasımın kəlləsini gətirməsəm, mənim başımı kəsin” deyə söz verməsi və bizə qarşı hücuma hazırlaşması xəbərini bizə çatırdı.     Bu generalın güclü qoşun topladığını, mübarizəyə hazırlaşdığını bizim olduğumuz əraziyə hücum zamanı ağaclara iz qoya-qoya irəlilədiyini də öyrənə bildik. Güclü kəşviyyat işi aparmışdı. Yanında bir mühəndis və yüzə qədər könüllü ilə gəldiyi də aydın oldu. Kəndlərə daxil olanda onlardan süd, qaymaq alıb pul təklif etsələr də kəndlilər onlardan pul almırmış. Kəndlilərdən nə üçün pul almadıqlarını soruşanda onlar : - nəyinə lazımdı sən südünü, qaymağını al, deyə cavab verirlərmiş. Sadıqov oralarda bir neçə gün dolaşıb heç kim tapmayınca çıxıb getmişdi. Bizə bu xəbəri kəndlilər çatdırırdı.     Həmin ilin Qurbam bayramında bizim evlərimizə gedəcəyimizi zənn edən Sadıqov kəndimizin yaxınlığına 300-ə qədər əsgər toplamışdı. Onlar ərazini mühasirəyə almışdılar. Bundan xəbər tutub ailəmizə baş çəkməkdən vaz keçdik. Ailəmizi, uşaqlarımızı tutub sürgünə göndərdilər. Bizə məxsus mal-qaranı və ev əşyalarımızı talan etdilər. General Sadıqovun bu hərəkətləri vəziyyətin yaxşı olmayacağından xəbər verirdi. Kür çayının bütün keçidləri də rus əsgərləri tərəfindən nəzarətə alınmışdı. Biz isə çayın o biri sahilinə keçməyə məcbur idik. İşimiz çox müşkül idi. 24 nəfərlə Qaraağaclı qəzasına gəldik. Bir may gecəsiydi. Çayın kənarındakı mal qışlağına soxulduq. Qışlağı iri çoban itləri qoruyurdu. Orada bir qayıq olduğunu bilirdik. Köpəklərdən güc-bəla ilə qorunaraq qayıqçının olduğu yerə gəldik. Qayıqçı heç nədən xəbərsiz arvadı ilə yatırdı. Tüfəngin qundağı ilə onu qaldırdım. Lakin ondan tez arvadı oyandı, məni görüb özünü itirdi. Tez ərinə qışqıraraq :     -Qalx, Qasım qardaş gəlib – dedi. Şirin yuxuda olan qayıqçı heç nə anlamamışdı. Qasım, Qasım deyə mızıldandı. Qadın qalxıb bir az yemək hazırladı. Bu adam isə hələ özünə gəlməmişdi, heyrətlə mənə baxırdı. Mən qayıqçıya : - Abdulla bizi o biri sahilə keçirəcəksən – dedim. O hələ ayılmamışdı üzünü turşutdu. Bunu hiss edən arvadı – qalx qayığını hazırla, onlar bizim üçün mübarizə aparırlar, kişi, deyilsənmi – deyə, ərinə acıqlandı. Hərif yenə durmaq istəməyəndə - qalxmasan səni öldürəcəm – dedim.     Dəstəmiz 24 kişidən ibarət olduğu üçün qarşı sahilə iki dəfəyə getməliydik. Çayda suyun çoxluğundan qarşı sahil görünmürdü. Birinci qrup sahilə çıxanda fanarla yaşıl işıq yandırmalıydı. Birinci qrup qayığa mindi və bir vaxtdan sonra yaşıl işıq saçdılar. Onlar sahildə düşdükdən sonra qayıq geri döndü. İkinci qrupun başcısı mən idim. Biz də o biri sahilə keçdik. Çaydan aralanıb nə qədər telefon dirəkləri və telləri vardıa hamısını kəsdik. Sanki tanrının bizə verdiyi bu zülm azmış kimi, şiddətli bir leysan yağmağa başladı. Bu hadisə işimizi daha da çətinləşdirdi.     Eldardan Zaman oğullarından Məhəmməd Əli, Abbasqulu, Hacı Adıgözəl və oğlu Zamanın qaçaq dəstələri aləmi dağıdıb uçururdu. Qabaqlarına çıxan bütün kommunistləri öldürürdülər. Bunu duyan və bizim üstümüzə gələn Sadıqovun dəstəsi Eldara getməyə məcbur oldu.     Biz isə qabağımıza çıxan bir mal damına girdik. Qara Məhəmməd oğlu Mustafadan bir at və bir qoyun aldıq. Qoyunu kəsib yedik, qalanını çantamıza doldurduq.     Bir az vaxtdan sonra silahdaşlarımızdan birinin, bir milis və bələdçinin – Bu, Sadıqov bir bəladı, Eldara gedib, bir azdan dönəcək və buralarda daşı-daş üstə qoymayacaq, hər yeri dağıdacaq – deyə, danışdıqlarını mənə xəbər verdi. Mən qarovulçuları ağaca çıxarıb ətrafa nəzarət etmələrini əmr verdim. Başqalarına da tapşırmışdım ki, qoyunu kəsib qızartsınlar. Onlar bu işlərlə məşğul ikən ağacdakı qarovulçu qışqırdı və o birisi sahilə 15 nəfər rus əsgərinin gəldiyini anlatdı. General Sadıqovun da onların içində olduğunu dedi.     Bu xəbər bizim üçün gözlənilməz oldu. Mən ağaca çıxdım. Əlimə durbini aldım. Onun belində 10 açılan atdan endiyini gördüm. Bu Sadıqovun özüydü. Əlində ki, qamçı ilə çəkmələrini döyə-döyə sahildə gəzişirdi. Sonra o qayığa yaxınlaşdı. Əvvəlcə özü sonra isə, əsgərlər qayığa mindilər. Bizim olduğumuz sahilə doğru üzməyə başladılar. Ağacdan düşüb 6 nəfər götürdüm, qalanlarına isə, gözləməyi əmr etdim, dedim ki, əgər bizi sıxışdırsalar köməyə gələrsiniz. Biz çayın sahilindəki səngərlərdə gizlənib onların sahilə çıxmalarını gözlədik. Qayıq sahilə çatırdı. Onlar düşər-düşməz bir yayılım atəşi açdıq. General və üç nəfər yıxıldılar. Qalanları yaralanmışdı. Yanlarına getdik. Yaralılar yalvarmağa başladılar. Bu yalvarışlara məhəl qoymadan onları öldürdük. Sadıqov hələ ölməmişdi, gözlərini açıb mənə baxırdı. Can verirdi. Onun başına çəkmə ilə qüvvətli bir zərbə endirdim. Moskvanın iti – bizim zavallı uşaqları, qadınları haraya sürdün – dedim. O yenə ölməmişdi. Qaçaqlar onu sahilə sürüdülər, tapançasını belindən çıxarıb bütün güllələrini başına sıxıb öldürdülər. Mən qaçaqlara dedim – çayın qudurmuş dalğaları bunu gözləyir. Bu sözümdən sonra qaçaqlar onu Kürə atdılar. Çayın o biri sahilində Sadıqova yardıma gələnlərin sayı artırdı. Onlar silah səslərini eşidib çaş-baş qalmış, nə edəcəklərini bilmirdilər.     Mən qışqıraraq : - niyə dayanıbsınız, çıxıb getsəniz, - dedim. Onlardan məni tanıyanlar vardı. Hara gedək, hər tərəfdən başımıza güllələr yağır dedilər. Mən onlara – General Sadıqova toy tutduq, gərdəyə qoyduq, yolunuz açıq olsun, artıq gedə bilərsiniz – dedim. Qoyun qızardılmışdı. Əyləşib doyunca yeyib, bir-birimizə nuş olsun dedik.     Yeməkdən sonra kəndləri dolaşdıq və bildirdik ki, kim Sadıqovun leşini görüb sudan çıxararsa və ya dövlətə xəbər verərsə onu da generalın aqibəti gözləyir. Kür sahilindəki Alıkənddən bir qadın su götürməyə gedəndə sabahın erkən vaxtında sahildə bir cəsəd görür və qaça-qaça ərinə xəbər verir. Əri də sahilə gəlir. Sadıqovun cəsədini tanıyır və əlindəki ağacla onu dalğaların qoynuna itələyir. Beləliklə, general məzar üzü görmədən sulara qərq oldu.    Həmin ili qış çox ağır keçdi. Dörd gözlə baharın gəlməsini gözləyib, yazı və sonbaharı yenə dağlarda, ormanlarda keçirdik. Arı komuna toxunduğumuz üçün daim bizi izləyirdilər. Təqiblər, basqınlar artırdı. Evsiz, ailəsiz dağlarda, ormanlarda, mağaralarda yaşamaq çox müşkül bir iş idi. Hökümət rəhbərləri də on ildən artıq davam edən qaçaq hərakatına son qoymaq üçün yeni tədbirlər hazırlayırdı.     Mübarizəmiz çeşidli şəkildə dəyişib davam edirdi. Kütləvi sürgünlər də əskilmirdi. O zaman Gəncənin qərbində Şəmkirin Bitdili kəndində qəribə bir hadisə baş verdi. Şəmkirin Bitdili kəndində bir mərkəz qurulmuşdu. Gizli olan bu mərkəz ziyarətgah idi. Bunu idarə edənlər Düyərli kəndindən Hacı Axund, Dövlət oğlu Mehdi, Abulla və qardaşlarıydı. Ziyarətgahın sahibi isə Düyərlidən Hüseyn adlı birisiydi.     Qısa bir zamandan sonra bura ziyarətə gələnlərin sayı artmağa başladı. Korların burada gözləri açılır, xəstələr şəfa tapırdılar. Güclü təbliğat aparıldığına görə adamlar dəstə-dəstə ziyarətgaha axışırdılar. Müsəlmanlardan başqa ruslar, ermənilər, hətta kommunistlər də gəlirdilər.     Səcdəgahda bir dam var idi. Bacadan içəri baxdıqda damın tavanında bir göyərçin, bir dənə də qılınc görünürdü. Lakin qorxudan heç kim ona yaxınlaşa bilmirdi. Burda din xadimlərilə allahsızlar arasında toqquşma gözlənilirdi. Bolşeviklər buranı mühasirəyə alanda şiddətli döyüşlər oldu. Hacı Axund və qardaşları, Qululu Abdulla, İskəndər, Temur qardaşları şəhid oldular. Biz burada da işimizi gördükdən sonra bizi axtaranların sayının gündən –günə çoxaldığını görüb Gürcüstana keçməyi qərara aldıq. Müəyyən bir vaxt üçün izimizi itirmək vacib idi.     Novruz bayramından bir həftə keçmişdi, gecə ikən Gürcüstan ərazisinə keçdik. İzimizi itirdik. Orda yolu çaşdıq. Mən dincəlmək barədə əmr verdim. O qədər yorğun idik ki, qarovulçularda yatmışdı. 24 nəfər idik. Səhər tezdən yuxudan durub gördüm ki, buralar çox təhlükəli yerdi. Həm də şose yolunun qırağıdı. Hər an tutulmaq təhlükəsi vardı. Ona görə biz ordan aralandıq, Alazan çayını keçib Dağıstana sığınmaq fikrimiz vardı. Çayın keçid yerinə çatdıqda gördük ki, qarşımızada iki heyvan sürüsü var. Onlar gürcüydülər, hamısı da təpədən-dırnağadək silahlıydı. Gürcülərdən oralarda hökümət adamı olub-olmadığını soruşsaq da dəqiq cavab ala bilmədik. Mən anladım ki, bunlar özü də bizə basqı edə bilər. Kiçik qardaşım Ələsə qarşımızdakı təpəni tutmağı tapşırdım. Bunu etməsi üçün o çayı keçməliydi. Qayıq olmadığı üçün onu bir kötüyə mindirdim. O rahatca çayı keçirdi. Tam çayın ortasında bir adacıq vardı. Ora çatıb durdu. O durmamalıydı. Mən sahildə qışqırdım. Nə üçün durursan ? O səsimi eşidib yenidən irəliməyə başladı. Sahilə çatar-çatmaz saldan düşdü. O, suyun nə vəziyyətdə axdığını bilmirdi. Ora isə çox dərin və suyun fırlandığı bir yermiş. Yalnız bunu görə bildim. Suyun üzündə təkcə onun papağı qalmışdı. Bunu təsəvvür etmək çətin idi. Ən böyük dəstəyimiz, doğma qardaşım, cəsur bir türk oğlu sulara qərq olmuşdu. İstər-istəməz özümü suya atdım. Üzə-üzə sahilə çıxdıqda qardaşımın boğulduğunu gördüm. Onu qudurğan dalğalar aparmışdı. Elə bil köksümdən güllə ilə vurulmuşdum. Əlimdən heç nə gəlmirdi. Aciz qalmışdım. Görəcəyim bir iş qalmamışdı. O birisi qaçaqlarda mənim yanıma keçmişdi. Onlar Ələsin harada olduğunu soruşduqda mən – paltarlarını qurudur – deyə yalan məlumat verdim. Qardaşım isə artıq sağ deyildi. Mənim bolşeviklərlə uzun müddət mübarizə aparmağımda ən cəsur köməkçim Ələs idi. Onun tək igid yox idi. Sanki qeybə çəkilmişdi. Ələs quşu gözündən vurmağı bacarırdı. Ancaq mənim təbəssümmündən qap-qara qaralmağımdan qaçaqlar da faciə baş verdiyini hiss etmişdilər. Onlar mənə inanmırdılar. Elə bu vaxt bir yerə toplanmalarını söylədim. Fəqət içlərində vətəni, dini, namusu qeyrətlə qoruyan Ələs yox idi.     Mən: - Qardaşlar, deyə müraciət etdim. Bu mübarizə illərində heç zaman məni ağlayan görməmisiz. Onlar da mənim gözümdə yaşı görüb qəhərləndilər. Mən – durun ağlamayın Ələsi qeyb etdik. Sizin canınız-ciyəriniz, mənim isə qardaşım idi. Lakin biz bu yoldan dönməyib mübarizəmizi axıracan aparacağıq – dedim.  Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Messi 8-ci dəfə "Qızıl top"u qazandı

“France Football” nəşrinin verdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib. Sozcu.az xəbər verir ki, mükafatı bu yay PSJ-dən ayrılaraq “İnter Mayami”yə keçən Lionel Messi qazanıb. Nəticədə 36 yaşlı hücumçu karyerasında 8-ci dəfə "Qızıl top"u əldə edib. Messiyə mükafatı “İnter Mayami”nin sahibi Devid Bekhem təqdim edib. Lionel ötən il Argentina yığması ilə birlikdə DÇ-2022-nin qalibi olub. O, turnirin ən yaxşı futbolçusu seçilib. Xatırladaq ki, Messi daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub. Ötən il isə bu mükafatı Kərim Benzema qazanmışdı.

Sən necə də ekzotik və erotiksən, Azərbaycan futbolu!

Rəşad Ergün Zaur Axundovun ailə klubu olan “Araz-Naxçıvan” (qardaşını kluba prezident qoyub, onun vasitəsi ilə idarəçiliyi əlində saxlayır) Azərbaycan futbolunun həm sensasiyası, həm də, biabırçılığıdır, ölkədə futbola münasibətin göstəricisidir. İki aya yığılan komandanın çempionatda qabağına gələni topun altına salması, liderlər qrupunda qərarlaşması yəqin yalnız Azərbaycanda mümkün ola bilərdi. “Təcrübə”, “oturuşmuş heyət”, “anlaşma” – hamısı gedib işinin dalınca. Yəni, sənə sabah yaxşı pul ayrılsa, iki aya komanda yığıb, çempionları, vitse-çempionları, kubok sahiblərinin hamısını, cəmini, topunu, topun qabağına qoyub, istədiyin yerə qova bilərsən. İllərlə iş görmək? Sistem qurmaq? Harda? Burda, Azərbaycanda? Güldürməyin adamı. Sən necə də ekzotik və erotiksən, Azərbaycan futbolu! Komanda.az

Sülh üçün yeni imkanlar yaranıb - Bayramov

Sülh quruculuğu prosesi üçün yeni imkanlar yaranıb. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşü zamanı deyib. Nazir, Azərbaycan tərəfindən həyata keçirilən anti-terror tədbirləri nəticəsində sülh danışıqları, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının qarşısındakı maneələrin aradan qaldırıldığını, bu istiqamətdə sülh quruculuğu prosesi üçün yeni imkanların yarandığını bildirib. Ölkəmizin hər zaman olduğu kimi, bölgədə dayanıqlı sülhün bərqərar edilməsi üçün yaranmış bu münbit şəraitdə də sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu vurğulanıb.

Atəşkəs İsrailin HƏMAS-a təslim olması anlamına gəlir - Netanyahu

İsrail Qəzzada atəşkəslə razılaşmayacaq. Sozcu.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ötən gün keçirdiyi brifinqdə bildirib. Netanyahu hesab edir ki, atəşkəs İsrailin HƏMAS-a təslim olması anlamına gəlir: “Mən İsrailin atəşkəslə bağlı mövqeyinə aydınlıq gətirmək istəyirəm. ABŞ Pörl Harborun bombalanmasından və ya sentyabrın 11-də atəşkəsə razı olmadığı kimi, İsrail də oktyabrın 7-də baş vermiş dəhşətli hücumdan sonra HƏMAS-a qarşı hərbi əməliyyatları dayandırmağa razı olmayacaq”. Qeyd edək ki, Yaxın Şərqdə münaqişə oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə irimiqyaslı raket zərbəsi endirməsindən və HƏMAS döyüşçülərinin sərhədyanı ərazilərə daxil olmasından sonra daha da gərginləşib. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağına əməliyyata başlayıb.

Azərbaycana hansı kəndlər qaytarılır? – Erməni KİV

Erməni mediası Azərbaycanın Ermənistan ərazisində hələ də işğalda qalan kəndləri ilə bağlı Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyana sual ünvanlayıb. Sozcu.az xəbər verir ki, Armen Abazyan suala cavabdan yayınıb və heç bir açıqlama verməyib. Erməni mediasının yazdığına görə, Ermənistan rəhbərliyi anklavların Azərbaycana qaytarılması haqda müzakirələr aparır. Rəsmi İrəvan hələlik bunların hansı kəndlər olduğunu və Azərbaycana hansı prinsiplə veriləcəyini dəqiqləşdirməyib. Xatırladaq ki, Qazaxın 7, Naxçıvanın isə 1 kəndi işğaldadır.axar.az)

İcra başçıları bağça yeməyindən...

2024-cü ilin dövlət büdcəsində məktəbəqədər təhsil xərcləri üçün nəzərdə tutulan məbləğ 2022-ci ilə nisbətən 25 faiz və ya 90 milyon manat çox proqnozlaşdırılır. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı-ekspert Rövşən Ağayev açıqlayıb. O bildirib ki, 2022-ci ildə bu xərclərə yerli icra hakmiyyəti orqanları sərəncam verirdi, hazırda isə Elm və Təhsil Nazirliyi: “Səlahiyyət nazirliyə keçəndən sonra xərcləmələrdə şəffaflıq və qənaət baxımından nələrin dəyişdiyini demək üçün əldə konkret hansısa faktlar yoxdur. Məsələn, satınalmalarda, xüsusilə də mal və xidmətlərin orta alış qiymətlərində, təchizatçı şirkətlərin seçimlərində nələrin dəyişdiyini izləmək maraqlı olardı. Amma sırf büdcə sənədlərinə baxanda bir maraqlı dəyişiklik diqqəti çəkir: bağçaların ərzaq təminatı xərclərində 20 faizdən çox (20 milyon manat) azalma var. Son 2 ildə ərzaq xərclərində azı 20-25 faiz bahalanma olduğu, ümumi xərclərin 25 faizdən çox artdığı, uşaqların sayının azalmadığı (əksinə statistikada artdığı) şəraitdə ərzaq alışı üçün xərclər 20 milyon ixtisar olunursa, demək ki, bu, icra başçılarının xalis qazancı imiş”...

"Türk dünyasının Əli Şamil hocası" kitabı çap edilib

Jurnalist, publisist, folklorşünas Əli Şamil ilə bağlı toplu çap olunub. "Köhlən" Nəşriyyatında çap edilmiş  "Türk dünyasının Əli Şamil hocası" adlanan kitab Nazir Əhmədli tərəfindən nəşrə hazırlanıb. Topluda müəlliflər Əli Şamil ilə bağlı xatirələrini bölüşməklə yanaşı yeni dövr tariximizin böyük bir parçası haqqında geniş məlumatlara yer veriblər.  Sözcü. Az

İrəvandan sərsəm sülh iddiası və anklavlar açıqlaması

İrəvan və Bakı anklavlar məsələsini müzakirə etməyiblər. Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu Paşinyanın partiyasının nümayəndəsi deyib. Armen Xaçatryan jurnalistlərə bildirib ki, rəsmi Bakı baş nazirin səsləndirdiyi üç bəndlə razılaşıb. “Ermənistan əmin olmaq istəyir ki, bunlar “yalnız sözlər” deyil”- erməni rəsmi absurd şəkildə bildirib. Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması “günlər və aylar” məsələsidir. Xaçatryan sərsəm iddialarını davam etdirərkən deyib ki, Azərbaycanın Qranada və Brüsseldə danışıqlardan imtina etməsi onun saziş bağlamaq istəmədiyini göstərir.

“Bu iğtişaşlar Putinin İsrailə bugünkü münasibətinə dəstək verən təxribata oxşayır...”

“Və əslində, bu, belə də var... Bunu rəsmi dövlət informasiya resurslarından, dövlət rəhbərlərinin açıqlamalarından da görmək olur...” “Hesab edirəm ki, Dağıstandakı – Mahaçqala hava limanındakı son iğtişaşlar təsadüfi deyil. Birincisi, içərisində guya yəhudilər olduğu deyilən və Təl-Əvivdən qalxan təyyarənin oraya enməsi təəccüblüdür. Bildiyimə görə, belə bir reys, ümumiyyətlə, yoxdur... Əgər İsraildən Dağıstana doğrudan da uçuş olubsa, bu hansı səbəbdən baş verib. İkincisi, insanlar Təl-Əvivdən qalxan təyyarənin Mahaçqalaya enəcəyi xəbərini öncədən haradan biliblər ki, belə ani şəkildə təşkilatlanıb aeroporta kütləvi hücum təşkil ediblər?” Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikri Moderator.az-a açıqlamasında “Sizcə, Mahaçqala aeroportunda baş vermiş kütləvi antisemit iğtişaş kortəbii şəkildə baş verib, yoxsa öncədən planlaşdırılıb?”sualını cavablandırarkən  ifadə edib. “Belə suallar bəhs edilən olayların arxasında Rusiya daxilində sabitliyi pozmağa çalışan hansısa qüvvələrin dayandığı ehtimalını da yaradır. Təbii ki, xarici qüvvələrin də əli ola bilər. Amma nəzərə alsaq ki, Rusiya dövlətinin öz daxilinə xarici müdaxilə baxımından nəzarəti yetərincədir, bu daha çox daxildəki hansısa qruplaşmanın əməli kimi də anlaşılır. Belə çıxır ki, insanları öncədən məlumatlandırıblar, təşkilatlandırıblar. Və görünür, Putinin konkret olaraq özünün və onun komandasının İsrailə bugünkü münasibətinə neqativ mənada belə bir dəstək göstərmək məqsədi güdülüb. Göstərmək ki, həqiqətən Putin Rusiyasında antisemitizm baş alıb gedir... Və əslində, bu, belə də var... Bunu rəsmi dövlət informasiya resurslarından, dövlət rəhbərlərinin açıqlamalarından da görmək olur. Odur ki, sözügedən iğtişaşlar daha çox Rusiya daxilindən törədilmiş təxribata oxşayır”,- deyə analitik vurğulayıb.

“Anklavlar” Azərbaycana verilsə, bu, əbədi müharibəyə gətirib çıxaracaq"

“Nikol Paşinyan dəfələrlə bəyan edib ki, sülh müqaviləsinə əsasən, “anklavlar” Azərbaycana verilməlidir. Əgər onlar Azərbaycana verilsə, o zaman orada dinc əhali olmayacaq. Bu, özlüyündə əbədi müharibəyə gətirib çıxaracaq. Eyni şey Meğri dəhlizinə də aiddir. Görünür, o (Paşinyan) nə qədər suverenlikdən danışsa da, dəhliz Ermənistanın nəzarəti altında olmayacaq”. Sozcu.az xəbər verir ki, bu barədə politoloq Aqasi Yenokyan danışıb: “Dəhliz bu gün rus sərhədçilərinin yerləşdiyi yer olacaq, ona görə də həmin xətt onların nəzarəti altında olacaq. Bu dəhlizdən tankların, raketlərin Türkiyədən Azərbaycana necə keçəcəyinin şahidi olacağıq və heç nə edə bilməyəcəyik. Bu, heç də sülhə xidmət etmir”. Politoloq “Dünyanın kəsişməsi” ideyasını axmaq adlandırıb. “İndiki geosiyasi vəziyyətdə mövcud alətlərlə burada sülh yaratmaq mümkün deyil”, – deyə o, fikrini yekunlaşdırıb.konkret.az)

Azərbaycanda 10 gündə 3-cü tələbə ürəktutmadan öldü

Azərbaycanda tələbə ürəktutmasından dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bununla əlaqədar “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb. Məlumata görə, Azərbaycan İqtisad Universitetinin (UNEC) Biznesin idarə edilməsi ixtisasının IV kurs tələbəsi olan Elmin Rzayev ürəktutmasından vəfat edib. Qeyd edək ki, son 10 gün ərzində üç tələbənin ürəktutmasından vəfat etdiyi haqqında xəbər yayılıb.

Qəzzadakı Türkiyə xəstəxanası aviazərbələrlə vuruldu - Təcili

Qəzza şəhərinin cənubunda yerləşən türklərə məxsus xəstəxana hava hücumuna məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Sumqayıtda dəhşətli qətl bu məqsədlə törədilib

Xəbər verdiyimiz kimi, Sumqayıtın Corat qəsəbəsində baş vermiş hadisəyə görə qəsəbə sakini saxlanılıb. Sozcu.az Bizim.Media-ya istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan Müşviq Məhəmməd oğlu Tağıyevin qətli tamah məqsədi ilə törətdiyi iddia edilir. Ailənin yaxınlarından bildirilib ki, qohumlardan biri, İsveçrədə yaşayan Anar Fərəcov yüksək məbləğdə pul göndərib. Ailənin bildirdiyinə görə, hadisədən sonra pul evdə tapılmayıb. Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb. Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Müşfiq Məhəmməd oğlu Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. M.Tağıyev öldürülən şəxslərin qonşusudur.

Ağsuda yük maşını aşdı: ölən var

09:24 Ağsuda yük avtomobili aşıb, ölən var. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. 112 qaynar xəttinə Ağsu rayonunun Kalva kəndində yük avtomobilinin aşması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. *** Oktyabrın 30-u gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən hissəsində yol qəzası olub. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, “Forland” markalı yük avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Anar Bəxtiyar oğlu Məmmədovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Sürücü A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının MƏBLƏĞİ

Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat götürüləcək. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb. Başqa sözlə, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılır. Qeyd edək ki, 2023-cü ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat olub. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşib.

“Əgər bu prinsiplərə əməl olunsa, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək”

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması reallığa çevrilə bilər”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında deyib. O bildirib ki, Azərbaycanla razılaşdırılmış 3 əsas sülh və nizamlanma prinsipi var: “Əgər bu prinsiplərə əməl olunsa, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək”.

“Rusiya öz hərbi qüvvəsini Qarabağda saxlamaq üçün ermənilərin bu addımında maraqlıdır...”

“Amma ermənilər Xocalıda, Meşəlidə, Qaradağlıda və s. törətdikləri amansız soyqırımlarından sonra yenidən Qarabağda – Azərbaycan torpağında, azərbaycanlılarla yanaşı, yaşamağa özləri-özlərindən xoflanırlar...”   “Moskva öz “sülhməramlılar”ının, yəni hərbi qüvvəsinin qalması üçün azı, 20-30 min erməninin Qarabağa qaytarılmasında maraqlıdır. Dövlətimiz  məsələni çox ciddi şəkildə qoyur ki, kimin ki 1991-ci ilədək Azərbaycan pasportu olub, onlar qayıdıb vətəndaşlığımızı yenidən qəbul etməklə, Konstitusiyamıza, qanunlarımıza əməl etməklə Qarabağda yaşaya bilərlər. Belələrinin də sayı, uzağı, 10-15 min olar”.  Sabiq müdafiə naziri,  general-mayor Tacəddin Mehdiyev bu fikirləri Moderator.az-a açıqlamasında ifadə edib. “Son 30 il ərzində Azərbaycanın işğal altındakı ərazilərinə xaricdən – Livandan, Suriyadan, İraqdan və s. xeyli sayda erməni köçürülüb. Azərbaycan dövlətinin DƏ əlində sovet dövründən qalan bütün sənədlər, məlumatlar var.  Xankəndində Miqrasiya Xidməti də işləyir... Digər tərəfdən, məsələnin mənəvi yönü də var. Yəni ermənilər Xocalıda, Meşəlidə, Qaradağlıda və s. törətdikləri amansız soyqırımlarından sonra yenidən Qarabağda – Azərbaycan torpağında, azərbaycanlılarla yanaşı, yaşamağa özləri-özlərindən xoflanırlar.  Əslində, buna onların mənəvi haqqı da yoxdur... Odur ki, inanmıram, belə bir vəziyyətdə ermənilər kütləvi şəkildə Qarabağa qayıda”- deyə general vurğulayıb.

"HƏMAS liderlərinin başları kəsilməli və sərhəd boyunca sərgilənməlidir" - ABŞ prezidenti postuna namizəd

"İsrail Müdafiə Ordusu bunu HƏMAS terrorçularını qorxutmaq üçün etməlidir..." Respublikaçılar Partiyasından ABŞ prezidenti postuna namizəd Vivek Ramasvami bəyan edib ki, İsrail "HƏMAS-ın yüzlərlə liderinin başlarını kəsməli, payalara keçirməli və İsrail ilə Qəzza arasında sərhəddə sərgiləməlidir. Sozcu.az xəbər verir ki, onun bu sözləri "C-Span" telekanalının efirində səslənib. Məlumatı "news.liga.net" nəşri yayıb. Ramasvami qeyd edib ki, İsrail Müdafiə Ordusu bunu "HƏMAS terrorçularını qorxutmaq üçün" etməlidir. "Bunu 7 oktyabr 2023-cü il hücumunun daha heç bir zaman təkrarlanmaması üçün etmək lazımdır. Gələcəyi müdafiə edən sərhəddi qurmaq üçün bütün resurslardan istifadə edilməlidir", - amerikalı siyasətçi deyib. O, əlavə edib ki, bununla Birləşmiş Ştatlar deyil, İsrail məşğul olmalıdır. "Bu qərarı biz deyil, İsrail qəbul etməlidir...Bunu etməyi Corc Vaşinqton Birləşmiş Ştatlara tapşırardı", - Ranasvami vurğulayıb. ABŞ-da növbəti prezident seçkiləri 5 noyabr 2024-cü il tarixə təyin edilib. Co Bayden və Donald Tramp artıq prezident yarışında iştirak edəcəklərini elan edib.  Trampın Respublikaçılar Partiyasında əsas rəqibi Ron Desantisdir. 38 yaşlı Ramasvami ABŞ prezidenti seçkilərində respublikaçılardan ən gənc iddiaçıdır. Bu arada isə məlumat verilib ki, ABŞ-ın Donald Tramp administrasiyasında sabiq vitse-prezidenti Mayk Pens Respublikaçılar Partiyasından 2024-cü ilin seçkilərində prezidentliyə namizədliyindən imtina edib.

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - VI hissə

    Bu da bolşeviklərin iş üsullarından biriydi. 1929-cu ilin iyulunda Gəncə ÇEKA-sının Orucov bizimlə görüşdü. Bu görüşü onların Zaqataladakı adamlarından Üzeyir təşkil etmişdi. Üzeyir Zaqatalalı Musa bəyin oğluydu. Stalinin Azərbaycanda sağ əli olan Bağırovun da müaviniydi. Görüşdən sonra onlar Bakıya getdilər. Bir müddət sonra isə Bağırovun yerinə təyinin olunan Abdullayevlə yenidən qayıtdılar. Üzeyir bizimlə görüşdü və Abdullayevin də belə bir təklifdə bulunduğunu anlatdı. Biz isə şəhərə gələ bilməyəcəyimizi bildirdik. Üzeyir narazı qalıb dedi :     -İnanmıram ki, elə böyük bir vəzifənin sahibi sizinlə görüşmək üçün ormanlara gəlsin. Belə olduqda mən dedim :     -Onda siz şəhərin kənarında meşənin girəcəyinə gəlin. Bizim qarovulçumuz işarə etdiyi yerdə avtomobilinizi saxlayın.     Belə də oldu. Ertəsi gün təyin etdiyimiz yerdə onlarla görüşümüz oldu. Bir saat yarım söhbət etdik. Abdullayev bizə məlum olan təranələri oxudu – “Siz Denikindən, Kolçakdanmı güclüsünüz ? Şura höküməti onlar kimi sizi də yox edəcək. Mən isə sizi bağışlayıram.”     Mən isə cavabımda –“ Siz yalançısınız. Sizin vədlərinizə inanan deyilik. Siz özünüzü də zavallı bir qulsunuz”- dedim.     Doqquz il idi ki, rahatlıq üzü görmürdük. Mən bunları deyərkən Abdullayev diqqətlə dinləyirdi. Tez-tez rəng verib rəng alırdı. Sözlərimi bitirdim. O mənə astaca:    -Qasım, yumşaq yataqda yatma, təslim olma – deyərək çıxıb getdi.    Bunu söyləyən Azərbaycanın Stalini idi. Yəqin ki, o da bu qızıl imperialistlərin kim olduğunu anlamışdı. Kommunist olduğuna görə əlindən heç nə gəlmirdi. Yenə də mübarizə aparan biz idik.    Bütün Qafqaz qayanyırdı. Dağlar, ormanlar bolşeviklərlə mübarizə aparan qaçaqlarla dolu idi. Hər tərəfdən basqınlar davam edirdi. Heç bir dövlətdən yardım almayan qaçaqlar mübarizədən geri çəkilmirdilər.    Bütün yollar nəzarət altına alındığından, gediş-gəliş buraxılış vərəqəsilə həyata keçirildiyindən bu dəfə Samuxa güclə gəldik. Bu yolculuq çətin olmuşdu. Belə bir plan cızdıq ki, bir maşın tutub yola çıxaq. Şəki istiqamətindən bir yük maşının gəldiyini gördük. Onu saxladıq. Sürücü rus idi. Adı da Mişka. Ayı adı. O, bizi maşına mindirmək istəmirdi. Bəhanə gətirdi ki, faraları yanmır. Bizdə isə iki gəmiçi fanarı vardı. Onlardan istifadə etsin deyə fanarları ona verdik. Əşyalarımızı, ərzağımızı maşına yüklədik. Qaçaqlar Mişkaya bir şüşə kanyak da içirtdilər. Biz doqquz nəfər idik. Mişka sərxoş olmuşdu, hər dəqiqə məndən haraya gedəcəyimizi soruşurdu. Mən isə “Çobangölü” qəzasına – deyib maşını asta sürməsini tələb edirdim. O isə bizi dövlət adamı zənn edirmiş. Ona görə də maşını sürətlə sürməyə can atırdı. Çoban gölünü keçdik. Qara gölün yanında isə benzinimiz qurtardı. Mən silahdaşlarımdan – Mişkaya göz olmalarını tapşırıb özümü hökümət adamı kimi apararaq benzin satılan yerə getdim. Mənə bir söz demədən iki qab benzin verdilər. Benzini maşının yanına gətirdim və baka tökdüm. Sonra yolumuza davam edib, sabaha yaxın Şəkiyə çatdıq. Şəhərə iki yol gedirdi. Biri şəhərin içindən, digəri isə kənarından keçirdi. Biz kənardan keçən yola girdik bir az getmişdik ki, yenindən benzinimiz qurtardı. İki nəfər götürüb yenidən benzin satılan yerə getdim. Həmin yer işlək yol olduğundan maşınlar gəlib keçirdi. Bir sürücünü saxlayıb benzini olub-olmamasını soruşdum. O, mənə acıqlı halda: - xeyr - dedi.     Ona inanmadım. Maşından yerə salıb açarlarını aldım. İçindəki müştərilərdən pullarının olub-olmamasını soruşdum. İçərilərindəki bir nəfər bizə şübhəylə baxırdı. Mən:     -Qardaşlar bizim sürücümüzü Moskvaya qaçırıblar. Bizə benzin lazımdır - dedim.     Sonra maşındakı əşyaları gözləmək üçün iki nəfər saxlayıb yeni sürücü tapdıq. Mən sürücünün yanında əyləşdim.     Mişka qaçmışdı, onun yerimizi xəbər vermək ehtimalı vardı. Biz isə Səfərabad qəsəbəsinin içindən keçməli idik. Bu da çox təhlükəli idi. Lakin məcbur idik. Elə buna görə də qaçaqlara :     Mən silah çıxarmayınca heç kəs silaha əl vurmasın deyə, əmr verdim. İmkan daxilində səssiz-sədasız keçməyimiz daha münasib idi.     Qəsəbənin içində iki kişi maşınımızı saxlatdırdı. Səbəbini soruşduqda bir şey olmadığını söylədi. Anladığıma görə Ərəşli Qaçaq Aslanın və dəstəsini təqib edən 500 nəfərlik milis dəstəsi onların izinə düşə bilmədiklərinə görə Musa bəyin oğlu Üzeyirə - Şuayib və Qasımı tapacağıq deyə xəbər göndərirlər. Üzeyir isə bizi qorumaq məqsədilə - əgər hamısını öldürə biləcəksinizsə hücum edin. Yox əgər bir ikisini vurub geri çəkiləcəksinizsə toxunub onları acıqlandırmayın – deyə əmr edir. Bu tapşırıqlardan sonra milis dəstələrinin rəisi qorxub geri çəkilir.     Milis qüvvələri çəkilib getdi. Mən qəsəbənin ağsaqallarından hansı yolun təhlükəsiz olduğunu soruşdum. Kəndin dövlət nümayəndəsindən : - Hansı yolun palçıqlı, hansının quru olduğunu soruşduqda,o dedi :     -Yollar hamısı palçıqlıydı. Lakin gün çıxıb qurutdu – deyə qarşımızdakı milis dəstələrinin çıxıb getdiyini işarə verdi. Bizdə qorxusuz vətənimizə döndük.     1929-cu ildə Azərbaycanda hərbi kommunizm zorla qəbul edilməsinə başlandı. Kütləvi sürətdə xalqımızın məhv edilməsi də o ilə təsadüf edir. Torpağın üzərində yaşamağımıza imkan yox idi. Hər kəs yetərincə azuqəsini götürüb yeraltı qazmalara çəkilir, əl çatmaq yerlərdə yaşamağa məcbur olurdu. Bu qanlı rejimin qorxusundan bizim əleyhimizə çıxanlarda artırdı. Bütün çətinliklərə baxmayaraq on il idi ki, bu qurluşa qarşı mübarizəmiz davam edirdi. Ona görə də bu qanlı ili, yarı qazma halında soyuq, yeraltı daxmalarda keçirməyə qərara aldıq. Bu normal insan yaşayışından fərqli dözülməz bir vəziyyət idi. Lakin çarəmiz yox idi. Kommunist rejimi özünə məxus qəddarlığı ilə insan haqqlarının qorunmasına tamam biganəydi. Yeni quracaqları dövlətin divarlarını bizim kimi minlərlə insanların qanı ilə hörmək əvvəlcədən planlaşdırılmışdı. Minlərlə insanın qohum-əqrabaları, uşaqları, qadınları, onların taleyi isə heç bir bolşevikin vecinə deyildi.     İlk bahar aylarında biz də dünya işığına qovuşduq. Ağaclar yarpaq açmış, aləm cənnətə dönmüşdü, silahdaşımız Fidail növbədəydi. Birdən qulağıma səs gəldi və mən o tərəfə qaçmağa başladım. Fidailin qarşısında bir rus dururdu əlində ov tüfəngi, qarşısında da çanta vardı. Mən onun çantasını, tüfəngini aldım və ona – bizlər rus rejiminə qarşı döyüşən qaçaqlarıq – dedim. Bu adam elə bil, sözlərimi anlamırdı. Dərdli bir çöhrəsi vardı. Mən bunu sizdən soruşmağa gəlmişəm – o bu sözləri çox səmimi söylədi. Özünün isə keçmiş çar zabiti olduğunu anlatdı. Məqsədi bizimlə görüşmək imiş. Onu yaşadığımız yerə gətirdim, dərdli-dərdli başına gələnləri danışmağa başladı. Dedi ki, köhnə çar zabiti olduğuna görə axtarışdaydım. Ona görə də ailəmlə birlikdə gizlicə Bakıya gəlməyi qərara aldım. Yanımda bir dostum da vardı. Məni tanımadılar. Onu isə tanıdıqlarına görə qandallayıb apardılar. Ayaqlarına dəmir bağlayıb dənizə atdılar. Bu faciə qarşısında zavallı həyat yoldaşı çaş-baş qalmışdı. Həmin qadın bir dalğıc tapıb pul verdi və ərinin cəsədini dənizdən çıxarmasını xahiş etdi.     Dalğıc orta yaşlı qara saçlı qüvvətli bir dənizçiydi. O, dənizə baş vurdu. Aradan bir müddət keçdikdən sonra suyun üzünə çıxdı. Heç kim onu tanımadı. Saçları bir saat ərzində qar kimi ağ-appaq olmuşdu. Qadın ona doğru qaçdı. Dalğıc səksəkəli halda dənizin dibində yüzlərlə cəsəd var, onları görüb qorxdum. Sənin ərinin isə kim olduğunu tanıya bilmədim. Ordakılar hamısı vəhşiliklə öldürülmüşdür. Sonra sözünə davam etdi – Məni dəstənizə qəbul edin, qəhramanlıqlarınıza sevinirəm və sizə inanıram. Qarşınıza çıxan bolşevikləri gəbərdin. Mən də əlimdən gələn maddi-mənəvi köməkliyi sizdən əsirgəməyəcəm. – O, bu hadisələri ağlaya-ağlaya danışırdı. Sonra bizimlə vidalaşıb getdi.     Bu adam rus da olsa sözlərində səmimiyyət vardı. Lakin xalqımızın atalar sözündə deyilir – “itlə dost olsan da dəyənəyi yerə qoyma”     Yenə o ərazidə su işləri ilə məşğul olan İvan adlı bir rusla tanış olmuşduq. Bu adam bizə su gətirirdi. Arabir önəmli məlumatlarda verirdi. Bir gün İvan belə bir məlumat verdi. Çar ordusunun keçmiş bir zabiti bizə beş yüz mauzer fişəngi, bir neçə tüfəng vermək istəyir. Çayın kənarında yerini də nişan verdi. Mən həmin yerə silahdaşlarımızdan üç nəfər göndərdim. Onlar da təhlükəsiz şəraitdə bu silahları və sürsatı götürüb gəldilər. Ondan şübhələnən bolşeviklər həmin yerdən İvanı yox etdilər.     Vaxt, zaman keçdikcə bizə məxsus olan ərazilər daralırdı. Kiçik qardaşım Əsədə toy etmək üçün Samuxa gəlmişdik. Toya hazırlıq görülürdü. Bizim evimiz kənddən bir az aralı idi. Evimizlə kəndin arasında bir məscid tikdirmişdim. Bolşeviklər gecə ikən gizlicə məscidin damına pulemyot çıxarmış və bizim evi hədəfə almışlar. Bizsə xəbərsiz idik. Düşmən ayıq imiş. Göyçay, Qarabağ, Şəki, Ağdaş və Zaqatalanın dövlət adamları Gəncə, Şamxor, Gədəbəy, Qazax bolşevik qüvvələri həmin gün Ramazan oğlu Rüstəmin üstünə hücum etmək üçün hazırlıq vəziyyətinə gətirilibmiş. Bunlardan xəbərsiz olan qardaşım Şirin xalam gilə gedərkən tutulmuş, bundan xəbərimiz olmamışdı. Sabah namazından əvvəl tövləyə gedib atları yoxladım. Geri qayıtdım. Şübhəli bir fakt gözə dəymirdi.     Gün çıxar-çıxmaz güllə səsi eşitdik. Bu güllə məsciddən bir silahdaşımıza atılmışdı. Silah səsləri çoxalanda məsələ aydınlaşdı. Məsciddən evimiz güclü atəşə tutulurdu. Hər tərəfdən milis nəfərləri evimizi mühasirəyə almaq üçün sürünə-sürünə bizə tərəf irəliləyirdilər. Birdən milislər “Ura” deyərək hücuma kecdilər. Biz evin içində 7 nəfər idik. Onlar isə çox idi. Lakin onlara göz açmağa imkan vermədik və Göyçay icra komitəsinin rəhbəri Məhəmməd bəyi əsgərləri ilə birlikdə öldürə bildik.Ayağa durmaq istəyən yerə sərilirdi. Bizdən isə yalnız bir nəfər yaralanmışdı. Bizə ardıcıl olaraq “təslim olun” deyə qışqırırdılar. Lakin müsəlman olduğumuza görə məscidə atəş açmırdıq. Məhəmməd öldürüldükdən sonra bir az atəş zəiflədi.     Toy üçün heyvanlar gətirməyə gedənlərin də bu vuruşmadan heç bir xəbərləri yox idi. Onlar heyvanlarla kəndə girəndə atəş səslərini eşidirlər və elə başa düşürlər ki, atəş səsləri toy şənliklərindən gəlir. Fəqət yaxınlaşdıqda hər şey aydın olur. Onlar heyvanları buraxıb kommunistlərin arxasında mövqe tutub atəş açırlar. Beləcə iki atəş arasında qalan bolşeviklər qaçmağa üz tutdu.     Axşama yaxın toy yeri cəhənnəmə dönmüşdü. Uşaqları və qadınlarımızı götürüb kəndimizdən uzaqlaşdıq. Xalam oğlu Hüseyni vurmuşdular, onun atası bir-iki il əvvəl bolşeviklər tərəfindən edam edilmişdi. Bolşeviklərə qarşı kini olmayan yox idi. Partiyaya daxil olanlar da bizə kömək etməyə can atırdılar.     Ortalıq sakitləşəndə düşmən tərəfdən ölənlərin saçlarından tutub bir yerə topladıq. 37 cəsəd vardı. Yaralılar arasında “barmaqsız Nadir”də gözümə dəydi. Mən ondan nə üçün bunlara qoşulduğunu xəbər aldıqda dedi :     -Biz buraya xəbərsiz gətirdilər. Bizi tamamilə başqa bir məqsədlə toplamışdılar. Mən silahdaşlarımızdan İskəndəri axtarırdım. Bir də nə görsəm yaxşıdı. Bu ağır mübarizədə o qədər yorulub ki, başını bir cəsədin kürəkləri üstünə uzadıb mışıl-mışıl yatmaqdadı. Ertəsi gün leşləri arabalara yüklədib vilayət mərkəzinə göndərdim.    Qanlı bolşeviklərə qan udduran Ramazan oğlu Rüstəmin üzərinə gedən qüvvələr onu tapmadıqdan sonra bizi təqib etmək üçün qərar çıxararaq Samuxa doğru irəlilədikləri barədə məlumat aldım. Lakin onlar bizim yanımızdan qaçan milislərlə qarşılaşdıqdan sonra Samuxa gəlməyə qorxaraq geri döndülər, arabalardan aparılan cəsədləri gördükdən sonra isə mütəəsir olaraq yeni planlar cızmaq üçün arxaya çəkilirlər.    Vurulan xalam oğlu Hüseynin dəfnilə məşğul idik. Birdən kənd icra nümayəndəsinin bizə doğru qaçdığını gördük. Çox həyacanlı şəkildə mühasirəyə alındığımızı bəyan etdilər. Hazırlaşmağa da vaxtımız qalmamışdı. Bir azdan güllələr dolu kimi başımız üzərinə yağmağa başladı. Təkrar olaraq yeni vuruşmaya girişdik. Mən qaçaraq evə girdim, beş yüz metr aralıda isə dəyirman vardı. Milislərdən birinin atını dörd nala çapıb dəyirmanı tutmağa getdiyini gördüm. Atdığım birinci güllə boşa getdi. İkinci güllədən sonra milisin atı ilə bərabər aşdığını hiss etdim. Basqı getdicə qızışırdı. Axşam düşsə də atışma kəsilmirdi. Biz onları bir az üstələnmişdik. Ancaq onların qüvvələri çoxalırdı. Yeganə çarəmiz – sürünüb aradan çıxmaq idi. Süründüyüm zaman bir böyürtkənli çalaya düşmüşdüm. Mən çaladan çıxmaq istəyəndə qaçaqlar bağırdılar :     -Başını əy səni vuracaqlar.     Bizimlə vuruşan milislərin içərisində Birinci Dünya müharibəsində bir yerdə döyüşdüyüm İdris də vardı. Onunla dost idik. Onlar məni görmüşdülər. Bu zaman məni nişan alan milisə İdris qışqırır:     -Ona atəş açsan mən də səni öldürəcəm o, kommunist olsada ləyaqətini saxlamışdı. Axşam qaranlığından istifadə edib oradan da uzaqlaşa bildik. Bizdən sonra həmin yeri darmadağın etmişdilər. Evimin qarşısında yaxşı bağ salmışdım. Əllərindəki qılıncla həmin ağacları doğramışdılar. Kəndimizdəki 18 ev tarmar edilmişdi.     Ağabəyim Şirini tutub evimizə gətirirlər, onun öldürülməsi məsələsi ortaya atılanda bu iş Gəncə vilayəti İcra Komitəsinin rəisi Əli Məmmədova həvalə olunur. Kommunist olmasına baxmayaraq xalqımızın adət-ənənələrinə sadiq qalan Məmmədov :     -Mən bu evdə çörək yemişəm. O, çörəyi itirə bilmərəm. Amma bu evi öz əlimlə dağıdaram – deyir.    Şirini edam edib, evimizi yandırırlar. Onun cəsədi buradan aparılmasın deyə həmin yerə qaravolçular təyin edilir. Onlar bu üsullarla bizi təslim etmək niyyətindəydilər.     Biz yenə dağda-daşda,ormanlarda dolaşırdıq. Aradan bir müddət keçmişdi. Gəncə şəhərinin İmamlı məhəlləsindən Səid Əli adında bir köhnə dostumu hökümət tərəfindən Tomuluya göndərirlər. Orada Şirinin oğlunu görür deyir ki, atasının cənazəsini çıxarıb dəfn etmək üçün ərizə ilə müraciət etsin. Beləliklə, Şirinin meyidini çıxarıb dəfn edirlər.     Artıq ilk bahar gəlmişdi. Samuxun Yelləngüc kəndinin yanında sıx bir orman vardı. Kür çayı bu ormanın yanından axırdı. Biz də ordaydıq. Bir gün qarovulçu xəbər verdi ki, bizi yenidən mühasirəyə alıblar. Qamçını qaçaqlara verib onun nişan verdiyi yerə gəldim. Öz qəddarlığı və namərdliyilə tanınan qəddar çekist gəmiçi Kərimlə üz-üzə gəldik. Onlar bizi axtarırdılar. O, silaha əl atınca mən onun ağzından gülləylə vurdum, yanındakı iki köməkçisini də öldürdüm. Aradan yarım saat keçməmiş kənddəki rus əsgərləri bizi mühasirəyə saldı. Biz keçidi tutub, hücum edənləri öldürdük. Camal yaralanmışdı. Axşamadək atışıb qaranlıqda aradan çıxa bildik.     O ilin baharıydı. Yelləngüc kəndinin dəyirmanı yaxınlığında dolaşdıq. Ağcaqanadlar qara bulud kimi başımızın üzərində qaynaşır, bolşeviklər kimi onlar da bizə aman vermirdilər. Qarasaqqaldan Beçə oğlu Məcidin oğlu Hilal ilə çoban Yusifin oğlu Cəlil barama qurdu yetişdirmək üçün xalqa əvvəlcədən pul vermək üçün əraziyə gəlmişdilər. Hər ikisi də kommunist olmuşdu. Onları tanıyırdım. Yanıma çağırtdırdım. Gəldilər. Haraya getdiklərini soruşanda barama yetişdirmək üçün xalqa avans pul verdiklərini anlatdılar. Onlardan nə qədər pulları olduğunu soruşduqda 6 min – deyə cavab verdilər. Bizim pulumuz qurtarmışdı. Mən dedim – Hökümətin pulu bizə halaldır. Pulları verin. Pulları əllərindən aldım. Zavallı insanlar olduğuna görə onlara toxunmadım.     Fəqət kommunist olduqları üçün onları da sonradan öldürəcəkdim. Mən – dəlləyiniz yoxdumu, nə üçün saçlarınız belə uzundur, siz qadınsınızmı – deyə soruşdum. Yanımdakı silahdaşımdan ülgücünün olub-olmamasını xəbər aldım – var, deyə cavab verdi. Ondan bunların başlarını qırx. Bəhanə edən silahdaşım – axı, ülgüc kordu. Onda gərək dərili zadlı başlarını soyum, - deyə cavab verdi.     -Bir azdan hər ikisini daz başla yanıma gətirdi. Onların hər ikisini ağaca bağladım. Ağcaqanadlar sürütək onlara hücum çəkdi. Mən qoy ağcaqanadlar onlardakı rus qanını sorsunlar – dedim. Bunu dedikdə ikisidə yalvarmağa başladı. – Qasım ağa amanın bir günüdü, bizi öldürmə. Mən dedim :     -Axı, siz kommunistlərin qanunlarında mərhəmət yoxdu.     Onlar yenə yalvarır bildirdilər ki, bizi buraxsanız bu dediklərinizi rəislərimizə çadırarıq.     Axşam üstü onları sərbəst buraxdım. Hər ikisi arxaya baxmadan şəhərə doğru qaçdılar. Onlar şəhərə çatıb tanınmış bir qəzet redaktorunun yanına getdilər. Bildirdilər ki, “Dəyirman göl yanında Qasımın bir dəlləyi var adamın birini üç minə taraş edir. İcra Komitəsi rəisi istəyirsə buyursun” Bu yazı qəzetdə çıxır. Onlar başlarına gələni də danışırlar.  Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Mahaçqalada vəziyyət necədir... - İsrail hərəkətə keçib

Xəbər verdiyimiz kimi, Dağıstanın Mahaçqala şəhərində yerləşən hava limanında izdiham yaşanıb. İsraildən gələn təyyarə Mahaçqalaya enməmişdən əvvəl bir neçə min insan hava limanına soxulub. Aksiya iştirakçıları İsraildən gələnlərə etiraz ediblər və Fələstin xalqına dəstək olaraq ifadə ediblər. Etirazçılar "Allahu Əkbər" deyə qışqırıblar. Sozcu.az xəbər verir ki, etirazçılar hava limanından çıxarılıb. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Mahaçqala hava limanı icazəsiz girən şəxslərdən "təmizlənib". Etirazçılara görə təyyarələrin qəbulu noyabrın 6-dək dayandırılıb. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi və İsrail Xarici İşlər Nazirliyi isə birgə bəyanat yayıb. Bəyanatda deyilir ki, İsrail Dağıstanda baş verənləri izləyir və Rusiya hüquq-mühafizə orqanlarından yəhudiləri müdafiə etməyi gözləyir. “İsrail Rusiyanın hüquq-mühafizə orqanlarından harada olurlarsa olsunlar, bütün İsrail vətəndaşlarının və yəhudilərin təhlükəsizliyini qorumasını gözləyir. Onlar iğtişaşçılara və yəhudilərə və israillilərə qarşı yönəlmiş vəhşi təhriklərə qarşı qətiyyətlə hərəkət etməlidirlər”, - bəyanatda deyilir. Açıqlamada, həmçinin qeyd olunub ki, İsrailin Moskvadakı səfiri Aleks Ben-Zvi israillilərin təhlükəsizliyini təmin etmək üçün Rusiya hakimiyyət orqanları ilə işləyir.

ABŞ amfibiya hücum gəmisi Aralıq dənizə doğru hərəkət edir - Təcili

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Bataan" amfibiya hücum gəmisi Aralıq dənizinin şərqinə doğru hərəkət edir. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Gəmi hazırda Qırmızı dənizin sularındadır və onun tezliklə Süveyş kanalından keçərək Aralıq dənizinə çıxacağı gözlənilir. Dəniz piyadalarının yerləşdirilməsi qərarı Pentaqonun Fələstin-İsrail münaqişəsinin şiddətlənəcəyindən və bütün regionu bürüyəcəyindən ehtiyat etdiyi üçün verilib. Bölmə genişmiqyaslı təxliyə və humanitar yardım göstərmək məqsədilə 2 mindən çox dəniz piyadasından ibarətdir.