İsraildə fövqəladə vəziyyət elan edildi

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə fövqəladə vəziyyət elan edib. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti məlumat yayıb . Nazir, həmçinin hüquq-mühafizə orqanlarına könüllülərin cəlb edilməsi ilə bağlı göstəriş verib. Onun sözlərinə görə, ordu tam döyüş hazırlığındadır. Ben-Qvir əlavə edib ki, Qəzza zolağından hücumlar başlayandan bəri ən azı 22 nəfər ölüb, 500-dən çox insan yaralanıb və daha bir neçə mülki şəxs əsir götürülüb.

"HƏMAS" İsrailin daha bir hərbi bazasını ƏLƏ KEÇİRDİ

İsrailə məxsus məşhur "Merkava 4" tankları da daxil olmaqla bütöv bir hərbi baza HƏMAS-ın əlinə keçib. Sozcu.az bu barədə "Əl-Cəzirə" kanalına istinadən xəbər verir. Məlumata görə, "HƏMAS" silahlılarının uzun sürən döyüşlərdən sonra İsrailə aid hərbi bazanı ələ keçirdiyi bildirilir. Bazada bir çox müasir silahlarla yanaşı, çoxlu sayda "Merkava 4" tankları mövcuddur.

"HƏMAS"ın hərbi bazası VURULDU

İsrail Hərbi Hava Qüvvələri "HƏMAS" silahlılarının Qəzza zolağında yerləşən qərargahına və hərbi infrastrukturuna zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb. 

HƏMAS silahlıları israilli generalı əsir götürdü - Foto

İsrailin Qəzza zolağındakı diviziyasının keçmiş komandanı briqada generalı Nimrod Aluni HƏMAS silahlıları tərəfindən əsir götürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İranın “Hamshahri” saytı məlumat yayıb. Bildirilib ki, o, 2022-ci ilin avqustunadək İsrail ordusunun Qəzza zolağında komandan olub. Məlumata görə, HƏMAS silahlıları onu yaşadığı evin yanında tutublar. Qeyd edək ki, generalın evi Fələstinlə sərhəddə yerləşir. Briqada generalının sərbəst buraxılması istiqamətində HƏMAS-la İsrail nümayəndələri arasında danışıqlar gedir. Qeyd edək ki, bu gün səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Ardınca isə HƏMAS silahlıları İsrail ərazisinə girib. İsraildə fövqəladə vəziyyət elan edilib.

Zelenskinin Qarabağ barədə açıqlamasından sonra Fransada Ukrayna bayrağı endirildi

Fransanın cənub-şərqində yerləşən Vyana şəhərinin (İzer departamenti) hakimiyyəti meriya binasının fasadından Ukrayna bayrağının götürülməsinə qərar verib. Buna səbəb Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığından sonra Ermənistan və Qarabağla bağlı söylədiyi sözlər olub. Meriyadan bildirilib ki, bayrağın götürülməsi barədə qərar məlum telefon danışığından sonra Zelenskinin verdiyi bəyanatlarla əlaqədar qəbul edilib. Ukrayna prezidentinin İlham Əliyevlə söhbətində dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyi ilə bağlı son bəyanatları buna səbəbiyyət verib.  Xatırladaq ki, Zelenski öz “Telegram” kanalında oktyabrın 4-də İlham Əliyevlə regional təhlükəsizlik, mövcud çağırışlar və qarşılıqlı fəaliyyət formatlarını müzakirə etdiyini bildirib. “Biz dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyimizi təsdiqlədik”, - deyə Volodimir Zelenski qeyd edib. Məlumata görə, Ukrayna bayrağı 2022-ci ilin fevralında Vyana meriyası binasının fasadında asılmışdı. Mənbə: “Le Dauphine Libere”

İsraildə hərbi vəziyyət elan edildi: küçə döyüşləri gedir

İsrailin mərkəzinin Qəzza zolağından raket atəşinə tutulması ilə əlaqədar ölkə üzrə hərbi vəziyyət elan edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar ölkədə oktyabrın 7-nə nəzərdə tutulan bütün etiraz nümayişləri təxirə salınıb. Qeyri-rəsmi məlumatlara əsasən, naməlum silahlılar ölkə ərazisinə daxil olublar. Bəzi şəhərlərdə küçə döyüşlərinin getdiyi də vurğulanıb. Hakimiyyət əhalini sığınacaqdan və təhlükəsiz yerlərdən çıxmamağa çağırır. Qəzza zolağına nəzarət edən HƏMAS İsrailə qarşı “Əl-Əksa tufanı” adlı əməliyyata başladığını bildirib. 20 dəqiqə ərzində İsrailə 5000 raketin buraxıldığı vurğulanıb. İsrail ordusunun əsgərlərindən əsir götürüldüyünə dair xəbərlər də yayılıb. HƏMAS “böyük inqilab"ın başladığını bildirərək İsraildə və onun ətrafında yaşayan ərəbləri birləşməyə çağırıb. İranın dəstəklədiyi “İslami cihad” silahlı təşkilatının rəhbərliyi “Əl-Əksa” əməliyyatına qoşulduğunu açıqlayıb. “Əl-Cəzirə”nın məlumatına əsasən, İsrail ordusu Qəzzadakı “Ərəz” nəzarət buraxılış məntəqəsinə nəzarəti itirib. Qeyd edək ki, hərbi əməliyyat ərəb-İsrail müharibəsinin başlamasının 50-ci ildönümünə təsadüf edir.

“Şuşanın bu tarixi kəndinin qəbiristanlığını şumlayıb yerində taxıl əkiblər...”

"Bizim ata evimiz Malıbəylinin mərkəzindəki məscidin, təxminən, 20 metrliyində idi... Möhkəm, qala kimi ev idi. Divarının qalınlığı 80 sm idi. 8 otaqlı idi... İzi-tozu da qalmayıb...” Azərbaycan ordusunun Qarabağdakı son əməliyyatı zamanı Şuşa rayonunun dogma Malıbəyli kəndini bələdçi və döyüşçü kimi ziyarət edə bilmiş tanınmış Qarabağ qazisi, ehtiyatda olan kəşfiyyatçı zabit Azay Kərimov Moderator.az əməkdaşı ilə bu dəfəki söhbətində düşmənlərimizin Şuşanın bu qədim kəndində törətdiyi vandallıqlardan bəhs edib. - Azay bəy, yəqin ki, Malıbəyli qəbiristanlığını darmadağın ediblər? Bəs salamat ev qalıbmı? - Malıbəylinin, Şuşanın bu tarixi kəndinin qəbiristanlığını şumlayıb yerində taxıl əkiblər. Bir qəbir də qalmayıb... Düşmən Xankəndi yaxınlığında yerləşən kəndimizi də, demək olar ki, şumlayıb. Dəhşətli bir mənzərədir...  Amma evləri, məktəbi, klubu və s.  dövlətimizin sayəsində bərpa edəcəyik, inşallah... Məni bir Malıbəyli sakini, bir Azərbaycan vətəndaşı kimi mənəvi baxımdan ən çox yandıran  kəndimizdəki qədim məscidlərin ermənilər tərəfindən üçünün də yerlə-yeksan edilməsidir. Onlar XVI-XVII əsrlərə aid tarixi abidələr idi. Bu məscidlərin üçünü də Şuşadakı məşhur məscidləri tikən eyni memar tikmişdi. Onların arxitektor quruluşu, tikiliş üslubu ilə Şuşadakı ibadətgahlarımızla eyni idi. Həmin məscidlərdən ikisinin, ümumiyyətlə bünövrələri də yox edilib. Gözümlə gördüm... Birinin isə yalnız uçuq divarları qalıb. Bunları yaşayış evlərinin xarabalıqlarıyla yanaşı, təcili lentə alıb bütün dünyaya nümayiş etdirmək gərəkdir ki, baxın, əsil etnik təmizləmə, soyqırımı belə olur. Bu günlərdə Qarabağdan könüllü olaraq Ermənistana gedən ermənilərin birinin burnu qanayıbmı, birinin evi, mənzili yandırılıb, buldozerin qabağına verilib uçurulub-dağıdılıbmı? Xeyir. Amma bizi həm avtomat, tank qabağına qatıb çıxardılar, amansızlıqla qətlə yetirdilər, əsir götürdülər, işgəncə verdilər, həm də yurd-yuvalarımızı, məscidlərimizi yerlə yeksan etdilər ki, nə vaxtsa Qarabağ torpağında yaşadığımız bilinməsin. Əsil etnik təmizləmə, soyqırımı, bax, budur. Qoy, bilsin və görsün, bütün beynəlxalq təşkilatlar, bütün bəşəriyyət... -Öz ata evinizin yerini tapa bildinizmi, heç olmasa? - Bizim ata evimiz Malıbəylinin mərkəzindəki məscidin, təxminən, 20 metrliyində idi... Möhkəm, qala kimi ev idi. Divarının qalınlığı 80 sm idi. 8 otaqlı idi... İzi-tozu da qalmayıb. Bünövrəsini də söküb-aparıblar... - 2020-ci ilin 44 günlük savaşı bitdikdən bir neçə ay sonra, məlumat yayıldı ki, hazırda artıq Bakıda DTX türməsində yatan separatçıbaşı Araik Arutyunyan Malıbəyli ərazisində Şuşa və Hadrutdan köçmüş hayları köçürmək üçün binalar tikdirir. Doğrudan da orada yeni binalar tikilibmi? - Xankəndi ilə Malıbəylinin arasından Qarqar çayı keçirdi. Ermənilər yeni binaları kəndimizin ərazisində, amma təxminən 1 km aralıda Qarqarın sahilində Xankəndiyə çox yaxın yerdə tikiblər... Özü də əsasən 1988-1989-cu illərdə Bərdədəki tikinti idarələrindən birinin Qərbi Azərbaycandan zorla köçürülmüş soydaşlarımız üçün tikdiyi binaları bərpa ediblər. Özləri az sayda yeni bina tikib...

“Atamla aramda pərdə var idi; onu ilk dəfə şəhid olarkən qucaqladım, gözümün qabağında vurdular..."

Moderator.az-ın “Vətən daşı” rubrikasında bu dəfə şəhid Müşviq Abbasovun onunla birlikdə müharibədə könüllü iştirak edən oğlu Şamil Abbasovla həmsöhbət olmuşuq. Müşviq Abbasov 16 aprel 1970-ci ildə Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olmuşdur. Birinci Qarabağ müharibəsi başlayan illərdə könüllü döyüşlərə qatılıb. Hərbi əməliyyatlarda yaxından iştirak edən Müşviq Ağdam şəhərinin kəşfiyyat komandiri təyin edilmişdir. 2-ci Qarabağ müharibəsinə iki oğlu və qardaşı ilə birgə könüllü olaraq yollanır. 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.  “Atamın şəhid olduğu gündən 3 il keçdi. Onsuz həyatımızda mənfiliyə doğru dəyişiklik çoxdur. Həyatla mübarizə aparmaq belə çətinləşib. Birdən-birə bütün məsuliyyət biz övladlarının üstünə düşdü. Atam bizə ancaq döyüşdən, düz olmaqdan, düz yaşamaqdan, haqq-ədalətdən danışırdı. Ondan geriyə qalan tək fotolar və xatirələrdir. Heç düşünməzdik ki, atamı yalnız şəkillərdən xatırlayacağıq” Bunu Moderator.az-a İkinci Qarabağ müharibəsinin şəhidi Müşviq Abbasovun oğlu Şamil Abbasov deyib. Şəhidin övladı bildirib ki, atası onlarda vətənpərvərlik hissini uşaq yaşlarından aşılayıb. “Atamı mərd, qorxmaz insan kimi tanımışıq. Uşaq yaşlarımızdan bizi çətinliyə öyrəşdirib. Ova gedəndə, dağa-daşa çıxanda mütləq bizi də özü ilə aparardı. Güllə atmağı da bizə o öyrətmişdi. Qanuni ov silahlarımız var idi. Torpaqlarımızın işğaldan azad olunduğu günü böyük səbirsizliklə gözləyirdi. Deyirdiki müharibə başlansa hamıdan birinci biz getməliyik. Atam və qardaşları Birinci Qarabağ müharibəsində də fəal iştirak ediblər. Böyük əmim o illərdəki döyüşlərdə yaralanıb şəhid olmuşdu” deyə şəhidin övladı bildirib. Şəhidin övladı Şamil Abbasov daha sonra müharibəyə yollandığı günü xatırlayıb. “Müharibə başlayar-başlamaz atam, mən, böyük qardaşım İntiqam, əmim Xəqani Abbasov və atamın Birinci Qarabağ müharibəsindəki döyüş yoldaşları ilə birlikdə könüllü cəbhəyə yollandıq. Bizim hamımız bir dəstədə idik. Sonradan böyük qardaşım İntiqam başqa istiqamətə kəşfiyyata getdi. Onu yola salandan sonra yenidən cəbhə bölgəsinə qayıtdıq. Həyəcan, qorxu yox idi. Atam ayrı-seçkilik etmirdi, ən təhlükəli nöqtələrə məni və əmimi göndərirdi. Atam həyatda olduğu kimi döyüşdə də arxa-dayağım idi. Amma döyüşdə aramızda komandir və əsgər münasibəti yaranmışdı” deyə o bildirib. Şamil Abbasov atasının şəhid olduğu günü belə xatırlayır. “Biz həmin gecə bölükdə idik. Səhər başqa istiqamətdən hücuma keçməli idik. Atam sanki özünü şəhidliyə hazırlayırdı. Mənimlə söhbət edirdi, deyirdiki məni vursalar özünü itirmə, səni də vursalar mən özümü itirməyəcəm. Bu sözlər mənə ağır gəlsə də ciddiyə almırdım. Qəfil bölüyə komanda gəldi, postumuza basqın olunmuşdu. Atam 10 nəfərdən ibarət dəstə ayırıb, qrup yaratdı. Biz silahlanıb posta tərəf yollandıq. Çataçatda atışma gücləndi. Bizə təlimat verib səngərə girdi. Biz pusquda idik, gözləyirdik. Mənə son əmri verəndən sonra səngərə girdi. Yanında da qohumumuz, döyüş yoldaşı Elşən adlı şəxs var idi. Atamla əlaqə yaratmaq istəsəm də alınmırdı. Elşən əmi gəlib titrək səslə dedi ki, Müşviqi vurdular. Atamın vurulma xəbərini eşidəndən sonra qışqıraraq səngərə tərəf qaçdım. Elşən əmi qolumdan tutub saxladı. Məni başa saldı ki, artıq atam şəhid olub, səbr etmək lazımdır. Eynən atam da bu sözləri mənə deyirdi. İnanmırdım ki, atam şəhid olmuşdu.. İçimdə bir hiss var idi ki, o hələ də sağdır. Əlindən tutub qaldırmaq istəyəndə barmağı yarı qopmuş halda əlimin üstünə düşdü. Minamyot partlayıb, qəlpələri atamın ürək nahiyəsinə dəymişdi.. Gözlərinə baxanda gördüm ki, şəhid olub... Çox çətin idi mənim üçün. Ona çox güvənirdik, mən də, qardaşlarım da. Atamın cibindən adı, soyadı və atasının adı yazılan qanlı bir kağız çıxdı... Bu kağız parçası ilə başa düşdümki atam hər şeyə hazır imiş. Atam gözümün önündə vuruldu, şəhid oldu, amma dəfn edəndə də baxırdım ki, bəlkə sağdır.. İnanmırdım.. Atamla aramda çox böyük bir pərdə olub. Bu pərdə imkan verməyib ki, onu qucaqlayım. İlk dəfə atamı şəhid olandan sonra qucaqladım” deyə şəhidin övladı Şamil Abbasov deyib.

Ukrayna Rusiyanın 10 minlik ordusunu mühasirəyə alır

Baxmut və Donetsk vilayəti Ukrayna qoşunları tərəfindən mühasirəyə alınacaq. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Pyotr Çernik deyib. Onun sözlərinə görə, Baxmutun Rusiya üçün çox böyük siyasi və ideoloji dəyəri var: "Putin şəxsən Baxmutun ələ keçirildiyini elan etdi və qəhrəmanlarını mükafatlandırdı. Biz tiran üçün şəxsi imicin nə olduğunu başa düşürük. Onlar nə qədər mübarizə apara bilirlərsə, aparacaqlar. Orada kifayət qədər ciddi qruplaşma - 10 mindən çox əsgər var. Bu, demək olar ki, tam mexanikləşdirilmiş bölmədir, belə bir şəhər üçün bu, çox şeydir, lakin əməliyyat mühasirəsi tamamilə mümkündür və baş verməlidir". Onun sözlərinə görə, bir neçə min rus bir anda təslim olsa, bu, Ukrayna üçün unikal təcrübə olar.

Rusiya hava hücumundan müdafiə qüvvələri öz təyyarəsini vurdu

Oktyabrın 6-da, Mariupol yaxınlığında ruslar öz təyyarələrini vurublar. Sozcu.az xəbər verir ki, bu barədə ukraynalı hərbi jurnalist Andrey Tsaplienko məlumat verib. O bildirib ki, təyyarə Rusiya hava hücumundan müdafiə qüvvəlləri tərəfindən vurulub.

Türkiyə Ordusu terrorçuların 15 obyektini vurub

Türkiyə Ordusu Suriyanın şimalında yerli vaxtla saat 22:00-da hava əməliyyatları həyata keçirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirib. Qeyd olunub ki, terrorçulara məxsus qərargah, sığınacaq və anbarlar da daxil olmaqla 15 hədəf məhv edilib.

Azərbaycan xalqının qəhraman oğlu Sərdar Həmidovun adı niyə çəkilmir?

Ağdərə işğaldan azad ediləndə gözləyirdim ki, kimsə onun adını çəkəcək. Yada salacaq. Onun adını silməyə çox cəhd etdilər. Hətta onun yaratdığı Batalyon haqqında film də çəkdilər, amma adını belə çəkməyə qorxdular. Halbuki Ağdərə uğrunda xəyanətkarlar istədiyinə çatana qədər mübarizə aparanlardan biri də o idi. Milli Qəhrəman Vəzir Orucovla Ağdərəni azad edən məhz o idi. Torpağına bağlı, vətəninə bağlı bu adamın adı SƏRDAR HƏMİDOVDUR.. Sərdar Həmidov bu xalqın qəhrəman oğluydu. Müharibənin qaynar vaxtlarında ermənilər Bərdəyə, Tərtərə girməyi, Yevlaxdan çıxıb ölkənin Qərbi ilə əlaqəni kəsməyi planlaşdırmışdılar. Amma bunun qarşısını  Sərdar bəy aldı. O, Birinci Qarabağ müharibəsi illərində Tərtər ərazi özünümüdafiə batalyonunun komandanı olmuşdur. Həmidovun xidmətləri nəticəsində rayonun ərazisi erməni dəstələrindən tam şəkildə müdafiə olunmuşdur. Bundan başqa, o, "Ağdərə" əməliyyatında uğur qazanaraq Ağdərənin bir neçə kəndini, o cümlədən Şıxarxı Tərtərin ərazisinə qatmışdır. O zaman Ağdam işğal olunandan sonra Tərtər rayonunda panika yayıb əhalinin çıxması üçün plan quranların qarşısını məhz Sərdar Həmidov almışdı. O rayonun mərkəzində insanların qarşısında dayandı, dedi ki, kim buradan çıxsa onu şəxsən özüm güllələyəcəm, biz torpağımızı qorumalıyıq. O, bütün imkanlarını səfərbər edərək, şəxsi vəsaitləri hesabına döyüşçüləri silahlandıraraq, ruh yüksəkliyi yaradaraq Tərtəri sonadək qorudu. Qəhrəman şəhər Tərtər ermənilərə xidmət edən güclərin qurbanı olmadı. O zaman Sərdar bəyin yanında olanlar yaxşı bilirlər keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqova dəyən şillələrin səsini, onun tövlədə Sərdara yalvarmasını. Məhz Tərtərin ermənilərə verilməsi üçün rayona gələn Nəcməddinin qarşısında Sərdar bəy durmuş idi.  Sərsəng ətrafında olan döyüşlərdə Sərdar bəyin sayəsində 300-dən çox erməni döyüşçü  bir həmlə ilə məhv oldular. Həmin gün Ermənistanda matəm elan edilmiş idi. 3 gün bu matəm davam etmişdi.  Ağdərədəki qərargahda Sərdar Həmidovun  Surət Hüseynovla davasını da xatırlayan olar. Məhz Surət istəmirdi Ağdərə azad edilsin, ona görə də təyyarələrin qalxmasına əmr vermirdi. Bu zaman Sərdarın Surətin üzərinə gedib onu vurmaq istəməsin də yada salanlar olar. Surət qorxusundan izn verdi və Sərdar bəy özü üç rəngli bayrağı Ağdərədə qaldırmış idi. Ermənilər Sərdar Həmidovun başçılığı altında olan Tərtərin  torpağını belə işğal etməyə nail olmayıb. Tərtərdən bir nəfər belə əsirlikdə qalmayıb. Tərtər rayonu istiqamətində şəhid olmuş bir nəfərin belə cəsədi düşmən əlində qalmayıb. Tərtər rayonu ərazisində şəhid olmuş naməlum şəhidlərimizin belə dəfnini öz hesabına komisiya təşkil edərək həyata keçirən məhz o idi.  1993-cü il yanvar ayının axırlarında Vaqauz Vəng istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və kiçik bir müddət ərzində müalicə alaraq döyüşə qayıdan Sərdar Həmidov əsl qəhrəman idi. "Tərtər” Özünümüdafiə Batalyonu  digər hərbi hissələrin köməkliyi ilə təqribən 6 ay vuruşa-vuruşa gedib Vəngə, Xankəndinin başının üstünə çıxmışdılar.  Yüzlərlə şəhid hesabına Xankəndini ermənilərdən təmizləməyə bircə addım qalmışdı. Cəmi bir addım. Sonra kreslo davası, xəyanət o boyda döyüşün, şəhidlərin bahasına azad edilən torpaqları yenidən ermənilərə verdilər..  AXC hakimiyyəti dövründə icra başçısı işləmiş S.Həmidov 10 ilə yaxın həbsxana cəzası alıb. Halbuki o Milli Qəhrəman adı almalı və böyük diqqət görməli idi. Sərdar Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirmiş idi, bunu belə nəzərə almamış idilər.  Həbsdən azad olandan sonra uzun illər o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi. Nəcməddin Sadıqov o şillələrin, Qarabağın gözəl rayonu Tərtərin  ermənilərə verə bilmədiyi üçün qisasını belə aldı. Tək Nəcməddin deyil, ondan qorxan bəzi müxalif şəxslər, generallar, məmurlar onun həbsdə qalmasına səbəb oldular  .. Əsl döyüşçü, əsl qəhrəman 7 ilini  ağır xəstəlik daşıya daşıya həbsxanada keçirdi.  Sərdar Həmidov 2004-cü ildə Azərbaycan prezidentinin əfv fərmanı ilə azadlığa çıxmışdı.  O vətənə xəyanət edənlərə mübarizə aparırdı, sevdiyi Elçibəyin yanında olub ona xəyanət etmiş insanlara qarşı sərt çıxışlar edirdi. O bilirdi bu gün adını müxalifət qoyanların bəzilərinin əsl siması nə idi. Yazıq deyirdi, dinləyən kim idi ki.. Artıq yaxşı pullar alan həmin bəzi  xain  müxalifətçilər pul hesabına ona medianı yaxın buraxmırdılar..  Deyirdi..güclə nəfəs ala ala deyirdi   Müharibədən, döyüşdən qaçan, ancaq yeyib içib gizlənən müxalifətin bəzi üzvlərini ifşa edirdi.  Dinləmədilər onu 2016-cı ildə son dəfə dedi amma Kəlimeyi Şəhadətin  Qarabağ savaşında cəsarəti və bacarığı ilə ad çıxaran qəhrəmanlardan biri -Sərdar Həmidov fevralın 28-də 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişdi. Tanrının yanına getdi qəhrəman Sərdar Həmidov  Gözlərin yumanda da Vətən dedi  Ruhun şad olsun  Komandir  Daha Qarabağ azaddır Ağdərə azaddır Xankəndi azaddır Tərtər təhlükədə deyil  Zaur Aliyev, dosent

Akif Qurbanov: Sülhməramlıların keyfiyyətcə dəyişən statusu nədir?

Putinin dünənki açıqlamaları ilə bağlı hökumətimizin "yumşaq güc"ü yenə təbliğat başındadır. Agah insanların, onları boş verməsi lazım, yoxsa çörəklərinə yağ sürtmüş olacaqsınız. Çıxışın kontekstini tam anlamaq üçün isə verilən sualı da nəzərə almaq lazımdır. Putinin çıxışının əsas mahiyyəti budur ki, "Qarabağın itirilməsi" Ermənistana görə oldu, biz satmaqda qınamaq yersizdir. Xəbərdarlıqlarımız qulaq ardına vuruldu və nəticədə bu mənzərə qaçılmaz idi. Onsuz da əvvəldə Azərbaycanı biz durdururduq. Artıq durdurmağın yeri qalmadı. Putinin dedikləri əslində mahiyyətcə yeni deyil. Sadəcə 2 yeni detal ifadə etdi ki, birincisilə bağlı uzun müddətdir narahatçılığımı ictimaiyyətlə bölüşürəm, aydınlıq gətirilməsi üçün sual ünvanlayıram: 1. Putin deyir:  "...Görüşlərin birində prezident Əliyev mənim yanıma gəlib dedi: “Görürsünüzmü, hamı tanıdı ki, Qarabağ bizimdir. Sizin sülhməramlılarınız bizim ərazimizdədir”...  Başa düşürsünüzmü, Qarabağın statusunun Azərbaycanın tərkibində müəyyən edilməsindən sonra sülhməramlılarımızın statusu məsələsi də keyfiyyətcə dəyişdi. O (Əliyev – red.) deyir ki, sizin ordunuz bizim ərazidədir, gəlin ikitərəfli əsasda qərar verək. Baş nazir Paşinyan təsdiqlədi ki, bəli, indi "ikitərəfli əsasda danışıqlar aparmaq lazımdır". Keçən dəfə yazdığım kimi, son hadislərlə "3 tərəfli bəyanat" faktiki olaraq qüvvədən düşdü. İndi iki tərəf var.  Aydınlıq gətirilməli sualllar budur: deyildiyi kimi, təklif olunan iki tərəfli əsasda verilən qərar nədən ibarətdir? Sülhməramlıların keyfiyyətcə dəyişən statusu nədir? Narahatçılığımın əsas mahiyyəti də budur ki, hökumətimiz açıq şəkildə heç zaman dilə gətirməsə də hamımız yaxşı bilirik ki, bu münaqişə Putinin dediyi kimi Sumqayıtda başlamayıb. Və əsas səbəbi də sadəcə etnik qarşıdurma kimi qələmə verməklə gerçəklik dəyişmir. Azərbaycanın ərazisinin işğal edilməsi və 26 il işğalda saxlanılması da Ermənistanın gücü hesabına olmayıb. Birbaşa Rusiyanın patronajlığı ilə baş verib. Bu patronajlıqdan imtinanın şəxsi qəzəblə əlaqəsi olsa da, təkcə buna görə baş verməsi Putin və Rusiyanın mahiyyətilə tərs mütənasibdir. Onların təfəkkürü, yaradılan imkanın əvəzinin də verilməsini mütləq tələb edir.  Ona görə də illərin Rusiya təcrübəsi aydın insanları yuxarıdakı sualları ölkə rəhbərliyindən açıq soruşmağa sövq etməlidir. 2. Putin: "Keçmiş rəhbərlərə gəlincə, bilmirəm, təfərrüatlara varmaq istəmirəm, amma başa düşdüyüm qədərilə əslində onları Yerevanda görmək istəmirlər. Amma mənim qənaətim bundan ibarətdir ki, Azərbaycan rəhbərliyi Azərbaycanın ərazi məsələlərinin tamamilə həll olunduğunu nəzərə alaraq humanitar xarakterli addımlar atacaq”. Bu qeydi də xüsusi izləmək lazımdır. Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri 

Bayden İranı Nobel sülh mükafatı almış Cənubi Azərbaycandan olan hüquq müdafiəçisini azad etməyə çağırıb

ABŞ Prezidenti Cozef Bayden İran hakimiyyətini Nobel sülh mükafatına layiq görülmüş, Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədini azad etməyə çağırıb. Prezidentin bununla bağlı bəyanatı Ağ Evin saytında yerləşdirilib. “İran hökumətini onu və gender bərabərliyi uğrunda mübarizə aparan müttəfiqlərini dərhal azad etməyə çağırıram”, - Amerika liderinin yazılı açıqlamasında deyilir. Bayden qeyd edib ki, Birləşmiş Ştatlar insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan İran rəsmilərinin cavabdehlik tələbini davam etdirmək niyyətindədir. Qeyd edək ki, Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb. 2023-cü il üzrə sülh mükafatına 212 fiziki şəxs və 93 təşkilatdan 305 namizəd irəli sürülüb. Əsas namizədlər arasında Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi və Əfqanıstandan olan jurnalist, qadın hüquq müdafiəçisi Məhbubə Serac da vardı. Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib. 2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib. Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının “Cəsarət Mükafatı” verilib. O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb. Bu il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.

Qarabağdakı xuntanın buraxılması Paşinyanın qələbəsidir – ABŞ nəşri

Qondarma “dqr”in buraxılması Ermənistan Baş naziri Nikol Paşinyanın qələbəsi oldu. Sozcu.az xəbər verir ki, bu barədə "Nyusvik" jurnalının məqaləsində bildirilib. Nəşr qeyd edir ki, “dqr hökuməti"nin qurulması otuz il ərzində siyasi problem və regional inteqrasiya üçün maneə olub: “Rusiya ilə Ermənistan arasında uzun müddətdir mövcud olan müttəfiqliyə baxmayaraq, Moskva eyni vaxtda Qarabağdan Ermənistan və Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirdi. İrəvan və ya Bakı Rusiya siyasətindən çox uzaqlaşdıqda, Moskva regiona hərbi dəstəyi artırmaq və ya azaltmaqla hədələyirdi”. Nəşr iddia edib ki, Paşinyan “vəziyyəti dərk edərək”, Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağın Azərbaycan torpağı olmasını tanıyıb. “Nyusvik” bildirib ki, Paşinyan Ermənistanı münaqişədən uzaq tutmağın və ölkənin müstəqilliyinin qorunub saxlanmasının vacibliyini anlayıb: “Uzun sürən münaqişənin sonunda Ermənistanın bütün qonşuları ilə sülh münasibətləri quracağı gözlənilir. Belə sülh İrəvana Bakı və Ankara ilə əməkdaşlığı gücləndirməyə imkan verəcək ki, bu da Ermənistanın Qərbə inteqrasiyasına kömək edə bilər”.

Sülh sazişi ilə bağlı son gəlişmə – İmza mərasimi üçün adı çəkilən üç paytaxt

Ermənistan ilə Azərbaycan arasında Qarabağda dair məsələ tamamilə yekunlaşdı. Bu fakt öz növbəsində iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər. Lakin indiki məqamda əsas sual budur: Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi harada və ya hansı platformada imzalanacaq? Son proseslər bunun anonsu sayıla bilərmi? Yəni Azərbaycan Qərb masasından imtina edə bilərmi? Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, hazırda regionda və dünyada geosiyasi vəziyyət sürətlə dəyişir: “Belə olan təqdirdə Ermənistan ilə Azərbaycan arasında yekun sülhün nə zaman və harada imzalanacağını demək çətindir. Lakin hazırda sülh müqaviləsi ilə bağlı üç platforma diqqət çəkir: 1. Brüssel formatı; 2. Vaşinqton formatı; 3. Moskva formatı; Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərin effektivliyi azdır. Çünki Ermənistan ilə Rusiya arasında gərginlik var və proses hələlik səngimir. Belə olan təqdirdə bu formatda keçirilən görüşlərin nəticəsində sülh müqaviləsinin imzalanması çətin görünür. Brüssel formatı isə daha çox son zamanlar Qərbin sərgilədiyi qərəzli mövqeyə görə bir qədər motivasiyanı aşağı salır. Belə ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi sanksiyaların tətbiq edilməsini özündə ehtiva edən qətnamə bu formata olan inamı da azaltdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Qranadada keçirilən görüşdə iştirak etməyərək Qərbə qarşı etirazını bildirdi. O ki qaldı Vaşinqton formatına, burada əsas məsələ Rusiya-ABŞ münasibətləridir. Moskva Vaşinqtonla rəqabət içərisində olduğu üçün bu formatda əldə edilən qərarların icrasına mane olmaq istəyir. Bu da öz növbəsində formatı qeyri-effektiv edir”.

Tərtər sakini ikinci dəfə minaya düşübmüş...

Xəbər verdiyimiz kimi, bu gün saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub. Sozcu.az xəbər verir ki, minaya düşən şəxslə bağlı bir sıra detallar məlum olub. Belə ki, Yaquar Hadıyev bundan əvvəl də minaya düşüb. O, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində mina partlaması nəticəsində müxtəlif bədən xəsarətləri alıb. Onun sol aşağı ətrafının pəncə nayihəsi travmatik amputasiya edilib. Qeyd edək ki, Yaquar Hadıyev 1989-cu ildə anadan olub. O, Tərtər rayonunun Həsənqaya kəndindən idi.

Ermənistandan Putinə ÇAĞIRIŞ: Qonşularımızla aramıza girmə...

"Rusiya Federasiyasının prezidentinin medianı izləməsi mənə çox qəribə gəlir. Ancaq burada problem başqadır: hər hansı bir insanın ən dəhşətli xarakter xüsusiyyəti odur ki, o, hər zaman hər hansı bir hərəkətinə haqq qazandıra bilər". Sozcu.az publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim "Mülki Müqavilə" partiyasının deputatı Ovik Ağazaryan "Ermənistan xəbərləri" - NEWS.am- ın müxbiri ilə söhbətində Rusiya prezidenti Vladimir Putinin Praqada əldə olunmuş razılaşmalar barədə mətbuatdan öyrəndiyi bəyanatını şərh edərkən deyib. "Ermənistanla Rusiya arasındakı münasibətləri Paşinyanla Putinin münasibətləri müəyyən etməməlidir, onları Rusiya Federasiyasının liderinin və ya Ermənistan Respublikasının rəhbərinin şəxsiyyətləri müəyyən etməməlidir, çünki bu, keçib gedən bir şeydir və hər iki ölkənin maraqları həmişə olmalıdır. Ona görə də Putinin qondarma bəraət hökmü qəbuledilməzdir. O, üçtərəfli sazişdə nəzərdə tutulanı etməli idi", - deyə Ağazaryan bildirib. O bildirib ki, Putin Ermənistanın qonşuları ilə münasibətlərinə müdaxilə etməməlidir: "Təbii ki, Putin ermənilərin maraqlarını bizdən çox düşünə bilməz, ona görə də mən bir vətəndaş kimi ondan xahiş etməliyəm ki, bu atmosferdən öz xeyrinə istifadə etmək üçün bizimlə qonşu dövlətlərimiz arasına girməsin, belə tarixi bir dövrdə düşmənçilik mühiti yaratmasın. Biz bu regionda yaşayırıq, bizim qonşularımız var və biz beynəlxalq standartlara uyğun birgə yaşamağın yollarını tapmalıyıq", - deyə Ağazaryan bildirib. O, Putinin "Ermənistan özü Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı" açıqlamasına belə münasibət bildirib: "Yəni bəyan etmək lazım deyildi ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və Ermənistan qana bulaşmalıydı? Sözün həqiqi mənasında, siyasi mənasında, ərazi mənasında qan axırdı. Biz indi dövlətimizi gücləndirmək, sərhədlərimizi qorumaq haqqında düşünməliyik".

Qarabağ müharibəsi veteranının müraciəti - VİDEO

Ömrünün 4 ilini Qarabağ uğrunda müharibəyə sərf etmiş Şəmkir rayon Talış kənd sakini, müharibə veteranı Cavadov Yalçın Əziz oğlunun evindən ürək dağlayan görüntülər.  Xocavənd-Fizuli uğrunda döyüşlərdə iştirak etmiş Yalçın Cavadov böyrəklərindən xəstədir. Böyrəklərində ağrıların artması ilə bağlı iş qabiliyyətini itirmək üzrədir. Dövlətdən 80 manat veteran pulu aldığını və müxtəlif yerlərdə gündəlik işlərdən əldə etdiyi gəlir ilə yaşayışlarını ancaq təmin etdiklərini bildirir. Maddi durumları ağır olduğundan çox acınacaqlı durumda olan evi restavrasiya etmək gücündə deyillər. Bu səbəbdən kömək üçün ləyaqətli, vicdanlı Azərbaycan övladlarına müraciət etməyi tək çıxış yolu bilir: Sözcü.az 

Xocalıda yeni narkotik plantasiyası aşkarlandı

Xocalıda daha bir ərazidə narkotik plantasiyası aşkarlanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, plantasiya Xocalının Təzəbinə kəndində tapılıb. Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev jurnalistlərə açıqlamasında ərazinin əkin sahəsi olduğunu bildirib: "Əkin sahəsi olmasına baxmayaraq, ərazidə bu cür fəaliyyətlə məşğul olunub. Plantasiyanın sahəsi 10 hektardan çoxdur". Qeyd edək ki, oktyabrın 2-də də Xocalıda 100 hektarlıq ərazidə kultivasiya üsulu ilə əkilmiş çətənə plantasiyası aşkarlanmışdı.

“Normativ hüquqi aktlar” informasiya sistemi yaradılacaq

Prezident İlham Əliyev Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. Sozcu.az xəbər verir ki, Fərmanla “Normativ hüquqi aktlar” informasiya sistemi yaradılıb. “Normativ hüquqi aktlar” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib. “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə” təsdiqlənib. Müəyyən edilib ki, “Normativ hüquqi aktlar” informasiya sistemi (bundan sonra — Sistem) Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları, digər dövlət orqanları, habelə nizamnamələrinə əsasən normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən normativ hüquqi aktların layihələrinin hazırlanmasını, digər dövlət orqanları (qurumları) ilə razılaşdırılmasını və yuxarı orqanlara təqdim olunmasını elektron qaydada təmin edir, sistemin sahibi funksiyalarını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, operatoru funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. Nazirlər Kabinetinə normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, sistemin aparılması və saxlanılması ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi üçün, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görmək, Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Hərbçimiz Füzulidə həlak oldu - FOTO

Azərbaycan Ordusunun hərbçisi Ziya Baba oğlu Babayev avtomobil qəzasında həlak olub. Sozcu.az xəbər verir ki, hadisə Füzuli rayonunda qeydə alınıb. Mərhum doğuluğu Şabran rayonunda dəfn olunacaq.

Tərtər sakini minaya düşərək həlak oldu

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Araşdırma aparılır.

Ölü canlar

Əbil Həsən Kəndimizin sakinlərinin toplaşdığı yeganə meydan bizim evimizin qarşısında yerləşirdi. Demək olar ki, kəndin bütün əlamətdar hadisələri məhz burada baş verirdi. Uşaqlıq xatirələrimin böyük bir hissəsi burada baş verən hadisələrlə bağlıdır.  Hərdən xatirələri varaqladıqca yadıma düşən hadisələrdən biri də qaraçıların kəndimizə gəlişi idi. Onlar, adətən, ilin müəyyən dövrlərində kəndimizə gələr, özləri ilə gətirdikləri ələk, xəlbir və bu kimi digər əşyaları bu məhşur meydanda satardılar. Ancaq daha diribaşları isə evlərə daxil olub fala baxmaq bəhanəsi ilə gələcək oğurluqları üçün plan hazırlayardılar.  Onlara bu işdə Cabbar adlı qaraçı kömək edərdi. Ləqəbi "Çaqqal” olan Cabbar meydanda öz ayısı ilə müxtəlif şoular göstərər və belə demək mümkünsə, camaatın başını qatardı. Bu isə digər qaraçılara evlərə girib qiymətli əşyaları oğurlamaq üçün vaxt qazandırardı. Mənim üçün Cabbarın ayı oynatma şousu xüsusilə maraqlı idi. Boynuna qalın bir zəncir bağlanmış böyük bir ayı "çaqqal”ın işarəsi ilə musiqi sədaları altında müxtəlif rəqslər edər, kəndliləri əyəndirərdilər.  Kənd əhalisi isə öz növbəsində ayıya konfet, şokolad və s. şirniyyatlar verər və ayının əl-üzünü "yuması”na, cürbəcür oyunlar, nömrələr göstərməsinə tamaşa edərdi. Dediyim kimi, ayı nəhəng idi və istəsəydi, nəinki zəncirini qırar, hətta ətrafdakı insanları, o cümlədən də sahibini parça-parça edərdi. Amma ayı bunu  etmirdi, istəsə də, edə bilməzdi. Çünki o artıq ayı deyil, oyunbaz bir meymuna dönmüşdü.  Ayı da başa düşürdü ki, əmrləri yerinə yetirməsə, sahibinin sözündən çıxsa və kəndliləri əyləndirməsə, ona şokolad, konfet verən olmayacaq. Beləliklə, kölə olmaq onun taleyinə cəsarətsizliklə atılmış imza idi.  İllər sonra şəhərdə yaşamağa başladıqdan sonra bir neçə dəfə sirkə getmək imkanım oldu. Burada artıq "Çaqqal” Cabbar yox idi, onu meymunlar əvəz edirdi. Belə ki, sirkdəki tamaşalarda artıq ayıya, işarələri meymunlar verir, oda nəinki rəqs edir, hətta velosiped də sürürdü. Şir, pələng də meymunun sözündən çıxmır, onun bir işarəsi ilə müxtəlif nömrələr nümayiş etdirirdilər.  Uşaqlıqdan meşənin şahı olaraq tanıdığımız şir və haqqında qorxunc hekayələr eşitdiyimiz ayı sirk arenasında tamaşaçıları əyləndirmək üçün müxtəlif hoqqalardan çıxır, bir parça iylənmiş ət üçün sözün əsl mənasında meymunluq edirdilər. Baxmayaraq ki, onlar ən məşhur arenalarda çıxış edir, alqış  qazanırdılar, amma nəticə olaraq sonda qazandıqları bir parça iylənmiş ət olurdu. Belə demək mümkünsə, bir meymunun əlində qalan, onun quluna çevrilən şir, pələng və ya ayı mənimçün artıq azad meşənin vəhşi heyvanları deyildilər. Onlar həmin o azadlığı bir parça ət müqabilində müti həyata dəyişmişdilər.  Bəli, bu "Öyrədilmiş köləlik sindromu”dur və kölələr öz hallarından məmnun olduqları müddətdə belə davam edəcək.