Natiq Qasımova Milli Qəhrəman adı verilsin

Millət vəkili Fazil Mustafa Birinci Qarabağ müharibəsi zamanı ermənilərə qarşı 5 gün təkbaşına döyüşən azərbaycanlı döyüşçü Natiq Qasımovun Azərbaycanın Milli Qəhrəmanı adını alması məsələsini işıqlandırıb. O, bunu Milli Məclisdə gündəmə gətirəcəyini bildirib. Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “Qarabağ qaziləri” İctimai Birliyinin sözçüsü Rey Kərimoğlu millət vəkilini təşəbbüsünə görə alqışlayıb. “Təşəbbüsə görə Fazil Mustafa sağolsun, gözəl addımdır. Biz bu məsələni 10 il bundan öncədən deyirdik, sosial şəbəkədə, mediada da yazırdıq. Gec də olsa, onun haqda həqiqət üzə çıxdı. Biz 1992-ci ildən N.Qasımovun qəhrəmanlığını və şəhid olduğunu bilirdik. Nə yaxşı ki, film yayıldı və bu məsələ gündəmə gəldi. Biz də “Qarabağ qaziləri” Birliyi olaraq bu məsələni dəstəkləyirik və onun Milli Qəhrəman adına layiq görülməsini xahiş edirik”, - o bildirib.

Xankəndidə diz çökən Şahramanyan İrəvanda bunu etdi

Qarabağda özünü buraxan separatçıların sonuncu “başçısı” Azərbaycan ordusu qarşısında təslim olsa da, Ermənistana getdikdən sonra yenidən “baş qaldırmağa” başlayıb. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, Azərbaycana qarşı cinayət törədən separatçı “liderlər” qandallanaraq, Bakıya gətirilsə də, Samvelin İrəvana gedə bildiyi haqda məlumatlar var. Mümkündür ki, təslim olan Şahramanyan “bağışlananlar siyahısına” daxil ola bilib. Lakin əsas məsələ S.Şahramanyanın Ermənistanda hansı işlə məşğul olduğudur. Ermənistan mediası Şahramanyanın artıq mövcud olmayan qondarma “artsax”ın İrəvandakı nümayəndəliyində başının dəstəsi ilə müzakirələr keçirdiyini yazır. Şahramanyan iki məsələni prioritet elan edib və bununla bağlı “tapşırıqlar” verib. Bunlardan biri qandallanaraq, Bakıya gətirilən separatçı cinayətkarların azad edilməsi, digəri Qarabağdan Ermənistana qayıdan ermənilərin problemlərinin həll edilməsidir. Samvelin İrəvana gedən kimi bu addımı atması Azərbaycan ərazisində məhv edilən erməni separatizminin Ermənistanda yenidən davam etdiriləcəyinə işarədir. Bu cəhdlərin praktiki olaraq nəticə verməyəcəyi aydındır, lakin bölgəyə sülhün gəlməsi üçün erməni separatizminin ümumiyyətlə sıradan çıxarılması vacibdir. Bunu Ermənistan hakimiyyəti də düşünməlidir.

Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun hərbçisi şəhid olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Sentyabrın 30-da İraqın şimalında “Pəncə-Kilid” əməliyyat bölgəsində yaralanan Türkiyə Silahlı Qüvvələrinin çavuşu Rəcəb Parlaq bu gün şəhid olub”, - məlumatda qeyd edilib.

Türkiyə bazasına xain hücum: 8 yaralı var

Suriyanın PKK/YPG təşkilatının nəzarətindəki Tel-Rıfatın ətrafından terrorçular tərəfindən axşam saatlarında Dabık bölgəsindəki Türkiyə Silahlı Qüvvələrinin (TSQ) yerləşdiyi əraziyə reaktiv yaylım atəş sistemi vasitəsilə hücum edilib. Bu barədə DHA məlumat yayıb. Bildirilib ki, hadisədə 5 özəl hərəkat polisi və 3 hərbçi yaralanıb. Yaralılar Türkiyənin Qaziantep və Kilis şəhərlərinə təxliyə olunublar. TSQ terrorçuları haubitsa və raket buraxıcı qurğularla cavab atəşinə tutub.

Necə ola bilər, axı, insan öz ölkəsinin ərazi bütövlüyünü bərpa etməsinə sevinməsin?

Bir neçə nəfər adam var. Arada girib baxıram, ümumiyyətlə susublar. Sülh tərəfdarları pis-yaxşı öz fikirlərini yazırlar, dediyim qrup isə ümumiyyətlə qaçıb gizlənib. Yoxdurlar.  Əksəriyyəti ayrı vaxt hamıya ağıl verənlərdi. Başda... Nəysə. Adlarını çəkib ana səhifələrinizi kanalizasiya iyinə qərq eləmək istəmirəm. Onsuz tanıyırsız çoxunu.  Necə ola bilər, axı, insan öz ölkəsinin ərazi bütövlüyünü bərpa etməsinə sevinməsin? 1 cümlə yazmasın.  Görüm lənətə gəlsin o ağuya dönmüş qrantı!  Necə ola bilər ki, insan onun xalqına qarşı cinayət törətmiş adamların həbsinə sevinməsin? Vallah heç kim qana susamayıb. Hamımız sülh istəyirik. Heç kim də müharibə arzulamırdı. Amma işğalçı tərəf geri çəkilmədi, bizi aşağılamağa davam etdi, "yeni torpaqlar" dedi. Cavabı verilməliydi də.  Qarabağ probleminin həlliylə Azərbaycan avtomatik İsveçrə olmayacaq. 500 dənə problem var ölkədə, hamısı da deyilməli, danışılmalıdır. Siyasi məhbuslar, korrupsiya, sosial problemlər, insan haqları, ifadə azadlığı və s. problemlər ciddi şəkildə var və bu problemlərin həllini ardıcıl şəkildə hökümətdən tələb etmək lazımdır.   Amma bunlar, Azərbaycanın Qarabağ məsələsində haqlı tərəf olduğu həqiqətini dəyişmir, axı. Biz zülmə, işğala məruz qalmışıq. Alçaldılmışıq.  Və bugün bu təhqiri öz üzərimizdən silirik. Nəyi pisdi?  Yoxe, deyir qələbə Əliyevi gücləndirəcək. Güya, müharibədən qabaq barrikadaya dırmaşmışdı da kişinin oğlu.  Hansı ciddi mübarizəni qoymusuz ortaya, axı? Heç kimə lazım olmayan layihələr, hesabatlar yazıb qrant alıb bağ evlərində dəmə qoyan adamlar olmusuz da.  Onun-bunun əzmi, mübarizəsi hesabına özünüzü qərb təşkilatlarına dürtüşdürüb ictimai xadim kimi gözə soxmusuz.   Axı, sizin əksəriyyətinizin heç cəsarəti olmayıb ki, normal demokratiya mübarizəsi aparasınız. Tanıyırıq da sizi.  Səhv edirsiz. Vallah, billah səhv edirsiz. Xalqımız siyasi cəhətdən naşı olsa da, fəhmlidi. Bu davranışınızı heç kim unutmayacaq. İlkin Rüstəmzadə, İctimai fəal

"Koçaryanla Sarkisyan da Azərbaycana təhvil veriləcək" - Tonoyandan ŞOK AÇIQLAMA

"Azərbaycanın Qarabağ separatçılarını həbs etməsi Ermənistanda böyük qorxu hissi yaradıb. İndi Ermənistan cəmiyyətində müzakirələr bu müstəvidə gedir: Ermənistanın sabiq prezidentləri - Xocalı qatilləri Robert Koçaryan və Serj Sarkisyan da qolu qandallı Bakıya gətiriləcək. Erməni professor Artyom Tonoyan da hadisələrinin gedişatını belə görərək “Facebook” səhifəsində yazıb: ""Artsax"ın 3 "prezident"ini təhvil verənlər Ermənistanın 3 prezidentini də təhvil verəcəklər. Çətin ki, onların əsas məqsədi "Artsax" "preziden"tləri idi. Hədəf Ermənistanın 3 prezidentidir". Yəqin ki, Tonoyan 3-cü prezident kimi Levon Ter Petrosyanı nəzərdə tutur. Amma Azərbaycan ermənilər arasında az-çox məntiq sahibi olan Levona amnistiya tətbiq edə bilər.(gundem.az)

Kərki və Qazaxın kəndləri geri qaytarılacaq - Paşinyan öhdəlik götürdü

Ermənistanın baş naziri Nikol Paşinyan hazırda bu ölkənin nəzarətində olan bəzi əraziləri Azərbaycana qaytaracağı barədə öhdəlik götürüb. Sozcu.az xəbər verir ki, o, Azərbaycanın 86,6 min kvadratkilometr ərazi bütövlüyünü tanıyıb. Erməni baş nazir bununla faktiki olaraq, Qazax rayonuna aid olan 6 kənd də Kərkinin (Naxçıvan) Azərbaycan ərazisi olduğunu imzası ilə təsdiqləyib.

Makron Azərbaycana qarşı sanksiyaların əleyhinə çıxdı

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Azərbaycana qarşı sanksiyaların tətbiqi səmərəsiz ola bilər. Sozcu.az bu barədə “TASS” xəbər agentliyi məlumat yayıb, “İndi sanksiyaların vaxtı deyil. Onlar səmərəsiz ola bilər”, – deyə Makron Avropa İttifaqının Qranada (İspaniya) sammitindən sonra keçirilən mətbuat konfransında bildirib. Prezidentin sözlərinə görə, hazırda Azərbaycanla dialoqu davam etdirmək lazımdır.

Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyannaməni imzaladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa ilə görüşdə bəyannamə imzalayıb. Yenisabah.az xəbər verir ki, Paşinyan Azərbaycanın ərazisinin 86,6 min kvadratmetr olduğunu bəyan edib. Həmin bəyannamənin mətni Aİ Şurası tərəfindən yayılıb. “Tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar”, - deyə bəyannamədə bildirilib.

Aİ Şurası sədri Azərbaycan və Ermənistan liderlərini Brüsselə dəvət etdi - İDDİA

Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı oktyabrın sonunda Brüsselə görüşə dəvət edib. Diplomatik mənbələrdən verilən məlumata görə, görüş oktyabrın son həftəsində baş tuta bilər. Mənbə: TASS

Hərbçimiz minaya düşdü

Oktyabrın 5-də saat 17 radələrində işğaldan azad edilən ərazidə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusunun xidmət vaxtı piyada əlehinə minaya düşməsi barədə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, 1999-cu il təvəllüdlü S.Adgözəlov minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb. Araşdırma aparılır.

Azərbaycan XİN Fransanı saxtakarlıqda ittiham etdi

"Neokolonializmi hələ də davam etdirən, müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən ölkələrdən biri kimi Fransanın bu gün özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsi riyakarlıqdır". Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) BMT-nin 4-cü Komitəsinin (Xüsusi Siyasi və Dekolonizasiya Komitəsi) iclasında Fransanın müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun idarə heyəti üzvünün çıxışına dair şərhində yer alıb. Fransanın heç bir əsası olmayan iddiaları, neokolonist həvəsləri, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam etməsi iflasa məhkumdur. "Bu gün Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə məsuliyyət daşımaq və tarixdən dərs çıxarmaq əvəzinə Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək geosiyasi rəqabət və özünün “Orientalizmə” söykənən müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda neo-kolonialist mənfur təcrübəsini tətbiq etməyə çalışması eyni dərəcədə təhlükəli və qəbuledilməzdir", - deyə məlumatda qeyd edilib.

“Həbsdəki ermənilər Poladı satqınların verdiyi koordinata əsasən vurduqlarını deyəcəklər”

Qarabağdakı separatçı rejimin keçmiş “prezidentlərinin”  və digər vəzifə tutan şəxslərin həbs olunması illər öncə Ermənistana  casusluq edənlərin də  ifşasını gündəmə gətirib. Qeyd edək ki, məşhur “Aprel döyüşləri”, həmçinin Tovuz döyüşləri barəsində söz düşərkən, hər kəs burada xain izi axtarıb.  Tovuz döyüşlərində şəhid olan Milli Qəhrəman Polad Həşimovun anası Səmaya Həşimova da dəfələrlə mediaya açıqlamasında oğlunun satqınlıq səbəbiylə düşmən gülləsinə tuş gəldiyini deyib. Bəs görəsən, Qarabağdakı terrorçu rejimin həbs edilən başçıları DTX-da bu sirləri aça bilərmi? Gununsesi.info-ya açıqlamasında Səmaya Həşimova bunu istisna etməyib: “Hardan bilmək olardı ki, o zaman Qarabağda kimlər var? Bəyəm onlar Polad Həşimovu yerini görürdülərmi ki, onu da vursunlar? Bu necə baş verə bilərdi? Həmişə demişəm nə qədər ki, ömrüm var hər kəsdən bu tələbi edəcəm. Polad Həşimovun qatillərini tez zamanda həbs etsinlər. Suala cavab olaraq demək istərdim ki, əgər elə bir qətiyyətli, cəsarətli oğlan ortaya düşüb həbs olunan ermənilərə bu sualı verə biləcəksə, ermənilərin ilk cavabı Polad Həşimovun yerini bilməmələri olacaq. Onlar Polad Həşimovu içimizdəki satqınların verdikləri koordinatlara əsasən vurduqlarını deyəcəklər. Hər kəsə məlumdur ki, həbs olunan istənilən şəxs ilk öncə özünü müdafiə etmək istər. Düşünürəm ki, onlar da özlərini müdafiə etmək üçün məhz bütün sirləri ifşa edib, ortaya tökəcəklər.  Bu mənim şəxsi fikrimdir, lakin qətiyyətlə şəkildə belə düşünürəm. Yenə də qeyd edirəm Polad Həşimov ermənilər tərəfindən vurulsa da koordinatları Azərbaycandan verilib”.

Saakyan, Qukasyan və İşxanyan belə saxlanıldı - Video

Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrin ötən müddətdə törətdikləri terrorçuluq əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi davam etdirilir. DTX-nin Mətbuat xidmətindən Sozcu.az-a daxil olan məlumata görə, araşdırmalar zamanı Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki və İşxanyan Davit Rubeni tərəfindən Azərbaycan Respublikası ərazisində müvafiq olaraq qondarma “Dağlıq Qarabağ Respublikasının prezidentləri” və “prezidenti vəzifəsinin müvəqqəti icraçısı” və digər adlar altında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilinə, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar təşkil edən həmin qanunsuz silahlı birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsinə, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrinin, döyüş sursatı, partlayıcı qurğular əldə edilməsinə, başqasına verilməsinə, saxlanılmasına, daşınmasına və gəzdirilməsinə, pul vəsaitlərini və digər əmlakı tamamilə və qismən, bilavasitə və dolayısı ilə həmin qanunsuz silahlı birləşmələrin terror aktları törətməsi istiqamətində istifadə edəcəyini bilərək həmin məqsədlə qəsdən toplamaq, ayırmaq və verməklə terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Eləcə də, qeyd olunan şəxslər tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsi, mütəşəkkil dəstə halında odlu silahdan və silah qismində digər predmetlərdən istifadə etməklə milli ədavət və düşmənçilik niyyəti ilə təkrarən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərarlar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan partlayış, habelə əraziləri davamlı şəkildə minalama və digər hərəkətlər törədərək terror aktlarının təşkil edilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın Xankəndi şəhərində anadan olmuş 1957-ci il təvəllüdlü Arkadi Qukasyan, həmin şəhərdə anadan olmuş 1960-cı il təvəllüdlü Bako Saakyan və Azərbaycanın Xocavənd rayonunda anadan olmuş 1958-ci il təvəllüdlü Davit İşxanyan 3 oktyabr 2023-cü il tarixində saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3.2 (terrorçuluq məqsədi ilə təlimlər təşkil etmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və onların fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham elan edilməklə cinayət məsuliyyətinə cəlb edilmişlər. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu

Oktyabrın 5-i saat 14:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. "Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və texnika sarıdan itki verməyib", - məlumatda qeyd edilib.

Fuad Muradov kimləri şantaj edib? – Alınan pullar

Ötən gün hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilən “Qazaxlı Alik”in oğlu, Milli Fədailər Hərəkatının sədri Fuad Muradovun nədə ittiham olunduğu məlum olub. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, iş üzrə beş zərərçəkmiş var. İttihama görə, Fuad Muradov tanışı olan G. Nəbiyeva (ad-soyad şərtidir) və Z. Əbilovla (ad-soyad şərtidir) əlbir olaraq zərərçəkmişləri şantaj edib. Belə ki, iş üzrə zərərçəkmiş beş nəfərin qadınla intim görüntüləri çəkilib, onlar həmin görüntüləri zərərçəkmişlərin ailə üzvlərinə göndərəcəkləri hədəsi ilə ümumilikdə 20 min manata qədər pul tələb edərək alıblar. İş üzrə zərərçəkənlər Fuad Muradov və digərləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Müraciət əsasında hər 3 nəfər saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etməkdə) maddəsi ilə ittiham verilib. Müstəntiqin təqdimatı əsasında Nərimanov rayon Məhkəməsi tərəfindən Fuad Muradov və digərləri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

SON DƏQİQƏ: Azər Zeynalov HƏBS olunaraq Bakıya GƏTİRİLİR

Xəbər verdiyimiz kimi, oktyabrın 5-də Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verib. Bizim.Media-nın əldə etdiyi məlumata görə Azər Zeynalov güc strukturları tərəfindən saxlanılıb. Onun hazırda istintaqla bağlı Bakıya gətirildiyi bildirilir. Azər Zeynalovun həbsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi ilə əlaqə yaratmaq cəhdimiz baş tutmayıb.  Qeyd edək ki, Azər Zeynalov 1970-ci ildə Şərur şəhərində anadan olub. Ötən il Vasif Talıbovun istefasından sonra yeni sədr seçilənədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri vəzifəsinin icrası müvəqqəti olaraq sədrin birinci müavini Azər Zeynalova həvalə edilib.

TƏCİLİ! "Xocalı qatili"nin yeri BİLİNDİ

Xocalı qatili Vitali Balasanyanın hazırda harada olduğu bəlli olub. "Pastİnfo" xəbər verir ki, Balasanyan hazırda Ermənistandadır. "Vitali Balasanyan Ermənistandadır və səhhətində, xüsusən də ürəyində ciddi problemlər var. O, hazırda həkimlərin nəzarətindədir", - deyə qeyd olunub. (News24.az)

Sirri açıram: Qarabağlılarla razılaşmışdıq ki... - Paşinyan

Ermənistan Dağlıq Qarabağın (keçmiş qondarma qurum nəzərdə tutulur – red.) rəhbərliyi ilə əvvəlcədən razılaşaraq, Dağlıq Qarabağın statusu məsələsində səviyyəni aşağı saldı. Lakin sonradan “Dağlıq Qarabağ rəhbərliyi” bu səviyyəni qaldırdı. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 4-də Milli Assambleyanın iclasında deputatların suallarını cavablandırarkən deyib. “Sizə bir sirr açım: Qarabağlı həmkarlarımızla birlikdə səviyyəni aşağı salmağa çalışdıq. Bəs sonra nə oldu? Biz səviyyəni aşağı saldıq, amma “Dağlıq Qarabağ” (keçmiş qondarma qurum – red.) sonra onu qaldırdı. Və mən də bunu sizin təklifinizlə qaldırdım”, - deyə Paşinyan müxalifətə müraciət edib. O əminliklə qeyd edib ki, əgər “Qarabağ rəhbərliyi” əvvəllər əldə edilmiş razılaşmalara və ümumi anlaşmaya əməl etsəydi, o zaman bütün baş verənlərin qarşısını almaq olardı.

ABŞ da təsdiqlədi: Türkiyədə gizli Qarabağ görüşü...

Dövlət Departamenti Azərbaycanın Qarabağda antiterror tədbirlərindən 2 gün əvvəl ABŞ, AB və Rusiya diplomatlarının Türkiyədə görüşməsi barədə mətbuatda dərc olunan məlumatı təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Departamentindən “Amerikanın səsi”nə verilən açıqlamada bildirilib. “Sentyabrın 17-də İstanbulda keçirilən görüşün məqsədi Qarabağda aktual humanitar ehtiyacların həlli olub. ABŞ mövcud vəziyyətə dərindən qarışmaqda davam edir və tərəflərə Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə kömək etmək öhdəliyi götürür”, - məlumatda qeyd olunub. Xatırladaq ki, “Politiko” nəşri İstanbulda 17 sentyabrda ABŞ, AB və Rusiyanın Qarabağla bağlı gizli görüş keçirdiyi haqda məlumat yaymışdı.

Sarkis Qalstyan Xankəndiyə komendant təyin edilib?

Bir neçə gündür ki, Ermənistan mediası Sarkis Qalstyan adlı Qarabağ ermənisinin Azərbaycan tərəfindən Xankəndiyə komendant təyin edildiyi barədə xəbər tirajlayır. Bu xəbərlərdə erməni jurnalist Tatul Akopyana istinad olunur. Erməni jurnalist özünün Facebook səhifəsində yazıb ki, “Sarkis Qalstan Xankəndi komendantı təyin olunub”. Amma Azərbaycanın rəsmi qurumları hələ ki xəbərə reaksiya bildirməyib. Modern.az saytının məlumatına görə, “Azadlıq” radiosunun erməni xidməti - “Azatutyun” yayılan informasiyanı araşdırmağa çalışıb. Sarkis Qalstyanın Ermənistandakı qohumları “Azatutyun”a deyiblər ki, o, həqiqətən də arvadı ilə birlikdə Qarabağda qalıb. Qohumlardan biri deyib ki, ötən gecə Qalstyanla söhbət edib və o, azərbaycanlılarla əməkdaşlıq etdiyini və hər hansı vəzifəyə qoyulduğunu inkar edib. Qohumlarının sözlərinə görə, Sarkis Qalstayan İrəvandakı yaxınları ilə Qarabağdakı Rusiya sülhməramlıları vasitəsilə danışıb. Qeyd olunur ki, Sarkis Qalstyan Qarabağ separatçılarının "keçmiş parlamentində deputat" olmuş David Qalstyanın əmisidir. Qondarma “deputat” deyib ki, əmisinin Xankəndinin komendantı təyin olunmasına və azərbaycanlılarla əməkdaşlıq etməsinə dair heç bir məlumatı yoxdur. O deyib ki, əmisini son dəfə sentyabrın 28-dən sonra görüb və həmin vaxt Qarabağdan evakuasiya gedirdi. David Qalstyanın sözlərinə görə, əmisi ona deyib ki, Ermənistana getməyəcək və Qarabağda qalan ermənilərə kömək edəcək. David Qalstyan onu da deyib ki, əmisi uzun illər Dağlıq Qarabağda müxtəlif vəzifələrdə çalışıb, 1990-cı illərdə hərbi əməliyyatlarda iştirak edib, Şuşada "başçı müavini" olub. Daha sonra qondarma “Hərbi vətənpərvərlik və təhsil nazirliyində” orta vəzifədə çalışıb. 

Ukrayna bu ərazidə “boz zona"nı ələ keçirdi

Ukrayna ordusu Avdeyevka-Donetsk xəttində məhdud hücum əməliyyatlarını davam etdirərək irəliləyiş əldə edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Məlumata görə, Ukrayna qüvvələri Donetskin qərbində, Nevelskoye yaxınlığında “boz zona”nı ələ keçirib: “Ruslar Avdeyevka-Donetsk xəttində hücum əməliyyatlarını davam etdirsələr də, uğursuz alınıb. Bununla yanaşı, rus qoşunu Kupyansk-Svatovo-Kremennoy xəttinə qurudan zərbələr endirib, bir qədər irəliləyib. Geolokasiya görüntülərindən görünür ki, ruslar Kremennoydan 22 km şimal-qərbdə Makeyevkadan bir qədər şərqə doğru irəliləyiblər”.

Xankəndidə ələ keçirilən Araik Bakıya belə gətirildi - Video

Araik Arutyunyan cinayət məsuliyyətinə cəlb edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri birgə məlumat yayıb. Qeyd olunub ki, Azərbaycanın Qarabağ ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı başlanmış cinayət işləri üzrə Azərbaycan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Araşdırmalar zamanı Azərbaycanın Xankəndi şəhərində anadan olmuş, 1973-cü il təvəllüdlü Arutyunyan Araik Vladimiri tərəfindən Azərbaycan Respublikasının ərazisində qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar altında təcavüzkar müharibənin aparılmasında iştirak edilməsi, muzdluların yığılması, onlara təlim keçirilməsi və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə edilməsinin təşkil olunmasına, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasına, silahlı münaqişə dövründə cinayətkar əmr verilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Bundan başqa, Araik Arutyunyan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılmasına və fəaliyyətinin təşkilinə, cinayətkar birlik halında həmin birləşmələrin silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchizinə, bunlardan istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsinə, eləcə də qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən olunmuşdur. İstintaq-əməliyyat tədbirləri nəticəsində, həmçinin, Araik Arutyunyan tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan Respublikasının ərazilərinin davamlı şəkildə minalanması, cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı Azərbaycan Respublikasının Gəncə şəhəri və Bərdə rayonunun yaşayış məntəqələri və mülki obyektlərini hədəfə alaraq ballistik və digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi və onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, mülki və hərbi infrastruktura ağır nəticələrə səbəb olan ziyan vurulması ilə nəticələnən terror hücumlarının təşkil olunması və digər çoxsaylı cinayətlər törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Araik Arutyunyan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdir. Cari il oktyabrın 3-də Araik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılmış, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilmişdir. Hazırda Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rəisi: İran qəti şəkildə Zəngəzur dəhlizinə qarşıdır

NATO qüvvələrinin Cənubi Qafqaz regionunda olması İran üçün qəbuledilməzdir. Sozcu.az xəbər verir ki, bu sözləri İslam Prezidenti İbrahim Rəisi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşündə deyib. “Zəngəzur dəhlizi NATO qüvvələrinin Cənubi Qafqazda mövcudluğu üçün əsas olacaq ki, bu da region ölkələrinin milli təhlükəsizliyinə təhdid yaradır. İslam Respublikası buna qəti şəkildə qarşı çıxır”, - Rəisi bildirib.