Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 531-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 250 800 hərbçi, 4254 ədəd tank, 8278 ədəd zirehli döyüş maşını, 4996 ədəd artilleriya sistemi, 709 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 468 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 312 ədəd helikopter, 7460 ədəd avtomobil texnikası, 4158 ədəd PUA, 1377 qanadlı raket, 18 gəmi/qayıq, 737 xüsusi avadanlıq itirib.

Neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 85,38 dollara, yüngül neftin bir barreli isə 82,02 dollara satılır.

Sabirabadda narkotikə görə 13 nəfər saxlanıldı

Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 13 nəfər saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Pərvin Nağızadə tutulub. Onun üzərinə keçirilən baxış zamanı 4 qramdan artıq, idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı isə 825 qram heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Dindirilmə zamanı P.Nağızadə narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşından onlayn yolla aldığını bildirib. Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı isə rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Azər Əsədov saxlanılıb. Polis əməkdaşı tərəfindən sonuncunun yaşadığı ünvana keçirilən baxış zamanı 1 kiloqrama yaxın heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən son günlərdə bu istiqamətdə keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb. Onlardan yaş çəkisi 320 kiloqramdan artıq olan 107 ədəd çətənə kolu, 3 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb. Həmçinin, qeyd edilən dövr ərzində rayon ərazisində oğurluq faktları törədərək zərərçəkmişlərə maddi ziyan vuran 5 nəfər şəxs də müəyyən edilərək istintaqa təqdim olunub. Aşkarlanan bütün faktlarla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Rusiyanın təcridi artır: Çin də uzaqlaşır...

Ciddədə keçirilən sammitdə bəlli oldu ki, Pekin və Moskva arasında Ukrayna müharibəsinin Rusiyanın maraqlarına uyğun həlli ilə bağlı fikir ayrılıqları güclənib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. “Görüşdə Çin nümayəndələri göstərdilər ki, Rusiya deyillər və konstruktiv görünməyə çalışdılar. Avropalı diplomatların fikrincə, bu, Rusiyanın dünyada artan təcridini göstərdi. Eyni zamanda, Çindən gələn nümayəndə heyəti, yəqin ki, Rusiyanın da iştirakı olmadan keçiriləcək oxşar formatda növbəti görüşdə iştirak etməyə hazır olduğunu bəyan edib”, - məlumatda bildirilib. İnstitutun məlumatına görə, Rusiyadakı mənbələr bildiriblər ki, Kreml Rusiya 2023-cü ilin fevralından bəri 12 bəndlik Çinin Ukraynaya dair sülh planını rədd edib. “Bütün bunlar onu göstərir ki, Çin Ukrayna məsələsində Rusiyanı tam dəstəkləmir”.

İran güneyli fəalı həbs etdi

Şərqi Azərbaycan əyalətinin Binab mahalından olan milli-mədəni fəal Səid Minayi həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat veriblər. Minayinin avqustun 7-i günortadan sonra Binabın Axund Qışlaq kəndindəki ata evində təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı bildirlib. Onun hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat verilməyib. Qeyd edək ki, Səid Minayi bundan öncə Azərbaycan dili və mədəniyyəti, ətraf mühit problemləri, xüsusilə Urmiya gölü ilə bağlı fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

BQXK nümayəndələri əsir saxlanılan iki azərbaycanlıya baş çəkdi

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər. Bu barədə Sozcu.az-a BQXK-nin Bakı ofisindən məlumat verilib. Qeyd edilib ki, onlara telefon və Qızıl Xaç Məktubları vasitəsilə ailələri ilə əlaqə yaratmaq imkanı verilib. "Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - məlumatda qeyd edilib.

Rusiyanın məsələsini həll etdik, lakin cavab vermədilər – Blinken

ABŞ Rusiyaya taxıl sazişi ilə bağlı problemlərini həll etməyi təklif edib, lakin Moskva hələ də cavab verməyib. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken məlumat verib. “Banklarımıza məktub yazdım ki, Rusiya taxılının ixracını tamamilə dəstəkləyirik və sanksiyalardan qorxmaq üçün heç bir əsas yoxdur. Mümkün olan bütün problemləri həll etməyi təklif etsək də, Moskva hələ də buna cavab verməyib", - Blinken bildirib. ABŞ dövlət katibinin sözlərinə görə, son bir ildə Rusiya taxılının ixracı Ukraynadakı hadisələrdən əvvəl ixrac etdiyindən xeyli çoxdur.

İlham Əliyev Rasim Balayevə orden təqdim etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Temperatur artır, buna ciddi əməl edin! - Xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sozcu.az müraciətin mətnini təqdim edir: "Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, ölkə ərazisində isti hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi, temperaturun bəzi yerlərdə 42-44°-dək artacağı gözlənilir. Belə hava şəraitində yanğın təhlükəsizliyi ilə bağlı kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir. Həmçinin, kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır. Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə açıq havada çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur".

Belə getsə, Rusiyanın bir gəmisi də qalmayacaq

Rusiya başa düşməlidir ki, eyni ruhda davam etsə, müharibənin sonuna bir dənə də olsun gəmisi qalmayacaq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın taxıl sazişini bərpa etmək istəməməsinə münasibət bildirərkən deyib. “Rusiya Qara dənizə atəş açaraq hökmranlıq etməyə davam edərsə, Ukrayna özünü müdafiə edəcək", - Zelenski qeyd edib.

Başkənd uğrunda savaş (1992 avqust) - Dilqəm Əliyev yazır( 3-cü hissə)

Başkəndin Erməni-Daşnak quldurlarından təmizlənməsi əməliyyatına 861 saylı hərbi hissənin komandiri polkovnik leytenant Cahangir Rüstəmov rəhbərlik edirdi... Amma əvvəl yazdığım hadisələrin xronikasını bitirməliyəm.   -- 03--05 avqust 1-ci batalyonun QR kapitan İlham Əliyev öz yoldaşları ilə hər gecə səhərə kimi Başkəndin bütün giriş-çıxış yollarını,düşmən qüvvəsini,texnikasını və s. dəqiqləşdirdi.  -- Əvvəlcədən verilən tapşırığa görə Daşkəsəndən gələn rota taxıllıq istiqamətindən Başkəndə doğru hərəkət etməli idi. Onların bir neçəsinin adını yazıram: baş leytenent Abbasov Elçin, Bagiri Manuçohr, Bagiri Arif, leytenant Qeysər Əliyev...  -- Tovuzun Göyəbaxan kəndi istiqamətindən və Novosaratovkadan Başkəndə hücum edəsi qüvvələrin komandir və zabit heyətinin bir neçəsinin adını qeyd edirəm: kapitan İlham Əliyev - 1-ci batalyonun QR, leytenant Qalib Hüseynov - rota komandiri, Gizir Oruc Mahmudov - rota komandiri, leytenant Əliyar Novruzov - rota komandiri...  Yəni Başkəndə 3(üç) istiqamətdən eyni zamanda hücum olmalı idi. Əlbəttə ki,düşmən bunun qarşısında duruş gətirə bilməzdi. Lakin yaralı yerimiz Mutudərə idi. Belə ki,əvvəl qeyd etdiyim kimi,o ərazi düşmən tərəfdən işğal edilmişdi. Əlavə olaraq onu da qeyd edirəm ki, ermənilərə RUS - lar çox yaxından və hərtərəfli kömək edirdilər. Faktiki olaraq Mutudərəyə RUS tankları,PDM-ləri, hərbçiləri böyürlərində də bir neçə qəhraman Aşot hücum etmişdilər...   Mutudərə döyüşçülərindən Çingiz Məmmədov,polis Asif, Mutudərəli topçu Rasim və daha bir neçə nəfər döyüşü davam etdirmək istəsələr də düşmən say və texnika sarıdan üstün olduğuna görə geri çəkilməyə məcbur olurlar. Leytenant Məzahir Rüstəmov da məhz yaralanaraq düşmən əlinə keçir...   06.08.1992-ci il axşam saat 21--22.00 radələrində HH komandiri polkovnik leytenant Cahangir Rüstəmov, mən, qardaşım kapitan İlham Əliyev və əsas qüvvələrimiz Tovuzun Göyəbaxan kəndində idik. Ermənilərin yandırdığı Mutudərədəki evlərin külünü,iyini Göyçə gölündən əsən külək bizə çatdırırdı. Gecənin qaranlığı qırmızı rəngə boyanmışdı.Bu zaman Mutuərəni qoruyası olan OMON-lar vay şivənlə gəldilər.Təxminən 20 ( iyirmi) nəfər olardılar. Onların bu hərəkətləri əsgərər arasında az qala xaos yaradacaqdı. Belə ki,biri ağlayır,biri qışqırır,biri kimləri isə günahkar sayır...daha nə... Onların iradından sonra Cahangir Rüstəmov,İlham Əliyev və OMON-larla birgə vəziyyəti yoxlamaq üçün Mutudərəyə getdilər. Mən isə Göyəbaxanda komandir əvəzi qaldım. 07.08.1992-ci il səhərə yaxın komandir və İlham OMON-larsız gəldilər. Mən OMON-ları soruşanda -Əşi Mutudərəyə çatanda hamısı dağılışdı--cavabını aldım. Sonra Cahangir Rüstəmov məni yanına çağırdı:  -- Dilqəm iki ədəd PDM götür və Mutudərəyə get. Nə edirsən et, necə edirsən elə. Amma Mutudərə bizdə olmalıdır.   --Oldu komandir. Amma mən heç vaxtı orada olmamışam,xəritə verə bilərsinizmi?  -- Xəritə neyləyirsən,mən sənə Abbasov Zülfüqarı verirəm,o sənə yolu göstərər. Deyərək Zülfüqarı çağırdı və tapşırığnı verdi.  Mən 2(iki)ədəd PDM-1-lə Mutudərəyə yola düşdüm. Mənim hərəkət etdiyim PDM-in sürücü mexaniki 56 yaşlı könüllü Hacıyev Hidayət, digər PDM-də isə sürücü mexanik Alıyev Alxan idi. Əlavə olaraq bizə sıravi könüllü Xasməmmədov Fazil də qoşuldu. Zülfüqar bizi iç yollarla Mutudərə istiqamətinə aparırdı. Yolda Mutudərə və ətraf kəndlərdən çoxlu sayda mülkü əhalidən qaçanları gördüm. Bu çox dəhşətli mənzərə idi. Başıaçıq,ayaqlyalın insanların ayaqlarını daşlar çapmış,qanları axırdı. Azyaşlı uşaqlar ağlaya - ağlaya valideynlərinin əlindən tutub gedirdilər. Acığımdan gözümdən yaş axırdı... Yolda çayın qırağında K-16 tipli,Leytenant Şmidt zavodunda hazırlanmış QRAD qurğusu ilə hərəkət edən topçu İsgəndərlə rastlaşdıq. Hara getdiyini soruşdu və Mutudərəyə gedirəm cavabını eşitdim. Bu yaxşı xəbər idi. Belə ki, QRAD qurğusunun xeyirdən başqa ziyanı yox idi. Bir az da getdikdən sonra nizam-intizamsız, pərakəndə halda hərəkət edən, sayı 15-20 nəfərə çatan bir dəstəni gördüm. Kim olduqlarını soruşdum və biz Boz Qurdlarıq cavabını eşitdim. Hara getdiklərini soruşdum,onlar da Mutudərəyə gedirik dedilər. Yolda İsalı kəndinin içində bir qadın mənim PDM-imin qabağını kəsdi:  -- Ay qadan alım tankını saxla.  -- Nə olub ay xala?  -- Qadan alım əlindəki tüfəngin birini denən mənə versinlər.  -- Ay xala bu tüfəng deyil,avtomatdır. Neyniyirsən bunu.  -- Mən də siznən döyüşmək istəyirəm.  -- Olmaz ay xala,olmaz. Sən nə danışırsan?  -- Niyə (əsgərləri göstərərək) onlara olar,mənə olmaz?  -- Dedim olmaz da. Qurtardı.  -- Onda qulaq as...     Həmin qadın ermənilərin harada nələri olduğunu mənə öz bildiyi kimi başa saldı.   -- Bax mindiyin tankdan balacası orada var,o da bunun kimi seplidir(tırtıllıdır) deməli BMD - dir (DDM). Bundan böyüyü var,zırıltıdır (deməli tankdır). Ər-Dağının başında uzun,lap uzun lüləli top var( deməli təxminən KS-19 ola bilər( Gədəbəy batalyonunun orada KS-19 markalı topu var idi,amma indi ora ermənilərin əlində idi), və s... Mən Mutudərəyə çatmamış orada bizi nələrin gözlədiyini təxmin etdim... Artıq kəndə yaxınlaşdıq və uzaqdan Ər-dağına bir necə qəlpəli mərmi atdım. Mərmiləri şahmatvari qaydada atdığımdam Ər-Dağında olan topun yanındakı mərmilər partladı. Əla,deməli düşmənin qorxun silahlarından biri azaldı...  ARDI VAR... Dilqəm Əliyev 

Müsavat siyasi məhbusların azad edilməsini tələb etdi- Divanın gündəliyi

Avqustun 7-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib, müvafiq tapşırıqlar verilib. Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.  Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi olaraq tanıdıqdan sonra Rusiya Xarici İşlər Nazirliyinin bu mövzuda rəsmi Yerevana münasibətdə təhrikedici açıqlamaları pislənilib.  Azərbaycanda siyasi məhbusların sayının getdikcə artmasından narahatlıq ifadə edilib, onların azad edilməsi bir daha tələb olunub.  Ukraynada gedən müharibə ilə bağlı Türkiyənin vasitəçilik missiyası və digər proseslərlə bağlı fikir mübadiləsi aparılıb.  Sonda cari məsələlər müzakirə olunub.

Başkəndin azad edilməsinin 31-ci ili

8 avqust 1992-ci il Başkənd'in azad edildiyi gün kimi tarixə düşüb. Bu əməliyyat Azərbaycan ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyatlardan biri idi. 861 nömrəli hərbi hissənin komandiri, polkovnik-leytenant Cahangir Rüstəmovun rəhbərliyi altında həyata keçirilmiş əməliyyat nəticəsində 4600 hektardan artıq ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Əgər Başkənddə əməliyyatlar uğurlu alınmasaydı, Ermənistanla bu kəndin birləşməsi Şınıx bölgəsinin 26 kəndinin birbaşa mühasirə şəraitinə düşməsinə və Ermənistana birləşdirilməsi ilə nəticələnəcəkdi. Həmin 26 kənd ələ keçirilsəydi, bütün əsas yüksəkliklər ermənilərin nəzarətinə keçərdi.  Başkəndi Ermənistanla birləşdirən bir tək avtomobil yolu varıydı. O da Başkənd-Krasnaselsk yoludur. Bu yol da Gədəbəyin Mutudərə aşırımından keçirdi. Bu yolu ermənilər Başkənd üçün, həyat yolu adlandırırdılar. Həyata keçirilmiş əməliyyatlar nəticəsində işğalçıların ayaq izləri birdəfəlik Başkənddən, bütünlükdən Gədəbəydən silinmişdir. Bu əməliyyatlarda Gədəbəylilər ilə yanaşı milliyətcə kabardin, peşakar hərbiçi, Gədəbəydə hərbi komissar işləmiş Vyaçeslav Malbaxov, Şəmkirdən Bakı Ali Hərbi Ümumqoşun komandirləri məktəbinin yetirmələri Dilqəm Əliyev, qardaşı İlham Əliyev, Göyçə mahalından gəlmiş, Çənlibeldə yaşamış Rizvan Pirnəzərov, Özbəkistandan gəlmiş Kür qəsəbəsində yaşamış axısqa türkü İsgəndər Aznaurov və onlar kimi yüzlərlə döyüşçü, Qazax istiqamətindən Eldar Salmanov komandirliyi altında tank bölüyü, Ərəstun Hacıyevin başçılıq etdiyi artilleriya batareyası, Ağstafadan Maqsud Aşurovun rəhbərlik etdiyi reaktiv artilleriya batareyası, Daşkəsən rayonundakı batalyondan bir bölük, Bakıdan 20 nəfərə yaxın xüsusi təyinatlı dəstə və s yer almışdır. Həmin dəstə Qaradağ postundan, Şəmkir batalyonu isə Tovuz rayonunun Göyəbaxan kəndi və Gədəbəyin Saratovka kəndi istiqamətindən Başkəndə girmişdi. 8 avqust günü əməliyyat nəticəsində ermənilər Başkəndin özündə 26 nəfərə itki verməklə tamamilə oranı tərk etdilər.  Yazının hazırlanmasında 861 nömrəli hərbi hissənin silahlanma üzrə komandir müavini Dilqəm Əliyevin verdiyi məlumatlardan yararlanılmışdır.  Həmin dönəmdə çəkilmiş fotolar fotoqraf-jurnalist Kərəm Nebiyev'ə məxsusdur.  Yazını hazırladı: Ceyhun Nəbi

Antiterror əməliyyatı başlayır

Separatçıların başçısı Araik Arutyunyan müsahibə verib. Baş separatçı yenə də eyni xarakterlə - terrorçu xisləti ilə çıxış edib. O, heç bir halda Azərbaycanın təkliflərini qəbul etməyəcəklərini bildirib. Baş separatçının bu müsahibəsi açıq-aşkar terrora çağırış, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazi bütövlüyünə qəsddir. Üstəlik, Araikin açıqlamasından bəlli olur ki, separatçılar Qarabağdakı erməniləri də girov saxlayırlar. Onlar sadə ermənilərdən terrorçu məqsədləri üçün yararlanırlar. Belə məqamda artıq Azərbaycanın çıxış yolu qalmır: antiterror əməliyyatına başlamaqdan savayı. Çünki bu terrorçular məqsədlərini açıq şəkildə bildirir, silahlı mübarizə aparacaqlarını deyirlər. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri gedir, məcburi köçkünlər öz yurd-yuvalarına qayıdırlar. Terrorçuların belə davranışı həm quruculuq işlərinə, həm də yurd-yuvasına qayıdan insanlara böyük təhlükə yaradır. Ona görə də, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün separatçı-terrorçuları zərərsizləşdirməlidir. Deməli, antiterror əməliyyatı qaçılmazdır. (Publika.az)

Bakıda şirkətin 525 min manatı mənimsənildi

Bakıda şirkətin pulunu mənimsəməkdə təqsirləndirilən Orxan Məmmədov, Zaur Babayev, Cəbrayıl Cəbrayılov, Fuad Xəlilzadə və Murad Rəsulovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Həmzə ittiham aktını elan edib. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər “İnteqral” QSC-nin ümumilikdə 525 min manatını mənimsəyiblər. Bildirilib ki, həmin şəxslər şirkətdə müxtəlif vəzifələrdə çalışıblar. Daha sonra söz təqsirləndirilən şəxslərə verilib. O.Məmmədov, Z.Babayev, C.Cəbrayılov və M.Rəsulov elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Yalnız F.Xəlilzadə özünü qismən təqsirli bilib. Məhkəmənin növbəti iclası avqustun 14-nə təyin edilib.

Rus aviasiyası Ukraynada effektsizdir - Britaniya

Rusiya aviasiyası Ukraynaya qarşı müharibədə quru əməliyyatlarını dəstəkləmək üçün əhəmiyyətli resurslarını xərcləməkdə davam edir, lakin həlledici əməliyyat effektləri yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub. “Rusiyanın taktiki döyüş aviasiyası son aylar gün ərzində 100-dən çox uçuş həyata keçirib, amma bu uçuşların da əksəriyyəti Ukrayna hava hücumundan müdafiə sistemləri səbəbindən öz ərazisində olub. Rusiya təyyarələri çox uzaq məsafədən hədəfləri vurmağa çalışır, amma onlar hələ də ardıcıl dəqiqlik nümayiş etdirə bilməyiblər”, - hesabatda qeyd olunub.

Bakıda mənzildən 34 minlik qızıl-zinət əşyaları oğurlandı

Bakıda mənzildən 34 300 manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail rayonu ərazisindəki mənzillərin birindən 34 300 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.Əliyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Şəmkirdə maşın aşdı, 16 yaşlı oğlan öldü

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, Quliyev Ramil Natiq oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Şəmkir-Gədəbəy avtomobil yolunun, Şəmkir rayonu Çənlibel kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarə etməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində avtomobildə sərnişin olan 2007-ci il təvəllüdlü İbrahimov Elmir Ayaz oğlu hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.

Hakan Fidan Ermənistanla normallaşma prosesindən DANIŞDI

Cənubi Qafqazda normallaşma prosesi sürətlənib. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən “14-cü Səfirlər Konfransı”nın açılış mərasimində deyib. “Cənubi Qafqazda sabitlik, rifah və təhlükəsizliyin təminatı üçün Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılma prosesinin paralel olaraq irəliləməsi vacibdir”, - nazir bildirib. Onun sözlərinə görə, regionda sabitliyin təmin olunmasında koordinasiyalı fəaliyyət önəmlidir.  “Cənubi Qafqazda sabitliyin formalaşması üçün çalışırıq” - XİN başçısı əlavə edib.

Axtarışda olan şəxs oğurluğa görə TUTULDU

Sumqayıtda axtarışda olan şəxs oğurluğa görə tutulub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində yerləşən bazarda bir anbardan 7 ədəd elektrik mühərriki, kompressor, qaz balonu, mühərrik qaldıran açar dəsti və 4 ədəd balans mühərriki, bir avtomobil təmiri sexinin həyətindən isə avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Sumqayıt sakinləri Elvin Allahverdiyev və əvvəllər məhkum olunmuş Xəqani Əhmədov saxlanılıblar. Araşdırmalarla E.Allahverdiyevin borclu qismində axtarışda olması müəyyən olunub.

Separatçılar çıxılmaz vəziyyətdədir - Arayikdən etiraf

“Separatçıların lideri çıxılmaz vəziyyətə düşdüklərini etiraf edib, Rusiya və Qərbdən əlini üzüb”. Sozcu.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Qarabağdakı erməni separatçılarının başçısı Arayik Arutyunyan acınacaqlı vəziyyətə düşüb. “Erməni separatçılarının lideri Arayik Arutyunyan Azərbaycanın düşməni olsa da, son müsahibəsindən hazırkı reallıqları anladığı bəlli olur. Bəli, onun da dediyi kimi, Azərbaycanın məqsədi Qarabağda separatçılığa son qoymaq və bölgəni Azərbaycanın qanunlarına tabe etməkdir. Bunun üçün bütün imkanlardan istifadə edilir və ediləcək. Separatçıların ümid etdikləri 10 noyabr bəyanatı Azərbaycanı dayandırmaq gücdə deyil. Arutyunyan bunu da anlayıb. Separatçıların lideri çıxılmaz vəziyyətə düşdüklərini etiraf edib, Rusiya və Qərbdən əlini üzüb. Bu, Azərbaycanın separatçılara qarşı təzyiq siyasətini artırmasının doğru olduğunu göstərir”, - deyə politoloq vurğulayıb.

Şoltsun partiyası ilk dəfə “Taurus” uzaqmənzilli raketlərini Ukraynaya verməyə çağırdı

Almaniyada hakim Sosial Demokrat Partiyasının deputatı Andreas Şvarts ilk dəfə olaraq rəsmi Berlini Ukrayna Silahlı Qüvvələrini uzaqmənzilli qanadlı raketlərlə təmin etməyə çağırıb. Xüsusilə, o, Ukraynanın əks-hücumuna kömək etmək üçün Almaniyanın Kiyevə 500 km mənzilli "Taurus” qanadlı raketləri verməli olduğu fikrini ifadə edib. Sozcu.az xəbər verir ki, bu barədə "Welt” yazır.  "Əks-hücum dayanır, Ukraynanın onu dəstəkləyəcək əhəmiyyətli hərbi hava qüvvəsi yoxdur (...) Yalnız "Taurus” qanadlı raketləri kimi idarə olunan silahlar qalıb ki, onların köməyi ilə Ukrayna ordusu ruslar tərəfindən salınmış mina sahələrini dəf edə və ərazilərini geri qaytara bilər”, - siyasətçi fikrini izah edib. O, Ukraynanın Rusiyaya bu silahlarla zərbə endirməyəcəyinə əminliyini ifadə edib, çünki o, "Mars” və "Himar”lar xidmətində ola-ola hələ də bunu etmir. "Ukraynalılar Rusiya ərazisinə daxil ola bilərlər, lakin indiyədək bundan yayınıblar", - o vurğulayıb. Şvarts vaxt itkisi ilə bağlı da xəbərdarlıq edib: "Mən dejavunun gələcəyini görürəm. Tank məsələsində olduğu kimi, biz indi də çox güman ki, sonda onsuz da çatdırılacaq mühüm avadanlıqları təhvil verməkdən imtina edirik". Maraqlıdır ki, hazırda Ukrayna Silahlı Qüvvələri Britaniya, eləcə də fransalı həmkarı - SCALP tərəfindən təmin edilmiş uzaqmənzilli "Storm Shadow" raketlərindən istifadə edir. Bununla yanaşı, ABŞ Ukraynaya özünün ATACMS kimi tanınan uzaqmənzilli raketlərini verməkdən çəkinir, çünki onlar Kiyevin Rusiya Federasiyası ərazisinə zərbələr endirmək üçün istifadə edə biləcəyindən ehtiyat edirlər.

İntihara cəhd edən həkim müdirindən yenidən şikayətçidir

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-laborantı Aynur Əsədlinin institutun kliniki-diaqnostika laboratoriyasının müdiri Nuriyyə Səlimova barəsindəki xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə çəkişməsi davam edir.  A.Əsədli birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 8-nə təyin edilib. Şikayət hakim Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə A.Əsədli laboratoriya müdirinin Cinayət Məcəlləsinin 147 və 148-ci (böhtan və təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini tələb edib. O bildirib ki, laboratoriya müdiri mətbuatda çıxış edərək onu dələduz adlandırıb. N.Səlimova isə ittihamları rədd edib. O, özü barəsində böhtan xarakterli məlumatların yayıldığını deyib. Məhkəmə Aynur Əsədlinin xüsusi ittiham qaydasındakı şikayətini təmin etməyib. Nuriyyə Səlimovaya Cinayət Məcəlləsinin qeyd edilən maddələri üzrə bəraət verilib. Xatırladaq ki, bir müddət əvvəl Aynur Əsədli işlədiyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qayçı ilə özünə xəsarətlər yetirərək intihara cəhd etmişdi.

"Qarabağ ətrafında yaranmış situasiyanı düşmənin fürsətinə çevirmək olmaz...”

“Qlobal güclərin bölgə uğrunda mübarizəsinin bizə qarşı təzyiqlər siyasətinə keçməsinə imkan vermək olmaz...”                  Rəsmi maaşını İrəvandan alan  Ermənistanın Xankəndindəki baş məmuru Araik Arutunyan dünən yerli televiziya ilə çıxış edib. Bir həftə əvvəldən bu çıxış üçün elə anonslar verilmişdi ki, guya Arutunyanın çox taleyüklü bir çıxışı olacaq və bu çıxışdan sonra Qarabağ ermənilərinin gələcək taleyi müəyyənləşəcək. Açığı, verilən anonslara və real vəziyyətə əsaslanıb, məntiqlə Arutunyanın çıxış yolu barədə praqmatik təkliflər irəli sürəcəyi ehtimal olunurdu. Araik çıxış elədi və.., indiyədək bütün ermənilərin dediklərini təkrar etdi. Yenə “genosid”, “etnik təmizləmə”, “humanitar fəlakət”, “2000 hamilə qadın” ( nə oldu, bunlardan heç doğub qurtaran olmadı ki, say dəyişmir) və bu qəbildən olan terminlər işlətməklə “məzlum, əzabkeş xalq” obrazı təsvir etməyə çalışıb, üstəlik, Vaqif Xaçaturyanı da unutmayıb. Çıxış yolunu isə dirənişi davam etdirməkdə gördüyünü elan edən Arutunyan əlavə şərt də irəli sürüb: “Bizə ünvanlanan istənilən təklif, ilk növbədə, ləyaqətimiz çərçivəsində olmalı, beynəlxalq humanitar norma və qaydalara uyğun olmalıdır. İstənilən həyati vacib təklif və ya qərar üçün xalqımızın hisslərini əks etdirən konsensusa malik olmalıyıq”. İrəvanın Xankəndindəki baş məmuru da, bu fikri tez-tez təkrar edən başqa erməni siyasilər və onlara havadarlıq edən Qərb və Rusiya rəsmiləri də bilməlidir ki,  ləyaqət prinsipi yalnız bir qrup separatçıya aid deyil. Azərbaycan öz milli ləyaqət və dövlət qürurunu qorumaq üçün beynəlxalq hüquqla və tarixən ona aid olan torpaqlarını son qarışınadək heç kəsə güzəşt edəsi deyil. Bizim ləyaqətimiz başqalarının alçaldılmasına hesablanmayıb. Azərbaycanda yaşayan bütün etnik azlıqların hüquq və təhlükəsizliyi necə qorunursa, sayı Azərbaycanda yaşayan digər etnik azlıqlardan qat-qat az olan ermənilərin də hüquqları beynəlxalq hüquq və normalar çərçivəsində qorunacaq. Baxmayaraq ki, 1988-ci ildən başlayaraq ermənilər Azərbaycan xalqı qarşısında elə cinayətlər törədiblər ki, bəlkə də dünyanın heç bir xalqı bu cinayətləri törətmiş bir millətə qarşı bizim kimi humanist mövqedən yanaşmazdı. Bu da bizim xalqımızın “hisslərini əks etdirən konsensusdur”... Ermənilər açıq etiraf edirlər ki, indiki vəziyyətə səbəb Laçın yolunun bağlanması deyil, Azərbaycanın birgəyaşayış təkliflərini qəbul etməməkdir. Xankəndindəki məmurcuqlar da, bütün ermənilər də Azərbaycanla bərabərhüquqlu subyekt kimi danışıqlar aparmaq istəyirlər. Baxmayaraq ki, 44 günlük müharibədən sonra havadarları da ermənilərə çatdırdılar ki, “plankanı aşağı salın”. Salmırlar...  Yaranmış situasiya ermənilərin arzuladıqları mənzərədir. Azərbaycanı qəddar obrazda təqdim edib, beynəlxalq ictimaiyyəti üzərimizə qaldırmaq... BMT-nin, NATO-nun və digər beynəlxalq qurumların hələlik “narahatlıqlarını” ifadə edən çağırışları perspektivdə maraqlarımıza uyğun olmayan duruma çevrilməməlidir. Qlobal güclərin bölgə uğrunda mübarizəsinin bizə qarşı təzyiqlər siyasətinə keçməsinə imkan vermək olmaz. “Humanitar böhran” adı altında siyasi konyukturanın böyüməsi problemin yenidən dondurulmasına gətirib çıxara bilər və bu ilk növbədə bölgəni tərk etmək istəməyən Rusiyanın maraqlarına uyğundur. Qərb isə nə qədər sülhdə maraqlı olsa belə, bu konyukturanı inkişaf etdirib ölmüş “status” məsələsini müzakirə predmetinə çevirməyə cəhd edə bilər. Hər iki xətt Azərbaycanın maraqlarına qətiyyən uyğun deyil...  Laçın yolunda tətbiq edilən məhdudiyyətlər istisna olmaqla düşmənin bu cür təxribat xarakterli təbliğatına qarşı hansı addımlar atılmalıdır ki, situativ mənzərə dəyişmiş olsun? Bəri başdan qeyd edək ki, Laçın yolu “Spayka” üçün qeyd-şərtsiz açılarsa, ermənilər bunu qələbə kimi vurğulayıb, mübarizə ilə çox hədəflərə nail olmağın mümkünlüyünü təbliğ edə bilərlər.  Ağdam yolundan istifadə etmək, Ermənistandan gələn hər hansı bir yükə, o cümlədən humanitar yükə aid deyil. O yoldan istifadə şəraitini biz yaratmalıyıq. Azərbaycan Qarabağın erməni icması üçün humanitar malları real şəkildə nümayiş etdirməli və dünyaya informasiya çatdırmalıdır ki, heç kəsə humanitar fəlakət yaşatmaq niyyətində deyil. Yola beton plitələri də ermənilər özü düzüb. Bura Azərbaycanın ərazisidir və buradakı problemləri özümüz həll edə bilirik. Qarşı tərəf qəbul etmir və bunu “ləyaqət” prinsipi adı altında edirsə, deməli “ləyaqət” bəhanədir, onlar sülh istəmir və bunu heç də gizlətmirlər. Bir vacib tərəfi də qeyd etmək xüsusilə lazımdır ki, Xankəndi ermənilərinin böyük hissəsi Azərbaycanın tərkibində yaşamaq istəmir, eyni zamanda Qarabağı da tərk etmək fikrində deyillər. Separatçılar daha çox qisas və revanşist hisslərlə yaşadıqlarını gizlətmirlər. Ona görə də, “sadə ermənilər bizi gözləyir” rəyinin indiki situasiyada əsası yoxdur. Siyasətimiz reallığa hesablanmalıdır. Reallığın bir tərəfi də indiki həssas dönəmdə Qarabağın erməni icması üçün perspektiv humanitar layihələr, proqramlar barədə rəsmi çıxışlara yer verməkdir. Dünənə qədər bir-birinə güllə atan tərəflərdə inam, etibar tezliklə yaranmır və adətən məğlub tərəfin buna psixoloji ehtiyacı olur. Azərbaycan həm də böyüklüyünü, qalibliyini nümayiş etdirməlidir... Ardınca tələblərimizi irəli sürməliyik, hər zaman təkrar etdiyimiz tələblərimizi. Amma, bu dəfə vaxt verib xəbərdar etmək şərtilə. Erməni silahlı qüvvələri çıxarılır, təhlükəsizlik şərtlərinə əməl etməklə qaçqınlarımız doğma evlərinə qayıdırlar. Amnistiya təklifi də hələlik qüvvədə qalır. Əks halda axtarışda olanları Vaqif Xaçaturyanın aqibəti gözləyir... moderator   İlham İsmayıl