“Bəli, bitdi” əhval-ruhiyyəsi bizi nə qədər sevindirirsə, düşmənin kimliyini bilməyimiz də hər zaman ehtiyatlı olmağımıza əsas verir...”
“Hər şeyləri məhv olsa da, heç olmasa iki erməni bu dünyada rastlaşsa, görərsən ki, yeni Ermənistan yaradacaqlarından danışacaqlar...”-Uliyam Saroyan
Bu gün yaşından asılı olmayaraq rastlaşdığım insanlardan ən çox eşitdiyim söz “nəhayət, bitdi” kəlməsidi. Bu kəlməni sual şəklində də verənlər var, əmr formasında deyənlər də. Hər iki deyimdə haqlı çalarlar var. Azərbaycanın son əməliyyatından sonra sürətlə baş verən hadisələr - 10 gün ərzində tərksilah prosesi, qondarma rejimin özünü buraxması, ermənilərin köçü, bizim dövlət strukturlarının artıq Xankəndində hələ kiçik miqyasda olsa da fəaliyyətə başlaması və 27 sentyabr 2020-dən başlayan uğurlu dövlət siyasəti əsas verir ki, “bəli, bitdi” cavabını verəsən. Bu kəlməni sual formasında verənlər daha çox erməniləri tanıyanlar, onların xislətinə, məkrinə, havadarlarına bələd olan insanlardır. Doğrudan da “bəli, bitdi” əhval-ruhiyyəsi bizi nə qədər sevindirirsə, düşmənin kimliyini bilməyimiz də hər zaman ehtiyatlı olmağımıza əsas verir. Ermənilər tarixən maraqlarını dilə gətirib uduzan, hətta faciə ilə üzləşən millətdi, çünki onların maraqları, məqsədləri haqsızlığa, ədalətsizliyə, yalana, böyük xülyalara əsaslandığından cəzalarını ikiqat ödəyiblər və ödəyirlər. Amma, dərs olmur. Heç bu gün baş verənlərdən də dərs çıxarmaq fikirləri yoxdur. Erməni təfəkkürü planetin harasında yaşamasından asılı olmayaraq eynidir, dəyişməzdir. Amerikada dünyaya gəlib, Ermənistanın üzünü görməyən yazıçı Uilyam Saroyan da erməni təfəkkürünü daşıyan, həm də xarakterlərinin dəyişməz olduğunu etiraf edənlərdən biridir. O uzun-uzadı yazdığı fikrin sonunda deyirdi:”.., hər şeyləri məhv olsa da, heç olmasa iki erməni bu dünyada rastlaşsa, görərsən ki, yeni Ermənistan yaradacaqlarından danışacaqlar”. İndi də elədir. Bəlkə də, son yüz ildə ən böyük məğlubiyyətlərini yaşayan ermənilər yenə də iddialarından əl çəkmirlər...
Jirayr Sefilyanın adı bizlərə hələ Serj Sarkisyanın hakimiyyəti dövründə İrəvanda polis məntəqəsini “Sasna Tsrer” adlı terror təşkilatının üzvləri ilə tutandan tanışdır. Sefilyan dünən İrəvanda təşkil olunan mitinqdə çıxışı zamanı yenə də Azərbaycan ərazilərini tutacaqları barədə danışıb:“Biz Artsaxa qayıdacağıq. Əvvəlcə İrəvanda milli siyasi qərargah yaradılacaq. Beynəlxalq qoşunlar təhlükəsizliyin təminatı kimi Artsaxa daxil olacaq. Xalqımız bugünkü sərhədlər daxilində Artsaxa qayıdacaq. Bundan əvvəl Ermənistanda gecə-gündüz çalışmalı və dövlət quruculuğu ilə yanaşı, milli ordu müdafiə sistemini, qüdrətli Ermənistan ordusunu qurmalıdır ki, bu da tezliklə Azərbaycana işğal olunmuş torpaqlardan çıxmağı söyləyəcək. Onları yalnız Dağlıq Qarabağdan yox, aran Artsaxdan, Naxçıvandan, Çaykənddən, Şaumyandan qovacağıq...”
Deyə bilərik: “bir səfil Sefilyandı də, ağlına və ağzına gələni danışıb”, amma, məsələ bundadır ki, bu fikirlər yalnız bir erməninin qənaəti deyil, hamısının düşüncəsi gizli və ya aşkar şəkildə buna köklənib. Kilsə, diaspora bir müddətdən sonra yeni fürsətlər ideologiyası ilə uzunmüddətli təbliğata başlayacaq. Bu millət hər məğlubiyyətdən sonra özünə təsəllini qisas almaqda görüb və terrora baş vurub. 1915-ci il hadisələrindən sonra türk paşalarının qətl edilməsi, 1920-ci ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarına qarşı Tiflisdə, Türkiyədə həyata keçirdikləri qətllər, keçən əsrin 70-ci illərində 30-a yaxın Türkiyə diplomatlarının xaricdə terror edilməsini unutmayaq. Bu millət terroru məğlubiyyətdən sonra “özünəgəlmə, dirçəlmə” amili kimi dəyərləndirib fəaliyyətə keçir. Əgər “Quççi”nin erməni modeli də qisas almaq üçün “Voma” terror təşkilatına qoşulduğunu və artıq silahlı təlimlərə başladığını elan edirsə, deməli onların sayının çoxalacağı istisna deyil. Qeyd olunan terror hadisələrinin icraçılarına “Nemezis” abidəsi ucaldan millətdən bəşəri dəyər ummağa dəyməz. Perspektivdə belə bir təhlükə ilə üzləşəcəyimizi xüsusi xidmət orqanlarımızın diqqətdə saxlayacağı şübhəsizdir...
Ermənilər bütün tarixləri boyu sığındıqları imperiyaları başqa bir imperiyaya satmaqla ad çıxarıblar. Necə deyərlər, ”çörəyi dizinin üstündə” olan bu toplum indi də hər zaman onların ayağına daş qoyan Rusiyaya qarşı asi çıxıb və anti-Rusiya təbliğatını o həddə çatdırıblar ki, Rusiya hərbiçilərinin Həkəri körpüsündən Ermənistana keçməsini qadağan etmək tələbi ilə çağırışlar edirlər. “Lragir.am” saytı dünənki nömrəsində xüsusi olaraq vurğulayır ki, “Qarabağı tərk edən Rusiya hərbi kontingentinə Həkəri körpüsündən keçidə icazə vermək olmaz. Qoy, Gəncədən, Yevlaxdan getsinlər...”
Bu istiqamətdə çox dəlillər yazmaq olar, amma elə bu qeyd olunanlar da kifayət edir ki, hər zaman sayıq olaq. Məşhur bir atalar sözünü interpretasiya edib daim yaddaşımıza yazmalıyıq: “qonşun ermənidirsə, çomağı yaddan çıxarmaq olmaz”.moderator)
İlham İsmayıl