24 saat tamam oldu: ÇAXAL daha 6 saat vaxt verdi

Qəzza zolağı sakinləri daha 6 saat ərzində cənub istiqaməyinə sərbəst gedə biləcəklər. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. "Qəzza sakinlərini Qəzza şəhərini tərk etməyə və təhlükəsizlikləri üçün cənuba doğru getməyə çağırırıq. Nəzərinizə çatdırırıq ki, İsrail ordusu saat 10:00-dan 16:00-a (12:00-18:00) bu küçələrdən heç bir problem olmadan keçməyə icazə verəcək. Bu vaxtdan cənuba getmək üçün istifadə edin”, – İsrail ordusunun sözçüsü Avixay Adrai X sosial şəbəkəsində yazıb. Qeyd edək ki, ötən gün İsrail ordusu Qəzanın şimalından cənubuna getmək üçün sakinlərə 24 saat vaxt vermişdi. Qəzzanın şimalında 1 milyondan çox insan yaşadığı üçün BMT və AB bu vaxtın çox az olduğunu bildirmişdi.

Azərbaycanda ali məktəblər pulsuz təhsilə keçir: Bu il...

Son illər istər sosial şəbəkələrdə, istər tələbələr tərəfindən bildirilən şikayətlərdə bir çox ali təhsil müəssisələrində təhsilhaqqını ödəməkdə çətinlik çəkən tələbələrin olduğu bildirilir.  Təbii ki, bir tərəfdə öz ödənişini tələb edən müəssisə, digər tərəfdə maddi imkanları zəif olduğu üçün tələb olunan vəsaiti ödəyə bilməyən tələbə olduqda ortaq qərar vermək asan deyil.  Bəziləri ali təhsilin pulsuz olmasının tərəfdarıdır. Bəs bu Azərbaycan reallığında mümkündürmü?  Məsələ ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Kamran Əsədov hazırda ölkədə ödənişsiz ali təhsilin əlçatan olduğunu bildirib:  “Hazırda Azərbaycanda ali təhsil tamamilə pulsuzdur. Rəqəmlər üzərindən baxsaq, 2019-cu ilə qədər ali təhsil müəssisələrinin qəbul plan yerində cəmi 12 min dövlət sifarişi üzrə pulsuz yer var idi. Amma 2023-ci ildə bu rəqəm 28 min oldu.  Təhsil müəssisələrindən bu il 55 800- 56000 minə kimi yer var idi və bunlardan 52%-i dövlət sifarişli idi. Bu il 1-ci ixtisas qrup üzərin 200 balla pulsuz ixtisaslara qəbul olmaq mümkün olubdur.   Məsələn, Gəncə Aqrar Universitetində 188-190 balla pulsuz təhsil alan tələbələr vardı.  Bundan da aşağı pulsuz təhsil olmayacaq ki!  Əlavə olaraq 2, 3 həmçinin 4-cü ixtisas qrupu üzrə 200, 230 balla təhsil alan tələbələr vardır.  Məsələn, 1-ci ixtisas qruplarında özəl universitetlərdə 203 balla ödənişsiz təhsil alan tələbələr vardı.  Bundan da aşağı biliyə malik olan insanların təhsil haqqını dövlət ödəməli deyil...  Yəni Azərbaycanın təhsil müəssisələrində ali təhsilin əlçatanlığı təmin olunub və hər il də mütəmadi olaraq say artırılır”.  Ekspert növbəti illərdə dövlət sifarişli plan yerlərinin daha da artırılacağını açıqlayıb: “Bu il tələbələrin 52 faizə qədəri ödənişsiz təhsil alır. Bundan əlavə ödənişli əsaslarla təhsil alan tələbələr var ki, onlar ödənişli olsalar da aztəminatlı ailələr, məcburi köçkün, şəhid ailələrini təmsil etdiləri üçün ödəniş etmirlər.  Növbəti illərdə plan yerləri 60 minə çatacaq. “Bu mütəxəssislərin sayının azalmasına səbəb olacaq” fikri isə tamamilə yanlışdır. Mütəxəssislər imtahan balları ilə yetişmirlər, onlar ali məktəblərdə yetişirlər. Qıbul imtahanı zamanı toplanan bal isə sadəcə ixtisas seçimi üçündür. Bu vaxt abituriyentlər ixtisaslarını seçirlər və 4 il təhsil müddətində mütəxəssisə çevrilirlər”. 

Araikə görə ölüm hökmü bərpa olunur? - Hüquqşünasdan açıqlama

“Azərbaycan tərəfindən həbs olunan separatçılar barəsində ölüm hökmünün çıxarılması qeyri-mümkündür”. Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış vəkil Əsabəli Mustafayev deyib. O, DTX təcridxanasında saxlanılan separatçılara görə ölüm hökmünün bərpa olunması çağırışlarına münasibət bildirib: “Avropa Şurasının (AŞ) üzvü olan hər bir dövlət ölüm hökmünün tətbiqini istisna edir. Yəni AŞ üzvü olmanın əsas tələblərdən biri ölüm hökmünün ləğv olunmasıdır. Azərbaycanda o, ləğv edilib. Bilirik ki, bəzi ölkələrdə, hətta ABŞ-nin bəzi ştatlarında ölüm hökmü var, ancaq indi hər şey ona gedir ki, bütün ölkələrdə ölüm hökmü ləğv olusun. Bu artıq tendensiyadır və Azərbaycan da keçmişə qayıda bilməz. Lakin ölüm hökmünün bərpası təklifləri mütəmadi olaraq cəmiyyətdə səslənir. Eləcə də Avropa Şurasının üzvü olan bəzi ölkələrdə, xüsusilə, Rusiyada. İndi Rusiya Avropa Şurasının üzvü deyil deyə, bəlkə də onu hüquqi cəhətdən bərpa edə bilər, ancaq bu, əhali arasında olan fikirlərdir və rəsmilər onu dəstəkləmir”. Ə. Mustafayevin sözlərinə görə, bir neçə il bundan əvvəl Azərbaycanda pedofillərə və çoxsaylı qətllər törədən şəxslərə ölüm cəzasının verilməsi ilə bağlı təkliflər səslənib: “Amma bu, cəmiyyətdəki nifrət və hüquqi biliklərin azlığından irəli gələn fikirlərdir. Şəxsən mən bir hüquqşünas, vətəndaş olaraq bunu dəstəkləmirəm, çünki ölüm hökmünün ayrı-ayrı – məsələn, terrorçular, pedofillər, qatı cinayətkarlar və s. bu qəbildən olan şəxslərə tətbiqi, ümumiyyətlə, hüquqdan uzaq bir addım ola bilər Düşünürəm ki, hər bir məhkəmə səhvini bərpa etmək olar. Yəni azadlıqdan məhrum olunub 10-15 il həbs yatan insanlar var ki, sonradan onların günahsız olduğu məlum olur. Hökumət çox zaman belə səhvləri düzəldir, bu adamlara bəraət, eləcə də böyük məbləğli kompensasiya verir. Lakin yeganə düzəldilə bilməz səhv ölüm hökmünün icrasıdır. Yaxın keçmişdə çoxsaylı belə səhvlərin mövcudluğu bəllidir. Məsələn, SSRİ dövründə seriya qatil Aleksandr Çikatilonun törətdiyi cinayətlərə görə qətllərə aidiyyəti olmayan 2 nəfəri edam olunub. Sonradan onların günahsız olduğu üzə çıxdı”. Həmsöhbətimizin fikrincə, ölüm hökmünün şəxslərə görə bərpa olunması, ümumiyyətlə, düzgün yanaşma deyil: “Ona görə də bu təklifləri dəstəkləmirəm. Ən əsası odur ki, biz Avropa Şurasının üzvüyük və hüquq sistemi inkişaf etməli, ölüm hökmü geri qayıtmamalıdır. Onsuz da Azərbaycanda ömürlük həbs cəzası var və bu cəza elə ölümə bərabərdir. Bəlkə də bu, cinayətkar üçün daha çox əziyyətlidir. Yəni belə rahat ölümdənsə, cani kamerada tək-tənha qalıb törətdiyi əməllər barədə uzun illər düşünsün, peşmanlıq çəksin”.

Başlandı: İrəvanda “artsax dövlətçiliyinin qorunması komitəsi” yaradıldı...

"Bu, Putinin 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatından sonra Qarabağda başlatdığı yeni “KQB”-“FSB” ssenarisinin Ermənistandakı ilk cücərtiləridir..."  Ermənistanın “Demokratik konsolidasiya” partiyasının sədri Suren Petrosyanın təsis etdiyi “artsax dövlətçiliyinin qorunması komitəsi” Ermənistanda yeni siyasi gündəm müəyyən edib. Moderator.az xəbər verir ki, bu haqda “Johovurd” qəzeti məlumat yayıb. “Hakimiyyətin və müxalifətin susmasını” vurğulayan Petrosyan ötən gün mətbuat konfransı zamanı komitənin prioritetlərini açıqlayıb.  “A. artsax respublikasının subyektivliyinin və ilkin mandata malik qurumlarının qorunması B. artsax respublikası vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququnun Ermənistan Respublikası və beynəlxalq məhkəmələr tərəfindən tanınması C. artsax respublikası vətəndaşlarının öz vətənlərinə təhlükəsiz qayıtmasının təmin edilməsi”. “Johovurd” qəzeti öz mənbələrindən öyrənib ki, Suren Petrosyan artıq  gorbagor separatçı-terrorçu rejimin bir neçə üzdəniraq “deputatı” və “naziri” ilə görüşməyə və “prioritet”ləri müzakirə etməyə nail olub. “Bizə məlumat verildi ki, yaxın həftə ərzində komitənin formatında yeni inkişaflar gözlənilir”- erməni nəşri belə yazır. Xatırladaq ki, keçmiş separatçı-terrorçu rejimin sonuncu “prezidenti” Samvel Şahramanyan, sabiq “müdafiə naziri” Samvel Babayan, qondarma “ombudsman”  Qegam Stepanyan və s. başda olmaqla bir sıra liderləri Ermənistana keçməyi bacarıb...  P.S. Hələ 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatından bir müddət sonra yazmışdıq ki, Putin Qarabağda yeni “KQB”-“FSB” ssenarisi başladıb. Ondan sonra  "sülhməramlı"ların Qarabağdan köçən erməniləri geri qaytarması, Qarabağdakı separatçı-terrorçuların silah-sursatla təmin edilməsi, indi isə yenidən kütləvi şəkildə Ermənistana köçmələri  və s. həmin ssenarinin tərkib hissəsidir. Hesab edirik ki, Kremlin növbəti planlarına, imperiyanın varlığını qoruyub saxlayacaqları təqdirdə, bir müddət sonra – məqamı yetişəndə Qarabağdan köçmüş hayların geriyə qayıtma, “torpaqlarını azad etmə”, “dövlətçilik”lərini bərpa arzusu və enerjisindən yararlanaraq Azərbaycan dövlətini və xalqını təzyiq altında saxlamaq, yenidən hayların Qarabağda “partizan”-təxribat hərəkatını təşkil etmək,  və s. daxildir. İrəvanda sarsax ideologiyalı hay siyasətçilərinin “artsax dövlətçiliyinin qorunması komitəsi”ni yaratması da məhz bu ssenarinin ilk cücərtiləridir... O "100 minlik köç" hələ çox su aparacaq...

Beynəlxalq hüquq baxımından yanaşsaq, haqsız və işğalçı tərəf İsraildir

Fələstin məsələsində Azərbaycanın rəsmi mövqeyi düzgündür. Bakının siyasəti iki dövlətli çözümə dəstək və İsrail ilə əlaqələri səssiz-sədasız inkişaf etdirməkdən ibarətdir. Təbii ki, vətəndaşlar bu məsələdə Azərbaycan dövləti (hökuməti) ilə eyni mövqedə olmaq məcburiyyətində deyil. Hər kəsin fərqli baxışı, münasibəti ola bilər və bunu anlayışla qarşılamaq lazımdır: bir şərtlə ki, cinayətlərə, kütləvi qətllərə haqq qazandırılmasın. Subyektiv qənaətim budur ki, bu məsələyə sırf beynəlxalq hüquq baxımından yanaşsaq, haqsız və işğalçı tərəf İsraildir. Lakin o coğrafiyada yəhudilərin də öz dövlətinə sahib olmaq haqqı var. Bu gün 23 ərəb dövləti mövcuddur, kiçik bir yəhudi dövlətinin də varlığına dözümlü yanaşılmalıdır. Yəhudi tarixini bir az oxuyub, empatiya quranda dəhşətə qapılmamaq mümkün deyil. Az qala bütün yəhudi tarixi təqiblər, sürgünlər, kütləvi qətllər və soyqırımlardan ibarətdir. Bunun nəhayət ki, bir sonu olmalıdır. Şahin Cəfərli, politoloq

TƏBİB dərmanları xəstələrdən gizlədir

Artıq 2 aya yaxındır ki, boyu qısa olan uşaqların boyunu artırmaq üçün dövlət tərəfindən verilən, büdcədən pul ayrılan bahalı Norditropin preparatı (Somatotrop hormon, somatropin) (qiyməti təqribən 200 AZN-dir) TƏBİB tərəfindən xəstələrə verilmir! Daha doğrusu “öz adamlarına” verilir, yüzlərlə ehtiyacı olan uşaqlara isə “naməlum” və “qaranlıq” səbəblərdən verilmir. Qələm şəklində olan bu preparatın təqribən həftədə 1 flakonu uşağa inyeksiya edilməlidir. Beləliklə, hazırki iqtisadi çətin durumda olan əksər valideynlər öz övladlarını bu preparatla təmin etmək üçün ayda 800-1000 manat pul xərcləməlidirlər! Bu insanlar çox çətin duruma düşüblər. Həkim Aydın Əliyev

Neftin qiyməti artdı - SƏBƏB İsrail müharibəsidir...

Oktyabrın 13-də investorların İsrailin Qəzza zolağında quru reydlərinə başlaması ilə Yaxın Şərqdəki münaqişənin genişlənə biləcəyi ehtimalını qiymətləndirməsi fonunda neft qiymətləri təxminən 6 % yüksəlib. “Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilib ki, “Brent” fevral ayından bəri ən yüksək həftəlik artım nümayiş etdirib. “Brent” fyuçersləri 4,89 dollar və ya 5,7 % artaraq 90,89 dollar/barelə bərabər olub. ABŞ-nin “West Texas Intermediate” (WTI) markalı nefti 4,78 dollar və ya 5,8 % artaraq 87,69 dollar/barelə çatıb. Hər iki bençmark aprel ayından bəri ən yüksək gündəlik faiz artımını dərc edib. “Brent” həmçinin həftəlik 7,5 % artım əldə edib ki, bu da fevral ayından bəri ən böyük yüksəlişdir. WTI isə həftə ərzində 5,9 % bahalaşıb. Agentlik qeyd edib ki, Yaxın Şərqdəki münaqişə qlobal neft və qaz tədarükünə az təsir göstərib, belə ki İsrail böyük istehsalçı deyil. Bununla belə, investorlar və bazar müşahidəçiləri bunun necə arta biləcəyini və dünyanın ən çox neft hasil edən regionunda yerləşən yaxın ölkələrdən tədarük üçün nə demək ola biləcəyini qiymətləndirirlər.

Stoltenberq: İsraildəki müharibə NATO-nun Ukraynaya kömək qabiliyyətini zəiflətməyəcək

Şimali Atlantika Alyansı İsrailin Həmas yaraqlıları ilə müharibəsinə baxmayaraq, Ukraynaya köməyə davam edəcək. Sozcu.az-ın məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq DW-yə müsahibəsində deyib. Baş katib xatırladıb ki, prezident Vladimir Zelenski Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun (Ramştayn formatı) sonuncu iclasında iştirak edib. “NATO ölkələri qəti şəkildə bildirdilər ki, biz İsrailə qarşı törədilən terror aktının vəhşiliyindən narahatıq. Lakin bu, bizim qabiliyyətimizə, hazırlığımıza və Ukraynanı dəstəkləməyə davam etmək əzmimizə xələl gətirməyəcək”. Stoltenberq qeyd edib ki, Alyans bunu təkcə sözdə deyil, həm də əməldə təsdiqləyir.apa

Husilər Fələstinə 100 min döyüşçü göndərmək istəyir

Yəmənin paytaxtı Səna və üsyançı husilərin nəzarətində olan digər vilayətlərdə Fələstin xalqına kütləvi dəstək nümayişi keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə yerli “əl-Masira” telekanalı məlumat yayıb. Nümayişçilər Fələstin bayraqları qaldıraraq, Fələstin müqavimətini dəstəkləyən şüarlar səsləndiriblər. “Ənsarullah” (husi) hərəkatının nümayəndəsi döyüşdə real iştiraka və Fələstini, Fələstin xalqını və müqəddəs yerləri müdafiə etmək üçün yüzminlərlə döyüşçü göndərməyə hazır olduqlarını bəyan edib.

Hadisələrin canlı şahidi: “Xaçaturyan gözümün qabağında baş kəsib” - Video

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçaturyan azərbaycanlı əsirlərə belə əzab verib. Sozcu.az xəbər verir ki, RTV bununla bağlı sujet hazırlayıb. Həmin sujeti təqdim edirik:

"Mənə su əvəzinə sidik içirtdi": Balasanyanın şok cinayəti üzə çıxdı! Əsirlikdəki o qadın danışdı! VİDEO

Ötən ay tarixi anlar yaşadıq. Ordumuz Xankəndidə, Xocavənddə, Xocalıda, Ağdərədə bayrağımızı ucaltdı. Torpaqların azad edilməsindən sonra növbəti sevindirici xəbər isə separatçıların həbsi ilə bağlı oldu.  Bununla belə, azadlıqda hələ də separatçılar var ki, onlardan biri də  Qarabağda keçmiş separatçı dəstənin “rəhbərlərindən” olan Xocalı qatili Vitali Balasanyandır.   Amma erməni və bizim bəzi sosial media istifadəçiləri terrorçu Balasanyanla bağlı yazıblar ki, Vitali Azərbaycana pislik etməyib, Allahverdi Bağırovla dostluq edib, xocalıları geri qaytaran da odur. Bəs bütün bunlar nə dərəcədə həqiqəti əks etdirir? Əslində Xocalıda 26-dan 27-ə keçən gecə nələr baş verib? Xocalı sakini, səkkiz gün erməni əsirliyində işgəncələrə məruz qalan rabitəçi Dürdanə Ağayeva "TV Müsavat"a bütün həqiqətləri danışıb.  Musavat.com həmin videomaterialı təqdim edir.

ABŞ-dan İsrailə: Əməliyyatı təxirə sal!

ABŞ hakimiyyəti İsraildən Qəzza zolağında quru əməliyyatının başlamasını mülki şəxslər üçün təhlükəsiz dəhliz yaradılana qədər təxirə salmağı xahiş edib. Sozcu.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb. İsrail tərəfinin bu tələbi təmin edib-etmədiyi məlum deyil.

İsrailin zərbələri nəticəsində 614 uşaq, 370 qadın ölüb

İsrail ordusunun Qəzza sektoruna endirdiyi zərbələr nəticəsində ölən fələstinlilərin sayı 1990 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb. Məlumata görə, İsrailin zərbələri nəticəsində 7696 fələstinli də yaralanıb. Ölənlər arasında 614 uşaq, 370 qadın var.

Netanyahu hədələdi: Bu, hələ başlanğıcdır

İsrail ordusunun HƏMAS-ın hücumlarına cavab olaraq Qəzza sektorunda həyata keçirdiyi fəaliyyət sadəcə başlanğıcdır. Sozcu.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. "Biz düşmənlərimizə böyük, görünməmiş güclə cavab veririk. Vurğulayıram: bu, hələ başlanğıcdır. Düşmənlərimiz bunun bədəlini yenicə ödəməyə başlayıblar və bundan sonra nələrin baş verəcəyi ilə bağlı təfərrüatlara varmayacağam, amma bunun yalnız başlanğıc olduğunu deyirəm", - Netanyahu bildirib.

Şəfiqə xanım Qaspıralının anadan olmasının 137-ci ili tamam olur

14 oktyabr millət anasının doğum günüdür Keçmiş Rusiya müsəlmanları qadın hərakatının öncüsü, müsəlman dünyasında ilk qadın jurnalı "Aləmi-nisvan"ın baş redaktoru, Kırım Cümhuriyyəti parlamenti sədrinin katibi(həmçinin türk dünyasında ilk 4 qadın millət vəkilindən biri), İsmayıl bəy Qaspıralının qızı, Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım Qaspıralının anadan olmasının 137-ci ili tamam olur. Millət anası Şəfiqə xanım Qaspıralını sevgi və hörmətlə xatırlayırıq ! Sözcü.az

HƏMAS Natanyahunun qardaşının nəvəsini girov götürüb

İsrailin Baş naziri Benyamin Netanyahunun qardaşının nəvəsi HƏMAS-ın girovluğundadır.  Sozcu.az sosial şəbəkələrə istinadən xəbər verir ki, bu barədə Benyamin Netanyahu özü məlumat verib.  O, bildirib ki, HƏMAS qardaşının nəvəsini (qardaşının oğlunun oğlunu) girov götürüb.Musavat.com)

Henri Kissincer HƏMAS-a hücumların nəticəsi haqqında: Almaniya çoxlu əcnəbini ölkəyə buraxdı

Berlində bir azlıq HƏMAS-ın İsrailə hücumlarını alqışlayır, ABŞ-ın keçmiş baş diplomatı deyir ki, kütləvi immiqrasiya “ciddi səhvdir” ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin sözlərinə görə, Həmas-ın Berlin küçələrində İsrailə qarşı hücumu Almaniyanın ölkəyə həddən artıq çox əcnəbi buraxdığını göstərir. 100 yaşlı keçmiş amerikalı diplomat Almaniyanın Welt televiziyasına Axel Springer-in baş direktoru Matias Döpfnerə müsahibəsində deyib:  "Tamamilə fərqli mədəniyyətə, dinə və anlayışa malik bu qədər çox insanın içəri buraxılması böyük səhv idi, çünki bu, hər bir ölkədə təzyiq qrupu yaradır". 1938-ci ildə ailəsi ilə birlikdə Nasist Almaniyasından qaçan və Vyetnam müharibəsi zamanı Amerikanın xarici siyasətinin memarı olan alman əsilli Kissincer Berlində ərəblərin bayram etməsi ilə bağlı suala cavab olaraq bunun “ağrılı” olduğunu söylədi. keçən həftə sonu İsrailə hücum, şənbə günü səhər saatlarında başlayan qəfil hücumda Həmas yaraqlıları Qəzza zolağından çıxaraq 1200-dən çox israillini öldürüb, onlarla adamı qaçıraraq, Tel-Əviv və Qüds də daxil olmaqla şəhərlərə raket zərbələri endirib. İsrail bundan sonra Qəzzanı mühasirəyə alaraq və öz cavab raketləri ataraq yüzlərlə fələstinlini öldürərək cavab zərbəsi endirib. Kissincer regionda təhlükəli eskalasiya potensialı barədə xəbərdarlıq edərək, HƏMAS-ın "açıq təcavüz aktı"nın "müəyyən cəza ilə qarşılanmalıdır" dedi. Kissincer 1973-cü ildə Misir və Ərəb koalisiyasının başçılıq etdiyi Yom Kippur müharibəsindən əldə edilmiş dərslərə işarə edərək, "Yaxın Şərq münaqişəsinin genişlənməsi və digər ərəb ölkələrini ictimai rəyin təzyiqi altına salmaq təhlükəsi var" deyə xəbərdarlıq edib. Suriya İsrailə hücum etdi. Kissincer bildirib ki, Həmas və onun tərəfdarlarının əsl məqsədi “yalnız ərəb dünyasını İsrailə qarşı səfərbər etmək və dinc danışıqlar yolundan çıxmaq ola bilər”. Keçmiş baş diplomat əlavə edib ki, İsrail hücumda Tehranın əli olduğunu hesab edərsə, İrana qarşı tədbir görə biləcəyi də “mümkündür”. Kissincerin sözlərinə görə, Rusiyanın Ukraynada davam edən təcavüzü və HƏMAS-ın İsrailə hücumu “beynəlxalq sistemə əsaslı hücumdur”. Sözcü.az

"İrəvan bütün hərbi cinayətkarları Bakıya verməyə məcbur olacaq" - Erməni politoloqdan SENSASİON AÇIQLAMA

“Bakının parlaq siyasi addımı İrəvanı Ermənistan ərazisində olan bütün hərbi cinayətkarları qeyd-şərtsiz Azərbaycan tərəfinə verməyə məcbur edəcək”. Sozcu.az xəbər verir ki, bu sözləri erməni erməni politoloq Benyamin Matevosyan deyib. O bildirib ki, həmin cinayətkarlar Serj Sarkisyan, Robert Köçəryan, Seyran Ohanyan, Samvel Babayan, Vitali Balasanyan və başqalarıdır. “Necə izah edəcəyəm… Ermənistanın siyasi təbəqəsi nə baş verdiyini yaxşı başa düşmədi: Bakı niyə Arkadi Qukasyanı, Bako Saakyanı, David Babayanı, David Manukyanı və Ruben Vardanyanı saxladı? Azərbaycanın məqsədi onlardan “Artsaxın dövlət-hüquqi quruluşu”nun formalaşmasında Ermənistanən rolu, habelə İrəvanın qərarların qəbulu mərkəzi olması barədə aydın sübutlar əldə etməkdir. Bu, Ermənistandan təzminat tələb etməyə imkan verəcək. Onlar həmçinin Ermənistanın müxtəlif illərdəki siyasi rəhbərliyinin Azərbaycana ekstradisiya edilməsini və ya hansısa formada hərbi cinayətkar kimi cəzalandırılmasını tələb edəcəklər”, – deyə erməni Matevosyan bildirib. Erməni politoloq əlavə edib ki, Bakının bunu etmək üçün qanuni hüququ var.

İsrail ümumilikdə Qəzza zolağına 4000 ton ağırlığında 6000 bomba atıb...-"ƏL-Cəzirə"

Ümumilikdə İsrail Qəzza zolağına 6000 bomba atıb. Sozcu.az xəbər verir ki,“Əl-Cəzirə” bu barədə İsrail ordusuna istinadla məlumat yayıb. Atılan bombaların ümumi kütləsinin 4000 ton olduğu qeyd edilir. Fələstin rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində azı 1417 nəfər (təxminən yarısı uşaq və qadın) həlak olub, 6000-dən çox insan isə yaralanıb. Xatırladaq ki, son məlumata görə, "HƏMAS"In son hücumları nəticəsin 1200-dən çox israilli həlak olub, daha 5600-ə yaxın yaralı xəstəxanadadır...

"Ukraynaya yardım davam edəcək və bizi heç kim yalnız buraxmayacaq" - Zelenski

"Dünyada başqa faciələr də var və Rusiya Ukraynaya yardımın bölünəcəyinə bel bağlayır..." Zelenski Qərbin Ukraynaya dəstəyinin azalma riskini etiraf edib Zelenski əmin edib ki, tərəfdaşlar vəziyyətin ciddiliyini anlayır, lakin onlar, o cümlədən ABŞ əmin edir ki, Rusiya ilə mübarizədə Ukraynaya dəstək davam etdiriləcək Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, hazırda Ukraynaya Qərb yardımının azalma riskləri mövcuddur. Lakin o, bunun baş verməyəcəyini əmin edən tərəfdaşlarına inanır. Sozcu.az xəbər verir ki, bu barədə o, Belçikanın baş naziri Aleksandro De Kroo ilə birgə mətbuat konfransında bəyan edib. "Dəstəyin azalmasından əndişələnirəm? Belə risklər var, lakin tərəfdaşlarımız Ukraynanın prioritetləri bilir və bunun üzərində işləyir. Biz İsraildə gərgin vəziyyət və onun təsiri ilə bağlı məsələni müzakirə etmişik. Əlbəttə, tərəfdaşlarımız əmin edir ki, Ukrayna onsuz da yardım alacaq və heç kim Ukraynanı yalqız buraxmayacaq. Biz tərəfdaşlarımıza inanırıq", - o, deyib. Dövlət başçısı əlavə edib ki, çətinliklərin artması, əlbəttə ki, tərəfdaşlarımızın diqqətinin istiqamətini bir qədər dəyişməyə məcbur edəcək, bu da, onun fikrincə, tamamilə aydındır. Zelenski hesab edir ki, bununla əlaqədar olaraq hazırda vəziyyət təhlükəlidir. "Hamı əndişəlidir, o cümlədən ona görə ki, dünyada başqa faciələr də var. Çünki tərəfdaşların təklif edə biləcəyi yardımın həcmi sabitdir. Düşünürəm ki, Rusiya,həm də təkcə Rusiya deyil, buna, yardımın bölünəcəyinə bel bağlayır", - Zelenski hesab edir. Eyni zamanda, o, dəqiləşdirib ki, tərəfdaşlar, o cümlədən ABŞ əmin edib ki, Ukraynaya dəstək hələlik azalmayacaq. Ukraynaya Qərb tədarükü məsələsi Xəbər verildiyi kimi, bundan öncə Pentaqon rəhbəri Lloyd Ostin Zelenskini Ukrayna Silahlı Qüvvələrinə fasiləsiz silah təsarükünə əmin edib. ABŞ müdafiə naziri vurğulayıb ki, onun ölkəsi zəruri resurslara və imkanlara malikdir və diqqətini Ukraynaya yönəltməkdə davam edəcək. Ağ ev bütün tərəfdaşlarına-həm İsrailə, həm Ukraynaya, həm də Asiya-Sakit okean regionundakı tərəfdaşlarına yardım göstərilməsini vəd edib.  Bu bəyanatla ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan çıxış edib.

"Çox aydın olan odur ki, İsrail xalqı illərlə aparılan pis siyasətin bədəlini ödəyir" - Y.N.Harari

İsrailli tarixçi Yuval Noah Harari BBC-yə HƏMAS hücumunun mümkün nəticələri barədə danışıb. Harari qeyd edib ki, hücumun şiddət səviyyəsi və sonradan İsrailin cavab tədbirləri nəsillərə təsir edəcək nəticələr verə bilər. Harari, hücumdakı kəşfiyyat uğursuzluğu ilə Netanyahunun siyasəti arasında əlaqə olduğunu müdafiə etdi. Məşhur yazıçı demişdir: "Çox aydın olan odur ki, İsrail xalqı illərlə aparılan pis siyasətin bədəlini ödəyir. Netanyahu Fələstinlə hər hansı sülh təşəbbüsünü görməməzliyə vuraraq milləti qütbləşdirərək siyasi karyera qurdu. O, sistematik olaraq dövlət qurumlarına hücum etdi. Biz indi bunun fərqindəyik. Bunun bədəlini biz ödəyirik. Bu, dünyanın bütün demokratik ölkələri üçün bir dərsdir. Buradan alınan ibrət ondan ibarətdir ki, güclü populist liderlərə öz siyasi karyeraları üçün millətləri parçalamağa icazə verilməməlidir." Harari uzun illər ən çox satılan kitablar arasında yer alan “Heyvanlardan Tanrılara, Sapiens: İnsan növlərinin qısa tarixi” kitabının müəllifidir. Sözcü.az 

Kürdəmirdə DƏHŞƏT: yaş yarımlıq körpə su maşınının altında qalaraq öldü

Kürdəmirdə yaş yarımlıq körpə su maşınının altında qalaraq ölüb. Sozcu.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Belə ki, həyətyanı sahəyə içməli su gətirən “QAZ-53” markalı su maşınının sürücüsü İsgəndərov Sahib Sabir oğlu avtomobili geriyə verərkən ehtiyyatsızllq edib və 2022-ci il təvəllüdlü Bəkirov Uğur Semral oğlunun üzərindən keçib. Azyaşlı elə hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

“Moskva demək istəyir ki, Qarabağda bir erməni qalsa belə, Rusiya qoşunu orada qalmalıdır...”

“Rusiya ordusunun 2025-ci ildə ərazimizdən çıxması üçün artıq ən geci bu gün Moskva qarşısında məsələ qaldırmalıdır ki, 2025-ci ildə biz buna nail ola bilək...” Azərbaycan ordusunun Qarabağın dağlıq hissəsindəki separatçı-terrorçulara qarşı son uğurlu təmizləmə əməliyyatından, erməni əhalinin əksəriyyətinin də könüllü şəkildə ərazini tərk etməsindən sonra da Rusiya hər vəchlə öz “sülhməramlı”larının müstəqil(!), suveren(!) Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun dağlıq hissəsində qalma müddətini uzatmağa çalışır. İddia edirlər ki, guya ermənilərlə inteqrasiya prosesində bizə lazım olacaqlar. Halbuki, orada uzağı bir neçə yüz erməni qalıb. Gedənlərin də geri qayıtmaq ehtimalı azdır... Hələlik isə “sülhməramlı”lar bəhanə edirlər ki, azərbaycanlılarla bərabər ermənilərdən yığdığımız silah-sursat, texnika anbarlarına 25 postda keşik çəkirik... Halbuki, həmin silah-sursatın da çox hissəsinin də daşınmasını son 3 ilə yaxın müddətdə özləri təşkil edib... Bütün bunları son baş verən olaylar fonunda nəzərdən keçirəndə, sizcə, heç olmazsa, 2025-ci ildə Rusiya hərbi qüvvələrinin torpaqlarımızı tərk etməsinə nail ola biləcəyikmi?.. Moderator.az-a açıqlamasında  siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib: “Real görünən budur ki, Rusiyanın ermənilərin Qarabağda qalıb-qalmamasından asılı olmayaraq Azərbaycan torpaqlarını tərk etmək istəyi yoxdur. Biz gördük ki, ermənilərin Qarabağı tərk etməsindən sonra ruslar müqavilənin müddətinin uzadılmasından danışdılar. Bu barədə prezident Putinin sözçüsü Peskov da, Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova da danışdı. Və belə çıxır ki, bu, konkret olaraq Rusiya dövlətinin mövqeyidir. Beləliklə, Moskva demək istəyir ki, Qarabağda erməni qaldı-qalmadı, yüz erməni qalsa, hətta bir erməni qalsa belə, Rusiyanın hərbi qüvvələri orada qalmalıdır. Halbuki, Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin Qarabağın dağlıq hissəsində qalmasının heç bir əsası yoxdur. Azərbaycan həmin kontingentin heç olmasa, 2025-ci ildə ərazimizdən çıxması üçün artıq bu gün Moskva qarşısında məsələ qaldırmalıdır ki, sülhməramlı əməliyyatının predmeti, obyekti artıq mövcud olmadığı üçün Rusiya qoşunları Azərbaycan ərazilərini tərk etməlidir. Və o məsələ ən geci bu gün qaldırılmalıdır ki, 2025-ci ildə biz buna nail ola bilək...”

“Qarabağdan gedən ermənilər silahlarını meşədə gizlədiblər, bir gün qayıdıb...”

Erməni separatçıların Qarabağda bütün silahları təhvil verdiyinə şübhə edirəm. Yüngül çaplı silahların bir qismini meşələrdə əvvəlcədən özləri üçün müəyyənləşdirdikləri yerlərdə qazıb gizlədə bilərlər. Çünki separatçılar təslim olub Azərbaycan ərazisini tərk etsələr də, gələcəkdə yenidən geri qayıdıb silahlı mübarizə ilə bağlı planlar qurmaları istisna deyil.  Sozcu.az xəbər verir ki, bu iddia ilə politoloq Elxan Şahinoğlu çıxış edib.  E.Şahinoğlu deyib ki, bəziləri “Azərbaycan vətəndaşlığını qəbul edirəm” adı altında geri dönüb sonrakı illər üçün çirkin planlarını hərəkətə gətirə bilərlər: “Bu səbəbdən geri qayıtmaq istəyən ermənilər nəzarət altında olmalıdırlar. Qarabağ meşələrində gizlənən separatçılar da ola bilər. Ərazi kiçik deyil, separatçılar Azərbaycanı tərk etmədən əvvəl içərilərindən bir qrupunu meşələrdə yerləşdirə bilərdilər. Antiterror əməliyyatından sonra hərbçilərimizə arxadan atəş açanlar olub. Bu ehtimalları gözardı edə bilmərik. Kremlin Rusiya hərbi kontingentini bölgəni tərk etməsini yubatmaq istəklərindən biri də meşələrdə erməni separatçıların varlığı ola bilər”.